Ədəbiyyatda həsrət mədəniyyət hadisəsidir, yaxud yeni
tariximizin Qərbi Azərbaycan mərhələsi
Bir az əvvələ
getsən bura Alp
Ər Tonqanın vətənidir...
Xüsusən, Göyçə
gölünün sahilləri...
Turanın qurucusu Alp Ər Tonqanın (Əfrasiyabın) məzarı
bu yerlərdədir.
Ötən yazılarımın
birində xatırlatmışdım
ki, Qarabağ xanlığı
yeni qurulanda Pənahəli
xanın hakimiyyətini
qəbul etmiş erməni məlikləri
II Yekaterinaya müraciətlərində
vəd edirdilər ki,
"rus qoşunlarının
Qarabağa yürüşü
zamanı erməni məlikləri müsəlmanlara
qarşı silahlı
mübarizəyə qalxacaqlar"
və imperatriçədən
Qarabağa 10 min nəfərə
qədər piyada qoşun göndərilməsini
və həmin qoşuna komandanlığın
Suvorova tapşırılmasını
istəyirdilər. Üstündən
250 il keçir. İndi erməni
lideri və ideoloqları haqsız olaraq Rusiyanı ermənilərə xəyanətdə
suçlayır. Rusiya
rəsmiləri isə
tamamilə haqlı olaraq, erməniləri rol dəyişikliyində
ittiham edir. Çünki bu gün Rusiyaya arxa çevirib Qərbə yönələn
ermənilər Zəngəzur,
Meğri və Sisiana qədər mövcud olan varlıqlarına görə
Rusiyanın erməni knyazlığı layihəsinə
borcludurlar. Tarixin heç bir mərhələsində rus
və erməni amili bu şəkildə
üz-üzə gəlməyib.
Bu, cənubi Qafqazda tamam yeni hadisədir. Qafqazda ən yeni tarix başlayır. Və bu tarixi
Azərbaycan Prezidenti
İlham Əliyev başlayır.
O, 250 ildir ki, əzab çəkən heysiyyətimizin,
qanayan qürurumuzun qisasını aldı; dünyadakı erməni mifinin özülünü
məhv etdi. Dünyanın bir qanunu var: "Əzməyən
əzilir!" İlham Əliyev
dünyanın gözü
qarşısında Daşnaksütyun,
Nemesis, Andranik, Şaan
Natali mifini əzdi, tarixin axarını Azərbaycanın xeyrinə
dəyişdi. Rusiyanı
Cənubi Qafqazda hakim qılan ideya - II Yekaterinanın erməni knyazlığı layihəsi
süqut etdi. Biz 250 ildir ki, “ermənilər bu torpaqlara gəlmədirlər”
desək də, səsimizi heç yerdə eşitdirə bilmirdik. İlham Əliyev
isə 23 saatlıq
antiterror əməliyyatından sonra Xankəndində Azərbaycan bayrağını
ucaldıb, erməniləri
250 il bundan əvvəl
buralara necə axın etmişdilərsə,
250 ildən sonra, elə o şəkildə
də Qarabağdan yola saldı. Özü də burunlarının ucu belə qanamadan. Gülə-gülə etiraf
etdilər ki, “Allah haqqı
erməni millət deyil” və getdilər...
İnanaq ki, İlham Əliyev
Cümhuriyyət dövründəkı
tarixi yanlışlarımızı
da təshih edəcək.
1918-ci il mayın 23-də Tiflisdə
Qafqaz seyminin iclaslarını müşahidə
edən Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu Osmanlı imperatorluğunun Başkomandan
vəkili Ənvər
Paşaya məktub yazmış (məktubun əslini ilk dəfə burda, “Ədəbiyyat qəzeti”nin “Qərbi Azərbaycan” sayında təqdim edirəm) və bildirmişdilər ki, buradakı,
yəni seymdəki türk nümayəndələr
(yəni azərbaycanlı
nümayəndələr) və
seym üzvləri Qafqaz Konfederasiyasına daxil olmaları üçün ermənilərə
torpaq güzəştinə
hazırdırlar. Ənvər
Paşa isə cavabında Qafqaz İslam Ordusunun generalitetinə belə bir məktub
ünvanlamışdı: "Anlaşıldığına görə,
ermənilər bizə
qaytardıqları ərazilərə
müqabil, Cənubi Qafqaz müsəlmanlarına
aid ərazidən bir qisim almaq istəyirlərmiş
və müsəlmanlar
da buna razı olacaqmış.
