Müsahibə
hekayə
Dünya ədəbiyyatını
Mark Tvensiz (1835-1910) təsəvvür
etmək mümkün
deyil; Heminqueyin "bütün Amerika nəsri
"Haklberri Finnin macəraları" romanından
törəyib" fikri
bu gün də aktual səslənir. Mark Tveni öz sələf və müasirlərindən
fərqləndirən, onu
bu gün də "diri" saxlayan əsas cəhət həyat hadisələrini incə yumorla qələmə almasıydı, nadanlığı,
cəhaləti, qəddarlıq
və istibdadı ciddi gülüşün
öldürücü gücüylə
ifşa etməsiydi. Onun ədəbiyyat qarşısındakı tarixi
xidməti də məhz humanist məqsəd
daşıyan effektli yumor və satirasındaydı.
Aşağıda yazıçının
"Müsahibə" adlı
yumoristik hekayəsi
ilk dəfə Azərbaycan
dilində Kamran Nəzirlinin
orijinaldan tərcüməsində
təqdim olunur.
Təklif
etdiyim yerdə oturub bir qədər
sırtıq və narahat görünən modabaz cavan oğlan
dedi ki, "Daily Thunderstorm" ("Gündəlik Şimşək")
qəzetindən gəlib,
sonra əlavə elədi:
- Ümidvaram, sizdən müsahibə almağa gəldiyim üçün
inciməzsiniz...
- Nə almağa gəlmisiz?
- Müsahibə almağa.
- Hımmmm... Başa düşdüm, əlbəttə,
əlbəttə.
Həmin
gün, səhər özümü yaxşı
hiss etmirdim. Düzü,
başım da üstümdə
deyildi. Bununla belə, kitab şkafına
yaxınlaşdım, rəfləri
beş-altı dəqiqə
nəzərdən keçirəndən
sonra cavan oğlana çönüb
soruşdum:
- O söz necə yazılır?
- Hansı söz?
- Müsahibə.
- Aaaaa... Nəyinizə lazımdı ki?
- Lüğətə baxmaq
istəyirdim. Görüm,
o sözün mənası
nədir.
- Bıy! Bu lap qəribə
oldu ki! Mən özüm sizə onun mənasını deyə bilərəm... əlbəttə, əgər...
əgər siz...
- Ayy, nə yaxşı!
Buyurun, sizə minnətdar olaram.
- Müs...sa...hi... bə! (İn, in, ter, ter, rnter...)
- Deməli, sizcə, o söz "m" hərfiylə
başlayır?
- Əlbəttə, əlbəttə.
- Belə de... Deyirəm axı, niyə çox axtarmalı oldum onu...
- Hörmətli ser, bəs sizcə, o söz necə yazılmalıdır
ki?
- Mən... düzünə
qalsa, bilmirəm. Qalın lüğəti götürdüm ki, baxım
görüm, şəkillərin
arasında o söz gözümə dəyəcək,
ya yox... Amma bu lüğətin nəşri çox köhnədi...
- Aaaaa, dostum, axı həmin hərfin şəkli ola bilməz. Hətta sonuncu nəşrdə də belə şey olmaz... Bağışlayın, sizi
incitmək istəməzdim...
məncə, siz mənim təsəvvür
etdiyim ziyalı adama oxşamırsız. Üzr istəyirəm, xətrinizə dəymək
istəmirdim.
- Dəyməz, dəyməz!
Bunu tez-tez eşitmişəm adamlardan,
yaltaqlıq etməyən
adamlardan eşitmişəm,
heç mənə yaltaqlıq etməyə də lüzum yoxdu, özüm bu məsələdə bütün sərhədləri
aşıram... Hə,
elədi... bu da adamları heyrətə gətirir.
- Təsəvvür edirəm.
Gəlin, müsahibəyə
keçək. Bilirsiz
də, kim ki məşhurluq qazanır,
ondan müsahibə almaq dəbdir.
- Sən Allah? Belə de... Birinci dəfədi eşidirəm.
Bu çox maraqlı
ola bilər. Bəs siz onunla nə
edirsiz?
- Bilirsiz, sadəcə... hə... həəə...
vallah, adam, sadəcə, məəttəl
qalır. Bəzi hallarda gərək dəyənəkdən istifadə
edəsən; lakin adətən müsahibə
götürən sual
verir, adam da suallara cavab verir. İndi məhz bu dəbdədi. İcazə verin, sizə ictimai fəaliyyətinizin əsas
məqamları və
şəxsi həyatınızla
bağlı bir neçə sual verim.
