Mirzə Fətəli Axundzadənin
məktubları
İkinci
yazı
Böyük mütəfəkkir və
realist ədib, maarifçi realizmin banisi M.F.Axundovun məktublarında yer alan əsas problemlər - Yeni əlifba layihəsini həyata keçirmək və "Kəmalüddövlə
məktubları" fəlsəfi
traktatının çap
olunub yayılması idi.
M.F.Axundzadə ömrü boyu bu qənaətdə olmuşdur ki, Şərq xalqlarının
din əvəzinə mövhumata, xurafata, fanatizmə mübtəla olmasına səbəb sağdan-sola yazılan mürəkkəb ərəb
əlifbasıdır. Xarici
işlər nazirinin birinci müavini Mustafa xana 1871-ci ilin yanvarında göndərdiyi məktubunda
yazır: "Mənim
məqsədim köhnə
islam əlifbasını
dəyişdirmək və
ya islahıdır"
(Mirzə Fətəli
Axundov. Əsərləri
üç cilddə.
III c. Bakı, "Elm",
1988, s.153. Qeyd. Sitatlar
bu nəşrdən verilir, ancaq səhifə göstərilir).
M.F.Axundzadə bu məqsəd uğrunda inadkar mübarizə aparmış,
çoxlu dostlar və çoxlu düşmənlər qazanmışdı.
Düşmənləri, əsasən,
din xadimləri, özünü islam təəssübkeşi adlandıran
fanatiklər idi. Məsələn, Yeni əlifba layihəsi İstanbulda müzakirə
olunarkən, dini təhsil almış alimlər deyirdilər ki, fars və
türk əlifbaları
üzərində istənilən
islahatları apara bilərsən, amma ərəb əlifbasına
toxunmaq olmaz, çünki ərəb əlifbası müqəddəsdir,
Quran əlifbasıdır
və s. Elə buna görə də M.F. Axundzadəni İslam dininin düşməni hesab edirdilər. Lakin biz birinci yazıda
Mirzə Fətəlinin
İslam dinini bütün dinlərdən
üstün tutduğunu
yazmışıq.
İranın sabiq konsulu Əli
Xana 22 sentyabr 1872-ci il tarixli məktubunda
belə bir mühüm fikir ifadə olunur: "Məqsədim islam dinini rədd etmək deyildir... mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri
inkişaf etdirmək,
xalqlarımızın azadlığı,
rifahı və sərvətinin artması
üçün, vətənin
abadlaşdırılması üçün və islamiyyətdən əvvəl
babalarımızın malik
olduğu şan və şöhrətin bərpa edilməsi üçün ədalətə
rəvac verməkdir"
(s.213). Şübhəsiz, XIX əsrdə bəyan olunmuş bu qayə, bu məqsəd
M.F.Axundzadəni bir tarixi şəxsiyyət olaraq yaxşı səciyyələndirir və
ucaldır. Mən həmişə demişəm
və yazmışam:
bütün dövrlərdə
ədalətli olmaq qəhrəmanlıqdır! "Cəhalətin üzündən
pərdəni götürmək
və həqiqətin
sirlərini açıb
meydana qoymağın lüzumu, hicrətdən bu günə qədər heç kəsin ağlına gəlməmişdir" (s.163).
XIX əsrdə - 1871-ci ildə böyük cəsarətlə yazılmış
bu fikir XXI əsrdə də aktual olaraq qalır.
Bunu müasir İranın durumu sübut edir. Cəhalətin qara çuxası Azərbaycanda
da görünməyə
başlayıb...
M.F.Axundzadənin "Əsərləri"nin III cildinə
"M.F.Axundovun Yeni əlifba layihələri və məktubları"
adlı maraqlı
"Ön söz"də
görkəmli alim, fədakar tədqiqatçı,
tərtibçi professor
Həmid Məmmədzadə
belə yazıb:
"Məktubların istisnasız
olaraq hamısının
ədəbi, tənqidi,
tarixi, fəlsəfi əhəmiyyəti vardır...
Bu mövzuda (Yeni əlifba ilə bağlı -
N.Ş.) məktublar sayca
arxivdə olan başqa məktublardan bir neçə qat artıqdır". H.Məmmədzadə M.F.Axundzadənin
Yeni əlifba uğrunda mübarizəsini
üç mərhələyə
ayırır.
