Ad günü
Ömərə
Elə sevinirdi,
elə sevinirdi, sanasan, alçaq dağların behini indicənə verib. Özü ilə qürrələndiyini hər
yolla göstərmək
istəyirdi; gah qızını
qucağına alıb
banketin o baş-bu başına oynaya-oynaya gedir, gah Aybənizin boynunu qucaqlayıb rəqs edir, gah da ki qarşısına çıxan
qohum-qonşulara elə
şərait yaradırdı,
dayanıb məclis üçün ona təşəkkür etsinlər.
Dak-dak-dak-dak-dak...
Masalara bircə-bircə
yaxınlaşıb hamı
ilə salamlaşır,
hərəsi ilə əlli-əlli atışdırırdı.
Başının-beyninin dumanlandığını
hiss eləyib bənövşəyi
örtüklü stollardan
yapışa-yapışa özünü
fəxri kürsüyə
yetirdi, qızını
qucaqlayıb öpmək
istəyəndə Kamal kişi
qolundan tutub onu oturduğu masaya sarı çəkdi.
- Ə, ay cavan oğlan, - ofisianta işarə elədi, - tez adama bir
əlli süz, bu kişiylə vuracam, - Seymur kostyumunun yaxasını düzəldə-düzəldə atasının ən yaxın dostu Kamal kişi ilə qabaq-qənşər oturdu.
Kamal kişi səs-küyü
vecinə almadan ayağa qalxdı:
- Seymur, - Seymur çeynədiyi tikəni tələsik uddu.
- Ay can, əmi!
- Seymur, sən... mərd... igid... cannara dəyən...
Dak-dak-dak-dak-dak...
Yarıyuxulu vəziyyətdə
yerində o yan-bu yana qurcuxub təzədən
yatmaq istəsə də, alınmadı.
Dak-dak-dak-dak-dak...
Aybəniz idi, həyat yoldaşı. Yataq otağına bitişik balaca mətbəxkimidə səhər
yeməyi hazırlayırdı.
Səhər yeməyi
deyəndə ki, pomidor-yumurta;
Seymur üçün
dünyanın ən ali neməti. Pomidor-yumurtaya bu qədər aşiq olmasının tarixçəsi
isə nənəsi ilə bağlı idi. Gülayə nənənin bişirdiyi pomidor-yumurtanın, deyərdin,
dünyada tayı-bərabər
yox idi. "Dünya" demiş, bu otuz altı
illik ömründə
bircə dəfə sərhəddən o yana adlayan Seymur nə illah elədisə,
qaldıqları hoteldə
pomidor-yumurta tapa bilmədi.
Kombinatdan Gürcüstana
bir günlük təlimə aparmışdılar.
Səhəri eləcə
pendir-çörəklə yola verdi deyə,
heç o təcrübə
günündə nə
baş verdi, kim kimə nəyi
göstərdi, nəyi
öyrətdi, yadında
qalmadı. Bircə o yadındadır ki, ayağı
Bakıya dəyər-dəyməz
özünü qabağına
çıxan birinci kafeyə yetirmişdi.
Yataqdan qalxıb
ayağını sürütləyə-sürütləyə
divarın küncünə
qoyulmuş stula, - əslində o stul Seymurun yeganə çöl-bayır paltarı
olan mavi cızıqlı köynək
və qara dama-dama şalvar üçün oraya təhkim edilmişdi, - çatdı. Bir gözü
açıq, bir gözü yumulu şalvarı götürdü,
bir ayağını keçirmişdi ki, birdən
ayıldı.
Dak-dak-dak-dak-dak...
Şalvarı əlindən
buraxıb bir ayağına keçirilmiş
vəziyyətdə təzədən
ayaqlarını sürütləyə-sürütləyə
güzgünün qarşısına
gəldi. Yavaş-yavaş
yuxusunu xatırlayıb
bic-bic gülümsədi.
Necə də xoşbəxt idilər, ilahi! Nurayın gözləri par-par parıldayırdı,
Aybəniz banketi elə gəzirdi, elə gəzirdi, elə bil ölkənin
birinci də olmasa, heç olmasa, ikinci xanımıdır. Özü
də ki qayğıkeş,
zəhmətkeş ata!
