HİDAYƏT: "Bu dəfə
gənc bir Hidayət İrəvana gedəcək və mənim kimi Bakıya dönməyəcək,
ömrü boyu Qərbi Azərbaycanda yaşayıb- yaradacaq”
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır,
bunu bir çox tarixi sənədlər təsdiqləyir,
tarixi xəritələr
təsdiqləyir, bizim
tariximiz təsdiqləyir".
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin
Qərbi Azərbaycandan
olan ziyalılarla görüşündə səsləndirdiyi
bu fikirlər Azərbaycanın yaxın
gələcəkdə bu
istəyinə nail olacağından,
ata-baba yurdundan didərgin düşmüş
insanların Qəbi Azərbaycana qayıdacağından
xəbər verir.
Ömrünün böyük
bir hissəsini o torpaqlarda yaşamış,
qələmindən süzülən
hər cümlədə,
hər misrada oxucuya Qərbi Azərbaycana qayıdacağımız
günə sarsılmaz
inam hissi aşılayan görkəmli
yazıçı, Azərbaycan
Respublikasının birinci
dərəcəli Dövlət
müşaviri, Fövqəladə
və Səlahiyyətli
səfir, ictimai xadim, Əməkdar İncəsənət xadimi
Hidayətlə elə
bu mövzuda söhbət etdik. Azərbaycan bütövlüyü
kökündən, qol-budağından
ayrılaraq təcrid olunmuş şəkildə
dərk edilə bilməz. Azərbaycan mədəniyyəti, tarixən,
bir coğrafiyada, bir dövlətdə, bir vətəndə formalaşan, özünəməxsus
çalarlarıyla dünyaya
gələn, Azərbaycan
türklərinin tarixi
kimliyini, mənəvi
ruhunu ifadə edən dəyərlər
toplusudur. Bu böyük
mədəniyyəti Qərbi
Azərbaycansız təsəvvür
etmək mümkün
deyil. Bu mənada, Hidayətin böyük Vətən sevgisiylə qələmə aldığı
"Burdan min atlı keçdi" əsəri
hər bir azərbaycanlının stolüstü
kitabı olmalıdır.
Geniş mənada, bu əsəri VƏTƏNNAMƏ
adlandırsaq, fikrimizi
daha doğru ifadə etmiş olarıq. Dəyərli yazıçımızla doğma
Vətən haqqında
danışmışıq.
- Hidayət müəllim, xoş gördük.
- Xoş gördük.
- Siz Zəngəzurun Mığrı
rayonunun Maralzəmi kəndində dünyaya göz açmısınız.
Azərbaycanlıların, xüsusən,
1948-1953-cü illərdə doğma torpaqlarından kütləvi surətdə
deportasiya edilməsinin
canlı şahidi olmusunuz. Ömrünüzün
böyük bir hissəsini İrəvanda
yaşamısınız, "Sovet Ermənistanı"
qəzetində çalışmısınız,
uzun illər C. Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrına
rəhbərlik etmisiniz.
Həyatınızın bu
illərini "Burdan
min atlı keçdi"
monumental əsərinizdə təfsilatı ilə qələmə almısınız.
Bu illər ərzində
İrəvan ziyalıları
ilə sıx ünsiyyətiniz olub. Onların Azərbaycan xalqına qarşı, tarixi torpaqlarımıza qarşı ərazi iddiaları hansı formada təzahür edirdi?
- Siz mənim "Burdan min atlı keçdi" kitabımı oxumusunuz. O əsər 1984-cü ildə,
mən İrəvandan
Bakıya köçəndən
sonra yazılmağa başlayıb. Əlbəttə,
dediyiniz o şovinist meyillərə qarşı
uzun illər mübarizə aparmışam.
Əlbəttə, azərbaycanlılar
orda da öz sözlərini deyir, erməni millətçiliyinə
qarşı mübarizə
aparırdılar. Mən
bütün bu proseslərin şahidi olmuşam və özüm də o zərərli tendensiyaların
qarşısını almağa
çalışmışam. Bütün bunlar mənim gözümün
qarşısında baş
verib və buna görə hesab etdim ki, bu kitab mütləq yazılmalıdır.
O hadisələrin ki, mən
şahidi olmuşdum,
o həyəcanları ki, mən
yaşamışdım, bunları
məndən başqa
yazan olmayacaqdı. Mən, bəlkə də, yeganə qərbi azərbaycanlıyam
ki, bütün Ermənistanı
qarış-qarış gəzmişəm.
