Barat Vüsalın "Ayrılmaz Yollar" kitabının təqdimatı keçirilib

 

Dekabrın 16-da "Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində şair, publisist, ictimai xadim, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsalın "Ayrılmaz yollar" kitabının təqdimatı keçirildi.

Kitabda müəllifin müxtəlif ədəbi nəsillərə aid yazdığı məqalələr, açıq məktublar, bir sıra xatirələr, bir çox kitablara yazdığı ön sözlər toplanmışdır. Kitab 4 fəsildən ibarətdir. Birinci fəsil "Boxça çiçəyi" adlanır. Boxça çiçəyi xalq arasında "solmaz çiçək" hesab olunur. O çiçək dəriləndən sonra heç vaxt solmur. "Boxça çiçəyi" fəslinə şairin klassiklər haqqında yazdığı məqalələr daxil edilib. İkinci fəsil "Bir ocağın övladıyıq" adlanır. Bu fəsildə müxtəlif nəsillər haqqında yazılan məqalələr toplanmışdır. Üçüncü fəsil "Bir qom bənövşə" adlanır. Bu fəsildə həcmcə kiçik, xatirə xarakterli yazılar yer alıb. Dördüncü fəsil "Bir şamın kölgəsində" adlanır. Sonuncu fəsildə Barat Vüsalın müxtəlif kitablara, xüsusən gənc şair və yazıçıların kitablarına yazdığı ön sözlər, uğurlu yollar öz əksini tapıb. Kitabın rəssamı "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Qafar Sarıvəllidir.

Kitab "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun maliyyə dəstəyi ilə işıq üzü görüb.

Təqdimat mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov, Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, professor Rüstəm Kamal, şair-yazıçılar, ziyalılar, media nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov açaraq qonaqları salamladı. İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasından, fəaliyyətindən danışaraq dünyasını dəyişən ziyalıları rəhmətlə andı. "Qazax" Xeyriyyə İctimai Birliyinin hər kəsin üzünə açıq olduğunu söylədi. Bu cür ədəbi tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında vacib və əhəmiyyətli olduğunu söylədi. Qazaxda yaşayıb Azərbaycan ədəbiyyatına xidmət edən, çağdaş Azərbaycan poeziyasının inkişafında xüsusi xidmətləri olan və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində Barat Vüsal yaradıcılığının özünəməxsus yeri olmasını qonaqların diqqətinə çatdırdı: "Barat Vüsal Qazaxdan Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına xidmət edən görkəmli şairlərdən biridir. Onun özünəməxsus dəsti-xətti, özünəməxsus yaradıcılığı var. Onun şeirlərini oxuduğun an ilk misrasından anlamaq olur ki, bu şeir Barat Vüsal yaradıcılığının məhsuludur. Çünki onun yaradıcılığında Vətən, döyüş, qələbə, azadlıq, Azərbaycançılıq, Türkçülük, keçmişi daim öz yaddaşında yaşatmaq, gələcəyə böyük ümid, inam öz əksini tapır. Barat Vüsalın Vətən müharibəsində yazdığı "Şuşanı alan oğullar" şeirini oxuyanda elə bilirsən ki, şair özü də qəhrəman oğullarla birlikdə döyüşüb. Onların döyüş yolunu, keçdikləri keçilməz yolları, fəth etdikləri zirvələri Barat Vüsal elə dəqiqliklə təsvir edib ki, şairin bütün varlığı ilə döyüşən oğulların yanında olduğunu açıq-aydın görmək olur. Barat həm də hər zaman döyüşdə olan, qələbə qazanan, qazandığı qələbəni xalqına, millətinə həsr edən şairdir. Mən tədbirimizə uğurlar arzulayıram". İlham Pirməmmədov Barat Vüsalı Şəhid ailələrinin, Qazilərin, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun,  hərbi jurnalist Şəmistan Nəzirlinin, İctimai-siyasi xadim Eldar Namazovun, İctimai Birliyin bütün üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından təbrik etdi.

Sonra söz Xalq şairi Nəriman Həsənzadəyə verildi: Nəriman Həsənzadə alim Baratın görüşünə gəldiyini fəxr hissi ilə söylədi: "Barat şair idi. Bu kitabı oxudum, gördüm Barat filosofdur, tənqidçidir, ədəbiyyatşünasdır, alimdir, ictimai xadimdir. Həm şair, həm alim Baratı təbrik edirəm. Bu gün biz alim Baratın görüşünə gəlmişik".

