"Paris üçbucağı" romanı  haqqında düşüncələr

 

 

"Paris üçbucağı" romanı bu gün ədəbi ictimaiyyət üçün elə yaxşı tanış olmayan Adəm İsmayıl Bakuvi adlı gənc bir yazıçının əsəridir. Adəm İsmayılın təxəllüsü klassik dövr yazıçılarının təxəllüslərinə bənzəsə , o, bizim müasirimizdir. Bu gənc yazıçının təxəllüsündən göründüyü kimi, o, Bakı şəhərində doğulub, "xalis" bakılıdır, şəhərin köhnə məhəllələrindən birində "Zərgərpalan" küçəsində (bu küçə "Sovetski" məhəlləsinin bir hissəsidir) dünyaya gəlib. Mən bu yazıçı ilə şəxsən tanış deyiləm (hərçənd ki, bu nəslə məxsus olan xeyli istedadlı yazıçı ilə tanışam). "Paris üçbucağı" romanı kitabında bu müəllif haqqında çox qısa məlumat verilib. Onun barəsində deyilir: "Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik publisistik məqalə, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir", o, "2021-ci ildə "Məhşər divanı: Yalanın 17 anı" adlı sənədli romanı ilə ədəbiyyatda debüt edib".

"Paris üçbucağı" kitabının üz qabığında, əsərin adının altında "Sevgi romanı" adlı bir yarımbaşlıq da var. Adəm İsmayılın bu əsərini oxuduqdan sonra mən belə bir qənaətə gəldim ki, bu yarımbaşlıq romanın məzmununu tam olaraq əhatə etmir, daha doğrusu, onun mövzu dairəsini bir qədər daraldır. Doğrudur, romanın ana xətti, fabulası bir sevgi hadisəsi üzərində qurulub. Amma bu əsərin mövzusunun potensialında, mənim zənnimcə, sevgi hadisəsindən heç az əhəmiyyət kəsb etməyən, həm bugünkü Azərbaycan reallığını əks edən, həm yeni ədəbiyyatımızın inkişafı prosesində mühüm əhəmiyyət kəsb edən bir sıra digər aktual problemlər var.

Romanın ideya-məzmununun ənənəvi təhlilinə keçməzdən əvvəl, qismən bu əsərlə əlaqəli olan bəzi nəzəri-metodoloji məsələlərə aydınlıq gətirməyə ehtiyac olduğunu düşünürəm. Əvvəla, bu romanın hansı ədəbi cərəyana, hansı ədəbi istiqamətə mənsub olması məsələsinə aydınlıq gətirək. Əsərdə müşahidə olunan bəzı nəzəri-metodoloji paradiqmalara görə onu, tam olmasa da, müəyyən mənada postmodernizmin yeni variasiyasına (postpostmodernizmə) aid etmək olar.

Haşiyə. Müasir ingilis ədəbiyyatının klassiklərindən biri, görkəmli postmodernist yazıçı Culian Barns son kitablarından birində yazır ki, tənqidçilər onu gah postmodernist, gah da postpostmodernist yazıçı adlandırır: yeri gəlmişkən, deyim ki, A.İ.Bakuvinin barəsində bəhs edilən romanında bu yazıçının üslubu ilə səsləşən bəzi məqamlar var.

Son illərdə Azərbaycan ədəbiyyatında (daha çox nəsrdə qismən poeziyada) postmodernist ədəbiyyat inkişaf edir hətta bizim ədəbiyyatımızda da bu ədəbi cərəyanın nüfuzlu (artıq rəsmi şəkildə qəbul edilmiş) nümayəndələri, avtoritetləri mövcuddur (məsələn, Kamal Abdulla, Elçin Hüseynbəyli, İlqar Fəhmi s.).

A.İ.Bakuvinin "Paris üçbucağı" romanında da postmodernist postpostmodernist ədəbiyyatla səsləşən bir sıra özünəməxsus xüsusiyyətlər var. İlk olaraq, diqqəti cəlb edən belə xüsusiyyətlərdən biri, onun xüsusi çalara məxsus olan etnoqrafikliklik paradiqmasıdır. Bu paradiqma Azərbaycan bədii ədəbiyyatı üçün heç yeni hadisə deyil. Demək olar ki, əksər müasir klassik yazıçılarımızın yaradıcılığında bu paradiqmanın xüsusi yeri var: etnik kimliyimiz, milli adət-ənənələrimiz, məişətimizin təsviri, bayramlarımız digər xalq mərasimləri s. (xüsusilə, Y.V.Çəmənzəminlinin yaradıcılığında). Bu romandakı etnoqrafizm klassik ədəbiyyatımızda olan ənənəvi etnoqrafik təsvirlərdən bir qədər fərqlənir. Bu paradiqma daha çox "Əli Nino" (Qurban Səid - Məhəmməd Əsəd bəy - Lev Nissenbaum//Y.V.Çəmənzəminli) romanında yer alan etnoqrafizm yanaşmasına bənzəyir (postmodernizmin əsas prinsiplərindən biri odur ki, həyatda müvafiq olaraq ədəbiyyatda yeni heç yaranmır, hər şey təkrar olur, köhnənin təkrarıdır).

