Yaralı xalqın nisgilli yazarı
Baxçasaray güzarım,
Həm sevib,
həm bəzərim.
Səndən ayrı düşərsəm
Atəş olsun
məzarım.
Krım tatarlarının
böyük yazıçısı
Çingiz Dağçı
(1919-2011) bu başıbəlalı
xalqın taleyini həm öz şəxsi həyatında,
həm də yaradıcılığında yaşamış faciəvi
bir şəxsiyyətdir.
Adını ilk dəfə Türkiyədə
eşitdiyim Ç.Dağçının
bəzi əsərləriylə,
özəlliklə avtobioqrafik
"Yurdunu qeyb edən adam" romanıyla tanışlıqdan
sonra bu yazıçı barədə
nəsə yazmaq istədim. Amma müxtəlif səbəblərdən
bu niyyətimi uzun zaman həyat
keçirə bilmədim.
Bu günlərdə
"525-ci qəzet"də (25 noyabr 2023) görkəmli alimimiz Vilayət Quliyevin "Çingiz Dağçı fenomeni"
adlı yazısıyla
tanış olarkən
bu əsgi niyyətimi mütləq həyata keçirmək istədim.
"Çingiz Dağçı fenomeni"
essesi məni həm bilmədiyim bir çox faktlarla tanış etdi, həm də müəyyən qədər çətinliyə
saldı. Bir çox hallarda eyni məxəzlərdən
faydalandığım üçün
necə edəsən ki, həm bu
mühüm məqamların
üstündə durasan,
eyni zamanda Vilayətin dəyərli yazısını təkrar
etməyəsən?
Odur ki,
V.Quliyevin yazısında
təbii ki, olmayan bir məsələdən
başlayıram.
Bizim ailədə
Krım tatarlarına,
onların acı talelərinə xüsusi həssas münasibət vardı. Otuzuncu illərdə, hələ
Krım tatarlarının
öz əzəli torpaqlarında az-çox rahat yaşadıqları illərdə atam da, anam da
oradakı Yarıdıcılıq
evlərində dincəlmişdilər
və ruhən bizə çox doğma olan, dilini dilimiz kimi anladığımız
bu xalqa qəlbən bağlanmışdılar.
Atam mənə həsr etdiyi iki şeirini müxtəlif vaxtlarda məhz Krımda yazıb. Mən bir yaşında olarkən mənə həsr etdiyi "Yadıma düşdü"
rədifli şeirini Yaltada yazmışdı. Bir neçə il sonra Krım
İkinci dünya hərbinin odu-alovu içində çırpınanda
burada çıxan ordu qəzetinin hərbi müxbiri kimi Rəsul Rzanın Kerçdə yazdığı bir neçə şeirinin içində 4 yaşlı
oğlunun ad gününə həsr etdiyi şeir də vardı.
Krım cəbhəsindən
qəzetlərə yolladığı
yazılarda, "Leytenant
Bayramın gündəliyi"
povestində, anama göndərdiyi məktublarda
vəhşi alman təcavüzünə məruz
qalmış Krımın
dəhşətli mənzərələri
əks olunur.
Ömrünün son ilində - 1981-ci ildə də Rəsul Rza "Krım xatirələri"
adlı silsilə şeirlər yazır, müharibə illərinin
döyüşən Krımda
keçən ağır
günlərini xatırlayır.
Atamın "Krım"
adlı bir şeiri də var və bu
şeirin altında yazılma tarixi belə göstərilir:
1945-1961.
O qədər də uzun olmayan
bu şeir 16 il ərzindəmi yazılıb? İzahı
çox sadədir.
1945-ci ildə Krım
haqqında yazdığı
şeirə 1961-ci ildə
iki misra əlavə edib:
Neçə-neçə evladın həsrətinə
yanırsan,
Daş olsaydın ərirdin, torpaqsan dayanırsan.
Aydındır
ki, bu beyt doğma torpaqlarından didərgin salınmış
biçarə Krım
tatarlarının aqibətinə
işarədir.
Krım
tatar xalqının sürgün faciəsi ailəmizdə ovunmaz Türkiyə həsrəti
kimi qövr eləyən mövzulardandır.