- Bəli, bəli, buyurun. Yaddaşım çox zəifləyib, amma ümid edirəm ki, siz məni bağışlayarsınız.
Yəni yaddaşım,
nəsə, sözümə
baxmır, intizamlı
deyil, özü də lap qəribəlikləri
var. Görürsən ki, gah dördnala çapır, sonra da baxırsan ki, iki həftə heç yana belə sürünə bilmir. Bu məni çox kədərləndirir.
- Narahat olmayın, eyb etməz. Amma çalışın ki, bacardığınız
qədər xatırlayasınız.
- Çalışaram. Bütün
gücümü toplayacam.
- Təşəkkür edirəm.
Hazırsız? Başlamaq
olar?
- Hə, əlbəttə, hazıram.
Sual: Neçə yaşınız
var?
Cavab: İyunda on doqquz olacaq.
S. Belə de! Sizə, nəsə, otuz beş-otuz altı yaş vermək olar. Harda doğulmusuz?
C. Missuri ştatında.
S. Nə vaxtdan başlamısız yazmağa?
C.
1836-cı ildən.
S. Nə? Neçənci ildən? Bu necə ola bilər? Axı sizin hələ on doqquz yaşınız
var?
C. Bilmirəm. Doğrudan da, qəribədi.
S. Elədi, elədi. Bu vaxta kimi görüşdüyünüz
adamlar arasında kimi ən görkəmli
hesab edirsiz?
C. Aron Barrı. (Aron Barr ABŞ-nin
üçüncü Vitse-Prezidenti
(1801-1805) olub - tərc.)
S. Axı siz onunla
görüşə bilməzdiniz,
sizin hələ on doqquz yaşınız
var...
C. Əgər siz mənim haqqımda özümdən daha çox məlumata maliksinizsə, niyə soruşursuz?
S. Mən yalnız təxmin edirəm, başqa heç nə. Necə oldu ki, siz Barrla
tanış oldunuz?
C. Təsadüfən. Onun dəfnində. Məndən
xahiş elədi ki, çox da səs-küy salmayım və...
S. Aman
Allah! Əgər siz onun dəfnində olmuşdunuzsa, deməli, o
ölübmüş...və
əgər o ölmüş
idisə, sizin səs-küy salmağınızın
onunçün nə
mənası vardı
ki?
C. Bilmirəm. Bu məsələdə
o çox vasvasıydı.
S. Vallah, başa düşə bilmirəm.
Deyirsiz ki, o sizinlə
danışırdı və
həm də o ölmüşdü?
C. Mən onun öldüyünü
demədim.
S. Axı o ölüb?
C. Hə də, bəziləri deyir, ölüb, bəziləri
də deyir, yox, ölməyib.
S. Bəs siz özünüz
nə düşünürsüz?
C. Mənim nə işimə qalıb? Məni ki dəfn etməyiblər.
S. Siz... Nə isə... Hər halda, bu məsələ
qaranlıq qaldı, baş çıxarmaq mümkün deyil. İcazə verin, sizə başqa bir sual verim:
ha vaxt anadan olmusuz?
C. Bazar ertəsi, 31 oktyabr
1693-cü ildə.
S. Necə yəni? Bu mümkün ola bilməz!
Onda belə çıxır ki, sizin yüz səksən yaşınız var? Bunu necə izah edərsiniz?
C. Heç cür izah edə bilmərəm.
S. Axı əvvəl dediniz ki, on doqquz yaşınız var? İndi, sən
demə, yüz səksən yaşınız
var. Təzada bax e! Dəhşətli ziddiyyət
var!
C. Nə yaxşı, bunu bildiniz! (əl verib görüşür).
Mənə də çox vaxt elə gəlir ki, burda bir ziddiyyət
var. Amma hər halda, fikrimi toparlaya bilmirəm: ziddiyyət varmı, yoxsa, elə mənə elə gəlir? Nə yaxşı, siz bunu dərhal
sezdiniz?
S. Komplimentə görə təşəkkür edirəm.
Sizin qardaş və bacınız olubmu, yaxud varmı?
C. Eh... məncə hə, olub, amma nəsə,
xatırlaya bilmirəm.
