I hissə
Yenə dərsə girməyib, məktəbin
arxasındakı balaca futbol meydançasında top qovurdu bizim
məhəllənin qarayanız "Messi"si. Uşaqlar ona bu
adı verəndə sevincindən göyə uçurdu, oyunda hamının onu "Messi" deyə səsləməsi qürurunu
oxşayır, daha da şövqlə oynamağa davam edirdi. Beton meydançada
topa sürüşür,
rəqibləriylə balaca
canına baxmayaraq, qorxmadan çiyin-çiyinə
mübarizə aparır,
yıxır-yıxılır və sonda sol
ayağı ilə qol atırdı. Qoldan sonra xəyali
azarkeşlərinə tərəf
qaçıb, hesabı
dəyişən zərbəsini
də qeyd etməyi unutmurdu. Futbol oynadığı dəqiqələrdə dünyada
ondan xoşbəxti tapılmazdı yəqin ki. Amma bu
şirin dəqiqələrə
məktəb zəngi
son qoyurdu çox vaxt, 6-cı dərsin də bitdiyini göstərən
zəngin səsi yüksələndə saatın
neçə olduğunu
bilsə də, "yenə bəlkə dərslərin sayını
səhv salmışam"
ümidilə telefonu olan dostlarından saatı soruşardı. Bu gün də
hər gün etdiyi şeyləri etmişdi. Saatın 2-yə
10 dəqiqə qaldığını
öyrənən kimi,
yağışda islanmasın
deyə ağacın altında soyunduğu ayaqqabılarını geyinməyə
tələsdi.
- Sabah
yenə həmişəki
saatda məhəllədə
futbol oynayırıq?
- dedi, uşaqların
"pota" dediyi Cəmil.
Qarayanız "Messi" tərdən alnına yapışmış saçlarını
kənara çəkib:
- Yox,
- dedi, - sabah millinin oyunu var, ona baxmağa
gedəcəm.
Sonuncu üç sözü deyərkən,
uşaqların üzündəki
dəyişikliyi görmək
ona inanılmaz zövq vermişdi ki, sözünə davam elədi:
- Artıq
evdən baxmaq maraqlı deyil e, stadiondan baxacam, - dedi, - ona görə
sabah axşamüstü
mənsiz oynamalı olacaqsız, - deyib, üstündə "Messi"nin
şəkli olan çantasını da çiyninə atıb yola düzəldi.
Sabah futbola gedəcəkdi,
amma hələ lazım olan pulu düzəltməmişdi
deyə tez evə gedib, nəsə yeyəndən
sonra işə çıxmağa tələsirdi.
Anası işə gedəndə evin qapısını azca aralı qoyurdu ki, qonşu Sürəyya xala yorğan-döşək xəstəsi
olan atasının gəlib dərmanlarını
verib, iynələrini
vursun. Hələ qapılarına açar düzəldə bilməyən
ailə, bir yandan da, qapının
ancaq arxadan kilidlənə bilməsi ilə lap çətin
vəziyyətə düşmüşdü.
Qışın qış
vaxtı qapını
bir barmaq belə açıq qoysan, Bakının soyuq küləyi ordan sivişib, bir neçə saata evin hər
yerinə soyuq işğal bayrağını
sancırdı. Evə
çatanda, həmişəki
kimi, qapını açıq görən qarayanız "Messi" tez içəri girib, qaz sobasına
yaxınlaşıb əllərini
isidirdi ki, atasının səsini eşitdi:
- Əhməd,
gəl siqaret ver mənə!
Əhməd dinməz-söyləməz
iti addımlarla tez siqareti, külqabını
və alışqanı
götürüb atasının
yanına qaçdı.
- Buyur,
- dedi, siqareti atasına uzadaraq.
Atası qəzəbli və soyuq adam
idi. Hələ indiyədək atasını
ayaqüstə görməyən
Əhməd bəzən
düşünürdü ki, gör, indi
atamı ayaqüstə
görsəm, ondan nə qədər qorxaram, uzandığı
yerdə bu qədər qorxuludusa, ayaqüstə bağrım
yarılar.
Atasının siqaret tüstüsündə
itən üzünə
diqqətlə baxıb
indi nə deyəcəyini gözləyirdi:
- Nə
baxırsan üzümə?
- dedi atası, - dur, ordan kasetlərdən
birini qoş, baxım, bir az fikrim dağılsın.