I. Maarifpərvər ədib ərəb əlifbasının yazı
formasını olduğu
kimi saxlayır, yalnız tələffüzdə
deyilən, lakin yazılmayan saitlər üçün işarələr
düzəldib hərflərlə
yazılmasını və
bütün nöqtələrin
atılmasını irəli
sürür;
II. ərəb əlifbasında nöqtələrin
atılması, bütün
saitlərin sözlərdə
yazılması ilə
birlikdə hərflərin
ayrıca yazılmasını
təklif edir;
III. ərəb əlifbasının islah edilməsini deyil, latın əlifbası ilə dəyişdirilməsini
və sağdan-sola yazılmasını təklif
edir (s.5-6).
Yeni əlifba
layihəsinin əsas mahiyyəti bundan ibarət idi. Lakin bu layihə
də başlanğıc
idi, real çətinlikləri tam
aradan qaldırmırdı.
Fəqət, Mirzə
Fətəli 20 il bu maarifpərvər iş uğrunda yorulmadan mübarizə aparmışdır.
M.F.Axundzadə nəsrdə qafiyənin uzun-uzadı ləqəblərin
(titulların), bir mənanı sinonim sözlərlə təkrar
yazmağın, qəliz
sözlər işlətməyin,
"qeyri-uyğun təşbihlər
və mübalüxələrə
işlətməyin" düşməsində,
əksinə, yazını
danışıq dilinə
yaxınlaşdırmağın, ifadə tərzində dəqiqliyin tərəfdarı
idi.
Qafqaz canişini
dəftərxanasının direktoru A.F.Kurzenşteynə
12 noyabr 1857-ci il tarixli məktubunda müsəlman əlifbasının
yarıtmazlığından bəhs edir: "Müsəlman xalqları içərisində elə
bir uşaq tapılmaz ki, müsəlman əlifbasına
nifrət bəsləməmiş
olsun... Hətta 500 il bundan sonra
olsa belə, bu əlifbada mütləq bir dəyişiklik əmələ
gətirmək lazımdır...
Ancaq mən
belə bir dəyişikliyi tezliklə
icra etmək qərarına gəldim; bütün nöqtələri
atdım, indiyə qədər yazılmayan sait hərfləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl
şəkillər ixtira
etdim. Əlifbanı çatışmayan hərflərlə
tamamladım, hərflərin
hər birisi üçün nöqtələrin
köməyi olmadan xüsusi bir şəkil tapdım, danışıq və ifadəni aydınlaşdırmaq
üçün bir neçə durğu işarəsi yaradaraq, düzgün yazmaq və yazını asan üsul ilə öyrənmək qaydaları göstərdim
və bu yol ilə də
ərəb, fars və türk dilləri üçün
yeni bir əlifba tərtib etdim..." (s.83). M.F.Axundzadənin
yeni əlifba islahatının mahiyyəti
onun bu sözlərində
əksini tapır. O dövr üçün bu əlifba və yazı sahəsində cəsarətli
inqilab idi. Mirzə Fətəli ərəb əlifbasının
dərhal ləğv edilməsini israr etmirdi. 28 mart 1860-cı ildə akademik Dorna cavab məktubunda
yazırdı: "Mənim
əlifbam hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz"
(s.82). Mirzə Fətəli,
hələlik, öz əlifbasının da ərəb əlifbası
ilə paralel işlədilməsini təklif
edirdi. Qafqaz Canişin idarəsinə
23 aprel 1863-cü il tarixli "Məruzə"sində
o, deyirdi: "Köhnə
əlifbanın bütünlüklə
yenisi ilə əvəz
edilməsinin mümkün
olacağı fikrindən
əl çəkmək
qərarına gəldim.
Lakin belə bir güzəştə getməyi qət etdiyim halda, mən bu əqidəmdə
sabit qaldım ki, köhnə əlifba ilə yanaşı yeni əlifbanın öyrənilməsinə
yol verilməsi son dərəcə faydalı bir iş olardı" (s.89).