Gənclik illərində dəfələrlə
Krımda olmuş Nigar Rəfibəyli bu yarımadanın təbiət löhvələrindən
elə canlı şəkildə danışırdı
ki, sanki o vaxt hələ görmədiyim
Ayudağını (Ayı
dağı), Çadır
dağını, Uçan
su şəlaləsini,
Aypetrini (Ay bədri), Koktebeli (Köytəpəeli)
öz gözlərimlə
görürdüm. İlk dəfə
Krıma avtomobil yoluyla gələn anam danışırdı:
- bomboz səhra, göz oxşayan bir ot, bir
ağac yox... Və birdən Baydar qapılarından keçirsən və qarşında füsunkar mənzərə açılır
- yamyaşıl meşələrə
bürünmüş dağlar,
mavidən mavi dəniz...
Anam Krımdan yaddaşında
gətirdiyi bir neçə xalq mahnısını hərdən
həzin səslə zümzümə edərdi:
Gəlinə bax gəlinə,
Əlin
qoyub belinə.
Gəlinə söz deməyin,
Küsər gedər elinə.
Yaxud başqa bir mahnı
Qədifə biçim-biçim,
Ölürəm sənin için.
Dostlarım düşmən oldu
Səni
sevdiyim için.
Və nəhayət, bir mahnı da ki, onun sözlərini təkrar edəndə kövrəlirəm:
Baxçasaray güzarım
Həm sevib, həm bəzərim.
Səndən ayrı düşərsəm
Atəş olsun məzarım.
Haçansa bu mahnını
yaradan xalq düşünə bilərdimi
ki, bir vaxt cəlladların hökmüylə
Baxçasarayından uzaq
düşən insanların
məzarları atəşə
dönəcək.
Və mən həmin mahnını anamın dilindən dinləyərkən
düşünə bilərdimmi
ki, haçansa bu faciəvi sözləri Çingiz Dağçı
haqqında yazdığım
mətnə epiqraf qoyacam?
Çingiz Dağçının müfəssəl bioqrafiyasıyla
türkiyəli tədqiqatçı
İsa Kocakaplanın "Krımdan
Londraya. Çengiz Dağçı" kitabı
vasitəsiylə tanış
oldum. Kitab yazıçının
həyatına, şəxsiyyətinə,
sənətinə, fikirlərinə
və əsərlərinin,
özəlliklə dörd
romanının - "Qorxunc
illər", "Yurdunu
qeyb edən adam", "Onlar da insandır" və
"O torpaqlar bizimdir"
romanlarının geniş
təhlilinə həsr
olunub.
Kitabın ilk səhifələrində Çingiz Dağçının
tədqiqatçısına yolladığı məktub
verilir:
"Sayın İsa Kocakaplan! Əsərlərimin incələndiyi
kitabınızı aldım.
Böyük, böyük
olduğu qədər
də xoş bir sürpriz oldu. Gerçəkdən bəklənmədikdi (gözlənilməzdi)
mənim üçün.
Sizə nasıl təşəkkür edəcəyimi
bilmiyorum. Əsərlərimin
Türkiyə ədəbiyyatı
çərçivəsi içində
və bu şəkildə dəyərləndirilməsi
ayrı bir önəm daşır mənim üçün.
Əskik olmayın".
İ.Kocakaplan kitabının
Birinci bölümündə
Krım tarixinin qısa xülasəsini verir. Yazıçının
öz taleyini və yaradıcılığını
dərk etmək baxımından xalqının
başıbəlalı keçmişinə
nəzər atmaq önəmlidir. Bu xülasədən
bəzi parçaları
gətirirəm:
"Krım xanlığı
1478-ci ildə Krım
xanı Məngli Giray xandan başlayaraq
1774-cü il 21 temmuz (iyul)
tarixində Rusiya ilə imzalanan Küçük Qaynarca anlaşmasına qədər
Osmanlı Dövlətinə
bağlı qalmışdır.
Bu anlaşmaya görə
Krım bağımsız
(müstəqil) dövlət
statusuna malik olur".
Aydındır ki, bu "bağımsızlıq"
oyunu ənənəvi
rus siyasətinin növbəti tələsidir
- məqsəd "müstəqil"
Krımı əvvəlcə
Osmanlı Dövlətindən
qoparmaq, az sonra isə Rusiyaya qatmaqdır. Belə də olur. İsa Koçakaplan davam edir:
"Krım xanlığının
bağımsızlıq dönəmi
fazla sürmədi.
