Prezident mütləq deyəcək:
“Birinci kəndimiz Nüvədi!” -
Bir dəfə müsahibələrin birində
“Ən ağır işgəncə, ən böyük əzab nədir?” sualına belə cavab vermişdim:
- Ömrün və yaşın elə bir məqamı
gəlir ki, sən doğulduğun yerə getmək, atanın məzarını ziyarət
etmək istəyirsən,
babanın, nənənin
kəndini, ata-baba yurdunu görmək istəyirsən. Amma bu, mümkün olmur. Çünki sənin vətənin işğal
altındadır.
Mənim babam, atam, əmim, anam, qardaşım nisgillə, yurd həsrətiylə dünyadan
köçdülər.
Doğulduğum Meğrinin
Nüvədi kəndi
(Qərbi Azərbaycanda
deportasiyaya, işğala
məruz qalmış
sonuncu kənd) ötən əsrdə üç dəfə işğala məruz qalıb; yandırılıb, dağıdılıb,
talan edilib.
Ermənilər 1905-ci ildə
Nüvədiyə hücum
edəndə, babam Əli 10 yaşındaymış.
Həmin il Nüvədi
camaatı kəndi tərk etməyə məcbur olub.
Babamgil Arazı
keçib, bir müddət Üçdibi
kəndində yaşayıblar.
Ara sakitləşəndən sonra yenidən kəndə qayıdıblar.
İkinci dəfə
Nüvədi 1918-ci ildə
ermənilər tərəfindən
yandırılıb.
Babamgil yenə
Arazın o tayına köçüblər. Bir müddət
Misən kəndində
yaşayıblar. Babamın
Misən kəndi ilə bağlı əsrarəngiz xatirələri
vardı. Sonra yenidən
Nüvədiyə qayıdıblar.
Babamın dilindən
eşitdiyim bir bayatı, yəqin ki, həmin günlərdə
yaranıbmış.
İgidim, nərim
Paşam,
And-qəsəm yeri, Paşam.
Gavur qanımı
içir,
Yubanma, yürü,
Paşam.
Mən ilk dəfə
Nuru Paşanı da Əli babamın yorğun düşüncəli
vaxtlarında astadan söylədiyi həmin
bayatıdan tanımışdım...
Nüvədi üçüncü
dəfə 1991-ci ildə
işğal edildi.
1987-ci ildə başlayan deportasiya, soyqırımı Nüvədidə
durduruldu.
Nüvədi düz
3 il dəyanət göstərdi.
Ermənilər nüvədililəri
kənddən çıxara
bilmirdilər.
Ulu öndərimiz
“Nüvədi camaatı
çox dəyanətli
insanlardır”, - deyirdi.
Bu qiymətin əsasında gerçək
və şərəfli
bir tarix dayanır. Nüvədi Zəngəzurun qeyrət,
mətanət qalası
kimi düşmənə
sinə gərdi.
Çətinliklərə, məhdudiyyətlərə,
baxmayaraq nüvədililər
yalın əllə erməni silahlı dəstələrinə qarşı
vuruşdular, mübarizə
apardılar.
Nüvədililər bir qəhrəmanlıq nümunəsi
sərgilədilər. Ancaq
çox təəssüf
ki...
1991-ci il avqustun
7-dən 8-nə keçən gecə - Nüvədi üçüncü dəfə
işğal edildi.
Mən həmin
günün şahidi
olmuşam.
Kəndi gecəyarısı
tərk edib Zəngilanın Vejnəli
kəndinə gəldik.
Bir çox nüvədililərlə
birlikdə 3 gün avtobusda gecələdim. Heç kim Vejnəlini tərk etmək istəmirdi. Camaatımız yenidən
Nüvədiyə qayıtmaq
uğrunda hər cür fədakarlığa
hazır idi. Zəngilan işğal edilənə qədər
nüvədililər Vejnəlidə
yaşadılar...
Babamın Bakıya
gələndə 95 yaşı
vardı. 1993-cü ildə
vəfat etdi.
Əmim - Həzi
Musayevin dilindən
Nüvədinin adı bir dəqiqə belə düşmədi. Əmim
qətiyyətli bir
ziyalıydı. Onun haqqında bir faktı xüsusilə, qeyd etməyim gərəkir.
O zaman Meğri
Rayon Maarif Şöbəsindəki
Maarifyanı Şuranın
iclasları rayon mərkəzindəki bir nömrəli məktəbdə
baş tuturdu.
Yığıncaqların birində
əmim görür
ki, məktəb dəhlizində
Siyasi Büro üzvlərinin şəkilləri
var; Heydər
Əliyev istisna olmaqla. Əmim məktəbin erməni direktoruna etiraz edir. Bu ayrı-seçkilik onun
yadından çıxmır.