Kamal kişi necə deyirdi? Mərd, igid, canlara dəyən!..
Şalvar-köynəyini geyinib güzgünün qənşərində
yerini rahatladı. Saçına yüngülvari
əl gəzdirdi. Darağı tapmadı, güman ki, Nuray "Barbi"sininin saçını
daramaq üçün
götürmüşdü. Köynəyinin yaxasını
dikləşdirib əzələli
bədənini şişirtdi.
- Nuraya bir ad günü edəcəm ki, gəl görəsən! - dodaqaltı
pıçıldadı.
Dak-dak-dak-dak-dak...
Yataq otağından mətbəxkimiyə açılan
pəncərədən boylanıb
Aybənizə göz
yetirdi, başı qarışıq idi, hətta, deyəsən, zümzümə edirdi.
- Ona elə bir ad günü edəcəm ki, bütün
nəsil-nəcabət bir
ay ondan danışacaq.
Hamını da çağırıb
tökəcəm ora,
Maisdən tutmuş, Qafargilə qədər, hamını! - öz dedikləri o qədər xoşuna gəldi ki, hələ bir təsdiq eləməkdən
də çəkinmədi,
- bəli!
Köynək elə bil bir az
ütüsüz görünürdü,
amma bu o qədər də gözə çarpmırdı.
Həm də günah özündə idi. Aybəniz min dəfə deyib ki, əvvəl şalvarı,
sonra köynəyi stulun başına keçirmək lazımdır.
Görünür, bu dəfə də sıralamanı pozubmuş.
- Restoranlardan biri ilə elə
şərtləşmək olar ki, əvvəldən beh-zad söhbəti olmasın. Qardaş, məclis oldu, bitdi, vəssalam da, pul səndədir, qaçası deyilik ki! - öz ideyası o qədər ağlına batmışdı ki, az qalırdı, telefonu götürüb qohum-əqrəbanı
indidən çağırsın.
- Yemək hazırdı, gəlirsən?
- dakkıltı kəsilmişdi.
- Bu gün bu qara lələşin
söhbəti həll
eləsin, sən də bax! - deyib güzgüdə özünə göz vurdu və cəmi
ikicə addıma balaca mətbəxkimidə
qara, - nə vaxtsa, onun da altı yapışmayan olub, - tavada pomidor-yumurta, bir fincan çay və çörək qoyulmuş masanın önünü kəsdirdi.
- Sən yemirsən? - cavab gözləmədən pomidor-yumurtaya
elə girişdi ki, üçcə dəqiqənin
içində bitirdi.
Aybənizin pomidor-yumurtanı
görməyə gözü
yox idi. Ona görə də bu sualın cavabsız qalması heç birini narahat eləmədi.
- Nuraya ad günü keçirəcəm, - sonuncu
tikə ilə tavanın dibini sıyıra-sıyıra dedi,
həm də bunu elə tərzdə
dedi ki, elə bil hər şeyi
danışıb-bitişib hazırdır, bircə qalıb Nuray üçün paltar seçmək. Seymur Aybənizdən reaksiya gəlmədiyini görüb
arxaya qanrıldı. Aybəniz üzünü
əllərinin içində
gizlətmişdi, çiyinləri
atılıb-düşürdü. Amma bu onu sındırmadı,
əksinə, daha da alovlandırdı:
- And ola Allaha, ona bir ad günü
edəcəm ki...
- Nəynən,
ay Seymur, - Aybəniz əlindəkiləri masanın
üstünə qoyub
onunla üzbəüz
oturdu, Seymurun zarafat eləmədiyinin fərqində idi, - nəynən?
- Necə yəni nəynən? Dədəsi deyiləm? Canım çıxacaq edəcəm. İmkan vermərəm ki, sənin
o genələ-genələ gəzən, ağzından
da it iyi gələn dayın oğlu var ha, o...
Aybəniz fikrini tamamlamağa qoymadı.
- Seymur, sən göyə çıxsan da, yerə girsən də, o, qızın atasıdır,
- bunu deməyi ilə peşman olmağı bir oldu, ona görə
də tezbazar masadakıları yığıb
uzaqlaşmaq istədi,
Seymur imkan vermədi.