Son Krım xanı Şahin Giray ruslara heyran birisiydi. Xalq ayaqlandı (üsyan etdi) və onu
xanlıqdan endirdi
(1782). Şahin Giray Rusiyaya qaçdı. Bir rus ordusu ilə
birlikdə təkrar Krıma girdi və taxta oturdu
(1783)".
Əsrdən əsrə rus siyasətinin qonşularla rəftar modeli necə də eyni şəkildə təkrar olunur! Yenə Kocakaplandan sitat:
"Bir sıra sonra general Potyomkin 70 min əsgərlə
bütün Krımı
işğal etdi, Potyomkin kraliça II Yekaterinaya "Krımın
Rusiyaya ilhaq edildiyini bildirən" bir kaç (bir neçə) ay öncədən hazırlanmış
bəyannaməsini oxudu.
(9 temmuz 1783). Şahin Giray xanlıqdan alındı. Bir kaç
il sonra ruslardan gördüyü ağır
müamilələrə dayanmayaraq
(dözməyərək) Osmanlı
Dövlətinə sığındı.
Rodos adasında 4 sənə sürgün hayatı yaşadıqdan sonra edam edildi".
Bu da tanış aqibətdir, deyilmi?
"1897-ci
ildə ruslar tərəfindən yapılan
nüfuz sayımı
sonuclarna görə Krımda 200 mini aşkın
tatar nüfuzu (əhalisi) bulunurdu.
1904-1905 rus-yapon savaşının
Rusiyanın yenilməsiylə
sonuclanması Rusiyada ayaqlanmalara və genel qrevlərə (ümumi tətillərə)
yol açdı. 30 ekim (oktyabr) 1905 tarixli fərmanıyla Çar II Nikolay seçilmiş
millət vəkillərindən
ibarət olan bir məclisin qurulmasına və söz, vicdan, toplanma və dərnək qurma (təşkilatlanma) hürriyyətini
qəbul və elan etdi. 1 eylül (sentyabr) 1906 tarixləri arasında Nijni Novqorodda Üçüncü
Bütün Rusiya müsəlmanları Konqresi
toplandı. Konqresdə
"İttifaqı müslimin"
adıyla bir partiya qurulması qəbul edildi". Partiyanın Mərkəzi
Komitəsinə seçilən
15 üzv arasında İsmayıl Qaspıralı,
Abdurrəşid İbrahim, Yusif Akçura və başqaları vardı.
Daha sonra İ.Kocakaplan
yazır ki, 1917-ci ilin
Oktyabr bolşevik çevrilişindən sonra
1917-ci ilin 9 dekabrında
Baxçasarayda Krım-tatar
Milli Parlamenti toplanır
və həmin ayın 26-da Krım Demokratik Cümhuriyyətini
elan edir. Amma Krım-tatar
xalqının həqiqi
müstəqillik sevinci
çox çəkmədi.
Birinci dünya müharibəsi zamanı
- 1918-ci ilin may ayında
Krımı almanlar işğal edirlər, Almanlar məğlubiyyətə
uğrayandan sonra isə Krımda Ağ qvardiya generalları Vrangel və Denikinlə Qızıl ordunun qanlı savaşları başlanır. Bolşeviklər
zəfər çalandan
sonra Krım Demokratik Respublikasının
rəhbərlərini güllələyirlər.
1921-ci il oktyabrın 18-də Rusiya tərkibində Krım Muxtar Respublikası elan edilir. Rəsmi dil türkcə olur. Krımın Mərkəzi
İcra Komitəsinin sədri Vəli İbrahim
kasıb kəndlilərə
torpaq ayırdığı
üçün və
yəhudilərin Krımda
yerləşdirilməsinin əleyhinə
olduğu üçün
edam edilir.
(40-cı
illərin ikinci yarısında yəhudilərə
Krımda muxtariyyət
verilməsi təklifini
irəli sürdüklərinə
görə bu xalqın bir çox görkəmli nümayəndələri Stalin rejimi tərəfindən qətl edildi).
40 min Krım tatarı isə hələ
1928-1931-ci ildə sürgün
edilir. 1933-1938-ci illər
arasında Krımda kütləvi qətliam baş verir.
