Ölüm kədərlidir, amma onun  yaxşı tərəfləri var

 

Mustafa İsen: "Sözün iqtidarı olub, deyə siyasətin iqtidarı sözə maraq göstərib beləcə nəsil-nəsil hökmdarlar şeirlər yazıblar"

 

Mustafa İsen çağdaş dövr türk təzkirəçiliyini inkişaf etdirən, Türk xalqlarının ədəbiyyat tarixinin öyrənilməsində müstəsna xidmətləri olan görkəmli alimdir. Onun "Lətifi təzkirəsi", "Şair təzkirələri", "Şeirlərin sultanları, sultanların şeirləri", "Üsuli divanı", "Şeyxi divanı", "Həmamizadə İhsan divanı" s. onlarla kitabına elm ədəbiyyat adamları tərəfindən daim etibarlı mənbələr kimi istinad edilir. Eləcə hazırlanmasında böyük zəhmət çəkdiyi "Türk ədəbiyyatı adlar lüğəti" (online) çox dəyərli elektron mənbədir. Son aylarda isə, Mustafa bəyin "Balkan ölkələrində türk ədəbiyyatı tarixi" adlı yeni kitabı nəşr edilib.

Oktyabr ayında dəyərli alim Bakıya gəlmişdi, amma gecəni qalıb səhər Şuşaya getməli, sonra isə dərhal Türkiyəyə qayıtmalı idi. Zamanımız dar olsa da, söhbətimiz geniş alındı.

 

- Balkan ölkələrində türk ədəbiyyatı daha çox dərəcədə o coğrafiyanın milli ruhu ilə formalaşıb, yoxsa, Osmanlı imperiyasının təsiri ilə?

- Sultan Səlim dövrünə qədər Osmanlının Balkan ölkələrindəki torpaqları Anadolu ərazisindəkindən daha çox idi. XV əsrdən sonra isə, Balkan ölkələrində Osmanlı ədəbiyyatı ciddi şəkildə formalaşmağa başladı. Ümumi mənada isə, Balkan ölkələrindəki ədəbiyyatla Anadoludakı Osmanlı ədəbiyyatında ciddi fərq yox idi, dil, şeir şəkilləri, üslub bənzəyişləri mövcud idi. Sadəcə, fərqlər bəzi sözlərdə, milli məsələlərdə özünü göstərirdi. Bu regiondakı ədəbiyyat ümumi mənada, türk-islam mədəniyyətinin bir hissəsi kimi təzahür edirdi. Amma 1912-ci ildə Osmanlı Balkan ölkələrindən çəkiləndən sonra orada türk əhalisi yaşamağa davam elədi, baxmayaraq ki, onların sayı o qədər çox deyildi. Onların yaratdıqları nümunələr isə o zamandan sonra artıq yeni bir ədəbiyyat faktı kimi dəyərləndirilməlidir, ümumi yanaşanda isə, onların da yazı dili indiki İstanbul türkcəsində idi. Həmin dövrdən sonra türklər o ərazilərdə azlıq təşkil etdiklərinə təhsillərini Balkan ölkələrinin dilində aldıqlarına görə o bölgənin yerli ədəbiyyatından da, az-çox təsirləndilər.

- Orta əsrlərdə bir neçə dildə yazan şərq şairləri çox idi, bəs Balkan ölkələrindəki türk ədəbiyyatına da çoxdillilik xas idimi?

- Osmanlı dövründə, demək olar ki, Balkan ölkələri ədəbiyyatının əsas yazı dili osmanlıca idi. Amma 1912-ci ildən sonra o bölgədə yaşayan türk şairləri içərisində yaşadıqları ölkələrinin dillərində əsərlər yazanlar oldu.

- Onlar arasında parlaq bir şair adı çəkmək mümkündürmü?

- Məncə, yox.

- Balkanlardakı türk ədəbiyyatını yaratmış müəlliflərdən kiminsə adını müştərək ədəbiyyatın nümayəndəsi kimi mübahisələndirmək olarmı?

