"Sevgi oyunları"
silsiləsindən
Hekayələr
Dərs
Nə
vaxtsa, sosial şəbəkələrdə bir pritçaya
(maraqlı əhvalat da demək olar) rast gəldim. Təsirliydi,
uzun müddət yadımdan çıxmadı və mənə
elə gəldi ki, onun altında başqa bir
sirr gizlənib. Ona görə də hekayəyə
çevirmək fikrinə düşdüm.
...Parkda
oturmuşdum. Səbəbi yadımdan çıxıb. Bəlkə
yayın istisində kölgələnməyə ehtiyacım
vardı ona görə, ya bəlkə yorulduğum
üçün...
Əslində bu, heç vacib də deyil. Hekayəyə keçid
üçün bir vasitədir.
Oturacaqda
əyləşib ora-bura
qaçışan, karuseldə yellənən
uşaqlara, bir az aralıdakı çayxanada oturan adamlara
baxırdım. Mən çayxananı avaraçılıq
məkanı saydığıma görə oralara getməyi
xoşlamıram. Susuz olsam da, ərindiyimdən yerimdən
qalxmaq da istəmirdim. Halbuki yaxınlıqdakı köşkdən
su da ala bilərdim...
Futbol oynayan uşaqların topu mənə dəyəndə diksinən
kimi oldum. Top çiynimə dəyəndən sonra mənə
tərəf gələn yaşlı bir kişinin (qoca desək,
daha yaxşı olar, onsuz da, bu hekayəni özü oxumayacaq
deyə məndən inciməz) qarşısından
ötüb keçdi. Mənə elə gəldi ki, top ona dəysəydi,
yıxılacaqdı. Amma qoca bunu hiss eləmədi də...
Deməli,
həmin qoca kişi çəliyinə dirənə-dirənə
gəlib böyrümdə oturdu. Başı ilə salam da
verdi. Günün istisi, sanki onun vecinə deyildi. Əynində
qış paltarı vardı. Hər halda, yay əlbisəsi
deyildi. Gözünə taxdığı eynəyin bir qulpu
qırılmışdı və onu rezinlə əvəz eləmişdi.
Düzü, bir az gülməli görünürdü. O
rezinlərdən, bəlkə, indi heç yerdə yoxdur.
Əvvəllər arvad tumanlarında olardı,
tumanbağını əvəz edərdi, yəni. Biz də
onlardan quşatanlar, Novruz bayramı qabağı əldəqayırma,
yalançı tapançalar üçün istifadə edərdik.
Qoca bir az susandan
sonra başını azcana mənə tərəf döndərib
saatı soruşdu. Onun istəyini dərhal yerinə yetirdim.
Bəndənizə təşəkkür edəndən sonra:
- Mənim saatım var, ancaq
gözüm görmür, - dedi və əlini köhnə
sırıqlısının cibinə salıb, bir az
qurdalandıqdan sonra saatı çıxarıb mənə
göstərdi. Məqsədi, yəqin məni inandırmaq
idi. Bu, kəməri olmayan saat idi. Deməli, çoxdandır
ki, saatı qoluna taxmırdı.
Qoca əlləri əsə-əsə
saatı qulağına
yaxınlaşdırdı və onun tıqqıltısına
uyğun olaraq başını tərpətdi, sonra mənə
tərəf dönüb sevincək dedi:
- İşləyir! Səsini eşidirsən?
- Yaxşı saatdır, -
deyə təsdiq elədim, qocanın bu sadəlövhlüyünə
gülümsündüm və bir anlığa duruxdum. Onun
üzü mənə tanış gəldi. Deyə bilərsiniz
ki, qocalar hamısı bir-birinə oxşayır. Ola bilər...
Mənə göstərdiyi saat
olmasaydı, bəlkə də onu
tanımayacaqdım. Bu, bir təsadüf
də ola bilərdi. Axı çox şey təsadüfdən
yaranır, mənim bu hekayəm kimi.
Eynəyin arxasından mənə
gülümsəməkdən
qırışmış gözlər baxırdı. Bu o idi
- həmişə gözlərindən gülən müəllim.
Amma bir dəfə gülüş üzündən itmişdi.
- Mən sizi tanıyıram,
- dedim.