Axı bu bədbəxt Krım tatar xalqının günahı
nəydi ki, başına
belə oyunlar açılırdı? Günahı
doğma yurdlarının
belə cazibədar olmasıydı, mülayim
iqlimi, isti dənizi, səfalı sularıydı və bütün bunlara tamah salanların iştahıydı.
İkinci
Dünya müharibəsi
illərində Krımı
alman faşistləri tutur.
128 tatar kəndini yerlə-yeksan edirlər. Müharibə SSRİ-nin zəfəriylə bitəndən
sonra isə, daha doğrusu, qələbə ərəfəsində
1944-cü il mayın 18-də vətənə xəyanət
suçuyla bütün
Krım tatar xalqı 15 dəqiqə ərzində mal-qara vaqonlarına doldurulub Qazaxıstana və Özbəkistana sürgün
edilir. Aralarında 70 yaşlı qocalar, qadınlar, uşaqlar da olan Krım tatarlarından 118789 insan sürgün yollarında tələf oldular. Krımda tatarlara aid bütün yer adları dəyişdirildi,
məzarları dağıdıldı.
Müharibə iştirakçısı,
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını
almış döyüşçünün
yalnız büstünü
saxlamışdılar - iki
dəfə qəhrəman
adına layiq görülmüş insanlara
qanuna görə büst qoyulduğuna görəmi ya haçansa bu torpaqda yaşamış xalqdan bir nam
nişani kimimi? 1945-ci
il iyulun 30-da Krım Muxtar Sovet Sosialist
Respublikası fərmanla
ləğv olunur.
1954-cü ildə isə
Xruşşov əsl əsgi sahiblərindən
"təmizlənmiş" Krımı fərmansız-filansız
cəm halında Rusiya adından Ukraynaya hədiyyə etmişdi. Ta bizim günlərdə Rusiya
"hədiyyəsini" geri
alana qədər Krım Ukraynanın tərkibində idi.
Özbəkistana sürgün edilmiş
Krım tatar şairi Xalid Rizo mənə danışırdı ki orda
məskunlaşmış krımlılara
şeirində "dəniz"
sözünü işlətmək
yasaq edilibmiş.
"Özbəkistanda dəniz
yoxdur. Dənizdən yazırsansa Qara dənizi, deməli, Krımı nəzərdə
tutursan. Krımı isə bir dəfəlik
unutmalısınız".
Amansız və acımasız
Stalin rejiminin dədə-baba
yurd-yuvalarından didərgin
salınmış, başqa
xalqlara Xruşşov yumşalma dövründə
öz doğma torpaqlarına qayıtmağa,
inzibatı quruluşlarını
bərpa etməyə
izin verildi. Sürgünlərdən Vətənlərinə
dönmüş Qaraçay
Balkarlar, Çeçenlər,
İnquşlar öz inzibatı vahidlərini bərpa etdilər, amma Məshəti (Ahıska) türklərinə
və Krım tatarlarına bu tətbiq olunmadı.
Krım
tatarları qismən öz doğma yurdlarına qayıtsalar
da, əsgi Muxtar
Respublika statusunun bərpa
olunmasına izin verilmədi. Belə cənnət məkanın
bu qədər qolu zorlu müştərisi
olduğu halda onu əsl sahibinə
qaytarmaq mümkündürmü?
Bu gün 2 milyon beş yüz mindən artıq əhalisi olan Krımda tatarlar yalnız 8 faizi təşkil edirlər.
Bax belə bir müztərib
xalqın oğlu və yazıçısıydı
Çingiz Dağçı.
Özü etiraf edirdi ki, Krım tatarlarının başqa
gözəl yazıçıları
da var. Amma onun qədər
- Çingiz Dağçı
qədər - xalqının
taleyini yaşamış
və yazmış ikinci bir müəllif
yoxdur.
Doğrudan da, tək Çingiz
Dağçının deyil,
ailəsinin də aqibəti Krım tatarlarının bütün
məşəqqətli taleyini
əks etdirir. Atası Əmir Hüseyn Dağçı
ilk dəfə 1931-ci ilin
qışında həbs
olunur və həmin ilin baharında azad edilir. Suçu nəymiş? Bu sorunun cavabını Çingiz Dağçının romanında
tapmaq olar.
