ANAR: “ Yazıçının iş yeri onun evidir”
Bildiyiniz
kimi, Azərbaycan Yazıçılar Birliyində, bir
neçə gün bundan əvvəl bir sıra
yazıçılara və Yazıçılar Birliyinin
işçilərinə evlər verilib. Sosial şəbəkələrdə,
xəbər portallarında, xəbər saytlarında bununla
bağlı müzakirələr aparılır, mülahizələr
irəli sürülür. “Manşet.az” xəbər
portalının məhz bu məsələ ilə
bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri
Anarla müsahibəsinin qəzet variantını oxuculara təqdim
edirik.
– Anar müəllim, xoş gördük.
–
Xoş gördük. Mən, təəssüf ki, saytları
oxumuram, amma mənə məlumat verirlər. Və mən
bilirdim ki, bu ev məsələsiylə bağlı qalmaqal
olacaq. Ona görə də saytlardan zəng olan telefonlara cavab
vermirdim. Gözləyirdim ki, bütün narazılar ürəyini
boşaltsınlar, ondan sonra hamıya birdəfəlik cavab
verim. Ona görə sizə təşəkkür edirəm
ki, belə bir imkan yaratmısınız. Bu hadisələr
haqqında müfəssəl danışmaq istəyirəm.
Çünki bu, vacibdir. Görürəm, bəzi verilişlərdə
deyirlər ki, yazıçılara niyə ev verilməlidir?
Bunun bir cavabı var: ancaq ona görə ki,
yazıçının iş yeri onun evidir. Başqa adamlar
başqa yerdə işləyir, amma yazıçı evində
işləyir, əsərini evində yazır. Və əgər
böyük ailəsi olan, kiçik və böyük ailəsi
olan yazıçının, heç olmasa, birotaq kabineti,
iş yeri olmasa, o necə yazacaq? Ona görə
yazıçıların ev almağı çox təbii bir
şeydi. Mən 36 ildi Yazıçılar Birliyinin rəhbəriyəm
və bu 36 ildə yüzə qədər
yazıçıya mənzil vermişik. Bu qəribə
görünə bilər ki, necə yəni, 100-ə qədər?
Mən sizə izah eləyim: sovet vaxtında 40 nəfər
Yazıçılar Birliyindən ev alıb, mənim
vaxtımda. Mən Birliyin rəhbəri seçilən elə
ilk ayda Məmməd İsmayıla dördotaqlı, İsi Məlikzadəyə
üçotaqlı mənzil verdik. Daha sonra on
yazıçıya rəhbərlikdən ev aldım. Müstəqillik
dövründə isə, 60-a qədər ev alınıb. Mən
hörmətli prezidentimiz Heydər Əliyevə müraciət
elədim, Ramiz Rövşənə mənzil verdi. Sonra
Yazıçılar Birliyinin təklifi ilə Mədəniyyət
Nazirliyindən Elçin Hüseynbəyli mənzil aldı.
Ondan sonra mən yenə də xahiş elədim, Mehriban
xanımdan, məni qəbul elədi və mənim xahişimlə
7 mənzil verilməsi ilə bağlı tapşırıq
verdi. Ondan başqa, biz Zərgərpalanda bir ev başladıq
tikməyə, düzdü, o bitmədi, amma o evdən 34 adama
mənzil pulu verildi. Prezidentə müraciət etdim, onun
tapşırığıyla Bakının İcra
başçısı Eldar Əzizov bizə torpaq sahəsi
ayırdı. Bakı İcra Hakimiyyətinin təklifi ilə
bir firmaya verdilər ki, bunlar tiksinlər. Bu evi tikdilər və
həmin evdən müqaviləyə əsasən, müəyyən
faiz, yəni bizə 21 mənzil verdilər – 6 birotaqlı və
15 ikiotaqlı. Evə görə isə Yazıçılar
Birliyində 230 ərizə var. İndi bu döşünə
döyənlər desin, 230 ərizəni 21 yerə necə
bölmək olar ki, hamı razı qalsın? Bəziləri
vay-şüvən qaldırır ki, niyə mən
almadım, o aldı? Və ən çirkin üsullara əl
atırlar ki, guya burda alver olub. Nə alver? Kimdi, alver edən?
