Bir daha "Sevimli şairlər silsiləsindən
Nigar Rəfibəyli"
haqqında
Dekabr ayının 15-də sayılıb-seçilən,
ənənəsi olan,
beynəlxalq aləmdə
tanınan "Xəzər"
Universitetinin "Dünya
Məktəbi"ndə Xalq
şairi Nigar Rəfibəylinin 110 illiyinə
həsr olunan qeyri-adi ədəbi-bədii
gecə keçirildi.
Ədəbi-bədii gecəni gənc müğənni
Fuad Dadaşov Nigar xanımın sözlərinə
bəstələnmiş "Ala gözlüm" mahnısı
ilə açdı. Onun məlahətli, həzin səsi Akif İslamzadənin səsinə
bənzəyirdi.
Sonra səhnəyə çıxan
"Xəzər" Universitetinin
təsisçisi, professor Hamlet İsaxanlı salonda toplanan tələbə və müəllimləri,
Nigar xanımın ailə üzvlərini, yazıçı və şairləri, elm adamlarını,
mətbuat nümayəndələrini
salamladı və Nigar xanımın yaradıcılığına şairanə
bir ekskurs etdi. Hamlet müəllim xüsusi vurğuladı
ki, həyat yoldaşı,
mərhum Nailə xanım İsayevanın ən böyük arzusu tarixdə iz salan, Azərbaycan
mədəniyyətinə töhfə
verən qadınlar haqqında portret kitablar buraxmaq idi. Şükürlər
olsun ki, Nailə xanımın arzusunu reallaşdıraraq, artıq
10 kitab buraxmışıq. Onuncu kitab Nigar xanım Rəfibəyliyə
həsr olunub.
Elə oradaca, "Dünya Məktəbi"nin Marketinq
Departamenti tərəfindən
nəfis şəkildə,
zövqlə hazırlanmış
kitabı xüsusi çantalarda qonaqlara hədiyyə etdilər.
Tədbirdən sonra Nailə xanımın adını
daşıyan muzeydə
dünyasını dəyişmiş
100-dən artıq görkəmli
azərbaycanlı qadının
portretlərini gördüm
və Nailə xanımın arzusunun yerinə yetiriləcəyinə,
portret kitabların davamlı olaraq çap olunacağına
tam əmin oldum.
Yığıncaqda Nigar xanımın övladları
- Anar, Fidan və nəvəsi Günel kövrək xatirələrini dilə gətirdilər.
Anar müəllim çıxışında
xalq qarşısında
xidmətlərinə görə
Hamlet müəllimin görkəmli
maarifçilərimiz Firudin
bəy Köçərli,
Rəşid bəy Əfəndiyev kimi şəxsiyyətlərin gördüyü
misilsiz işləri uğurla davam etdirdiyini xüsusi vurğuladı. Anar müəllimin bunu deməyə haqqı vardı.
Təkcə "Xəzər" Universitetində mütəmadi
olaraq keçirilən
"Elm və Sənət
Məclisi" çox
mətləblərə aydınlıq
gətirir.
Ədəbiyyatçılar adından çıxış etmək
mənə qismət oldu. Dedim ki, uşaqlıqdan mənəvi
qidam saz-söz olduğundan poeziyanı çox sevirəm. Yəqin buna görədir
ki, bir çox şairlərimiz haqqında
məqalələrim, Tofiq
Bayram, Hüseyn Arif və Fikrət Qocaya həsr olunmuş portret kitablarım çıxıb,
"Hüseyn Kürdoğlunun
poetik dünyası"
adlı monoqrafiyam çap olunub. Qadın şairlərimiz arasında poeziyasını
ən çox sevdiyim şairlərdən
biri, bəlkə də birincisi, Azərbaycan ədəbiyyat
tarixində layiqli yeri olan, xalqımızın
zərif duyğulu şairə qızı Nigar Rəfibəylidir. Təsadüfi deyil ki, ən çox müraciət etdiyim, haqqında silsilə məqalələr yazdığım
Nigar Rəfibəylidir.
Nigar xanımın həmişəyaşar
poeziyası fikir aydınlığı, deyim
tərzi, özünəməxsusluğu
ilə seçilir. Hər dəfə Nigar xanımın əsərlərini yenidən
vərəqləyəndə indiyə qədər duymadığım, dərk
etmədiyim ovqata uyğun mənalar, çalarlar üzə çıxır. Deməli,
poeziya hər yaş dövründə bir cür dərk
edilir. Görünür,
xalqın bütün
zümrələrinin, müxtəlif
sənət adamlarının
poeziyaya məhəbbəti
buradan qaynaqlanırmış.