Çingiz Dağçının iki romanının baş qəhrəmanı
Sadiq Turan yazıçının
özünün prototipi,
alter eqosudur. "Yurdunu
qeyb edən adam" romanında Sadiqin atasını tuturlar. Sovet əsgərləri çadırlarını
tatar kəndinin qəbirstanlığında qurub
orda məskunlaşıblarmış.
Təbii ehtiyaclarını
ödəmək üçün
də məzarları
murdarlayıblar. Əsgərlər
çəkilib gedəndən
sonra Sadiqin atası məzarları təmizləyənlərdən olur. "Cinayəti" də elə buymuş, buna görə həbs edilibmiş. Yəqin ki, elə Çingiz Dağçının
atasının da suçu
buymuş.
Yazıçının üç qardaşı və dörd bacısı varmış. Az qala hamısı - ixtiyar ata və anaları
kimi - 1944-cü ildə
vətənlərindən didərgin
salınır və sürgündə dünyalarını
dəyişirlər.
Çingiz Dağçı 1937-ci ildə Ağ məscid (Simferopol) şəhərində
Pedaqoji İnstituta girir. 1940-cı il dekabrın
22-ə ordu sıralarına
çağrılır. Müharibənin
elə ilk ilində
-1941-ci il avqust ayında
almanlara əsir düşür, həbs düşərgəsinə gətirilir.
"Qorxunc illər"
romanında təsvir etdiyi cəhənnəm həyatı başlanır.
Bu cəhənnəm illərini
yaşamış Sadiq Turan
- romanlarının baş
qəhrəmanı - almanların
təşəbbüsüylə qurulmuş "Türküstan"
silahlı qüvvələrinin
döyüşçüsü, hətta komandanlarından biri olur. Bu seçimini
SadiqTuran belə izah edir ki, əks
halda türk müsəlman əsilli əsgərlərin hamsının
aqibəti ölüm
düşərgələri və qaz sobaları
olacaqdı. Amma Sadiqin
də, başqa arkadaşları kimi seçiminin əsas səbəbi tək ölüm qorxusu deyildi, həm də sadəlöhv ümidləri idi. Onları - aldatmışdılar
ki, almanların yardımıyla
türk, müsəlman
xalqları - Türküstanda,
Qafqazda, İdil-Uralda,
və əlbəttə,
Krımda bolşevik əsarətindən xilas olacaq, öz müstəqil həyatlarını
yaşayacaqlar. Çingiz
Dağçının romanlarında
əsas faciə ondan ibarətdir ki, sovet zülmündən xilası almanlarda görənlər iki qat aldanırmışlar, romanlarda
alman faşistlərinin, hətta
onların tərəfində
döyüşən türk-tatarlarla
rəftarı qəddarlığın
ən ağır şəklidir. "Yurdunu
qeyb edən adam" romanında "Türküstan" döyüşçülərinin
SS-çilərin təhrikiylə
öz sıralarından
olan dostlarını güllələməyə məcbur
olunmaları əsərin
ən təsirli səhnələrindəndir.
Bu dözülməz gerçəkliyi
öz taleyində yaşamış Çingiz
Dağçı müharibənin
son illərində həm
almanlarla, həm sovet qoşunlarıyla savaşan
polyak ordusuna - general Andersin ordusuna qoşulur. "Ölüm
və qorxu günləri" romanında
təsvir olunan hadisələr Çingiz
Dağçının Polşada
yaşadığı günlərlə
bağlıdır.
Romanda
Tereza adıyla təqdim
olunan polyak qızı yəqin ki,
real həyatda Çingiz
bəyin Polşada rastlaşdığı və
sonra onun arvadı olmuş Reginanın prototipidir. Varşavada tanış olduğu Reginayla 1945-ci ilin iyun ayında
evlənirlər. 1946-ci ildə
general Andersin gəmisiylə
- başqa Şərqi
Avropa mühacirləriylə
bir yerdə İngiltərəyə gedirlər.