Bu sözlərdən qocanın
qaməti, sanki düzəldi (tərif
eşidən yazıçılarımız kimi), eynəyini
sivirib gözündən, daha doğrusu, qulağından
çıxardı, gülümsəyərək mənə
baxdı, amma nəsə, ayırd eləyə bilmədiyinə
görə eynəyini yenidən gözünə taxdı.
Sonra titrək səslə soruşdu:
- Məni hardan tanıyırsan ki?!
Qoca bu sualı verəndə
başını mənə tərəf
yaxınlaşdırıb, diqqətlə sir-sifətimi
süzdü, elə bil zərgər zərrəbinlə almaza
baxır, onun qəlp, yaxud özgür (orijinal) olduğunu
yoxlayırdı.
- Siz mənim müəllimim olmusunuz, üçüncü
sinifdə, - gülümsünərək dedim.
- Hmmm...
Üçüncü sinifdə, deməli. Gör,
üstündən nə qədər vaxt keçib...
Qoca bir qədər fikrə getdi, yəqin həmin dövrü
xatırlamağa çalışırdı. Mənsə, o
hadisəni bir an belə unutmamışdım, çünki
bu müəllim məni biabrıçı bir olaydan
qurtarmış, mənliyimin alçalmasına imkan verməmişdi.
Hadisə
belə olmuşdu: bizim sinifdə varlı bir uşaq vardı və
həmişə təzə paltarlar geyinər, təzə
çanta, qələm-dəftər, rəngbərəng qələmlə
məktəbə gələrdi. Saçını atqozu
qırxdırardı. Yəqin, atası belə istəyirdi,
ona görə. Bir dəfə isə ona alınmış qəşəng
bir saatla sinfə gəldi. Saatı görən kimi ona
gözüm düşdü, sanki ilk sevgimi tapdım və
imkan eləyib çırpışdırdım. Əslində
saatı bizimlə oxuyan bir qıza görə
oğurladım. Çünki onu sevirdim, daha doğrusu,
uşaqlar mənim adıma çıxarmışdılar,
yoxsa ki, üçüncü sinifdə nə sevgi? Sadəcə,
dəb beləydi. Hər oğlanın bir sevgilisi
olmalıydı və adını mütləq
ağacların başına, divarlara, dəmiryol
şpallarının üstünə yazmalıydı. İstəyirdim
ki, onun yanında forslanam. Amma necə? Heç orasını
fikirləşməmişdim.
Həmin
ana uşağı saatının
oğurlanmasından duyuq düşəndə ağlamağa,
özünü yerdən-yerə, göydən-göyə
vurmağa başladı, elə bir şivən qopardı ki,
onun səsini bütün məktəb eşitdi. Nəinki məktəb!
Qarovulçu Nuralının mürgü döyən tənbəl
iti bu səsdən diksinib oyandı, hələ bir-iki
ağız da hürdü, ağaclardakı quşlar pırr
eləyib uçdular, məktəbin arxasındakı payaya
bağlanmış eşşək də anqırdı...
Sinif rəhbərimiz, yəni böyrümdə oturan bu qoca da hadisədən
xəbər tutan kimi gəldi, qapını arxadan
bağladı və uşaqlardan tələb elədi ki, kim
saatı götürübsə, qaytarsın. Gülərüz
müəllimin sifəti qızarmışdı, bir
gözü də səyriyirdi.
Təbii,
heç kim boynuna almadı, mən də səsimi
çıxarmadım, başımı aşağı
salıb dayandım. Müəllim saatı qaytarmağı bir
neçə dəfə tələb elədi, hətta
oğurluğun pis şey olması barədə uzun-uzadı
mühazirə də oxudu. Biz başımızı
aşağı salıb durmuşduq, mənsə,
pörtmüşdüm. Onda müəllim əmr elədi ki,
hamımız ayağa qalxaq, qabağa çıxaq və
düzlənək. Belə də elədik.
Mən ayağımı sürüyürdüm,
qorxumdan tir-tir əsirdim, çünki
biabır olacaqdım.
Müəllim:
- Gözlərinizi yumun, indi ciblərinizi axtaracam.
Gözlərimizi yumduq. O, hamıya bir-bir
yaxınlaşıb, hövsələ ilə ciblərini
yoxladı. Mənə çatanda ürəyim bərk
döyünməyə başladı, istədim ki, sinifdən
çıxıb qaçam, amma ayaqlarım sözümə
baxmadı, quruyub yerumdəcə qaldım. Bəlkə də
nağıllardan eşitdiyim möcüzəyə ümid elədim.
