Patronun ölümü

                                                                                                                                                        Hekayə

 

Hüsünün oğlu atasına sillə vurduğu gün şəhərə əməlli-başlı yaz gəlmişdi. Sökülməsi çoxdan nəzərdə tutulmuş balaca, köhnə evlərdən ibarət "Zavağzalnı" küçəsində qışdan çıxmış adamlar o tərəf-bu tərəfə gəzişir, işi oldu-olmadı, sıralanmış balaca dükanlara girib-çıxır, bəhanəylə özlərini günə verirdilər. Yaz allı-güllü çəmənlərdən, nəhayətsiz düzənlərdən, günün altında xumarlanan dağdöşü örüşlərdən keçib şəhərə təşrif gətirmişdi. Hər tərəf işığın içində üzürdü.

Həmin gün Sürəyya nəfəsi təngiyə-təngiyə otağa daxil olub qışqırdı ki, qızlar, Patron öldü! Kirayənişin qızlar yerlərindən dik atıldılar, sual dolu gözlərini ona zillədilər. Gözlədilər ki, sözünün ardını da gətirsin. Amma Sürəyya, deyəsən, qızları da maraqdan öldürmək fikrindəydi. Bir xeyli susaraq əllərini ovuşdurdu. Birinci dillənən Lalə oldu, özü çox həyəcanlanmışdı, kəkələyərək soruşdu:

- ... danışırsan? Niyə? Öldü, nədir?!

- Küçədə maşın vurub!

Yenidən araya sükut çökdü.

Sürəyya köhnə, ikigözlü, alçaq pəncərənin qarşısına keçdi. Qızların sual həyəcan dolu baxışlarını da özüylə kürəyində pəncərənin qarşısına apardı.

- Küçədə eşitdim ki, Patron ölüb! Kürəkəni maşınla aparıb xəstəxanaya. Vəziyyəti yaxşı deyilmiş, yoldaca keçinib.

Kirayənişin qızlar ev sahibəsini öz aralarında "Patron" adlandırırdılar. Patron hündürboylu, diri-diribaş, həmişə deyib-gülən, həm öz zəhmini saxlayan qadındı. Qızlar dünya dağıla, inanmazdılar ki, o, belə qəfildən ölə bilər. Onlara elə gəlirdi ki, Patron həmişə öz hökmran ədasıyla adamları yuxarıdan-aşağı süzəcək, başlarının üstündə duraraq, lazım gələndə müstəntiq kimi sual-cavab edəcək, sonda hakim kimi qərarlar verəcək. Dünyanın işinə bax ki, yerin altından da, üstündən xəbəri olan o boyda Patron da gözlənilmədən, belə asanlıqla ölərmiş. Eşitdikləri xəbər onları əməlli-başlı çaşdırmışdı.

Bir anda həyət bir-birinə dəydi. Bura ümumi həyət olduğundan hamı bir ailə kimi yaşayırdı. Kimin hara getdiyindən, hardan gəldiyindən, işlə məşğul olduğundan hər kəsin xəbəri olurdu.

Günorta yaxınlaşdığından günəş həyətdəki tut ağacının arxasından boylanırdı. Tut ağacının yarpaqları par-par parıldayır, məsumluğu adamın gözünə dolurdu.

Çox keçmədən həyət adamla doldu. Sakinlərin hamısı bura toplaşdı. Ən gec gələn həyətin başındakı evin ikinci mərtəbəsində yaşayan "pyaniska Hüsü" oldu. Hüsü səntirləyə-səntirləyə taxta pilləkənlərlə aşağı endi, gözlərini ovuşdurdu. Adamların arasında vurnuxdu, bir-iki sual verdi, onu saya salan olmadığından gedib pilləkəndə əyləşdi. Ətrafa ucuz araq iyi yayıldı.

Sürəyya da artıq kirayənişin yoldaşları ilə birlikdə qonşulara qoşularaq köhnə, taxtaları laxlayan, rəngi çoxdan solmuş həyət qapısında dayanıb küçədəki adamlara tamaşa edirdi. Yeni gələnlərə xəbəri ötürən o idi.

Küçənin o biri başından gələn maşın qapının ağzında yavaşıdı. Maşından enənlər tələm-tələsik həyətə daxil oldular. Əyninə qara geyinmiş adamlar alayarımçıq bəzənmişdilər. Qara paltarlı kök qadın başına qara örpək atsa da, dodağının pomadasını silməmişdi. Əlindəki dəsmalı gözünə aparan pırpızsaçlı arıq qadının dırnaqlarındakı qırmızı lak da olduğu kimi qalmışdı.

