Nəzəriyyəçi Məmməd Əliyevdən romançı
Məmməd Əliyevə
Filologiya elmləri
doktoru, professor, Azərbaycanın
əməkdar müəllimi
Məmməd İrac oğlu Əliyevi çoxdan tanısam da,
son on ili biz onunla bir şöbədə çalışmaqdayıq. Çağdaş
Azərbaycan ədəbi-nəzəri
fikrində öz sözü, öz yanaşması ilə fərqlənən bu alim
milli ədəbiyyatımızın qədim örnəklərindən tutmuş
("Kitabi-Dədə Qorqud",
"Koroğlu" və
s.), üzü bəri
klassik poeziyamızın
inkişaf tendensiyalarını
mahiyyəti üzrə
təhlil etməyi bacaran, nəzəri fikrimizin istiqamətlərinə
pozitiv rənglər qatan, öncül nümayəndələrindən biri kimi özünü
təsdiqləməkdədir.
Məmməd Əliyev
Azərbaycan ziyalılarının
elə bir zümrəsinə aiddir
ki, o, milli mədəniyyətşünaslığımıza
dəyərli nəzəri
araşdırmaları ilə
yanaşı, həm də bədii nümunələr vermiş
çoxcəhətli yaradıcılıq
fəaliyyətinə malik, estetik fikir daşıyıcılarındandır.
Eyni zamanda qeyd etdiyimiz bu üstünlüyü ilə yanaşı, o, folklor nümunələrinin,
epik söz sənətinin çeşidli
örnəklərinin toplanması,
öyrənilməsi, sistemləşdirilməsi
və nəşri sahəsində də zəhmət sərf etmiş tədqiqatçılardandır.
80-ci illərdən başlayaraq
o, ardıcıl və
sistemli olaraq, qeyd etdiyimiz bu sahələrdə uğurla qələm işlətməkdədir. Məmməd
Əliyevin yaradıcılıq
və elmi portretini daha bütöv yaratmaq üçün buraya onun publisistika sahəsindəki məharətini
də əlavə etsək, bu zaman onun yaradıcılığını
sevənlərin gözü
qarşısında universal ziyalı şəxsiyyəti
və obrazını canlandırmış olacağıq.
Məmməd Əliyev
ali təhsilini filologiya ixtisası üzrə aldığından,
onun bu sahəyə
dərindən bağlılığını
xüsusilə qeyd etməliyik. Bəlkə də, Azərbaycan ədəbiyyatşünaslığının
bəxti onda gətirib ki, digər tanınmış nəzəriyyəçilərimiz
- Məmməd Arif, Mikayıl Rəfili, Cəfər Cəfərov,
Mir Cəlal Paşayev,
Firudin Hüseynov, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Həbib
Babayev, Bəkir Nəbiyev,
Yaşar Qarayev və digərləri ilə yanaşı, onda gətirib ki, yaradıcılığından bəhs etdiyimiz Məmməd müəllim
də öz taleyini və ülfətini ədəbiyyatşünaslığın,
ilk növbədə, şeirşünaslığın
nəzəri problemlərinin
öyrənilməsinə həsr
edib. Onun "Azərbaycan şeirinin vəznləri" (1983), "Azərbaycan
şeir sənəti.
Türk şeirinin materialları əsasında"
(2000), "Dədə Qorqud
şeiri" (2000), "Azərbaycan
xalq şeirinin şəkilləri" (2001), "Əruzu necə öyrənməli" (həmmüəlliflə
birlikdə - 2004) ,
"Heca vəznli Azərbaycan şeirinin vəzn və evfoniya problemləri"
(2008), "Ədəbiyyat nəzəriyyəsinin
əsasları" (2009), "Ədəbiyyat nəzəriyyəsi"
(2009), lap bu yaxınlarda
nəşr etdirdiyi
"Türkdilli şeirdə
təfilə və onun ritmik funksiyası"
(Əliyev M. Türkdilli
şeirdə təfilə
və onun ritmik funksiyası. Bakı, "Elm və təhsil", 2023, 168 s.) kimi
əsərlərinin Azərbaycan
ədəbiyyatşünaslığına
bəxş edilməsi,
alimin bu istiqamətdə apardığı
ardıcıl araşdırmaların
uğurlu davamı kimi dəyərləndirilməlidir.