Məncə, bu, tamamilə yanlışdır.
Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda
əraziyə malik kiçik
bir Ermənistan təşəkkül edərsə,
gələcəkdə Amerikadan
gəlmə ermənilərlə
bu hökumət milyonlarla əhaliyə
sahib olar və bizim üçün Rusiyadan daha müzir bir düşmənə çevrilər".
Çevrildilər də. Baxmayaraq ki, bizim orda bitib-tükənməyən
yurd yerlərimiz vardı. İrəvanda Sərdar sarayımız vardı. Böyük rəssam Mirzə Qədim İrəvani o sarayın divarlarına Şərq incəsənətinin
parlaq nümunlərini
çəkərək türk
Qacarları vəsf etmişdi.
Baxmayaraq ki, bizim
orda 1767-ci ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa
etdirilmiş Göy məscidimiz var idi. Qafqazın ikinci şeyxülislamı Fazil
İrəvani Tiflisdə
deyil, İrəvanda iqamət edirdi. Bir şeyx ki Qarabağda müsiqi risaləsi yazan bir seyid
əsərinin və
musiqinin halallığı
barədə fitvanı
ondan istəyirdi. “Nəqamat haramdır” hökmünü Qarabağlı
Mir Möhsün Nəvvabla
İrəvanlı Şeyx
Fazil ortadan qaldırırdı. Bir şeyx
ki, həm də "Qızılgül və bülbül” romanını
yazırdı. Kitabı rus, fransız dillərində
çap olunurdu. Parisdə nəşr olunurdu. Hammer bu əsəri alman dilinə
tərcümə edirdi.
Zaman keçdikcə, ermənilər
Şeyx Fazil İrəvaninin də əsərini mənimsədilər.
Necə ki, “Sarı gəlin”i, necə
ki, “Çırpınırdın Qara dəniz”in melodiyasını mənimsəmişdilər...
Göyçədə Aşıq
Ələsgər möcüzəsi,
Kərkibaşda Ağ
Aşıq, Qızılvəngdə
Aşıq Alı, Ağkilsədə Növrəs
İman var idi... Zəngəzur
və İrəvanın
timsalında Qərbi Azərbaycan mədəniyyətlə,
irfanla aşıb-daşırdı.
Biz ermənilərə
torpaq güzəşti
etməklə Fazil İrəvaninin, Mirzə Qədim İrəvaninin, Aşıq Ələsgərin,
Ağ Aşığın,
Aşıq Alının,
Növrəsin, Bəzminin ruhunu incitdik.
1918-ci ildən sonra keçən illər Ənvər Paşanın fəhmini gerçəkləşdirdi. Ermənilər
erməniliyin təşəkkülü
üçün azərbaycanlılar
tərəfindən onlara
buraxılmış İrəvan
ərazisində təşkilatlanıb,
daha böyük düşmənə çevrildilər
və üstündən
bir əsr keçəndən sonra bu acı gerçəklərin
siyasi təsnifatını
Azərbaycan lideri olaraq tarixdə ilk dəfə 1994-cü ilin
23 fevralında Heydər
Əliyev, sonra isə İkinci Qarabağ savaşından
9 il öncə - 2011-ci il iyulun
5-də İlham Əliyev verdi:
"Bizim ata-baba torpağımız olan İrəvan xanlığı,
Zəngəzur mahalı,
digər torpaqlar indi Ermənistan dövləti üçün
torpaq olubdur. Bunlar bizim tarixi
torpaqlarımızdır, ancaq
biz Ermənistana qarşı
torpaq iddiası irəli sürmürük.
Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.
Əgər onlar öz xalqının gələcəyi haqqında
düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər.