- Ay qız, kimdir qızın atası? - qolundan yapışdı, - mən,
ya o? - Aybəniz Seymurun əlindən çıxıb özünü
ömrünü başa
vurmuş mətbəx
mebelinə oxşayan,
- sözün düzü,
heç oxşamırdı,
- taxçaya yetirdi, əlindəkiləri əlüzyuyanın
içinə boşaltdı.
- Səninləyəm
e! - Seymur səsini qaldırdı, - mən, ya o? İldə bir dəfə - o da ad günündən-ad gününə
dədən Mirabbas boyda ayı kuklası alanda, ad günü edəndə olurlar ata?
Aybəniz dinmirdi.
Əvəzində, bu
məsələni açmasaydı,
söhbətin hansı
məcrada davam edəcəyini düşünürdü.
- Mən ona sözümü demişəm, - səsinin
tonunu bir xeyli aşağı salan Seymur, görünür,
sakitləşmişdi, - ofisində,
o yekəməməş madmazeli
də yanında idi, o da Allah şahidi, - başını bulayıb
dodağını dişlədi,
- əstəğfürullah, belə şahidi Allah kəssin! Dedim ki, sən bir də
mənim qızıma
ad günü hədiyyəsimi deyim, ya nə bilim,
dəm-dəstgahlı ad
günümü deyim,
fərqi yoxdur, eləsən, məndən
incimə!..
- Nədir ki fikrin? - Aybəniz boğuq səslə soruşdu. Bu səsdən
sonra üzr istəməsə də, olardı.
- Eləyəndə
görəcəksən... - Seymur bayaqdan bəri tavanın ortasında ölüm növbəsini gözləyən
sonuncu tikəni də götürüb ağzına atdı, çeynəyə-çeynəyə:
- Nuray nənəsigildən sabah
gəlir?
- Hə, - Aybəniz qab-qacaqla məşğul ola-ola cavab
verdi, - atam gətirəcək...
Seymurla Aybənizin
düz beş il uşaqları olmadı. O
həkim sənin, bu həkim mənim,
belə-belə gəzmədikləri
qapı, getmədikləri
ocaq, ziyarət eləmədikləri pir qalmadı. Dedilər, İsraildə müalicəsi
var, ona isə imkan nə gəzir?
Bütün həkimlərin
də dilindən dua kimi eyni
diaqnoz çıxırdı:
Seymurun toxum faizləri aşağıdır.
Sonra həkimlər izah
eləmişdi: yəni
toxum faizinin aşağı olması
o deməkdir ki, hərəkətsiz
olurlar. Bu hərəkətsizlik
isə mayalanmaya mane olur. Seymur
bir il razılaşmadı,
iki il razılaşmadı,
axırı başa düşdü ki, bu toxumlardan bir şey çıxan deyil. Ondan sonra
toxum anlayışı
ilə oldu qanlı düşmən.
Hətta o dərəcədə
ki, az qala, ana südü qədər doğması olan pomidor-yumurtada pomidorun toxumlarına gözü sataşan kimi, vəssalam, öldürsən,
yeməzdi. Ona görə
də Aybəniz məcburən pomidor-yumurtanın
toxumlarını da əzib
itirirdi və Seymur hər səhər zəngli saat kimi həmin
dakkıltı səsinə
oyanırdı.
Xülasə, çar-naçar
bu tale ilə barışan cütlük
bir də Aybənizin dayısı oğlu Hafizin dördüncü qızı
doğulanda sevindilər.
Hafizin üç qızdan sonra dördüncünü görməyə
gözü yox idi. Boşanmağı kişilikdən saymayan
Hafiz abortu isə günah qılırdı.
Ona görə də nəsil-nəcabətin ağsaqqal-ağbirçəkləri
sözü bir yerə qoyub qərara gəldilər
ki, Allahın verdiyi paydır, madam bu paydan sizdə üç dənədir,
qoy biri də Seymurgildə olsun. Uşağı xəstəxanadan qucağında
özü çıxarmışdı
Seymur. Hələ pilləkənləri düşüncə
arxaya çevrilib xəstəxananın "Doğum
evi" yazılan lövhəsinə elə
baxdı, deməzsən
ki, illərdir, toxum deyə-deyə qapı-qapı
gəzən budur.
