Günəş Şuşa
Tarixin gündəliyindən: Mənə
elə gəlir ki, şifahi ədəbiyyatımızın
görünməyən guşəsində
Şuşa ilə bağlı çox mühüm bir sirr gizlənir. O sirr pərdəsi götürülsə, hər
kəsə bəlli olardı ki, Şuşanın
mənası Günəş
deməkdir. Günəş
və Şuşa. Bu əkiz sözlər bir-birinə çox yaraşır, biri digərinə əzəmət
gətirir! İgidlərimizin
Şuşa yolunu aydınladan Günəş
hər zaman Şuşanı
sevmiş və onun varlığından mənəvi rahatlıq tapmışdı. Şuşanın
fəthi o sirr pərdəsiydi ki, rəşadətli
bir Zəfərlə artıq aradan qalxdı...
Şuşa! Məndən
sənin üçün
bu məkan nədir soruşan olsa, tərəddüd etmədən belə deyərəm: Bu inci məkan dağlara əzəmət, meşələrə
gözəllik, bulaqlara
sərinlik, günəşə
istilik, buludlara təravət, ulduzlara parıltı, qəlblərə
paklıq gətirən
ata yurdumuzdur. Alınmaz, təslim olmaz, ələ keçsə belə, düşmənə könül
verməyən müqəddəs
Şuşa! Soyuq havalı, isti yuvalı, başı dumanlı, gözləri yaşlı qala! Şuşa, görəsən,
özün öz gözəlliyini, əzəmətini,
yaraşığını bilirsənmi? Kaş biləydin ki, bizim üçün nə qədər əzizsən,
Şuşa! Biz, bütün
xalqımız sənin
varlığınla nəfəs
alırıq, Şuşa.
Sən türkün, türklüyün, türkçülüyün
vüqar səltənətinin
zirvə nöqtəsisən,
Şuşa!
Belə dolanan kəmər kimi Şuşaya gedən yamaca sarılan dolanbac yolları seyr etmək xoş olduğu kimi, həm də iztirablıydı. Bəli, yol və astana hər bir evin
qeyrət qapısının
girişidir. İllər
uzunu müqəddəs
bir evə layiq olmayan ayaqların
basıldığı bu
yolun çəkdiyi nisgili uzaqdan-uzağa görür və içimdə qəribə
bir utanc hissi keçirirdim. Bu incik yollar düşməni
özündən inadkarlıqla
rədd etməyə başlamışdı. Bundan
sonra, müqəddəs
ata ocağına gedən bu yola
gözəllik sevən
insanların pəncələri
dəydikcə dağ-daş
sevinəcək, ağaclar
minnətdarlıq barı
ilə başlarını
dibinə qədər
əyəcəkdilər. Torpaqdan
ayrılan şükür
və minnətdarlıq
sədaları yeri-göyü
silkələyəcək, dağlara,
qayalara sürtünüb
əks-səda verəcəkdi.
Baxışlarımı belbağı
yollardan çəkə
bilmirdim. Baxdıqca baxır, əzizlədikcə
əzizləyirdim bu yamacı. Şuşaya uzaqdan baxmağın öz ləzzəti, öz həzzi vardı. İndi gör bir onun qoynuna
sığınanda necə
xoşallanacaqdım. Bəs,
Şuşa özü?
Hər isti nəfəsi duyduqca sevinəcək, gülüşü,
qəhqəhəsi ilə
zirvəli dağları,
okeanları, dənizləri,
çayları və
gölləri, bərzəx
və boğazları
diksindirəcəkdi. Hər
dəfə gözlərimi
qırpıb yenidən
sərt qayaların üstündəki əzəmətə
dikəndə, elə
bil ki, canlı abidəyə çevrilib,
ən qürurlu insan kimi, “gəl,
məni gör, qoynuma sığın, gözəlliyimdən həzz
al”, – deyirdi mənə,
doğma Şuşa.
Şuşa büllur
sudan yoğrulan varlığın paklıq
və təmizlik rəmzidir. Vüqarlı görkəmi, solmayan təravəti, heç yerdə rast gəlinməyən bihuşedici
ətri adamı məst edirdi. Bir-birini tamamlayan gözəllik nişanələrinin
valehedici təsiri ruhumu yüngülləşdirmişdi.
İmkanım olsa, Şuşanın ziyarətinə
silahla, güllə və bıçaqla yox, bir dəstə
çiçəklə gedərdim.
Ən böyük qızılgül buketi bağlatdırıb hüzurunda
diz çökərdim
Şuşanın. Arzularıma
baxmayaraq, hər şey əksinə olurdu. Şuşaya uzanan kəmər yolun girişində donmuş qızılgül
kolu qarşıladı
bizi. Qızılgülün
üstündə donan
qar brilliant daşları
kimi bərq vururdu. Dilim-dilim aşağı uzanan buzlar sanki keçmiş
illərin nisgilli günlərini qızılgülün
ləçəklərindən sorub torpağa axıtmaq, qəmi və kədəri birdəfəlik dəfn etmək istəyirdilər.
...Biz Daşaltıya
çatanda irəlidə
hərəkət edən
xüsusi təyinatlıların
çevik batalyonları
düşmənin bütün
qüvvələrini alt-üst
etmişdilər. Bütün
mövqelər ələ
keçirilmiş, gözlənilən
bütün əks-hücumların
dəf edilməsi üçün tədbirlər
görülmüşdü. İndi bu müqəddəs türk məkanında hava da, torpaq da, təbiətin bütün
inciləri də Azərbaycan əsgərinin
isti nəfəsi ilə qızınır, onun gülüş və sevinci ilə fərəhlənirdi.
Başdan-başa paklanan
Şuşanın qürurla
çırpınan ürəyinin
döyüntüsü təbiətin
ahəstə ritminə
xüsusi bir gözəllik bəxş
etmişdi.