Bütün iztirablı
illərdən keçəndən
sonra ömrünün
qalan dövrünü
Çingiz Dağçı
rahat ailə mühitində İngiltərədə
yaşayır. 1946-cı ildə
Çingizlə Reginanın
adını Arzu qoyduqları qızları
dünyaya gəlir. Çingiz bəydən daha əvvəl vəfat etmiş Regina 53
il ərzində yazıçının
sadiq və vəfalı həyat yoldaşı olur, Londonda ən yaxın insanı, köməkçisi, əsərlərinin
yaranmasına şərait
yaradan Reginaya minnətdarlıq hissiylə
Ç.Dağçı
yazır: "Regina anam
kimi, Regina sevgilim kimi, Regina "Anama məktubları"nda (əsərinin
adıdır) Xalidə
kimidir".
Ədəbiyyat sahəsində uğurlarına
qədər İngiltərədə
də çox çətinlikləri olub.
1946-cı ildən 1949-cu ilə
qədər başqalarının
əli altında işləmiş, o ildən
sonra isə alt mərtəbəsi lokanta olan ikimərtəbəli evində həm yaşamaq parasını qazanmış, həm romanlarını yazmışdır.
Səhərin erkən
saatlarından axşam
səkkizə qədər
lokantada çalışır,
sonra gecənin gec saatlarına qədər romanlarını
yazırmış.
İsa Kocakaplan yazır:
"Polonyalı (polşalı)
yazar Çeslav Miloşun bir cümləsi Londonda Çingiz Dağçını
dərindən düşündürəcəkdir.
Bir yazar üçün
əsər verə bilmənin ən qiymətli və temel ünsürü dili bula bilməkdir.
Çingiz Dağçı
əsərlərini Türkiyə
türkcəsi ilə
yazır. Bunda Krımın yalı boyunda (Qara dəniz
sahilində) konuşulan
dilin Türkiyə türkcəsinə yaxın
olmasının əlbəttə
payı vardır".
Bu sözlərə onu da əlavə etmək olar ki Çingiz Dağçının əsərləri
də ilk öncə Türkiyədə tanınmağa
başlamışdır.
Yazıçının Çingiz xana həsr olunmuş "Gənc Timuçin" adlı yalnız bir tarixi romanı var (1969).
Bir romanı isə sırf İngiltərə
həyatındandır: "Bay Markus Burtonun köpəyi"
(1998), İki romanı
- "Onlar da insandır"
(1958) və "O torpaqlar
bizimdir" (1966) Krım
tatarlarının kənd
həyatındandır.
Bu əsərləri təəssüf
ki, oxumamışam. Onlar
haqqında məlumatları
da İsa Kocakaplanın kitabından
almışam. Oxuduğum
üç romanı isə yazıçının
Polşadakı həyatından
bəhs edən "Ölüm və qorxu günləri"
(1962) və müəllifin
prototipi Sadiq Turanın
(və deməli, özünün) və xalqının müharibə
illərində başına
gələnləri təsvir
edən "Qorxunc illər" (1956) və
"Yurdunu qeyb edən adam" (1957) əsərləridir.
Yazıçının ilk romanlarından
olan "Qorxunc illər"in baş qəhrəmanı Sadiq Turan
müəllifin özü
kimi müharibənin elə ilk aylarında almanlara əsir düşür, məhbuslar
düşərgəsinə gətirilir. Bu düşərgədə
yerlilərindən - "həmşəri"lərindən
birini arayır. "Krımlılar deyə bağırdığında kəndisinə
cavab verən olmaz. Üçüncü
bağırışında Azərbaycanlı bir türk ona Krımlı
olaraq kimsəni bulamayacağını söyləyir".
Amma İsgəndər isimli
bir krımlını
bulacağını Sadiq yenə
Azərbaycanlıdan öyrənir.
Romanda adı çəkilməyən,
sadəcə Azərbaycanlı
kimi keçən personaj Sadiqin yaddaşında ancaq xeyirxahlığıyla qalır.
O, əsl türk vətənpərvəri və
türk təəssübkeşidir.
Əsgi sovet respublikalarından olan türk xalqlarının nümayəndələrini toplamağa,
xilas etməyə çalışır. Hətta
yəhudiləri də
qurtarmağa cəhd edir. Bu təşəbbüslərinə
görə almanlar onu güllələyirlər.