Bir qədər keçmiş,
Rayon Partiya Komitəsinin
birinci katibi Sergey Tevonyan Nüvədiyə gəlir. Məktəblə
tanışlıq zamanı
deyir ki (stendlərə
baxarkən), burada əsil beynəlmiləlçilik var. Əmim dərhal müdaxilə edir:
“ Biz nüvədililər
anadangəlmə beynəlmiləlçiyik. Təəssüf
ki, bu beynəlmiləlçiliyi
ermənilərdə və
erməni məktəblərində
görmürük.
Biz Baxşı
Sarkisyan deyilik ki, Heydər
Əliyevin şəklini Siyasi
Büronun tərkibindən
çıxaraq”.
Katib məsələ
ilə məşğul
olacağına söz
verir. Və həmin 1 saylı erməni məktəbində
növbəti Maarifyanı
şuranın iclası
keçirilərkən, Heydər
Əliyevin portreti öz yerindən asılır.
1998-ci ildə əmimi də itirdik. Atasının, qardaşının vəfatından
sonra atam özünə yer tapa bilmirdi...
Uzun müddət “Sovet Ermənistanı” qəzetinin Zəngəzur
üzrə xüsusi müxbiri kimi tanınmış jurnalist
Abdulla İbrahimov “Mənalı ömrün akkordları” adlı məqaləsində
atam haqqında
maraqlı məqamlara
toxunub.
Məqalədən bəzi
parçaları oxuculara
çatdırmağı münasib
sayıram.
Abdulla İbrahimov yazır:
“Yenə də Mığrıda idim. Həsən müəllimlə görüşə
tələsdim.
Onunla iş otağında qısa söhbətimiz oldu:
- Yaxşı vaxtında gəlmisən,
saat 11-də büro başlayır. İştirakın pis olmazdı, - dedi.
Adətən büro
iclaslarında partiyaya
qəbul birinci olaraq müzakirə edilir.
Qəbul prosesi başladı. Gənclər
bir-bir daxil olur, sorğu-sual olunur, sonda birinci
katib - təklif var, qəbul edilsin, - deyə yeni qəbul olunanları təbrik edirdi.
Otağa bir qız daxil oldu. Birinci katib Yurik
Arakelyan onu büro üzvlərinə təqdim
etdi:
- Bizim Ofiqin qızıdır. Atasını da yaxşı
tanıyırsınız.
Siyasi suallar verən olmadı. Arakelyan
dedi ki, təklif var, -
qəbul olunsun. Elə bu anda
“yox!” deyə Həsən Musayev ayağa qalxdı: “-Gəncləri ətraflı
yoxlamadan partiyaya qəbul etmək olmaz. Emma Hayrapetyan, Kommunist
Partiyası nə vaxt yaranıb?” - Emma cavab verə bilmədi. Həsən müəllim: “- Təklif
edirəm, getsin hazırlaşsın, sonra
müzakirə edərik”,
- dedi. Qəribə paradoks: büro üzvlərinin hamısı
Həsən müəllimin
təklifini müdafiə
etdi.
Sonradan öyrəndim
ki, Ofiqin qızı
Emma ikinci dəfə də Həsən müəllimin təklifi ilə geri qaytarılıb.
Söhbət zamanı
o mənə dedi ki, Ofiqin atası Daşnak partiyasının
üzvüdür, tez-tez
Xankəndidə olur, orada fəaliyyət göstərən “Qrunk” erməni millətçi təşkilatının proqram
və nizamnaməsini Mığrıda həyata
keçirir.
Mığrıda keçirilən
bütün tədbirlərdə,
konfranslarda Həsən
müəllim öz çıxışı ilə
həmişə birinci
katibi kölgədə
buraxırdı. Mən
də görür və qürurlanırdım:
“Kaş, Ermənistanda
rəhbər vəzifələrdə
çalışan belə
cəsarətli, heç
bir şeydən çəkinməyən kadrlarımız
çox olaydı”.
Hidayət Orucov “Burdan min atlı keçdi” kitabında mövzuyla bağlı yeni məlumatlar
təqdim edir: “Ofiqi Meğridə hamı tanıyırdı. Əri
Jora Hayrapetyan Mığrının
əsas qatar dayanacağı olan Kürədüzü stansiyasının
rəisi idi.
Nüfuzlu, Azərbaycan
dəmir yolu sistemində (Mığrı
stansiyası Azərbaycan
Dəmir Yolu İdarəsinin tabeliyində
idi) ən yüksək vəzifələri
tutan adamlarla ünsiyyət qurmağı,
özünə hörmət
qazanmağı bacaran,
çoxbilmiş adam idi. Ofiqin pasportunda
adı yazılmış
atasının o illərdə
yaşadığı, kimliyi
haqqında məlumatım
olmayıb, bu barədə ilk dəfə
Abdulla İbrahimovun yazısında
oxudum. Amma hələ
mən məktəbli
ikən, Mığrıda
çox ciddi adamlar deyirdilər ki, Ofiq Nijdenin kəbindənkənar
qızıdır.
Nijde - məlumdur,
1918-ci ildə Zəngəzurda
və o sırada Mığrıda qırğınlar,
saysız-hesabsız qətllər
törətmiş “məşhur”
cani idi...”