Akademik Nizami Cəfərov görkəmli klassikləri birləşdirməyi, onların ideyalarından ümumi Azərbaycançılıq, Türkçülük ruhunu axtarıb tapmağı Barat Vüsalın xidməti olaraq dəyərləndirdi: "Barat Vüsal Azərbaycanın ən görkəmli şairlərindən biridir. Rayonda yaşasa da o, respublika miqyasında, Azərbaycan miqyasında, hətta, Türk dünyası miqyasında görünən bir şairdir. Yəni ədəbiyyatın tarixini, ədəbi ideyaların tarixini, ədəbi-ictimai fikrin tarixini, böyük ədəbi şəxsiyyətlərin tarixini yaxşı bilən ziyalılarımızdandır. O, neçə illərdir Azərbaycan mətbuatında Azərbaycan ədəbiyyat tarixinin ən möhtəşəm ideyalarını əhatə edən, xüsusilə idrak, bədii idrak, ictimai idrak, dini idrak, ruhani dünya - bu istiqamətlərdə maraqlı məqalələr yazıb. Həmin məqalələrin toplusu olaraq bu gün araya-ərsəyə möhtəşəm ədəbiyyat əsəri meydana gəlib. Barat Vüsalın ədəbi əcdadları ayrılan yollardan danışırdısa, Barat Vüsal ayrılmaz yollardan danışır. Bu da onu göstərir ki, Barat Vüsal o dövrün - 50-60-cı illərin əsərlərindən fərqli olaraq iyirmi birinci əsrin əsərini yazır. Yəni bizim ədəbi uğurlarımızı, nailiyyətlərimizi, əsas ideyalarımızı birləşdirir, ayırmır. Bizim görkəmli klassikləri birləşdirmək, onların ideyalarından ümumi Azərbaycançılıq, Türkçülük ruhunu axtarıb tapmaq bunlar Baratın xidmətidir. "Ayrılmaz yollar" kitabı çox dəyərli bir əsərdir. Hətta, şairliyi qədər də, Barata nüfuz gətirən bir yaradıcılıqdır. Mən Baratı da, ədəbiyyatı da, oxucuları da təbrik edirəm".

Millət vəkili Səməd Seyidov çıxışı zamanı ilk öncə tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə heyətinin sədri, professor İlham Pirməmmədova təşəkkürünü bildirdi: "Əziz dostlar, hamınızı salamlayıram. Hörmətli İlham müəllim, Barat Vüsal yaradıcılığına verdiyiniz qiymət üçün sizə təşəkkür edirəm. Barat Vüsala təşəkkür edirəm. Barat Vüsal unikal insandır. Yaradıcı insan həm sadə, həm də mürəkkəb olur. Barat Vüsal fəlsəfəsində böyüklüklə sadəlik birləşib. Barat Vüsalın öz dünyası var. O, həm də özünə qapana bilir. Barat Vüsalın fikirləri üsyançıdır, dövlətçidir, sadədir. Barat müəllim ədəbiyyata yenilik gətirdi. O, üsyanla, dalğa ilə sakitliyi birləşdirməyi bacardı. O, məhsuldar bir şairdir. Barat müəllim bir dost kimi, insan kimi, şair kimi hər kəs tərəfindən yüksək qiymətləndirilir. Mən Barat müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

Mətbuat Şurasının sədri Rəşad Məcid həm vətənpərvərlik, həm ədəbi mövzuda tədbirlərin təşkilində, həm də insanlara göstərdikləri diqqətə görə "Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədova təşəkkürünü bildirdi: "Hörmətli İlham müəllim rəhbəri olduğunuz İctimai Birliyin fəaliyyəti həm ziyalılar, həm də sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Sizin vətənpərvərlik ruhunda gördüyünüz işlər, ədəbi görüşlərin keçirilməsində xidmətləriniz göz qarşısındadır. Sizə və komandanıza uğurlar arzulayıram. Barat Vüsal yaradıcılığı xüsusi dəyərə malikdir. Barat Vüsal bölgə şairi yox, ölkə şairidir. O, torpağa bağlı insandır. Zəngin biliyə malik, dərin düşüncəli insandır Barat Vüsal. Biz Barat Vüsalla Şuşaya birlikdə səfər etdik. Yol boyu xeyli söhbət etdik. Onun necə uzaqgörən, bənzərsiz şair olduğunun bir daha şahidi oldum. Yeni çapdan çıxmış kitabı münasibətilə Barat Vüsalı təbrik edirəm. Kitabın naşiri Xəyyam Nəsibova təşəkkürümü bildirirəm".

