Bədii mətn arxeologiyası
Ənənəvi və ümumən bütün formalarda yazmağın saysız əngəlləri
var, ən orijinal fikrini, sənə çox gözəl görünən (niqabdan üzünü göstərən...)
bir emosiya, yaxud duyğunun istənilən forma daxilində
ifadəsində gözləmədiyin
itkilər olur. Çox nadir hallarda, tək-tük poetik mətndə bu itkilər minimum səviyyədə
olur. Bu çalpaşıq
məsələni necə
ram etməli? Və ümumiyyətlə ram etmək
mümkündürmü, yaxud
lazımdırmı?
Yazmaq - sonsuz,
hüdud tanımayan prosesdir və bu, sənətkarın ölümlü olmasından
da asılı deyildir,
yəni prosesin özü bunu bildiyi kimi "hiss edir", bəlkə də "ürəyinə
damdığı kimi".
Yaradıcılıq yol
metaforası ilə bağlıdır, özü
də sıx şəkildə, yol bitmir, bitdiyi zənn edilən yerdən yenidən başlayır (özünə
məhz istədiyi yolu tapır - !), sənətkarsa (müəllif), arada macal tapıb prosesi, yaradıcılıq
stixiyasını dəyərləndirməyə
çalışır, təqribən
S.Vurğunda olduğu
kimi:
Kür qırağı
... Qarayazı ... göy
çəmən// Qoşa
palıd ... tüstülənən
od-ocaq// Saç ağardı, unutmadım sizi mən / /Hansı şair sizi bir də
yazacaq?
Böyük bir poemanın, epik nəhrin içində macal tapıb taleyinə "ekskurs"
etmənin bir əlahiddə mənası
vaxtsız qocalmış
sənətkarın onu
öldürəcək ahı
içində bəsləməsidir.
Həyat eşqiylə
dünyadan qaçmağın
(bilə-bilə ki hər
yer tikanlı məftillərlə hörülmüşdür...)
bir nöqtəyə düyülməsi hər
şeyi anidən susdurur. Elə bir şeir başlayır
ki, yuxuyla gerçəklik,
həyatla ölüm
arasından keçir,
onu doğuran nəfəs sonsuzluq stixiyası yaradır... Ölümü bu şəkildə hiss edən
şairlərin mətnləri
tam, büsbütün fərqli
mətnlərdir.
Yəni, yazmaq, anın tutulması, əslində zənn etdiyin məqamın dərinliyinə enmək,
gözləmədiyin laylar
və deməli, sirlərlə üz-üzə
gəlməkdir. Bu dörd
misranı müasir ədəbi hermenevtika çərçivəsində necə anlamalı?
2
Müasir ədəbi
hermenevtika çərçivəsində
klassik mətnlərin
şərhinə necə
yanaşmalı? Etiraf
edək ki, bu sahədə dəqiq, kateqorial bir ölçü - metod yoxdur. Klassik, ortaçağ şeirinin
təfsirində qəribə,
ilk baxışdan ciddi
elmlə bir araya sığmayan məqamlar var. Bütün
şərhçilər, həm
alim, həm də həvəskar şərhçilər
poetik mətnlərdəki
düyünləri ixtiyari
şəkildə oxumağa
girişirlər. Müəllifin
ürəyini, yoxsa, bədii mətni oxumaq dilemması ortaya xeyli suallar
çıxarır, bunun
da nəticəsində bədii
mətn bir vasitə roluna keçərək yerini onun yaxından-uzaqdan bağlı olduğu mənbələrə verir.
Doğrudur, konkret mətndəki mənaları
həmin mənbələrsiz,
onların bədii mətnə və əksinə təsirini nəzərə almadan üzə çıxarmaq
mümkün deyildir, ancaq bu təsadüfdə
dominant o mənbələr yox, bədii mətndir, onun əsrlər boyunca dəyişməsi, transformasiyası,
min-min oxucu şərhinə
şərait yaratmasıdır,
məsələ belədir
ki, müəllif bədii
mətndən ayrılan
kimi, onun müstəqil həyatı
başlayır, oxucu hissiyyatına tuş gələn kimi adıçəkilən mənbələrdən
müvəqqəti "uzaqlaşır", belə olduğu üçün
də təkcə onları məna əyarı, məna aşkarlayıcısı kimi
götürmək absurddur.
