"Sən dərdə aşiqsən, dərd sənə aşiq"
Öldüm dekabrda, öldüm iyulda,
Mart da, noyabr da, fevral da həmin.
İlin hər həftəsi, ilin hər ayı
ölüm tarixidi Ramiz Kərəmin.
Bu "ölümsaçan" misraların müəllifi Ramiz Kərəm idi. 1961-ci ildə, dekabr ayında Gədəbəyin Ataxal kəndində dünyaya gələn, 2019-cu ildə Bakıda, dekabr ayında koronadan vəfat edən Ramiz Kərəm oğlu Ələkbərli hələ sağlığında bir neçə şeirində ölümdən söz açmışdı. Şairlərin hələ sağ ikən, "o dünyaya səyahəti" heç də təəccüblü qarşılanmayıb, Ölüm də Yaşamaq kimi onları düşündürüb və bu düşüncələr nə qədər pessimizm doğursa da, gələcəyə (əslində, gedəcəyə) bir körpü idi. Xatırlayıram, Əli Kərimin bu misralarını: "O, dünyada yox imiş, Gördüyüm kəs yuxuymuş... Ağlama, könlüm, kiri... Bu adda, bu nişanda, O gözəl gənc cahanda Olmayıb, olmayıb, olmayıb". İsa İsmayılzadənin bir misrası: "Gözləyin, dünyaya qayıtmağım var". Bir kimsə bu dünyadan nə vaxt köç edəcəyini bilmir. Amma Ramiz Kərəm "Mən belə yaşadım" şeirini ölümünə az qalmış yazmışdı.
Ramiz Kərəm üç şeir kitabının müəllifiydi və öz yaşıdları arasında seçilirdi. Onun mənsub olduğu ədəbi nəsil - "səksənincilər", əsasən, Əkrəm Əylislinin "Azərbaycan" jurnalında baş redaktor işlədiyi illərdə tanındılar. Mən 1981-ci ildə 20 yaşlı tələbə Ramiz Kərəmin redaksiyaya gəlişini xatırlayıram. Səhv etmirəmsə, 1981-ci ilin may ayıydı, qapının ağzında məndən soruşdu ki, şeir gətirmişəm, kimə verim? O zaman şeirə Dilsuz baxırdı. Ramiz utana-utana, çəkinə-çəkinə şeirlərini Dilsuza təqdim etdi və onun iki şeiri həmin ilin iyul sayında işıq üzü gördü. Taleyimdə böyük rol oynayan "Azərbaycan" jurnalının 1980-ci ildən üzü bəri bir çox sayları kitab rəflərimdədir və Ramiz Kərəmin ilk şeirlərinin dərc edildiyi 1981-ci ilin iyul nömrəsi də...
Ramiz Kərəm şeirə hazır gəlmişdi. Hələ də mənən, ruhən Gədəbəyin dağlarından, gül-çiçəkli çöllərindən ayrıla bilməyən bir cavanın şeirləri elə o dağların saf suyu, təmiz havası kimiydi:
Yaman pis öyrətdi məni, o dağlar,
Ərköyün böyütdü
məni, o dağlar.
Sevgi istəmədim
- sevgi verdilər,
Qızların saçını
qoşa hördülər.
O kənd qızlarının qoşa
hörüyü,
Bəlkə talelərin
yolayrıcıydı.
O kənd qızlarının ürəyi,
vallah,
Məhəbbət acıydı,
sevgi acıydı.
Nə yaxşı,
hamısı sevdi, sevildi,
Birinin bulaqda səhəngi qaldı.
Birinin səsini
qəlbimə yazdım,
Qəlbimdə səsinin
ahəngi qaldı.
Payız o qızların
ümid yoluymuş,
Payızın ümidlə
əli doluymuş.
Yaman gecikirdi payızlar onda,
Durna qatarıymış
o qızlar onda.
Durnalar beləcə
köçəsi imiş,
Payız da beləcə
keçəsi imiş.
Gecənin bu vaxtı bir şair oğlan,
Beləcə əyləşib
masa başında
Payızın dərdini
çəkəsi imiş.
