Müəllifin məqsədi, missiyası
Tofiq Məliklinin “Türkbilimi
(Türkoloji) yazılarımdan
seçmələr” məqalələr
toplusu haqqında düşüncələr
Proloq əvəzi
Uzun illərdən bəri elmi, pedoqoji, ictimai fəaliyyətini izlədiyim
görkəmli türkoloq,
prof. Tofiq Məliklinin
"Türkbilmi (Türkoloji)
yazılarımdan seçmələr"
məqalələr toplusunda
(Bakı, Avrasiya Press nəşrlər evi, 2023,
288 s.) toxunulan temalar -
qədim, eləcə
də islamın qəbulundan sonrakı dövr türk ədəbiyyatı, onun mövzusu, ideya istiqaməti, dili, üslubu, sənətkarlıq xüsusiyyətləri,
Azərbaycan ədəbiyyatında
dövrləşmə problemi,
Türkiyədə yeni ədəbi
dilin təşəkkülü,
"Dədə Qorqud"
dastanları, bu eposun türk ədəbi düşüncəsinin
formalaşmasında yeri,
rolu, həmçinin Xoca Əhməd Yasəvi, Nazim Hikmət, Cəlaləddin
Rumi və klassik türk ədəbiyyatının
yaranması kimi məsələlər ətrafında
mübaliğəsiz deyirəm
ki, aktuallığı, elmi
yeniliyi, dərin məntiqə, təkzibolunmaz
faktlara, mənbələrə
söykənən mülahizələri,
sahəyə
dair konseptual baxışı, elmi-nəzəri
qənaətləri ilə
zəngin təəssürat
yaratdı. Bu toplu haqqında onun öz həcmindən daha çox, daha ətraflı bəhs etmək mümkündür. Biz topluda
əksini tapmış
bəzi yazılar barədə təəssüratımızı
yığcam və tezislər
şəklində bölüşməyi
məqsədəuyğun hesab
etdik...
Ədəbiyyatşünaslıq konsepsiyası: saxtası və sağlamı
"Qədim ortaq türk ədəbiyyatı (IX-XV)" adlı
məqaləsində prof. Tofiq
Məlikli yazır ki,
bu günə qədər bizdə hazırlanmış və
çap olunmuş Azərbaycan ədəbiyyatı
tarixi kitablarında ədəbiyyatımızın tarixinin XII yüzillikdən
başlandığı qeyd
olunur. Bildirir ki, sovet rejiminin "siyasi-ideoloji basqısı
üzündən" uzun
illər Azərbaycanda
ortaq türk-oğuz tarixi, ədəbiyyatı,
dili, etnogenezi saxta, qondarma konsepsiya əsasında
"araşdırılmış", problemin tədqiqinə qərəzli yanaşılmışdır.
Nəticədə "Azərbaycan
tarixinin və ədəbiyyat tarixinin gerçək dövrləşmə
prinsipləri də həll olunmamışdı".
Görkəmli türkoloqlar
Ədhəm Tenişev
(1921, Penza - 2004, Moskva), Vasili Vladimiroviç Bartold
(1869, Sankt-Peterburq - 1930, Leninqrad),
Vasili Vasilyeviç Radlov (1837, Berlin -
1918, Petroqrad), Aleksandr Mixailoviç Şerbak
(1926, Stavropol - 2008, Sankt-Peterburq), Mehmet
Talat Tekin (1927, Gebzə
- 2015, Bodrum), Platon Mixailoviç
Melioranski (1868, Sankt-Peterburq
- 1906, Sankt-Peterburq), Fyodr
Yevgeniyeviç Korş
(1843, Moskva - 1915, Moskva), Bernştam
Aleksandr Natanoviç (1910, Kerç
- 1956, Leninqrad), İya
Vasilyevna Stebleva (1931 -
Odessa) kimi alimlərin
qədim türk dilini öyrənmək baxımından misilsiz əhəmiyyət kəsb
edən maddi mədəniyyət abidəsi Orxon-Yenisey kompleksinə daxil olan Kül Tigin,
Bilgə Kağan Tonyukuk daş kitabələrinin üzərindəki
mətnlərin incələmələrini,
elmi-nəzəri müddəalarını, özünün
araşdırmalarını ümumiləşdirərək bu qənaətə gəlir: qədim türk ədəbiyyatı
Oğuz türkcəsi
ilə formalaşmış,
çağdaş ədəbiyyatımız
həmin təməl üzərində boy atmış,
inkişaf etmiş, zənginləşmişdir. Qədim
daş kitabələrdəki
mətnlərin müqayisəli,
leksik-semantik təhlili
qədim türk ədəbiyyatı ilə
Azərbaycan ədəbiyyatının
üzvi şəkildə
bir-biri ilə bağlı olduğunu təsdiqləyir. Bu arqumentləri
əsas götürən Tofiq
Məlikli Azərbaycan
ədəbiyyatı tarixinin
yeni konsepsiya əsasında
tədqiqi, həmin prinsiplər üzrə dövrləşdirilməsi fikrini
irəli sürür.
