"Bit bazarı" və ya 37 il əvvəlin məhəbbət macərası
Hekayə
- Bu yaxınlarda
"Bit bazarı"na getmişdim.
- Tələbə yoldaşım
N.-lə görüşən
kimi, məhəbbət
macəralarının növbəti
səhifəsini açdı.
- Cəmiyyətin böyük
bir hissəsinin nəfəs aldığı
bu bazar Sabunçu qəsəbəsində, dəmiryolu
vağzalının yanında
yerləşir. Burada iynədən tutmuş sapa qədər, ayaqqabıdan tutmuş başmağa qədər,
kəlağayıdan tutmuş
araba çarxınacan, 100-150 ilin qab-qaşığından
bəzək əşyalarınacan
nə istəsən taparsan. Hələ santexnik avadanlıqlarını
demirəm.
Dəfələrlə əyin-baş
görmüş, bir evdən çıxıb
başqa evə girmiş, vaxtilə sahibinin təzə
geyib, güzgülənib,
fors vermək üçün parka, bulvara
getdiyi, indi miras olmuş bu köhnə-kürüş
malları insanlar, baxırdım ki, təzə
mal kimi alır.
Satıcılar da elə
tərifləyirdi, adamın
tamahı düşürdü.
Bunları görəndə
Allahına şükr
eləyirsən ki, hələ
təzə paltar alıb geyə bilirsən.
"Bit bazarı"ndan
nəyisə almaq ehtiyacım yox idi.
Ağlıma, gözlərimə
fərqli şeylər
göstərib, dincəlmək
marağım vardı.
Bir xeyli gəzdim. Qab-qacaq dəstlərinə
baxanda... birdən elə bil məni
cərəyan vurdu. Yaxınlaşıb, balıq
formalı qab dəstinə diqqət elədim.
- Bundan, and içə bilərəm
ki, Bakıda bir dənədi, o da məndə,
alsanız, düşərəm
qiymətdə. - Satıcı
ley kimi aldı başımın üstünü.
Balıq-boşqabları götürüb,
bir-bir arxasındakı
yazılara baxdım. Şübhəm yəqinləşdi
- qablar vaxtı ilə mənim olmuşdu.
- Nəyə baxırsınız, müəllim,
görmürsünüz, qət
təzədi?!
- Bu hardandı səndə?
- Nəyinizə lazımdı?!
- Soruşuram da.
- Bir qadından almışam.
- Qadın?!
- Bəli.
- Yaşı neçə olardı?
- Ay müəllim,
mən burda mal alıb-satıram, kadr vərəqi doldurmuram.
- Bu dəst mənimdi.
- Bu nə ürəkli hökmdü?! Necə yəni sizindi?! - Satıcı az qaldı qabları qucaqlayıb sinəsinə
sıxsın. - Vallah,
bahasına bir ətək pul vermişəm.
- Narahat olma...
- Necə narahat olmayım, malıma sahib çıxırsınız?!
- Sahib çıxmıram,
əslini bilsən, bunların sahibi elə mən olmuşam.
- Qardaş, mən dördüncü sinfi bitirmişəm, Allaha and olsun, özü də güclə. Filosofluq deyirlər ey, başım çıxmaz
ondan. Kəsə sözlə anladın mənə, görüm, fikriniz nədi?!
- Mən bu dəsti 37 il əvvəl Türkmənistanın
indi Türkmənbaşı
deyilən liman şəhərindən alıb,
"E" adlı bir
xanıma hədiyyə
vermişəm. Diqqətlə
bax, boşqabların arxasındakı "E" hərfindən
sonrakı hərf pozulub.
Satıcı tez bir boşqabı çevirib arxasına baxdı:
- Doğrudan, a...
niyə pozmusunuz?!
- O xanımın
adı qabarıq görünsün, deyə!
- Halal olsun!
- Nəyə
halal olsun?!
- Bu boyda məhəbbət hər kişidə olmur!
- Yadında saxla, hər adam da məhəbbətin
qədrini bilmir!