Haşiyə. Məşhur rejissor Ramiz Həsənoğlu yazır: ""Əli Nino"nu oxuduğum zaman, mən sadəcə olaraq, heyrətə gəldim ki, o dövrkü Bakı bu kutabda necə gözəl təsvir olunub. İndinin özündə mən 27 saylı aptekin yanından, Neftçilər prospektindən keçəndə bu kitabın qəhrəmanı Əlinin yaşadığı evə baxıram məndə elə təəssürat yaranmır ki, o, ədəbi personaj deyil - o mənim qonşumdur, mənim həmyerlimdir, sadəcə olaraq, bizim şəhərin sakinidir" ("Mənim gəncliyimin şəhəri", səh.153).

A.İ.Bakuvi bu xüsusi koloritli etnoqrafik təsvirləri verməklə, həm ilk növbədə, əsərinin millilik istiqamətini qabartmağa çalışmışdır. Digər təfəfdən , əsərdə təsvir olunan hadisənin cərəyan etdiyi məkan (Fransa, Paris) bu mövzunun təsvirinə xüsusi məna çaları qatır. Bir az da doğma yurd-yuva həsrəti, bundan doğan nostalji hissi, fransızlar demiş "dejavü". Bundan başqa, müəllif, sanki sevimli vətənini, doğma Bakının köhnə küçələrindən birini (Zərgərpalan) bu şəhərin yeni durumunu, yəhudi icmasının kompakt yaşadığı Quba rayonunun "Qırmızı qəsəbə"sini (qəhrəmanın yəhudi əsilli nənəsi burada yaşayır) əcnəbilərə (burada fransızlara) təqdim edir. Romanın baş qəhrəmanı Ülvi deyir: "Zərgərpalan. Bu küçə mənim ( mənimlə yanaşı? - C.N.) doğulub boya-başa çatdığım Bakının vizit kartı sayıla bilər. Dar, dolanbac bir yol hər iki tərəfdən ikimərtəbəli birmərtəbəli daş evlərlə sıralanaraq, Füzuli meydanından, ta ki, Daxili İşlər Nazirliyinin arxa həyətinədək uzanır" (səh. 5). Beləcə, qəhrəman bu küçəni təsvir edərək yazır ki, o, elə dardır ki, sanki adam "yolun ortasında durub əllərini yanakı açsa, hər əli küçənin bu o tərəfindəki evlərə toxunar" yaxud: "Evlərin üzbəüz eyvanları isə hər iki tərəfdən səmada sanki bir-birinə toxunurlarmış kimi görünürlər" (yenə orada). Hər şey olduğu kimi, necə varsa, eləcə təsvir olunur. Bu narrativ postpostmodernizmin paradiqmalarından biridir.

İstənilən hər bir normal insan kimi, həm bu romanın qəhrəmanının, həm eyni zamanda müəllifinin özü doğma yurd-yuvasını, doğulduğu məkanı sevməsi, onu sevə-sevə təsvir etməsi heç təəccüblü deyil. Ülvi (əsərin qəhrəmanı, həm müəllifin prototipi) öz doğulduğu məhəlləni (Sovetski), küçəni (Zərgərpalan) sadəcə olaraq təsvir etməklə kifayətlənmir, o, həmin məhəllənin, küçənin sakinləri (həm məşhur sakinləri) ilə qürur duyur. O, yazır: "Zərgərpalanda çox böyük dühalar doğulublar, çoxları sonradan gəlib buralarda məskunlaşıblar. Bizim küçəmiz Bakının "Sovetski" adlanan hissəsinin tərkibidir, müğənni Şövkət Ələkbərova, aktyorlar - İlham Namiq Kamal, Eldəniz Zeynalov burada doğulublar, görkəmli bəstəkar Üzeyir Hacıbəyli, mahir muğam ifaçısı Xan Şuşinski, böyük maarifçi, şair Abdulla Şaiq köçüb gəlib Zərgərpalanda yaşayıblar. Azacıq aşağıda - dağlı məhəlləsində 1903-cü ildən Cəfər Cabbarlı yaşayıb, Mikayıl Müşfiq isə orada dünyaya göz açıb", "Şəhid jurnalist Osman Mirzəyevlə milli qəhrəman Çingiz Mustafayev "Sovetski" sakinləridir" (səh. 6).