Müəllim əlini mənim
pencəyimin cibinə salıb saatı
tapdı. Əslində pencək özümün deyildi,
böyük qardaşımın idi. Sözgəlişi deyirəm.
O, bir az duruxandan sonra, sıradakıları yoxlamağa davam elədi,
axırıncı şagirdin də ciblərini axtardı və
qayıdıb yerində əyləşdi. Saatı mənim
cibimdən necə götürdüyünü heç kim
görmədi.
Müəllim saata bir xeyli baxdıqdan, ora-bura çevirdikdən
sonra həmin şagirdi çağırıb saatı ona geri
qaytardı. Və tapşırdı ki, bir də saatla məktəbə
gəlməsin. Saat uşaqlar üçün deyil...
Mənim
halımı təsəvvür
etdiniz də. Başımı
aşağı salıb durmuşdum. Bəlkə də
uşaqlardan kimsə saatı mənim
götürdüyümü hiss elədi, amma tam əmin
olmadığı üçün səsini
çıxarmadı...
Utandığımdan məktəbə
getmək istəmirdim,
hətta özümü xəstəliyə vururdum ki, məni
zorla məktəbə göndərməsinlər.
Çünki hər dəfə sinif rəhbərimi görəndə
xəcalət çəkir, utandığımdan siçan
deşiyini də satın alırdım...
Allah üzümə baxdı
ki, dərs ili sona yaxınlaşırdı və yay tətilinə
çıxandan sonra həmin məktəbə
qayıtmadım, yaxınlıqdakı başqa məktəbi
seçdim və bir daha o müəllimi görmədim. O
gündən sevdiyim qız da, saat da yadımdan
çıxdı, amma o hadisənin şüurumda və qəlbimdə
buraxdığı iz silinmədi.
Bütün bu hadisələri
yadıma salarkən, mənə elə gəlirdi
ki, yanımdakı qoca da eyni şeyi fikirləşir. Ona
görə də soruşdum:
- Yadınızdadır, o hadisə?
- Hansı hadisə? - Qoca təəccübləndi.
- Üçüncü sinifdəki...
- ?...
- Saat...
Qoca yenə də bir şey anlamadı. Onda məcbur olub həmin
hadisəni ona danışdım.
Qoca mənə diqqətlə
qulaq asdı, xəcalətli məqamlara
da təəssüflə başını yellədi, sonda
gülümsədi və:
- Hə, yadıma düşür, - dedi.
- Siz o zaman mənim şərəfimi qorudunuz. Məni
alçaltmağa imkan vermədiniz.
-
Bütün bunları başa düşdüyünə
görə səninlə fəxr edirəm, oğlum, - qoca
amerikan filmlərinə xas ədayla dedi.
- Çox sağ olun, - dedim və onun
qırışmış, qaxaca oxşar əlini tutdum.
- Bəs indi nə
işlə məşğulsan? - deyə xəbər aldı.
- Mən də müəlliməm.
O, əməlli-başlı təəccübləndi:
- İndiki zamanda heç kim müəllim olmaq istəmir.
- Siz mənə elə bir dərs verdiniz ki, mən müəllimlik
sənətini seçdim. Çünki onun şərəfli
bir peşə olduğunu anladım.
- Təəssüf ki, uşaqlarımın
heç biri mənim sənətimi seçmədi. Hərəsi
bir tərəfə üz tutdu: böyüyü xaricə
getdi, ortancıl mühəndisliyi seçdi, balaca da
maşın bazarında alverlə məşğuldur.
Mən təəssüflə başımı
yellədim və ona ürək-dirək
vermək üçün:
- İndi
çətin zamandır,
hamı dolanmaq istəyir, - dedim.
- Yəqin ki.
- Bəs siz nə
işlə məşğulsunuz? - deyə axmaq bir sual verdim.
- Qoca adam nə
işlə məşğul olar? - dedi,
gülümsündü və əlavə elədi, -
qocalıqla...
- Mənə maraqlıdır.
O zaman siz saatı mənim oğurladığımı bilə-bilə
niyə məni satmadınız?
Qoca yenə də gülümsədi:
- Çünki mən özüm də gözümü yummuşdum
və saatı kimin cibindən tapdığımı deyə
bilməzdim.