Belə bir şərəf yolunun başlanğıcında komandirdən
başqa, 12 nəfərlik
dəstəmizdən sağ
qalan yalnız Qurd və mən
idim! Xüsusi təyinatlı igidlər dörd bir tərəfdən
sıldırım qayalardan,
keçilməz dərələrdən,
cəngəl meşələrdən
Şuşaya doğru
hərəkət edəcəkdilər.
Onların nur çöhrəli üzlərinə,
həyat eşqi ilə işım-işım
işıldayan baxışlarını
seyr etdikcə gözlərim önündə
Şəhid başda olmaqla, igid döyüşçü
silahdaşlarımın xoş
çöhrəli surətləri
canlanırdı. Sanki silahdaşlarımız
ruhlarının nurunu
bu qəhrəman igidin canına əmanət edib Dərgaha qovuşmuşdular.
Xoş müjdəli
xəbər gözləyirdik.
Qurd ilə birlikdə daxil olduğumuz yeni döyüşçü
dəstə Şuşanın
fəthi yolunda hərəkət edəcəkdi.
Bu gündən döyüş
yollarımız ayrılırdı.
Burada da məni Tarix adı ilə çağırırdılar...
Qurd ilə iki qardaş sal bir daşın
üstündə baş-başa,
çiyin-çiyinə oturub
Gəncə qapıları
tərəfdən Şuşaya
baxırdıq. Qəfildən
kim idisə, “Elxan, bir az
da səbr elə, sanitarlar çatır”, – deyə səslənəndə
ikimiz də birdən yan tərəfə döndük.
Bizdən bir az aralıda qarayanız oğlan qayanın üstündə
oturub nəsə qurdalanırdı. Çiyninə
saldığı kitelinin
paqonlarından mayor olduğu
bəlliydi. Əvvəl
elə başa düşdük ki, paltarını
tikir. O, əl saxlayıb, onu səsləyən hərbçiyə
dedi:
–İmranov soyadını siyahıdan
sil. Yaramı özüm tikdim!
Payızın bu soyuğunda qurşaqdan yuxarı soyunub özünü yaylaqda
hiss edirmiş kimi, yarasını öz əlləri ilə tikən igid hərbçimiz sözlərini
bitirib qəhqəhə
çəkdi. Elə
bil ki, bununla təkcə canının
ağrısına deyil,
illərdən bəri
xalqımızı haqsızlığa
düçar edən
bütün zalımlara
meydan oxuyurdu: Bu, bizik!!!
Təzədən öz aləmimizə qapıldıq.
Necə oldusa, söhbət ailələrdən,
gözü yol çəkənlərimizdən düşdü. Qurd elə bil ki, qəlb boğçasının
düyünlərini açmağa
məqam axtarırdı.
Bu boğçanı qoydu
sıldırımın üstünə,
sonra əlinə bir çaylaq daşı alıb güllü parçanın
düyünlərini əzib
açdı onları.
Əlindəki daş
parçasını boğçanın
düyünlərinə elə
çırpırdı ki, onu açanda içindəki dərd-qəmi
də əzib məhv eləsin. Hər şey istədiyindən də təsirli olurdu. Qurdun vurduğu hər zərbə boğçasının içindəki
dərdi, qəmi zar-zar inildədirdi.
Yaşı otuza hələ çatmamış
bu cəsur gəncin sinəsində nə qədər dərd olarmış, İlahi!? O, danışdıqca,
öz ailə dərdlərimi unudurdum. Atasının faciəli ölümünü danışandan
sonra dedi:
–Anamı çox tez itirmişəm. Həmişə
deyərdi ki, kaş səni evləndirənə
qədər Şuşanı
azad edək, toy çadırını Cıdır
düzündə qurarıq.
Doğulacaq qız nəvəmin də adını Qərənfil
qoyaram. İnşallah,
Tanrı mənə qərənfil gülü
kimi göz oxşayan bir nəvə nəsib edər. Düzünü desəm, o vaxt yaşım və dünyagörüşüm anamın
söhbətlərini dərk
etməyə imkan vermirdi. Ah, anamın arzuları ürəyində
getdi!
Tüklərim biz-biz olmuşdu.
Elə bilirdim ki, Qurdun anası Bülbül müəllimə
olub. Gör bir analarımız Şuşa dərdi ilə hansı iztirabları çəkmişdilər!?
Hər ailədə Şuşa dərdi, hər ailədə qərənfil acısı,
xarıbülbül nisgili
yaşanmışdı. Bizim
ailənin qərənfil
dərdi qayalara dəysə, onu parça-parça edər,
dağlara toxunsa, dağıdıb toza çevirərdi. Mən isə indi öz
dərdimi unudub, Qurdun ürək parçalayan acılarına
şərik olmaq istəyirdim. Nə bilərdim ki, söhbət
ortaq dərdimizin üstünə gələndə
Daşaltının yuxarı
səmtində üstündə
oturduğumuz qaya parçası da buna tap gətirməyib
silkələnəcək.
Kövrəldiyimi hiss etdirməmək
üçün üzümü
yana çevirib diqqətimin onda olduğunu hiss etsin deyə, barmaqlarımla Qurdun diz qapaqlığını
sıxdım. O isə
kirimək bilmədən
danışırdı:
–Mənim xalam qızı var. Adı Xarıdır. BDU-nu[1] bitirib. Əslində,
doğma deyilik. Ona görə əsl adını da bilmirəm.
Xalam onu qaçqınlıq dövründə[2] Arazın sahilində tapıb. Axırıncı
dəfə anamın sağlığında görmüşəm
onu. Təxminən siz yaşda olar. Özü tapıldığını bilmir.
Xalam özlərini bütün qohumlardan təcrid edib ki, Xarı nə vaxtsa, özü haqqında həqiqəti öyrənib sarsılmasın.
Xarı iki gün Arazın sahilində ermənilərin
öldürdüyü anasının
döşünü əmibmiş.
Xalam bu barədə ancaq anama danışırmış.
