96 saatın öyküsü
Quzey Kıbrıs (Şimali Kipr) Türk Cümhuriyyəti - 40
Noyabrın 15-i qardaş Kıbrıs türkləri üçün önəmli bir gündür. Belə ki 1983-cü il
noyabrın 15-də Quzey
Kıbrıs uzun mücadilələrdən sonra
öz bağımsızlığına
imza atdı və rəhmətlik, ruhunu böyük sevgi ilə andığım Rauf Denktaş
Quzey Kıbrıs Türk Cümhuriyyətinin
qurucusu və ilk Prezidenti elan edildi. Bu gün Kıbrıs xalqının təbiri ilə desək, Can Azərbaycanla ilişkilər,
münasibətlər o qədər
inkişaf edib ki, bizim də həmin
bayram törənlərini
görməyimiz manidar
olardı. Şükür
ki, bu murazımız könlümüzdə qalmadı.
Noyabr ayının
12-dən 16-na kimi, 4 gün
Kıbrısın müxtəlif
şəhərlərində - Lefkoşada, Girnədə,
İskələdə müsafir
olduq, həm də AzTV-nin böyük layihələri
kimi - "Sülh adası" və "Sülh naminə" filmlərinin çəkilişlərini
etdik. Dövlət rəsmiləri ilə görüşdük, onlarla
uluslarımız arasındakı
bağdan, əlaqələrdən
söhbət açdıq,
"Neçə on illərə,
yüz illərə!"
- deyib xoş təəssüratlarla Kıbrısdan
ayrıldıq. Bu təəssüratlar
bəndənizə o qədər
təsir etdi ki, gələr-gəlməz, həmin
günlərdən bəhs
edən bir yazı qələmə aldım. Bunu daha çox "Kıbrıs haqqında öykü" adlandırmaq
daha doğru olardı.Yeri gəlmişkən, Quzey Kıbrısda "Kipr"
təbirini sevmədikləri
üçün, mən
də Kıbrıs deyə qələmə alıram və böyük sevinc və fəxarətlə
"96 saatın öyküsü"
adlı yazımı
"Ədəbiyyat qəzeti"nə
təqdim edirəm.
Hər şey bir cümlədən başladı. Sıradan, sadə şəkildə deyilmiş bir cümlədən...
Kolleqam Mahir Heydəroğlu AzTV-də
uzun dəhlizin lap künc tərəfində
məni görcək duruxdu, anidən üzümə baxıb:
"Vaxtınız var, Turan
bəy?" - deyə
sordu.
- Əlbəttə,
- dedim.
Yerişini yavaşıtdı
və kənara çəkilib:
- Bir layihə
var, Kıbrıs məsələsi,
istəyirəm, həmin
verilişdə aparıcı
sən olasan (yeri gəlmişkən,
biz bir-birimizə gah "sən",
gah da "siz" deyə
xitab edirik, nə vaxt və
necə "sən"ə,
yaxud "siz"ə
keçdiyimizi isə
qətiyyən sezmirik).
- Bəyim, nə üçün, mən?
- Sənin adın olduqca uyğundur bu layihəyə, Turan yoluna çıxmaqdır
niyyətimiz və bilirəm ki, adının
da mənası bu səfərimizi daha da rəngli və manidar edəcək. Bir də ki, səni tanıyıram, türkçülüyünə
və şeir deməyinə bələdəm.
Qismət olsa, istərdim, gedək, yaxşı bir film hazırlayaq.
- Məmnuniyyətlə,
- dedim.
Qismət oldu, özü də lap umduğumuz kimi yox, bulduğumuz kimi. Elə bir qismət bulduq ki, planladığımız
təki, noyabrın
ilk günləri deyil,
səfərimiz ayın
12-inə nəsib oldu.
Deyəsən, Robin Şarmanın
əsərində oxumuşdum,
"Allahı güldürmək
istəyirsənsə, planlarından
bəhs et!"
Təxminən bu cür. Ancaq bizim planlarımız ülvi idi, mübarək idi, onun üçün də nə Tanrını güldürdük,
nə də onu üzdük. Ancaq Cənabı-Haqqı
sevindirdiyimizə əminəm.