Haşiyə. Bu mövzu bir neçə il əvvəl çap olunmuş lazımlı bir əsər olan "Mənim gəncliyimin şəhəri" kitabında da əsas yerlərdən birini tutur. Bu kitabda Bakı sakinləri olan (əsasən, köklü bakılılar, bəzən bir qədər sonda burada məskunlaşan sakinlər) Azərbaycanın görkəmli ziyalıları - alimləri, yazıçıları, rəssamları, memarları, heykəltəraşları, aktyorları, mühəndisləri s. öz doğma şəhərini vəsf edir, burada dünyaya gələn böyük, görkəmli şəxsiyyətlər barədə bəhs edir onlarla qürur duyduqlarını söyləyirlər. Məsələn, görkəmli aktyor Yaşar Nuri yazır: "Mənim uşaqlığım gəncliyim Bakıda, hədsiz dərəcədə məşhur Sovetski küçəsində keçib". Sonra o, deyir: "Bir zamanlar Fərhad Bədəlbəylinin əmisinin tikdirdiyi Hüseyn Cavidin dərs dediyi bizim 173 ¹-li məktəbimiz Pedaqoji Texnikumun yanında yerləşirdi mənim atam, gələcək professor Cəfərzadə bu məktəbdə oxumuşdur" ("Mənim gəncliyimin şəhəri", səh.165).

"Paris üçbucağı" romanında etnoqrafiklik kateqoriyası ilə əlaqədar məqamlardan biri , əsərin qəhrəmanının da ana tərəfdən mənsub olduğu yəhudiliklə bağlıdır. Romanda bu məsələyə geniş yer ayrılıb. Əsərin "Süzanna" adlanan 37-ci hissəsində əsərin digər qəhrəmanı fransız qızı Süzanna deyir: "Ülvi mənə Quba barədə danışdı, dedi ki, bura almalar diyarıdır, dünyadakı ən unikal alma burada yetişir" (səh. 249). Sonra o, deyir: "Ülvi dedi ki, bəli, artıq Quba rayonuna girdik, yolumuz Qubanın mərkəzinə - Quba şəhərinədir, Sara nənə orada - dünya yəhudilərinin kompakt yaşadığı əsrarəngiz Qırmızı qəsəbədə yaşayır" (səh. 251). Sonra onların (Ülvi Süzannanın) Qırmızı qəsəbəyə gəlmələri Sara nənənin onlara süfrə açması təsvir olunur. Bu məqamda Sara nənə Süzanna üçün maraqlı bir məsələyə toxunur. O, deyir: "Düzü, istəyirdim ki, qızım Lizanın bir qızı da olsun. Amma iki oğlu oldu. Onun da biri, Allah müharibə çıxaranlara lənət eləsin, şəhid oldu". Şəhid olmuş Fəxrini yad edəndən sonra Süzanna deyir: "Bu arada Sara nənənin niyə məhz qız nəvə arzulamasının səbəbini öyrəndim. Axı, yəhudilərdə milliyyət müsəlmanlardan xristianlardan fərqli olaraq, ana xətti ilə təyin olunur" (səh. 253). "Onu da öyrəndim ki, dünyada yəhudi xalqı yeganə xalqdır ki, paspotuna milliyyəti yazılmır. Yəni ki, yəhudi qadından dünyaya gəldinsə, hələ sən əsl yəhudi ola bilməzsən. Yəhudilik tək qan bağlılığı ilə mümkün deyil. Yəhudi dininə mütləq inam, mədəniyyətə, adət-ənənələrə sədaqət, yəhudi xalqına daimi xidmət zəruri məcburidir. Yalnız bunlara riayət edən şəxs əsl yəhudi hesab olunur (səh. 254).

Romanda kifaqət qədər yer tutan, bu qəbildən olan material əsərin, həm etnoqrafik roman olması fikrini yaradır. İctimai-siyasi tarixlə bağlı olan məqamlardan biri romanda siyasi mövzuya geniş yer ayrılmasıdır. Demək olar ki, siyasi mövzu romanın fabulasının əsas xətlərindən birini təşkil edir (hələ bəlkə ana xətdir). Əsərin bu mövzusu Azərbaycanın bugünkü siyasi həyatı ilə bağlıdır. Məlum olduğu kimi, az qala, iki yüz il tarixi əhatə edən Azərbaycan-erməni münasibətləri (münaqişələri) son dövrdə daha da qızışıb, hətta genişmiqyaslı müharıbə ilə nəticələnib. Bu millətlərin arasında olan siyasi böhran bu gün davam etməkdədir vaxta qədər davam edəcəyi heç kimə məlum deyil.

Bu münaqişə Ülvinin ailəsindən yan keçməyib. Onun kiçik qardaşı bu savaşda şəhid olub: "Şəhid olanda Fəxrinin 19 yaşı var idi"..., "Cəmi 19 il ömür sürən, arzuları yenicə cücərməyə başlayanda amansız şaxtanın donvurmasına məruz qalan bir gəncin ölümünü ailəmiz necə ermənilərə bağışlaya bilər, axı?"... "Fəxrinin otağında Müzəffər babam əsl ev-muzeyi yaradıb. Onun əşyalarını qoruyub saxlayıb, hərbi paltarını, silahının maqazinini, məktublarını. Şəkillərini böyüdüb çərçivəyə salıb (səh. 10). Bu sözlərdə, heç millətçilik hissi, milli dözümsüzlük anlayışı duyulmur, bu sözlər nakam bir gəncin vaxtsız ölümünün acısının ifadəsidir. Ülvinin, tolerantlığı, millətçi-şovinist bir insan olmadığı onun bu sözlərindən aydın görünür: "Ana Fəxrini öldürən milliyyətcə ermənidir, düzdür, amma bir fərddir, bir millətçi, şovinist fərddir, bütün erməni xalqı millətçi şovinist deyil axı. Ermənilərin aralarında müharibənin, Qarabağ işğalının əleyhinə çıxanlar, məgər azdırmı?" (səh.189).