Müəllifin yeni kitabında
klassik təfəkkür
daşıyıcılarımızdan başlayaraq, Qazi Bürhanəddin,
İmadəddin Nəsimi,
Məhəmməd Füzuli,
Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Abbas Səhhət
və b. bu kimi fikir sahiblərimizin
poetik qəliblərində
istifadə etdiyi şəkillər, milli Azərbaycan
əruzunun səs, ahəng və musiqi ecazkarlığı
və digər maraqlı məsələlər
təhlil mərkəzinə
çəkilir. Söz
sərraflarımızın ənənələrinə əsaslanaraq,
əruz vəznli şeirdə təfilə
və onun ritmik funksiyası, qəlib, ölçü,
bölgü münasibətləri,
onların misralardakı
mövqeyi, anadilli şeirimizdə istifadə
olunan əruz vəzninin özünəməxsus
mənzərəsi, iltisaqi
struktura malik olan dilimizdə ahəng qanununun fərqli mövqeyi, bəhr növlərinə və variantlarına kompetensiyalı
rakursdan yanaşmalar yer alır.
Prof. Salidə Şərifovanın "Təfilənin
ritmik funksiyasına nəzəri baxış"
adlı "Ön söz"dən (s. 3-15) sonra,
əsərin "Müəllifdən"
(16-21) adlı ikinci bölümündə biz 10 paraqrafda
təhlilə çəkilən
problemi "Təfilə
əruz vəzninin əsası, ilkin çıxış nöqtəsidir"
(22-36), "Təfilənin poetik adı" (37-43),
"Təfilə-qəlib ölçüsü,
bölüm isə misra göstəricisidir"
(44-56), "Təfilə bölüm
icraçısıdır" (57-59),
"Təfilənin tələbi"
(60-77), "Təfilə və
sözün imlası"
(78-95), "Təfilənin yığcam xarakteristikası"
(113-117), "Təfilə - bölüm münasibətləri"
(118-154), "Təfilə tələb
edir" (155-163) kimi başlıqlarda təhlilə
cəlb olunmuş problemlərin nəzəri
məsələlərinin kompetensiyalı
şərhini görürük.
Bəri başdan deyək ki, ədəbiyyatşünaslığımızda
təfilə probleminə
belə kontekstdə yanaşmaq, əsasən, mühüm addım kimi dəyərləndirilməlidir.
Klassik ərəb və fars ənənələrindən
poeziyamıza daxil olub, burada vətəndaşlıq
mövqeyi qazanmış
bu sahəyə müəllifin baxışı
kifayət qədər
aydın, işıqlı
və diqqətçəkici
olduğundan, nəzəriyyəçilər
tərəfindən maraqla
qarşılanacağı da şübhə doğurmur.
Yaxşı məlumdur
ki, çağdaş dövrdə
klassik ədəbiyyat
nümayəndələrimizin yaradıcılığının çeşidli tərəflərinin
yeni rakursdan öyrənilməsi
bu gün böyük aktuallıq kəsb etməkdədir. Odur ki, prof. Məmməd Əliyevin bu kitabının klassik poeziyamızın xeyli tərəflərinin öyrənilməsində
yardımçı mənbə
olacağını da diqqətdən
kənarda qoymaq mümkün deyildir. M.Əliyevin bu araşdırmasının ən
gözədəyən və
dəyərli cəhəti,
fikrimizcə, onun təfilənin nəzəri
məsələlərini sadələşdirib,
gələcək araşdırmaçılara
rəvan ədəbi dildə çatdırılması
ilə bağlıdır.
Elə monoqrafiyanın
birinci paraqrafından başlayaraq, müəllif
təfiləyə necə
yanaşmaq, onu hansı cür qəbul etmək, hansı fonetik prinsiplə dəyərləndirmək,
onunla necə rəftar etmək, təfilədəki uzun və qısa hecaların düzülüşü
ilə təfiləyə
düşən hissədəki
uzun və qısa hecaların vəzncə bərabərliyinin
müxtəlif vəziyyətini
necə müəyyənləşdirmək,
bölümdə yer almış sözün imlasının təfiləyə
uyğun gəlməsinin
zəruriliyini ortaya qoymaq ..., təfilənin bir-biri ilə rabitələnməsi... son bölümdə
təfilənin elmi dəyərini və qəlibdəki poetik fəaliyyətini necə təyin etmək kimi, məsələlərə
baxışın özü
də, əslində,
təfilənin nəzəri
aspektlərinin nə qədər çoxcəhətli
və rəngarəng
olduğunu təsdiqləməkdədir.