Çoxlarının "bəxtəvər"
deyərək, həsəd
apardıqları Nigar
xanımın ömür
yolu daşlı-kəsəkli,
ağrılı-acılı, keşməkeşli olmuşdur.
O, cəmi 68 il (1913-1981) ömür
sürüb.
Lakin bu illərin
çoxunu qorxu-hürkü
içərisində yaşayıb.
Onun iztirabları 7 yaşından başlayıb.
1920-ci ildə atası
- Azərbaycanın ilk ali
təhsilli cərrahı
Xudadat bəyi heç bir günahı olmadan, bolşeviklər suçlayaraq
Bakıya etap etmiş, Nargin adasında güllələmişdilər.
Ailə pərən-pərən
düşmüşdü. Nigar xanımın iki qardaşından biri Rusiyaya, biri isə Türkiyəyə
mühacirət etmişdi.
Evləri müsadirə
edilən Nigar xanım və anası Cəvahir xanım Bakıya sürgün edilmişdilər.
Bütün bunlara rəğmən,
istedadı, ilhamı,
mübarizliyi və bəxti sayəsində Nigar xanım həyatın dibindən çıxa bilmişdi.
O, Bakıda Pedaqoji Texnikumu, Moskvada Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsini
bitirib. Xalq yazıçısı İlyas Əfəndiyev bu münasibətlə yazırdı:
"...Tale təqsirsiz, məhkəməsiz
güllələnmiş xalq
cəfakeşi Xudadat bəyin heç olmazsa köməksiz, imdadsız qalmış o gənc qızına aman vermişdisə, demək, dünyada az da olsa, ədalət
varmış".
İllər boyu səksəkədə
yaşayan, depressiyaya məruz qalan Nigar xanım nəzarət altında olub; vaxtaşırı gəlib otağını
yoxlayırdılar. Bir dəfə
otağından "Günəş
Şərqdən doğur,
Şərqdən doğacaq"
şeiri çıxmışdı.
Sapı özümüzdən
olan baltalar qriqoryanlara qoşulub Nigar xanımı ləkələmək, məhv
etmək istəyirdi. İmdadsız, köməksiz
gənc şairənin
işdən qovulması
gündəmə gəlmişdi.
Mikayıl Quluzadə Moskvadan
Yazıçılar İttifaqına
yazır ki, şeir onundur. Şeir Sovet quruluşuna qarşı deyil, qədim yunanların kəlamıdır.
Nə yaxşı ki, Nigar xanımın məşəqqətli
ağır günlərində
onun tale yolunda Rəsul Rza dayandı. Həyatdan, quruluşdan küskün olan, ürəyi nisgilli Nigar xanıma o vaxt arxa olmaq qəhrəmanlığa
bərabər idi. Rəsul müəllim Sovet rejiminin tüğyan elədiyi
1937-ci ilin fevralında,
hətta Nigar xanımla ailə qurmaqdan belə çəkinməmişdi.
Arxiv materialları göstərir
ki, hətta 40-cı illərin
2-ci yarısında Nigar
xanım və anası Cəvahir xanımın Azərbaycandan
sürgün edilməsi
məsələsi gündəmə
gəlmişdi. Xoren Qriqoryanın imzası ilə "hakimiyyətə
düşmən münasibət
bəslədiklərinə görə" onların
sürgün edilməsi
barədə sənəd
M.C.Bağırovun dərkənarı üçün
masasının üstünə
qoyulmuşdu. Sənəddə
M.C.Bağırovun dərkənarı var: "ostavit",
yəni "toxunmayın,
qalsınlar".
Yığıncaqda Anar müəllim dedi ki, bir çox faciələrdə əli
olan M.C.Bağırovun,
nədənsə, bizim
ailəmizə rəhmi
gəldi.
Anar müəllimlə heç
cür razılaşa
bilmirəm. Necə olur ki, Rəsul Rzanın yaxın dostu Abbas Zamanovun həyat yoldaşının
"pantürkist qızı"
bəhanəsi ilə
sürgün edilməsinə,
iki körpə oğlunun yetim qalmasına M.C.Bağırovun
rəhmi gəlmədi,
atası "xalq düşməni" damğası
ilə güllələnən,
evləri müsadirə
edilən, Bakıdan sürgün edilən Nigar xanım və anası Cəvahir xanıma rəhmi gəldi?
Mənə belə gəlir
ki, burada Rəsul Rza faktoru az
rol oynamamışdır.