Doğum evindən
körpəni çıxarıb
Bakıda illərlə
qapısında növbə
gözlədiyi xəstəxanaların
qarşısından bircə-bircə
siqnal verə-verə keçməsi isə Seymurun beş ildən sonra bütün tibb elmindən aldığı
qisas idi.
Seymur kombinatda
işləyirdi, heykəl
tökürdü. Yaxşı
əl qabiliyyəti olsa da, gərək ki iş ola. Ona görə də hər nə qədər dişi ilə, dırnağı ilə əlləşib birtəhər
ailəsinin çulunu
sudan çıxarsa
da, bircəcik qızının
ad günlərində
Hafizin: "Yaxşı
bir banket bağlatdırmışam
- Nurayın ad günü üçün",
- təklifinə "yox"
deyə bilmirdi. Düz üç ildir, arını-abrını
heçə sayıb
həmin məclislərdə
sıradan bir qonaq kimi qol-qanad
açıb oynayır,
tamadanın: "Qızımızın
atası gəlsin",
- sözlərini eşitməzdən
gəlməyi özünə
sığışdırır və ən nəhayət, Hafizin restoranın çıxışında
it iyi gələn ağzını Seymurun qulağına dirəyib:
"Hesabı ödədim,
narahat olma", - deməsinə dözürdü.
Amma neçə gündür,
başını-beynini didik-didik
edən fikirlərin cəm olub yuxusuna
pənah gətirməsi
ilə Seymurun ağlı tamam qarışmışdı: Nuraya
ad gününü özü keçirəcəkdi.
Məhəllədən çıxar-çıxmaz,
ağlına ilk gələn
Elçin oldu, uşaqlıq dostu. Elçinlə bir yerdə böyümüş,
bir yerdə oxumuşdular. Amma sonralar bəxt Elçinin üzünə güldü,
oxumadı. Əmisi ilə Rusiyaya getdi, beş ilə bütün borc-xərcini bağlayıb
yaxşı pulla qayıtdı. Hələ
də o pulun hesabına açdığı
çayxananı işlədir,
əməlli-başlı dolanırdı.
Seymurun planı,
əvvəlcə, Elçinin
ağlına batmadı.
- Ə Murad, tez adama bir pürrəngi,
- deyib stulu çəkdi, adəti üzrə, əllərini
boynunun arxasında çataqladı, stulun qabaq ayaqlarını havaya qaldırıb irəli-geri yellənməyə
başladı. Bu, Elçinin
ən yaxşı düşünmə forması
idi, məktəb vaxtından vərdiş eləmişdi. Elçin hər dəfə stulu irəli-geri yellədikcə Seymur da onunla bərabər irəli-geri yellənir, ondan nəsə yaxşı fikir çıxacağına ümid
edirdi. Amma olmadı.
- Yox! - deyən Elçin Muradın masaya yaxınlaşdığını görüb əli ilə onu tələsdirdi,
- heç kəs sənə behsiz restoran verməz, - armudu stəkanı havada qapdı, iki dərin qurtum alıb masaya qoydu, - min dəfə demişəm
ki, mənə çayı
çappada ver!
- Niyə ki? - Seymur əlinin arxası ilə özü tərəfdə
olan armudu stəkanı da Elçinə
tərəf itələdi,
- atıb qaçası
deyilik ki? - sonuncu cümləsinin yersiz olduğunu özü də başa düşüb məyus oldu.
Elçin Muradın
gətirdiyi çappa
stəkanı ehmallıca
masaya qoyub, Seymura da çayını
içməsini işarə
elədi:
- Yox, məsələ atıb qaçmaqda deyil ki... A kişi, belə şeylərdə inam, etibar-zad boş şeydir, - yenə əli ilə Murada işarə elədi, - aç o qapını, istidir.
Seymur dinməz-söyləməz
baxırdı. Çayı
soyuyurdu.