Və eyni zamanda müəllifin təfilə ilə bağlı izahlarının
daha hədəfə dəyən olub, Şərq ədəbiyyatşünaslığının
və poetikasının
çətin dərk
edilib, mənimsənilən
elementlərinin sadələşdirilmiş
dərkini ortaya çıxarmasını isə
biz əsər müəllifinin
idrak imkanlarının
rəngarəng olması
kimi əlaqələndiririk.
Təfilə ilə bağlı nəzəri-poetik,
praktik və eyni zamanda metodoloji-metodik
fikirlərini yekunlaşdırarkən,
müəllifin problemlə
əlaqədar açar
mahiyyəti daşıyan
qənaətləri də
diqqət mərkəzinə
çəkilməlidir. Onlar
isə Məmməd Əliyevin izahında aşağıdakı kimi
təsnif olunmuşdur.
Və muəllifin həmin qənaətləri
nə az, nə çox, düz 35 bənddə ümumiləşdirilmişdir. Bunları eksklüziv olaraq aşağıdakı
kimi təqdim edib, sistemləşdirmək
mümkündür: hər
bir təfilənin elmi transkripsiyasının
nəzərə alınması,
hər təfilənin
elmi oxunuşunun (evfoniyasının) Əkrəm
Cəfərin tərtib
etdiyi qaydalara uyğun öyrənilməsi,
sözün (ərəb
və fars dillərində) düzgün
və ləngimədən
oxunması, şeirdəki
ikiqat uzunhecalı sözləri müəyyən
edib, onu adi hecaya çevirmək
bacarığı, şeirin
qəlibini müəyyənləşdirib,
ona düzgün təqt vermək ustalığı, əsərin
oxunuşuna hazırlaşarkən,
onun bəhrlərinin adının lüğəvi
mənasına diqqət
yetirilməsi, misranın
oxu gedişinin sürətinin təmin edilməsi, oxu prosesində səsi qəlibin ritminə kökləyə bilmə,
ahəng ritm bacarığına malik olmaq,
özündən əvvəlki
təcrübəyə söykənmək,
əruz vəznli şeirin ölçüsünün
düzgün təmin
edilməsi və qəlibin düzgün oxunuşu, misraları təfilələr üzrə
düzgün bölüşdürmək,
əruzu bir elm kimi dərk edib, onun müəyyən
elmi prinsiplərə söykəndiyini nəzərdən
qaçırmamaq, milli əruz
təfilələrininin heca
quruluşuna dilimizin fonetik prinsiplərini nəzərə almaqla yanaşmaq, misralarda yer almış hecalardakı kəmiyyət
göstəricilərini yox,
keyfiyyət göstəricilərini
əsas kimi götürmək,
qəlibdə təfilələrin
birləşməsinin bir-birinə
uyğun şəkildə
sıralanmasına diqqət
yetirmək, misranın
qəlibin ahənginə
doğru meyillənməsini
nəzərə almaq,
təfilələrin bir-birindən
fərqli cəhətlərini
aşkar etmək, təfilələrin qəliblərdəki
iştirakında onların
öz müstəqilliyinin
saxlanmasına diqqət
yetirmək, onlar arasındakı əlaqələrin
dinamik xüsusiyyətini
nəzərə almaq,
bölümlərdəki qəbul
edilmiş imla vahidi və vəzn vahidinin tətbiqinə yiyələnmək
və i.a. və s. məsələlərin
ortaya çəkilməsi
Məmməd Əliyevin
Şərq poetikasının
elementlərinə mahiyyətcə
bələd olmasını
sübut etməkdədir.
Hətta fraqmentar
şəkildə nəzər
saldığımız bu
müddəalardan hər
biri prof. Məmməd
Əliyevin Şərq
poetikasının aparıcı
ünsürlərindən olan
"təfilə" və
onun "ritmik funksiyası" ilə bağlı görümlü
mənzərə yaratdığını
da, burada bir daha dilə gətirməliyik.
***
Məmməd Əliyevin
"Türkdilli şeirdə
təfilə və onun ritmik funksiyası"
əsərindən söhbət
açarkən, biz bu
əsərin meydana gəlməsindən xeyli əvvəl, onun "Ədəbiyyat nəzəriyyəsinin
əsasları" (2009) və
ondan bir az sonra isə,
"Ədəbiyyat nəzəriyyəsi"nin
ən aparıcı komponentlərini, tərkib
hissələrini özündə
əks etdirən özünün mühüm
əsərini nəzəriyyəçilərə
təqdim etdi. Əsər işıq üzü görəndən
sonra bizim də onunla isti-isti tanış olmaq imkanımız oldu.