Bu münasibətlə "Ədəbiyyat qəzeti"ndə
çap olunan "Sevimli şairlər silsiləsindən Nigar Rəfibəyli" məqaləmdə
(8.07.2023) yazmışam: "Rəsul Rzanın
1944-cü ilə qədər
10 əsəri çap
olunmuşdu. Azərbaycan
Ali Sovetinin deputatı
idi. "Əməkdar
incəsənət xadimi"
(1945) fəxri ada layiq görülmüşdü.
Azərbaycanda "Sərbəst
şeir məktəbi"nin
banisi kimi məşhur idi. Bundan əlavə, şairin 1950-ci ildə işıq üzü görən "Lenin" poemasının
ayrı-ayrı hissələri
əvvəllər mətbuatda
çap olunmuşdu.
Heç
şübhəsiz, M.C.Bağırov bu tutarlı faktoru göz önünə gətirərək dərkənarda
yazmışdı: "Toxunmayın,
qalsınlar".
Bütün bunları düşünərək
demək olar ki, Rəsul Rza Nigar xanıma, nəinki arxa-dayaq olmuş, eləcə də onun və
qayınanası Cəvahir
xanımın xilaskarı
olmuşdur.
Nigar xanım məşəqqətli,
ağır günlərini
onunla eyni taleyi yaşayan gənclik rəfiqəsi, görkəmli dilçi-alim
professor Nəzakət xanım
Ağazadəyə həsr
etdiyi şeirində
real boyalarla, tarixi həqiqətə uyğun bir intonasiya ilə ifadə etmişdir:
Nə ata çörəyi yedik,
Nə gördük qardaş sovqatı.
Qamçıladı bizi acı-acı
sərt
üzlü yetimlik həyatı.
Ömrün çətin yollarında
bizə
yar oldu Əli, Rəsul
O zamanlar bizimlə
ünsiyyət bağlamaq,
Sadə
sevgi deyil,
Böyük hünər idi.
Onu da demək lazımdır ki,
Rəsul Rzanın cəsarəti və sevgisi ona başucalığı
gətirmiş, ictimaiyyət
arasında qorxmazlığı,
mərdliyi barədə
fikir formalaşmışdı.
Nigar xanımın Rəsul müəllimə tükənməz
məhəbbəti, həm
də buradan qaynaqlanırdı - desək,
səhv olmaz.
Sən olmasan, baharın,
yazın
ətri olmazdı.
Sən olmasan, bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb-solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
Şeirim
olmasın sənsiz.
Xüsusi
vurğulamağa dəyər
ki, yazarlar arasında Rəsul Rza ailəsi nümunəvi, örnək ailə kimi tanınırdı.
Nigar xanım, şübhəsiz,
buna görədir ki, fəxarətlə
yazmışdır:
Ömrümüzü bulaq suyu kimi saf,
Ayna kimi ləkəsiz yaşadıq.
Nigar xanımın poeziyası nəğmə qədər
qəlbəyatandır. Çünki
onun lirikası kövrək, ülvi duyğuları tərənnüm
edən yüksək poeziya nümunələridir.
Onun poeziyasının
cazibə qüvvəsindən
çıxmaq olmur. Odur ki, görkəmli bəstəkarlarımız - Fikrət
Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Emin Sabitoğlu və başqaları onun poeziyasından bəhrələnmiş,
əbədiyaşar mahnılar
yaratmışlar.
Zeynəb
Xanlarovanın oxuduğu
"Dağları duman
alanda", Akif İslamzadənin
"Ala gözlüm", Xədicə
Abbasovanın "Aman ayrılıq"
mahnıları belələrindəndir.
Bu mahnılar içərisində
Emin Sabitoğlunun sonralar, "Ala gözlüm"
kimi tanınan "Neyləyim" mahnısı
ən çox sevilən mahnılardan oldu.
Ədəbi-bədii gecənin aparıcısı və ssenari müəllifi,
"Dünya Məktəbi"nin
əməkdaşı Afaq
Qəmbərova müğənnilərin
ifasında bu mahnılardan nəğmə
çələngi düzəltmişdi.
Fərqanə Qasımova
"Aman ayrılıq" mahnısını tamam
yeni tərzdə oxudu.
Sanki müğənni "Mənə zülm eylədi yaman ayrılıq" deyən
Nigar xanımın ağrısını-acısını dilə gətirib fəryad qoparırdı.
"Dağları duman alanda" mahnısını
Mirələm Mirələmov
və Kamilə Nəbiyeva məlahətlə
oxudular.