- Orta əsrlərdə dillər arasındakı fərq indiki mənada deyildi. Yəni "şair hansı dildə yazırsa, o xalqın nümayəndəsidir", deyə düşüncə yox idi. Bunun ən bariz örnəklərindən biri Mövlana Cəlaləddin Rumidir. O, farsca yazıb, amma bütün dünya onu haqlı olaraq türk şairitək qəbul edir. Eynən Nizami Gəncəvi kimi. Balkan dillərində yazan böyük türk şairi olmadığına görə, bizimlə onların ədəbiyyatları arasında adı müştərək müəllif kimi mübahisələndirilən şair olmayıb.

- Divan şairlərinin daha çox Yunanıstandan çıxmasının əsas səbəbi idi?

- Osmanlılar Balkan ölkələrini fəth eləyəndə, orada xaos hökm sürürdü. Şəhərlər boşalmışdı təhlükəsizlik problemi vardı. İlk girdikləri bölgə bugünkü Ədirnə-İpsala tərəfdən Yunanıstan oldu. Beləcə, Balkan ölkələrində ən qədim Osmanlı şəhərləri quruldu. Gümürcüne, Dimetoka sair. O vaxta qədər Selanik var idi, amma onu böyütdülər, yenidən inşa etdilər. Eynən Vardar Yenicesi, Yanya, Yeni Şehri-Fənər kimi. Bu əraziləri yenidən quraraq, oranı istehsalat mərkəzlərinə çevirdilər, əkinçiliyi inkişaf etdirdilər. Sonra isə, köklü şəkildə Osmanlı mədrəsələri təkkələri quruldu. Bu cür təhsil sistemi əsasında da ciddi insanlar yetirilməyə başladı. Onlardan böyük qismi sənətçi ya şair oldular. Eləcə qüdrətli musiqiçilər, nəqqaşlar yetişdi. Yunanıstan bölgəsindəki erkən şəhərləşmə orada bir çox türk şairini meydana çıxardı. Sonra isə bugünkü Makedoniya, Kosova, hətta Bosniya-Herseqovina kimi, əslən türk olmayan iki millət islam dinini qəbul etdilər orada da türk şairləri yetişdi. Osmanlı məktəb mədrəsələri eyni zamanda osmanlı türkcəsinin digər xalqlar tərəfindən öyrənilməsində ciddi rol oynadı. Nəticədə, osmanlı türkcəsi həmin coğrafiyada ortaq dilə çevrildi. Xüsusən , o dönəmdə şəhərlərdə yaşayanlar türkcə yaxşı bilirdilər. Bu dili bilmək elitarlılığın göstəricisi idi. Beləcə, Balkan ölkələrinin dillərinə xeyli sayda türk sözləri daxil oldu. Məsələn, serb dilində 8000, Makedoniya dilində bundan çox söz osmanlı türkcəsindən keçib. Özü bu sözlər daha çox mədəniyyətlə bağlı, şəhər həyatına aid kəlmələrdir. Bütün bu səbəblər Yunanıstanda türkdilli şairlərin yetişməsinə böyük imkanlar yaradıb. Yunanıstan erkən fəth edildiyinə görə, buradakı şair sayı digər ölkələrdən daha artıq idi.

- Orta əsrlərdə təzkirələrin bir çoxunu şairlər tərtib ediblər. Onların hazırladığı təzkirələrlə başqalarının tərtib etdiyi təzkirələr arasında hansısa fərqlər vardı?