Çox gənc yaşda "Sovet Ermənistanı" qəzetində
işə başladım,
iki il orda çalışdım. Bu mənə
qərbi azərbaycanlılarla
sıx ünsiyyətə,
o torpaqları gəzib-dolaşmağa
imkanlar verdi. Sonra da on
altı il İrəvan
Dövlət Azərbaycan
Dram Teatrına rəhbərlik
etdim. Bu dəfə artıq yüksək vəzifəli şəxslərlə
də təmaslarım
yarandı.
Bütün bunları
"Burdan min atlı keçdi" əsərində
təfsilatı ilə
qələmə almışam.
Bu əsər yazılanda
hələ suların
nisbətən duru vaxtı idi, məlum hadisələr baş verməmişdi.
Amma münaqişənin getdikcə
dərinləşdiyi hiss olunurdu.
1986-ci ildə mən bu əsəri "Azərbaycan" jurnalına
təqdim etdim. O zaman bunu tam variantda çap etməyə tərəddüd etdilər,
təklif etdilər
ki, əsər jurnalda
ixtisarla getsin. Təbii, mən razılaşmadım və
əsəri geri götürmək istədim.
Bir axşam jurnalın
o vaxtkı baş redaktoru, rəhmətlik Yusif Səmədoğlu mənə zəng vurdu. Dedi ki, Hidayət, əsərini oxumuşam, onun ixtisarla çap olunması belə böyük hadisəyə
çevriləcək. İcazə
ver, əsəri ixtisarla çap edək. Mən razılaşdım, amma bir şərtlə, qeyd edilsin: jurnal
variantı. Belə də oldu. Əsər
"Azərbaycan" jurnalının
1988-ci il, birinci sayında
dərc olundu. Sonra
1989-cu ildə mənim
"Sabaha çox
var" kitabım çap
olundu, bu əsəri o kitaba daxil etmişdim. Onda hələ sovet hökuməti dağılmamışdı, senzuranın
qılıncı da iti
idi. Buna görə,
kitab çap olunanda
da bəzi hissələr
ixtisar olundu. Müstəqillik dövründə
əsəri tam variantda
çap etdirə bildim. Düşünürdüm
ki, daha bu mövzuya qayıtmayacağam.
Amma illər keçəndən
sonra bu əsər məni yenidən düşündürməyə
başladı, o dövrün
hadisələrinə illərin
uzaqlığından baxanda
çox şeyləri
xatırladım. Bir sıra
məqamlar, epizodlar yadıma düşdü,
görünür, o vaxt
bu nüanslar məni maraqlandırmayıbmış,
yaxud vacib hesab etmədiyimdən qələmə almamışam.
Amma zaman keçəndən sonra bu hadisələrin
əhəmiyyəti mənim
üçün daha
da aydınlaşdı və
bu məqamları da kitaba əlavə etdim. Əsərin həcmi xeyli böyüdü. 2005-ci ildə,
daha sonra isə, 2016-ci ildə təkrar çap olundu.
- Xatırlayıram,
1988-ci ildə bu əsər "Azərbaycan"
jurnalında dərc olunanda böyük rezonans doğurmuşdu. Hamı bu əsərdən
danışırdı.
- Bəli, əsər hələ jurnal variantında çap olunanda böyük səs-küy
doğurdu, ədəbi,
elmi ictimaiyyətin diqqətini cəlb etdi. Görkəmli ədəbiyyat və elm xadimləri, sadə ziyalılar bu əsərlə bağlı
müsbət fikirlərini
bildirdilər. Əlbəttə,
mənim məqsədim
yalnız həqiqətləri
qələmə almaq
idi. Elə həqiqətlər var idi
ki, onlar yalnız mənə məlum idi, yalnız mənim şahidi olduğum hadisələri
məndən başqa
heç kim yaza bilməzdi. Əlbəttə, konfliktin
kökləri çox
dərində idi. Bu barədə kitabda təfsilatı ilə yazmışam. Mən birbaşa İrəvan ziyalıları ilə ünsiyyətdə olurdum,
ədəbi-mədəni elitanın
içində idim və onları yaxından müşahidə
etmək imkanlarım
var idi. Bunlar mütləq yazılmalı
idi. Bu əsəri yazarkən, heç onun janrı barədə də düşünməmişdim. Mən
memuar deyərdim, tənqidçilər isə
bu tipli əsərlərə roman-esse
deyirlər.