Professor Məmməd
Əliyevin nəzəri
baxımdan yetərincə
mükəmməl olan
bu əsəri "Giriş" və "Biblioqrafiya" ilə yanaşı, dörd bəhsdən ibarətdir:
əgər burada
"Giriş"dən sonra
ədəbiyyatşünaslıq elminin sahələri (burada ümummetodoloji problemlər - Varlığın
bədii inikası, surət, xarakter, tip; Bədii portret, Bədii konflikt, Daxili ziddiyyət, Bədii əsərin mövzu və ideyası, Məzmun və forma, kompozisiya və süjet, peyzaj, bədii detal, bədii dil, bədii üslub, bədii təsvir və ifadə vasitələri, bədii ədəbiyyatda gülüş) təqdim
olunursa, bundan sonra daha fundamental problemlər "Ədəbi
növlər və janrlar", "Şeir sistemləri və vəznlər", "Azərbaycan
şeirinın ritm vasitələri" kimi məsələlərə müəllif
daha çox, məhz fəlsəfi-idraki
müstəvidə nüfuz
edir. Biz son dövrlərdə
ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsinın çoxsaylı
problemlərini təhlil
və tədqiqat obyektinə çevirmiş
əksər mənbələrlə
yaxından tanış
olduğumuzdan, etiraf etməkdəyik ki, professor Məmməd
Əliyevin bu araşdırması özünün
nəzəri problemlərə
dərindən nüfuz
etməsi ilə digərlərindən nəzərəçarpacaq
dərəcədə fərqlənməkdədir.
Bu əsərin yazılmasında müəllif
üçün ən
vacib yanaşma "Tarixsiz nəzəriyyə,
nəzəriyyəsiz tarix
yoxdur" konsepsiyasıdır.
Onun nəzəri məsələlərə nə
qədər məsuliyyətlə
yanaşmasını "Giriş"
hissəsini oxuyarkən
aydın görürük.
Burada o, milli, türk,
Şərq, Yunan-Roma,
Avropa nəzəriyyəçilərinin
əsərlərinin çeşidli
xüsusiyyətlərini öyrəndikdən
sonra, Azərbaycan nəzəriyyəçilərinin bu sahədə əldə etdikləri nəzəri bilikləri təhlil etməklə yanaşı, həm də nəzəriyyənin
elmi-fəlsəfi çalara
malik olan çoxsaylı
və mürəkkəb
formullarını öyrənib,
özünün fərdi
baxış müstəvisini
yaratmağa müvəffəq
olur.
Məmməd Əliyev
bu kitabı ilə ədəbiyyat nəzəriyyəsi üzrə
ən mühüm bilik mənbəyinin məhz əsaslı konsepsiyaya söykənən
kitab ola biləcəyində israrlıdır. Onun "Ədəbiyyat nəzəriyyəsi"ndə,
nəinki oxuculara spesifik terminologiyaların izahları verilir, həm də burada məsələyə
lakonik baxış sərgilənir. Bədii ədəbiyyatın strukturu,
onun məqsədi,
"Ədəbiyyat nəzəriyyəsi"nin
və söz sənətinin müxtəlif
ipostasaları və
s. məsələlər incələnir,
şeirşünaslığın ümumi anlayış və terminləri, onların təhlili, vəzn xüsusiyyətləri,
şeirin poetik dilində onun canı və ruhu dayandığı göstərilir, milli dilin
fonetik xüsusiyyətlərinin,
ahəng və tələffüzün durduğu
ön plana çəkilir.
Elə buradaca bildirək ki, Məmməd
Əliyev rus və türk ədəbiyyatşünaslığının
tanınmış nümayəndələrinin
əsərləri ilə
yaxından tanış
olduğundan, onun adını çəkdiyimiz
əsərində rus
- A.A.Potebnya, İ.İ.Sreznevski,
A.N.Pıpin, F.İ.Buslayev,
İ.D.Polivanov, F.Korş,
V.İ.Şapovalov, V.V.Radlov,
T.Kovalski, İ.V.Stebleva,
A.N.Veselovski, V.V.Jirmunski
və digərləri
ilə yanaşı; türkiyəli ədəbiyyatşünas
İ.H.Sevük, F.M.Köprülü,
azərbaycanlı müəlliflər
- Ə.Abid, M.C.Cəfərov,
Ə.Dəmirçizadə, K.V.Nərimanoğlu, özbək
X.Usmanov, K.Kərimov; qazax M.Xamrayev, Z.Əhmədov; qırğız
K.Rısaliyev; türkmən
A.Kəkilov, A.Bekmuradov
və b. bu kimi böyük alimlərin nəzər-nöqtələrindən
müqayisəli - qarşılaşdırıcı
zəmində istifadə
etməklə, şeir
sistemləri və vəznlərlə bağlı
Orxon-Yenisey abidələrinin dilindən və "Kutadqu-bilig"in
şeir ölçüsündən,
poetik dil sistemindən, xalq və aşıq şeiri şəkilləri,
əruzun bəhrləri
və s. kimi, məsələlərlə bağlı
inandırıcı və
müfəssəl bilgilər
ortaya çıxarılmışdır.