Atam Nüvədinin tezliklə azad ediləcəyinə o qədər
də inanmırdı.
Amma Zəngilana dönüşün reallaşacağına
əmin idi.
Deyirdi ki, Zəngilan azad olsun, atamın,
qardaşımın məzarını
Bakıdan Zəngilana
- Nüvədiyə yaxın
bir yerə köçürüb, orada
yurd salacağam.
Atama Zəngilanın
xoş günlərini
görmək nəsib
olmadı. Əmimin vəfatından 1 il keçməmiş,
Nüvədi nisgili, Zəngilan həsrətilə
bu dünyaya “əlvida” dedi.
Anam Zəngilanın
azadlığını görə
bildi. Arzulayırdı
ki, heç olmasa, Zəngilanın Vejnəli
kəndinə gedib, oradan Nüvədiyə baxa bilsin.
Çünki Vejnəlidən
Nüvədi dağları
görünür.
Təəssüf ki, anama
da Vejnəlidən Nüvədiyə
boylanmaq səadəti
qismət deyilmiş.
Amma mən Vejnəliyə
qədər gedə bildim. Orada Nüvədi
dağlarının havasını
ciyərlərimə çəkdim;
sonsuz inam və fövqəladə bir romantika ilə.
Mən 1969-cu ildə
Nüvədi kənd məscidinin yanındakı
baba evimizdə dünyaya
göz açmışam.
1 il sonra atam Nüvədi kənd orta məktəbinin qonşuluğunda ev tikib və biz o evə köçmüşük.
Evimizin ətrafı nar bağlarıydı. O dövrün imkanları çərçivəsi daxilində
çox təmtəraqlı,
yaraşıqlı bir
eviydi.
Aprel-may aylarında nar ağacının çiçək açdığı
vaxtlar ikinci mərtəbədən baxanda
evimiz qırmızı
dənizdə üzən
gəmiyə oxşayırdı.
O ev mənim yaddaşımda eləcə
də qalıb.
Bakının Təbriz
küçəsində məhdud
şəraitli bir mənzildə yaşayırdıq.
Bir dəfə atam ömrünün son günlərində mənə
bir sual verdi: “Biz o qəşəng,
yaraşıqlı evimizi
niyə qoruyub saxlaya bilmədik?”
Təbii ki, sual ritorik idi. Özü
də cavab verdi:
“Biz o yaxşı
ev-eşiyimizi ona görə qoruya bilmədik ki, bizim yaxşı dövlətimiz
yox idi. Adamın yaxşı ev-eşiyindən öncə,
yaxşı və güclü dövləti
olmalıdır. Yaxşı,
güclü dövlətimiz
olacaqsa, hər şeyimiz olacaq”…
Bu gün babam, atam, anam,
əmim, qardaşım
Hövsan qəbiristanlığında
uyuyur.
Bir il əvvəl
babamın adını
daşıyan Əlini
də Hövsanın neft qoxuyan, qumsal
torpağına əmanət
etdik. Əli vur-tut, cəmi 38 il yaşadı. Enlikürək,
pəhləvan cüssəsi
məzara sığmırdı..
Biz Nüvədiyə
qayıda biləcəyikmi?
Vejnəlinin dağlarını
aşıb Nüvədiyə
salam aparmaq bizim nəsildən kimə nəsib olacaq?
Mənə, atamın
adını daşıyan
Həsənə, əmimin
adını daşıyan
Həziyə, anamın
adını daşıyan
Səadətə, yoxsa,
evimizin balacası Kənana!?
Kimə? - demək
çətindir.
Amma mən əminəm ki, Nüvədiyə
dönüş mütləq
baş tutacaq.
Əminliyimin əsasında
ciddi arqumentlər dayanır.
Qeyd etdiyim kimi, bizim artıq
güclü dövlətimiz
var.
Xalqımızın milli yaddaşı
ayaq üstədir. Meğri, Zəngəzur, Göyçə bizim alt şüurumuzdur. O yerlərə
bizim gəncliyimizin enerjisi hopub. O yerlərdə ki, əcdadlarımızın
ayaq izləri bizi gözləyir.
Düzdür, indi beynəlxalq ədalət deyilən bir anlam əhəmiyyətini
itirib. Beynəlxalq hüquqa inanmasam da, mən İlahi ədalətə inanıram.
Ali Baş Komandanımızın dəmir
məntiqinə inanıram
və güvənirəm,
inanıram ki, bu məntiq, bu güvənc bizi hədəflərimizə çatdıracaq.
“Qərbi Azərbaycanda boşaldılan
sonuncu kəndimiz Nüvədi” ifadəsini
“Qərbi Azərbaycana
qayıdan ilk kəndimiz
Nüvədi” ifadəsi
əvəzləyəcək və biz bu ifadəni məhz Azərbaycan Prezidentinin dilindən eşidəcəyik.
Alqış Həsənoğlu
Yeni Azərbaycan qəzetinin
baş
redaktoru
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, № 51. - S. 6.