M.F.Axundzadə Türkiyədə öz əlifba layihəsini qəbul elətdirə bilmir, lakin "Məğdiyyə" ordeni
və fərmanla təltif olunur.
Mirzə Fətəli
Həsənəli xana
yazdığı məktubda qeyd edir: "Əlifba məsələsi bu gün böyük bir məsələ olmuşdur" (s.119).
Həqiqətən də, yeni əlifba
"müsəlman əlifbası"nın
dəyişdirilməsi, nəinki
onun müəllifinin,
habelə dövrün,
beynəlxalq mühitin
problemi əhəmiyyəti
kəsb edir. O yazır ki, bu layihə 5 Avropa dövlətinə, habelə İrana, Türkiyə kimi böyük Şərq - müsəlman ölkələrinə
göndərilmişdir. Hətta
erməni dostu (!) Mirzə Melkum xan vasitəsilə "erməni zadəganlarına"
(!) göndərmişdir. "Qafqaz Canişinliyinin Baş idarəsinə göndərdiyi sentyabr
1868-ci il tarixli məktubunda göstərir
ki, "İranın Konstantinopoldakı səfarətxanasında
müşavir vəzifəsində
çalışan, mənim
layihəmdən vəcdə
gələn və müsəlman əlifbasını
dəyişdirmək haqqındakı
fikirlərimi təqdir
edən erməni zadəganlarından olan tanınmış, məşhur
şərqşünas və
yazıçı Melkum
xan öz zövqünə əsasən,
yeni bir layihə tərtib etmiş, kitab çap etmək işini asanlaşdırmaq üçün
çətinlik törədən
maneələri tamamilə
aradan qaldırmış
və özünün
ixtira etdiyi yeni əlifba ilə çap olunmuş bir kitabçanı son günlərdə tanış
olmaq üçün
mənə göndərmişdi"
(s.106). M.F.Axundzadənin dostu,
türkün əbədi
düşməni olan
erməni Mirzə Melkum xan, həm
də İtalyan - Roma masson lojalarının
üzvü idi. M.F.Axundzadə onlara məktub yazaraq onunla məsləhətləşirdi.
Həmçinin Adolf Berje Qafqaza - Azərbaycana təsadüfən
gəlməmişdi, massonçuluğu
yaymaq üçün
gəlmişdi. Bu o zaman idi ki,
(1823-1870) ermənilər Rusiyanın
(elə Avropanın - Romanın!) köməyi və təşəbbüsü
ilə İrandan, Türkiyədən və
Avropadan Azərbaycana şıdırğı köçürdülürdü...
Tehrana, şahzadə
Cəlaləddin Mirzəyə
1870-ci il sentyabrın sonlarındakı məktubunda
ərəblərə münasibətini
belə ifadə edirdi: "Təəssüf
edirəm ki, mən məktublarımı
sizin kimi ərəb sözlərinin
qarışığı olmadan,
xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqdan fars dilini belə öyrənmişəm. İndi
isə bu adəti tərk etmək mənim üçün çox çətindir. Məndə günah
yoxdur. Ərəblərin
evi yıxılsın"
(s.145). Bu sətirləri
oxuyanda ərəblərə
qarşı 22 il inadla mübarizə aparmış, sonda erməni xəyanəti - satqınlığı nəticəsində
qətlə yetirilən
cəsur türk oğlu Babək yadıma düşdü...
M.F.Axundzadənin əsas düşmənlərindən
biri, Türkiyədə
əlifba layihəsinin
qəbul edilməsinə
mane olan Müşiriddovlə olmuşdur.
Əli xana məktubunda o yazır:
"Əzəmətli ağam!
Baveyla, Bamüsibəta!
Deyirlər ki, bu yaxınlarda Müşiriddovlə cənabları
padşahla bərabər
paytaxta gəlib. Bilmirəm, canıma bəla kəsilmiş bu adamın əlindən hara qaçım və kimin qoltuğuna sığınım... Əgər
o, Tehrana gələrsə,
mənim haqqımda yenə də böhtanlar və iftiralar uyduracaqdır"
(s.153).
İran səfiri Müşiriddovlə Mirzə
Fətəlini iranlıların
düşməni adlandırırdı.