Mən heç kəsin dalında gizlənmək istəmirəm.
Mən katiblərlə məsləhətləşirdim,
deyirdim ki, təkliflərinizi verin. Amma son qərarı mən
təkbaşına qəbul elədim və bunun məsuliyyətini
də daşıyıram. Heç kəsdən də
qorxmuram, çəkinmirəm və bunu izah edə bilərəm
ki, nə cür verilib və kimə verilib. İndi yenə də
imkan var ki, bir sahə ayrılsın bizə. Ancaq mən
düşünürəm, əgər mənim başım
bu qədər qalmaqal çəkəcək, üstümə
bu qədər çirkab atılacaqsa Yazıçılar
Birliyinə, özü də Yazıçılar Birliyinin
öz içindən olan adamlar, işin içində olan
adamlar, hətta ev alan adamlar tərəfindən. Bunlar da bunu
alver kimi qələmə verirsə, belə adamlar
üçün təzədən çalışmağa,
vuruşmağa, əlləşməyə, bu qədər
çətinliyə dözməyə dəyərmi?
2600
yazıçı var. Bu ev Yazıçılar Birliyinə verilib,
bütün yazıçılara yox. Yazıçılar
Birliyi, təbii ki, bizdən kənarda olan adamlara da ev verib,
adbaad deyə bilərəm sizə. Görkəmli
yazıçılardı, dramaturqdu, şairdi, tənqidçidi.
Və eyni zamanda aparatda işləyən adamlara da ev verilib.
Aparatda işləyən adam ayrı hardan ev ala bilər? Bu da
vətəndaşdı da. Sürücü olsun, kadr
şöbəsi olsun, ya müşavir olsun. Onu da deyim ki,
televiziya ilə elan elədilər ki, Anarın müşaviri
Rauf Aslanov yazıçı olmaya-olmaya Yazıçılar
Birliyinin üzvüdür. Rauf Aslanov Yazıçılar
Birliyinin üzvü deyil. Amma ərizəsi var, hər bir vətəndaş
kimi, onun da ev almaq hüququ var. Yaxud başqa bizim
işçimiz 21 il bundan əvvəl ev alıb. 21 il ərzində
bunun ailəsi artıb, böyüyüb, əri müharibə
iştirakçısı, veteranıdır. Yaxşı, onun
haqqı yoxdur, ev almağa?
–
Anar müəllim, siyahıya toxunacağıq, az sonra. Mən
bir məsələyə aydınlıq gətirmək istəyirəm
ki, bu torpaq sahəsi verilmişdisə, Azərbaycan
Yazıçılar Birliyinin sərəncamına, orda bir az
daha hündür və ya iki bina tikilməsi mümkün
deyil?
–
Yox, iki bina mümkün deyil, daha hündür isə, bunu
bilmirəm, mən inşaatçı deyiləm, bunu
inşaatçılar təyin eləyir. Həm də, lap
üçmərtəbə, hündür olsaydı belə,
yenə 230 mənzil verə bilməzdik.
–
Bəs nəyin əsasında, 21 mənzil, Anar müəllim?
–
Çünki müqavilədə belədir ki, müəyyən
faiz tikilən evlərdən bizə verilib və sahəni
onlara verdiyimiz üçün, faizlə hesablayanda 21 mənzil
olur.
–
Anar müəllim, indi o siyahıda katibiniz də müsahibə
verəndə demişdi, mən baxdım ona. Anar müəllimin
məsləhəti ilə olub və siz də təsdiq elədiniz
onu.
– Mən
təsdiq edirəm, mən məsuliyyət
daşıyıram, mən heç kəsin arxasında gizlənmək
istəmirəm. Və bilirəm ki, Birliyin bəzi məsul
işçiləri də bu günlərdə gizləniblər.
Niyə gizlənirlər? Bizim gizli işimiz yoxdur ki…
–
Anar müəllim, burda siyahıda, mən göz gəzdirdim. Bir neçə
şəxsin adları
var. Burda həm sizin sürücünüzün,
həm İlqar Fəhminin katibəsi və digər şəxslərin adları
var. Yəni bunlara necə verilib ev, hansı əsaslarla bölünüb?
– Bunlar doğrudur. Mənim sürücüm
16 ildi burda işləyir. Və burdan ev almayıb,
hardan ala bilər? O da
bir vətəndaşdı.
