44 nömrəli palata
Həkim Güləliyevin
üzündə donub
qalan təbəssümün
ağrıya çevrilməsindən
bir az ötmüşdü.
Cərrahiyyə masasındakı
əsgərin sol qolunu qəlpələrdən
təmizlədikcə, damarları
soxulcan kimi tərpənir, təzədən
yerinə qayıdırdı.
Yarım saat bundan qabaq palataya
köçürülən polkovnik Paşayevin yaxınları üstündən
barıt qoxusu hələ getməyən
zabiti görüb sakitləşdilər.
Xəstəxana dəhlizində labirintə
düşən qohumlar,
boz dəsmalla gözünün suyunu silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ
xəbərsiz idilər.
Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları, sanki ətçəkən
maşından keçmişdi...
Qara xəbərlərin
içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı
və ya yoxluğu haqqında məlumat demək idi.
- Cek London, Drayzer,
Tven... - Əsgər Ağayevin xırıltılı
səsi bir andaca palatadakı sükutu pozdu. Ağrıdan dodaqlarını
gəmirən Ağayev
tavanda hörümçək
toruna gözünü
zilləyib sayıqlamağa
başladı.
- Su, su,
su verin... Ağayevin səhra çölünü xatırladan
dili ilan kimi qıvrılır, davamında söyüş
və qışqırıqlar
eşidilirdi...
Tibb bacısı
dəmir stəkandakı
suyu Ağayevə sarı uzatdı. Bir qurtum içib,
dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü...
Ağayev Filologiya
fakültəsini keçən
il bitirmişdi. Elə Aytacı da fakültədə görüb sevmişdi. Magistraturaya qəbul olsa da, maddi
çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmiş, ancaq ümidini də üzməyib hərbi xidmətə yollanmışdı.
Beləliklə, hərbi
xidmət və taleyinə yazılan qanlı müharibə...
Əsgər yoldaşlarını soyadlarına
görə yox, sevdiyi yazıçıların
adları ilə çağırardı. Məsələn,
əsgər Məmmədova
Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova
Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə
bunu ümumi vəziyyət üçün
qadağan etmişdi...
Bir dəfə
hərbi hissəyə
yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli
olduğu üçün
həmişə ön
cərgədə dururdu.
Yoxlama rəisi polkovnik Paşayev Ağayevə qəfil yaxınlaşıb soruşdu:
- Əsgər, kitab oxuyursan?
- Bəli, cənab
polkovnik - əsgər
Ağayev özünü
itirmədi.
- Kimləri oxuyursan?
- Əsasən, klassikləri. Tolstoyu, Drayzeri, Çexovu... Ağayev başını
daha da dikəltdi.
Polkovnik bığaltı
gülümsəyib, razılıq
əlaməti olaraq, əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə
bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını
əsgər Ağayevə
tapşırdılar. Deyilənə
görə, bunu şəxsən, polkovnik Paşayev əmr etmişdi...
***
27 sentyabr... Səhər
"Qalx!" komandası
bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı
vəziyyətinə gətirildi.
Əsgər Ağayev
kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən
kapitan İsayev əsəbiləşdi:
- Ağayev, kitab
oxumağa getmirik. Silahını götür,
kaskanı da unutma!
Əsgər Ağayevin qaşları çatıldı. Cəld
yaxasını açıb,
kitabı sinəsinə
qoydu. Silahını götürüb, dəmir
kaskanı başına
keçirdi.
- İrəli, addımla, marş! - Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər
verirdi...
- "Birinci" mən "Şahinəm"
necə başa düşdün, qəbul...
......
- Birinci, birinci!!!
- Birinci qəbulda!
- Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün, qəbul!
......
***
Xəstəxana həyətində, skamyanın
yanında bardaş qurub oturan yaşlı
kişi siqaret tüstüsündən saralmış
bığına sığal
çəkib zikr edirdi.