"Ay baba, mənim iranlı və osmanlı ilə nə işim var? Mən dərviş məslək və bəşəriyyəti sevən
bir adamam. Bizim adımız həmişə tarixdə
qalacaq və övladlarımız tərəfindən
hörmət və iftixarla qeyd ediləcəkdir" (s.158-159).
Onun türklərə
münasibəti ziddiyyətli
idi. Birinci yazıda bu barədə bəhs etmişik. 1871-ci il mayın 20-də şahzadə
Cəlaləddin Mirzəyə
məktubunda belə sətirlər yer alır: "Biz bu günə qədər elə bilirik ki, ərəblər
ancaq Misir kitabxanalarını yandırmaqla
qədim elm və mədəniyyəti
puça çıxarmışlar.
İndi məlum olur ki, bu
zalımlar parsların
da kitabxanalarını
və yazılarını
yandırmışlar... onları
xatırladıqda hər
bir ağıllı adamı ağlamaq tutur.
Çingiz xandan
tutmuş, Səfəvilərə
qədər padşahların
şəklini axtarıram.
Amma çətin ki, tapılsın. Eyni zamanda mənim
əqidəmə görə
bu padşahların ləyaqəti yoxdur..."
(s.161). M.F.Axundzadə bir
maarifçi olaraq barbarlığın və
despotizmin düşməni
idi. O, cəhalətin, nadanlığın,
sürətlə yayılan
xurafatın səbəbini
savadsızlıqda, savadsızlığın
da səbəbini müsəlman əlifbasında
görürdü: "qədim
islam xətti elmin və xalqın
tərəqqisinə maneədir.
Əgər bu xətt dəyişilməsə,
islam milləti (?) dünyanın sonuna qədər cəhalət
zülmündə qalacaqdır...
Qədim xətti dəyişdirmək şəriətə,
əsla, zidd deyildir. Abbasi xəlifələri kufi xətti nəsx xətti ilə əvəz etdilər və alimlər də buna icazə
verdilər" (s.169). Mirzə
Fətəli ərəb
əlifbasının islahına,
sonralar isə dəyişdirilməsinə elmi-texniki bir iş kimi baxırdı. Yeni əlifba məsələsi,
eləcə də
"Kəmalüddövlə" Mirzə Fətəli üçün ölüm-dirim
məsələsi idi.
O çox böyük
bir əzmlə bu işi həyata
keçirmək uğrunda
mübarizə aparırdı.
O çox yaxşı
başa düşürdü
ki, müsəlman dünyasında həqiqi din əvəzinə, cəhalətin, xurafatın
yayılması əhalinin
savadsızlığı ilə
bağlıdır. Bu
gün də belədir, qara əbalı, əmmaməli,
saqqallı mollalar hər yerdə, o cümlədən, Azərbaycanda
fanatizmi yaymaqla məşğuldurlar. Mirzə
Fətəlinin zəmanəsində
- XIX əsrdə olduğu
kimi, XXI əsrdə də faşizmdən - xüsusən, erməni faşizmindən daha təhlükəli problemimiz
xurafat və cəhalətdir. Ona görə ki; 1) insanlarda dinə inam var və
bu inamdan sui-istifadə edilir; 2) Həyat şəraiti çətinləşib, insanların
ehtiyacları imkanlarını
xeyli dərəcədə
üstələyib; 3) Elə
buna görə yaşamağa güman azalıb...
M.F.Axundzadə Mirzə Melkum xana - bu "sədaqətli erməni"
(!) dostuna 14 oktyabr
1871-ci il tarixli məktubunda yazırdı:
"İstanbul nazirlərindən
ikisi bizim böyük düşmənimiz
olublar... Yeni əlifba fikrindən danışmaq mənim qüvvəm xaricindədir.
Mən bu fikrə elə bağlanmışam ki, ondan əl çəkmək
mənim üçün
çox çətindir.
Mən Sizin də bu barədə
iradəsizlik göstərməməyinizi
arzu edirəm"
(s.189).
