Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı

 

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

Siracəddin HACI

 

(Əvvəli burada)

 

On yeddinci beytin şərhi:

canını qurtardı

 

Bütün əhali qıtlıqdan canını qurtardı,

Yalnız bircə nəfər qıtlıqdan öldü.

 

Beyt Bəhram şahın qıtlıqla dörd il davam edən mübarizəsinin nəticələrini, mərhəmətin, mərhəmətli dövlət başçısının, sosial dövlətin xeyrini, dəyərini açıqlayır. Nizami bu vasitələri seçir:

- Böyüdür, sayı artırır, bütün ("comle") xalq deyir, bu artım mərhəmətin, Bəhramın işinin dəyərini ifadə edir - o, bütün xalqı xilas edən görmüşdür;

- Fəlakətin adını yada salır: "təngi" ("darlıq", "qıtlıq"), dörd il davam edən qıtlıqda xalq ölümlə üz-üzə gəldi;

- Həm qıtlığın ortaya çıxardığı ağır nəticəni, həm mərhəmətli şahın xilaskarlıq missiyasını ifadə edir: bütün xalq canını qurtardı, bu, sıradan bir qurtuluş deyil, ölümdən qurtuluşdur, Bəhramın ağlı, mərhəməti, ədaləti, tədbirləri nəticəsində bütün xalq canını - həyatını ölümdən xilas etdi - canını qıtlıq/ölüm (atəşindən) həyata daşıdı;

- Nizami ikinci misrada mərhəmətli şahın dəyərini ifadə etmək üçün kiçiltmə yolunu seçir (birinci misrada mərhəmətin dəyəri böyütmə üzərində qurulmuşdur): "bütün", "xalq", "can" - o ən böyük/qiymətli nemətdir, darlıq/qıtlıq - fəlakətlərin böyüyüdür, belə ki, hər kəsi ölümlə təhdid edir, canını qurtarmaq - böyük qurtuluşdur/ölümdən xilasdır - böyütmə deyir ki, mərhəmət böyük/xilaskar dəyərdir, mərhəmətli şah böyük şahdır, sosial/mərhəmətli dövlət ən xeyirli dövlətdir;

- Şair kişiltmə yolu ilə mərhəməti böyüdür, kiçiltmək üçün bu vasitələri seçir: "coz" / "başqa", "qeyri" deyir, sözü ikinci misranın başına yerləşdirir, qəlib mətnə istisna mənası yükləyir, bütün xalq canını qıtlıq fəlakətindən qurtardı, ancaq tək bir istisna var;

- Sonra "yeki" sözü seçilir, mətnə "bir", "bircə", "tək bir" mənaları daşıyır, sayı azaldır / kiçildir;

- "Tən ke" / bircə bədən / nəfər ki, "o" ("u") - Nizami onu ayrıca, təəssüflə vurğulayır;

- O, qıtlıqdan öldü - kiçiltmələr deyir: mərhəmət, mərhəmətli şah, sosial dövlət o dərəcədə böyük dəyər, nemətdir ki, onun/onların gücü ilə bütün xalq ölümdən qurtuldu, itkinin sayı bircə nəfər oldu;

- Nizami mərhəmətsizlikdən öldü demir, ölümü mərhəmətin ayağına / adına yazmır, qıtlıqdan öldü deyir, bircə nəfərin ölümünü mərhəmətli Bəhram obrazının inşası üçün vasitəyə çevirir - sıradakı beytlər Bəhramın bir nəfərin ölümünə münasibətini açıqlayır;

- Beytin mesajı antonim sözlərlə verilmişdir: hamı / bütün - bir, bircə, o, xalq - bircə nəfər, canını qurtarmaq - ölmək, ondan - ona;

 

On səkkizinci beytin şərhi:

pərişan oldu

 

O binəva kişinin ölümündən şah,

Su kimi bulanıb pərişan oldu.

