Axşam qatarı

 

Ömür axşam qatarına bənzəyir.

 

                                       Müəllif

Üzü qaranlığa qəribsəyərsən,

Adamı çoxalıb, sıxılır şəhər.

Bu qatar haracan gedir görəsən,

Yolu tanıyırmı içindəkilər?!

 

Axşamdan səhərə bir qarış yoldu,

Günün təkəri var, ayın qanadı.

Çox zaman doğrumuz aldanış oldu,

Bəs niyə sabaha qurduq saatı?!

 

Qəmin tünlüyündə axşama düşdük,

Batdı qaranlığa o yol, bu dəniz.

Zamanın səsini eşitməmişdik,

Tələsən ömürdə qatardayıq biz.

 

Günlər tez keçir, pozulur mizan,

Arzular - yarımçıq boğulan bahar.

Çatdıra bilməyir taleyi yazan,

Uçurur qatarı dayanacaqlar.

 

Axşam qatarıdı ömür, deyəsən,         

Yağışa da düşür, qara da düşür.

Görünməz dərdlərin keçib içindən

Bilmədik, görəsən, kim harda düşür?!

 

Dünya günah qapısıdı

 

Köhnə dostdu - bu köhnə dam,

Əl eləyir səhər-axşam.

Qürbətə yol tutan adam

Bir ovuc torpaq götürür.

 

Güzgüdü yağış damlası,

Bulud - sükutun çalması.

Gələn payızın imzasın -

Bir sarı yarpaq götürür.

 

Bu yanğılı mizrab tarın,

Can, dustağı gedən yarın.

Sübhə kimi sənətkarın

Yuxusun çıraq götürür.

 

söz qolazla, çevir,

Səsini bir az isindir.

Böyüklər kağız pul sevir,

Qəpiyi uşaq götürür.

 

bu bağın yaxasını,

Qınama gül oğrusunu.

Birdən canın ağrısını

Yüzəlli araq götürür.

 

Göylər yerin qafasıdı,

Həsrət-qüssə topasıdı.

Dünya - günah qapısıdı,

Hərə bir qucaq götürür.

 

İsti şeir

 

Əllərini ver, aparım,

bir az qızdırım, gətirim.

Yüzbir ilin həsrətini

yola yazdırım, gətirim.

 

Gözündə yağış havası,

İçində qərib duası.

Açıqdı qəlbin qapısı,

canı üzdürüm, gətirim.

 

Zalım eşqin sirri bizim,

səbri gendi səbrimizin.

Unutduğum sevgimizin

Təzə düsturun gətirim.

 

Gün çıxmamış şər qarışır,

qəm oxşanır, sükut daşır.

Gözlərini mənə tapşır,

öpüm, gəzdirim, gətirim.

 

Keçmədi

 

Hər şey vaxtın əlindədi,

Heç nəyin vaxtı keçmədi.

Pıçıltısı yarpaq olan

Küləyin vaxtı keçmədi.

 

Qoşa güzgüdü al yanaq,

Duyğular quş, xəyal qonaq.

Saçı çiçək, sinəsi bağ,

Mələyin vaxtı keçmədi.

 

Dəniz güzgü tutar Aya,

Axan bulud taya-taya.

Qəfil sancılı dünyaya

Gəlməyin vaxtı keçmədi.

 

Tər gülüşlər solanacan,

Canda hənir qalanacan,

Quru torpaq olanacan,

Sevməyin vaxtı keçmədi.

 

Melodiya

 

Günəş qürubdadır, torpaq mürgüdə,

uzaqda dağların boz görüntüsü.

Bulud gözəldi "bəyaz hörgüdə",

bir qız yerişidi ay gəzintisi.

 

Bu çayın səsində neçə nağıl var,

bu cığır o yolun görüşündədi.

Bir az bərk danışsan, nizam pozular,

təbiət bir xəyal yerişindədi.

 

Uzaqdan bir qüssə dumanı gəlir,

bir səs sükunəti kəsib, əridir.

Dünyanın üstünə bir axşam enir,

səhərlər - axşamın xatirəsidir.

 

Pıçıltı ələnir çılpaq budaqdan,

xırda yuvalarda quşlar sarı sim.

Mahnı dinləyirəm durub bayaqdan,

görən, bu nəğmənin bəstəkarı kim?!

 

Arabir işıqlar közərir tək-tək,

yuxuya çəkəcək dünyanı axşam,

Bir günün seyrindən doymayıb ürək,

sabahın yolunun üstdə durmuşam.

 

Səssiz telefon

 

Susan adam səssiz telefon kimidi.

 

                                         Müəllif

Bir lal telefonam, bir susqun otaq,

Səsi qulaq dələr ayaqlarımın.

külək inləyir, günəş oyaq,

Yiyəsi deyiləm dodaqlarımın.

 

Gözlərim seyrində səmanın, yerin,

Yollar yetimləyib, gələsi kimdi?!

Düşüb arxasınca bu qəmli şeirin

Özümdən xəbərsiz köləsi kimdi?!

 

Pıçıltı gəzirəm ruhum alışa,

Təpəni dağ biləm, dərəni qala.

Üzümü söykəyib soyuq bir daşa,

Adamtək bağrıma basdım az qala.

 

Göy yerin üstündə dərin bir dəniz,

Yer göyün əlində kədərli sahil.

Çox zaman sükuta can atırıq biz,

Təbəssüm hər qəlbin ağası deyil.

 

Səssizə düşmüşəm telefon kimi,

məni duyan var, mən duyduğum.

Bir kimsə duymadı bəlkə zəngimi,

Bir səssiz nəğməymiş mən oxuduğum.

 

Rizvan Nəsiboğlu

Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr, ¹ 46. – S. 31.