Əlli doqquz il
yaşadı Ramiz Kərəm,
üç şeir kitabı çapdan çıxdı. "Bütün
sevdiklərim, unutduqlarım",
"Mən sözdən
asıldım", "Sərçə
qanadında qurğuşun
yükü". Təbii
ki, şeir kitablarının
çoxluğu, ya azlığı şairi tanımaq və sevmək üçün
heç bir rol oynamır. Ramiz Kərəmin o üç
kitabında toplanan şeirlərini oxuduqca fikir məni götürdü, niyə
bu şairə sağlığında diqqət
yetirməmişik? Doğrudur,
mən vaxtilə
"Bu Ramiz Kərəm - ancaq
özünə oxşayan
şair" adlı bir resenziya yazmışdım,
amma yazı dərc edildikdən sonra hiss elədim ki, sözümü bitirə
bilməmişəm. Ramiz Kərəmin
şeirlərini təzədən
oxudum, müasir şeirimizin bugünkü
mənzərəsində onun
doğrudan da, özünəməxsus
yerini daha yetərincə anladım.
Əlbəttə, adları
eyni olan şairləri bir-birilə
müqayisə eləməzlər.
Deyim ki, Ramiz Kərəm
nə Ramiz Rövşən,
nə də Ramiz Qusarçaylı kimi məşhur deyildi. Amma o iki Ramiz kimi, bu Ramiz də tamam fərqli bir şair idi,
başlıcası, o iki
Ramiz kimi, bu Ramiz də İstedadlı idi.
"İstedad"
kəlməsini işlətdim,
dahi Füzulinin bu kəlamını xatırladım: "Ver sözə
ehya ki..." Ramiz Kərəm
Sözə dirilik verməyə, onu adilikdən qeyri-adiliyə
aparmağa can atan şairlərdəndi və
onun istedadı elə bu məqamda
üzə çıxır.
Elə qeydlərimə
də Ramiz Kərəmin
Ramiz Rövşənə həsr
elədiyi şeiri ilə başlamaq istəyirəm:
Mən beş-üç
şairin badına getdim,
Tanrı ömrümüzə
ömür calasın.
Niyə demədiniz
Ramiz Kərəmə
Getsin bağ becərsin, bostan sulasın?
Nərdivan axtardım
sözə çatmağa,
Niyə demədiniz,
gedib azarsan?
Bir deyən olmadı sənlik deyil bu,
Birdən əlin
çatar, şeir yazarsan.
Yenə bu dan üzü sözdən asıldım,
Keçdi kəndir
kimi söz boğazıma.
Yenə bu ilgəyə verdim boynumu,
Əlimlə keçirdim
öz boğazıma.
Çəkin aşağıdan
nərdivanları,
Belə asılmağa
həvəsim gəlir.
Söz adam öldürmür, adam dirildir,
Nə qədər
yellənsəm, nəfəsim
gəlir.
Bu şeir heç də qeyri-təvazödən, yalançı
səmimiyyətdən doğmayıb,
şairliyin necə əzablı günlər
yaşatdığını yalnız şair olanlar bilər. Çünki "Söz adam öldürmür, adam dirildir".
Ramiz Kərəm
nə yazırsa, nədən yazırsa, məhz Sözü diriltməyə, onu şeirə, şeiri də poeziya mənzilinə çatdırmağa
can atırdı. Yox, Sözlə oyun oynamır, söz oyununa aludə olmur, sadəcə, qəlbində doğan duyğunun rəsmini çəkməyə çalışırdı.
Ədəbiyyata kənddən
gələn "səksənincilər",
əsasən, qoynundan
ayrıldıqları məkanı,
oradakı gözəl
təbiəti, bir də sevdiklərini həsrətlə yad edirdilər.
Ramiz Kərəm isə
Kəndə və Təbiətə bir qədər fərqli tərzdə yanaşırdı.