Qeyd etdiklərimizdən
başqa, müəllifin
qafiyə, təkrarlar,
alliterasiya, assonans, Azərbaycan şeirinın
bənd quruluşu, xalq şeirinin şəkilləri, klassik
şeirin şəkilləri,
ədəbi cərəyanlar,
ənənə və
novatorluq kimi nəzəri-metodoloji məsələlərə
müəllif baxışı
özünün sərbəstliyi,
yetkinliyi və konseptuallığı ilə
fərqlənir. Bütün
bunlar ümumi yanaşmada prof. Məmməd
Əliyevin nəzəri
bazasının individual və
fərqli tərəflərinin
göstəricisi kimi diqqəti cəlb etməkdədir.
***
Məmməd Əliyev
ədəbi-nəzəri fikrimizə
təqdim etdiyi nəzərəçarpacaq maraqlı
əsərləri ilə
yanaşı, müxtəlif
illərdə "Bədii
təfəkkürdə erkən
Azərbaycançılıq düşüncəsi" (2018) adlı tarixi-etnoqrafik müstəvidə ortaya qoyduğu kitabında etnosun tarixini, onun erkən dövrlərə aid qaynaq
və mənbələrindən
mif yaradıcılığından
tutmuş, etnoqonik, kosmoqonik baxışları
qədim türk-Şərq
mənbələri "Avesta"ya
bağlamaqla milli özünüdərkin
və özünəqayıdışın
etnopsixoloji və etnofəlsəfi qatlarına
enməklə araşdırmaya
cəhdi, yazılı
ədəbi örnəklərimizin
qədim dövrlərindən
günümüzə qədər
çözələməklə, həmin abidələrdə
yer almış Azərbaycançılıq məfkurəsinə
mifoloji örnəklər
və folklor-ədəbi-fəlsəfi
mənbələrdən gələn
impulsiv soraqlar zəminində işıq
tutmağa çalışmışdır.
***
Məmməd Əliyevin
təfəkkür boxçasının
digər bir tərəfində folklor,
el-elat düşüncəsinin
məhsulu olan "Quba-Şabran folklor örnəkləri"nin (2013) öncül mövqedə
dayandığını qeyd
etməsək, bu özünəməxsus folklor
toplayıcısının obrazını, heç də tam şəkildə
yaratmağa müvəffəq
ola bilməzdik. Bu, onunla
bağlıdır ki, Məmməd
doğulub, boya-başa
çatıb, havasını
udub, suyunu içdiyi buz bulaqların gözündən
süzülən folklor
nəğmələrini oxumasaydı,
Quba-Şabran ekzotik regionumuzun folklor landşaftı bərq vurmaz, yaddaş boxçamızın çöhrəsi
solğun görünərdi.
Elə buna görə
də o, bu sahəyə də səriştəli ekskurs etməklə, nənə-babalarımızın
söz-fikir dünyasından
gövhərlər çıxarmağa
meyillənməzdi. Məmmədin
hansı mövzuya, hansı sahəyə baş vurmasından asılı olmayaraq, onu, hər şeydən
öncə, xalqımızın
etnik təfəkküründə
yatan şifahi örnəklərimizin incisi
hesab edilən nağıl, dastan, rəvayət,
əfsanə və s.
kimi örnəklərdə
yer almış tariximizin müxtəlif dönəmlərinə qayğı
ilə yanaşıb,
orada nəzərdən
qaçmış ünsürləri
oxucu yaddaşına ötürmək ön planda dayanırdı. Başqa sözlə desək, Məmməd Əliyev bu sahədə də özünü toplayıcıdan,
yığıcıdan, sistemləşdiricidən
daha çox, həm də, tədqiqatçı kimi göstərməyə can atmaqdadır.