Anam bütün bunları ölüm yatağında olanda mənə nağıl elədi. Deyirdi ki, hər dəfə Xarını görəndə
elə bilirdim ki, Arazın suları bu qızın adına ağı deyib şaqqıldayır.
Görünür, Allah məsləkinə
cani-qəlbdən bağlı
olanlara daha çox yardım edir. Qurdun mənə
danışdıqları ən
məşhur Hindistan filmlərindəki fantaziyalardan
da qüvvətli dram, faciəli
həyat hekayəsiydi.
Gözlərimin önündə
Xarının hər
zaman təbəssümlü olan çöhrəsi canlandı. Şəhid qardaşımız mobil telefon aparatına “cibtel” dediyi üçün biz də
döyüş yolumuzda
bu simsiz rabitə cihazına eyni adı vermişdik.
Ağzımı doldurdum
deyim ki, gəl, bu danışdıqlarını
bir-bir təkrarla “cibtel”lə videoya
çəkim, tez də fikrimdən daşındım. Qorxdum
ki, Qurdun ürəyinə
başqa bir şey gələr. Şəhid olacağına
eyham vururam. Birdən günəşin
şəfəqləri gurlaşdı.
Gördüm ki, ətrafımızda
nə qədər yarpaq varsa, hamısı
şəfəqlər altında
bərq vurur. Bu qədər əzəmətli,
canlı çəkilişin
olduğu hadisələr
nə vaxtsa, unudula bilərdimi? Heç vaxt! Necə ki, indi Qurd otuz il bundan
əvvəl yaşanmış
qanlı tarixi danışırdı, demək,
bizim söhbətimizə
də dağlar, qayalar nə vaxtsa, şahidlik edəcəkdilər!
Qəfildən hamını,
hər şeyi, harada olduğumu unudub Vidat müəllimi
xatırladım. Möcüzələr
dünyasından mənim
ömür payıma düşən acılar bir-birinin ardınca gözlərim önündə
səhifələnirdi. Birdən
mənə elə gəldi ki, Vidat müəllim ilə Qurd eyni həyat
dramının bütün
acı çalarlarını
bilir və bunu öz aralarında
razılaşıb mənə
hissə-hissə danışırlar
ki, ürəyim bu dərdlərin acısından
partlamasın, dözüm
və sonadək dinləyim onları. Az qalırdım, var gücümlə
hayqırıb, bağırtı
ilə dağlara, qayalara, meşələrə
səslənim ki, onların
xilası üçün
evdə yarımcan qoyub gəldiyim Qərənfili və Xarını da onlar unutmasınlar. Dil açıb küləkdən
qərənfil və xarıbülbül toxumlarını
istəsinlər. Günəş
də topa buludlara üz tutub, bu iki
çiçəyin hər
qarış torpaqda cücərməsi üçün
arzularıma həyan olmalarını təmənna
etsin.
Görəsən, Xarı
ürəyimdən keçən
bu istəkləri eşitsəydi, nə deyərdi? Bəs, Qərənfil? Bu suallar beynimdən keçəndə
Qurdun qürurlu və sakit səsi
məni xəyaldan ayırdı və bir anda da bədənim
gizildədi:
–Tarix, cənazəmi Şuşada
basdırın. Elə
yerdə ki, oradan Topxana görünsün.
İbrahim Xəlil Xanın
Kahası[3] tərəfdən əsən sərin meh qəbrimi ziyarət edənlərin üz-gözünü
yaladıqca, özlərindən
asılı olmayaraq, əllərini sifətlərinə
aparıb salavat çevirəcəklər. Məzarımın
üstünə mütləq
ovuc-ovuc qərənfil
gülünün toxumunu
səpərsən.
Çiynindən yapışıb,
var gücümlə özümə
tərəf çəkdim:
–Cani-qəlbdən
Vətən yolunda savaşmaq özü də şəhadətdir.
Ürəyimə damıb
ki, bir-iki günə qələbə elan olunacaq.
Müharibə bitəcək.
Əbədiyyətə kimi
bu rəşadətdən
danışılacaq. Təsəvvür
edirsənmi, son iki yüz ildə təkcə Azərbaycan deyil, bütün Türk-İslam dünyası
Şimali Kiprin azadlığından sonra
ilk dəfədir ki, işğal
altından torpaq xilas edir. Bunu
Azərbaycan edir, Azərbaycan!!!
Bu dəfə Qurd mənim çiynimi basdı:
–Dediklərinə
heç şübhəm
yoxdur. Çünki bu şərəf tarixində cəsarəti
və müdrikliyilə
bizlərə cəsarət
verən Şəhid,
Zirvəyə ucalan yolumuzu açan isə Cihad və silahdaşları oldu. İgidlərimiz bir-bir canlarından keçib, bizləri Zəfər yoluna çıxarıb şərəfləndirdilər.
Mavi səmada gözümə dəyən
qaraltı məni ayağa qaldırdı. Elə bildim, bizə tərəf qara bulud axır.
Bu vaxt gördüm
ki, yox, tamam başqa bir əzəmətdir. Qurd da
yerindən qalxıb qaraltının seyrinə
dalmışdı. O, məndən
fərqli olaraq özünü çox sakit və təmkinli
aparırdı. Adına
və özünə
yaraşan bir hərəkətlə əvvəlcə,
“Nə gözəl!”
– deyib pəncələri
üstə qalxdı və gördüklərindən
həzz alırmış
kimi davam etdi:
–Şuşa artıq mənən azaddır. Gör bir quşlar sevinclə, necə şövqlə rəqs edirlər?!
Elə bu vaxt Xarıdan “cibtel”imə SMS gəldi. Yazırdı: “Tarix, hamı danışır ki, bizimkilər
Şuşanı geri alıb. Azərbaycanın
hər yerində toy-bayramdır. İnan mənə, quşlar səmada, balıqlar dənizdə, meyvələr,
yarpaqlar ağac budaqlarında, buludlardan qopan yağış damlaları səmada sevincimizə qoşulub alqış edirlər”. Özümdən asılı
olmayaraq ani olaraq, bədii-romantik dünyama çəkildim. Xarıdan
halallığını alıb
bu gözəl ifadələri məmnuniyyətlə
“qeyd dəftərim”ə
yazdığım birinci
və sonuncu hekayədə uyğun bir yerə əlavə
edərdim.