Hələ romanın lap əvvəlində bu acı məlumatı verməklə müəllif, həm müəyyən mənada, əsərinin mövzu dairəsinin istiqamətlərindən biri barədə məlumat verir - ictimai-siyasi mövzu. Bu motivin çalarlarından biri bu gün heç Azərbaycanla normal münasibəti olmayan Fransa ilə bağlıdır. Əsasən, bu ölkədə çoxluq təşkil edən erməni lobbisinin təbliğatı sayəsində orada vətənimizə, xalqımıza qarşı bir düşmənçilik əhval-ruhiyyəsi yaranıb. Bununla bağlı Ülvi belə deyir: "Bəli, mən bilirəm ki, Fransada erməni diasporu güclüdür, burada ermənilər çoxdur, fransızlarla ermənilər arasında qohumluq münasibətləri geniş yayılıb, dini faktorlar da var ortada. Hamısını bilirəm. Siz fransızların onlara qahmar çıxmaları təbiidir" (səh. 94). Heç şübhəsiz ki, müəllif düşünülmüş şəkildə Fransa məsələsini Azərbaycan-erməni konflikti kontekstində şərh etsə , dünya klassiklərinin əsərlərinə istinad edərək, ermənilərin türklər haqqında uydurduqları "qorxulu nağıllar"a konkret faktlarla aydınlıq gətirir. O, XIX əsr məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) "Qafqaz səfəri" əsərində yer alan ermənilərə aid olan hissələri olduğu kimi fransız qızının diqqətinə çatdırır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müəllif Azərbaycan-erməni münasibətləri (münaqişəsi) ilə əlaqədar olaraq kifaqət qədər elmi səciyyəli tarixi, bədii, publisistik rəsmi sənədləri əsərində istifadə edir ki, bu narrativ postpostmodernizm ədəbi cərəyanının nəzəri prinsiplərindən biridir. Müəllif pastiş üsulundan istifadə edir, fərqli mənbələrə istinad edir ermənilər barədə müfəssəl məlumatlar verməyə çalışır.

Haşiyə. "Dünya məşhurlarının ermənilər barədəki kəlamları": "Qabusnamə"də deyilir ki, "ermənilərin eybi bədfel, kündəbədən, oğru, gözügötürməyən, ...vəfasız, riyakar, söyüşsöyən..." olmalarıdır. Tatsit: "Bu bir ikiüzlü xalqdır ki, həm xarakterinə, həm coğrafi yerləşməsinə görə rumlulara nifrət, parfiyalılara qibtə" etməkdədirlər. Sonra əsərdə Moisey Xorenatsinin (Kalankatuklu Musa), Ovidinin, Sədinin fikirlərini verir. Düma yazır: "Nəbadə, erməniyə etibar edəsiniz" (səh. 96), "Ermənilər bütün dünyada deyil, yalnız Asiyada yayılmışlar. Öz fikir, niyyət duyğularını gizli saxlayan, hiyləgər kələkbaz adamlardır ki, var" (səh. 97). Bunlarla yanaşı, əsərdə Əmir Teymurun, A.S.Puşkinin, A.Metsin, S.Qriboyedovun, Uilsonun, A.Kyortenin, Qraf de Şölenin, K.Marksın, V.L.Veliçkonun, İ.Çavçavadzenin s. görkəmli şəxslərin ermənilərin üzünü açıb göstərən fikirlərini vermişdir.

Romanın kolliziyası, əsasən, erməni-Azərbaycan münasibətləri üzərində qurulduğu üçün, müəllif Ülvi Süzanna xəttini bu motivlə əlaqələndirmişdir. Belə ki, bu süjet xəttinin iştirakçılarından biri - Süzannanın ana tərəfdən nənəsi, erməni Narinedir. Narine nənə qatı millətçidir, şovinistdir, türklərin düşmənidir. Süzanna öz nəsil şəcərəsindən bəhs edərək deyir: "Anamın ata tərəfi rus kökənlidir...", "...anamın atası Boris Aleksandroviç Narine nənəmlə tanış olub...", "...o, ilk baxışdan vurulduğu bu xanıma evlilik təklif edib. Narine nənəmin ailəsi bu izdivaca sevinclə razılıq veriblər, ermənilərin içində bir slavyan sevgisi olur həmişə" (səh. 21).