Mən bayaq dedim, yenə təkrar edirəm: bu – bütün yazıçılara verilən
ev deyil. Bu, Yazıçılar Birliyinə
verilib ki, biz bölək.
Biz də böləndə
Yazıçılar Birliyindən
kənarda olan görkəmli yazıçılarımıza,
cavan yazıçılarımıza
ev verməklə bərabər, işçilərimizə
də ev vermişik. Əgər, mən bu 36 ildə 100 mənzil vermişəmsə, bir mənzil mənim özümə düşür,
ya düşmür?
– Düşür.
– Əgər düşürsə,
mən o mənzili sürücümə vermişəm.
Kadr şöbəsinin
müdiri Arifə xanım 21 il bundan qabaq ev almamışdı,
evin pulun almışdı. O pulu da
qaytarıb.
– Bundan əvvəlki ev bölgüsündə?
– Bəli, bundan əvvəlki.
– Anar müəllim, siz özünüz ev almısınızmı,
Yazıçılar Birliyindən?
– Mən Yazıçılar
Birliyindən 60 il bundan
əvvəl iki otaq almışam, o vaxt Vaqif küçəsi
30-da düz on il yarızirzəmi
evdə yaşamışıq.
– Sonra,
deyəsən, Heydər
Əliyev sizə ev verib?
– Heydər Əliyevə mən müraciət elədim, bəli, mənə ev verdi.
– Bu çox nəcib bir təşəbbüsdü.
Anar müəllim, bax, burda bu
qalmaqalların, bu yazılanların səbəbləri
bax, elə bu sürücünün ev alması və bir neçə
şəxsin bir neçə dəfə ev alması ilə bağlıdır.
– İki dəfə ev alması məsələsi belədir:
kiminsə 20 il ərzində
ikinci dəfə ev almağa ixtiyarı yoxdur? Əgər bunun ailəsi böyüyübsə,
övladları ailə
qurubsa, qızı ərə gedibsə, nəvələri olubsa, ev almamalıdır? Niyə?
– Onda belə başa düşdüm
ki, sizə 230 dənə
mənzil lazımdı
ki, bu söz-söhbətlər
kəssin.
– Əgər 230 mənzil alsan, 500 adam gələcək ki, bəs
mən niyə almadım? Biri var, neçə
il əvvəl ev alıb, evi alıb da, yaşayır da.
İndi başqaları ev
alanda gəlib vay-şüvən qaldırır
ki, bəs mən evimi təmir edə bilmirəm. Bəs bütün bu illər necə
yaşamısan? Əgər
təmir edə bilməmisənsə, deməli,
ancaq başqası alanda yadına düşür? Ancaq hikkədir ki, niyə başqası aldı, mən yenidən almadım. Niyə başqası alır?
Yazıçılar gərək cəmiyyətə örnək
olsun. Bir cavan oğlan var, ona da ev vermişik. Deyir ki, mən bundan sonra da Anarı tənqid edəcəyəm. Çünki
tənqid eləməsəm,
deyərlər ki, yaltaqlıq
eləyir. Bu məntiqdi?
– Bax, burda, Anar
müəllim, siyahıda
belə bir ad var; Şəmsiyyə Camalova…
Yazırlar ki, İlqar
Fəhminin katibəsidir.
– Burda ayrı-ayrı katiblərin katibələri
yoxdur. O, İlqarın
qəbul otağında
oturur. Ona görə də elə yazırlar. O, Yazıçılar
Birliyində kompüter
operatoru işləyir.
– Ümumiyyətlə, Anar müəllim, sizə bir şey deyim:
sizin son vaxtlar təşəbbüs göstərdiyiniz,
gördüyünüz işlər
mediaya çıxan kimi, o saat təhdidlər
başlayır. Bir çox
insanlar yazırlar, mülahizələr irəli
sürürlər, sizi
tənqid edirlər. Hardan qaynaqlanır bu, Anar müəllim?
– Bu qaynaqlanmanın çox sadə səbəbi var; mən indi yaşıma
görə az-çox
tanınan adamam də… Ona görə də məni tənqid edəndə o tənqid edən adamı da tanıyırlar.
