Bu
boyda ömrü məhəbbətsiz necə yaşayasan?
Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
Həmişə
düşünmüşəm ki, insan, görəsən, nə üçün darıxır, hansı səbəbdən bu boyda gen dünyada
canını qoymağa, rahat ömür sürməyə bir yer tapmır?
Əlbəttə, bu suala cavablar müxtəlif ola bilər,
amma sabit fikrim, əsaslı yəqinim odur ki, həyat əksərən
insanın gözünə
durduğu, zamanın adi zamandan daha
uzun olduğundan duyuq düşdüyü
və bunu bütün hüceyrələri
ilə hiss etdiyi üçün darıxır.
Məsələn, hərdən
insan ruhdan düşəndə, yaxud
qəlbində nəyəsə,
kiməsə qarşı
sevgi duymayanda bir anlıq düşünür ki, di gəl,
bundan sonra bu boyda ömrü
məhəbbətsiz yaşa,
bacarırsansa, gələcəkdəki
həyatını içi
çıxarılmış oyuncaq kimi keçir,
görüm, necə keçirirsən, görüm,
bütün bunlara necə tablayırsan? Bax, ömrün gözə durmağı,
bir çox həyatla bağlı işlərin hələ ona başlamadan insana çətin görünməsinin, sanki
yerdəki yükə
baxıb ancaq ağırlığını çiyinlərində duymağın
özül səbəbi
məhz budur.
Necə ki insanların
cinsini, valideynlərini,
doğulduğu yeri seçmək imkanı olmur, eləcə də qatı əxlaqi, mental dəyərlər
hökm sürən yerlərdə formalaşan
dürlü-dürlü xarakterləri
də, sevgiləri də mövcud qəliblər heç
zaman rahat buraxmır. Dərindən düşünəndə,
sanki elə sevmədiyin nəsnələri
"sevirsən". Səni
xoşbəxt etməyən
nələrisə qazanıb,
kimlərisə ram edib,
dırnaqarası qələbələr
çalırsan, ürəyinə
su səpməyən,
nicatsız nəticələr
həqiqi uğurların
hesab olunur. Bəs bu halda,
bunca aldanışlar içərisində əsl
xoşbəxt insan kimdir? Pulla samovar yandıran, yoxsa, məktub yazmaq üçün günlərlə
kağız ala bilməyən
adam? Pulla samovar qaynadanın məktub yazmağa çox zaman bir kimsəsi, həqiqi eşqinin mərkəzi qərargahı,
dəyişməz ünvanı
olmur. Məktub yazmaq üçün kağız ala bilməyən
isə, samovar çayını
ürəkdolusu ləzzətlə
içə bilmir, heç nə tam mənada, büsbütün
canına yatmır. İnsan qazandıqları
ilə, elə bil özünü əhatələyir, çənbərə
salır və içindəki insanı özüylə bərabər
tənhalaşdırır, çox şeydən təcrid edir. Zəngin əldə etdikləri ilə özünü mühasirəyə
alır, kasıb yetişə bilmədikləri
ilə ömrünü hər
yandan dövrələyir...
Orxan Vəlinin Nahit xanıma yazdığı məktublarını
düşünürəm,.. Böyük şair, istəklisi, eşqinin tacidarı Nahit xanıma neçə-neçə eşq
dolusu sevgi məktubları yazıb. Əksərində də məhəbbətini
ağır vəziyyətinə,
çıxılmazlığına uyğun izhar etməyə çalışıb:
"Günlərlə poçtda
bir məktub göndərəcək qədər
pulun olmur? - soruşursan. İnan ki, olmur. O günlərdə bu arzuma çatmaq,
yəni sənə məktub yazmaq üçün İstanbula
piyada getdim".