Gözlərimi “cibtel”in
ekranından çəkib
aydın səmanı
seyr edirdim. Yalnız Qurdun sözlərindən sonra gördüyüm qaraltının
sığırçın dəstəsi olduğunun fərqinə vardım. Çox-çox uzaqlardan süzə-süzə, baş-başa
gələn sığırçın
dəstələri Şuşanın
üstündə sürü
ilə bir-birinin içinə girib göyün yeddinci qatına doğru milləndilər. Balina və delfin okean sularını burunları ilə necə yarıb üzə çıxırsa,
sığırçın dəstələri də eyni güclə baş-başa gəlib, bəyaz səmanı yara-yara göyün zirvəsinə doğru səmt aldılar. Bir andaca qartalı xatırladım. Sığırçınlar
gözlərim önündə
böyüyüb qartal
dəstəsinə çevrildilər.
Dağlar sultanı
ilk dəfə idi ki, sürü şəklində
qanad çalırdı.
Yana dönəndə ani olaraq
Qurdun yanında qartalın məğrur sifətini gördüm. Elə bil ki, bu müdhiş səhnəni seyr etmək üçün onun ruhu “mən
əbədi həyatın[4] nur çöhrəli
sakiniyəm!” – demək
üçün durduğumuz
daşın üstünə
qonaq gəlmişdi.
Ani olaraq gəldiyi kimi də, göz
qırpımında gözlərimdən
çəkilib getdi.
İndi yenidən
göyün üzündən
dünyaya meydan oxuyan sığırçın
sürüsünə tamaşa
etməyə başlamışdım.
Xarının Şuşanın
azadlıq müjdəsi
ilə yazdığı
SMS məktubuna cavab olaraq qəhrəman şəhərin səmasında
dövrə vuran sığırçın dəstəsinin
şəklini çəkib
göndərdim. Dalınca
yazdım ki, İnşallah,
bu şərəfli gün yaxındadır.
Biz artıq Şuşanı
görürük! Artıq
ruhən Şuşa ilə qucaqlaşmışdıq.
Uzaqdan seyrinə dalmaq nə qədər əzəmətliydisə,
könül oxşayan
bu türk qalasının yaxınında
olmağın öz, qoynuna qısılmağın
tamam başqa bir ləzzəti vardı. Bu həzzi, bu ləzzəti hiss edir, qürurlanırdıq.
Baş-başa gələn
sığırçın sürüləri ox kimi səmaya doğru qanad çalırdı. Buludlar yavaş-yavaş səmadan çəkilib günəş şüalarına
yer verməyə başladılar. Bu vaxt sığırçın sürüləri
ucu-bucağı görünməyən
əzəmətli bir
dəhliz yaratdı. Günəşin şəfəqləri
bu dəhlizlə dümdüz Şuşanın
üstünə çilənir,
hər zaman aydın səmaları bəzəyən
ulduzlar ilk dəfə
idi ki, günün günorta çağı
gözə dəyir və indi sərt
qayaların üstündə
bərq vururdular. Şuşa ilə Günəş arasında
yaranmış nur körpüsü getdikcə
gurlaşırdı.
Qurd qəflətən
saatına baxdı və tövşüdü.
Sanki nələrinsə, baş
verəcəyindən, söhbətinin
yarımçıq qalacağından
təlaş keçirirdi.
Titrək bir səslə sözə başladı:
–Anamın arzusu mənə Cıdır düzündə
toy çadırı qurmaq
olub. Mən də anamsız nə ailə qurmaq, nə də toy etmək fikrindəyəm. Şəhadətə
də elə Cıdırın küləyini
dadandan sonra yüksələcəyəm. Tarix,
sən də son istəyimi yerinə yetirərsən. Şuşanın
harasında dəfn olunsam, mənim üçün Cıdır
düzüdür. Şükürlər
olsun Allahın böyüklüyünə, ucalığına,
əzəmətinə! Nə
gözəldir, Şuşa
torpağında əbədi
həyat qazanmaq, İlahi!? Şuşanın
fəthi xarıbülbülə
əbədi həyat verəcək. Məzarım
üstündə ona görə qərənfil
istəyirəm ki, heç
vaxt onun çəkdiyi acılar unudulmasın!
Birdən Cəsurun
sözlərini xatırladım:
Allahın sevgisi idi ki, bu şərəfsiz
işğalçılar torpaqlarımızı
sülh yolu ilə geri qaytarmadılar.
Yoxsa, qiyamətə qədər xalqımızın
üzündə silinməz
ləkə qalacaqdı.
Minnət yükü qəddimizi əyər, çiynimizi sındırıb
qamətimizi şaqqalayardı.
Mənə elə gəlirdi ki, şəhidlərin
ruhları Şuşa
səmalarında qanad
çalır və mələk qiyafəli görkəmləri ilə
ətrafın göz oxşayan gözəlliyinə
xüsusi bir əzəmət verirdilər.
Səmada axışan
buludların naxışabənzər
kölgələri ata
yurdumuzun əzəmətinə
yeni bir möhtəşəmlik
bəxş edirdi. Dodaqaltı: “Yeriniz məlum, igidlər. Böyük Tanrı Əbədi məkanınızı
qiyamətə qədər
rahatlıqla qorusun”, –
pıçıltımı Qurd eşitdi və dönüb gözlərimin içinə
baxanda baxışlarındakı
intiqam alovunun istisindən heyrətlənib
əllərimlə üzümü
örtdüm.
Lopa buludların kölgələri günəş
şəfəqlərinə çevrilib hər yerə nur çiləyirdi.
Elə bu anda düşündüm
ki, Şuşa Yer kürəsinin yeganə günəş şəhəridir.