Onun bu sözlərindən şaşırdım və uzun-uzadı
üzünə baxdım. Baxdım ki, düz deyir, ya yox? Amma
keçmiş müəllimimin gözləri yenə də
gülürdü.
Bir müddət susduq və o, yenə də saatı soruşdu. Mən
də saatıma baxıb cavab verdim, sonra isə:
- Bir neçə dəqiqə
məni burda gözləyə bilərsiniz? - dedim.
- Əlbəttə, gözləyə
bilərəm, tələsən yerim
yoxdur. Mən taleyimlə barışmış adamam, ona
görə də sakit həyat tərzinə
üstünlük verirəm, heç yerə tələsmirəm.
Evdə gözləyənim də yoxdur...
Mən ayağa qalxıb parkın o biri tərəfindəki elektron
mallar mağazasına girdim və bir az keçmiş geri qayıtdım.
- Götürün bunu, -
deyə əlimdəki hədiyyəni ona uzatdım.
- Bu nədi belə? - Qoca titrək
əlləriylə onu aldı, qutusunu hövsələ ilə
açdı və təəccüblə üzümə
baxdı.
- Bu, Danışan Saatdır.
Vaxtı bilmək üçün saata baxmağa ehtiyac yoxdur.
Sadəcə, soruşmağınız kifayətdir.
- Doğrudan?
- Hə, doğrudan, bir yoxlayın, - sevincək şəkildə
dedim.
O, ağzını saata yaxınlaşdırıb soruşdu:
- Saat neçədir?
- Saat da dərhal cavab verdi.
Qoca sevindi və əlini çiynimə vurub:
- Bu mənimçün çox
bahalı hədiyyədir, - dedi.
Bir az ordan-burdan söhbət edəndən sonra qoca əlini
cibinə salıb öz saatını çıxardı və
mənə uzatdı.
- Götür bunu, onsuz da daha mənə lazım olmayacaq, - dedi və
yenə də gülümsündü.
- Yox, nə danışırsınız,
yəqin o, sizin üçün əzizdir, - dedim, - neçə
illərdir, sizinlə yol gəlir.
- Orası elədir, amma sənə daha çox lazımdır.
Mən tərəddüdlə də
olsa, saatı götürdüm.
Qoca ayağa qalxıb çəliyinə dirənə-dirənə
getdi...
Saatı
o tərəf-bu tərəfə
çevirib baxdım. Onun arxasındakı adı görəndə
çaşıb qaldım. Ora həmin sinif
yoldaşımın adı yazılmışdı...
Qoca isə mən aldığım saatı cibindən
çıxarıb, tez-tez vaxtı soruşur, Danışan
saat isə hövsələ və təmkinlə ona cavab
verirdi...
Sentyabrın
sonu, 2023
Qatarda
...Qatarla
səyahət etməyi sevirəm.
Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də
payızda yola çıxmışdım. Çiskinləyirdi.
Axşamüstü dağlardan qopan külək payız
yarpaqlarını perronun yanına, relslərin arasına gətirib
yığmışdı...
SV, yəni ikinəfərlik kupeyə bilet götürmüşdüm.
Yanımda adam olmasın deyə ikisinin də pulunu ödəmişdim.
Yanımda adam olanda yata bilmirəm. Bəlkə elə ona
görə də evlənmirdim.
Vaqon bələdçisinə də
öncədən demişdim ki, məni
narahat eləməsin, nəsə lazım olsa, özüm
çağıracam.
Vaqon bələdçilərini tanımırsınız?
Bir az mənə oxşayırlar, danışdırmasalar da,
özüm danışıram, çağırmasalar da,
özüm haya gedirəm, başqası üçün
narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin
otağına yaxın olduğundan birinci onun haray-həşirini
eşitdim. Kiminsə üstünə qışqırır,
vaqondan düşməsini tələb edirdi. Məcbur olub
çölə çıxdım.
Bələdçi küncdə dayanmış
miniatür qamətli, gözəl bir
xanımdan vaqonu tərk etməyi tələb edirdi.
- Bu saat tərk edin vaqonu!
Qadın
ovçudan (vəhşidən)
qorxub küncə qısılan dovşan
kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən
onu zərif göyərçinə də bənzədə
bilərdim.
- Nə olub? - deyə bələdçidən
soruşdum.