Özü də tək Tanrını yox, elə bəndələrini
də.
AzTV rəhbərliyinin
xoş məramı, istəkləri və Kıbrısın ölkəmizdəki
səfiri, sayın Ufuk Turganer xanımın
köməkliyi və
xeyirsevər türk dostlarımızın yardımı
ilə bu səfərimiz müəzzəm
alındı. Pardon, səfərdən
ötə bir şeydir bu yaşadıqlarımız. Bir öykü,
desək, daha dürüst olar.
Onu da qeyd eləyim ki, Quzey Kıbrıs haqqında bir çox bilgilərə sahib olmağıma
görə, Türkiyə
Cümhuriyyətinin 9-cu Prezidenti,
rəhmətlik Süleyman
Dəmirələ borcluyam,
daha doğrusu, onun çıxışlarından
birinə, zira, ilk dəfə hansısa, sənədli filmdə
Rauf Denktaş haqqında
məhz ondan bu sözləri duymuşdum:
"Denktaş
baba adamdı, igid adamdı" lafları görünür, necəsə,
qəlbimə sinib və Kıbrıs haqqında çoxlu yazıları məhz elə o dövrdə oxumağa başladım, həmçinin də onun tarixi haqqında
ardıcıl olaraq bir neçə proqram izlədim. Əlbəttə, mövzudan
məlumatlı olmaq ağır, məsuliyyətli
işin altına çiynimi dayamağım
üçün kafi idi. Qardaş xalqa olan məhəbbətimi
də bu nüansların üzərinə
gəlsək, onda hər mətləbim aydın olar. Necə deyərlər, evdəki hesablarım çarşıya, bazara uyğun gəldi. Getdiyimiz yerlərdə düzənlənən məclislərdə
Mehmet Akifdən, Namik Kamaldan, Orxan Vəli Kanıkdan, Adəm Koçigiddən dediyim şeirlər lap Kıbrıs türklərinin
ürəyincə olmuşdu,
deyəsən. Zira 1-2 şeir
deyil, hər addımda şeir istəyirdilər bəndənizdən.
Bir olay isə lap bardağı daşıran son damla oldu.
Gecələdiyimiz otel -
"Oliviya Palm" Girnə
şəhərində yerləşirdi.
Dostumuz Mahir müəllimə və operatorumuz Ramil Qocaya otelin balkonunda
şeir deyərkən,
2 türk xanım bu mənzərəni görmüş və dinləmişdilər. Sən
demə, biz - Azərbaycan
türklərinin bu qədər şeirə sevdalı olmağı onların əməlli-başlı
xoşuna gəlibmiş.
Kənardan izləmişlər
bizi və hayıl-mayıl olmuşlar.İndi
mütəvazilik hissindən
xeyli uzaq görünsəm də, bu mənzərəni anlatmağım bir qardaşlıq öyküsünün
yaranışı naminə
əsl tapıntıdır.
Bəli, getdiyimiz günün sabahısı,
yəni noyabrın
13-ü, gecə Almaniyaya
geri dönəcək
xanımlardan biri (sonra öyrənəcəkdim
ki, birinin adı Yeşimdir, digərinin isə Ömür) bəndənizə yaxınlaşdı.
- Sizin ünlü birisi olmanız lazım.
- Nədən? - deyə sordum
- Dün şiir söylədiniz də, başınıza toplamışdınız ahbablarınızı.
Fikir verməmişdim,
sən demə, bizim şeirləri cani-könüldən dinləyibmişlər.
Söhbətimiz daha məhrəm müstəviyə
keçdi. Sonra sahil kənarını birgə
gəzdik, Girnə gecələrinin gözəlliyinə
məftun olduq, Böyük Öndər
Qazi Mustafa Kamal Atatürkün ev-muzeyini ziyarət etdik, söylədiyim vətənpərvərlik şeirləri
tədricən yerini lirik, sevgi şeirlərinə
ötürdü. Bir gecənin
tanışları 20-30 ilin
dostlarına bənzədi.