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxışında Barat Vüsalı Azərbaycan ədəbiyyatında insanlığın nümunəsi adlandırdı: "Barat Vüsal Azərbaycan ədəbiyyatında insanlığı təmsil edir. Onun Aysberq kimi görmədiyimiz tərəfləri var. Onu hər şeyə inandırmaq olmur. O, tam əmin olduğu işlərə arxayınlıqla inanır. Ziddiyyətlər olmasa dahilik olmaz. Barat Vüsal ziddiyyətlərdən dahiliyə doğru olan yolu qət etmədi, fəth etdi. "Ayrılmaz yollar" kitabı da Barat Vüsalın növbəti uğurudur. Təbrik edirik, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".

Professor Rüstəm Kamal uzun illərdir dostluq etdiyi şairin daim yolda olduğunu təqdimat iştirakçılarının diqqətinə çatdırdı: "Baratın özü kimi şeirlərinin də xasiyyəti var. Baratın öz dəsti-xətti, öz səsi var. Bir var yolda olan, bir var evdə olan şair. Barat yolda olan şairdir. O, tarixçi olduğu üçün tarixi emosiyanı poeziyaya gətirməyi bacarıb. Bu kitabdan gənclər, ədəbiyyatçılar bir çox məqamları öyrənib,  ədəbiyyata xidmətin necə lazımlı və vacib olduğunu öyrənəcəklər. Mən də Barata yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Barat Vüsalın müqəddəs yolun ən uca məqamında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Barat müəllim "Ayrılmaz yollar" kitabını yazmaqla klassik irsimizə, o irsi yaşadanlara, çağdaş yazarlarımıza vəfa borcunu yerinə yetirib. Hətta, yaşca ondan kiçik olan yazarlarımıza da yazılar həsr edərək yolların ayrılmadığını ifadə etməyə çalışıb. Aşıq Veysəlin məşhur sözləri yadımıza düşür:

"Uzun, incə bir yoldayım,

Yürüyorum gündüz-gecə".

Barat müəllim müqəddəs bir yolun ən uca məqamındadır. Bir daha təbrik edirəm".

Ustad Aşıq Cahangir Quliyev, Aşıq İlqar Qələmçəli, Aşıq Şahin Süleymanov sazda Barat Vüsalın şeirlərini ifa etdilər. Aşıq Avdı Musayev Ustad Kamandar Əfəndiyevin Barat Vüsala həsr etdiyi şeiri ifa etdi.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli və Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı Barat Vüsala həsr etdikləri şeiri söylədilər.

Vurğun Vəkilov, Xəyyam Nəsibov, Nəzakət Məmmədli, Aqşin Ağkəmərli, Sərvaz Hüseynoğlu Barat Vüsal yaradıcılığının sonsuzluğundan, ululuğundan, bir ziyalı olaraq onun Vətən və ədəbiyyat qarşısında xidmətlərindən söz açdılar.

Sonda söz müəllifə verildi. Barat Vüsal tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Yubiley tədbirinin keçirilməsində əməyi olan insanlara, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova, tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi: "Əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. İnsan əzizlərini görəndə sevinir. Mən sizləri görüb sevinirəm. Biz bu gün sözün işığına yığışmışıq. Hər biriniz mənə əzizsiniz. Kitaba dəyər verən, sözə dəyər verən hər kəsə təşəkkürümü bildirirəm. Kitabın çap olunmasında xüsusi zəhməti olan Xəyyam Nəsibova təşəkkür edirəm. Kitabın rəssamı Qafar Sarıvəlliyə təşəkkür edirəm. Mən bu kitabı bütün unudulmazları bir yerə toplamaq üçün yazdım. Bu kitab mənim 30 illik zəhmətimin bəhrəsidir. Şükürlər olsun, biz bu gün "Ayrılmaz Yollar"ın işığına yığışıb, əziz dostlarla bir araya gəldik. Biz hər zaman dövlətimizə, Şəhidlərimizə borcluyuq. Allah Şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun".

 

Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, № 50. - S. 3.