- Nə olacaq? Vaqona bezbilet
(biletsiz) minib, öz yerimi təklif edirəm,
razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda
duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax
da.
Qadın
ürkək-ürkək və
nəzakətlə:
- Danışığınıza fikir verin! - dedi.
- Nəyə fikir verim, necə fikir verim!? Düş, vaqondan!
Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!?
İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey
kantroldadır!
Yadımda deyil, qadına yazığım gəldi, yoxsa, gözəlliyinə
heyranlıqdan idi, ya nəydi, bəlkə də ilğım
idi, yuxuydu, taleyin oyunu idi. Anidən:
- Onun bileti var, - dedim.
Bələdçi nə dediyimi anladı, çünki məsələdən
hali idi, biletləri ona vermişdim, qadın isə
çaşdı.
- O mənim kupemdə qalacaq,
- dedim.
Qadın:
- Sizin? - deyə təəccüblə
üzümə baxdı.
- Narahat olmayın, - dedim, -
mən öncədən iki bilet almışam. Biri sizin olsun!
Vaqon bələdçisi:
- Müəllim, birdən yoxlama olsa, nə cavab verəcəm?
- Sən yox, mən
cavab verəcəm, - ötkəmliklə dedim, - buyurun, kupeyə,
- qadına işarə elədim.
O, yerindən tərpənmədi.
Bir mənə, bir də vaqon bələdçisinə
baxdı. Sanki bizdən yox, özü-özündən
şübhələnirdi:
- Qorxmayın, gəlin, -
dedim.
O, çantasını sallaya-sallaya
kupeyə tərəf gəldi, yenə də
duruxdu. Mən kənara çəkildim və o, içəri
keçdi, əl çantasını stolun üstünə
qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni,
yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə
hazırlaşırdı. Mən də sakitcə tamaşa
edirdim.
Sonra yatacağa oturdu. Onun
yumşaqlığını, bərkliyini yoxlamaq
üçün yerində yırğalandı.
O, yerini rahatlayandan sonra:
- Mənim borcum nə qədərdir? - deyə üzümə
baxıb soruşdu.
Gözlərinin dərinliyində itmək
olardı. Qara bəbəkləri gözlərinin
ağında çalxalanırdı.
- Sizin mənə borcunuz yoxdur, - dedim.
- Mən biletin pulunu nəzərdə tuturam.
- Onun pulu ödənilib.
- Yəqin yoldaşınızın
yeridir hə. Bəs o özü hanı?
- Mən evli deyiləm,
- dedim.
- Amma...
- Narahat olmayın, - deyə
onun sözünü yarımçıq kəsdim.
Qadın
oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə
başladı.
Mən yerimə uzanıb kitab
oxumağa davam elədim, amma fikrim qadının
yanındaydı, daha doğrusu, toppuş ayaqlarındaydı və
oğrun-oğrun onlara baxırdım. Üzünə
baxmağa cəsarət eləmirdim. Bəlkə çox
gözəl idi, ona görə, bəlkə vurulmaqdan qorxurdum.
O, sanki nağıllardan düşüb gəlmişdi, bəlkə
su pərisiydi, sudan indicə çıxmışdı?
Gözlərimi yumdum. Sanki yuxu görürdüm...
Mənə görə onun
28-30 yaşı ancaq olardı. Çünki gözlərinin
altı və əlləri mərmər kimi
sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi
də ona uyğun.
Qadın
çantasından güzgü
çıxarıb baxdı,
dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə
çevirdi və güzgünü qaytarıb yerinə qoydu.
- Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız?
- üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən
çölə baxdı.
- Hə, - qısaca cavab
verdim.
- Heyif ki, mən kitab
götürməmişəm. Çünki
çemodanımı evdə unutmuşam və
düzünü bilmək istəyirsinizsə, mən qatara da
təsadüfən minmişəm.
- Növbə ilə oxuyarıq, - gülümsünərək
dedim.
- Bilmək olar, oxuduğunuz nədir?
- Öz kitabımdır, -
dedim.
- Deməli, yazıçısınız?
- Belə də.
- Birinci dəfədir, öz kitabını oxuyan yazıçı
görürəm.
- Çox yazıçı
tanıyırsınız ki? - dedim və
güldüm. O da mənə baxıb güldü.