Müğənni Nuriyyə Hüseynova
"Güllər" mahnısını
yeni ürəyəyatan bir
tərzdə təqdim
etdi.
Mənə belə gəlir
ki, ədəbi-bədii gecənin
ən təsirli hissəsi videoçarxdan ekranda Akif İslamzadənin
ifasında:
Ala gözlüm, səndən
ayrı gecələ
Bir il qədər uzun olur, neyləyim?!
Bağçamızda qızılgüllər
hər səhər
Tezdən
açır, vaxtsız
solur, neyləyim?!
- misralarının səsləndirilməsi
və səhnədən
Fuad Dadaşovun 2-ci kupleti
canlı oxuması oldu:
Nərgizlərin gözü yaşla
dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yaşlı
qalanda
Yasəmənlər saçın yolur, neyləyim?
Mən
Akif İslamzadə və
Rəfibəylilər nəslinin
ağsaqqalı Akif Rəfibəylinin
arasında oturmuşdum.
Akif İslamzadənin ifasında
"Ala gözlüm" mahnısını
ekranda canlandıranda
o, əlləri ilə
üz-gözünü tutdu,
göz yaşlarını
saxlaya bilmədi.
Aktyor
Kamran Yunis və Gülnar
Əliyeva Nigar xanımın qəlbimizi oxşayan şeirlərini
tarzən Vamiq Məmmədəliyevin müşayiəti
ilə əsl qiraət ustası kimi oxudular.
Yeri gəlmişkən, Nigar Rəfibəylinin 100 illik yubileyi münasibəti ilə Türkiyədə
ona həsr olunmuş "Ala gözlüm"
adlı kitab nəşr
olunmuşdu. Kitaba böyük məhəbbətlə
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Ön söz yazıb. Ön sözdən məlum olur ki, yuxarıda adıçəkilən mahnılar
Türkiyə radiosunda
tez-tez səsləndirilirmiş.
Lakin onları "Qars
türküsü" adı
ilə təqdim edir, müəllifi Sovet rejimindən qoruyurdular.
Ön sözdə Yaqub Öməroğlunun etirafı
da səmimiliyi ilə
fərqlənir: "İllər
sonra, bizi başqa aləmə aparan bu mahnıların
sözlərinin azərbaycanlı
şair Nigar Rəfibəyliyə aid olduğunu
öyrənəcəkdim. Şairənin
həyatı haqqında
öyrəndiklərimdən sonra o, mənim könül dünyamda kristal bir abidəyə
çevrildi".
Nigar Rəfibəyli ulu öndər
Heydər Əliyevin birinci hakimiyyəti dövründə "Xalq
şairi" fəxri
ada layiq görüldü. Ümummilli
liderin xalqın istəyi ilə yenidən hakimiyyətə
gəldiyi dövrdə
isə, Gəncədə
- Sərdar bağında
abidəsi ucaldıldı.
Açılışda Heydər
Əliyev şəxsən
iştirak etdi və Nigar xanımın
yaradıcılığını yüksək qiymətləndirdi.
Ümummilli liderin çıxışından
bir hissəsini veririk: "...Nigar xanım Azərbaycan ədəbiyyatının inkişafında
böyük xidmətlər
göstərmişdir. O, öz
həyat yoldaşı
- Azərbaycanın böyük
şairi Rəsul Rza ilə birlikdə
Azərbaycan ədəbiyyatının
yüksəlməsində xüsusi
rol oynamışdır
və məmnunam ki, onların övladı, Azərbaycanın böyük
yazıçısı, Yazıçılar
Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının,
atasının, anasının
işini davam etdirir və Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin inkişafına
öz xidmətlərini
göstərir... Bir ailədə
üç Xalq yazıçısı - Rəsul
Rza, Nigar xanım Rəfibəyli, Anar".
Yeri gəlmişkən, ulu öndər
başqa bir çıxışında "Yazıçı və şairlər bizim milli sərvətimizdir, onlar xalqa məxsusdur", - deyərək onların yaradıcılığını yüksək qiymətləndirirdi.
Burada Nigar xanımın da payı vardır.
Nigar xanımın əzablı,
keşməkeşli yolunun
sonu işıqlı oldu. Təsadüfi deyil ki, o, son kitablarından
birini "İşıqlı
dünyam" adlandırıb.
"Xəzər" Universitetinin
"Dünya Məktəbi"ndə
dəfələrlə vurğulandığı
kimi, bu gün poeziyamızı Nigar xanımsız təsəvvür etmək
çətindir. Onun poeziyası həmişəyaşar
və təkrarsızdır.
Qəzənfər Paşayev
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 16, 17.