Bir az qorxu,
bir az da
həyəcanla kasetlərdən
birini götürüb
atasına göstərdi:
- Bunu
qoşum?
- Əşi,
nə qoşursan-qoş
da, nəsə oynasın televizorda, bəsdi, - dedi yenə qəzəbli səslə.
Əhməd heç vaxt atasının istədiyi kimi bir uşaq ola
bilmədiyi üçün
özündən zəhləsi
gedirdi bəzən, nə etsə səhv edir, nə desə, yersiz çıxırdı.
Ona görə də heç nə demədən əlinə keçən
ilk kaseti qoşub, atasının uzandığı yatağın
ayaq tərəfində
oturub, yağışda
islanmış corablarını
çıxarıb qurumağa
qoydu sobanın yanına.
- Qoşa-qoşa,
bunu qoşdun, axmağın, biri axmaq! - qışqırdı
atası.
Yenə harda səhv
etdiyini başa düşməyən Əhməd
yerindən dik atılıb kaseti çıxarmaq üçün
televizora sarı qaçdı. Bir yandan qorxu, bir
yandan da, anlaşılmaz hisslə harda səhv etdiyini düşünürdü.
Əmisinin toyu idi televizorda gedən, atası da əynində palma köynək, barmaqları arasında siqaret, "Cavanlığım"
deyilən mahnını
oynayırdı. Həyəcandan
əl-ayağı titrəyən
uşaq, nə illah edirdisə, kasetə çıxara bilmir, bir yandan
da, rəqs edən atasına heyrətlə baxırdı.
Atası nə üçün belə bir musiqi ilə,
bu cür əyləncəli rəqs
edərkən ağlayırdı.
Atasının yenə
qışqıracağından qorxan Əhməd tez televizoru tokdan ayırdı. Bu dəfə çox sakit bir səslə adının çəkildiyini
eşitdi:
- Atam,
gəl bura, - dedi atası.
Əhməd yatağın yanına yaxınlaşan kimi üzünə dəyən şillənin
ağrısından ağlamaq,
pərt olduğuna görə də atasını söymək
istədi. Amma bunların heç birini etməyə gücü qalmadığı
üçün dodaqlarını
dişləyib, ayaqyalın
ayaqqabısını geyinib
evdən qaçdı.
Qapıdan çıxanda
da atasının onu necə söydüyünü
eşidirdi.
Yenə Xəzri Dağlı məhəlləsini
bir-birinə qatmışdı.
Payız gəlmədən
qaynamağa başlayan
tiyanların içində
indi sarı-sarı yarpaqlar alov dilimləri kimi oynaşırdı. Cəfər
Cabbarlının ev-muzeyinin
yanındakı parka getdi Əhməd. Burda nə də olmasa, gözlərdən qıraq olduğu üçün sevgililər
tez-tez gəlirdilər.
Adamların tez-tez gəldiyi yerlərdə də klok, dəmir
və plastik içki qabları, ya da itirilmiş
əşya tapmaq asan olurdu. Əhmədə
görə buralar şəhərin ən sıx yeri idi,
çünki burdan uzağı tanımırdı,
onun dünyası
"Elmlər" metrosundan
Qədirli məhəlləsinə
qədər idi. "Elmlər"ə də tez-tez gedirdi iş üçün, amma orda insanların
baxışı əynindəki
nimdaş paltarını
güllə kimi deşərək, təkrar-təkrar
üşüdürdü qarayanız
"Messi"ni.
Zibil qablarına baxır, götürdüklərini
saf-çürük edib
lazım olanları zənbilinə yığırdı.
"O zibil qabı sənin, bu zibil qabı mənim" deyə-deyə
2 saatdan çox idi ki, gəzirdi.
Nə havanın qaraldığını hiss
etmişdi, nə də soyuqdan barmaqlarının donduğunu.
Yığdıqlarını təhvil vermək üçün Əhəd
əminin obyektinə getdiyi yolda binanın
qabağında tozsoran,
ətçəkən və
şirəçəkən gördü:
- Nə
yaxşı oldu, - dedi, öz-özünə
- bunların misini satsam, bilet pulu
da, yolpulu da hazırdı.
Sevindiyindən indi havanın
qaralmağı da qorxutmurdu onu, ətçəkəni əlindəki
zənbilə qoyub, tozsoranı isə əlinə götürüb
yoluna davam edirdi ki, arxadan
kiminsə qışqırdığını
eşitdi:
- Saxlayın,
əclafı. Evə yük daşıyırıq,
oğurluq edir burdan.