Azərbaycanın işğal
olunmuş torpaqlarından
qeyd-şərtsiz çıxmalıdırlar
və Türkiyəyə
qarşı əsassız
ittihamlardan əl çəkməlidirlər. Əks
təqdirdə, Ermənistanın
özünün müqəddəratı
sual altına düşə bilər..."
Qeyd etdiyim kimi, Prezident bu sözləri 2011-ci ildə söylədi və üstündən 9
il keçəndən sonra
Azərbaycan tarixində
misli görünməmiş
addımı atdı və indi erməni
lideri Paşinyan da təsdiq edir ki, belə davam eləsə, əks təqdirdə, Ermənistanın
özünün müqəddəratı
sual altına düşə bilər. Necə ki, düşüb
də. Bəzən gecələr Ağrı dağında işıq şəklində Türkiyə
və Azərbaycan bayraqları sayrışır...
Rus-Osmanlı savaşında osmanlının
təəssübünü çəkən Həsən
bəy Zərdabi iyirmi yeddi ildən
sonra "Həyat"
qəzetinin səhifələrində
yazırdı: "Ermənilərin
küçələrində gözləri kor, əlində tar aşıqları
bir uşaq qolundan tutub qapı-qapı gəzdirir.
Heç bilirsinizmi ki,
o aşıqlar nə
oxuyurlar?..
Osmanlı dövləti
onlara elədiyi zülmlərdən və
qeyrə şeirlər
oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı
birdən qalxıb bir adam kimi
iş görürlər.
Məgər bizim belə olmağımız
günahdır?!”
Təbii ki, günah
deyildi. Amma biz “bir millət işi olanda hamımız qalxıb bir adam kimi” olmaq
istəyirdikmi? Bunu yalnız 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin
“Qarabağ Azərbaycandır
və nida” çağırışıdan sonra istədik və bununla da alnımızdakı 200 illik
tarix ləkəsini silməyi bacardıq.
... “Ədəbiyyat
qəzeti”nin budəfəki özəl
sayını “Qərbi
Azərbaycan” adlandırmağımız
səbəbsiz
deyil. Yaşadığımız
misilsiz tarix Azərbaycanın siyasi həyatında mühüm
bir mərhələyə
təsadüf edir. Bu,
yeni tariximizin Qərbi
Azərbaycan mərhələsidir.
Biz ağrılarımızın Qarabağ səhifəsini
üç ildir ki, qapamışıq. Yeni tariximizin
Qərbi Azərbaycan mərhələsini isə
mədəniyyətlə başlamaq
əzmindəyik. Turan
yolu da Qərbi Azərbaycandan - Zəngəzurdan
keçir. Turana gedən yolda bu dəfə qılınclar deyil, mədəniyyətlər danışacaq.
Çünki bu dillə danışanda hamı bir-birini anlayır. Sayat Novanın da dili belədir. Türkcə yazdıqları ermənicə
yazdıqlarından daha
gözəl və daha anlamlıdır. Bəlkə ona görə ki, 1926-cı ildə
Bakıda keçirilən
Birinci Türkoloji Qurultayda erməni Açaryan öz məruzəsində belə
bir ibrətli mülahizə söyləyirdi
ki, türk dilinin erməni dili üzərindəki təsiri
çox böyükdür,
bəzən ermənicə
elə bir cümləyə rast gəlirsən ki, bütövlükdə
türk sözlərindən
ibarət olur və s...
Turan yolu mədəniyyət yoludur.
Andranik Zəngəzurda
kütləvi qırğınlar
törədəndə “Turana
qılıncdan daha kəskin, ulu qüvvət
/ Yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət...”
deyən Hüseyn Cavid Araz Türk
Respublikasının rəsmi
nümayəndəsi kimi
vəziyyəti anlatmaq
məqsədilə Bakıya
gəlmişdi. Azərbaycan
hökuməti Naxçıvan
və Zəngəzurda
- Şərurda, Sürməlidə,
Vedi-Basarda və Millistanda qaçqınlara
və zərərçəkmişlərə
yardım məqsədi
ilə bir milyon manat vəsait
ayırmış və
məbləğin ünvana
çatdırılmasından ötrü Nazirlər Şurasının sədri
Fətəli Xan Xoyski
Tomsondan tərkibində
Hüseyn Cavidin də olduğu nümayəndə heyəti
üçün təhlükəsizlik
qarantı almışdı..
