Bayraq dalğalandı
2023-cü il Azərbaycanın ərazi
bütövlüyünün, torpaqlarımız üzərində
tam suverenliyin bərpası ili oldu. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində
Azərbaycan Respublikasının
Bayrağını göylərə
yüksəltdi.
Dalğalan, bayrağım,
dalğalan!
Üstünə ay-ulduz əks edən,
Qoynunda ürəklər rəqs edən
ey sonsuz okean, dalğalan!
Parla, yan!
Köksündə şəhadət nurları
parlayan,
cənnətdən bir parçam, dalğalan!
Ruhumun libası,
Bu dünyada geyinəcəyim
kəfənim - son parçam,
Dalğalan! (Arzu Əsəd)
Dalğalandı! 15 oktyabr 2023-cü il. Ulu Öndər ilində, Ulu Heydər Əliyevin 100 yaşına, Ulu Öndər
yolunun inamla və inamlı davamçısı Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
xalqa rəhbərliyi və prezidentliyinin 20 illiyi gününə Üçrəngli Bayrağımız
Xankəndi səmasında
dalğalandı!
"- Əziz həmvətənlər.
Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi
meydanında Azərbaycan
Bayrağı qaldırıldı.
Bu münasibətlə bütün
Azərbaycan xalqını
ürəkdən təbrik
edirəm... Bu gün bütün Azərbaycan xalqı ürəkdən
sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür"
deyir. Bu günü
biz 30 ildən çox
gözləmişdik. Ancaq
hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək..."
(Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
15 oktyabr 2023-cü il tarixində
Xankəndi şəhərində
nitqi.-
İlham Əliyev Xankəndi
şəhərində Azərbaycan
Respublikasının Dövlət
Bayrağını ucaldıb
və çıxış
edib. 15 oktyabr 2023 // Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
(president.az)
Otuz il ərzində Azərbaycanın
müstəqilliyi üçün
ən böyük təhlükə - həmişə
Qarabağ münaqişəsi
olmuşdur; mənfur qonşular üzündən
Azərbaycanın müstəqiliyi
qarşısına dünyanın
qlobal gücləri tərəfindən diyirləndirilmiş
bu maneəni aradan qaldırmaq nəinki vacib-zəruri idi, xalqın sabah taleyi büsbütün
bu problemin həllinə sığışmışdı.
Xalq yazıçısı
Elmira Axundova mövzuya
geniş yer verdiyi roman-tədqiqatında
bu məqamı xüsusi vurğulayır:
"Heydər Əliyev
Dağlıq Qarabağ
və Ermənistan-Azərbaycan
problemi ilə sutkada 24 saat məşğul olurdu. Bir
dəfə prezident qeyri-formal söhbət zamanı bizə, bir qrup jurnalistə
etiraf etdi: -Ay Allah, necə də çətindir! Gecələr
gözümə yuxu getmir, hey fikirləşirəm.
Gedirsən ABŞ-a, Klintondan
xahiş edirsən, o,
tənzimlənmə işində
daha fəal olmağa söz verir, gedirsən Moskvaya, Yeltsinlə danışırsan, o, münaqişə
ilə yaxından məşğul olmağa
söz verir. Sonra hər ikisi soyuyur və məsələ təzədən
saqqız kimi uzanır..." (Elmira Axundova. Heydər Əliyev. Şəxsiyyət və
zaman. Qayıdış. VI (1) cild, Bakı, Ozan, 2013, s. 280).
Böyük insani ağrıları ifadə
edən bu məqamın arxasında nəhəng fəaliyyət
dururdu: "Parlamentdə
Dağlıq Qarabağ
problemi ilə bağlı ictimai dinləmələr zamanı
(fevral, 2001) Heydər Əliyev öz nitqində aşağıdakı
rəqəmləri səsləndirir:
1993-cü ildən başlayaraq
o, müxtəlif dövlətlərin
68 başçısı ilə
485 görüş keçirmişdir!"
(Yenə orada, s.280)
Bütün bunlar Sülh naminə, işğalçı
Ermənistan ordusunu Azərbaycan torpaqlarından
dinc yolla, beynəlxalq ictimaiyyətin
və böyük dövlətlərin təzyiqi
ilə çıxarmaq
üçün atılan
addımlar idi və sülhpərvər
Azərbaycan prezidentini
dünyada prinsipial, usanmaz haqq və
ədalət tərəfdarı
kimi tanıdırdı.
Üstündən 30 il ötəcək, yeni Azərbaycanın lideri
İlham Əliyev də
xalqın öz gücünə qazandığı
Qələbənin müqabilində
həmin bu məqamı bir daha anacaq: "Azərbaycan xalqı yaxşı bilir və əminəm ki, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan - Azərbaycan - Dağlıq
Qarabağ münaqişəsini
sülh yoluyla həll etmək istəyirdik... Əfsuslar olsun ki, bu məsələ
ilə məşğul
olmuş vasitəçilər
faktiki olaraq münaqişəni dondurmaq
istəyirdilər, münaqişəni
əbədi etmək istəyirdilər..." (Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 15 oktyabr
2023-cü il tarixində Xankəndi
şəhərində nitqi.-
İlham Əliyev Xankəndi
şəhərində Azərbaycan
Respublikasının Dövlət
Bayrağını ucaldıb
və çıxış
edib. 15 oktyabr 2023 // Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
(president.az) - məqalədə digər sitatlar da Azərbaycan Prezidentinin həmin Xankəndi nitqindəndir - T.Ə.)