O, hər bir
millət üçün
yeni əlifbanın faydasını I Pyotrun əməlləri ilə müqayisə edir: "Hər iddia üçün dəlil gətirmək lazım gəlir. Böyük Pyotr öz xalqını
tərbiyəsizlikdən və
savadsızlıq bəlasından
xilas etmək üçün rusların
köhnə əlifbasını
ləğv edib, yeni bir əlifba
tətbiq etmişdir"
(s.193).
M.F.Axundzadə Rusiyanın Qafqazdakı işğala təminat verən mərkəzində
- Qafqaz Canişin İdarəsində Şərq
dilləri üzrə
mütərcim kimi praporşiklikdən-polkovnik rütbəsinə
qədər yüksəlmişdi.
O bütün məktublarında
İranı, Türkiyəni
tənqid etsə də, Rusiyaya rəğbət bəsləyirdi.
O məktublarında "qüdrətli
rus dövlətinin başçıları
"Böyük rus dövləti" (s.178) yazırdı.
Əlbəttə, bu bir tarixi
aldanış idi,
1805-ci il, "Kürəkçay",
1813-cü il "Gülüstan"
və 1828-ci il "Türkmənçay" işğal
aktları ilə qədim və ulu bir türk
vətəni Azərbaycan
heç bir nümayəndəsinin rəyi
olmadan bizə düşmən iki dövlət - Rusiya və İran arasında ata malı kimi
bölünmüşdü. 1825-ci ildə yazılıb, 1838
ilə bəyan olunmuş (M.F.Axundzadənin
təriflədiyi - N.Ş.) I Pyotrun "Vəsiyyətnamə"sində
bu işğalın ideoloji konsepsiyası hazırlanmışdı. Əlbəttə,
bundan Mirzə Fətəlinin xəbəri
var idi.
Birinci yazıda
qeyd etdiyimiz kimi o, Şəkini Rusiya torpağı hesab edirdi. Podpolkovnik
A.B.Bakıxanov Tiflisə
çar canişini qərargahına təzə
gələn tərcüməçi
praporşik M.F.Axundzadəyə
demişdi: "Mənim
bu günüm sənin gələcəyindir.
Bunu yadında saxla" (Ətraflı bax: Şəmsizadə N.
"Estetik meyar və bədii mahiyyət". Bakı,
"Elm və Təhsil", 2022. s. 394-408). Lakin
bunu Mirzə Fətəli ömrünün
sonunadək başa düşmədi. Ölümündən
sonra, 6 mart 1879-cu ildə arvadı Tutu xanımın Qafqaz Canişin İdarəsinə ünvanladığı
məktubda təəssüf
və kədərlə
oxuyuruq: "Halbuki qocalığında o, daim
özünün uzunmüddətli,
yarım əsrə yaxın olan qulluğuna güvənib mənə toxtaqlıq verirdi ki, ölüm-itim
olarsa, onun qayğıkeş rəisləri
xidmətlərini layiqincə
qiymətləndirəcək, oğlunun təhsilini başa vurmasına uzun illərin zəhmətindən sonra onun və valideynin
arzusunda olduqları məqsədə çatmasına
imkan yaradacaqlar. Lakin bədbəxtliyimdən
baş idarə bu köməkdən boyun qaçırdı, bu səbəbə görə ki, mənim ərimin ailəsinin bir yerli kimi təqaüddən
əlavə, birdəfəlik
kömək olmağa
haqqı yoxdur. Belə bir mərhəmət
mənim ərimin sağlığında ona,
nə də onun vəfatından sonra mənə göstərilmişdir" (s.340-341).
Həm ruslara
xidmət etdiyinə görə Şərq, Türk-islam dünyası,
həm də işğalçı, ondan
sui-istifadə edən
sədaqətsiz Rusiya
dövləti M.F.Axundzadəyə
ömrünün sonlarında,
vəfat edəndə
yaxın durmamışlar.
Bu tarixi şəxsiyyət, maarifçi
filosof kimi onun ibrət götürülməli faciəsidir.
Şübhəsiz ki, M.F.Axundzadənin Yeni əlifba uğrunda inadkar mübarizəsinin "Məktublar"da
əksi xüsusi araşdırma mövzusudur.
Biz bəzi önəmli məqamları
qeyd etməklə müasirlərimizin yaddaşını
təzələmək istədik.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 12, 13.