 

Öncəki beytin şərhində dedik ki, dörd il davam edən qıtlıq nəticəsində bircə insan öldü, Nizami o bir insanın ölümündən mərhəmət anlayışının, mərhəmətli Bəhram obrazının, sosial dövlət ölçüsünün inşası üçün yararlanır, bu hadisənin Bəhrama təsirini göstərir:

- Məhz "şah" sözünü seçir, misranın başına yerləşdirir, məsnəvidə ikinci dəfə bu qəlibə yer verir (birinci dəfə Bəhramın siyasi iradəsini göstərərkən - əmrlər verərkən istifadə etmişdi). Səbəbi var: şah adı (titulu) mərhəmət anlayışının tanıdılmasına yol açır - bir imperatorluq var, orada dörd il qorxunc qıtlıq olur, şah dövlətin hər imkanını xalqın ölümün əlindən qurtarılmasına yönəldir, bütün xalqı xilas edir, böyüklük qazanır, milli qəhrəmana çevrilir, ona şahların şahı adı verilir. Bu ucalıqda olan qurtarıcı şah qıtlıqdan ölmüş bircə insanı düşünür, şükür ki, itkimiz az - bircə adam oldu demir, o niyə öldü deyir;

- Nizami qıtlıqdan / aclqıdan ölmüş o bir "mərd" / kişi / insan deyir, "nəfər" demir (öncəki misranın tərcüməsində "nəfər" sözü var, orijinalda isə "tən" qəlibinə yer verilmişdir), ona dəyər verir: ölən insandır - mərhəmət dəyər verməkdir, bir ölçüsü gözəl/uyğun söz seçməkdir;

- Şair "ölmüş binəva kişi/insan" təyinini seçir, "binəva" sözünün bu mənaları var: "yazıq", "yoxsul, "pulsuz", "bədbəxt", "aciz", "zəif", mətnə uyğun olanı "yazıq"dır, belə ki, mərhəməti dəqiq ifadə edir, içində daha çox üzüntü var - mərhəmət bir başqalarının halına üzülməkdir;

- "Təngdel şod" - ürəyi sıxıldı/daraldı, şair məhz bu sözü seçir, məcazi mənaya yer verir, sözün təsir gücünü artırır, Bəhramın mərhəmətini göstərir, şah özünü doğmasını itirmiş insan kimi duyur, o bircə insanın ölümünü özünə dərd edir;

- Şair o bircə insanın ölümünün şaha təsirinin ifadəsi, bu yolla da mərhəmətli Bəhram obrazının inşası üçün yeni vasitəyə yer verir: təşbehdən yararlanır, "ço" ("kimi", "elə") deyir, müqayisə şəraiti formalaşdırır, təşbehin ikinci tərəfini tanıdır: "qəmli su", "bulanıq su", orijinalda "əfsorde" sözü var, "qəmli", "solğun", "ruhdan düşmüş" mənalarını daşıyır: şahın ürəyi bulanıq/qəmli su kimi sıxıldı/şah bulanıq su kimi sıxıldı - pərişan oldu, bulanıq su içinə bir şey qarışmış, kimyası / fitrəti dəyişmiş sudur, bu dəyişim, tərkib pozuntusu onu sıxır, dərd insanın duyğularını qarışdırır, halını / tərkibini dəyişir, yəni o bircə insanın ölümü Bəhrama o dərəcədə təsir etdi ki, halı dəyişdi, ürəyi sıxıldı, özünə yer tapmadı - mərhəmət başqalarının acısını hiss etmək / yaşamaqdır;

- "Təngdel" sözü təkcə ürəyin sıxılmasını ifadə etmir, deyir ki, səmimi şah o bircə insanın ölümünün acısını bütün varlığı ilə hiss etdi, acı duyğularına işlədi, üz, əl hərəkətləri, davranışları da dəyişdi;

- Beytin qafiyəsi "morde" (ölmüş), "əfsorde" ("bulanmış") sözləridir, ölən o bircə insan, bulanan / yasa batan su kimi olan da mərhəmətli şahdır;

 

On doqquzuncu beytin şərhi:

üzünü Tanrıya çevirdi

 

O dərddən üzünü Tanrıya çevirib,

Öz təqsirinə görə üzr istədi.