S. İlk
dəfədi belə qəribə cavab eşidirəm.
C. Doğrudan? Nə üçün belə düşünürsüz?
S. Bəs necə
düşünüm? Başqa
cür düşünə
bilərəm ki? Bura baxın,
o divardan asılan portret kimindir? Sizin qardaşınız deyil ki?
C. Aaaa, həəə, odur! Yadıma saldınız, qardaşımdı.
Vilyamdı, ona Bill deyirdik. Yazıq Bill...
S. Nə? Deməli, o ölüb?
C. Hə, bəlkə də ölüb. Amma dəqiq deyə də bilmərik. Burada müəmmalı məsələlər çox
idi.
S. Bunu eşitmək çox kədərlidi. Görünür, o itkin düşüb, eləmi?
C. Hə, ümumiyyətlə,
belədi. Biz onu basdırdıq.
S. Basdırdınız!? Necə
yəni? Öldüyünü-qaldığını
bilməyə-bilməyə onu dəfn etmisiz?
C. Yox e! Məsələ bunda deyil! Əslində
o, elə ölmüşdü.
S. Vallah, heç nə anlamıram. Əgər onu dəfn eləmisinizsə
və bilirdiniz ki, o...
C. Yox, yox! Biz onun
öldüyünü yalnız
düşünürdük...
S. Həəə...başa düşürəm sizi.
Bəs onda, dirildi ki, təzədən?
C. Yox, yox! Elə
şey olmaz!
S. Ömrümdə belə şey eşitməmişdim!
Adam ölüb, adamı
dəfn ediblər. Nəsə, burda bir sirr var?
C. Ah! Elədi! Məsələ
də elə bundadı! Bilirsiz, biz əkiz idik rəhmətliklə, iki həftəydi ki, doğulmuşduq,
bizi vannada yuyanda qarışıq saldılar, ikimizdən biri vannada boğuldu.
Lakin bilmədik hansımız
boğulub. Bəziləri
elə bildi, Bill boğulub, bəziləri də mənim boğulduğumu güman edirdi.
S. Sadəcə, görünməmiş
hadisədi! Bəs siz özünüz nə düşünürsüz?
C. Bircə Allah özü bilir! Həqiqəti bilmək üçün
mən hər şeyimi verərdim. Bu dəhşətli və məşum sirr mənim bütün həyatımı kədərə
bürüdü. Amma sizə
bu gün bir sirr açacam,
onu heç kimə indiyə kimi deməmişəm.
Biz əkizlərin birinin
sol qolunda xüsusi bir işarə, xal vardı, o mənim qolumdaydı. Elə vannada boğulan həmin uşaq mən idim.
S. Lap yaxşı. O zaman burda heç bir sirr görmürəm.
C. Görmürsüz? Mənsə,
görürəm. Bütün
hallarda, axı onlar gör, necə özlərini itiriblər ki, başqa uşağı basdırıblar.
Amma... ssssss... bunu mənim valideynlərimin yanında ağzınızdan
qaçırtmayın. Allah özü şahiddir ki, onsuz da, onların dərdi böyükdü!
S. Yaxşı... məncə,
əməlli-başlı material topladım, sizə çox təşəkkür
edirəm, buna görə.
Amma bir şeyi qeyd edim ki, sizin
Aron Barrın dəfni
barədə söylədikləriniz
məni çox maraqlandırdı. Deyin görüm, Barrın belə dəyərli adam olmasını hesab etməyiniz nə ilə bağlıdı? Onu niyə görkəmli adam hesab edirsiniz?
C. Eh! Boş şeydi! Buna bəlkə də əlli adamdan biri diqqət yetirərdi. Cənazə duası artıq bitmişdi, dəfn mərasiminə gələnlər
qəbiristanlığa getməyə
hazırlaşırdılar, mərhumun tabutunu təntənəli surətdə
cənazə arabasına
qoydular; birdən o, tabutdan qalxıb dedi ki, sonuncu dəfə dünyaya baxmaq
istəyir və keçib oturdu arabaçının yanında.
Sonra da tələm-tələsik qayıtdı yerinə, ləyaqətlə
vidalaşdı; əla
həmsöhbət idi,
mən də çox təəssüf
etdim ki, o, beləcə
tez tərk etdi bizi.
Mark Tven
İngiliscədən tərcümə: Kamran NƏZİRLİ
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 29.