- Hidayət müəllim, dediniz ki, konfliktin kökləri çox dərində idi. Hardan qaynaqlanırdı
bu konflikt?
- Hər dəfə xalqımızın
faciələri, ərazilərimizin
işğalı səbəbləri
haqda düşünərkən,
haqlı olaraq bu qənaətə gəlirik ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın
Rusiya ilə İran arasında bölüşdürülməsinə
gətirib çıxarmış
Gülüstan və Türkmənçay müqavilələrindən
başlayır. Çar
Rusiyasının Azərbaycana
qarşı ekspansionist
siyasəti rəsmən,
1804-1813-cü illər rus-İran
müharibəsi ilə
başlayır. 1805-ci ildə
Azərbaycanın Qarabağ
və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi
imzalanır. Müqaviləyə
görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və
müstəqil xarici siyasət yürütməkdən
məhrum olurlar. İşğal nəticəsində
Rusiyanın Şimali Azərbaycanı tamamilə
özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır
və sülh danışıqları başlayır.
1813-cü il oktyabrın 16-da Gülüstan kəndində,
rus ordugahında "məşhur" Gülüstan
müqaviləsi imzalanır.
Həmin müqavilə
Çar Rusiyasının
Azərbaycanı işğal
etdiyini rəsmən təsdiqləyir. Bu hadisə
tariximizdə çox
faciəvi rol oynamışdır. O müqavilənin
imzalanması Çar
Rusiyasının, İranın
və digər böyük dövlətlərin
geosiyasi maraqlarına xidmət edirdi.
1722-ci ildə Qarabağdakı erməni
məliklər I Pyotru
Qafqaza çağırırlar.
Bu çağırışdan sonra Pyotr Xəzərsahili
torpaqlara işğalçı
yürüş edir və həmin əraziləri rus imperiyasına birləşdirir.
1724-cü il noyabrın 10-da
I Pyotrun verdiyi fərmana əsasən, ermənilər işğal
olunmuş Azərbaycan
torpaqlarında yerləşməyə
başlayırlar. Baxın,
on altı maddədən
ibarət olan Türkmənçay müqaviləsinin
on beşinci maddəsinə
əsasən, on minlərlə
erməni ailəsi
İran ərazisindən Şimali
Azərbaycan ərazisinə
köçürülmüşdür. Zəngəzura, Naxçıvana,
İrəvana, Qarabağa
və digər ərazilərimizə köçürülən
ermənilər burda məskən salıb yaşamağa başlayıblar.
Beləliklə, bu on beşinci bənd çox "operativ" şəkildə yerinə
yetirilib. Çar Rusiyası bunu məqsədyönlü şəkildə
həyata keçirib
ki, gələcəkdə burda
da bir xristian dövləti yaransın. Türkmənçay müqaviləsi
1828-ci ilin 10 fevralında
imzalanıb. Ondan cəmi bir ay sonra, mart ayının 21-də
azərbaycanlıların müqəddəs
Novruz bayramı günündə Rusiya imperatoru Naxçıvan və İrəvan xanlıqları hesabına
erməni vilayətinin
yaradılması haqqında
fərman vermişdi. Həmin fərmanda İrəvan şəhərinə,
onun ətrafına və Naxçıvanın
bir hissəsinə İrandan ermənilərin
köçürülməsi nəzərdə tutulurdu.
1828-1830-cu illərdə İrandan
40 min, Türkiyədən isə
84 mindən çox erməni həmin bölgəyə köçürüldü.
Beləliklə, gələcəkdə
burada etnik tərkibi ermənilərin
xeyrinə dəyişdirmək
kimi məkrli niyyət baş tutdu. 1828-ci ilədək İrəvan şəhərində
7 min 331 nəfər azərbaycanlı,
2 min 369 nəfər erməni
yaşayırdı.