- Yox, sözgəlişi dedim, elə belə. Yəni
yazıçılar da öz kitablarını oxuyur?
- Kitablarımı ona görə oxuyuram ki, necə pis
yazmamağı öyrənim.
O, daha heç bir sual vermədi. Amma mən ondan
gözümü çəkmədim. O da hərdən mənə
baxır, nəsə fikirləşirdi. Yəqin məni təftiş
edirdi.
- 38 yaşım var, - dedim.
- Mən sizdən yaşınızı soruşmadım axı.
- Əzəl-axır soruşacaqdınız,
- dedim və yenə də gülümsündüm. -İstəyirsiniz,
sizin yaşınızı da, peşənizi də deyim.
- Yaşımı çətin
tapasınız.
- Əslində onu tapmışam, amma məlum səbəbdən
demirəm...
- Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə
bilərəm.
- Vacib deyil. Həkimsiniz.
- Tapmadınız, - deyə
güldü.
Fikir verdim ki, gözlərindən
gülür, ovurdları da çalalanır.
- Müəlliməyəm, - dedi,
- ədəbiyyat müəlliməsi. Sizi də
tanıdım. Mən sizi tədris edirəm.
Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib
oturdum.
- Hə, mənə də dedilər ki, orta məktəbdə tədris
olunuram, - bir az yekəxanalandım.
Susduq.
Handan-hana o:
- Bəlkə bir qədər hündürdən
oxuyasınız, - dedi.
- Hündürdən oxumağı
sevmirəm. Özü də öz mətnimi
başqasına oxuya bilmərəm.
- Onda verin, mən
də bir az oxuyum.
Təəccüblə ona baxdım:
- Özünüz demişdiniz
axı, növbə ilə oxuyarıq, -
dedi və güldü.
Gülüşü cingiltili və əfsunediciydi.
Düzü, hələ indiyə kimi məni cəlb edən
belə bir qadın olmamışdı. Bəlkə bu, yuxuydu,
ilğım idi, ya taleyin oyunuydu... Bəlkə vurduğu ətrin
rayihəsiydi...
Kitabı
ona uzatdım. O, zərif,
göyərçin əlləriylə kitabı ehtiyatla məndən
aldı, sanki güzgü götürürdü və yerə
salmaqdan ehtiyat edirdi.
Mən yenidən yerimə uzandım.
O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah
gülümsünür, gah da qəmlənirdi.
Başını qaldırıb mənə
baxdı və:
Yaxşı yazırsınız, - dedi, - xüsusən də,
bir fikriniz xoşuma gəldi.
- Nə fikirdi, elə? - yenə də dikəldim.
O, cavab vermədi. Yəni
cavab verməyə imkanı olmadı. Qapı
döyüldü. Durub açdım. Bələdçiydi,
yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi
olduğunu dərhal anladım.
Qatar rəisi:
- Mənə dedilər ki,
sizin kupedə biletsiz sərnişin var.
- Bizim kupedə biletsiz sərnişin yoxdur, - dedim, - biletlər
bələdçidədir.
- Amma biletlərin hər ikisində
sizin adınız yazılıb.
- Düzdür, biletləri mən almışam.
- Amma onun adı olmalıdır,
- deyə qadını göstərdi.
- O, mənim arvadımdır,
- anidən dedim.
- Kəbin kağızınız
var?
- Yox, biz kəbini qatardan
düşəndə kəsdirəcəyik.
Qatar rəisi ağzını açıb nəsə demək istəyirdi
ki, özümü təqdim eləməyə məcbur oldum.
O, qınayıcı nəzərlə bələdçiyə
baxdı və sağollaşıb-eləmədən getdi. Mən
də qapını bağladım. Onların,
yəni qatar rəisinin səsi aydınca eşidilirdi:
- Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə
de də!
Bələdçi də özünə
bəraət qazandırırdı:
- Rəis, mən hardan bilim e?!.
- Canına azardan!
Onların səsi kəsiləndən
sonra qadın:
- Siz niyə elə
dediniz? - deyə təəccüblə üzümə
baxdı. Mənə elə gəldi ki, onun gözləri
yaşarıb.
- Nə bilim. Nəsə
özümdən uydurmalıydım da.
- Amma mənim xoşuma gəldi,
- dedi və gülümsündü.
- Doğrudan! - deyə qəhqəhə çəkdim,
- zarafat edirdim də.
