Ayrılığın
ilk günü...
Bir şəhər hər yerindən tərk
edilirdi...
Yazıma məni
ən çox təsirləndirən misralarla
başlamaq istəyirəm.
Hər zaman olduğu kimi "Ədəbiyyat qəzeti"ni köşkdən
alıb Bakının
ən sevdiyim hissəsində, Tarqovuda bir kafedə, kofemdən yudumlayaraq vərəqləməyə başladım.
Qarşıma "Mənim
Şuşa dastanım"
- "Zəfər poeması"
çıxdı. Gözucu
poemaya baxdım.
Şuşa mənim
də həssas yerimdir. Şuşaya dair oxuduğum hər şeyi diqqətlə və qorxaraq oxuyuram. Şuşa elə mövzudur ki, onu vəsf edən gərək layiqincə bunu bacarsın. Şuşa elə bir gözəldir ki, gərək onu təsvir edən gözəllik bilicisi olsun... Eyni zamanda
Şuşa məbəddir,
müqəddəsdir... Gərək
Allah da həmin şəxsə
vəsf edə bilmə gücü bəxş etsin...
"Mənim Şuşa dastanım"
- "Zəfər poeması"nda
xüsusilə bu misralar məni çox təsirləndirdi:
Ayrılığın ilk günü...
Bir şəhər
hər yerindən tərk edilirdi -
göyündən,
sularından,
yollarından, evlərindən...
Fikrimcə, tərk
edilişi və ayrılığı ədəbiyyatda
və rəssamlıqda
bu tərzdə ifadə edən olmayıb.
Çox şeylər
olacaqdı,
bu şəhər
uzun bir ayrılığa
qədəm qoyurdu,
bu şəhəri
bütün şəhər
tərk edirdi.
Yaxud:
Bu şəhərin
ümidini də öldürüb gedirdik,
sabahlarını da öldürüb
gedirdik,
elə özümüzü
də öldürüb
gedirdik,
bəlkə, heç
bilmədən
bu şəhəri
də öldürüb
gedirdik.
Bir şəhərin
bu şəkildə göy üzündən, sularından, yollarından
tərk olunması anlayışı dünyaya
nəhəng informasiya
ötürür, burada
romantiklik, duyğusallıq
var, əlbəttə. Göylərindən
tərk olunmaq anlayışı da çox
önəmli işarədir.
Göy üzü hər daim müqəddəs
qəbul olunub. Mifologiyada, dində, ədəbiyyatda Göy - tanrı deməkdir, azadlıq deməkdir. 30 illik həsrətdən sonra Şuşanı ziyarət edən hər kəs, Elçinin bu poemada əslində, nə dediyini çox gözəl anlayar..
Vəhşi ermənilərin
Şuşanın gözəlliklərini
bir zavallı, murdar qurd kimi
gəmirərək necə
məhv etdiyini görür. Binalar... bir zaman səs, musiqi, sənət, ədəbiyyat, hakimiyyət,
ailə, dost, sevgili olan binalar, ilahi,
necə də vəhşicəsinə yox
edilib... Barılar dağıdılıb...
Şuşadaykən gözləri
dolaraq qabarlı əlləri ilə dağıdılmış divarı
yenidən qurmağa çalışan fəhlənin
mənə uzatdığı
almanın balacalığı,
cırlığı diqqətimi
çəkmişdi. Almanın
bu cür cırlaşması məni
kədərləndirmişdi. Doğrudan da, Şuşa hər yerindən tərk edilmişdi o qanlı gündə...
Bir xeyli uca qamətli ağaca baxmışdım
və pıçıldamışdım.
Bu alma sənə yaraşmır,
heç yaraşmır
həm də. Bax biz qayıtmışıq.
Artıq ən gözəl bəhərlərini
verə bilərsən...
Almadan gələn gözəl ətir, bircə o ətir ümid vermişdi mənə. Əmin idim ki, Elçinin misralarında əks olunan zorla tərk
edilən o şəhər,
yenidən özünə
- müqəddəs günlərinə,
Azərbaycanlı günlərindəki
gözəlliyinə, ehtişamına
qayıdacaq.