***
Prof. Məmməd
Əliyevin elmi araşdırmalarından bəhs
edərkən, biz, həm
də onun iki cilddən ibarət "Böyük
yolun davamı". Türk xaqları ədəbiyyatına dair araşdırmalar" (I kitab, 2019) kitabından da danışmağı
vacib bilirik. Müəllif bu ikicildliyin birinci kitabında "Koroğlu"
dastanı, "Bolqar Koroğlusu", Mahmud Kaşğari,
XVIII əsrin iki türk şairi M.P.Vaqif və M.Fəraqidən, macar türkoloqlarından bəhs
edirsə, paralel olaraq, "Dünya ədəbiyyatında Orxan
Pamuk zirvəsindən", Cəlaləddin Rumi və
onun "Məsnəvi"sindən,
Böyük çölün
böyük oğlu - Muxtar Auezov, Osman Əfəndinin
estetik idrak nəzəriyyəsi, XIX-XX əsrlər
Avropa türkoloji məktəbinin nümayəndələri
ilə bağlı və s. kimi, örnəkləri oxucularına
təqdim etməyi bacarmışdır. Adını
çəkdiyimiz əsərin
(II kitab, 2022) məzmun, mahiyyət
və kompozisiya müstəvisinə onun
XX əsrin 70-80-ci illərində
və XXI əsrin son dövrlərində çap
olunmuş zəka məhsullarını da əlavə
etdikdə, burada oxucunun gözü önündə səmərəli
və yaddaqalan mənzərə yaradıldığını
da nəzərdən qaçırmaq
olmaz.
***
Prof. Məmməd
Əliyev bir sıra ədəbi-nəzəri
təfəkkür nümayəndələrimiz
kimi, bədii sözün fəlsəfi-estetik
tərəflərinə dərindən
bələd olub, nəzəri müddəalarını
gərəyincə mənimsəyib,
sanballı əsərlər
ortaya qoyduqca, onun bədii ədəbiyyatın ayrı-ayrı
mövzularını işləyib,
özünəməxsus orijinal
əsərlər ortaya
qoyması da, haqqında
bəhs etdiyimiz bu alimin, həm
də bədiiyyat məsələlərindən lazımınca
yararlanmasını gündəmə
gətirir. Təsadüfi
deyildir ki, ədəbiyyatşünas,
türkoloji ədəbiyyatşünaslığa
öz nəzəri müddəalarını təqdim
edən professor Məmməd
Əliyev yaradıcılıq
bacarığının istiqamət
vektorunu kardinal şəkildə dəyişərək,
roman yaradıcılığına israrla nüfuz etməyə başladı.
Bir-birinin ardınca sanballı "Həsrətin
o üzü" romanı
(Əliyev M. "Həsrətin
o üzü". Roman (I hissə).
Bakı, "Elm və
təhsil", 2021, 520 s.), "Karvan köçər, ötər gedər sədası" (Əliyev
M. "Karvan köçər,
ötər gedər sədası". Roman. Bakı
"Elm və təhsil",
2021, 388 s.) və "Mavi-yaşıl
gözlərin işığı"
(Əliyev M. "Mavi-yaşıl
gözlərin işığı".
Roman. Bakı, "Optimist" MMC - çap mərkəzi,
2023, 490 s.) kimi, janr baxımından bu maraqlı bədii essevari və memuar xarakterli nümunələr bir-birinin
davamı olaraq, həm də müəllifin öz ömür yolu, ailə üzvləri, xüsusən, anası Züleyxa xanımın əziz xatirəsinə ithaf etdiyi "Həsrətin o üzü"
əsəri müəllifin
keçdiyi ziqzaqlı,
narahat və eyni zamanda məsuliyyətli
həyat yollarının
bədiiləşdirilmiş mənzərəsi kimi oxucu marağını məşğul etmək baxımından gərəkli
örnəklər kimi
ortadadır.
Professor Məmməd
Əliyevin nəsr yaradıcılığından bəhs edərkən, onun təhkiyəsində bədii mətn daxilində özünü
büruzə verən
iki məsələni
ön plana çəkməyə
ehtiyac vardır. Bunlardan biri, obrazlılığın yaradılması
məsələsidirsə, ikincisi, mətndə daha hiss olunan lirizmdır. Əlbəttə,
bəzi opponentlər söyləyə bilərlər
ki, obraz bir ədəbiyyatşünaslıq kateqoriyası olaraq, nəinki söz sənətinin, həm də, ümumiyyətlə,
sənətin təyinedici
əlaməti kimi çıxış edir.