Narine nənə antitürk mövqeli, zəhərli millətçilik ideologiya daşıyıcısının tipik nümayəndəsidir. Bu, Süzannanın anasının ondan xeyir-dua almaq təklfinə aldığı cavabdan aydın şəkildə görünür. Süzannanın anası: "Gənclər əhd-peyman bağlayıblar, olursa-olsun, bir-birindən ayrılmamaq qərarı veriblər, ay ana, sənin xeyir-duanı almağa gəlmişik. Nəzərə al ki, Ülvi milliyyətcə metisdir (mələzdir - C.N.), yəhudi azərbaycanlı qarışığıdır", - sözlərini çatdırdı.

Nənəmi sanki cərəyan vurdu:

- İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağzında bitir. Bir azərbaycanlını - işğalçı, qaniçən müllətin nümayəndəsini mənim ailəmə gətirməklə siz genosidə tuş gəlmiş milyonlarca erməninin ruhuna qarşı hörmətsizlik edirsiniz.

Anam dedi, elədi, xeyri olmadı. Nənəm dəsmal götürüb hönkürdü, hətta çamadanını götürüb, çıxıb getmək jestinəcən etdi" (səh. 188).

Romanın erməni-Azərbaycan mövzulu diskursu bununla bitmir. Əsərin fabulasının bir sıra fərqli motivlərinin interpretasiyasında bu gün xüsusi aktuallıq kəsb edən bu məsələ dönə-dönə qabardılır. Burada müəllif ermənilərin bizim ərazilərimizə köçürülmə tarixi, "dənizdən-dənizə" erməni xülyası (sayıqlaması), Fransada oturuşmuş diasporanın antitürk, antiazərbaycan təbliğatı, özləri zaman-zaman bizim millətimizə qarşı kütləvi qırğınlar, soyqırımılar (genosid) törətdikləri halda, uydurma 1915-ci ildə türklərin onlara qarşı əslində olmayan genosid barədə hay-həşir salmaları barədə açıqlamalar, bədii epizodlar verilir.

Süzannanın əsilli-köklü fransız olan atası da heç bu şovinist nənədən fərqli düşünmür. O, qızına deyir: "Süzanna, sənun ata tərəfin təmizqanlı fransızlardır. Amma anan tərəf slavyan-erməni qarışığıdır. Sənin anan, nənən, onların nəsli - bütün ermənilər türklərin azərbaycanlıların qan düşmənidirlər. O müsəlmanlar bu yazıq xalqı genosidə məruz qoyublar. 1915-ci ildə Türkiyədə, 1988-ci ildə Azərbaycanda" (səh. 120-121).

A.İ.Bakuvinin bu romanında həddindən çox faktoqrafik material verilib. Zahirən, elə təsəvvür yarana bilər ki, bu paradiqma əsərin ədəbi diskursuna müəyyən mənada xələl gətirir, onun bədiilik istiqamətini zəiflədir. Əslində, bu heç tam belə deyil. Bu paradiqma avanqard ədəbi cərəyan olan postpostmodernizmin başlıca elementlərindən biridir. Bu ədəbi priyomdan müasir dünya ədəbiyyatının əksər görkəmli postpostmodernist yazıçıları (C.Barns, M.Danilyevski s.) öz bədii yaradıcılıqlarında geninə-boluna istifadə ediblər. Bu paradiqma bədii əsəri bir qədər belletristik, oçerkvarilik narrativiliyi ilə zənginləşdirir. Əvvəla, A.İ.Bakuvinin bu romanının siyasi diskursu üçün bu priyom zəruridir, müəllif demək istəyir ki, ermənilər barəsində bəhs etdiyi bu məsələlər, baş verən bu tarixi hadisələr heç bədii təxəyyülün, fantaziyanın məhsulu deyil, reallıqdır, həqiqətdir, tarixi faktdır. Bununla belə, bu qəbildən olan faktoqrafik material yalnız siyasi diskursla bağlı deyil. Demək olar ki, müəllif təsvir etdiyi, bəhs etdiyi bütün mövzularda (mədəniyyət, incəsənət, bədii ədəbiyyat, etnoqrafiya, ailə-məişət, xronotop (zaman-məkan) bu ədəbi paradiqmanı əsas kimi götürür. Müəllif ədəbi pastiş rəsmi sənədlilik prinsiplərinin siyasi diskursunu, xüsusilə, ASALA-nın törətdiyi terror aktları ilə əlaqədar verir (səh. 142-162). Erməni terrorçularının dünyanın çeşidli yerlərində, Fransanın özündə, Avropanın digər ölkələrində elə Azərbaycanda da zaman-zaman törətdikləri çoxsaylı terror aktları ola bilsin ki, bir qədər yorucudur, bədii deyil, amma məqsədyönlüdür, effektlidir, mövzunun təsir gücünün artırılmasına xidmət edir. Romanın yorucu görünə biləcək fraqmentlərindən biri 265-ci səhifədən başlayaraq, 274-cü səhifəyə qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri barədə rəsmi məlumatların verilməsidir. Göründüyü kimi, bu ictimai-siyasi paradiqma əsəri, həm siyasi roman janrına daha da yaxınlaşdırır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, romanın əhəmiyyətli diskurslarından biri romanda mədəniyyətə, rəssamlığa xüsusilə , bədii ədəbiyyata geniş yer ayrılmasıdır. Burada daha çox üstünlük klassik müasir fransız ədəbiyyatı ilə bağlı material verilib yeri gəldikcə əsərdə Azərbaycan ədəbiyyatından da nümunələrə müracət edilir.