***
İş yerimi dəyişmişdim. Bəxtimdən
getdiyim idarənin qız-qadınları kişilərindən
ikiqat çox idi. Alıcı gözüylə xanımları
çeşidləyirdim. Sevgi-məhəbbət
oyunlarında sərraf
olduğuma, bilirəm
ki, həmişə "əla"
yazmısan. İlk baxışda
adamın diqqətini cəlb eləməyən
- naziksifət, ucaboy, nə arıq-nə kök, təmkinli addımlarla yeriyən biri ağlımı başımdan aldı. Xəsis olsam da, müdriklər demiş, nəsə xərcləmək
lazım idi ki, xanımı ram eləyəsən.
Mənim də varım hanı?! Amma gizli dövlətimə əl qoymalı oldum - dilimi işə saldım.
Çox keçmədi
ceyranın bərədən
keçmək istəyini
oxudum gözlərindən.
Bir gün kollektivin az qala yarısı
Türkmənbaşıya getməli
oldu. Biz də qoşulduq onlara. Gəmidə pişiklərimiz
barışdı. Liman şəhərində
bir mağazaya girmişdik, gözüm bu qabları tutdu.
- Bəlkə, alım sənə?!
- Neyləyirsən,
ey?!
Ürəyimdə mən də o sözləri təkrar elədim: "Neyləyirsən, ey!".
Amma əlim girdi cibimə, nə verdiyimi indi deyə bilmərəm, yadımdan çıxıb,
aldım. Gördüm,
vallah, xanımın çiçəyi çırtladı.
Bakıya qayıdanda
artıq bir ailə olmuşduq. Hər görüşəndə,
indi "can" dəbdədi,
onda "ciyər"
deyərdilər, "necəsən,
ciyər?" söz birləşməsiylə kefimi
soruşardı.
Hərdən fikirləşirəm,
niyə bəzi qadınlar ona qarşı doğma olan, hər qayğısına qalan, etibarsızlıq eləməyən
kişilərə xəyanət
eləyir?! Cavabını
tapa bilmirəm.
Bir gün sonra soyuqluq hiss eləməyə başladım
onda. Hətta bir dəfə görüş istəyimi
də təqdir eləmədi:
- Yox, gələ bilmərəm,
anam xəstədi.
Həmin günə
ki, görüş istəmişdim,
günortadan sonra zəng elədim evlərinə, onda mobil telefon nə
gəzirdi, dedilər,
şəhərə çıxıb.
Axşam durub getdim həyətlərinə.
Saat 22.00-can gözlədim,
gəlib çıxmadı.
Səhər iş başlayanda otaqlarına girdim, - tək idi.
- Hardaydın dünən?
- Bibim qızıgilə getmişdim.
- Bəs anan xəstəydi?!
- Elə anam göndərmişdi. Vacib işi var idi.
Eləmədim tənbəllik,
axtarıb, bibisi qızına çıxış
tapdım, dedilər, neçə illərdi onlara gəlib eləmir.
Üzünə də vurmadım. Başladım
fakt yığmağa.
Sonra da gördüm, yaxın
dostum olan direktorumuzla maraqlanır. Hətta bir dəfə də:
- O niyə qırmızı qalstuk taxır? - Soruşdu.
- Mən nə bilim.
- Yaraşmır axı ona!
- Niyə mənə deyirsən?!
- Kimə deyim bəs?!
- Özünə.
- Arvadı desin, mən niyə deyirəm!
Təbii ki, bu qaneedici cavab deyildi.
Bir gün də yaşlı bir iş yoldaşım
vardı:
- Direktorumuzu evlərinə tərəf
gedən gördüm.
Ondan sonra da baxdım ki, E. də o tərəfə gedir.
Əlbəttə, bizim münasibətimizi o bilə
bilməzdi.
Məsələ məlum
idi.
Bütün bu faktları çinədanıma yığandan
sonra, zəng elədim özünə:
- Ceyran, görüşə bilərik?!
- Ciyər, sənsən, bu nə sözdü, əlbəttə, görüşə
bilərik?!
Ürəyimdən keçən
fikrimi tutub, şübhələnməsin deyə,
zarafat elədim:
- Eşitmə qabiliyyətin güclüdü.
- Niyə?
- Səsimdən tanıdın məni.
- Qoy oturmuşuq, sən Allah! Uşaq başı aldadır elə bil! - Güldüm. - Harada
görüşək, deyirsən?
- Təbiətin qoynu yaxşı olar.
- Məsələn?
- Neftçilər
metrosunun yanında bağ var.
Səhər bir dəstə gül alıb, "Şirvan şikəstəsi" üstdə
mızıldaya-mızıldaya qalib ədasıyla düşdüm yola.