Mürəkkəb və
çoxtərəfli hadisə
olan obraz, heç də birmənalı rakursdan izah olunmağa da yatımlı deyildir. Ümumini xüsusidə, fərdidə təsvir etməyə çalışmaqla
Məmməd Əliyev
üçcildliyə daxil
etdiyi "Tələbə
dostlarla görüş",
"Keçmişlərdən bir neçə yarpaq", "Sifadə müəllim", "Son səfər",
"Məktub", "İşdən
çıxmaq cəhdi",
"Röyada", "Şəhərin
yay günləri", "Səksən üçüncü
il", "Əjdər Süleymanzadə...",
"Əlibala kişi,
Ərəstun və başqaları", "Qovluq",
"Adri evinə qayıtdı"
və s. bu kimi, maraqlı başlıqlı bu nümunələrdə biz gənc
rəssam, alim Ərəstun,
Firuzə xanım, Mehman, Murad, Kamran, Vaqif
İbrahimov, Toma Borşeva, Minasyan, xanım Petrosova, Əbülfəz Əliyev,
Qurban Qasanoviç,
Abdulla İbrahimov, Mirzə İbrahimov,
Zori Balayan, Silva Kaputikyan,
Aqambekyan, Boris Yeltsin, Saxarov,
Bonner, Sobçak, Starovoytova,
Əjdər Süleymanzadə,
Adri və s. timsalında
müəllifin digər
qəhrəman, obraz və personajlarının
oxucularla öz fərdi keyfiyyətləri
ilə görüşə
gəldiyini görürük.
Adlarını çəkdiyimiz
bu bədii nümunələrdə Məmməd
Əliyev obyektiv gerçəklikdən götürülmüş
bu insanların obrazlarını yaratmaqla,
həm də müəllifin özünün
subyektiv mövqeyinin simbiozu kimi oxuculara
təqdim olunur. Bununla demək istəyirik ki, Məmməd
Əliyev üçcildlikdə
təqdim etdiyi əsərlərində sözlə
obrazın maraqlı bədii tandemini yarada bilir. Belə
olduqda, vizual obyektin söz obrazı mətnin maddi komponenti kimi çıxış etməklə, onun struktur-semantik vahidliyini təşkil edib, perseptiv (qəbul edilmiş) model kimi ortada dayanmaqla (yəni vizual mühakimə, obrazlı məzmun kimi) özünün ifadə olunmasında dil vasitələrinin səmərəli
cəmi kimi çıxış edir.
Məmməd Əliyevin
nəsr yaradıcılığında
bədii obrazlılığın
nitq göstəriciləri
nəsrdəki obrazlılığın,
nəinki metaforikliklə,
həm də nitq planında poetik diskurs şəklində ifadə
olunur. Odur ki, Məmməd Əliyev nəsrini dil aspektində söz, söz birləşməsi,
cümlə, onun özünəməxsus semantikası
və ondan istifadəolunma, həm də obrazlılığa
bürünmüş ədəbi
dilin dil vahidi qismində çıxış etdiyini
görürük. Buradan
belə bir istiqamətə yön götürmək olar ki, gələcəkdə Məmməd
Əliyevin nəsr yaradıcılığı ədəbi
tənqidin bu sahədə fəallaşması
üçün zəmin
yarada biləcəyini
mümkünləşdirir. Müəllifin əsərlərinin
mahiyyəti ilə dərindən tanışlıq
bizi ona gətirib çıxarır
ki, Məmməd Əliyevin
üçcildliyindəki nümunələrdə
perseptiv situasiya personajlararası kommunikasiyanın
təhkiyə tipinin semantikası ilə bağlı təsəvvürləri
də genişləndirir.
Belə olduğu halda, biz bədii əsərin söz obrazlılığının çoxaspektli
üslub kateqoriyası
olduğunu daha çox müdafiə edirik. Buna görə də sözün obrazlılığının öyrənilməsini
faktiki olaraq, üçcildliyə daxil
edilmiş əsərlərin
hər bir səviyyəsində (əşyavi,
ideya, kompozisiya, süjet və s. müstəvisində) getməklə,
həm də təhkiyənin nitq priyomlarının formal çərçivələrdə
qapanmadığını göstərir.
Bundan başqa, Məmməd Əliyevin hər bir konkret
əsərinin ümumi
obrazlılığı obrazlı
konstantlarının (formalarının)
invariant xüsusiyyətlərini yarada bilir. Bu, həm də nəsrin monoloji məkanının söz
obrazların-formal-məna
vahidlərinin spesifikası
ilə əlaqəlidir.
Yuxarıda qeyd etdiyimiz digər bir məqam isə, Məmməd Əliyev nəsrində lirizmin özünü büruzə verməsidir.