Məsələn, "Köhnə
dəyirman" şeirində
kəndin tamam dəyişdiyini, köhnə
kişilərin sayının
azaldığını, köhnə
dəyirmanların xatirəyə
çevrildiyini təəssüflə
xatırlayırdı. Bir şeirində
yazırdı: "Bir qərib
daxmanın, tənha durnanın, Qəmli nəğməsinə bənzər
nəğməmiz". O illərdə
elmi-texniki tərəqqinin
və xüsusilə,
urbanizasiyanın təsiri
kəndə və təbiətə də sirayət edirdi, ədəbiyyatda da kənd-şəhər
problemi də bu yöndən irəli gəlirdi. Bunu Ramiz Kərəmin şeirlərində izləyək.
Təsəvvür edin,
kənddən şəhərə
köç edən bir şair öz
təbii stixiyasından,
yəni malik olduğu
o təbii duyğulardan
- biçənək ətrindən,
dağ, çəmən,
bulaq, kol, bənövşə qoxusundan,
çoban tütəyinin
yanıqlı sədasından
ayrılır, şəhərə
üz tutur. Amma şəhər onu dəyişdirmir. Hərçənd
ki, mənsub olduğu
"səksənincilər" kimi, bir kasıb
kişinin köhnə
daxmasını, nehrə
yağının yaxmasını,
motal şorunun dürməyini şəhərin
göydələnlərinə, bahalı, ya ucuz restoranlarından uca tutur, bütün
varlığı ilə
kənd adamı olduğuna inanırsa, burada qeyri-adi heç nə yox... Əgər "Ramiz
Kərəm kimdir?"
sualı verilsə, təxminən cavabı bu olar ki, təbiət
və kənd stixiyasından ayrıla bilməyən, harada olsa, nə yazsa,
dünyaya göydən
ötən qərib durnaların, çoban oxumalarının, duyğulu
kənd gecələrinin,
boz torağayların,
bağrı çatlayan
atların, qızılgül
koluyla dərdləşən
oğlanın, saz havasının qəlbində
oyatdığı duyğulardan
boylanır. Hərçənd
ki, qəribə səslənər,
bir az yeseninvari ahəng... Narahat ruhun, özünü dərk etməyə və bununla da dünyanı dərk etməyə can atan bir şairin axtarışları.
Alma ağacıydım,
sevə bilsəniz,
Qızıl almalarım
tökülərdimi?
Yazın qış
çağında, çiçək
çağında
Quşlar budağımdan
çəkilərdimi?
Sevə bilsəydiniz
-
Yarpağım öpərdi
əllərinizdən.
Ağ çiçək
səpərdim başınız
üstdən,
Ağca güllərimi
sevəmmədiniz.
Amma mən Ramiz Kərəmin şeirlərini
kənd və təbiət mövzusu ilə məhdudlaşdırmaq
istəmirəm. Öncə
qeyd etdim ki, R.Kərəm sözü diriltməyə,
yəni özünəməxsus
bir tərzdə onu şeirdə canlandırmağa səy edirdi. Baxın: "Kişilərin göz yaşı" şeirində:
Axıb gələr
kişilərin göz
yaşı
dərdi üzüm
salxımına dönəndə.
Bu dünyada çəkdikləri nə
varsa,
Ürəyindən gözlərinə
enəndə.
Vətənin dərdlərindən
çox şair söz deyib. Vətən və Dərd. Görün, Ramiz
Kərəm onları
necə mənalandırır:
Boyuna biçilib
dərdin elə bil,
Heç yerdə
tapılmaz bu yar-yaraşıq.
Vətən, sənin
dərdin azalan deyil,
Sən dərdə
aşiqsən, dərd
sənə aşiq.
Sonuncu kitabında
Ramiz Kərəmin həyat,
ölüm, varlıq-yoxluq,
keçilən ömür
yolu ilə bağlı silsilə şeirləri diqqəti cəlb edir. Bu şeirlərdə keçmişli
xatirələr unudulmur,
Sənsizlik haqqında
məlum şablonlardan
imtina edir, sadəcə, onun rəsmini çəkir:
Sənsizliyin şəklidi
səhərlərin dumanı,
axşamların yağışı,
qürbətlərə yol ölçən,
durnaların nəğməsi,
qaranlıqda diksinən
bir quşun qanad səsi.