- Məsələn...
nədir o Cəmilin yeznəsinin işlətdiyi
restoran? - bir qədər düşündü,
stulun qabaq ayaqlarını qaldırmışdı
ki, qışqırdı, - "Qönçə"! - adı
bu qədər tez tapmasına sevindi, - yaxşı işləyən restorandır,
tutaq ki, banketini behsiz-zadsız verdi sənə, hə? Yaxşı bəs niyə? Niyə versin? Sən kimsən ki? - kobudluq elədiyinin fərqinə
varsa da, özünü
o yerə qoymadı, heç bu, Seymurun da o qədər vecinə deyildi, - amma deyim ki, Hafizə verdi, onda heç bu sual da yaranmayacaq.
Seymur hələ
də susurdu. Axırı boğazının
quruduğunu hiss elədi,
ilıq çaydan yarım qurtum alıb əllərini qoynunda birləşdirdi. Üzündə yenə də iki daşın
arasında söhbətdə
Hafizin adının hallanmasının kədəri
var idi.
- İndi neyniyək,
Hafizdən artıq kişi deyilik də?..
- könülsüz-könülsüz dilləndi.
- Yox, əşi! - Elçin səsini qaldırdı, -
Hafiz niyə səndən
artıq kişi olur ki? - elə bil bayaqkı kobudluğunun üzrxahlığını
eləməkdən ötrü
nəsə fikirləşirdi,
- sadəcə... - əlini
bir qədər yuxarı qaldırıb baş və şəhadət barmaqlarını
bir-birinə sürtdü,
- denqi, denqi!
- Bəs Məlik? - Seymur stəkanı yarıladı.
- Yox, adə, Məlikdə o dal
nə gəzir?! - Elçin pıqqıldadı,
- qaynatasınındır o restoran, and ola Allaha, az qala, hər
həftə hesabat aparır. Zəmanə o deyil e, lələş, - bir az susdu,
- gəl, belə edək... - stulu irəli çəkdi, -
Murad, çayları təzələ.
Seymur ürəklənib
çayı axıracan
içdi.
- Yaxşı dəmdir, - söz xətrinə olsa da, dilləndi, dirsəklərini
masada cütləşdirib
çənəsinə dayadı.
- Ad günü nə vaxtdır? - Elçin müstəntiq ədası ilə soruşdu.
- Birisigün...
- Vəssalam. Bura
neçə adam yerləşər? - əli
ilə boyaboy oturduqları çayxananı
göstərdi.
Seymur bir qədər tutuldu.
- Bura?.. - deyib elə öz təəccübünün
arxası ilə düşüb içəri
göz gəzdirdi.
Rahat on beş ildir, işləyən çayxananın
daşı-divarı samovar-siqaret tüstüsündən,
buxardan bomboz bozarmışdı. Dörd
pəncərənin birini
Elçin kartonla bağlamışdı. Üzbəüz
yerdə qadın salonu vardı, işçilərin narazılığından
sonra o pəncərənin
bağlanması məsləhət
bilinmişdi. Digər
üç pəncərə
üçün də
o qədər də xoş söz demək olmurdu. Stollara da baxanda bilinirdi ki, ən azı, altı-yeddi ilin malıdır. Bircə çilçıraqlar
normal idi. Deyəsən,
təzə dəyişilmişdi.
- Bura?.. - Seymur sualı öz-özünə təkrarlaya-təkralaya
əllərini belinə
qoyub masanın ətrafında dolandı.
Çayxananın içərisini
o baş-bu baş fırlanıb təzədən
Elçinlə üzbəüz
oturdu.
- Burada eləmək olar ki? - gözlənilməz təklif
hələ də ağlına batmırdı.
- Əşi, niyə olmur ki? - Elçin canıyananlıq
elədi, - Murad, bir dəftər, bir qələm, - Murad yerindən
tərpənməmiş, onu
tələsdirdi, - bir
az tez elə.
Hövsələsi o qədər
daraldı ki, özü
mətbəxə keçdi.
İki dəqiqə keçməmiş vərəqləri
qopmuş, üz qabığı yazıq-yuzuq
olan dəftər və qələmlə qayıtdı.
- Sənin maksimum nə qədər adamın olar? - gələ-gələ
soruşdu.
