İrəvanda qalan uşaq
Esse
Biz, İrəvan
Quberniyasının Ruhani
Məclisinin sədri və Quberniyanın Qazisi, görkəmli
İslam alimi Axund
Məhəmmədbağır ağa Qazızadənin nəvəsi, kimyaçı-alim,
sayılıb-seçilən ziyalı Hüseyn babamın İrəvandakı
mülkündə yaşayırdıq.
Evimiz Bağlar məhəlləsi 51-də, Təpəbaşı
məhəlləsinin 180 dərəcə
əksində idi.
Tila nənəmiz vaxtaşırı bizə
bu fikri təlqin eləyərdi
ki, uşaq tək küçəyə çıxmamalıdır.
Çünki küçədə
uşaqları aldadıb,
oğurlayıb qanından
xəmir yoğuran pis adamlar var. Bir də sən hardansa eşitmişdin ki,
qırmızıpapaq milislər
də adamları tutub aparırlar...
Tila nənəmizin qardaşları XIX əsrin
sonlarında Avropada təhsil almışdılar. Hüseyn
bəy Belçikada Dağ-Mədən Universitetinin
arxitektura bölməsini
bitirmişdi. İrəvanda
hələ də onun layihəsiylə tikilən, müəllifi olduğu əsərlər
qalır. Bunlardan ən çox sevdiyim “Qnuni” küçəsindəki 15 ailənin
yaşadığı, ikimərtəbəli,
qara gəvəng daşından tikilmiş,
görünüşü insana
qəribə fikirlər
təlqin edən bina idi. Hər
İrəvana gedişimdə
onun qarşısında
durub babalarımın
ruhlarıyla danışardım...
Yadıma sevdiyim sətirlər düşdü:
“Həsrətin tüstüsü olsaydı,
əgər,
Göz-gözü görməzdi
yer kürəsində...”
Hə, gələk,
yaşadığımız babamın mülkünə.
O evin həyətində
sonralar dünyanın
heç bir yerində görmədiyim
nəhəng tut ağacları,
arxa tərəfində
yeddimərtəbə xiyaban
- bağ var idi. O ev, relyefində dağlar və çökəklik olan İrəvanın Bağlar
məhəlləsində, Respublika stadionuna yaxın məsafədə idi. O bağda nadir ərik ağacları; gilas, albalı, başqa dadlı meyvələr yetişərdi. O zamanlar kondisioner yox idi, yay aylarında evin damında, miçəkkəndə (“tənzif
otaqlarda”) mığmığadan
(ağcaqanaddan) qorunub
yatardıq.
Həyətdən baxdığım
mənzərələrdən ən maraqlısı futbol stadionuna 10-15 dəqiqəlik məsafədə
yerləşən evimizin
önündən bağırışa-bağırışa
keçən azarkeşlər,
maşın dolu qırmızıpapaq milislər
idi. Bu mənzərə
“Ararat”la
”Neftçi” oynayanda
daha koloritli olardı. O azarkeş maşınlarında Azərbaycandan,
əsasən də, Gəncəbasardan olan bayraqlı, transparantlı
“tund” azarkeş ekipləri xüsusilə fərqlənərdi. Stadiondan
qayıdış karvanlarında
oyunun nəticəsinin,
futbol fanatlarının
əhvalında inikası
tərcüməsiz oxunardı.
Bir dəfə, belə futbol günlərinin birində,
maşın karvanlarının
ardı-arası kəsilən
kimi Cecinin (atası qızını əzizləmə mənasında
belə çağırardı,
onda bizim 5-6 yaşımız olardı)
əlindən tutub səkiylə fontanlara (uşaq dilində “su tökülən”ə) istiqamətləndik.
Az getdik, çox getdik, Gedərçayın
üstündəki tağlı
körpüdən, Dərəbağının,
Dəlmə bağlarının
həndəvərindən keçdik,
tinləri döndük,
nə qədər evlər arxada qaldı, hava yavaş-yavaş qaraldı,
nə qədər getdiksə, “su tökülən”ə rast gəlmədik ki, gəlmədik.
Yaşıdım olan qız bir neçə
gün idi, hansısa rayondan, ya kənddən gəlmişdi.
Mən də ona “su tökülən”i göstərmək
istəyirdim. Biz şəhərin
küçələriylə irəliləməkdə olaq...
evdəkilər hamısı
- nənə, baba, atalar,
analar, dayılar, qonşular... şəhərin
müxtəlif istiqamətlərinə
səpələnib, bir
Allah bilir ki, hansı həyəcan və narahatlıqla itiklərini
axtarırmışlar.
Yadımda qalanlar budur ki, hava yavaş-yavaş qaralırdı.
Mən olduqca sakit, həyəcansız idim. Xəyalımda nənəmin məni qorxutduğu qırmızıpapaq
milislər və uşaqların qanından
xəmir yoğuranlar maşın-maşın bizdən
əks istiqamətə
getmişdilər...