İndi qəzəl mətnlərini
şərh edən xiridarların təsviri ixtiyaridir, onların şərhdən elm düzəltmək
arzusudur, buna görə
bu şərhlər ədəbi/filoloji deyildir. Ədəbi hermenevtika şübhəsiz
ki, bədii mətnin əsaslandığı, yaxud
yazıldığı dövrdə
təsirə məruz
qaldığı üçün
qaçılmaz olan mənbələri də nəzərə alır. Bədii mətni anlamaq, həm ona qarşı öz təcrübəni tətbiq etmək, həm də ona qədər və ondan sonrakı
bütün mətnlərlə
daxili əlaqələri
analiz etməkdir. Bədii mətn bizə təkcə hansısa hissləri aşılamır, yaxud bizim hiss etdiyimiz nələrisə dolğunlaşdırmır,
həm də və ən əsası, digər mətnlərdən ona və ondan digər
mətnlərə açılan
yolu göstərir. Filoloji hermenevtika bədii mətndə bağlı mənalarla (frazeologiya...), yaxud bədii mətnin bağlı olduğu, onun mövcudluğunu şərtləndirən mənalarla
işləyir. Ədəbi
hermenevtika eyni zamanda bir dildə
yaranan bədii mətnlərə hopmuş
insan və filoloji təcrübəni
öyrənir. Başqa
sözlə, mədəniyyət
kateqoriyalarının bədii
mətndə təcəssümünü
araşdırır. Bu gün
yaranan mətnlərdə,
şübhəsiz ki, keçmişin,
keçmişdən dolğunlaşa-dolğunlaşa
gələn mətnlərin
izləri yaşayır
və onlar xarakter etibarıyla müasirdir, modern mətnin
üst qatında yox, "zirzəmisində"
fəaliyyət göstərir
(yeri gəlmişkən,
Səməd Vurğunun
yuxarıdakı misralarına
da həm də elə keçmişdən
yığılan, duyğu-duyğu
toplanan, çarpazlaşan
ənənə modeli
kimi baxmaq olar...), bədii mətnin oxucuya açıq olan layları, oxu, anlama səviyyələri
və zirzəmisi var,
bu sonuncu qat modern mətnin sərhədlərindən
kənardakı gerçəkliyə
doğru bir bağlantıdır və
bu bağlantı heç də birtərəfli deyildir, ən gözəl müasir mətnlər də klassik poetik mətnlərlə təmasdadır, onlardan aldığı enerjini 1)
müasir dilə çevirir, 2) ondan təsirləndiyini danır,
klassik mətnin deyil, yeni, modern estetikanın
işarələrini önə
çıxarır, əslinə
baxanda, modern şeir texnikası, yeni dünyaduyumuna
əsaslanan estetik platforma da klassik bədii mətnlərlə
ikili münasibətdə
olur, bəzən bu münasibətlər o qədər sıx və doymuş məhlul halında olur ki, modern mətn klassik bədii mətnin surətinin çıxarılması təsiri
bağışlayır. Klassik
poetik mətnlərdə
şübhəsiz ki, bugünkü
estetik prinsiplər doğrultusunda heç bir təfsirə yatmayan, izahı müşkül olan parçalar da var. Bədii
mətnlərin ana dilinin
poetika müstəvisində
düzgün yerləşdirilməsi
bəzi sualları cavablandıra bilir. Modern mətnlər bu izahı müşkül parçalara izah verir, ümumi poetik xəritədə mətn yalnız digər mətnlərlə
izah olunur. Jak Derridanın dediyi kimi, bir bədii
mətn başqa bir mətnə ön söz kimi anlaşılmalıdır.
Burada iyerarxiya, semantik müəyyənlik
mənalarla oyun stixiyasına əsaslanır.
Ədəbi hermenevtika,
həm klassik poeziya, həm də modern ədəbiyyatda
mənalarla oyunun mexanizmini araşdırlr, onların, bu iki istiqamətin bir-birinə bağlanma və bir-birindən qopma məqamlarını fərqləndirir. Ədəbi
hermenevtikanın qənaətincə,
bədii mətn quruculuğunda əsas olan mənayaratma kateqoriyasıdır və
bu həm real, rasional, həm də irrasional əsaslara söykənir.
Bədii mətnin metafizik ölçüsü
bir sıra bir-birinə bağlı, bir-birini doğuran və üstələyən
oxlardan ibarətdir. Hansı mətn ki birbaşa, həm də dərin təfsirə ehtiyac duymayan fikirlə sonuclanır, o mətndə
məna axtarmağa, başqa sözlə, ədəbi arxeologiyaya zərurət yoxdur. Bir fikirlə çərçivələnən
mətn bədii deyil, sxematikdir və mətndəki texniki göstəricilər
də o fikrin konturlarını göstərməyə
hesablanır.
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.
– 2023. – 2 dekabr, ¹ 46. – S. 22.