Orxan Vəlinin ömrünü göz önünə gətirməyə
çalışıram, - cəmi 36 illik o qısa vaxt kəsimini, yaşam möhlətini. Amma bir tərəfdən də, məktub yollamaq üçün poçtda
verməyə pulu olmayan və bunu özünə günlərlə dərd
edən, çək-çevirlərlə
ürəyini yoran, beyin sındıran, içini gəmirən, sonra saatlarla məktubu çatdırmaq
üçün payi-piyada
yolları yoran bir adamın keçirdiyi vaxtı,
"qurşun kimi ağır" dəqiqələri
fikirləşirəm. O narahat
anların, nigaranlığın
hər bir anı, bəlkə də, neçə-neçə
illər qədərdir,
zamanın şərtiliyini
nəzərə alsaq,
planetlərarası zaman hesablarının
artıq-əskikinə diqqət
etsək, həmin ayağından daş asılmış saniyələrin
hər biri neçə-neçə saatlara
müqabildir. Uzun ömür bəzən qısa saatlar hesabına yaşanır, əksinə, olur ki də, qısa zaman möhləti hər anı bir ömrə
bərabər saatlarla
dolu olur. Əgər belədirsə,
biz də bu yəqinlə razıyıqsa,
onda necə deyə bilərik ki, Orxan Vəli dünyadan tez köçüb? Bəlkə
də, o otuz altı il başqa insanların həyatında
quş qanadında keçən neçə-neçə
onilliklərə babdır?
Doğrudan da, zaman şərtidir,
vaxt nisbidir, bu barədə özgə fikrə düşmək bihudədir,
çox güman, biz zamanı hesablamağı
bacarmayan hesabdarlarıq.
Həm də biz bu fikrə, həm də ona görə etimad etməliyik ki, bu əqidə, inanc vasitəsi ilə məhəbbətin
ömrü uzatdığına,
həyatımıza həyat
qatdığına dair
fikirlərimiz daha köklü, əsaslı,
tutarlı olsun. Qəlbimizdə sevgi ilə aşıb-daşan
günlərin, məhəbbətlə
qanımızın qaynadığı
zamanın yaddaşımızda
daha dərin iz salması da əlavə bir dəlildir ki, sevərkən,
daha çox yaşadığımızın, yaxud daha çox
yaşadığımızı, bütün bunları iliyimizəcən hiss ediyimizin
fərqində olaq...
Əlacsızlıq boğazda düyünlənəndə...
"Bir az əvvəl sənə məktub yazmaq üçün kağız
almağa gedirdim. Küçənin bir tərəfindən o biri tərəfinə keçərkən,
sürətlə ötən
bir maşının altında qalmaqdan - inandırım səni - birtəhər canımı
qurtardım. Ölümə
heç vaxt bu qədər yaxın olmamışdım.
Bilirsən, həmin anda nə fikirləşdim?
"Əgər ölsəm,
Nahit bu məktubumu almayacaq və bu kağıza
yazdıqlarımın heç
birindən xəbərdar
olmayacaqdı.
Amma heç vaxt
fikirləşməyəcəkdi ki, ölümümə o səbəb
olub, əksinə, baş verən hadisələrdə pis bir səbəb tapacaqdı. Bax, məni də ən çox kədərləndirən bu
idi".
Orxan Vəli əgər həmin gün ölsəydi, onu hansısa, maşın dəmir ağzına alıb çeynəsəydi, bəlkə
də, onun haqqında ən az danışacaq adam elə Nahit
xanım olacaqdı.
Kim bilir... Əksinə,
qəzetlər min bir gümanı həqiqətmiş
kimi yazacaq, dostları, yaxud yaxınları müxtəlif
fikirlər irəli sürəcəkdi. Orxan Vəlini isə ancaq bir adamın
nə düşünəcəyi
narahat edir. Sevgi insanı, sözün müsbət mənasında, məhdudlaşdırır,
daim özünü bütün nəzərlərin,
baxışların altında
görən insan məftunluq dövründə,
eşq yaşadığı
əyyamlarda başdan-başa
varlığını sevdiyi
insanın nəzərləri
altında hesab edir. Allaha sidq-ürəklə
bağlı olan iman əhli, dinə könül vermiş insan da özünün, əməllərinin,
eynən belə daim Allahın nəzərində olduğunu
duyur. Orxan Vəlini də necə öləcəyindən,
onun həyatdan gedişinin, dünyayla biryolluq vidalaşmasının
hansı müəmmalı
xəbərlərlə müşayiət
olunacağından, sonra
haqqında danışılacaq
sonsuz dedi-qodulardan deyil, sevdiyi insanın onun ölümünə hansı
münasibət bəsləyəcəyi,
onun haqqında nələr fikirləşəcəyi
düşündürür. Aşiq olduğu xanımın onun haqqında bəd gümanda olacağı onu dünyadan əbədi ayrılıqdan,
əcəl xofundan belə daha artıq narahat edir. Məhəbbət insanı beləcə bir nəfərə təslim edərək, təcrid olunmuş, tərki-silah edilmiş, aciz vəziyyətə salır. Aşiq öz eşqindən sıxıla-sıxıla bir
ürəyə sığınmayaraq,
bir cüt bəbəyə yerləşmək
istəyir. Çünki
sevən kəs şüuraltı olaraq anlayır ki, məqam yetişəndə, yeri düşəndə bir ürəyə bir dünya, bir cüt gözə isə bütün aləm də yerləşməyə qadirdir...