- Bəli, orta yüzillikdə təzkirəçilərin böyük hissəsi şairlər olub, çünki o dövrdə ümumiyyətlə ziyalıların çoxu şeir yazırdılar. Amma onların təzkirələrinin digərlərinin təzkirələrindən ciddi fərqi yox idi. İslam mədəniyyətinin dünyaya qazandırdığı ən vacib üstünlüklərdən biri tarix, bioqrafiya yazmağa verdiyi önəm idi. Səkkizinci əsrdən, ta günümüzədək İslam coğrafiyasında çox dəyərli bioqrafik kitablar yazılıb. VIII əsrdən XII əsrə qədər daha çox ərəbcə yazılan bu cür kitablar, XII əsrdən XV əsrə qədər farsca, Əlişir Nəvaidən sonra isə türkcə yazılıb. Bunlardan biri Əhdinin hazırladığı təzkirədir. Təzkirə yazmaq ənənəsi nəticəsində öz dövründə yaradıcılığı az-maz önəm daşıyan hər adamın adını ədəbiyyat tarixinə daxil edib. Füzuli ya Baki ilə Şekspir eyni dövrdə yaşayıblar. Amma Şekspirin real insan olub-olmaması hələ mübahisəli məsələdir. Halbuki Bakinin həyatı ilə bağlı əlimizdə xeyli məlumatlar var. Yəni təzkirələr nəticəsində biz öz şairlərimizin kimliklərini daha dərindən öyrənə bilmişik.

- Təzkirəçilik, həm macəralı işdir. Belə ki, bir şairin yaradıcılığının izinə düşüb, nəsə axtaranda tamam başqa bir adla da rastlaşa onun ömür yolunun ardıyca gedə bilərsən. Sizin tədqiqatçılıq təcrübənizdə oxşar hadisələr olubmu?

- Mənim doktorluq dissertasiyamda 305 şairdən bəhs edilir. Bu kitabı hazırlayarkən, bir təzkirəçinin kitabında yer verdiyi bir beyt diqqətimi çəkdi. Bu misraları oxuyarkən, heyran oldum dedim, bu beytin ardını tapım. Məsələn, klassik ədəbiyyatda belə bir məsələ var ki, şairin bir misrasını oxuyub mat qalırsan. Buna "misrai-bərcəstə", yəni "seçkin misra" deyirlər. Amma bütün şeirdə ona bənzər şah misralar diqqət çəkmir. Mən o şeiri oxuyanda gördüm ki, bu nümunə başdan-ayağa - sərpa gözəldir. Fikirləşdim ki, bu şairin divanını gərək tapım, axtardım əldə etdim. Üsulinin divanı beləcə meydana çıxdı. Vardar Yenicesində olan belə bir şairin varlığı məni düşündürdü. Fikirləşdim ki, o dövrdə osmanlıda o qədər ad çıxarmayan belə bir şəhərdən necə olub ki, bu səviyyədə bir şair ortaya çıxıb? Araşdırmağa başladım Vardan Yenicesinin balkan fəthində rol oynamış döyüşçü ailələrinin mərkəzi olduğunu anladım, bundan sonra döyüşçülərin onların mədəniyyətə təsiri mövzusuna kökləndim qarşıma daha maraqlı faktlar çıxdı. Yəni bəzən təzkirələrdə bir ipucu tapırsan nəticədə qeyri-adi bir nöqtəyə gedib çıxır, yeni-yeni əsərlər aşkarlayırsan.

- Təzkirələri öyrənərkən, bu qədər şeirlər oxuyursunuz, heç eləsi varmı ki, dilinizin əzbərinə çevrilsin?

 

- Yenicədən əsən səhər yelləri,

Mənə sultan Mustafadan xəbər ver.

Unutdunmu, qürbətdəki qulları?!

Mənə Sultan Mustafadan xəbər ver.

 

Yaxud yuxarıda qeyd etdiyim Üsulidən sevdiyim məni ona bağlayan beyt bu idi:

 

 

"Vücud-i mutlak'ın bahri

            ne mevci kim eder peyda

Enelhak sırrını söyler

            eğer mahfi eğer peyda"

 

Yəni, mütləq varlıq dənizi hansı dalğanı meydana gətirirsə-gətirsin, bunlar gizli ya açıq Ənəl-Həq sirrini zikr eləyərlər.

Yaxud kefim pozulanda, kimlərsə başımıza ağa kəsiləndə Heyrətinin bu misraları dilimə dolaşır.

 

Ne Süleyman'a esiriz ne Selim'in kuluyuz

Kimse bilmez bizi bir şahkerimin kuluyuz.

 

- Üsuli yaradıcılığında Nəsimi təsiri barədə deyərdiniz?

