İnsan ruhunun cəbhə
bölgəsi - Malik Atilayın
II hissə
Hər insan bir döyüş üçün dünyaya
gəlib, ya savaşında məğlub,
ya da qalib olmalıdı, bunun bir orta yolu
yoxdu. Elçin isə özüylə döyüşmək üçün
doğulmuşdu. Topsuz,
tüfəngsiz, amma ən şiddətli döyüş gözləyirdi
onu. Uşaqlığı
atasının kürəyində
şaqqıldayan kəməriylə
anasının "vaxsey,
uşaq öldü"
qiyyələri arasında
keçmişdi. Əfqanıstanda
döyüşüb əsir
düşən atası
uzaq ellərdə deyil, 90-cı illərdə
canını doğma
torpaqlar uğrunda qurban verib, Elçini
özündən və
kəmərindən xilas
eləmişdi. İki
qardaşın ən nadinci və evin böyük uşağı olan Elçin heç vaxt atasının sevimlisi ola bilməmişdi.
Hər işində bir səhv görərdi
atası, hər hərəkətində bir
qəbahət. Di gəl
ki, Elçin olduğu
kimi qalmaqdan məmnun idi, dəyişməyə çalışmırdı.
Atasının qara xəbəri gələndə
11 yaşına yenicə
qədəm qoyan Elçin, başqalarının
çiynində gedən
adamdan təkcə əsəbi, üçnəfərlik
ailənin yükünü
və kürəyindəki
kəmər izlərini
miras götürmüşdü.
1992-ci ildə müharibəyə
gedən atasının
bir illik döyüş xatirəsindən
əsgər yoldaşları
danışarkən, onun
necə cəsur və mərd adam olduğundan ağızdolusu bəhs edirdilər.
Yas çadırı
adamla dolub-boşalırdı,
məhəllə şəhidini
yola salmağa gəlmişdi. Elçin qulaqlarına inana bilmirdi, haqqında bu qədər gözəl sözlər danışılan adam onun atası idimi, yəni?! Axı evdə hamıya, əsasən də, anasıyla Elçinə qan udduran adam, eyni
zamanda döyüşdə,
küçədə bu
qədər yaxşı
bir insan olmağı necə bacarırdı?! "Ölüm
ən pis adamı belə yaxşılaşdırır", - deyə düşünürdü
Elçin, atasının
olmadığı günlərdə
öz-özünə götür-qoy
edirdi, "Görəsən,
atamdan tez ölsəydim, o, mənim
üçün gözəl
şeylər deyərdi,
görəsən, mənim
də çirkinliyimi
aparardımı, ölüm?"
Belə sözləri
ədəbiyyat müəlliməsi
olan nənəsindən
qalma kitablardan öyrənmişdi. Bəzən,
amma özü də narkotikanın, içkinin təsirində
olanda fəlsəfi söhbətlər edirdi.
Bu küçələrdə atasız böyüyən
uşaqların elə
də çox seçimi olmurdu heç vaxt. Hər halda, Elçin seçim etmək yerinə, qarşısına çıxan
ilk qaranlıq yola addım atmışdı.
Əvvəl-əvvəl içki
içib evə gec gəlirdi, hələ 14-15 yaşlarında.
Yavaş-yavaş içkinin
yanında fərqli narkotikalar da özünə
yer eləməyə başlamışdı. Dava-dalaş
desən, yaxasından
heç əl çəkmirdi Elçinin.
Məhəllənin ən
təhlükəli adamına
çevrilirdi 14-15 yaşlı
uşaq. Küçələr
uşaq doğmasa belə, doğulan uşaqlardan canavar yarada bilirdi. İlk cinayətini də elə onu vəhşiyə
çevirən Dağlı
məhəlləsində, Ələsgər
Ələkbərov küçəsində
işləmişdi. Məhəlləyə
təzə köçən
qonşunun "belinə
haqq qoymaq" istəyəndə, qonşu
qarşısındakı yeniyetməni
ciddiyə almamış,
ciddiyə almamaqla da yetinməyib, hələ birini də ilişdirmişdi qulağının
dibindən. Yaşanan
bu səs-küydən
sonra Elçin qürurunda vazaya düşmüş çatlar
kimi sınıqları
hiss edincə, səhərə
yaxın bloka girib işıq düşməyən yerdə
gizlənmiş, qonşunu
işə gedəndə
5 bıçaq vuraraq
öldürmüşdü. Onsuz da, həyatı bərbad halda şəkildən-şəklə düşən Elçinin
fərqli və əsl qaranlıq yollara qapısı açılmışdı. Həbsxana
illərində Kürdəxanı,
sonra Əhmədlidə
həyatının ən
gözəl illərini
qurban vermişdi. 17 yaşında düşdüyü
türmə divarlarından
26 yaşında çıxa
bilmişdi. Elə çıxan gündən
köhnə həyatına
tam sürətlə başlamışdı
davam etməyə. Həbsxana divarlarının
arxasında doğan minlərlə yeni günəş
Elçin üçün
heç bir məna daşımırdı,
hər keçən gün dəyişmək yerinə, daha da qorxulu birinə çevrilirdi. Həbsxanadan
çıxdığı ilk aylarda evdən bayıra çıxmırdı
Elçin. Nənəsindən
qalma kitabları oxuyur, ilk baxışda qorxulu həyatından uzaq durmağa çalışdığı görünürdü. Bir neçə
ay insanların gözündən
kitab səhifələri ilə
asdığı pərdəni,
sonra isə gününün qalanını
keçirdiyi məscidin
canamazları ilə möhkəmləndirmişdi. İndi bütün məhəllə
Elçinin işinin-gücünün
kitab oxuyub, ibadət etmək olduğunu düşünür, bu vaxtacan etdiyi hər şeyin bir cavanlıq səhvi olduğunu deyirdi. Ona da elə bu lazım idi.