Ətrafda nə vardısa, hamısı günəş kimi işıqlı, nurlu və parlaqdı. Elə Topxananın özü də. Göz oxşayan meşənin hər bir ağacı günəş şəfəqlərinə
bürünüb, öz
şəms gözəlliyi
ilə dünyaya meydan oxuyurdu. Bir-birinə heç bənzəməyən ağaclar
nəhəng gövdələri,
yaraşıqları, əyilməz
qamətləri ilə
öyünə-öyünə bəhsə girmişdilər.
Bu gözəlliyi seyr
edən külli-aləm
heyrətamizin ziba görkəmindən həzz
alırdı. Kahanın
bu biri üzündən
Topxananın seyrinə
dalan Şuşa ağacların bəhsindən
qürrələnirdi.
Vətən yolunda canını fəda edən şəhid silahdaşlarımızı unutmağa
haqqımız çatmırdı.
Buna baxmayaraq, bəzən
günlərlə onları
düşünməyə belə vaxt tapa bilmirdik. Şuşaya istiqamət alandan sonra nəfəsimizin hərəkəti də bu müqəddəs varlığın azadlığı
yoluna bağlanmışdı.
Qan-tər içində
irəlilədiyim bir vaxtda düşündüm
ki, şəhid, qazi və nakam ruhlarımıza
ən böyük ehtiram elə dayanmadan, qorxmadan, böyük qəhrəmanlıqla
irəliyə doğru
atdığımız addımlardır.
Pəncələrimizin toxunduğu
ana torpaq öz titrəyişi ilə bütün nakam ruhlara, onilliklər boyu “Vətən!” deyib sızıldayan ürəklərə, bütün
Türk dünyasına,
İslam ümmətinə, insansevərlərə öz
minnətdarlığını çatdırırdı.
Ağır döyüşlərlə
gəlib çıxdıq
Şuşanın girişində
vaxtilə Qara Yanvar şəhidlərinin
xatirəsinə ucaldılmış
yarımçıq abidənin
qarşısına. Burada
azacıq hazırlıq
işləri görüb
yenidən hücuma keçəcəkdik. Bakı
metrosu məni “20 Yanvar” stansiyasında qoynuna alıb, “Azadlıq” stansiyasından
cəbhəyə yola
saldığı kimi,
Günəş Şuşa
da eyni adlar arasında əzizləyirdi
bizi. İndi bu Cənnətməkanda eynilə
20 Yanvar günü yaşanan acıları xatırlamağa başladım.
Uşaq yaşlarında
gördüklərim, eşitdiklərim,
oxuduqlarım film kimi gözlərim önündə
canlanırdı. Gözlərim
önündə qocalı,
qadınlı, cavanlı
əliyalın insanların
ümidsiz görməkləri,
Qarabağın ölkəmizdən
qoparılmasına, kəndlərimizin
yandırılmasına, bir-birini
əvəz edən ağır terror aktlarına
etiraz etdikləri nümayişlər canlandı.
Çox uzaqlarda tank tırıltısı eşitdim.
Özümdən asılı
olmayaraq var gücümlə:
“Çəkilin kənara!
Tank gəlir, hamınızı
əzəcək indi”,
– deyib bağırdım.
Əliyalın Vətən
fədailəri yerlərindən
tərpənmədilər. Elə bu vaxt
üz-gözü çirk-pasaq
içində olan igidlərdən biri yaxınlaşıb qolumdan
yapışdı. Asta
hərəkətlə kənara
çəkib dedi:
–Bir-iki qurtum su iç,
sakitləş!
Elə bil ki, yuxudan ayıldım. Ətrafımda silahını
silən, çubuq qırıqları ilə
çəkməsinin palçığını
təmizləyən, patronları
darağa dolduran igidlərin hamısı öz işindəydi. Şərəf yolunun son akkordlarını ifa etmək üçün hazırlıqlar gedirdi!
Qorxduğumu düşündüyünü
zənn edib, yanımdakı hərbçidən
utanıb başımı
aşağı saldım.
O, əsgəri su qabını zorla əlimə basıb dedi:
–Sizi tanıyıram. Bizim kəşfiyyatçı qəhrəmanların
cənazələrini Laçın
ərazisindən gətirmişdiniz.
Doğma qardaş
mehribanlığı ilə
qucaqlaşdıq. Əlini
geri qaytarmamaq üçün su qabını başıma
çəkdim. Amma igid
qardaşımın dar
gününün ümid
yeri olan suyuna qıymadığım
üçün dodaqlarımı
bərk-bərk sıxdım
ki, onun su payından udmayım.
...Yuxudamı görmüşdüm, ruhumamı
agah olmuşdu, deyə bilmərəm, amma mən bu
yerləri qarış-qarış
tanıyırdım. Birdən
yuxarıdan iri bir kölgə üstümə düşdü
və çəkilib
getdi. Qurdun isti nəfəsi sifətimə toxunanda ətrafın gözəlliyindən
məst oldum. Gözlərim önündə
hər yerdə qərənfil canlananda dəli kimi bağırıb avtomatı
səmaya çevirdim.
Elə bu vaxt hücuma keçmək əmri verildiyi üçün tətiyi çəkmədim.
Hər güllənin
dəyəri vardı,
buna haqq edənlər
olacaqdı, onu havaya atmaq olmazdı.
...Budur, şəhərdə qanlı
döyüşlər gedirdi.
İgidlərimiz sıldırım
qayaların qoynuna sığınıb şəhərə
dırmanmışdılar. Qurd da daxil olmaqla,
qayalara sürtünə-sürtünə
zirvələrə dırmaşan
igidlərimiz bəşəriyyət
yaranandan bəri Yer kürəsinin ilk və sonuncu silahlı alpinistləri kimi tarix qazanmışdılar.