Məhəbbətin "dost üzü"
Məhəbbətin elə bir mərhələsi var
ki, tərəflərin hər
ikisinin könlündə
sevgi hisslərinin qəlpələri qalır,
amma daha onlardan, aşiqlərdən
heç birinin buna
"eşq" deməyə
taqətləri qalmır.
Çünki daha o eşqə qayıtmağa,
o məhəbbətə sahib çıxmağa olan son
ümid də gözəgörünməz şəkildə
aradan qalxır və onlar bu
nicatsız, bu naəlac durumu bir-birini "dost" adlandıraraq
qəbullanırlar. Sevdiyinə
qovuşmağa inamını
itirəndə onu dost
kimi qəbullanmaq da bir ayrı cür
çarəsizlik, əliüzülmüşlük
əlamətidir. Orxan
Vəli Nahit xanıma yazdığı
bir məktubda bu əlacsızlıq,
"dost" deyib də,
ona qucaq açmaq çarəsizliyi,
həyatın insanı
aparıb çıxardığı
təbii dalanın çıxılmazlığı aydın-aşkar duyulur. Gənc şair düşdüyü mənəvi
dolaşıqlıqda, başını
itirərkən yazır:
"dostluq" sözünü
"arkadaşlık" mənasında
işlətmirəm". İlk baxışdan bu cümlə sadə bir fikri ifadə
edir, amma diqqətlə oxuyanda, sözün özəyindəki
mənaya boylananda anlayırsan ki, bu fikrin mahiyyətində dolaşıqlıq, ikibaşlılıq
da olmamış deyil.
Necə deyərlər,
ağıl çaşır,
dil dolaşır.
Və bu cür çoxqatlı fikirlə, qarşı tərəfə dost olmadığını,
sevgi bəslədiyini
açıq eyhamla dilə gətirir: "Əmin ol, həyatda
heç nədən zövq almıram. Bütün bu sevincsiz günlərdə
ancaq səni axtarıram". İnsan birini sevirsə, ona sidq-ürəkdən bağlıdırsa, fəqət,
üzüdönmüş ayrılıq da labüddürsə,
bütün bağların
qopmaması üçün
könülsüzcəsinə də olsa, qarşı
tərəflə "dostluğ"a
razılaşır, düşdüyü
vəziyyətə könülsüzcə
boyun əyir. Bu hal, təxminən indicə, elə bu andaca ölməkdənsə,
son nəfəsinəcən xəstə, yorğan-döşək
dustağı olmağa
razılaşmağa razı
olan xəstənin çarəsizliyinə bənzəyir.
Əlbəttə, həyat
şirindir, hər vəchlə ölümdən
əfzəldir, eləcə
də, biryolluq hər şeyi qeyb etməkdən yeydir. Həyatın insanı saldığı bu sayaq dolanbacların çoxunda insan daha asan, rahat
çıxış yolu
tapır, çünki
dünyanın çətin
işlərini aşmaq
üçün bir neçə qapını
döymək, bir neçə yolla çarə arayıb tapmaq namümkün deyil. Ancaq eşqin
hər qapısı sonucda eyni bir
ünvana açılır
deyə, nəticədə
işin bir adamdan asılı qalır, ona görə də insan sevəndə başqa vəziyyətlərlə
nisbətdə daha tez dalana dirənir,
çıxılmazlığa düşür. Eşq özləri də bilmədən təslim olmuşların mübarizə
meydanıdır.
(Ardı
var)
Fərid Hüseyn
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr,
¹ 47. - S. 8.