Bu diskursda romanda dünyanın məşhur muzeylərindən biri olan Luvr haqqında ("Muzeyin binası qədim kral sarayının binasındadır, "Louvre Palas" adlanır, bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur" (səh. 47). Burada muzeyin quruluşu, bəzi məşhur eksponatları, Leonardo da Vinçinin "Cokonda"sı, Rafaelin "Valehedici bağban" kimi rəsm əsərləri, "Miloslu Venera", "Samofrakiyalı Nika" kimi heykəltəraşlıq nümunələri, Rafael, Titsian, Rembrandt, El Qreko, Delakrua kimi rəssamlar barəsində məlumat verilir. Yeri gəlmişkən, romanın əvvəlində quşbaz Gülağanın dili ilə deyilir: "Salvador Dali Parisdə göyərçini çəkib ilk dəfə məşhurlaşdırmayıb?" (səh. 13). Təbii ki, bir quşbazın dahi syürrealist fransız rəssamını tanıması inandırıcı deyil. Tutaq ki, bu quşbaz intellektualdır, rəssamlıqdan da başı çıxır, o zaman o, bilməli idi ki, "Sülh göyərçinləri"ni (2 göyərçin) Salvador Dali yox, digər bir dahi fransız rəssamı Pablo Pikasso çəkmişdir.

Romanda fransız Azərbaycan ədəbiyyatları ilə bağlı məlumatlara da geniş yer ayrılıb. Burada daha çox klassik müasir fransız ədəbiyyatından bəhs edilib. Romanda fransız teatrı dramaturqları - Molyer, Rasin, Kornel, Bomarşe, Hüqo, Emil Zolyadan (bu yazıçı dramaturq deyil - C.N.), Sartr, Kamyu, "Komedi fransez" barədə bəhs olunur. Fransız kinosu, filmləri aktyorları haqqında məlumatlar verilir: "Fransız kinosu "Oskar"dan daha nüfuzlu (?) daxili mükafatına - "Sezar"a malikdir. Fransız kinosu keçmişdə "Qırmızı qara", "Tereza Raken" (Zolyanın bu əsərinin adı "Tereza Raken"dir bu romanın motivləri əsasında Fransada deyil, ABŞ-da rejissor Çarli Stretton bədii film çəkmişdir - C.N.), indilərdə isə "Əzabkeşlər" kimi şedevrlər yaradıb" (səh. 30). Sonra burada Jan-Lyuis Qodar, Klod Şabrol, Patrik Lojye kimi məşhur rejissorlar Lui de Fünes, Jan-Pol Belmondo, Jerar Depardye, Katrin Denyev, Alen Delon, Pyer Rişar, Sofi Marso barədə məlumat verilir. Romanın obrazlarından biri isə məşhur aktyor Jan Qabenin adı ilə adlandırılıb.

Romanda fransız ədəbiyyatı barəsində geniş bəhs olunur hətta pastiş olaraq bu yazıçıların bəzilərinin əsərlərindən iri parçlar da verilir (Sent-Ekzüperi, Pol Elüar, Pyer Emmanuel) hətta postmodernist yazıçılar - Mişel Uelbekin "Pokora" Giyom Myssonun "Ona görə ki, səni sevirəm" romanlarının məzmunu danışılır (səh.124-125).

Romanın bu yerində XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında bəhs olunur, pastiş olaraq onun bir neçə aforizmı verilir (səh. 13). Əsərin sonlarına yaxın bir yerdə isə Süzanna atasına deyir: "Əgər ədəbiyyatdan deyirsənsə, 12-ci əsrdə dünyaya Nizami Gəncəvi kimi düha bəxş ediblər" (səh. 220). Romanın 17-ci - "Ülvi" adlı hissəsində Ülvi Azərbaycanın Milli İncəsənət Muzeyində təşkil olunmuş "Fransa inciləri. Fransız incəsənəti Renessansdan, bu günəcən" sərgisi haqqında danışır, deyir ki, azərbaycanlılar bu muzeydə "Fransanın ən məşhur sənət korifeyləri olan Pussen, Qryoz, İnqr, Deqa, Brak, Otonyel, Roden kimi sənət ustalarının boyakarlıq heykəltəraşlıq əsərlərini, əsrarəngiz incəsənət əşyalarını, qobelen qravürləri bir yerdə görə bildilər" (səh.112). Sonra: "Ona dahi şair mütəfəkkir Nizami Gəncəvi, dahi bəstəkar Qara Qarayev, dahi tenor Rəşid Behbudov, dahi rəssam Səttar Bəhlulzadə barədə geniş danışdım" (səh. 112). 