Rusiya Cənubi
Qafqazı işğal
edənədək İrəvan
xanlığındakı 1301 kənddən 959-u azərbaycanlı
kəndləri idi. Orada əhalinin cəmi 3 faizini ermənilər təşkil
edirdilər. 1828-ci ildə
quberniyada torpaq sahələrinin 46515 hektarı,
yəni 3,37 faizi ermənilərin, 1334085 hektarı,
yəni 96, 63 faizi azərbaycanlıların payına
düşürdü. Təkcə
1918-ci ildə orada 211
kənd yerlə-yeksan
edilmişdir. Həmin
kəndlərin silahsız
və günahsız sakinləri olan azərbaycanlıların bir
qismi qətlə yetirilmiş, bir qismi də soyqırımı
təhlükəsindən xilas
olmaq üçün
doğma yurdu, ata-baba ocağını tərk etməli olmuşdur.
Bu faktlar və rəqəmlər erməni mənbələrindən,
erməni tarixçiləri
və alimlərinin
XIX əsrin sonlarında,
XX əsrin əvvəllərində
çap olunmuş əsərlərindən götürülmüşdür.
Bu siyasət Sovet hakimiyyəti illərində
də davam etdirildi. 1948-1953-cü illərdə
Ermənistandan 150 min azərbaycanlı
deportasiya olunmuş, dağlıq ərazidə
yaşayan bu insanlar Azərbaycanın aran zonasına - Kür-Araz ovalığına
yerləşdirilmişdi. 1988-ci ildə isə, azərbaycanlılar Ermənistandan
tamamilə köçürüldülər
və beləliklə,
Ermənistan dünyada,
əslində, yeganə
monoetnik dövlətə
çevrildi.
Bu azmış kimi, Alban kilsəsini Qriqoryan kilsəsinə veriblər. Halbuki, Alban kilsəsinin ermənilərə
qətiyyən aidiyyatı
yoxdur. Baxın, Qafqaz Albaniyasının əhalisi
26 dildə danışan
xalqlardan ibarət idi, onların içərisində erməni
yoxdur. Çox təəssüf ki, bütün
bunlar bizim elmi-kütləvi ədəbiyyatda,
publisistikamızda lazımi
səviyyədə öz
əksini tapmayıb. Sizə bir faktı
deyim, biz hələ
1988-ci ildə şair
Zahid Xəlillə birlikdə
Ağdərəyə gedəndə
yol kənarında ermənilərin Qarabağa
köçməsinin 150 illiyinə
ucaldılmış abidəni
gördük. Bu abidə
1978-ci ildə qoyulmuşdu.
Bu faktı danmaq mümkün deyil, tarixi həqiqətdir. Ermənilər o zaman özlərini
Qriqoryan kilsəsinin təbəəsi kimi təqdim edirdi. Onların sayı çox az idi.
Ulu öndərimiz Heydər
Əliyev həmişə
deyirdi ki, Ermənistan
SSR Azərbaycanın torpaqları
hesabına yaranıb və biz Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaranmasına
heç vaxt imkan verə bilmərik.
1905-ci ildə də Çar Rusiyası məqsədyönlü
şəkildə azərbaycanlıların
öz tarixi-etnik torpaqlarından deportasiya edilməsinə başladı.
Bu proseslər zamanı
ermənilər Qərbi
Azərbaycanda yaşayan
azərbaycanlıların yüzlərlə
yaşayış məntəqəsini
yerlə-yeksan etdi, evləri yandırdı, insanları qətlə yetirdi. 1917-ci ildə Çar Rusiyası süqut etdi, bu dəfə bolşeviklərin rəhbərlik
etdiyi siyasi irtica Qərbi azərbaycanlıları İrəvandan,
İrəvan ətrafından,
Zəngəzurdan, Göyçədən
və başqa regionlardan, azərbaycanlıların
sıx yaşadıqları
bölgələrdən silah
gücünə çıxardı.
Bizim ailə də bu deportasiyadan
öz nəsibini aldı. Mənim doğulduğum Mığrı
rayonunun böyük bir hissəsi Zəngilana, bir hissəsi isə Ordubada, Naxçıvanın
digər bölgələrinə
pənah aparıb. Azərbaycan kəndlərinin
əhalisi, əsasən,
Zəngilana sığınıblar.
Bütün bu vəhşiliklər Andranikin,
Nijdenin, Dronun başçılığı altında həyata keçirilirdi. Təsəvvür
edin, Mığrı rayonunda bir nəfər
belə azərbaycanlı
qalmamışdı. 1918-ci ildən, Andranikin quldur dəstələri bütün Zəngəzur
qəzası kimi, Mığrının da azərbaycanlı
əhalisini qırdıqdan
sonra kəndlər bir neçə il sahibsiz qaldı, ermənilər o kəndləri
talan elədi, xarabalığa çevirdi.