Sürəyya yanındakılara elan etdi:

- Bu, gəlinidir, o biri gəlinin bacısı, qardaşı...

O, bu evdə xeyli müddətdir yaşadığından Patronun qohumlarını da yaxşı tanıyırdı.

Həyətdəkilər bir anda gələnlərin başına toplaşıb sorğu-suala tutdular. Qara paltarlı kök qadın başa saldı ki, xəstəxanada keçinib, gətirəcəklər bir azdan, hazırlıq görmək lazımdır!

Adamlar tələm-tələsik o tərəf-bu tərəfə vurnuxmağa başladılar, qab-qazan səsi taxta pilləkənlə qalxıb-enənlərin ayaqlarının taqqıltısına qarışdı. Həyətə çoxlu yad adamlar daxil oldu.

Sürəyya qızları başına yığıb bir tərəfə çəkildi. Çünki kirayə qaldıqları otaqdan da yas məclisi üçün istifadə etməyə başladılar. Bazarlıq dolu torbaları bir-bir gətirib ora yerləşdirdilər. Sonra qızların yatdıqları çarpayıları yığışdırıb bir kənara qalaqladılar, sonda isə qonşunun zirzəmisinə daşıdılar. Bir qədər keçmiş, kirayənişin qızlar da qollarını çırmalayıb işə girişdilər. Kömək göstərməyə, əl-ayaq etməyə başladılar.

Həyətin ortasındakı su kranının başında qadınlar növbəyə düzüldülər. Kimi göyərti yuyur, kimi tavadakı düyünü suyun altında isladır, kimi başqa bir işlə məşğuldu.

Artıq günəş həyətin ortasındakı tut ağacının başından xeyli yuxarı qalxmış, oradan həyətdəkilərə "tamaşa" edirdi.

Hüsü fikirli-fikirli tut ağacını başdan-ayağa süzdü, sonra nəzərlərini günəşə dikdi. Hüsünün arvadı da həyətdə fırlanan arvadların içərisində idi. Oğlu isə qapının ağzına yığışmış gənclərin arasında çöməltmə oturmuşdu. Kirayənişin qızlar gözucu Hüsünün oğlunu süzürdülər. Hüsünün oğlu hündürboylu yaraşıqlıydı. Hüsünün arvadı da gözəl qadındı, diqqətlə baxanda lap mələyə bənzəyirdi. Görünür, öğlu da ona çəkmişdi. Hüsünün oğlu yaraşıqlı olduğunu hiss etdiyindən gəzişində, duruşunda bir qədər lovğalıq hiss olunurdu. Qonşu qadınlar onun haqqında deyirdilər ki, çox qanacaqlı, sakit, böyük-kiçik yeri bilən uşaqdır.

Hüsünün oğlu son vaxtlar gözəl bir qızla görünürdü küçədə. Kirayənişin qızlar gizlincə oğlanla maraqlansalar, ürəklərində ona tərəf meyillənsələr , artıq oğlanın özlərindən xeyli uzaqda dayandığını hiss edirdilər. Amma yenə özlərini saxlayammayıb gizlicə ona tərəf baxırdılar. Özləri demişkən, baxmaq da pulla deyil ki?

Bir qədər sonra ara qarışdı, uğultu eşidildi. Xəbər gəldi ki, Patronu gətirirlər. Hamı o tərəf-bu tərəfə qaynaşmağa başladı. Həyət bir anda arı pətəyinə döndü. Təkcə Hüsü gözə dəymirdi.