Bu keçid hansı sürətlə baş verdi, əminəm ki, heç birimizin ruhu belə duymadı. Sabahısı gün onlar Almaniyaya dönməyə
hazrlaşarkən, bərabərcə
qəhvəaltı etdik.
Birdən xanımlardan
biri:
- Son 10 dakikamız,
- deyib, "ah" çəkdi.
Sanki 10 ilin sevgililəri ayrılırmış .Əslində elə belə də vardı. Min illərin qardaş toplumlarının bir-birindən
qopa bilməməsinin
təzahürü idi
həmin "ah"lar.
Həmin "ah"ı
"oh"a çevirəcək
məqam isə bir neçə misradan ibarət şeirimlə gerçəkləşir.
Bədahətən söylədiyim
bu şeirdən sonra, lap bizə vurulurlar, almaniyalı türklər.
- Siz azeriler şiir gibisiz vallahi, ne çabuk şiire dökdünüz duyğularınızı?
- deyə heyrət edərkən, Yeşim, mən də borclu qalmıram:
Həmin şeiri
- "Ne fark eder ki?" adlandırıb,
elə Anadolu türkcəsində
onlara izhar edirəm.
Ne
fark eder ki?!
Sizin 10 dakikanız,
Bizim 10 saatimiz,
Ne fark eder ki?!
Sizi Dortmund bekliyor,
Bizleri ise Bakü.
Ne fark eder ki?!
Ayrılık, kalk ayağa,
Kutlarım seni,
Zira, senin zamanın
Ama gün gelir de yüzüne
Ben söylerim:
Ne fark eder ki?!
Turan Uğur
Girne, "Oliviya Plam" oteli
14 kasım 2023
Sonra şeiri olduğu kimi, dəftərçəmə yazıram.
Ömür xanımın
dediyi "10 dakika"
sözündən ilhamlanıb
yazmışdım bu
misraları, ancaq bizim getməyimizə 10 saat qalmamışdı,
tam 2 gün vardı hələ. Uyğunluq, qiyaslama olsun, deyə belə yazdım sadəcə.
Hələ 48 saat bizi gözləyirdi Kıbrısda;
Gözəlim bayram törənləri bizi gözləyirdi;
Ana Vətən Türkiyə, Can Azərbaycan
və qardaş Kıbrıs xalqlarının
"Millətimiz bir, gələcəyimiz birdir"
devizinin havada ulduz kimi sayrışması
bizi gözləyirdi;
Əski çağların
abidələrini ziyarət
edəcəyimiz anlar bizi gözləyirdi;
Vətən şairi
Namik Kamalın 38 ay sürgündə olduğu
Mağusa şəhərinin
tarix qoxuyan məkanları bizi gözləyirdi;
Hələ Uilyam Şekspirin zamanında ilham alıb yazdığı yerlər
-
"Otello qalası"nın
tilsimləri bizi gözləyirdi;
Hələ Lala Mustafa Paşa
Camisinin ehtişamı;
1570-ci ilə kimi "Sofiya" kilsəsi olmuş, sonra isə "Selimiye" adlandırılmış
Lefkoşanın əski
bir camisinin qutsallığı bizi gözləyirdi;
Hələ Lefkoşanın
ən əski bazarı olan "Arasta çarşısı"nın
dolambac küçələri
bizi gözləyirdi;
Hələ "Lokmacı"
sınır qapısının
dar keçidləri bizi gözləyirdi,
Şəki karvansarayına
bənzər "Böyük
Han Kültür Merkezi"nin
sirli divarları bizi gözləyirdi;
Hələ səfər
boyu heyətimizi müşayiət edən
görəvlilər - Selhan
bəy, Həvva xanım və Gökçə xanımla
olan dostanə söhbətlərimiz bizi
gözləyirdi.
Rəhmətlik Rauf Denktaşın
oğlu Sərdar bəylə görüşümüz
bizi gözləyirdi;
Hələ "28 ocaq
1963" şəhidlərinin anıt məzarlığı
bizi gözləyirdi.
- Bəs sizi nə gözləyir
bu dəm, əziz oxucu?
- O günləri
gözəlcə anladan
Adəm Koçigidin aşağıdakı misraları.