Qərbi Azərbaycan
torpaqları hələ
ermənilərə verilməzdən
3 il əvvəl, yəni
1918-ci ildə Azərbaycan
Cümhuriyyətinin parlamentində
Zəngəzurdan seçilən
deputatlarımız vardı...
Erməni əsilli deyil, türk əsilli deputatlar. İkinci Qarabağ savaşından sonra əsgərimiz Azərbaycanın
öz ərazisində
dayanıb Sarı dolama səmtinə baxanda, Amerikadan Nensi Pelosi İrəvana gəlib “Yazıq” erməni “xalqı” üçün göz yaşı tökdü. Siyasətdə, ideologiyaların
fitrətində yəqin
ki, həsrət amili olmur, ədəbiyyatda isə həsrət mədəniyyət faktıdır...
Daha doğrusu, həsrət böyük mədəniyyəti yaradan
amildir. Əsgərimizin
Zəngəzur səmtində
Sarı dolamanı axtarması Vətən həsrətinin doğurduğu
mədəniyyətdir. Nensi
Pelosinin göz yaşları bu mədəniyyəti anlamaz...
Özü də bizim Zəngəzura,
İrəvana, Dərələyəzə,
Göyçəyə həsrətimiz
sıradan həsrət
deyildir, tragik həsrətdir. Qələm
dostum Arif Buzovnalı 2 il əvvəl Şuşada Vaqif günlərinin tribunasında Zəngəzuru
əruz ölçüsündə,
daha doğrusu, belə demək mümkünsə, əruzun
sərbəstində danışdırdı
və oxuduğu “Zəngəzurdan məktub”
şeiri ilə Azərbaycanın bütövlük
həsrətini Şuşanın
və Zəngəzurun
timsalında şeirləşdirdi:
Gözün
aydın, Şuşa,
sən azadsan,
Ana yurdun qucağında sevilən övladsan.
Mənsə, səndən
Vətənin ətrin
alan Zəngəzuram,
Düz yüz
il gözləri yollarda
qalan Zəngəzuram.
O gün olsun, qara bəxtim
Qarabağtək gülsün,
O gün olsun, mənim üçün Vətən
açsın meydan.
O gün olsun ki, silib göz yaşımı,
Məni öz qoynuna alsın anam Azərbaycan!
Bütün problemlərimizin
və faciələrimizin,
elə Qarabağla, Qərbi Azərbaycanla, quru yolları hələ də erməni işğalı
altında qalmış
Naxçıvanla, Qərbi
Zəngəzurla, zəbt
olunmuş İrəvanla
bağlı ağrılarımızın
təməlində Arif
Buzovnalının şeirindəki
bu böyük həsrətin kədəri
dayanır. Ədəbiyyatın
başlıca missiyası
Vətən yaratmaqdır.
Həsrətsiz Vətən
olmur...
... Turan bu gün mədəni
xəyaldan siyasi gerçəkliyə çevrilməkdədir.
Qarşıdan Azərbaycanda
prezident seçkiləri
gəlir. Milli tariximizin
ən məsul dövründəyik. Budəfəki
seçki fevral ayına təsadüf edəcək - Turan düşüncəsini ilk dəfə
siyasi gündəmə
gətirən Əli bəy Hüseynzadənin doğum tarixinə. Seçkilər ərəfəsində
böyük mütəfəkkirin
160 yaşı tamam olacaq... Bu gün Turan yolunda Azərbaycana
onun ideyaları çox lazım oldu: “Menşikov, Maqda Neyman, Çerevanski,
"Mşak", "Arşalyus"
və sairə divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər
çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliz!..”
Turan romantik idealları gerçəkləşdirməklə
hasilə gəlir.
Turan məfkurəsinin
qurucusu Əli bəy Hüseynzadənin
170 illik yubileyinə -
Bakıdan İstanbula
XXI yüzilin mədəniyyət
yoluyla - Zəngəzur
yoluyla getmək hamımızın arzusudur...
27 dekabr 2023
Azər TURAN
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
¹ 51. - S. 2-3.