Bu, görünür, onun
tanınmağının yeganə
vasitəsidir. Yəni,
mən Anardan yazım, məni də tanısınlar.
– Yəni, sizin vasitənizlə özlərini
tanıdırlar…
– Bəli, bəli…
– Konkret olaraq belə adamlardan bir neçəsinin adını çəkə
bilərsinizmi?
– Mən o qarafikirli adamların heç birinin adını çəkmək istəmirəm.
Hesab edirəm ki, onların heç biri adlarını çəkməli adamlar deyillər. Əgər yüz dəfə təkzib olunsa da ki, Anarın katibəsi ev almayıb, yenə də kor və kar
kimi bu iftiranı
təkrar edirlərsə,
bunları adam saymaq olarmı?
– Müasir ədəbiyyatı
necə qiymətləndirirsiniz?
– Yüksək qiymətləndirirəm.
Bəzən mənə
deyirlər ki, sən cavanlara yol açmırsan.
Əksinə, mən ən çox cavanlara kömək edirəm. Mən Yazıçılar Birliyinə
rəhbər seçiləndən
sonra “Ulduz” jurnalını bütünlüklə
cavanların ixtiyarına
verdik. Orda, əvvəlcə, yaşlı
insanlar redaktor olmuşdular. Rəşad Məcidin rəhbərliyi
ilə gənc ədiblər məktəbi
yaratdıq. Yeri gəlmişkən, Rəşad
Məcidi xüsusilə
qeyd etmək istəyirəm ki, bu günlərdə mən onun arxalanmalı adam olduğunu bir daha gördüm.
Heç kəsdən
qaçmadan, gizlənmədən,
obyektiv şəkildə
açıq suallara açıq da cavab verdi. Ona görə də ona öz
təşəkkürümü bildirirəm.
Hər
il iyirmi nəfərə
təqaüd veririk. Kitablarını çap edirik. Təqdimatını
keçiririk. Səfərlərə
göndəririk. Biz sözdə
yox, işdə cavanlara kömək edirik. Mən başa düşürəm
ki, ədəbiyyatın gələcəyi
gənclərdi. Bu, təbii
bir prosesdir. Mən hətta mənim əleyhimə yazan gənci belə başa düşürəm. Çünki
mən onun yaşında olmuşam.
Amma o, məni başa
düşmür. Çünki
o, mənim yaşımda
deyil. Və mənim yaşıma gələndə məlum
deyil o, məni başa düşəcək,
yoxsa, yox.
– Siz də onların
yaşında olanda o
zaman yaşlıları tənqid
etmisiniz?
– Biz heç kəsi təhqir etməmişik. Siz bir yerdə
görə bilərsinizmi
mən, tutalım, Mirzə İbrahimovu, Süleyman Rüstəmi, İsmayıl Şıxlını,
Bəxtiyar Vahabzadəni,
yaxud Qabili, Nəbi Xəzrini və ya başqalarını
tənqid eləyim? Hansını tənqid etmişəm? Əksinə,
hamısının haqqında
xoş sözlərim,
məqalələrim var.
– Belə demək olar ki, Anar müəllim,
sizi indi ən çox gənclər tənqid eləyirlər…
– O da düz deyil. Gənclərin bir qismi, az bir
qismi…
Əgər mən özüm
haqqımda bir kitab çap etdirəsi olsam, orada haqqımda
yer alan müsbət rəylərin
doxsan faizi cavanların yazılarıdır.
– Yəni onlar hesab edirlər ki, sizin yaşınız çoxdur, yeri gəlmişkən, bu mənim sözüm deyil…
– Bəli…
– Siz yerinizi verməlisiniz
gənclərə…
– Üç il də gözləsinlər də.
Bu qədər gözləyiblər.
Üç il də gözləsinlər… Onsuz
da, mən demişəm
ki, növbəti qurultayda
öz namizədliyimi verməyəcəm. Mən
sözümün ağasıyam.