Əhməd yanlış nişan aldığını
başa düşüb,
əlindəki tozsoranı
yerə qoyub qaçmağa başladı.
Arxasıyca qaçan
orta yaşlı kişidən qaça bilməyəcəyini başa
düşüb ayaq saxlayıb, gözlərini
yumub kişinin ona çatmasını gözlədi.
- İndi
vuracaq, - dedi.
Kişi ona yaxınlaşıb
təngnəfəs halda:
- Ayıb
deyil sənin üçün? - dedi, - bu yaşda oğurluq
edirsənsə, böyüyəndə
nə olacaq səndən? Adam öldürən?
Ver ətçəkəni,
görüm. Özün
də sürüş,
burdan!
Sonuncu sözdən sonra kişinin ona zərər verməyəcəyini başa
düşən Əhməd
gözlərini açıb
zənbildəki ətçəkəni
çıxarıb:
- Bağışlayın,
elə bildim ki, tullantıdı. Yoxsa, vallah, götürməzdim, - dedi.
Görünür ki, kişinin
əsəbi keçmişdi,
Əhmədi diqqətlə
süzüb:
- Heç
nə olmaz, axşam-axşam məni bir az idman
elətdirdiyin üçün
çox sağ ol, - dedi gülərək.
Əhmədin də dodağı
qaçdı azca.
- Yenə
yaxşı adam çıxdı, - pıçıldadı,
- döyə də bilərdi, məsələn...
Bugünkü işini yekunlaşdırmaq üçün
Əhəd əminin obyektinə çatıb,
zənbilinə yığdıqlarını
çıxarıb düzdü
tərəzinin üstünə.
Əhəd siqaretindən
bir tüstü alıb Əhmədə baxdı:
- Belə
7 manat edir, amma səninlə köhnə dostuq da, 10 manatı götür, qoy cibinə, sabah mənim yerimə də "zbornının"
oyununa "balet" elə, - dedi.
Əhməd Əhəd əmini anasından başqa hamıdan çox istəyirdi. Məsələ pul verməyi deyildi, təkcə Əhəd ona qulaq asırdı,
danışdıqlarını yadında saxlayırdı.
Əhməd evə girəndə işıqlar
sönmüşdü, anası
qaz sobasının yanında oturmuşdu, otağa işıq, ancaq qaz sobasının
ağzından düşürdü.
Sakitcə gəlib başını anasının
dizinə qoyub, nəsə, günorta televizorda eşitdiyi mahnını zümzümə
etməyə başladı.
Anası saçını
sığallayır, Əhməd
divarda rəqs edən işığa baxaraq həm zümzümə edir, həm də, sabahın xəyalını
qururdu.
Səhər açılanda Əhməd yerindən durmaq istəsə də, buna gücü
yox idi, sanki çiyinlərindən
yatağa mismarlanmışdı.
Bütün bədəni
tərin-suyun içində
idi, hətta yatağını islatmışdı.
Utandığından yorğanı
başına çəkib,
yenidən yuxuya getməyə çalışsa
da, alınmırdı
heç cür. Öz-özünə danışır,
özünü danlayırdı.
Necə ola bilər ki, bu yaşında belə bir şey
etmişdi? Uzandığı
yerdən sağa-sola boylananda atasından başqa evdə heç kimi görmədi. Səssizcə
yerindən durub, əynini dəyişdi, döşəyin üstündən
yorğanı çəkdi
ki, yeri qurusun, amma halsızlıqdan
çox çəkmədi,
qarayanız "Messi"
özünü verdi sobanın dibinə. İsti sobanın dibində tir-tir əsə-əsə özünə
gəlməyə çalışırdı,
cibində oyunun bileti üçün də, yolpulusu üçün də, pulu vardı, günlərdir bu günü gözləyirdi,
millinin oyununa gedəcəkdi, səsi batana qədər marşlar oxuyub, udsa da, uduzsa
da, meydançada can qoyan oyunçuları
stadiondan dəstəkləyəcəkdi.
İsti sobanın yanında isinməyən,
soyumuş bədəni
isti xəyallarla isinərkən, bizim məhəllənin qarayanız
"Messi"si titrəyə-titrəyə
gözlərini yumdu...
Malik Atilay
Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr, № 46. – S. 7.