Nəhayət, gəldik, kitabın üz qabığında vurğulanan, romanın əsas mövzusu olan "Sevgi romanı" məsələsinə. Əlbəttə, məqalənin əvvəlində deyildiyi kimi, bu romanın fabulasının əsasında bir sevgi macərası dayanır. Burada baş qəhrəmanın özünün dediyi kimi, əslən, azərbaycanlı (yəhudi qarışığı olan), bakılı, "Sovetski"li, zərgərpalanlı Ülvi ilə, dordonlu, erməni qarışığı olan bir fransız qız Süzannanın eşq macərasından bəhs olunur. Əsərin ana xətti dünya ədəbiyyatında fərqli istiqamətlərdə fərqli kontekstlərdə işlənmiş, çox qədim tarixi fərqli çalarları olan bir məhəbbət mövzusuna, daha dəqiq desək, fərqli dinlərdən olan iki gəncin məhəbbəti mövzusuna həsr olunub. Ümumiyyətlə, bu qəbildən olan məhəbbət mövzusunda yazılmış romanların hamısının sonluğu, demək olar ki, uğursuz olur.

Dünya mifologiyası bədii ədəbyyatı tarixində bu mövzu ilə eyni ya uyğun olan arxetiplər mövcuddur. Əsərə tarixilik prizmasından yanaşsaq, o zaman qədim romalı Antonio ilə, qədim misirli Kleopatra arxetipini (məs.: U.Şekspirin "Antonio Kleopatra") ilk nümunələrdən biri kimi göstərə bilərik. Bibliya (Tövrat) - Quran mifologiyasında İosif (Yusif) haqqında pritça ("Yusif Züleyxa" dastanı rəvayətləri, T.Mannın İosif onun qardaşları" roman pritçası), klassik Şərq mifologiyasında Fəriddədin Əttarın "Məntiqüt-teyr" əsərində Şeyx Sənanla bağlı pritça (sufi Şeyx Sənan xaçpərəst qızın eşq macərası), U.Şekspirin "Otello", H.Cavidin "Şeyx Sənan" faciələri, "Əsli Kərəm" dastanında yer alan Kərəmlə xaçpərəst (alban ya erməni ola bilər) qızın, fransız cəngavər romanları "Fluar Blanşeflor" "Okassen Nikolet" əsərlərində təsvir edilən müsəlman gənc oğlanla xristian gənc qızın eşq tarixçələri, N.Nərimanovun ("Bahadur Sona"), C.Cabbarlının ("1905-ci ildə" - Baxşı Sona), M.Əsəd bəyin (L.Nissenbaum, Y.V.Çəmənzəminli) "Əli Nino" bir azərbaycanlı gənclə gürcü qızının eşq macərası) A.Kulinin "Sevdalinka" romanlarının (bosniyalı müsəlman xanım Nimeta ilə xorvatiyalı xaçpərəst Stefanın sevgi hadisəsi) mövzularını bu tipli məhəbbət modeli bunun bariz nümunələridir. Yeri gəlmişkən, A.Kulinin "Sevdalinka" adlanan romanı ilə A.İ.Bakuvinin "Paris üçbucağı" romanının mövzuları bir-birinə çox yaxındır. Hətta bəzi motiv məzmun ünsürlərinə görə eynidir, adekvatdır. Əsas fərq bu romanlarda cərəyan edən eyni tipli hadisələrin fərqli coğrafiyalarda (Balkanlar: Bosniya Herseqovina, Azərbaycan Fransa) cərəyan etməsidir. Bu hadisələrin xarakterinə gəldikdə isə, burada demək olar ki, elə bir əsaslı fərq yoxdur. Məhəbbət mövzusu oxşardır (müsəlman qadınla xristian kişinin məhəbbəti - bircə fərq ondadır ki, xristian Stefana aşiq olan müsəlman Nimetanın Bürhan adlı əri, bir oğlu bir qızı var). Bu romanların hər ikisində XX əsrin 90-cı illərində Azərbaycanda (Qarabağda) Bosniya Herseqovinada (Sarayevoda, Srebrenitsada) dəhşətli soyqırımı mövzusu əsas yerlərdən birini tutur. Amma diqqətlə baxsaq, görərik ki, bu romanlarda təsvir olunan ictimai-siyasi motivlər sanki qeyri-adi məhəbbət macəralarının fonunun, bu əsərlərin ideya məzmununun daha təsirli olmasına xidmət edir. "Paris üçbucağı" romanında da əsas ədəbi konflikt, yuxarıda barəsində bəhs olunan konflikt səciyyəli məhəbbət mövzulu klassik əsərlərdə olduğu kimidir. Zahirən, adama elə gəlir ki, ictimai-siyası situasiyanın bugünkü durumunda Ülvi Süzannanın bir-birinə aşiq olması bu işin onların öz gələcəkləri ilə bağlı qura biləcəkləri plan perspektividir. Bununla belə, əsərdə göstərildiyi kimi, bu gənclər həyata ayıq gözlə baxan, dərrakəli, mənsub olduqları ictimai-siyasi sosial mühitlə bağlı, hətta bir qədər kompleksə malikdirlər. Belə ki, romanın qəhrəmanlarından biri - Ülvi bakılıdır, yəhudi qarışığı olan azərbaycanlıdır, onun aşiq olduğu qız - Süzanna isə erməni qarışığı olan fransızdır. Ülvi vətənpərvərdir, milli duyğulu gəncdir, millətçi deyil, istedadlı proqramçıdır, Fransaya xüsusi təyinatla işləməyə gəlib, başqa planları yoxdur. Amma belə olmur. O, deyir: "Yox, bu qızda isə qeyri-adi cazibə qüvvəsi var idi. Mən onun təsirindəyəm. Ağlıma gəlməyən başıma gəlmişdi. Valideynlərimin ən istəmədiklərini, mənə Paris həyatında tabu qoyulan şeyləri ard-arda etmişdim, demək. Başımı aşağı sallayıb işləmək, heç kəsə baş qoşmamaq, dava-dalaşa düşməmək xahişini pozub dərhal dalaşmış, həbsə düşmüşdüm. Qızlara meyil etməmək tələbini pozub, necə deyərlər, eşqə düçar olmuşdum" (səh. 99). Bir tərəfdən, valideynlərinin qadağaları, digər tərəfdən, vətənpərvərlik duyğularına rəğmən, Vətəninin bir hissəsini işğal talan edən, hələ üstəlik , qardaşını qətlə yetirən bir millətin nümayəndəsi ilə, milli mənşəcə bağlı olan bir qızı necə sevə bilər? Süzannanın da durumu elə fərqli deyil. Erməni nənəsi onda türklərə az təsəvvürü olan azərbaycanlılara qarşı nifrət hissi formalaşdırıb. O, deyir: "Düzü, azərbaycanlı türk olmaq istəməzdim". Ülvi bunun səbəbini soruşduqda o, deyir: "Erməni xalqına qarşı həyata keçirdiyiniz soyqırımılara görə. 1915-ci ildə Türkiyədə - qədim erməni əyalətlərində, 1988-ci ildə Azərbaycanda - Sumqayıtda minlərlə erməni qırmısınız" (səh. 93).

