İndi mən
sənə ibadət edirəm
Sadəcə, paltar olduğunu bilirdim.
Amma unutmuşdum.
Yalnız sən onu çıxarmaq istəyəndə
bunu təlaşla xatırladım
və həmin
andaca öz-özümdən
soruşdum:
"Hətta on illərdi düşünsələr
belə ki, o sənsən,
yalnız paltardı
axı...
Və bu təlaş nə üçündü?"
İndi heç bir anlaşılmazlıq yoxdu.
Budur, o, əzik-üzük
vəziyyətdə,
köhnəlmiş, ömrünü
başa vurmuş,
səninlə də heç bir əlaqəsi olmamış
kimi
güllərin altındadı
yad bir şey kimi.
Baxışlarımı yayındırdım.
Sən isə,
hiss eləyirdim ki, baxırsan
mənə və hər ikimizə birlikdə,
amma necəsə çox uzaqdan.
Görünmürdün,
Uellsin romanında
necəydisə, elə:
yalnız paltar səni görünən edə bilərdi.
Bir də qar,
çiyninə, kürəyinə
düşüb qalan qar -
o da sənin varlığını faş
eləyə bilərdi.
Amma kilsədə
qar yağmır.
***
İndi mən sənə ibadət edirəm,
bilirəm, aralıq
bir dayanacaqsan -
varsan, bilirəm.
Sən elə bir sığınacaqsan
ki,
orda sözlərim başqa əlifbayla köçürülür.
Sənə ibadət
edirəm:
səndən sənin
özündən başqa
nə istəyim
ki...
Sən isə heç nə anlamadan
sözlərimin üzünü
köçürüb
daha uzağa göndərirsən onları.
Hər şey
Yarpaqlar, sözlər,
göz yaşları,
kibrit qutuları,
pişiklər,
bəzən tramvaylar,
un növbələri,
uzunburun cücülər,
boş şüşələr,
nitqlər,
televizorda uzunboylu
göstərilən şəxslər1,
Kolorado böcəkləri,
benzin,
bayraqlar, tanış
simalar,
Avropa Çempionlar
Kuboku2,
qazla işləyən
maşınlar,
ixrac üçün
yararsız almalar,
qəzetlər, baton çörəklər,
saxta yağlar, qərənfillər,
aeroportdaca təbriklər,
"Cico"3, şokolad
batonlar,
Buxarest salyamisi,
pəhriz qatıqları,
"Kent" satan
qaraçı qadınlar,
Krevediya4 yumurtaları,
şayiələr, şənbə
axşamı,
yalançı kofe,
xalqların sülh
mübarizəsi, xorlar,
hektar üzrə
məhsuldarlıq,
Herovital5, yubileylər,
bolqar kompotu, fəhlə yığıncağı,
yüksək növ
regional şərab, Adidas6, lətifələr,
"Kalya
Viktoriya"dakı7 yeniyetmələr,
okean balığı,
rumın nəğmələri8,
hər şey.
Uzun "A"
Cərrah bıçağı
toxunmuş adam
ağrını vəsf
etməyib,
kürəyinə bıçaq
saplanmış adam
qorxusunu və ölümünü şeirə
çevirməyib,
eləcə
xırıltılı və batıq "A" ilə
keçinirsə ki,
dünya inciləri
onun yanında cırıltıya bənzəyir,
mən də hər şeydən daha çox
üstünlüyü həmin
uzun,
arasıkəsilməz,
"A"ya verirəm.
Çünki bilmirəm
hansı qafiyələnmiş
misra
ağrının sirrini
onun qədər faş edib -
həmin asi sait qədər.
Rus və
ingilis dilindən tərcümələr
Səlim Babullaoğlunundur
Ziyarət
Başqa dünyaya
protokol ziyarətinə
gəlirmiş kimi,
kədərlə qəbiristanlığa
gələn qocalar
evə qayıtmalı
olduqlarını,
həmişəlik
qala bilmədiklərini
düşünməkdən yorulublar.
Zəbur
Ayılar qış
yuxusunu səndən öyrəndi,
amma mənə yuxunun
nə olduğunu
öyrətmirsən?
Səndən çox
şey istəmirəm.
Bilirsən,
ölüm üçün
çox təvazökaram.
Amma açıq
gözlərimin qarşısında
hərəkət edən
kimsə
səndən xahiş
etmişdimi
mövcud olmayan küləyi?
At gözü
kimiyəm
Sipərlə dünyaya
qapadılmış
at gözü kimiyəm.
Məndən soruşma
yanına gələrkən
hansı ağacları,
hansı gülləri
görmüşəm.
Mən ancaq yolu görürəm,
bəzən də
mənə nəsə
anlatmağa çalışan
buludların kölgəsini.
Siz nəsə bilirsiz
Siz nəsə bilirsiz, amma demirsiz mənə.
Siz mütləq nəsə bilirsiz,
başqa cür necə yaşamaq olar
bu qədər ömrü,
ana, ata
və siz - dünyanın bütün
qocaları?
Bağışlayın, sizi kücənin ortasında saxlayıram,
səksən yaşlı
cənab,
mənə aça
bilərsinizmi
o sirri?
Toz-duman lava üzərində
qarşınızda diz çökurəm, qocalar,
o sirri mənimlə paylaşın...
Soyuq ulduzlar tək əllə sizi tumarlayırlar
və siz ölmürsünüz.
Rumın dilindən
tərcümələr
Jalə İsmayılındır
1 - Rumın televiziyasının alçaqboylu
Çauşeskunu uzun
gostərməsinə işarə
2 - Buxarestin "Styaua" komandasının
qələbəsinə işarə
3 - Sərinləşdirici
içki
4 - Munteniyada yaşayış məntəqəsi
5 - Rumın istehsalı olan dərman
6 - Qida qıtlığı, ət
novbəsi zamanı əhaliyə təklif olunan donuz ayaqlarına
işarə
7 - Rumıniyanı,
daha çox Çauşeskunu vəsf edən mahnı-şeir musabiqəsi
8 - Buxarestdə Qələbə prospekti; vaxtilə Rumıniya xüsusi xidmət orqanı olan
Securitate "hamı
izlənir, nəzarətdədir"
duyğusu yaratmaq və əhalinin canına qorxu salmaq üçün uşaq evlərindən götürülmüş, xüsusi
olaraq təlim görmüş yeniyetmələri
hərəkətsiz
dayanmaqla bu prospekt boyunca düzürdü.
Ana Blandiana
Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr,
¹ 46. – S. 18.