Krım
tatarlarının bolşevik
istilasına qarşı
etirazları romanda
Sadiq Turanın diliylə
belə ifadə olunmuşdur:
"Yalanla məmləkətimizi
istila etdiniz. Himayənizə girməklə
torpaqlarımız, malımız,
dinimiz qorunacaq deyə sizdən öncəkilər söz
verdilər. Təslim olduq. O millət yurdunu hər şeydən cox sevdiyindən
təslim oldu. Silahlarımızı buraxdıq.
Bəs siz? Məmləkətə gəldiyiniz
gündən bəri
o torpaq qan içindədi. Minarələrimizi
devirdiniz, su kəmərlərimizi, çeşmələrimizi,
heykəllərimizi, mərmər
saraylarımızı atlarınıza
axur yapdınız....
Ömürlərinin son günlərini
duayla, namazla keçirmək istəyən
ixtiyarlarımızı, səksən
yaşlı nənələrimizi
heyvan vaqonlarına doldurub həftələrlə
pislik, sidik içində Sibiryaya daşıyanlar sizlər deyilmiydiniz?"
Müharibə əsnasında Sadiq Turan
Türküstanlı türklərlə
- özbəklərlə, qazaxlarla,
qırğızlarla, türkmənlərlə
də tanış olur. Onlarla təmaslardan
bu nəticəni çıxarırlar ki: "Biz ruslar üçün vuruşmayacayıq".
Çingiz Dağçı "ruslar" desə də bütöv rus xalqını yox, bolşevik Rusiyasını nəzərdə
tutur. Bu barədə fikirlərini çox aydın ifadə etmişdir:
"Heç bir zaman və heç bir romanımda rus düşmənliyiylə
çıxmadım yola.
Tərsinə, rus xalqına yaxınlıq duyğularıyla açıldı
yolum, ədəbi sahədə çalışmalarım.
Əslində rus kulturu içindən çıxdım. Rus kulturu
və ədəbiyyatıyla
bəsləndim. Əsərlərimdə
bəzən bilərək,
bəzən də fərqində olmadan rus ədəbiyyatının
önəmli təsiri
oldu. Rus imperializminin gerçəyini sənət
əsərləriylə oxucuya
duydurmaq rus düşmənliyi sayılmamalıdır.
Mənim yazdıqlarımı
məndən öncə
və məndən çox daha güclü və təsirli şəkildə
rus romançıları
özləri yazmalıydı.
Bu da rus xalqının
faydasına olardı.
Amma bunu nə Tolstoy, nə Dostoyevski etdi. Əksinə, başqa ünlü romançılar rus olmayan xalqları boyunduruq altında tutmanı Tanrı tərəfindən özlərinə
verilən doğal və qutsal bir haqq olduğunu
sandılar.
Bir neçə dissident qrupdan
başqa rus yazarları Krım tatarlarının, çeçen
və digər Quzey Qafqaz xalqlarının
torpaqlarından qoparılıb
sürülmələrini görməzlikdən
və duymazlıqdan gəldilər".
Romanın faciəvi mayası
ondadır ki, bolşevik
zülmündən olmazın
əzab-əziyyət çəkmiş
türk və müsəlman xalqları əvvəl-əvvəl almanların
onları bu zülmlərdən xilas edəcəyini sanırlar.
Amma çox qısa bir zaman içində - elə müharibənin almanların üstünlüyüylə
keçən ilk mərhələsindəcə
faşistlərin tamamilə
başqa niyyətləri
olduqlarını anlayırlar.
Almanların məqsədləri
heç də "əsir xalqları" azad etmək deyilmiş, onları öz əsarətinə salmaqmış. Qəddarlığa
gəldikdə isə
Ç.Dağçının
romanlarında təsvir
olunmuş dəhşətli
səhnələrdən aydın
olur ki, alman zülmü,
SS əzazilliyi NKVD işgəncələrindən
də betərmiş.
Əyninə alman uniformasını
keçirmiş Türküstan
və Krım lejionerləri doğma torpaqlarının azadlığı
uğrunda vuruşduqlarını
zənn edərkən
qısa bir zaman ərzində əslində
yurdlarının - daha
da amansız alman faşist
əsarətinə düşməsi
yolunda vuruşduqlarını
anlayır və Polşanın müqavimət
qüvvələrinə qoşularaq
silahlarını almanlara
qarşı çevirirlər.