Aylar bir-birini əvəz elədikcə
qonşuların gözündə
etibar qazanan Elçini axşamlar köhnə dostları
on-on beş dəqiqəlik
ziyarət edib, hansısa mövzuda məsləhət alıb
gedirdilər. Evdə
get-gedə yaranan çətinliklər, boş
soyuducu, işığı
kəsilmiş ev Elçini nə qədər darıxdırsa
belə, hər gün anası və qardaşına hər şeyin yaxşı olacağını
deyirdi. Uşaqlıq və cavanlığında
məhəllənin ən
bərbad adamlarından
olan Elçin, həbsxana illərindən
sonra məhəllənin
ən hörmət edilən, gənclərin məsləhət üçün
qapısını döydüyü
böyük qardaşına
çevrilmişdi. Evdəki
sıxıntıları özü
dilə gətirməsə
belə, qonşuları
Məryəm xala
İmam Hüseyn məscidinin
axundu oğlu Vəliyə Elçingilin
sıxıntısından bəhs
etmiş, Vəli də xiftən namazından məscidin imkanı yerində olan adamlarından bir neçəsinə:
"mömin bir qardaşımızın sıxıntısı
var", - deyib bir miqdar pul yığmışdı
onun üçün.
Yığılan pulla
işıq borcunu ödəmiş, evə bazarlıq etmiş, qardaşına universitetə
gedib-gəlmək üçün
cibxərcliyi də ayırandan sonra yerdə qalan pulu hər axşam
onu görməyə gələn dostlarına vermişdi. Bunu eşidən adamların tənqidini susdurmaq üçün "mənim
ehtiyacım var idi, qardaşlar əl tutdular, indi də onların ehtiyacı vardı, deyə mən əlimdən gələni
elədim" demişdi.
Bununla bir az da, məhəllənin gözündə yaratmaq istədiyi Elçinin gözəl əməllərdən
olan heykəlinin ən incə detallarını işləmişdi.
Bir ildən bir az daha
artıq müddət
idi ki, azadlığa qovuşmuşdu. İllər
əvvəl, 17 yaşında
qatil adıyla çıxdığı məhəlləsində
indi sakit, namazında-niyazında olan
biri kimi tanınırdı. Hər
axşam dostlarının
onu görməyə gəldi vaxtda bu dəfə qapısına polislər gəlmişdi. Qonşular
iki hissəyə bölünmüş, biri:
"qozbeli qəbir düzəldər", digərləri
isə: "bu uşaq heç nə eləməyib, nədisə, hər axşam gələn dostlarının işidi"
deyirdilər. Polis bölməsində
saxlanıldığı 4 gün ərzində məhəllədə hər
cür dedi-qodu, hər cür şayiələr yayılmağa
davam edirdi işıq sürəti ilə. Kimilərinə görə, Elçin günahsız idi, kimilərinə görə,
bütün işlər
elə onun başının altından
çıxmışdı. Polislərin onu apardığı günün
bir gün əvvəli, gecə saatlarında məhəllədəki
sələmçi Gülbadam
öldürülmüş, evindəki hər şey oğurlanmışdı.
İsti izlərlə
Elçinin 2 dostu həbs edilsə də, oğurladıqları
heç nə tapılmamış, buna görə
də Elçinin də sorğu-suala çəkilməsinə ehtiyac
yaranmışdı. 4 gün
ərzində bölmədə
qalan Elçinin nələr danışdığını
heç kim bilmirdi. Heç dostlarının məhkəməsinə
də getməmişdi.
Oğurlanan pullar, qızıllar tapılmasa
belə, Gülbadamın
ölümündə əli
olan iki dostu həbs edilmiş, Elçin isə bu işdən
tər-təmiz çıxmağı
bacarmışdı. Həbs
edilən dostları Həmid və Rüstəmin ailəsi isə Elçinin süd çıxmış
qaşıq qədər
təmiz olduğuna inanırdılar, süd ləkəsi hər tərəfinə bulaşmış
qaşıq qədər
təmiz. Rüstəmin
kiçik qardaşı
kimə danışırdısa,
heç kim inanmırdı, çünki
onun danışdığı
şeylər məhəllədə
hamı tərəfindən
sevilən, hörmət
edilən Elçin üçün çox uzaq idi. Rüstəmin
qardaşı deyirdi
ki, bu cinayəti də, oğurluğu da, qardaşına elə Elçin öyrədib, yaxşı axtarsaydılar,
qızıllar da, pullar
da ondan çıxacaqdı.