Bu baxımdan, əsərlərini
təhlilə cəlb
etdiyimiz müəllifin
üçcildliyinin ikinci
- "Karvan köçər,
ötər gedər sədası" adlı əsərində daha çoxsaylı lirizm elementlərini müşahidə
etmək mümkündür.
Əslində əsərin
özünün adında
bu kateqoriyanın yetərincə vizual-hissi
aura yaratdığı üzə
çıxır. Bu cəhət
müəllifin "Əlvida,
doğma yurdum",
"Muğan çölü,
Ərəbistan səhrası",
"Vətəndən uzaqlarda",
"Görüşlər", "Vaxtsız ölüm",
"Ayrılığın sonu... Varmış?",
"Uzaq illər yaxın oldu" və s. kimi nümunələrdə daha
çox gözə dəyməkdəlir.
Məlum olduğu
kimi, nəsrdə lirizm həmin nümundə özünü
bürüzə verən
və təsvir edilən gerçəkliyin
poetizasiyasında, subyektivliyində,
təhkiyənin zəifləməsində
və s. məqamlarda müəyyən fonetik və leksik vasitələrin köməyi
ilə realizasiyasında
görmək daha çox isə çıxır.
Kompozisiya baxımından,
lirik nəsr avtobioqrafik, epistolyar, gündəlik, səyahət,
esse kimi bədii-publisistik formaları
özündə əks
etdirdiyindən, onun bədii spesifikası da xeyli dərəcədə
fərqlidir. Buna görə
də, nəsrdə lirizmın kökləri xeyli cəhətləri ilə özünü xalq yaradıcılığında,
qəhrəmanlıq və
məhəbbət dastanlarında,
xalq taleyi, aşiqlə məşuqun
həsrəti və
s. məqamlarla çulğaşdığı
kontekstdə daha çox yaranır.
Prof. Məmməd
Əliyevin nəsr yaradıcılığında lirizmə meyillilik də, fikrimizcə, ilk növbədə, onunla bağlıdır ki, o, zəngin
və yetərincə
müşahidələr apara
bildiyi həyatı boyunca, digər çoxsaylı yazıçılardan
fərqli olaraq bədii yaradıcılığa
elmi-nəzəri təcrübədən
sonra gəlmişdir.
Bu baxımdan, onun nəsr yaradıcılığındakı
lirizmin özü də özünün kamil atributikasına malikdir. Düzdür, əslində lirizm bədii təfəkkürün
elə bir elementidir ki, o bütün
ədəbiyyatın mahiyyətinə
sirayət edir, daxil olur. Hələ
vaxtilə V.Q.Belinski
qeyd edirdi ki, "Lirizm özü-özlüyündə
mövcud deyildir. O poeziyanın ayrıca növü olaraq bütün digərlərinə
stixiya kimi daxil olmaqla, onların içində yaşayır... Lirizmsiz epopeya və dram son dərəcə prozaik görünər, öz məzmununa qarşı soyuq və laqeyd
olardı".
***
Beləliklə, biz son zamanlarda
Məmməd Əliyevin
uğurlu ədəbiyyatşünas-nəzəriyyəçidən
yazıçı Məmməd
Əliyevə keçidinin
şahidi oluruq. Odur ki, prof. Məmməd Əliyevin nəzəri baxışlarını çevrələyən
əsərləri nəzəriyyəçi-alimlərimizin
müasir dövrün
bədii söz ustalarından birinə çevrilmiş yazıçı-nasir
Məmməd Əliyevin
romanlarını oxuyub,
ondan zövq alacaqları, fikrimizcə,
onun nəsr yaradıcılığına verilən
diqqətin davamı olaraq özünü doğruldacağına daha
çox zəmin yaradacağına ümidləri
artır. Bundan sonra ədəbiyyatşünas
Məmməd Əliyevlə
romançı Məmməd
Əliyev arasında gedə biləcək yaradıcılıq mübarizəsinin
kimin xeyrinə həll olunması məsələsi isə,
onun hər iki istiqamətdə apardığı fəaliyyətin
necə dəyərləndirilməsi
ilə sonuclanacaqdır.
Bu mübarizədə kimin
qalib gəlməsindən
asılı olmayaraq ədəbi-nəzəri fikrimizin
və bədii düşüncəmizin zənginləşməsinə
hər bir Məmmədin pozitiv təsiri olacağı bizdə şübhə doğurmayacaqdır.
Nizami Məmmədov Tağısoy
Professor
Ədəbiyyat
qəzeti. – 2023. – 9 dekabr,
¹ 47. – S. 22 - 23.