- Mənimçün türk ədəbiyyatında ən vacib üç ad var: Nəsimi, Nəvai Füzuli. Əgər şeirdə ağıl üstün gələrsə, o şeir didaktik olur, əgər hiss qalib gələrsə, lirik şeir meydana çıxır. Nəsimi məhz hisslə ağılı birləşdirib deyə, o qədər mükəmməl əsərlər yaradıb. Böyük təzkirəçi Lətifi ustad şair Üsulini "ikinci Nəsimi" adlandırır. Üsulinin Nəsimiyə çoxsaylı nəzirələri var, bu şeirlərin üslubundan da aydın göstərir ki, Nəsiminin təsiri Avropanın mərkəzinə qədər yayılıbmış.

- "Türk ədəbiyyatı adlar lüğəti" ənənəvi təzkirənin elektron variantıdır. Əvvəlki təzkirələrlə indiki adlar sözlüklərinin arasında, əsasən, hansı fərqlər var?

- Şairin kimliyini doğru-düzgün müəyyənləşdirmək cəmiyyətin "kupçası"nı tapmaq deməkdir. Bioqrafiya öyrənmək başqasının həyatında axtardığın macəradır, mənim bu sənətə həvəsim insanların həyatına olan böyük maraqdan başlayıb. Sonra elmi işim təzkirələrlə bağlı oldu, bu sahəni araşdırdıqca gördüm ki, dünya ədəbiyyatında heç zaman türklər qədər təzkirəyə önəm verən millət olmayıb. Sonra bir qrup dostumla "Təzkirələrə əsasən divan ədəbiyyatı" adlı bir kitab yazdıq, amma bu məni qane etmədi. Sonra dövlət vəzifəsində çalışarkən, dostlarımı bir yerə yığıb materialları toplamağa səfərbər olduq. "Təzkirələrin çağdaş variantı necə hazırlanmalıdır?" sualının həlli belə bir işin ortaya çıxmasına səbəb oldu. O vaxta qədər bunun dünyada çox bəlli örnəkləri yox idi. Xüsusən , "Türk ədəbiyyatı əsərlər lüğəti"nin isə, dünyada analoqsuz bir olduğunu düşünürəm. Bu lüğətdə 14100 ad var.

- Hazırladığınız adlar sözlüyündə sırf sizin araşdırmalarınızla üzə çıxan qədər yaradıcı adamdan söhbət gedir?

- Sırf mənim təzkirələrimdə adı ilk dəfə çəkilən 3000-ə qədər şair haqqında bəhs edilir.

- Bir neçə qaynaqdan istifadə edərkən, onların hansının daha etibarlı mənbə olduğunu hansı prinsiplər əsasında müəyyənləşdirirsiniz?

- Bioqrafiya yazmaq qədər texniki olsa da, sadə məsələ deyil, gərək işin kövrək damarına düşməyi bacarasan. Məsələn, XVI əsrə aid bir "Lətifi təzkirəsi" var. Deyək ki, bir şair haqqında çoxlu mənbələr oxuyub, bir qənaətə gəlirsən ki, mövzusu bunlardır, üslubu belədir, dili elədir sair, amma çox vaxt onun yazdıqlarını Lətifi təzkirəsində əlinlə qoymuş kimi tapırsan. Məsələn, bir Aşıq Çələbinin "Meşairuş-şüəra" adlı təzkirəsi var. O əsərdə osmanlının ictimai həyatına aid çox məsələləri öyrənmək olur. Məsələn, İstanbulun o dövrdə neçə meyxanası vardı, ora kimlər gedərdi, orda nələrdən danışılardı, hətta şəhərdəki qayıqçıların əhvalını belə bu əsər vasitəsilə öyrənə bilərsiniz. Bu, sadəcə, təzkirə deyil, orada osmanlı həyatında rol oynayan çoxlarından söhbət gedir. Bu cür etibarlı mənbələrdən istifadə çox vacibdir.