O yay axşamında,
qaranlıq düşəndən
xeyli keçmiş - gecənin bir dəmində dayım bizi şəhərin mərkəzində işıqlanan
qırmızı tuf daşlı binanın önündə tapdı.
Üz-gözü qan-tər içində idi, tövşüyürdü.
Əlimizdən tutub geriyə addımlayırdıq
ki, atamla anama rast gəldik (anam sonralar danışardı
ki, o bir gündə çəkdiklərim ömrüm
boyu bəs elədi mənə). Geriyə - evimizə dönəndə yolda anam bircə kəlmə söz soruşdu: “Hara gedirdiniz?” Cavab verdim ki, Ceciyə “su tökülən”i göstərmək istəyirdim.
Bir də soruşdu
ki, bəs tək, böyüksüz, milislərdən
qorxmadınız? Yuxarıda
beynimdən keçənləri
dedim: “Hamısını
yığıb iki böyük maşınla
futbola apardılar...”
Valideynləri, qohumları
köçəndə adı
Paşa olan o uşaq 5-6 yaşlarında
gözdən itdi, İrəvanda qaldı. Mən gəldim, ruh adaşım qaldı İrəvanda - özü də həmişəlik. Mən
gəldim, bu cameədə hamı məni Paşa Qəlbinur kimi tanıdı. Ruh adaşımdan heç kimin xəbəri olmadı. Sonralar İrəvana səfərlərimdə
təkrar-təkrar nə
illah elədimsə, mənimlə gəlmədi,
ayrıla bilmərəm,
- dedi. Qəribəydi
ki, mən hər dəfə onu 5-6 yaşlarında görürdüm.
O, Zamandan və Zamanın gətirdiyi əcaibliklərdən ucalarda
yaşamaqda, var olmaqda
davam edirdi.
Son dəfə
1987-ci ilin yayında İrəvanda o uşağı
dilə çəkdim,
az qala, yalvardım, dedim, - gedək, mənimlə, yenə gəlmədi. Səbəbini demədi, bəlkə babalarının,
nənələrinin ruhundan
qopa bilmədi?!.
O - təmiz türk və erməni dilində danışan uşaq, hər dəfə çox sakit bir tövrdə deyirdi ki, bütün milislər və uşaq qanından xəmir yoğuranlar gediblər
“Ararat”-“Neftçi” oyununa,
ona görə də mən heç kimdən qorxmuram!
Çox qəribədir
ki, son illər yuxularımda,
ya elə ayıqda onu çağıranda bir anda uzaqlardan gəlir yanıma, söhbətimiz bitən kimi görünməz olur.
Bir dəfə Cecini soruşdum, dedi ki, o böyüdü,
qızları, nəvələri
var. Hansısa rayonda yaşayırlar. Babamgilin evini soruşdum ruh adaşımdan, “yerindədi”, - dedi. Qonşumuz Van ermənisi xəsis Yesxabeti, ərini, qızını,
oğlu səfeh Nazareti soruşdum. Dedi: “buralara uyğunlaşa bilmədilər,
köçüb getdilər
gəldikləri yerə”
( Nazaret ağıl zəifliyi ilə doğulmuşdu,
17-18 yaşı olardı.
Radioda musiqi çalınan kimi anası deyərdi: “Nazaret, bir dans yap!” O, da bütün musiqilərə
özünün bildiyi
bir rəqsi oynayardı... Kənardan baxan uşaqlara çox gülməli görünərdi bu mənzərə...
Yesxabetin gəncliyi
İstanbulda keçmişdi,
sonra əriylə köçmüşdü Fransaya.
Onlar dünya ermənilərini şirnikdirib
Ermənistanın türklər
sıx yaşayan bölgələrinə köçürülmə
siyasətində qonşumuz
olmuşdular. Ruh adaşım haqqında tez-tez anama deyərmiş
ki, Paşa Fransa çocuğuna bənziyor.
Atamın dostu Şavarşı, arvadını
- anamın rəfiqəsi
Zoyanı soruşdum. Dedi ki, dünyalarını
dəyişiblər. 1942-ci il - ağır müharibə
illəri atamın 18 yaşı var imiş.
Ona, o zamanın ölçüləriylə
atasından xeyli sərvət qalıbmış.
Vedi rayonunun, demək olar ki, bütün başıpapaqlılarını
müharibəyə aparıblarmış.
Ona görə, atamı
rayonun ərzaq anbarına müdir təyin edirlər. Gözlərində həmişə
kədər və işıq olan Şavarş atama çox ehtiramla yanaşardı. Anam danışardı ki, dəfələrlə
süfrədə “İsmayıl
can! Sən bizim ailəmizi, anamı, bacılarımı, məni
aclıqdan, ölümdən
qurtarmısan” - deyib, kövrələrdi... Əllərini
göyə qaldırardı:
“Allah, mənə rüsxət
ver, bu borcun
heç olmasa, bir zərrəsini bu dünyada qaytarım” - deyib, ağlayarmış... Atamla
Şavarşın dostluğunu
bütün Vedibasar bilirmiş.
