“Fəxr edirəm ki, Azərbaycan ədəbiyyatı
tarixində "Azərbaycanın Xalq yazıçısı" fəxri
adına layiq görülmüş
ən gənc yazıçı mən olmuşam və bu Sərəncamı mənim
Prezidentim İlham Əliyev imzalayıb”
Azərbaycanın və bütün dünyanın miqyasını illər sonra layiqincə qiymətləndirə bildiyi tarixi hadisədən iyirmi il ötür. Dahi Prezidentimiz Heydər Əliyevin vəfatından sonra çoxları şübhə içində idi. Ümummilli liderimizin oğlu, yetərincə gənc bir insan üzərinə düşən ağır öhdəlikləri qaldıra biləcəkmi? Onun, necə deyərlər, dözümünü sınamağa tələsən qaragüruh elə seçkilərdən həmən sonra, şəhərin mərkəzində qarışıqlıq törətdi. İki il sonra bəzi keçmiş tərəfdaşları da Prezidentə qarşı çıxdılar. Qarabağ məsələsi Damokl qılıncı kimi azərbaycanlıların başı üzərində asılı qalmışdı. Münaqişəni həll etməyi üzərinə götürən təşkilatın həmsədrləri də, ölkələri də açıq-aydın ölkəmiz əleyhinə köklənmişdilər. Elə indi də onlardan ikisi sabitliyin pozulması üçün əllərindən gələni edir. Daxili düşmənlər də bir ayrı mövzudur. Üstəgəl, Ermənistanın heç bir kompromisə getməyən keçmiş rəhbərliyi. Üstəgəl, dirçəliş mərhələsində olan iqtisadiyyat. Üstəgəl, bölgə və müəssisələrdəki kütləvi korrupsiya. Üstəgəl, müharibəyə hazır olmayan ordu. Onun atası 90-cı illərin əvvəllərində ölkəni məhv olmaqdan xilas etdi, iqtisadiyyatımızın inkişafının təməlini qoydu, ordunu gücləndirməyə başladı. Ona da mane olmaq istəyən qüvvələr az deyildi, istər daxildən, istər xaricdən. Oğul atasının yolunu davam etdirdi. İqtisadiyyat görünməmiş sürətlə inkişaf edirdi. Ordu möhkəmləndirilirdi. Müasir silahlar alınırdı. Aydın idi ki, qonşularımız heç bir razılaşmaya getməyəcəklər. Bu illər ərzində Bakının siması dəyişdi. Yeni yollar salındı. Hər yerdə, bölgələrdə təməlli dəyişikliklər baş verdi. Qonşularla əlaqələrimiz möhkəmləndi. Rusiya ilə münasibətlərimiz yeni səviyyəyə yönəldi. 2020-ci ildə İlham Əliyev münasib şəraitdən ustalıqla istifadə edərək işğala qarşı müharibəyə başladı. Əminəm ki, o, müvafiq hücumun mürəkkəbliyini anlayır və dəqiq hesablayırdı. Faktiki olaraq Heydər Əliyevin irsi və ailəsinin taleyi təhlükə altında idi. Hətta ölkəmizdə də, xaricdə də ordumuzun məğlubiyyətini istəyənlər yetərincə idi. Milli satqınlar səbirsizliklə bizim tərksilah olmağımızı gözləyirdilər. Alınmadı. Prezidentimizdən ilham alan, müəllimlərimizin, yazıçılarımızın, qəhrəman anaların tərbiyə etdikləri əsgər və zabitlər Vətən uğrunda döyüşə atıldılar. Minlərlə könüllü, Ali Baş Komandanına inanan ordu qeyd-şərtsiz zəfər çaldı. Azərbaycanın işğal altında olan bölgələri azad edildi. Amma Dağlıq Qarabağın ərazisində hələ də separatçılar silahı yerə qoymamışdılar. Sülhməramlı silahlı qüvvələrin həmin ərazilərə yeridilməsi məsələsində İlham Əliyevin parlaq, uzaqgörən diplomatik siyasəti öz bəhrəsini bir qədər sonra verəcəkdi. Nə qədər "tənqidçilər"in, bədxahların əlinə fürsət düşdü. Qarabağ geri alınarsa, qulağını kəsəcəyini vəd edənlər vardı. Üç il sonra yenə münasib anı dəyərləndirərək, İlham Əliyev qəti hücum əmri verdi. 35 il sürən münaqişə bir gündə həll olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Təkcə bu tarixi qələbəyə görə atası ilə bərabər İlham Əliyevin də ölkəmizin hər guşəsində abidəyə haqqı çatır. Tarixdən bilirik ki, nəhəng liderlərdən sonra bir çoxlarının xələfləri onların qurub-yaratdıqlarını tarmar etmişlər. İlham Əliyev atasının layiqli davamçısıdır. Babasının layiqli nəvəsidir. O, Azərbaycanı müzəffər, ən mürəkkəb məsələləri həll etməyə qadir dövlətə çevirdi. Ən başlıcası, döyüşlər zamanı qarşı tərəfdən bir uşağın qanının tökülməsinə imkan vermədi, mülki əhali bombalanmadı. Biz ərazi bütövlüyümüzü minlərlə mülki insanı öldürmədən qazanmışıq. Bu da İlham Əliyevin tarixi xidmətidir. Onun minlərlə insana yardım edən, hər zaman yanında addımlayan həyat yoldaşı barədə danışmaya bilmərəm. Birinci vitse-prezident Mehriban xanım, həqiqətən, Prezidentimizin məsləkdaşı və dostudur.
Tezliklə seçkilər olacaq. Mən fəxr edirəm ki, bir neçə dəfə onun vəkili olmuşam. Mən fəxr edirəm ki, o mənim kitablarımı oxuyur. Fəxr edirəm ki, Azərbaycan ədəbiyyatı tarixində "Azərbaycanın Xalq yazıçısı" fəxri adına layiq görülmüş ən gənc yazıçı mən olmuşam və bu Sərəncamı mənim Prezidentim İlham Əliyev imzalayıb. Əziz İlham Heydər oğlu Əliyevi ad günü münasibətilə təbrik edirəm. Heç şübhəm yoxdur ki, milyonlarla azərbaycanlı prezident seçkilərində ona səs verəcək. Bu haqqı o, dövlətçiliyimiz, xalqımız qarşısındakı xidmətləri ilə qazanıb.
Cingiz Abdullayev
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 2.