Və bunu da izah elədim ki, nəyə görə bu
Qurultayda namizədliyimə
etiraz etmədim, çünki dedim ki, mənim başladığım bəzi
məsələlər var, onları bitirmək istəyirəm. Sovet vaxtında hər yerdə Yaradıcılıq
evləri vardı. Əvvəllər Şüvəlanda
da yazıçıların Yaradıcılıq evi vardı. Sonra onu qaçqınlara verdik. Axır vaxtlara qədər bir neçə qaçqın
ailəsi yaşayırdı
orda. İndi qaçqınlar
üçün ayrıca
evlər tikilib. Mən Prezidentə müraciət etdim. Və o bina təzədən tikildi. Çünki elə hala gəlmişdi ki, daha orada işləmək
üçün heç
bir şərait yox idi. Gələn
ilin may-iyin ayına qədər o binanın yenidən tikilib təhvil veriləcəyinə boyun
olublar. Deməli, yazıçıların bir
yox, iki Yaradıcılıq evi olacaq. Biri Şüvəlanda,
biri Şabranda. Şabrandakı artıq hazırdır və yazıçılar ondan istifadə edirlər. Nəhayət, yazıçılar
üçün tikilən
başıbəlalı ev.
Mən bu üç işi görmək istəyirdim.
İndi bu üç
işi görüb qurtarandan sonra, ömür vəfa edərsə, qalıb XI Qurultaya qədər işləyərəm…
– Deməli, istefa vermək fikriniz var, Anar müəllim?
– Yox. Məni qurultay seçibsə, deməli, mən növbəti qurultaya da hesabat verməliyəm. Ona
görə də mən gələn qurultayda hesabatımı
da verəcəm, nə
işlər görmüşük,
onu da deyəcəm. Ondan sonra deyəcəm,
xudahafiz! Bunlar demirdi, başqa adam gəlsin, gəlsin də. Mən çox böyük məmnuniyyətlə
onlara kömək edərəm. Əgər mən eqoist adam olsaydım, deyərdim ki, mən gedəndən sonra bura lap dağılsın.
Deyim ki, bax, gördünüz, mənim
vaxtımda neçə
il dağılmağa, parçalanmağa
qoymadım, qorudum, jurnallarını saxladım,
qəzetini saxladım,
yazıçılara şərait
yaratdım, mənim təkliflərimlə hörmətli
Prezident onlara təqaüd verdi. Kitabları çap edildi. Amma məndən sonra dağıldı.
Amma mən bunu istəmirəm. Əgər
mən ömrümün
36 ilini bu Birliyə sərf etmişəmsə, onu qorumuşamsa, istəyirəm
ki, məndən sonra
da bu ocaq yaşasın. Əgər
Yazıçılar Birliyi
olmasa, o biri yaradıcılıq təşkilatları
da olmayacaq. Və ədəbiyyatın yaşaması,
ədəbiyyatın öz
səviyyəsini saxlaması
üçün Yazıçılar
Birliyinin olması çox vacibdir.
– Anar müəllim, belə bir məlumat
da almışam ki, sizi
tənqid edən bir çox adamlara – onların içində gənclər
də var, digərləri
də – siz öz cibinizdən pul verirsiniz.
– Bəli… Olur o da. Özü də dəfələrlə. Hər
ay.
– Belələri çoxdurmu?
– Çox deyil. Əvvəla, onu deyim ki, kirayədən mənə 500 manat pul verirlər, bu günə kimi mən o puldan bir qəpik
olsun belə, özümə, ya kitabımın çapına
xərcləməmişəm. Ancaq ehtiyacı olanlara verirəm. Bugünə qədər mən Yazıçılar
Birliyinin hesabına bircə kitabımı çap etdirməmişəm.
Yazıçılar Birliyinin
hesabına heç bir səfərə getməmişəm. Yalnız
xaricdən dəvət
edib, yol paramızı verəndə
gedirəm.
– Anar müəllim, başqa bir məsələyə də
toxunmaq istəyirəm…
Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi dövründə
Azərbaycan Ordusu bütün dünyaya səs saldı. Amma nədənsə, bununla bağlı bir film çəkilmədi. Yəni
normal bir film, normal bir
ssenari ortaya qoyulmadı. Və Azərbaycanda bir çox önəmli filmlərin ssenarilərini
yazan bir insan kimi, belə
bir ssenari yazmısınızmı? Nə
baş verib? Niyə biz belə bir filmi ortaya qoya bilmirik?
– Bir neçə məsələlər
qaldırdınız. Çox
vacib məsələlərdir.