1974 - Barış
hərəkatı günlərini
elə gözəl anladır ki:
"Kıbrıs"
şeiri
Qazilər torpağı,
şəhidlər yurdu,
Ecevit əmrini tüm dünya duydu.
Hədəf Girnə
dedi, yürüsün
ordu,
Hər köşəsi
cənnət, yavru Vətənin.
Doktor Fazil Küçük, Denktaşı
vardı,
Raufum dünyaya
kafa tutardı.
Ən böyük
Türkdü o, Atatürk ardı,
O korur, kollardı yavru Vətəni.
Düşmən durmaz sıx-sıx xəbər
yolluyor,
İmperiyalist güclər
onu kolluyor,
Millətin səbrini
durmaz zorluyor,
Korur, gözətiriz
yavru Vətəni.
Yavru Vətəndə,
səfərimizin sonuncu
günündə İskələyə
getmişdik. Dənizi
ilk dəfə bu qədər təravətli
görürdüm. Nahar etdik
hamılıqla, bir şeir kimi şəhər - İskələ...
Kıbrısın 6 böyük
bölgəsindən biri...
İçimizdəki ruh
bayırdakı gözəlliyə
meydan oxumağa israrlı idi. Otelə dönərkən,
maşında mehtər
marşını oxumağımı
istədilər, sözlərini
yerə salmadım. Mən başladım, onlar da mənə qoşuldular. Babalarımız
olsaydı, belə deyərdi bizə: "Eyvallah, övladlarım, bərhudar olun, sizi bir arada
görmək necə də bəxtiyar edir bizi". Nənələrimiz olsaydı,
bu cür söylərdilər: "Başınıza
üzərlik hərləyin,
nəzər dəyməsin",
gərçi Kıbrısda
üzərlik yox, zeytun yarpağı yandırarlar. Zatən, bayram törənində Kıbrıs Folklor qrupunun xanım üzvlərindən biri, zeytun yarpağını balaca bir küpdə
yandırarkən görmüşdüm,
lap dədələrimizin çatdığı
tonqala bənzətmişdim
həmin küpü. Həmin küpdəki zeytun yarpağından göyə qovzanan, ərşə bülənd
olan tüstü gözlərimdən getməmiş,
gördüm ki, son hicran
saatları gəlib yetişib.
"Daha xoş, gözəl istiqbal nəsibi olsun qardaşlarımızın",
- deyib Ərcan hava limanına gəlirik. Hamımız kövrəlirik, ayrılığın
nidası yaman tənəli, həm də ağır olurmuş. Ancaq deyəsən, mən daha çox kövrəlirəm, bu saat şair təbiətimi məzəmmət
edirəm, az qalsın kıbrıslı
dostlarıma utandıracaqdı
məni, "birdən
gözlərimdən yaş
gilələnər, biabır
olaram", deyə... Yaxşı ki, gözümdən
axan yaş olmadı, əksinə, beynimdə 96 saatın xatirələri var-gəl
etməyə başladı.
Budur, çamadanlarımızı
keçid məntəqəsindən
keçiririk, Mahir bəy ilə mənim hərəmizin bir çamadanını baqaja, yüklüyə veririk. Bileti yoxlayan xanımın mənə uzatdığı
baqaj nömrəsi qəribə gəldi. Bir tərəfdə 9, bir tərəfədə 6, lap 96-ya oxşatdım. Sən demə, həyat öyküləri bu sayaq olurmuş.Yaşadığımız
unudulmaz 96 saatın bəlgəsini həmin xanım mənə uzadıbmış. Budur, qardaşlığın mesajı,
budur, qardaşlığın
simgəsi, budur, 96 saatın şirin öyküsü. Bu şirincə
öykünün havası
ilə kıbrıslı
qardaşlarımızı dübarə, təbrik etmək istəyirəm: neçə sənələrə,
əsrlərə, əziz
kıbrıslılar, Quzey
Kıbrıs Türk Cümhuriyyətinin bağımsızlığı
payidar olsun!
20.11.2023
Turan UĞUR
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr,
¹ 47. - S. 30 - 31.