Bax, bu vaxt ağıl hiss faktoru önə çıxır. Ülvi Süzanna nümunəsində bütün digər nümunələrdə olduğu kimi, bir faktor özünü göstərir: sufi şeyxi (Şeyx Sənan) xristian qızına aşiq olur, dinindən dönür, donuz otarır; müsəlman, ailəli, iki uşaq anası Nimeta ("Sevdalinka" romanı) heç bir gərginlik, problem olmamasına baxmayaraq, bir xristian gəncə (Stefana) aşiq olur. Bütün digər nümunələr bunun kimi ("Əsli Kərəm", "Bahadur Sona", "Baxşı Sona", "Əli Nino" s.). Əsl məhəbbət üçün sədd yoxdur. Yeri gəlmişkən, bu romanın finalının xoşbəxt sonluqla nəticələnməsi bədii məntiqlə uzlaşmır bir qədər inandırıcı görünmür.

"Paris üçbucağı" romanının adında olan "üçbucaq" anlayışı da diqqəti cəlb edir. Əvvəla, bu anlayış, ilk növbədə, əsərin narrativi ilə səsləşir. Müəllif, postpostmodernist ədəbiyyatın tələblərindən biri olan müəllif - qəhrəman (lar) -oxucu) paradiqmasına uyğun olaraq əsərdə əsas qəhrəmanlarla yanaşı, özünün obrazını (müəllif prototipi) yaradıb. Burada müəllif, yalnız narrator (təhkiyəçi) deyil, həm real iştirakçıdır, o, hadisələrə müdaxilə edir, münasibət bildirir, fəal şəkildə iştirak edir. Beləliklə, bir üçbucaq - üç narratordur: Ülvi-Süzanna, Müəllif, Oxucu.

İkinci üçbucaq milli mənsubiyyətlə bağlıdır. Romanın bir qəhrəmanı Süzanna erməni-fransız-rus, digər qəhrəmanı - Ülvi yəhudi-azərbaycanlı-fransız üçbucağını təşkil edir. Buraya: siyasət, mədəniyyət (sivilizasiya), ilahi eşq üçbucağını da əlavə etmək olar.

Bu roman Azərbaycan nəsrində yeni hadisədir. Müəllifin bədii ədəbiyyat sahəsində ilk qələm təcrübələrindən biridir ("Məhşər divanı: Yalanın 17 anı" bellestristikası nəzərə alınmaqla). Romanda bədiilik, metaforluq, bədii obrazlılıq zəifdir, bəzi texniki qüsurlar var. Amma mövzu aktualdır, günümüzlə sıx bağlıdır. Hər halda, Adəm İsmayıl Bakuvinin "Paris üçbucağı" romanı uğurlu əsərdir. İnanıram ki, bu istedadlı, gənc nasirin gələcək əsərləri daha da uğurlu olacaq.

 

Cəlil Nağıyev

 

Ədəbiyyat qəzeti. 2023, ¹ 46. – S. 20 - 22.