- Aaa... nə gözəl güllərdi! - Əlimdən
qapıb, iyləyib,
sinəsinə sıxdı.
Tez gülləri
geri aldım.
- Bıyyy... bu nə deməkdi...
aaa?! Ayıb olmasın, bu gülləri kimə gətirmisən?!
- Sənə gətirmişəm.
- Onda əlimdən niyə alırsan?!
- Bir sual verəcəm, cavabını
tapsan da sənindi bu güllər, tapmasan da.
Hiss elədim, narahat oldu - üzgün səslə soruşdu:
- O nə sualdı?!
- Bu güllərin
adı nədi?
- Elə bu?! - Sevincək dilləndi, - qızılgül!
- Səhv eləyirsən, - dedim.
- Ya sən qızılgülü
tanımırsan, ya mən!
- Mən sərrafam, tanımaya bilmərəm. Özündən
şübhələn!
- Niyə?
- Bu güllərin
adı ayrılıq gülüdü, - dedim.
- Elə də gül adı var?!
- Buyur. - Gülləri uzatdım ona.
Gülləri alıb,
üzümə baxdı.
- İndi gedə
bilərsən!
- Bəs görüşə çağırmışdın
məni.
- Görüş
deyil bu?!
- Belə görüş olur?!
- Ayrılıq görüşü belə
olur!
Qıpqırmızı qızardı.
Heç nə demədən çevrilib,
parkın arasıyla iri addımlarla yeriyib getdi. Hələ də gözümün qabağındadı
- güllərin saplağından
tutub, süpürgə
kimi yelləyə-yelləyə
aparırdı. Yəqin
ki, gözümdən itən
kimi zibil qabına tullayacaqdı.
- Sonralar görüşmədiniz heç?
- Tələbə dostumdan
xəbər aldım.
- Pis xasiyyətim var, ayrıldığım
qadınla bir də görüşmürəm.
Qadın üçün
ən böyük təhqir atılmaqdı. Mən də xəyanət edən qadını atmaqda ustayam. Sonralar, münasibətimiz tam soyuyandan
sonra hərdən otağıma gələrdi.
Bir dəfə də rəfiqəsi yanındaydı.
- Min əla xasiyyəti var müəllimin,
heyf ki, biri olmayaydı, - dedi.
- O hansı xasiyyətdi? - Rəfiqəsi
soruşdu.
- Çalış
gözündən düşməyəsən,
düşdünsə, adamı
ölüncə bağışlamaz!
Gülümsədim:
- Olmazmı adam özünü gözdən salmasın?!
- Bəzən adamın özündən
çox hissləri günaha batır, - dedi.
Başımı aşağı
salıb, işimlə
məşğul olan kimi göstərdim özümü. Rəfiqəsiylə
qol-qola verib, otaqdan çıxdı.
- Daşürəklik
eləmisən, gərək
bağışlayaydın, - dedim.
- Bu yaxınlarda bağışladım!
- Neçə il
keçmişdi son görüşdən?
- Düz 37 il!
- Səbir varmış ey, səndə!
- Bir ay bundan əvvəl dostumun həyat yoldaşının
yasına getmişdim.
Köhnə iş yoldaşıma rast gəldim. Bir qədər söhbətdən sonra
Nazim Hikmətin "Başladı
nəslimin yarpaq tökümü!" misrasını
söylədi:
- Nə mənada?! - Soruşdum.
- E. də rəhmətə getdi.
- Nə danışırsan?!
Başını yellədi:
- Həyatın qanunudu.
- Niyə?! Onun ki, elə yaşı yox idi.
- Ölüm haçandan yaşa-başa
baxan olub, - dedi.
- Heyf ki, gec başa düşürük
bu qanunu, - təəssüflə başımı
yellədim.
E.-nin ölümü vurub ayıltdı məni. Gördüm ki, inciklik, düşmənçilik, kin saxlamaq,
paxıllıq, hətta
xəyanəti bağışlamamaq
kimi xəstəliklər
böyük ölümün
qabağında insan faciəsindən başqa bir şey deyilmiş.
06-16.11.2023
Qəşəm İSABƏYLİ
Ədəbiyyat qəzeti.
- 2023. - 9 dekabr, ¹ 47. -
S. 27.