Seymur bu sualı gözləmirdi.
Bir qədər düşündü:
- Haradasa... -
samovar üçün odun
çilikləyən Murada
baxıb təzədən
vaxt qazanmağa çalışdı, - təxmini...
- Əlli olar? - Elçin tələsik soruşdu.
- Olar, - Seymur cavabı verib arxayınlaşdı.
- Vəssalam. Düz on iki stolum var, hərəsində
dörd nəfərdən
qırx səkkiz adam edir. Sənlə
mən oturmasaq da, olar, - şaqqanaq çəkib güldü,
- çayı özüm
süzüm? - Murada acıqlandı.
- Yer çatmasa, bayırda da üç-dörd stolluq yerimiz var, - Murad çilikləri
balaca, qulpsuz vedrəyə yığa-yığa
dilləndi.
- Hə, ay sağ ol! - Elçin dərhal razılaşdı, - Mais,
Həmid, Teymur, hərəsinin də bir arvadı. Sonra? Ənvərlə danışırsan?
Seymur yenə
də gözlənilməz
sualın qarşısında
aciz qaldı:
- Yox... Sonra...
Malik. Əvvəlki iş
yoldaşım. O təkdir,
- tezbazar əlavə elədi.
Seymur adları
dedikcə, Elçin dəftərdə stolları
çəkib adamların
adlarını qeyd edirdi.
- Sonra?
- Qayınatamgil!
- növbəti sualı
da cavabsız qoymamasına
sevindi.
- Əla, onlar da üç nəfər. Sonra? Bəs
Hafiz?
Hafizin adını
eşitməyi ilə
Seymurun suya-buza dönməyi, bütün
əhvalının korlanması
bir oldu. Hafiz onun üçün ən lazımsız qonaq, ən mənasız söhbət,
ən arzuolunmaz xəbər idi. Könülsüz formada təzədən masadan qalxıb küncdə üst-üstə yığılmış
plastik stollara yaxınlaşdı. Stolların
ayaqlarındakı çatın
içinə yığılmış
kirə, toz-torpağa
toxundu, əli ilə stolları yoxladı, ardından üzünü Elçinə
tutdu:
- Yox, - bir qədər ara verdi, - Hafiz bura gəlməz, - o qədər astadan dedi ki, Elçinin eşidəcəyinə heç
inanmadı.
- Əşi, gəlmir, cəhənnəmə
gəlsin! - Elçin
səsini qaldırdı,
- məclis sahibi sən deyilsən?
Seymur dillənmədi.
Əvəzində Elçin
Murada çayxanadakı
stol-stulu təcili silib təmizləməyi tapşırdı.
- Say gör, neçə stol-stuldur, - çilikləri vedrəyə
yığan Murad tezbazar
işə qoyuldu. Elçin isə çayxananın o baş-bu
başına gedir, əyri-əskiklər haqqında
nəsə, qeydlər
aparırdı. Axırı
işini yekunlaşdıraraq
samovarın yanında
boynunu büküb dayanan Seymura yaxınlaşdı.
- Dörd pəncərə şüşəsi,
üç emulsiya, altı işıq fənəri, bir də... - Seymurun təəccübləndiyini görüb
izah elədi, - içəri yüngülvari
əl gəzdirmək
lazımdır. Etməsək
də, olar, amma baxma da... - bir az qab-qacaq
da lazım olacaq, - Seymur dinmirdi, - bir də qapının
ağzına yüngülvari
beton... narahat olma e, lazım olan şey-şüyü
"optavoy"dan götürərik,
məclisdən sonra həll eləmək olar da!..
- Nə bilim, nəsə, başıma batmır, - Seymur samovarın qaynadığını görüb
dütkeşi götürdü.
- Əşi, sənin də başın batmasın, yazıqsan, - dütkeşi
onun əlindən alıb qapının içəri açılan
üzünə söykədi,
- bir az diri ol, sən
canın. Vaxt gedir.
- Hafizin keçən il bağlatdırdığı
restoran yadında? - Seymur qorxa-qorxa soruşdu.