Şuşada doğulan,
əsrarəngiz təbiətin
aludəçisinə çevrilən
və amansızlıqla
o torpaqlardan qoparılan,
yurd-yuvasına həsrət
qalan insanlar üçün Şuşanı
təsvir etmək çox həssas mövzudur, bir o qədər də çətin. Elçin İsgəndərzadənin "Ədəbiyyat qəzeti"ndə
yayınlanan "Mənim
Şuşa dastanım"
- "Zəfər poeması"
sadaladığım bu
fikirlərin ən bariz nümunəsidir.
Şuşa adlı...
Sevgili dərdim
çıxır hər
yerdə qarşıma,
sevgili kədərim
çökür üz-gözümə...
Yaxud:
Bir vətən necə sevilir?
Səndən sonra anladıq.
Bir vətənin
adı necə sevilir?
Səndən sonra anladıq.
Səndən sonra çox şeyi anladıq...
Elçin İsgəndərzadənin
yaradıcılığı ilə tanış olan hər kəs,
şairin yaradıcılığından,
elə gəncliyindən
bu günədək davam edən bir həsrət simfoniyası duyurlar. Bu həsrətin adı Qarabağdır - Şuşadır.
Texnika və filologiya elmləri doktoru olan Elçin
İsgəndərzadə Azərbaycançılıq
- türkçülük məfkurəsi
ilə daim gecə-gündüz vətəni
uğrunda çalışır.
Onun texnika sahəsində gördüyü
işlərlə tanıyanlar,
ruhunun dərinliklərində
gizlənən emosional
şairi görmürlər.
Ancaq damarlarında axan qanla eyni
sürətdə hərəkət
edən və hər daim təkrarlanan
həsrəti hamı
görüb tanıyıb...
"Mənim Şuşa dastanım"
- "Zəfər poeması"
bir çox məqamlarla Şuşaya yazılan əsərlərdən
fərqlənir. Burada
türkçülükdə əsas mövzu olan "ana", "anaların
göz yaşı",
"anaların ahı
tutar" kimi fikirlər ön plandadır. Yaranışdan
Vətən torpağı
ilə ana eyni tutulur, onlar müqəddəs varlıqlar
kimi həmişə yanaşı qoyulur.
Bu dəm anam dilləndi,
həm də necə dilləndi,
- Səni Allaha əmanət verirəm, Şuşam.
Analar Şuşanı
Allaha əmanət etdi.
Allah bu əmanəti
nə vaxtsa geri qaytarmalıydı, nə vaxtsa...
Şuşa anaların
əmanətiydi Allaha!
Qədim türklərdə
"Ana haqqı, Tanrı
haqqıdır" - deyilib.
Ana müqəddəs olmasaydı,
Qazan xan düşməndən əsir
düşən el-obasından
təkcə anasını
istəməzdi.
Anam Şuşaydı,
analar Şuşa
olmuşdu bu ayrılıqda.
Sanki dillərə
dastan Şuşa təbiəti
bu gün yenidən canlanır, yenidən həsrətdən
cırlaşan Xarıbülbüllər
boy atır. Qayıdışla,
həm də nəhəng qayıdışla
bu gün Şuşanın səması
sanki öz doğma - türkçülüyü,
Azərbaycançılığı özündə əks etdirən o dərin mavisinə qayıdır. Bütün bunları isə Elçin İsgəndərzadə görür.
Çünki o Şuşanı
ta uşaqlığından tanıyır, əzbər
bilir. Bu poema həm də ona görə ilkdir və önəmlidir ki, Şuşalı
bir insan eyni əsərdə həm həsrəti, həm vüsalı, həm kədəri, həm sevinci, tərk edilişi və böyük qayıdışı sözlərin
gücü ilə pafossuz, olduğu kimi, hiss etdiyi, yaşadığı, gözləri
ilə gördüyü,
tərk edilişin də, Böyük Qayıdışın Şahidi
kimi, realist şəkildə
əks etdirib.
Səndən gedənlər
ruh olub qayıtdılar,
səndən gedənlər
ölüb qayıtdılar,
səndən gedənlər
Şuşa olub
qayıtdılar, Şuşam!
NARGİS
Ədəbiyyat qəzeti.
- 2023. - 9 dekabr, ¹ 47. - S. 17.