 

Bu, öncəki beytin davamıdır, dörd il davam edən qıtlıq var, Bəhram dövlətin bütün imkanlarını toplayaraq xalqı aclığın ortaya çıxardığı ölüm təhlükəsindən qoruyur, ancaq bircə insan ölür. Nizami bu hadisənin Bəhrama təsirini açıqlayarkən mərhəmətlə məsuliyyət arasında bağ qurur - mərhəmət məsuliyyətə yol açır. Şair bu iki dəyər arasındakı bağın tanıdılması üçün vasitələr seçir:

- Öncə - öncəki beytdə o insanın ölümünün Bəhrama təsirini göstərir - bulanıq su kimi oldu / su kimi bulandı, ürəyi sıxıldı, o insanın ölümünə çox üzüldü;

- Ancaq məsələ üzüntü ilə bitmədi, Bəhram belə düşündü: o bir insanın ölümünün məsuliyyətini mən daşıyıram;

- Bu məsuliyyət anlayışının yükü acılar yaşamasına səbəb oldu. Nizami bu halın ifadəsi üçün məhz "rənc" ("əziyyət", "zəhmət", "sıxıntı", "məhrumiyyət", "narahatlıq"...) sözünü seçir, "o rəncdən" deyir - göstərir, o bir insanın ölümünə görə məsuliyyət daşıyıram anlayışının ortaya çıxartdığı, Bəhrama sarsıntı yaşatdığı duyğunu ifadə edir;

- Bəhram ağıllı liderdir, bunun bir əlaməti odur ki, o kimsəni ittiham etmir, günahkarın tapılması üçün araşdırma aparılsın da demir, o bir insanın ölümünə görə məsuliyyəti öz üzərinə götürür;

- Bəhram özünü günahkar sayır, çıxış yolu axtarır, ancaq ölən insanı həyata qaytarmaq imkansızdır, belədirsə, bircə yol qalır, o da Allaha yönəlmək, Ondan bağışlanma istəməkdir;

- "Üzünü Allaha çevirir/tutur" - dua halına girir, inanaraq, bütün varlığı ilə Ona təslim olaraq dua edir;

- Nizami bu anda "Xodai" deyir, Allah sözünün sonuna müəyyənlik əlaməti artırır, o Allaha ki, bu mesajları verir: a) Bəhram Allahı doğru tanıyır, Ona inanır; b) Allah O varlıqdır ki, bağışlamağı sevir, Onun ən önəmli özəlliyi mərhəmətinin sınırsız olmasıdır - duanın qəbulunun şərtlərindən biri doğru Allah şüuru ilə Ona dua etmək, Onun kim olduğunu bilməkdir - Bəhram tanıdığı, inandığı, təslim olduğu Allaha yönəlir;

- Bəhram dua ədəbini gözəl bilir: öncə Allahı doğru tanı, sonra Ona inan, sonra günahını açıqla, sonra da bağışlanma istə. Nizami şahın dua anlayışının üçüncü mərhələsini tanıtmaq üçün bu sözlərə yer verir: "təqsir", şair bu sözü Bəhrama bağlayır, "öz təqsiri" deyir, Bəhram o bir insanın ölümünün məsuliyyətini üzərinə götürür, qüsurum var, mükəmməl deyiləm (qüsursuz olan ancaq Allahdır), işi daha yaxşı təşkil edə bilmədim;

- Bəhram bir addım da atır - Allahdan üzr istəyir, daha dəqiq desək, Allaha üzr borcunu yerinə yetirir;

- Bəhram məsuliyyəti ikiyönlü borc kimi qavrayır: Allaha insanlara borcluyam - Allah inancı mərhəmətə, mərhəmət məsuliyyətə, məsuliyyət borcluluq duyğusuna, o da saleh əməllərə yol açır;

- Beytin rədifi var, "gətirmək" ("gətirdi"), feilidir, şühudi keçmiş zamandadır, qətilik, şahidlik bildirir, Bəhrama aiddir, o, mərhəmətə bağlı məsuliyyət anlayışının tələbinə uyğun üç işi yerinə gətirdi/qoydu - yetirdi: üzünü Allaha yönəltdi, yükü üzərinə götürdü, Ona olan üzr borcunu yerinə yetirdi - mərhəmətli, məsuliyyətli insan çox dua edər;

 

                                                                                                                             (Davamı olacaq)

 

Siracəddin Hacı

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 28.