Bizim ailə uzun müddət Zəngilanda yaşayıb.
Sovet hökuməti qurulandan bir müddət sonra yenidən öz yurd yerinə qayıdıblar. Amma o vaxt
artıq bu bölgələrdə ermənilər
məskunlaşmışdı, əhalinin etnik tərkibinin nisbətində
kəskin dəyişikliklər
baş verdi. Azərbaycanlıların sayı
azaldıldı. Eləcə
də 1918-ci ilin martında Bakıda Şaumyanın rəhbərliyi
altında dəhşətli
qətliamlar törədildi,
azərbaycanlılara divan tutuldu.
Şaumyanın başkəsənləri
- Andranik də, Dro da, Nijde də
Zəngəzurdan çıxmadılar.
Əslində hakimiyyət
onların əlində
idi. Təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə
erməni silahlı dəstələri xalqımıza
qarşı misli görünməmiş soyqırımı
törətdilər. Bu soyqırımı
deportasiya siyasətinin
növbəti mərhələsi
1948-1953-cü illərdə həyata keçirildi. Sovet hökumətinin qərarı ilə azərbaycanlılar Qərbi
Azərbaycandan Kür-Araz
ovalığına köçürüldü.
Mən buna "könüllü"
repressiya deyirəm. Yüz əlli mindən çox soydaşımız doğma
torpaqlarından sürgün
edildi. Guya bu ərazilərə xaricdən ermənilər
gəlməliymiş. Amma mən
sonralar Ermənistanı
qarış-qarış gəzdim,
1948-ci ilədək azərbaycanlılar
yaşamış bölgələrdə
bir nəfər də olsun, xaricdən gəlmiş erməniyə rast gəlmədim. Hamısı
yerli ermənilər idi. Onlar xaricdən
gələn ermənilərə
"axbar" deyirdilər,
tək-tük bu "axbarlar" İrəvanın
özündə, bir də Gümrüdə vardı. Amma azərbaycanlıların
köçürüldüyü ərazilərin heç birində xaricdən gələnlər yox idi, hətta vaxtilə azərbaycanlıların
yaşadığı bir
çox ərazilər
boş qalmışdı.
Bilirsiniz, mən
gəncliyimdə Xruşşovu
görəndən sonra
stalinçi idim. Ondan sonra hakimiyyət
başına gələn
N. Xruşşov özünü
rəhbər kimi deyil, səfeh kimi aparırdı. Mən bunu deməkdən
çəkinmirəm. Onda
rəhbərə xas olan xüsusiyyətlər
yox idi. Amma Stalin bütün günahları
ilə birlikdə (əlbəttə, o günahları
bağışlamaq olmaz)
İkinci Dünya müharibəsində qələbə
çalmış bir
ölkənin rəhbəri
idi.
Bizim evimizdə ən qorxulu söz "köç"
sözü idi. Rəhmətlik anam hər ilin sonunda
deyərdi: "Allah, sənə
şükür, bu il
köçmədik". Mən
bunu kitabımda da yazmışam. Yeri gəlmişkən, Bəxtiyar
Vahabzadə deyirdi ki, Hidayəti ona görə çox istəyirəm ki, elə bil milli dərsləri ona hələ beşikdə ikən keçiblər. Bunu çox sonralar, onun ailəsindən də mənə dedilər. Onda artıq Bəxtiyar müəllim dünyasını
dəyişmişdi. Doğrudan
da, beləydi, mən hələ uşaq ikən, evimizdə bu söhbətlər gedirdi. Mən bu ruhda böyüdüm.
1948-ci ildə atam və qardaşım kəndimizdə ikimərtəbəli
ev tikmişdilər, amma o evin ikinci
mərtəbəsinin artırması
1953-54-cü illərdə tikildi.
Buna da səbəb hər
an köçürülmə vahiməsi idi. Səksəkə içində
yaşayırdıq. O evin
kirəmiti bir neçə ildən sonra vuruldu. Bütün bu ağrıları mən öz həyatımda yaşamışam.