Vaxtilə şair uzaqgörənliklə
yazırdı:
Sülhə qurban kəsərəm,
mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban
istəmirəm!
Tükənir səbrim fəqət,
sazişlər,
Qətnamələr, bəyanatlar kifayət!
Zyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər
kifayət!
Yurdsuzlara
yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin
milləti qoy sülhün şad xəbəri,
Ümid
sənədir ancaq, Azərbaycan əsgəri!!!
(Qabil)
Böyük siyasi nüfuzu və böyük dövlətlərin müdaxiləsi
ilə Heydər Əliyev 1994-cü ilin yazında müharibə cəbhəsində atəşkəsə
nail olmuşdu. Bu nəfəs
dərimi Azərbaycana
lazım idi. Atəşkəs heç
də müharibənin
bitməsi demək deyildi. Müharibə - diplomatik danışıqlar
müstəvisinə, Azərbaycanın
haqq səsinin dünyaya çatdırılması,
beynəlxalq aləmdə
tanıdılması işinə,
dövlətin iqtisadi
və hərbi potensialının gücləndirilməsi
sahəsinə, eyni zamanda ideologiya və mənəviyyat cəbhəsinə keçirdi.
Müharibə qəlblərdə, şüurlarda,
cəmiyyətin və
həyatın bütün
sahələrində, ilk növbədə
əqidə və amalda gedirdi - sarsılmış xalqın
özünə-inamını qaytarmaq lazım idi...
Biz illərlə gözlədik,
çıxmadıq qınımızdan,
Zəkanla, əməyinlə
dirçəldi Azərbaycan.
Gəldi
o müqəddəs an,
Sən
Ali Baş Komandan!
Əmrindədir bu yurdun,
bu torpağın ərləri,
Ver, ver bizə zəfəri!
(Arzu Əsəd)
Hər
zaman "nəyi, necə,
nə vaxt etməyi yaxşı bilən" Azərbaycan Prezidenti İlham Əliyev
Xankəndi nitqində
yada salır:
"...İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə
borcumu yerinə yetirməyə başlayanda
qarşıma bir nömrəli vəzifə
qoymuşdum ki, Azərbaycan
Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün
torpaqlarda, bütün
şəhər və
kəndlərdə qaldırılsın.
Hər gün hər saat biz bu müqəddəs məqsədə doğru
gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə
deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü
yaxınlaşdırmalıdır..."
2020-ci il
27 sentyabr günü.
Tarix Azərbaycan xalqına bu şansı verdi. Torpaqlarımızı geri
qaytarmaq şansını.
Qələbə şansını!
1990-cılardan, Ulu Öndər Heydər Əliyevdən sonra bir daha
"Xilaskar!" missiyası,
Azərbaycan torpaqlarının
azad olunması, Qarabağın xilası şansı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin adına
yazıldı. Həm
də daha böyük miqyasda, daha gərgin cəbhələrdə; söhbət
beynəlxalq diplomatik cəbhələrindən, dünyanın
böyük siyasi güc mərkəzlərindən
gedirdi...
44 günlük Vətən müharibəsinin ilk günündən
son qələbə nidasınacan
xalqımız, cəmiyyətimiz,
insanlarımız kimi,
Ədəbiyyatımız da döyüşən ordumuzun
yanında oldu, informativ, emosional, ruh və mövqelər
savaşında cəbhədən
cəbhəyə qələbələrimizin
və son böyük
Zəfərimizin yanında
oldu. 44 gün sərasər və hətta daha çox, düşmən
üzərində Qələbə
təntənəsini bayram
edən Zəfər paradınacan Azərbaycan Prezidentinin "Qarabağ bizimdir və nida!" şüarına
kökləndi.
Milyonlar
ayaqdadır, milyonlar hazır durub,
Milyonlar
qurban gedir o günün gəlməsinə.
Azərbaycan - çırpınan əlli milyon nidadır
Ali Baş Komandanın bir "Hücum" kəlməsinə! (Arzu Əsəd)
II Qarabağ savaşı, Vətən müharibəsində
Azərbaycan Ordusu
dastan yazdı. Bunu dünya bildi, dünya mətbuatı bu haqda danışdı.
Azərbaycan xalqının,
əsgərinin hünəri,
şücaəti, şöhrəti
dünyaya yayıldı.