Halından belə məlum olurdu ki, özünü tamamən
unutmuşcasına soyuq
və halsız idi. Pencəyinin yaxası qədimi orden və medallarla
dolu olan bu adamın, elə bil üstündə
dəmirdən çiçəklər
açmışdı... Heç
kim ona fikir
vermir, yanından yel kimi ötüb
keçirdi, heç kim bu pərişanlığın
fərqinə varmırdı...
Yaralı əsgərlərin
yaxınları əllərini
boş ciblərinə
salıb çıxarır,
baxışlarında közərən
ümidlərini dən
kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri
artırdı, əl-ayağa
dolaşan xadimələr
acığını pol
dəsmalı ilə döşəməni bərk-bərk
silməklə çıxmağa
çalışırdı...
Tibb bacısı
həyəcanla səsləndi:
- Həkim Güləliyev,
44 nömrəli palata...
Əsgər Ağayev...
Tavana baxan
gözlərdə gizlənən
ümid get-gedə yox olurdu. Həkim
Güləliyev bu ümiddən yapışıb
bütün gücünü
səfərbər edir,
bir gəncin həyatı uğrunda ölümlə savaşmaqdan
yorulmurdu...
***
- Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər
Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə
tərəf qaçdı.
- Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld
ol!!! - Ağayev özünə gəldi.
Tez silahını götürüb
irəli atıldı.
Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə
qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət
ifadəsi böyüməyə
başladı...
Aytacın telefonuna gələn
sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri
dan yeri kimi qızarmışdı. O nişanlısının
yaralı bədəninə
toxunduqca titrəyir, ayabənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə
cəmi bir ay qalmışdı; cəmi
otuz gün, otuz gecə. Həsrətin, ayrılığın
bitməyən otuz təqvim günü - sanki sonsuzluq kimi görünürdü.
İndi isə o nişanlısının
soyuq bədəninə
duyğularını, hisslərini,
sevgisini ötürmək
istəyir, sızıldayan
ağrılarına məlhəm
olmağa çalışırdı...
Palata qırx dörd... Tibb bacısının üzünə qonan kədərin iki adı vardı: "Olum və ölüm"...
İkincini heç kim eşitmək istəmir, o yan-bu yana var-gəl edir, addımlarını sürətləndirib bunu,
sanki özlərindən
uzaqlaşdırmağa çalışırdılar.
Cərrahiyyə otağından qara
bulud kimi dolub çıxan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan
rəssam kimi üstü al-qırmızı
rəngə boyanmışdı,
soyuq tərin içində buza dönən üzünü
hamıdan gizlətməyə
çalışırdı...
***
Əsgər Ağayevin nişanlısı
Aytacın söyüd
salxımı kimi çiyninə düşən
saçları bir ayın içində ağardı. Əlində
Ağayevin cibindən
çıxan qəlpəni
saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən
danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək
istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı
ilə onu özündə saxlayırdı...
Həkimlərin bütün səylərinə
baxmayaraq əsgər Ağayevin yaşamaq eşqi ilə vuran ürəyinin döyüntüsü kilidlənmişdi.
1 saylı uşaq evində böyüsə
də, yetimliyini bildirməz, özünü
hamıdan çox, atalı-analı kimi göstərərdi...
Nə Aytacın büllur kimi göz yaşları,
nə də yaxınların duaları
kömək olmadı.
Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq
kimi idi... Aytacın göz yaşları kirpiklərində
buzlayıb, donmuş şəlaləni xatırladırdı...
***
"Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım,
bu son anımda?" Dəftərin axırıncı
vərəqindəki yazı
bu sualla başlayır...
Mərmi
yağış kimi yağırdı. Birdən
uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi...
Cek London üzü səmaya
sarı gülümsəyirdi.
Sanki buludları izləyir,
nəsə xəyal edirdi...
Bitdi...
Post bizdədi. Qələbə!
Eşidirsən, Drayzer,
eşidirsən, Mark, eşidirsən,
Cek London? Eşidirsiz? Post bizdədi...
Qə-lə-bə...!!!
Tural Cəfərli
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 9.