Onu da deyim ki,
1948-1953-cü il deportasiyasından sonra müvəqqəti sakitlik hökm sürdü. Ta 1965-ci ilə
qədər. 1965-ci ilin
24 aprelində Ermənistan
hökuməti heç
vaxt olmamış, uydurma "genosid"in 50 illiyi ilə bağlı Opera və Balet Teatrında dövlət səviyyəsində
tədbir keçirərkən,
ekstremistlər binaya hücum elədilər. Hökumət rəhbərlərini,
MK bürö üzvlərini
oradan qovdular. Salon onların əlinə keçdi. 3-4 gün ərzində
şəhərdə qarışıqlıq
oldu. Sonra isə formal
olaraq bu aksiyanın qarşısı
alındı. Nisbətən
sakitlik yarandı. Bu hadisədən sonra artıq Ermənistan hökuməti səviyyəsində
də, erməni millətçiləri arasında
da bu uydurma genosid məsələsi səngimədi.
Aqressiv, azğınlaşmış
ekstremistlərTürkiyəyə, Naxçıvana qarşı
ərazi iddiaları ilə çıxışlar
edirdilər. Həmin vaxtdan etibarən, Ermənistanda yenidən gizli və açıq
formada belə çağırışlar səslənirdi.
Bütün bu proseslər 88-ci ilə qədər davam etdi. Nəticədə
1988-1989-cu illərdə Qərbi
azərbaycanlılara qarşı
sonuncu deportasiya siyasəti həyata keçirildi.
Bir məsələni
də heç unutmuram. Bilirsiniz ki, mən ulu öndərin hakimiyyəti illərində
Milli Siyasət Məsələləri
üzrə Dövlət
müşaviri idim. Mən ona məşğul
olduğum sahə üzrə məruzə edirdim. Həmişə deyirdim ki, milli siyasətlə
məşğul olanların
işi mina təmizləyənlərin
işinə bənzəyir.
Sonralar həmkarlarım
mənim bu sözümü çox yerdə xatırlayırdılar
ki, Hidayət belə deyib. Demək, 1997-ci il idi. Heydər Əlirza oğlu məni yanına çağırdı və
dedi ki, bu il Stalinin qərarının
50 illiyidir. O, 1948-ci ildə
Stalinin deportasiya ilə bağlı qərarını nəzərdə
tuturdu. Sözün düzü, mən xəcalət hissi keçirdim. Dedim ki, Cənab Prezident, bunu mən sizə
məruzə etməli
idim. Bilirsiniz ki, ulu öndər fenomenal yaddaşa malik idi və bu tarixi
də unutmamışdı.
Ölkə rəhbərinin
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR-dəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası
haqqında" 18 dekabr
1997-ci ildə imzaladığı
fərmanın çox
böyük əhəmiyyəti
oldu. Sonra isə "Azərbaycanlıların soyqırımı
haqqında" 26 mart 1998-ci ildə fərman imzalandı. Bu fərmanların
preambula hissəsi 8-9 səhifədir. Siz o fərmanlara baxın, görəcəksiniz ki, deportasiya
və soyqırımı
ilə bağlı bütün faktlar, hətta bizim tarixçilərimizin belə
kitablarında yazılmayan
hadisələr orda ətraflı şəkildə
öz əksini tapıb. Demək istəyirəm ki, bu məsələyə ermənilərin
Azərbaycana qarşı
son iki yüz il ərzində elan olunmuş
və elan olunmamış
müharibəsi kontekstində
yanaşmaq lazımdır.
Bütün bunlar bədii ədəbiyyatımızda
öz əksini tapmalıdır.
Mən həmişə
inanmışam ki, biz, nə
vaxtsa, həmin torpaqlara qayıdacağıq,
hökmən qayıdacağıq!
Vaxtilə "İrəvana
7 məktub" əsərimin
sonluğunda belə yazmışdım: "Əminəm
ki, bu əsrdə başqa bir gənc Hidayət Mığrıdan "Zəngəzur"
qatarına minib Arazın qırağıyla,
ulu Naxçıvanın tarixlərin
keşməkeşlərində qarsalanmış torpağıyla
İrəvana gedəcək
və mənim kimi Bakıya dönməyəcək, ömrü
boyu Qərbi Azərbaycanda yaşayıb-yaradacaqdır.
Mən buna varlığım
qədər inanıram!"
Artıq o zaman yetişib.
- Hidayət müəllim, Tanrı sizə və hər birimizə o günləri görməyi
nəsib etsin!
- Çox sağ olun. Təşəkkür edirəm.
Söhbətləşdi:
Kənan HACI
Ədəbiyyat qəzeti.
– 2023. – 2 dekabr, ¹ 46. – S. 8-9.