Allahın əmriylə
dayım Sülhəddin
və anam o zamankı Sovet qanunlarıyla
iş təyinatlarını
İrəvandan Vediyə
alırlar. Dastan dili yüyrək olar, xülasə, atamla anam nişanlanırlar və toya bir
həftə qalmış
atam idarə edən maşın bir ermənini vurub öldürür ( günah piyadada olsa da ). Şavarş da atamla birgə maşında imiş. Şavarş bir həftədən sonra olacaq toyu əsas
gətirib, təkidlə
günahı öz boynuna alır. Ona məhkəmə altı
il iş kəsir... Altı il, sərasər həbsxanada yatıb qayıdan Şavarşın
toyu mənim hələ də yadımdadır. Gəlin
Zoya anamın rəfiqəsiydi.
Atamın və anamın məsləhətiylə
bu izdivac baş tutmuşdu.
Zamanı qabaqlayıb
deyim ki, bu izdivacdan olan oğlan uşağı Qaregin sonralar böyüyüb Daşnaksütyunun
üzvü oldu. Hələ o eydili vaxtlarda, sovet dönəmində Şəmkirə
- bizə qonaq gəlmişdilər. Atası
Şavarş danışardı
ki, bunu (Qaregini) zorla məcbur eləyib buraya gətirmişik. Anasıyla
mənə elə hey
deyirdi ki, mən türklərdən qorxuram,
onlar bizi öldürəcəklər. Əcaib
sözün, ziyanlı
təbliğatın fərdləri,
toplumları, hətta
ölkələri bədbəxt
etmək qüdrəti
varmış, İlahi.
Şavarş, Zoya, Qaregin,
bacısı, atam, anam, Nazim və mən May bayramı günlərində dörd
gün Şəmkirdə,
Gəncədə, dayımgildə,
Göy-göldə birgə
istirahət eləyib gəzdik. İmkanımız
daxilində qonaqlara diqqət etdik. Qayıdandan bir neçə gün sonra Qaregin bizə
“Yerevan-Gəncə” avtobusunun
sürücüsüylə pay-puş və içərisində bir məktub göndərmişdi.
Çox təəssüf
ki, o məktub bu günlərə qalmadı.
İllər öncə,
evimizdə qısaqapanmadan
yanğın baş verəndə çox qiymətli sənədlərlə
birlikdə o məktub
da yandı. Min təəssüf,
yoxsa, o məktubu olduğu kimi kserosurətiylə burada çap edərdim. Məzmunu yadımda qalsa da, hissləri, sarsıntıları bərpa
etmək mümkün
olmadı. Lap yaxın
iki ardıcıl nəslin taleyi necə də fərqlənərmiş, İlahi.
Təəssüfün, yanılmağın,
aldanışın, peşmançılığın
ağrısının nadir nümunəsiydi o məktub!..
Xülasə, qayıdaq,
İrəvana. Hüseyn
babamın ağır
taxtalı bəyzadə
dostu Məşəyəhya
kirvəni, oğlanlarını
soruşdum ruh adaşımdan: - Gəncəyə
köçdülər, - dedi...
Dayımın dostu, cəngavər cüssəli
Adili soruşanda dedi ki, həyətdə nərd oynadığı
yerdə qonşumuz Qancıq
Armen arxadan boynuna fin bıçağı ilə
vurdu, şah damarı kəsilibmiş,
həkimlər xilas edə bilmədilər.
“Ararat”la “ Neftçi”nin
son görüşünün hesabını soruşdum,
dedi ki, sən böyüyüb futbol azarkeşi oldun. Məni yalnız “qırmızıpapaq”ların
və uşaq qanından xəmir yoğuranların futbola getməyi sevindirir.
Son görüşümüzdə
o uşağın işıqlı,
böyük gözlərində
aydın oxunan sual gördüm: “Sülhəddin dayım, atam İsmayıl, anam Yıldız, qardaşım Nazim haradadılar?..”Ancaq dilinə gətirmədi, gözləriylə
soruşdu və elə bil ki, cavabını məndən
eşitməyə qorxdu,
ruh adaşım.
Mən ona dedim ki, sən yenə saatlarla xəyallara dalırsan, yoxsa, o xəyalları
verdin mənə, ta özünə
qalmadı? Güldü:
- Yox, sənə verdiyim qədər də özümə qaldı.
Bir də soruşdum ki, bəs sən bu İrəvanın
gecələrində, soyuq
qışında nə
yeyirsən, əynini haradan alırsan? Gözlərini geniş açdı, düz gözlərimin içinə
baxdı... Çox uzun fasilədən sonra dilləndi:
- Xəyallarımdan...
Udqundu:
– Gözlə, səni İrəvana çağıracağam,- dedi...
Paşa Qəlbinur
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
¹ 51. - S. 7.