Deyəsən, kədərləndi. Çiynini
çəkdi. Kitabı qatlayıb özümə qaytardı
və yenidən pəncərədən çölə
baxdı.
- Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə
də bu, heç zarafat deyil...
O, üzünü mənə
tərəf çevirdi və
güldü...
Kefim durulmuşdu. Özümdən asılı
olmayaraq dil qəfəsə qoymadan danışırdım.
Heç o da məndən geri qalmırdı...
Yatmaq vaxtı gələndə
çölə çıxdım. O,
yerini rahatlayandan sonra qapını döyüb içəri
girdim.
Gənc
xanım mənm də yerimi açmış və öz yerinə
girmişdi.
- Nə əziyyət çəkirdiniz? - dedim.
Gülümsündü. Bəlkə də bayaqkı "ər-arvad"
sözümə işarə vururdu...
Səhər yuxudan oyandıq,
daha doğrusu, o oyandı. Mən
yatmamışdım ki. Səhərə kimi ona
baxmışdım. O da səksəkəliydi. O tərəf-bu
tərəfə çevrilir, hərdən ədyal
üstündən sürüşür, bədəninin bir
hissəsi açıq qalır və çöldən
düşən işıqların haləsində cəzbedici
görünürdü. Düzü, bunu qəsdən edirdi, ya
yox, bilmədim...
Birinci o
çölə çıxdı,
əl-üzünü yuyub qayıtdı. Makiyajsız da
gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən
gələnə qədər özünə sığal vermişdi
və qapıya tərəf baxırdı, sanki məni
gözləyirdi, üzü gülür, gözləri
parıldayırdı.
Qəfildən:
- Növbəti
dayanacaq mənimdir, - dedi.
Təəccübləndim və nə edəcəyimi bilmədim.
- Elə
bilirdim ki, siz də mənim kimi sona qədər gedəcəksiniz,
- təəssüflə dedim.
- Mən də elə bilirdim, amma düşməliyəm.
Sevgilim hardasa, buralarda məni gözləməlidir, - sevinclə
dedi.
"Sevgili" sözünü
eşidəndə çaşdım.
Beynimdə o qədər xəyallar qurmuşdum ki.
- Niyə fikrə getdiniz? - yenə də
gülümsündü.
- Sevgilinizi qısqandım,
- mən də özümü o yerə qoymayıb
gülümsündüm. Amma gülüşlərimiz fərqliydi:
onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin
ironiyası...
O, heç nə demədən, gülümsünə-gülümsünə
sağollaşdı, çantasını əlinə alıb
qatardan düşdü və sanki özüylə ruhumu
apardı...
Səfər ərzində bircə
dəqiqə də onu unutmadım. Onun
gülüşü, qara gözləri, alaqaranlıqda parlayan
dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu,
ilğım idi, ya taleyin oyunuydu, bilmədim.
Səfərim başa çatdı
və geri döndüm. Yenə də
çiskinləyirdi. Yenə də külək payız
yarpaqlarını ətrafa səpələmişdi...
...Birdən onu gördüm. Yağışın
altında dayanıb mənə baxırdı.
Çətirsiz-filansız. Üst-başı əməllicə
islanmışdı. Bir-birimizi
aralıdan tanıdıq.
O, mənə tərəf
yüyürdü və
qarşımda dayanıb
gülümsündü. Saçlarından
yağış damırdı...
- Bu siziniz? - deyə təəccüblə soruşdum.
O da gülə-gülə başı ilə təsdiqlədi. - Sevgilinizi
qarşılamağa gəlmisiniz?
- Hə!
- Bəs sevgiliniz hanı?
- O, mənim qarşımdadır,
- dedi.
Çaşdım.
- Bəs...
- Mən onu axtarmağa
çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız?
"İnsanlar xoşbəxtliyini
vağzallarda tapır,
vağzallarda da itirir..."
- Bu nədir, taledir? - deyə məşhur pritçanın sözlərini
pıçıldadım.
O da eyni pritçadakı
cavabı verdi:
- Yox, bu, sevgidir,
- dedi.
Mən onun qara gözlərinə
uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca
öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...
Noyabr, 2023
Elçin Hüseynbəyli
Ədəbiyyat
qəzeti.- 2023.- 2 dekabr, ¹46.- S.4-5.