Ona görə mən
hamısına bir-bir cavab vermək istəyirəm: Qarabağ
məsələsi başlananda
birinci reaksiya verən Yazıçılar
Birliyi oldu. Qara Yanvar haqqında
Moskvaya birinci biz yazdıq. Xocalı hadisəsi haqqında da elə. İndi də bu Qarabağ zəfəri haqqında
biz böyük bir
kitab çap etdirdik –
“30 ilin həsrəti,
44 günün zəfəri”.
Burda bizim görkəmli yazıçılarımızın
Qarabağ haqqında məqalələri yer alıb. Kinoya gələndə isə,
o sualınıza da cavab
vermək istəyirəm.
Mənim iki kino təhsilim var; həm rejissor kimi, həm də ssenarist kimi. 15 bədii filmim var. Bir neçə sənədli
filmim var. Amma on ildir
ki, kinostudiyanın qapıları
mənim üzümə
bağlıdır. 3 ssenari
yazmışam – ikisini
Mədəniyyət Nazirliyi
qəbul edib. Heç biri çəkilmir. Prezidentin
Sərəncamı var ki, Dədə
Qorqud haqqında serial
filmlər çəkilsin.
Onu da mənə tapşırmışdılar. Yazmışam. O da çəkilmir.
Başqa bir ssenarim də var – Cəfər Cabbarlı haqqında. Bunlar çəkilməyə-çəkilməyə
mən indi təzədən neyləməliyəm?
Birincisi, gərək,
təklif olunsun ki, mən yazım. Təklif olunmaya-olunmaya mən yazım, onu da aparıb qoysunlar o rəfə ki, orda çəkilməyən
filmlərin ssenariləri
saxlanır…
– Anar müəllim, kim bağlayıb “Azərbaycanfilm”in qapılarını
sizin üzünüzə?
– Dəfələrlə Mədəniyyət
Nazirliyinə demişəm,
dəfələrlə məktub
yazmışam. Çox
böyük hörmətlə
yanaşırlar, çox
böyük nəzakətlə
yanaşırlar mənə.
Çox sağ olsunlar. Amma çox böyük hörmətlə,
çox böyük nəzakətlə mənim
bir filmimi də çəkmirlər.
– Anar müəllim, mənim üçün çox maraqlıdı, siz Vətən müharibəsi ilə bağlı ssenari vermisiniz?
– Yox, Vətən müharibəsi haqqında
mənim daha çox publisistik yazılarım var. Publisistika
da bədii ədəbiyyat
qədər əhəmiyyətli
bir janrdı…
– Yəni siz mənimlə
razısınız ki, belə
bir yaxşı ssenari olmalıdır, yaxşı bir film çəkilməlidir…
– Əlbəttə, olmalıdır.
Bəs demirlər, istedadlı cavanlar var? Kim cavanların əlindən
tutub ki, yazmayın? Yazsınlar də!
– Çox önəmli bir nöqtəyə gəldiniz… Siz yeni Azərbaycanın tarixinin bir neçə filmlərinin ssenari müəllifisiniz. İndi də
gənclərdən gözləyirsiniz?
– Əlbəttə, gənclərdən
gözləyirəm! Deyirlər
ki, bizi çap olunmağa qoymursunuz. Necə qoymuram mən? Çap olunursunuz. Saytlar sizin əlinizdə, bizə döşəyirsiniz,
istədiyiniz qədər.
Yaxşı əsər
yazın, çıxın
dünyaya də! Deyirlər, niyə bizim Nobel mükafatı alan yazıçımız
yoxdur? Mən sual eləyirəm… Bizim 10 milyon əhalimiz var. Çinin əhalisi bir milyard yarımdı gərək ki. İki nəfər Çin yazıçısının adını
çəksinlər ki, dünyaya
çıxıb. İkicə
nəfər. Çox
demirəm. Çəkə
bilərlər? Yox!
Bir milyard insan yaşayır Hindistanda. Taqordan başqa, bir adamın adını çəkə
bilərlər ki, dünyaya
çıxıb? Yox!
Yaxşı, bizdən
nə istəyirlər?
Çingiz Abdullayev dünyaya
çıxıb, Allah ömür
versin. Mənim dörd qitədə kitablarım çıxıb:
Amerikada, Afrikada, Asiyada, Avropada. Sovet respublikalarının
hər birində mənim kitablarım çıxıb. Amma mən
bir dəfə də deməmişəm
ki, mən dünya şöhrətli yazıçıyam.