Onların şərəf
yolunun səltənətini
söz və ifadələrlə daşlara,
qayalara, dəri kitabələrə, efirlərə
həkk etməyin şərafəti mənim,
məhz mən Tarixin üzərinə düşürdü. Şəhadətin
şərafətini dərk
edərək qayalardan
dırmaşan igidlər
düşmənə qan
uddururdu. Yolun kənarında xırda bir təpənin aramsız atəşə
tutulduğunu fərq edib əmin oldum ki, orada ya mövqeyimiz var, ya da tək-tək gizlənənləri nişangaha
götürüblər. Atəşlər
snayperdən açılırdı.
Bəxtəbəxt atəş
nöqtəsinə iki
güllə sıxdım.
Məsafə yaxın
olmasa da, vurduğum hədəfdə güclü
partlayış oldu. Onun ardınca tükürpərdici bağırtı
eşidildi. Beş-on metr sürünüb, təxminən, adam boyu hündürlükdə
olan divarın arxasında daldalanıb həmin o təpəyə
tərəf baxdım.
İlk gördüyüm Toxgöz[5] oldu. Bir yerdə dayanmadan, nəyinsə, başına fırlanırdı.
Ləhləməsini, pəncələri
ilə yerdən çıxardığı cırmaq
səslərini aydın
eşidirdim. Bir-iki ağız çağırdığımı
eşitdi, səsimi tanıdı, amma məhəl qoymadı. Təxminən də olsa, nə baş
verdiyini anladım, qorxdum və ürpəndim! Diqqət edəndə yerdə yaralı uzandığının
fərqinə vardım.
Yaralının Qurd olduğuna heç bir şübhəm qalmadı.
Yaralıya tərəf
yaxınlaşmaq istəyəndə
sol çiynimdə dəhşətli
sancı hiss etdim. Ağrıdan səndələyib
yıxıldım. Özümə
gələndə əlimi
çiynimə, sinəmə
aparıb haradan yaralandığımı yoxlamağa
çalışdım. Əlimə
qan dəymədi. Snayperin dəqiq atəşindən məni
gümüş sikkə
xilas etmişdi. Tarixin daha bir
gücü! Cibimdən
sikkəni çıxardım
ki, güllənin zərbəsindən
az qala, iki qatlanacaqmış kimi yuvarlaq əyilib.
Yaxınlıqdakı yaralını
yadıma salanda bir anda yaşayıb-yaşamamağımın
fərqini unutdum. Göydəki buludlardan biri sıldırım daşa çevrilib məni altına salsa, yaxud bu dəfə
snayper lap başımdan
vursa, buna razı olardım, nəinki Qurdu yaralı görməyə. Onun cansız ola biləcəyini
düşünəndə bədənimdən gizilti
keçdi. Bu anda nə ölümdən qorxdum, nə əsir düşməkdən,
nə də ki, mina üstünə çıxmaqdan.
Divarın arxasından
çıxıb təpəyə
tərəf yüyürdüm.
Elə bu an Cıdır düzü tərəfdə iki mina partlayışı eşidildi.
O, tərəfə baxmaq
belə istəməyib
addımlarımı yeyinlətdim.
Özümü yetirəndə
gördüm ki, axan qanını qoxulamaqdan doymayan Toxgöz səmadan, torpaqdan, havadan, sanki imdad diləyirmiş kimi inildəyir. Yerə-göyə sığmayan
vəfalı məni görəndə günahkar
kimi boynunu qısıb quyruğunu ayaqları arasına aldı və zingildədi.
Diz çöküb
Qurdun yanında oturdum...
Şimşək səsi
eşidib yerimdə dikəldim. Elə bil ki, mavi səma
nəhəng bir ağaca çevrilib zoğlarına nur vermişdi. Bizim Günəş Şuşa
geri alınmışdı.
Hər yerdə alqış səsləri
gəlir, səmaya qələbə atəşləri
atılırdı. Bir anda
gözlərim önündə
Qərənfilin gül
kimi aydın, amma solğun bənizi canlandı. Şuşanın azadlığı
ilə bağlı müjdəni onun necə qarşılayacağını
nə qədər düşünsəm də,
ağlım heç nəyi qəbul etmədi. Elə bil ki, düşünmək
qabiliyyətim donmuşdu.
Qurdun dizimin üstündə saxladığım
başını əzizləyir,
saçlarına sığal
çəkir, artıq
gec olduğunu bilsəm də, gözlərini əbədi
yummaması üçün
ona yalvarmaq istəyirdim. Göz qapaqlarını barmaqlarım
arasında saxlayıb
geniş açırdım
ki, yumulmasın, Şuşanı
doyunca görə bilsin. Bir anda mənə elə gəldi ki, onun özü istəsə, yaşaya bilər. O isə şəhadət yolundan geri dönmək
fikrində deyildi!
Qurd dərindən köks ötürdü. Yenidən dünyaya gəlmək, bax, elə bu idi.
Sevincdən bütün
vücudum titrədi. Birdən inci şəhər Şuşada
hərəkət dayandı.
Quşlar qanad saxladı, külək əsmədi. Günəşin
şəfəqləri gurlaşdı,
amma mil kimi hərəkətsiz dayandılar.
Bütün canlı aləm Qurda qulaq kəsildi:
–Tarix, canım yüngülləşir!
Şəhid oluram! Haqqını halal et. Mənə
ağlama! Bakıda Şəhidlər xiyabanından
bir qərənfil götürüb qurudarsan.
Sonra da əllərinin içində
möhkəm-möhkəm ovub
məzar torpağıma
səpərsən. Toxumunu
istəmirəm. Qurudulmuş
gülün ovuğunu
səpərsən məzarım
üstünə, onlar
cücərib...
Bəlkə də əynində dəmir dəbilqə olmasa, Qurdun yaşamaq şansı yüksək
ola bilərdi. Bir-birinin
ardınca sinəsindən
keçən ağırlıq
mərkəzi kənarda
olan güllələr
daxili orqanlarını
dağıtmışdı...