Sevgi şeirlərinə
gəldikdə, Ramizin
də gənclik sevgisi olub, yaşının
əllisini keçəndə
ürəyinin sevgi hücrəsində xatirə
işıqları yanır-sönür.
"Sizə getdiyimi hamı bilsə də, səni sevdiyimi bilmədi heç kim". "Çox sözü saxlaya bildim, Könlümün sirri kimi. Mən tanınmaq istəmədim,
Sevgi şairi kimi". Köhnə sevgi məktubu bir gün əlinə
keçir, amma
"Qat kəssə də,
bu kağızla Köhnə bir ah qayıtdı. Cırıb
atmaq istəyirəm, uşaqlardan ayıbdı".
Məncə, Ramizin sevgi şeirləri (istər cavanlığında,
istərsə də, yaşlaşanda yazdıqları)
payız fəslinə
bənzəyir. Onun sevgi şeirlərində yağış yağır,
külək əsir, Nə gözəl gecələr, nə xoş nəğmələr
təzədən geriyə
qaytarmaz məni... Mənim nağıllarım
köhnəlib indi,
İndi yağışlar da başqa cür yağır...) Amma bir də görürsən
ki, onun sevgisi öz şəxsi, tək bir ürəyin
payızından sıyrılıb
çıxır, küləyi,
yağışı qovur,
yerə-göyə bülənd
olur:
Bu yerə sevgimiz, göyə sevgimiz
Bir sarı sünbültək bitirir bizi.
Bir gün doğuluruq, bir gün ölürük -
Nə qədər
yaşasaq, sevgi quluyuq,
Dünyaya sevgilər
gətirir bizi.
Hətta çox
şairlərin dad-fəğan
etdikləri ayrılığa
da əzab yağışları
yağdırmır. Əslində
o, sevgidən, şəxsi,
intim duyğulardan deyil, sevginin ruha gətirdiyi gözəlliklərdən, insanı
yaşadan və həm də onu daim nigarançılıq
içində saxlayan
hisslərdən yazır.
"Əvvəli ümid,
sonu aldanış olan" bir sevginin gözəlliyi nədədir? Sevən adam üçün ayrılıq da gözəlmiş,
onda ki:
Gecələrə bir xatirə deyərsən,
Çiçəkləsə, budağını
əyərsən,
Al bu dərdi, köynək kimi geyərsən,
Qazanc budu, bölə-bölə ayrılaq.
Bu yazıda Ramiz Kərəmin şeirlərindəki
təşbehlərdən, metaforalardan,
digər bədii təsvir vasitələrindən
söz açmaq olardı. Amma misal gətirdiyimiz şeir parçalarından da hiss olundu
ki, onun şeirlərində
Sözü ehya eləmək missiyası poetik incəliklə nəzərə çarpır,
xüsusilə, metaforik
düşüncə tərzi
bu şeirlərin canına hopub.
Son söz. Ramiz Kərəm
bir şeirində yazmışdı: "Bu Vətən
göyünə, isti
torpağag. Demək istədiyim bir-iki söz var". Ramiz Kərəm
o sözləri dedi, yazdı. Necə yaşadı o? Qoy, ruhu desin:
Bərəsində gözləyən
var hər ovu,
Göz açmamış
düşür ömrün
qırovu,
Bir budaqda çimir aldıq bir hovur,
Quş gözündə
yuxu kimi yaşadıq.
Ümidlərdə şallaq
izi, qan izi,
Hər addımda
ömür kəsir,
can üzür,
Uzaqdakı çiçəklərdən
dan üzü,
Meh gətirən
qoxu kimi yaşadıq.
Ramiz Kərəm
əlli yaşa üz tutub,
Yolu gedir, dağa-daşa üz tutub,
Axan suya, uçan quşa üz tutub,
Bir qəribin ahı kimi yaşadıq.
Vaqif Yusifli
Ədəbiyyat qəzeti. – 2023.
– 2 dekabr, ¹ 46. – S. 30 - 31.