Amma bütün məhəllənin
gözündən asılan
kitab və canamaz pərdələrinin arxasından
heç kim Elçinə bu deyilənləri yaraşdırmırdı.
Dostları tutulmamışdan
bir həftə əvvəl, borc-xərc edib Şüşəli bazarda balaca bir piştaxta götürmüşdü, nənəsindən
qalma qızıl üzüyü də satıb bazara alma, armud, göyərti gətirib öz pulunu qazanmağa başlamışdı. Dostlarının
həbsindən 7-8 ay keçmişdi,
Elçinin əli alverdə yaxşı gətirirdi. Bu müddət
ərzində bazardakı
piştaxtasını genişlətmiş,
ondan da başqa, məhəllənin girişində
böyük meyvə-tərəvəz
dükanı açmışdı.
Yenə məhəllə
camaatı Elçinin
bu uğurlarına görə ikiyə bölünmüşdü; bəziləri:
"ruzini verən Allahdır", bəziləri
isə: "sələmçi
Gülbadamdan oğurlanan
pullar ilə belə şeylər elədi" deyirdi. Həqiqəti isə, bir Allah, bir də Elçin bilirdi. Ticarətdə əlinin gətirməyindən
2 ildən çox
zaman keçmişdi. El adəti
ilə necə lazımdırsa, qardaşının
elçiliyini etmiş,
toyuna hazırlaşdığı
vaxtda türmədən
Elçinə dostu Həmidin öldüyü
xəbəri gəlmişdi.
Məhəllənin bir
ucunda axşamüstü
yas çadırı
sökülərkən, digər
tərəfində toy çadırı
qurulurdu. Həyat xeyirlə şərin qardaşlığını sərmişdi
məhəllə adamlarının
gözləri önünə.
Toyxanası, klarneti , meyxanası ilə necə lazımdı, keçən
toyda Elçinin ağlayaraq "Cavanlıq"
mahnısını oynamağı
silinməz iz kimi düşmüşdü.
Musiqinin hər saniyəsinə həyatından
bir şey sıxışdıran, hər
saniyəsində itirdiyi
gəncliyi, itirdiyi dostları, itirdiyi xəyallarını düşünən
Elçinin üzündən
film lenti kimi keçib getmişdi həyatı. Toyxanadakı
adamlar həyatını
teatr kimi yaşayan Elçinin rəqsinə, bəlkə
də teatrın sonuna çatdıqları
üçün səhnənin
ən yaxşı aktyorunu alqışa tutmuşdular.
Qardaşının toyundan
2 il sonra özü də evlənən Elçinin həyatında
hər şey yolunda idi. Evi,
maşını, sevdiyi
həyat yoldaşı.
Sanki illər əvvəl
həbsxana, içki,
narkotika üçbucağı
arasında qalan adam o deyildi. İndi başqa bir Elçin hər səhər illər əvvəl etdiklərini saniyə-saniyə unudaraq
yeni günə başlayırdı.
Yeni həyata başladığı
günlərin birində
xəstəxananın qarşısında
gözləyirdi oğlunun
doğum xəbərini.
Və o şad xəbər gəldi. Elçin artıq ata idi. Oğlunun
xəbərindən 1 gün
sonra isə məhəllədə bir
başqa yas çadırı quruldu. Həbsxanada olan dostu Rüstəm ölmüş, ya da öldürülmüşdü. Elçinin evində yeni bir həyatın ilk təbəssümləri cücərərkən,
Rüstəmgildə bir
həyatın son nəfəsini
necə verdiyini qeyd edirdilər. Rüstəmin balaca qardaşı yasdan adamlar çıxdıqca
başsağlıqlarını qəbul edir, bir yandan da, gözü Elçini axtarırdı. İllərdi
qardaşının həbsində
günahkar bildiyi adam dostunun yasına
gəlməmişdi, bəlkə
gəlsəydi, içində
Elçini bağışlayacaqdı.
Amma yas bitmiş, Elçin də gəlməmişdi, Rüstəmin
qardaşı isə illərdi içində böyüyən nifrəti
iti bıçaq kimi ürəyində daşımaqdan yorulmuş,
evdəki iti bıçaqlardan birini götürüb, Elçinin
evinə getdiyi yolda, qaranlıq dalanların birində onu gözləməyə
başlamışdı. Hər
şey bir neçə saniyəyə
yaşandı, Elçin
dalana girib 3-4 addım atandan sonra arxasından gələn və hər addımda sürətlənən ayaq
səsini eşitmiş,
çevrilməyə imkan
tapmadan kürəyində
bıçağın soyuqluğunun
qanıyla necə isindiyini hiss etmişdi...
Malik Atilay
Ədəbiyyat
qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 5.