Qurdla son döyüş
səhnəmizin akkordları
bizim ayrılıq səhnəmiz olmuşdu. Təkcə mənim yox, əsl tarixin
də heç vaxt unutmayacağı bir səhnə: Hər ikimiz snayperlə silahlanmışdıq.
Sadəcə olaraq, hədəf nöqtəsinə
fərqli yollarla hərəkət edəcəkdik.
Yetərincə güllə
ilə yükümüzü
tutub yola düzəlmişdik. Şuşanın
mehi üz-gözümüzü
yalayan bir anda, Toxgöz bütün mehri ilə ayaqlarıma dolaşmağa başladı.
Vəfalının mənimlə
sağollaşıb Qurda
yoldaşlıq edəcəyini
görəndə ürəyim
titrədi. Əslində,
onun Qurda yoldaşlıq etməsindən
çox sevindim. Aşağı əyilib üzünü tumarladım,
gözlərindən öpdüm.
Savaş günlərimizin
sədaqətli yol arxadaşına hamımız
adından minnətdar
idim! Vidalaşıb ayrıldıq. İki qardaş qucaqlaşıb,
halallaşıb yola çıxmışdıq. İndi yaşadığımız ayrılıq
səhnəsi bu yolun sonu, yeni bir yolun başlanğıcı
olacaqdı!
İndi Günəş
Şuşanın şəfəqləri
altında şərəfli
döyüş yolumuzun
ayrılıq səhnəsinin
son akkordları çalınırdı.
...Qurd kaha tərəfdən qayalıqdan
Şuşaya dırmaşan
igidlərlə çiyin-çiyinə
yol gəlib Zirvəyə ucalmışdı.
Şəhadət və
qazilik vəhdətindəki
məğrurluq toxumundan
cücərən çiçəklər
onların əbədiyyət
yoluna ətir saçırdı. Mənim
taleyimə isə kəmər yolla irəliləmək düşmüşdü.
Qurdu təxminən,
1880 metr aralıdakı
kilsədən açılan
atəşlə vurmuşdular.
Zərdüşt məbədinin
erməni kilsəsinə
çevrilməsindəki tarixi
saxtakarlıq təkcə
onun quruluşunda deyil, eləcə də terrorçuların
isti yuvasına çevrilməsindən görünürdü.
Qurdun döyüş
mövqeyindən bir az aralıda daha iki igidimiz
kilsədən açılan
snayper atəşi ilə şəhid olmuşdu.
Hamısı silahlı,
kürəyini düşmənə
çevirməyən bu
qəhrəman igidlər
mərkəzdən verilən
“kilsəni dağıtmaq
olmaz, ora atəş açmayın!”
tapşırığının güdazına getmişdilər.
Bu fürsəti qaçırmayan
amansız düşmən,
yenə də, xislətinə uyğun namərdlik etmişdi..
***
Xarının Qərənfil
ilə bağlı qərarı ürəyimi
qürurlandırmış, məni uşaq kimi kövrəltmişdi.
Yazdıqlarından, göndərdiyi
şəkillərdən aydın
görünürdü ki, dedikləri
həqiqətdir: həftədə
ən azı iki dəfə xəstəxanada Qərənfilə
baş çəkirdi.
Onun səhhətindən
söz salmasa da, mən hər şeyi başa düşürdüm...
Xarı gen-bol həkimlərdən gileylənirdi
ki, Qərənfilin yanında
çox qalmağa imkan vermirlər. Ürəyi və bütün daxili orqanları tam sağlam olduğu üçün
həkimlər Qərənfilin
təbii doğuş etməsini istəyirdilər.
Bu, həm də onun depressiyadan çıxması üçün
görülən tədbir,
son ümid imiş. Savaşdan, döyüş
meydanından, güllə,
mərmi səslərindən
başım açılan
kimi xatirələr dünyasına qapılıb,
olub-keçənləri yadıma
salır, çoxunun mümkün olduğuna inanmasam da, fantastik xəyallar qururdum. Oğlumuz doğulacaqdı,
oğlumuz..! Düşməni hər tərəfdən dalana dirəsək də, həm qələbənin elan olunmaması,
həm də Qərənfilin başqa bir ad nəzərdə tuta biləcəyini düşündüyüm üçün
övladımıza fikirləşdiyim
Qələbə adını
dilimə gətirmirdim.[6]
İndiyədək adamlarda
bu ada rast
gəlməsəm də,
mənə elə gəlirdi ki, türk kişisinə yaraşan ən gözəl isimdir və düşməni məhv edəndən sonra bu ad çox geniş yayılacaq. İstanbulun fəthi, Çanaqqala zəfərinin,
Sakarya meydan döyüşlərinin, İqdırın,
Qarsın, Ərzurumun,
Naxçıvanın qurtuluşu,
Təbrizin, Bakının,
Gəncənin, Ərk
və Əlincə qalalarının müdafiəsi
yollarında, Türküstanın
müstəqilliyi naminə
canlarını fəda
edən qəhrəman
əcdadlarımızın törəmələrinə bundan
sonra bu adı çox qoyacaqdılar.
Şuşanın fəthi
üçün çıxdığımız
üç gün, üç gecəni say-seçmə igidlərlə
çiyin-çiyinə yol
gəlmişdik. Qarlı
dağları aşıb,
cəngəl meşələri
keçib, çırmalanmadan
çaylar adlayıb Şuşaya çatmışdıq.
Bəli, belə qəhrəmanları olan xalq, sadəcə olaraq, illərdən bəri uzaq düşdüyü qeyrət
qalasına yüyürə-yüyürə
gəlib çatmışdı.
Dağları aşıb,
qayaları yalın əllə dırmaşan
igidlər göz oxşayan gözəlliyi ilə mübarək qədəmlərə “xoş
gəldin!” edən Şuşanı yağıdan
təmizləyib, hər
bir qarış torpağı paklaşdıra-paklaşdıra
şəhərin müqəddəsliyini
özünə qaytarmışdılar.