- Təzkirələrdə bəzən bir şairin şeiri başqa şairin adına gedir, bu halda onların kimə aid olmasını necə ayırırsınız?

- Bunu, ya müxtəlif təzkirələrdə qarışıq düşən şeirləri araşdıraraq aydınlaşdırıram, ya da şairlərin üslubundakı fikrin hakimliyinə əsasən. Qaynaqların birində belə bir əhvalat var ki, şeirləri qarışıq düşən iki şair barədə mübahisəli söz-söhbətlər gəzir, təzkirəçi ikisini yanına çağırıb şeirləri onlara oxuyur "bu misralar hansınıza aiddir?" - deyə soruşur. Təzkirəçinin ağzından bir misra çıxan kimi iki şair bir ağızdan deyirlər ki, bu şeir mənimdir. Yəni əgər yaşayan şairlərin şeirlərini tam dəqiq müəyyənləşdirmək bu qədər çətindirsə, təsəvvür edin ki, 600 il əvvəl yaşayan şairlərin qarışıq düşmüş şeirlərini necə dəqiq tapmaq olar?

- Biz orta əsrlər təzkirələrini ilk ədəbi tənqidi mətnlər hesab edə bilərikmi?

- Bəli, əlbəttə, onsuz da, təzkirələrdə şairlər haqqında məlumat veriləndən sonra, onların yaradıcılığı ədəbiyyatdakı yeri barədə məlumat verilir. Məsələn, təzkirəçi yazır ki, filan şairin şeirləri yetişməmiş dərilən meyvə kimidir. Bu sözlərdən anlayırsan ki, həmin şair şeirlərini tez-bazar, necə gəldi yazıb, yaxud başqa bir təzkirəçi yazır ki, filan şairin şeirləri ştürgürbedir. Lüğətə baxanda anlayırsan ki, bu frazeoloji birləşmənin lüğəvi mənası pişik dəvə deməkdir. Bu deyim şeirləri bir-biri ilə təzad təşkil edən şairlər haqqında söylənilir. Təzkirəçilərin bu cür qiymətləndirmələri, həm onları ədəbi tənqidçi kimi qəbul etməyimizə imkan verir.

- Oxucuya təzkirədəki şeirləri oxumamışdan əvvəl bu cür qiymətvermələrlə fikir təlqin etmək dərəcədə doğrudur?

- Məsələn, Əhməd Paşa ciddi bir şair olduğu üçün təzkirəçi başqa şairlər haqqında yazdığı sözləri onun yaradıcılığı haqqında da deyə bilməz, ona görə lazımdır ki, onu təqdim edərkən daha ibarəli cümlələr işlətsin. Yəni təzkirəçi bununla da oxucunu hazırlayır ki, şeirləri təqdim olunan şair sıradan bir şair deyil, onun yaradıcılığına, dərin düşüncələrinə xüsusi olaraq diqqət elə.

- Türk təzkirəçilik məktəbinin formalaşmasında Herat mədəniyyət məktəbinin dərəcədə rolu olub?

- Qərb araşdırmaçılarının fikrincə, Heratda Hüseyn Baykaranın rəhbərliyi ilə Molla Cami, Nəvai, Binayi kimi şairlər, o dövrün başqa sənətkarları ilə birləşərək bir türk renessansı meydana gətiriblər. Burada formalaşan mədəniyyət sonra Təbriz mədəniyyət mərkəzinə çevrilib. XVI əsrdə həmin məktəblər osmanlı mədəniyyətinə ciddi təsir göstərib bu heç təəccüblü deyil. Yəni hər şeyin bir ucalma enmə mərhələsi olur, məsələn, Füzuli "Su" qəsidəsində peyğəmbərə xitabən deyir ki, peyğəmbərlik bağçası solmuşdu, sən gəlib onu təravətləndirdin. İslam mədəniyyətində , hansısa ərazidə qismən zəifləyəndə daha parlaq olan digər mədəniyyətlərdən işıq alıb. O dövrdə Herat məktəbi Osmanlı mühitinə öz müsbət təsirini göstərib. Bu böyük təsirin içində təzkirəçilik, sadəcə, ümumi mədəniyyət məsələsinin bir hissəsi idi.