Ədəbiyyat nəzəriyyəsinin
ciddi problemi: dövrləşmə
Çağdaş ədəbiyyatşünaslığımızın
ciddi problemlərindən
biri ədəbi irsimizin dövrləşdirilməsidir,
təsadüfi deyil
ki, T.Məlikli "Azərbaycan
ədəbiyyatında dövrləşmə
problemi" adlı yazısında da yenidən
bu mövzuya toxunur, haqlı olaraq qeyd edir
ki, VI-XI əsr ortaq türk tarixi, ədəbiyyatı, dili çərçivəsində formalaşan ədəbi-mədəni
mirasımızın elmi
əsaslarla, qondarma və qərəzli metodlarla öyrənilməsi
eyni kökə, soya mənsub xalqlara məxsus irsi birləşməyə yox,
parçalamağa, ayrı
salmağa xidmət etmiş, nəticədə
də yanlış, ziyanlı qənaətlərə
gətirib çıxarmışdır.
T.Məlikli bundan əvvəl haqqında bəhs etdiyimiz məqalədə olduğu
kimi, burada da milli ədəbiyyatımızın inkişaf mərhələlərinin
təsnifatının aşağıdakı
kimi aparılmasını
məqsədəuyğun sayır:
1. Qədim türk ədəbiyyatı
(VI-IX).
2. İslam dininin
qəbulundan sonra formalaşan erkən klassik Oğuz-türk ədəbiyyatı.
3. Milli-klassik Azərbaycan ədəbiyyatı
(XV-XVIII).
4.Yeni dövr Azərbaycan ədəbiyyatı
(XIX-XXI).
Tədqiqatçı yuxarıdakı
bölgüyə əsasən,
ortaq türk ədəbiyyatının, onun
təməli üzərində
inkişaf edən
milli Azərbaycan ədəbiyyatının
mərhələlərini mövcud
tədqiqat materiallarına
və uyğun tədqiqat obyektlərinə
əsasən izləyir,
təhlil edir, qiymətləndirir. Əlbəttə,
ədəbiyyatşünaslığımızda
ədəbi irsin dövrləşdirmə ilə
bağlı fərqli
fikirlərin mövcudluğunu
və hazırda da bu istiqamətdə ciddi, qızğın axtarışların getdiyini
nəzərə alsaq,
T.Məliklinin təklif etdiyi bölgü də diqqətçəkici və
təqdirəlayiq təşəbbüslərdən
biri kimi dəyərləndirilməlidir.
İmperiyalar çökür, söz qalır...
Prof. Tofiq Məlikli "İslamın
qəbulundan sonra formalaşan ortaq türk ədəbiyyatının
gəlişmə yolları"
adlı məqaləsində
X yüzillikdən sonra
türklərin yaratdığı
və islamın qəbulu ilə, nəinki türklərin, eləcə də bütün bəşəriyyətin tarixində,
taleyində
rol oynamış,
sivilizasiyanın inkişafına
bənzərsiz töhfələr
vermiş imperiyaların - Qaraxanlı,
Səlcuq, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Səfəvi dövlətlərinin
ədəbi-mədəni həyatında
parlaq iz buraxmış, milli ruhun,
milli düşüncənin, ictimai-fəlsəfi fikrin daşıyıcısı
olan tarixi şəxsiyyətlərin ədəbi
irsinə bir-birini izləyən, zənginləşdirən,
bir-birindən qidalanan
ənənələrin davamı
konteksində nəzər
salır. Bax, müəllif missiyası,
qayəsi də bu "səpələnmiş,
rəngarəng, mirvari
muncuqları"nı səliqə-sahmana
salmaq, bir ipə düzmək, müxtəlif səbəblərdən
itmiş, yaxud ideoloji-siyasi ambisiyalarla itirilmiş nəsllərarası
üzvi əlaqəni
üzə çıxarmaqdir
ki, Tofiq müəllim
bu işin öhdəsindən uğurla
gəlmişdir.
İslamın qəbulundan
sonra onun təsiri ilə ərsəyə gəlmiş
Yusif Has Hacib Balasaqunlunun (1015-1071) 6500 beytlik didaktik-fəlsəfi səciyyəli "Kutatqu
bilik" - "Qutluluq"
elmi", Mahmud Kaşğarinin
(1008-1102) ensiklopedik "Kitab-i lüğat-it türk" əsərləri,
bir qədər sonralar - XII yüzildə Xoca Əhməd Yəsəvi (1100-1166), Nizami
Gəncəvi (1141-1209), Cəlaləddin
Rumi (1207-1273) kimi dühaların
irsi ortaq türk milli düşüncəsinin
və ədəbi dilinin formalaşmasında
təməl rolu oynamışdır. Əsas
məsələ müvafiq
tədqiqat metodlarından
istifadə edərək,
ictimai-siyasi, tarixi təbədüllatların, dil
amilinin təsirinin də yan keçmədiyi
ədəbi nümunələrin
dərin qatlarında,
sətir və misralarda gizlənmiş düşüncə, run doğmalığını
görmək, onu üzə çıxarmaq
və dəyərləndirməkdir.