Şəhərə girəndə
sevinc hissləri gözlərimi elə qapatmışdı ki, dağıntıları,
illərdən bəri
qeyrət qalamıza verilən əzab-əziyyətin
nişanələrini görmək
istəmirdim. Hər şey gözümə gözəl, ülvi, vüqarlı görünürdü.
Günəş Şuşa
par-par yanır, bütün
dünyaya şəfəq
saçırdı...
Qurdun cəsarəti
güc verdi mənə,
Qayadan dırmaşmaq
yaraşır ərə,
Qürurdur, şərəfdir
olanlar elə,
İnamın, inancın
getmədi yelə,
Zəfəri qazandın
döyüşdə belə!
Döyüşdə belə!!!
Bu misraları Şuşada İnternat məktəbinin həyətində
toplaşan igidlərin
sazlı-sözlü məclisində
eşitmişdim. Bir qismi
qurşaqdan yuxarı köhnə bir divarın, bəziləri əllərinə keçən
daş parçalarının
üstündə oturan,
ikisi isə otluğun üstünə
yayxanan igidlər öz aləmlərinə
elə qapılmışdılar
ki, sanki dünyada bir özləri vardı, bir də Günəş Şuşa! Əsgər paltarlı aşığın
titrək səslə
oxuduğu misralara həzin dad qatan parlaq simlərin cingiltisi səmada qanad çalan quşları da dayandırmışdı.
Dörd bir tərəfdən aydın
görünən bu
milli hərbi folklor məclisinə əzəmət
gətirən igidlərin
rəşadətli Qələbəsi
idi. İgidlər səmimi davranışları
və təbii düzülüşləri ilə
o qədər arxayın
və qayğısız
tablo düzəltmişdilər
ki, burada ancaq mənəvi rahatlığın
gözəllik səltənətinin
tərənnümü görünürdü.
Gözlərim hər yerdə Qurdu və onun timsalında
igid qardaşlarımı
axtarırdı. Dəstəmizin
igid şəhidlərini
bircə an bunların
arasında görmək
üçün sızıldadığım
bir vaxtda eşitdiyim bu misraların bizim Qurda qoşulduğunu haradan bilərdim ki? Başı, qolu, ayağı sarıqlı
cəsurluq rəmzi olan bu qəhrəmanların
yanında dayanmaq istəsəm də, diqqətlərini yayındırıb
mənəvi dünyalarından
ayıra biləcəyimdən
qorxub, dərhal kənara çəkildim.
Onlar heç tərəddüd etmədən
rəşadət səltənətinin
gözqamaşdırıcı aynasına baxmaqdan usanmırdılar. Çünki
bu mənəvi səltənət onlara verilməmişdi, onu qazanmışdılar! İndiyədək
dünyadakı heç
bir müharibədə
misli görünməyən
Şuşa qalibiyyət
dastanının mürəkkəbi
igidlərin qanı, qələmi bədənlərindən
ayrılan əzaları
olmuşdu. Günəş
Şuşanın azadlıq
dastanı aydın səmaya həkk olunmuşdu. Şəhərin
sevinc hisslərini dərk edə bilən hər kəs bu dastanın
məzmununu işıqlı
səmanı seyr edərək oxuya bilərdi!
İndi tamaşasına
dayandığım igidlərin
sevinc və rahatlığı şəhid
və qazilərin füsunkar varlığını
zirvələrə yüksəldib
ən uca yerdən bütün cahana göstərirdi: Bu, bizik! Qarabağ Azərbaycandır! Böyük
bir xalq Vətənin dar günündə Vətəndar
olub imperiyalara meydan oxuya-oxuya ana torpağı asidən xilas etmək üçün şərafət
yürüşünə çıxmışdı.
İgidlər sıldırım
qayalara sarılıb,
yuxarıya dırmaşa-dırmaşa
zirvələri fəth
etdilər. Birinci fəthimiz bu qayaları dırmaşmaq
idisə, ikinci fəthimiz təpədən-dırnağa
kimi silahlanmış düşməni barmaqlarımızla
boğa-boğa, dişlərimizlə
çeynəyə-çeynəyə məhv etməyimiz oldu. Şəhəri vandallardan, qatillərdən
təmizlədik. Boyuna
biçilən azadlıq
libasını ahəstə-ahəstə
Şuşanın əyninə
geyindirdik. Qoca Qafqazın sərt dağ təpəsində
dünyanın nadir incisi
olan Şuşanı təkcə düşməndən
azad etmədik, onun bütün varlığına, mədəniyyətinə,
tarixinə, təbiətinə
yeni bir həyat verdik, dağıdılıb
məhv edilməsinin,
murdarlanmasının qarşısını
aldıq. Şuşa indi azaddır, azad! Ulu ruhlar, sevinin, “Şuşa” deyə-deyə dünyadan
nakam köçən
sevgili insanlar, ruhunuz şad olsun, məzarınız üstündə bundan sonra əkilməyən toxumların gül-çiçəyi
bitəcək. Qurdun məzarı üstündə
göyərəcək qərənfil
gülünün toxumları
hara düşsə, orada
xarıbülbül bitəcək.
İgidlərin çal-çağır
məclisindən aralanmaq
istəyəndə müharibənin
qızğın günlərində
müşayiət etdiyimiz
minatəmizləyən qrupun
sıra ilə gəldiyini gördüm. Uzun illərin ayrılığından sonra
qəflətən doğma
qardaşı görəndə
keçirilən hissləri
yaşadım. Dəstənin
önündəki hərbçinin
mənə Azıxdan
tapdığı gümüş
sikkə bağışlayan
igid olmadığını
görəndə dizlərim
iki büküldü.
İgidlərin arasında
məni tanıyanlar oldu. Başlarını aşağı saldılar.
Sarsıdıcı xəbərə
dözə bilməyəcəyimdən
qorxub, sakitcə yanımdan ötüb-keçdilər...
Sabir Şahtaxtlı
Ədəbiyyat
qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 10-11.