Hüsünün arvadı taxta pilləkənlə yuxarı qalxdı. Bir qədər sonra içəridən səslər eşidildi. Hüsü arvadına qışqırırdı, bəlkə , döyürdü onu. Arvad nəyisə başa salmağa çalışırdı, səsi qırıq-qırıq gəlirdi. Arvadın səsi cingiltili idi, Hüsünün qalın səsinə dəyib çiliklənirdi. Sonra yuxarıdan qab-qacaq səsi eşidildi. Hiss olundi ki, bir dəstə qab yerə çırpılıb çilikləndi. Həyətdə hamı diqqətini yuxarı cəmlədi. Qadınlar bir-birinə baxıb him-cimlə başlarını buladılar. Kirayənişin qızlar gözlərini Hüsünün oğluna zillədilər. Hüsünün oğlu olanları eşidirdi. Yoldaşlarının yanında pərt halda susub dayanmışdı. Xəcalət çəkdiyi açıq-aydın hiss olunurdu. Artıq təkcə kirayənişin qızların deyil, hamının gözü Hüsünün oğluna zillənmişdi. Bir qədər sonra pilləkəndən aşağıya diyirlənən büllur külqabı asfalta dəyib çilik-çilik oldu. Ayna qırıqları muncuq kimi ətrafa səpələnib adamların ayağı altına yayıldı. Hüsünün oğlunun üzündəki işıq da qab ilə bərabər çilik-çilik olub ayaqlar altına səpələnddi. Az sonra Hüsü səntirləyə-səntirləyə pilləkəndə göründü, ardınca yuxarıdan arvadının hıçqırıq səsləri eşidildi.

Hüsü axırıncı pillədə səntirləyərək pilləkənin kənarında yellənən taxta söykənəcəyə söykəndi. Hüsünün oğlu pilləkənin qarşısına gəldi, atasıyla üz-üzə dayandı. Hamı nəfəsini dərib onlara tamaşa edirdi. Həyətə elə sakitlik çökmüşdü ki, milçək uçsa, eşidilərdi. Sürəyya içini çəkib qızların qolunu çimdiklədi. Bir qədər sonra Hüsünün üzündə açılan şillənin səsi tüfəngdən açılmış atəş kimi şaqqıldadı. Bəlkə atəş səsi bundan yaxşı idi. Günün günortası həyətdə atəş açılsaydı, adamlar belə həyəcanlanmazdı. Həyətdəkilərin üzündə bir qorxu, vahimə dolaşdı. Vahimə üzlərdən çəkilməmiş, adamlar yenidən diksindilər. Həyətdəki tut ağacının bir hissəsi ildırım vurmuş kimi ayrılaraq, şaqqıltıyla asfaltın üstünə düşdü. Yaşıl yarpaqlar ətrafa səpələndi. Keyləşmiş adamlar bir anda, sanki yuxudan ayıldılar. Kim bilir, bəlkə , tut ağacı qopub düşməsəydi, hələ uzun müddət bu həyətin ortasında beləcə donub qalacaqdılar.

Hüsünün oğlu asta addımlarla, heç kimin üzünə baxmadan, adamların arasından keçərək həyətdən çıxdı. Bir daha onu bu həyətdə, köhnə "Zavağzalnı" küçəsində görən olmadı. Çox sonralar, anası onun həsrətiylə dünyadan köçəndə , Hüsünün cansız cəsədi küçədəki qarın altından tapılıb gətiriləndə onu "gördüm" deyən olmadı.

Özünə gələn adamlar tutun qırılmış budaqlarını həyətdən çölə sürüdülər. Budağın altındakı iri, yumru top boyda daşı götürüb atmaq istəyəndə hamı bir anlıq duruxdu. Bu daş hardan düşdü axı bura?! Burdakıların hamısı şahiddi ki, bu daş həyətin ortasında deyildi. Birinci mərtəbədə yaşayan Gülgəz xala da and içdi ki, səhər özü həyəti süpürüb, daş yox idi. Hamı bir-birinə baxıb təsdiqlədi ki, burda heç vaxt daş olmayıb.

Az keçmiş, Patronun cənazəsini həyətə gətirdilər. Qohum-əqrəba cənazənin başına yığışdı. Adamlara mane olmamaq üçün kirayənişin qızlar kənara çəkildilər. Sürəyya yenə nəfəsi təngiyə-təngiyə, həyəcanla qızlara bəyan etdi ki, daşın göydən düşməsini öz gözləriylə görüb.

- Hüsünün oğlu atasını vuranda daş göydən, günəşin yanından endi, düz tut ağacının köksünə düşdü! Sonra budaqla bərəbər yerə gəldi...Özüm gördüm, gözlərimlə gördüm...

Sürəyya bu sözləri deyərkən, həyəcandan az qalırdı ağlasın. Deyəsən, qızların ona inanmayacağını hiss edirdi. Həyəcanlanmış iri gözləri o tərəf-bu tərəfə qaçışır, şişman sifətində tər damcıları görünürdü. Sonra nəyisə isbat edirmiş kimi, asta səslə öz-özünə dilləndi:

- Ömrümdə bu qədər qorxmamışdım!

 

 Narıngül Nadir

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 26.