Ətim tökülür,
belə söz eşidəndə.
– Çingiz Abdullayevin adına toxundunuz. Bu yaxınlarda televiziya kanallarının birində
Çingiz Abdullayevin yazılarını çox
pis formada tənqid etmişdilər.
– Tənqid sözünü
işlətməyin. O, tənqid
deyil, söyüşdü.
Tənqid başqa şeydi… Tənqid o deməkdir ki, yazasan, Çingiz Abdullayevin filan əsəri zəifdir. Amma söyüş
söyəndə, o, təhqirdi.
Tənqidlə təhqir
ayrı-ayrı şeylərdir.
– Necə görürsünüz,
onda?..
– Görürəm ki, o təhqir
eləyən adam cavab verməlidir. Ya sayt olsun,
ya da hər hansı televiziya kanalı… Dərəbəylik
deyil ki, sən durub yaşlı bir adamın, məşhur bir yazıçının, dəyərli
bir ziyalının əsərləri haqqında
götürüb, ağzına
gələni deyəsən,
ya yazasan, sonra da deyəsən ki, bu tənqiddi. İndi, mən o sözləri təkrar eləmək istəmirəm…
Tənqiddi bu? Tənqiddisə, özünə
aid olsun, o sözlər.
– Amma bundan əvvəl də Çingiz Abdullayev jurnalisti təhqir etmişdi, yadınızdadırsa,
sizin qurultay zamanı… Bunu “bir-bir” hesab eləyə bilərik, Anar müəllim?
– Çingiz də düz eləməyib. Mən özüm də Çingizə dedim ki, təhqir eləmək lazım deyil. Amma sonra məlum oldu ki, o da Çingizə çox kəskin, pis cavab verib. O da var, yəni. Çingiz deyib, düz eləməyib. O da cavab verib, düz eləməyib. Amma sonra məsələ qaldırılanda
ki, o adamı Yazıçılar
Birliyinin üzvlüyündən
çıxaraq, mən
onu qorudum. Dedim, lazım deyil.
– Məhkəmə müstəvisinə
gəlib də, o məsələ, mənim
bildiyimə görə…
– Bir dəfə dərs olsun də! Bir dəfə dərs olsun ki, dərəbəylik
deyil bu ölkə. Burda qanun var, qayda var. Burda insanın
ləyaqəti var. Bir adamın
yaradıcılığı haqqında sən zir-zibil deyirsənsə, onda gərək, məhkəmədə cavab
verəsən.
– Yəni məhkəməyə
versə, siz Yazıçılar Birliyinin
sədri kimi məsələyə necə
baxardınız?
– Mən deyirəm ki, hər kəs cavabdeh olmalıdı, dediyi sözlərə, söyüşlərə.
– Siz həm işləyir,
həm də çox tənqid olunursunuz…
– İşləyən adam tənqid olunar də!
– Yazıçılar Birliyi
ətrafında bütün
qalmaqallar, bütün
söz-söhbətlər sizin
və Çingiz Abdullayevin üzərindədi.
Yəni, bu aqressiyanın səbəbi
nədi, sizə və Çingiz Abdullayevə qarşı?
Məsələn, digər
şəxslər də
var, digər yazıçılar
da var Yazıçılar Birliyinin
tərkibində…
–
İndi, onlar yaxşıdı,
biz pisik, yəqin də! Ayrı nə deyə bilərəm? Ancaq faktları dedim mən. Heç kəsin əleyhinə danışmadım. Özləri
bilər. Mən Allaha inanıram. Həmişə də inanmışam. Bilirəm
ki, Allah görür. Allah görür
və Allah hərəyə
də layiq olduğunu verir
– Təşəkkür edirəm.
– Sağ ol!
– Minnətdaram ki, siz işinizin çox olduğu bir vaxtda bizə müsahibə verməyə
razı oldunuz.
– Sağ olun.
– Siz də çox
sağ olun.
Söhbətləşdi: Əli Vəliyev
Manset.az xəbər portalının
təsisçisi və baş redaktoru
Hazırladı: Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti. – 2023. – 2 dekabr, ¹ 46. – S. 2-3.