Azərbaycan bayrağı
cəbhədən cəbhəyə,
qələbədən qələbəyə
Cəbrayılın, Füzulinin,
Hadrutun, Zəngilanın,
Qubadlının, Ağdamın,
Kəlbəcərin, Laçının
ardınca Ağdərədə,
Əsgəranda, Xocavənddə,
Xocalıda, Xankəndidə
dalğalandı!
Addımından yer titrəyən,
nərəsindən göy sallanan,
İnsan
oğlu idrakının
son gücüylə silahlanan,
Vətən, torpaq sevdalısı
bir müəzzəm, modern ordu
"Bilsin dünya, varlığımla
qoruyacam
mən bu yurdu..." (Arzu Əsəd)
Azərbaycan torpağının bağrında
qara bir yara olan erməni
separatizminə, açıq-gizli
rişələnmiş, kök
atmış 300 illik qurnaz bir sevdaya
son qoyaraq Üçrəngli
Bayrağımız Qarabağ
göylərində dalğalandı!
Azərbaycan Prezidenti, Ali Baş
Komandan məğrur bir məmnunluqla Vətən müharibəsində
qeyd-şərtsiz Qələbə
aktı və paktını anıb deyirdi: "Xatırlayıram
o vaxt bəziləri sual verirdi: Nə
üçün, nə
üçün biz o vaxt
- noyabrın
10-da müharibəni dayandırmağa
razılıq verdik.
Bu gün bax burada durarkən bir daha bildirmək
istəyirəm ki, hər
şeyi biz vaxtında
etməlyik və etmişik. Azərbaycan xalqının böyük
əksəriyyəti o vaxt
da - noyabrın 10-da və
ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə
nail olacağıq. İstədiyimiz
isə bax burada dalğalanan Azərbaycan bayrağıdır..."
İctimai-siyasi və dövlətçilik
tariximizdə həmən
bu vazkeçilməz,
təkrarsız, cəsarətli
tarixi hünər-missiya-əməl
dastanı şəksiz
və şəriksiz olaraq Azərbaycan Prezidenti, Ulu Öndər yolunun qətiyyətli varisi İlham Əliyevin adına yazıldı!
Şair
sözüdür:
Qəlbən xəbərdaram el
sevgisindən -
millət
"Heydər" deyib,
"İlham" eşidib,
ruhu bağışlayar Öndərin,
desəm:
"Atadan bir addım
da irəli gedib!" (Vahid Əziz)
Azərbaycan göylərində Müstəqillik,
Suverenlik, haqq-ədalət
və Qələbə
bayrağı dalğalandıqca
Azərbaycan Prezidenti,
Xilaskarlıq missiyasından
başlayan Ulu Öndər
yolunun rəmzi mənalarına diqqət çəkirdi: "Bu il Heydər
Əliyev ilidir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə
qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə
hörmət göstərərək,
onun siyasətini davam etdirərək qeyd edirik. Mən
Ulu Öndərin ad gününü Şuşada
keçirdim. Bilirəm,
o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək,
təntənəli iclasda
kim çıxış
edəcək, hansı
xarici qonaqlar gələcək? Sonra da gördülər
ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə
üçün? Ona görə
ki bizim Ulu Öndərin
xatirəsinə hörmətimiz
əməli işlərlə
ölçülməlidir..."
Ali Baş Komandan Ulu Öndərin ruhu qarşısında amal və əməl imtahanına çağırır:
"Ona görə də
atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının
ürəyində yaşayan
Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək, öz ürək sözlərimi
dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün
həyatdan gedənlərin
ruhları şaddır.
Onların ruhlarını
şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları
olub. Ulu Öndərin
100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada
olmağım, əlbəttə
ki, böyük rəmzi
məna daşıyır..."
Ulu Öndər deyirdi: "Müstəqilliyimiz əbədidir!"
Ən nəhayət, Müstəqilliyimizin
30-cu ilində Azərbaycan
Prezidentinin qürur dolu nitqi ilə,
alnı açıq,
ürək genişliyi
ilə deyə bilirik:
"...biz
istədiyimizə nail olduq.
Azərbaycan xalqının
onilliklər ərzində
olan arzularını çin etdik. Azərbaycan xalqının
ləyaqətini bərpa
etdik. Biz torpaqlarımızı
geri qaytarmışıq,
ərazi bütövlüyümüzü
bərpa etmişik, eyni zamanda, öz
ləyaqətimizi bərpa
etmişik..."
Azərbaycan Prezidentinin dilindən
səslənən alqışlar
yüz il əvvəl
yüksəlib bir daha enməm deyən üçrəngli
Bayrağımızın haləsində
daha da əks-səda qoparır, işıqlı
sabahlar dolu xoş müjdələr,
əbədiyyət vəd
edirdi:
"Mən qürur hissi ilə Azərbaycan Bayrağını
bu gün qaldırmışam və
doğma xalqıma bir daha demək
istəyirəm ki, biz bu
Qələbəyə layiqik.
Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq
burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.
Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!"
Tehran Əlişanoğlu
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 6-7.