"Yurdunu qeyb edən
adam" romanında təsvir edilən hadisələr tarixi baxımdan çox ibrətamiz, bədii cəhətdən isə daha təsirlidir. Bu romanın da baş qəhrəmanı Sadiq Turandır.
Müharibənin elə ilk aylarında
hələ Krımda yaşayan ailəsi Sadiq Turanın ölüm kağızını alır.
Bu da sovet siyasətinin
bir üsulu idi. Madam ki, əsir düşüb, deməli,
vətən xainidir.
Madam ki, xaindir, hələlik
özünə əlimiz
çatmırsa ailəsini
cəzalandıraq, "müjdə"
verək ki, oğulları
davada həlak olub.
Amma müharibə illərində
Sadiq Turanın ölüm
kağızından başqa
özü də - həm də sağ-salamat Krıma gələ bilir.
Vətəninə işğalçı ordunun sıralarında daxil olur.
Alman qəsbkarlarının Krımı
ağqvardiyaçılardan və bolşeviklərdən
də betər günə qoyduqlarını
öz gözüylə
görür. Müsibətlər
çəkmiş ailəsiylə
görüşür və
... gözlənilməz bir
problemlə üzləşir.
Kiçik qardaşı
Bəkir sovet partizanlarıyla birlikdə
dağlara çəkilib
almanlara qarşı vuruşur. Alman hərbi libasında olan Sadiqlə partizan qiyafəli Bəkirin gecəyarı gizli görüşü romanın
ən təsirli səhnələrindəndir. Bəkir
heç cür böyük qardaşının
səmimiyyətinə inanmır,
onu, Bəkiri pusub tutmaq, almanlara
təhvil vermək niyyətiylə görüşə
gəldiyini zənn edir.
Krıma
alman ordusuyla gəlmiş
Sadiq heç cür kiçik qardaşını
inandıra bilmir ki, o özü də almanların həqiqi məqsədlərindən və
niyyətlərindən agahdır,
amma Krıma gəlməkçün başqa
imkan olmadığı
üçün vətənə
gəlməyin bu yolunu seçib. Bəkir heç cür buna inanmır və qardaşından acı sözlərlə ayrılır. Bəkirin sonrakı taleyi romanda açılmır.
Krım sovet qoşunları tərəfindən
azad edildikdən sonra o da valideynləri, bacı-qardaşları, qohum-əqrəbaları,
bütün xalqı kimi doğma torpaqlarından didərgin
düşübmü, ya
işğal olunmuş
ərazidə qalmış,
vətən xaini kimi dərhal güllələnibmi?
"Yurdunu qeyb etmiş
adam" romanında
Sadiq Turan artıq hərb bitdikdən sonra Romada, ölüm-itim
təhlükəsi olmayan
azad, hürr bir şəhərdə yaşayır.
Qəhrəman həmin qəhrəmandır,
onun ovunmaz dərdi, təsəllisiz nisgili də həmindir.
Sadiq Turanın - Çingiz Dağçının ürək
parçalayan acı etirafı:
"Yurdunu qeyb edən
adam üçün hürriyyətin belə mənasının qalmadığını
indi anlayıram. İçində doğulduğun,
gülüb oynadığın
yerlərdə mənim
dilim danışılmayır
artıq. Bir zamanlar bu torpaqlarda dilimdə danışan insanların necə olduqlarını da bilmirəm".
Yaralı
xalqın yazarının
əbədi nisgili bundandır.
Amma o da
var ki, ən dözülməz
dərdlərin məlhəmi
bu dərdlərin ən azı ədəbiyyat səhifələrində
əks olunmasıdır.
Bu ulu və müqəddəs
yazıçı missiyasıdır
və hərbin odundan-alovundan, müdhiş
həbs düşərgələrindən
keçərək Çingiz
Dağçı Qədərin
onun boynuna qoyduğu bu vəzifəni layiqincə
yerinə yetirib. Doğma xalqının müsibətini yazıb. Doğma yurd-yuvalarından
didərgin salınmış,
pərən-pərən olub
çeşidli yerlərə
səpələnmiş xalq
Çingiz Dağçının
əsərlərində daima
və əbədi olaraq öz doğma torpaqlarındadır.
17
- 20 dekabr 2023
ANAR
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 4-5.