Sözə sığmayan sevgi
Tofiq Məliklinin topludakı "Poeziya inqilabçısı Nazim Hikmət"
məqaləsi mənə,
təxminən, 15 il əvvəl
oxuduğum bir yazıdakı iki məqamı xatırlatdı.
Filologiya elmləri doktoru, professor Yavuz Axundlu Xalq yazıçısı
Anarın "Nazim Hikmət.
Kərəm kimi" əsəri haqqında "Nazim Hikmət haqqında yeni
roman-tədqiqat" adlı
maraqlı resenziyasında ("525-ci qəzet",
2010-cu il, 6 noyabr, s.18-19) yazırdı
ki, XX əsr dünya poeziyasının ən qüdrətli nümayəndələrindən
Nazim Hikmətin şeirləri
bütün qabaqcıl
ölkələrdə milyon
tirajlarla çap olunub, oxucuların dərin məhəbbətini
qazanıb. Şairin faciəli həyatı və çoxşaxəli
yaradıcılığı haqqında müxtəlif illərdə müxtəlif
mövqedən çoxlu
məqalə və
kitab (təxminən 1000 məqalə,
100 kitab) yazılıb. Həmin
resenziyada diqqətimi çəkən ikinci cəhət aşağıdakı
cümlələr idi:
"Anar Nazım Hikmət haqqında kitab yazmaq üçün böyük şair barədə müxtəlif
dillərdə (əsasən,
rus, türk və Azərbaycan) yazılmış onlarla məqalə, xatirə,
kitab və s. ilə tanış olub, onlardan bəhrələnib.
Bu mənbələr arasında
R. Rza, N. Rəfibəyli,
Ə. Məmmədxanlı, Əkbər Babayev, Tofiq Məlikli, şairin həyat yoldaşı Vera
Tulyakova, tərcüməçisi
Muza Pavlova, Türkiyə
ədiblərindən Əziz
Nesin, Vala Nurəddin, Zəkəriyyə
Sərtəl və başqalarını qeyd etmək lazımdır".
Bu məqamlar onu deməyə əsas verir ki, adı, həm də, nüfuzlu Nazim Hikmət tədqiqatçıları
arasında hörmətlə
çəkilən Tofiq
Məliklinin növbəti
dəfə bu mövzuya müraciəti təsadüfi deyil: sözə sığmayan
Nazim Hikmət sevgisi heç vaxt solmayacaq və XX əsr dünya poeziyasının ən qüdrətli, bənzərsiz
simalarından Nazim Hikmətin
həyatı və irsi haqqında yenə məqalələr
yazılacaq, yenə kitablar nəşr olunacaq.
Tofiq Məlikli türk ədəbiyyatına
əbədi möhür
vurmuş Nazim Hikməti
"vətənsevər", "pərişan, yorğun, həm də qürurlu şair",
"xoş sabahların
ümidi ilə yaşayan şair",
"türk poetik dilində inqilab edən şair", "poeziya inqilabçısı", "yeni şeir tipinin yaradıcısı", "həm
şair, həm də, dünya insanı", "dünya
ədəbiyyatının ən
böyük şairlərindən
biri", "novator şair" adlandırır,
şeirlərindən gətirdiyi
sitatlarla fikrini, elmi-nəzəri qənaətlərini
əsaslandırır. Nazim Hikmət sevdalısı T.Məlikli şairin
əsərlərinin bədii-estetik
cəhətdən bənzərsiz,
mövzu, ideya baxımından maraqlı
və aktual, forma, məzmun nöqteyi-nəzərindən
novator, mükəmməl,
həmişəyaşar olduğunu
yeni yazdığı məqaləsində
də məharətlə
çatdırmışdır.
Epiloq əvəzi
Biz T.Məliklinin
haqqında bəhs etdiyimiz kitabındakı bəzi məqalələr
barədə təəssüratımızı
qismən bölüşməyə
çalışdıq. Bu əsərlər yeni dövr
milli ədəbiyyatşünaslığımızın
və xüsusilə,
türkoloji problemlərə
yanaşmanın, onu
yeni tələblər baxımından
dəyərləndirmənin örnək nümunələridir.
Fikrimizcə, ustad araşdırmaçı bu
əsərləri ilə
hazırda türkologiyaya
həmişəkindən daha
ciddi, daha məsuliyyətli, daha dərin, daha əhatəli və fədakar münasibətin
zəruri olduğunu diqqətə
çatdırmaq istəmiş
və elə bilirəm ki, istəyinə
də nail olmuşdur.
04.12.2023
Abid Tahirli
Filologiya elmləri
dokoru
Ədəbiyyat qəzeti.
- 2023. - 9 dekabr, ¹ 47. - S. 4.