- Sizin "Şeirlərin sultanları, sultanların şeirləri" adlı kitabınız var. Gəlin, iqtidarın sözü ilə, sözün iqtidarı məsələlərini aydınlaşdıraq...

- Bəzən ədəbiyyatşünaslar deyirlər ki, Ənvərinin qəsidələri olmasaydı, Sultan Səncəri, yaxud Nəvai olmasaydı, Hüseyn Baykaranı kim tanıyardı sair. Amma unutmayaq ki, sözün iqtidarı üçün həmin sultanlar ciddi mühit formalaşdırıblar. Həmin sultanlar olmasaydı, şair sözü o qədər kəsərli olmazdı. Yəni himayə ənənəsi çox ciddi şairlərin meydana çıxmasına səbəb olub. Məhz sözün iqtidarı olub, deyə siyasətin iqtidarı sözə maraq göstərib beləcə, nəsil-nəsil hökmdarlar şeirlər yazıblar.

- Bəzən belə gümanlar da insanların qəlbinə yol tapır ki, sultanların şeirlərini saraydakı şairlər yazıb, yaxud da onların qələmə aldıqlarına ciddi şairlər əl gəzdiriblər. Bu xüsusda, siz nələr düşünürsünüz?

- Məsələn, III Səlimin iki divanı var, biri üzərində az işlənilmiş variantıdır, digəri isə peşəkar. Yaxud osmanlının divan şairlərinin divanlarına baxanda, adətən orada 20-25 qəsidə, 300-400 qəzəl, bir neçə digər janrlarda şeirlər yer alır. Amma Qanuni Sultan Süleymanın 4000-dən qəzəli var. Əlbəttə, bu cür məqamlar insanı düşünməyə vadar edir.

- Bəzi mənbələrdə qeyd olunur ki, saray məclislərində şeir oxunar, həmin məclisdə bəyənilən 3-5 şeir olarmış. Sonra şairlər məclisdən gedəndə həmin nümunələri şaha bağışlayarmışlar. Beləcə, sultanların şeir xəzinələri daha gözəl şeirlərdən formalaşarmış...

- Birini qoy, mən deyim, osmanlı ədəbiyyatında Zati adlı bir əsnaf şair varmış. Onun yanına çoxlu tələbələr toplaşarmış şeirlərini ona oxuyarmışlar. O görəndə ki, hansısa gənc şair gözəl bir mövzu tapıb, amma normal işləyə bilməyib, həmin şeiri ondan alıb özü düzəldər divanına daxil edərmiş.

- Siz şairlərin mərsiyələri haqqında "Acını bala döndərmək" adlı kitab yazmısınız. Bu, kitab, həm sizin ölüm haqqında düşüncələrinizin ifadəsi sayıla bilərmi?

- Hər insanın həyatında ölümlə cəngi-cidar etdiyi vaxtlar olur. Ölüm hər kəs üçün qaçılmaz bir sondur. Allaha inanmayan insanlar üçünsə, bir addım sonrası belə olmayan bir sondur. Amma orta əsrin dini düşüncəsinə görə, ölüm qorxulu hadisə deyil. Yunus Əmrə deyir: "Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan". Yəni İslam ölümü insanlara munis bir akt kimi təqdim edir. Mövlana ölümü "şəbi-əruz", yəni "toy gecəsi", "gərdək axşamı" kimi mənalandırır. Bizim türk şairlərinin yazdıqları mərsiyələrdə ölüm bu cür məhrəm təqdim edilir. Ona görə mən həmin bu kitabın adını "Acını bala döndərmək" qoydum, yəni ölüm kədərlidir, amma onun yaxşı tərəfləri var.

- Bu qədər şeir xəzinəsinin içində ola-ola, haçansa şeir yazmısınızmı, yaxud belə bir düşüncəyə qapılmısınızmı?

- Xeyr, heç vaxt.

 

 

Söhbətləşdi:

Fərid Hüseyn, Nuri Aksu

Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 14-15.