- Yox, yadımda deyil, - Elçin köksünü
ötürdü, - çağırmamışdın
ki... - bir az ara verdi, bu
ara hələ də incik olduğunu
Seymurun dərk eləməsi üçün
idi, amma indi Seymur o hayda
deyildi, - sorağını
eşitmişik.
Seymur qızardı,
dinməz-söyləməz başını aşağı
salıb fikrə getdi.
Cəmi yarım
saat sonra çayxana banket vəziyyətinə
gətirilmişdi. Stolları
üç ayrı cərgədə düzən
Elçin bu möhtəşəm ideyasına
bir də kənardan baxıb özü-özünü alqışladı.
- Canım üçün, əladır,
- əmisi onun üçün klounları
da təşkil edəcək.
- Kimi? - Seymur eləcə sual xətrinə soruşdu. Elçin, görünür,
bu sualı gözləmirdi:
- Əş, nə bilim, o qədərdilər ki, taparıq,
məclisdən sonra həll edərik də...
Seymur ayağa
qalxıb içəridə
bir də o baş-bu baş hərələndi, kartonla
örtülmüş pəncərənin
qarşısında dayandı.
Karton bir neçə yerdən barmaq sığacaq böyüklükdə deşilmişdi.
- Gərək evdəkilərlə də
məsləhətləşim, - amma bu təklifi
Aybənizə demək
fikri yox idi, sadəcə, hələlik, Elçini razı salmaq üçün ən ağıllı variant bu idi.
- Əşi, arvadlarınkı bir-birinin
bəhsinə girməkdir,
- Elçin ən sonuncu kozırlarını
istifadə edirdi, - yenə də sən bilərsən, - bir az narazı
halda davam elədi, - ədə, stol-stulu qaytar, yığ yerinə, - Murada işarə elədi, - müəllimin
könlüncə deyil
bura!..
Seymur heç
nə demədi, dinməz-söyləməz çayxanadan
çıxıb, əsas
yola doğru uzanan dar, çınqıllı
yolla gedə-gedə bu fikrin haradan
və necə ağlına gəlməsi
haqqında düşünürdü.
Elçinin isə giley-güzarı kəsilmirdi.
- Müəllim qızına ad gününü "Şahzadə"
restoranında eləyən
adamdır, buranı niyə bəyənsin ki?
***
Klounlardan birtəhər
yaxasını qurtarıb
Aybənizin boynunu qucaqladı.
- Demişdimmi? - gülə-gülə qulağına
pıçıldadı. Aybəniz
heç nə demədi, amma elə baxdı ki, bu, Seymur üçün
"Sən dünyanın
ən yaxşı kişisisən" demək
idi.
İndi isə məclisin ən həyəcanlı məqamı
gəlib çatmışdı:
tort kəsəcəkdilər. Nuray və balaca
uşaqlar banketin iri qapılarının taybatay açılması
və zala üçmərtəbəli tortun
daxil olması ilə bir-birlərinə qarışdılar...
Dak-dak-dak-dak-dak...
Gözünü açıb
bir müddət, eləcə, tavana zillədi. Aybəniz idi, yataq otağına
bitişik, balaca mətbəxkimidə səhər
yeməyi hazırlayırdı:
pomidor-yumurta.
Birdən telefonun
zəng səsi eşidildi. İki çağırışdan sonra
Aybənizin səsi gəldi:
- Hə, Hafiz...
Seymur eləcə
dinməz-söyləməz tavana zillənmişdi.
- Hə, hə... Bilirəm, başa düşürəm.
Dak-dak-dak-dak-dak...
- Yox, dünən evə gec gəldi, danışa bilmədik, amma bilirsən də, qəbul edən deyil... Nuray bu gün
gəlir. Yəqin, özü bir şey fikirləşər...
Nə bilim? Yenə də sağ ol...
Zəng kəsildi.
Dak-dak-dak-dak-dak...
Seymur yataqdan qalxıb şalvar-köynəyini
geyindi. Güzgünün
qarşısında bir
xeyli qurdalandıqdan sonra saçına əl gəzdirdi. Daraq yenə də yox idi.
Güman ki, Nuray özü ilə babasıgilə aparmışdı.
Nihat Pir
Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr,
¹ 46. – S. 26 - 27.