Hidayət: "Bu dəfə gənc bir Hidayət
İrəvana gedəcək və mənim kimi Bakıya
dönməyəcək…”
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir".
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə səsləndirdiyi bu fikirlər Azərbaycanın yaxın gələcəkdə bu istəyinə nail olacağından, ata-baba yurdundan didərgin düşmüş insanların Qəbi Azərbaycana qayıdacağından xəbər verir.
Ömrünün böyük bir hissəsini o torpaqlarda yaşamış, qələmindən süzülən hər cümlədə, hər misrada oxucuya Qərbi Azərbaycana qayıdacağımız günə sarsılmaz inam hissi aşılayan görkəmli yazıçı, Azərbaycan Respublikasının birinci dərəcəli Dövlət müşaviri, Fövqəladə və Səlahiyyətli səfir, ictimai xadim, Əməkdar İncəsənət xadimi Hidayətlə elə bu mövzuda söhbət etdik. Azərbaycan bütövlüyü kökündən, qol-budağından ayrılaraq təcrid olunmuş şəkildə dərk edilə bilməz. Azərbaycan mədəniyyəti, tarixən,
bir coğrafiyada, bir dövlətdə, bir vətəndə formalaşan, özünəməxsus çalarlarıyla dünyaya gələn, Azərbaycan türklərinin tarixi kimliyini, mənəvi ruhunu ifadə edən dəyərlər toplusudur. Bu böyük mədəniyyəti Qərbi Azərbaycansız təsəvvür etmək mümkün deyil. Bu mənada, Hidayətin böyük Vətən sevgisiylə qələmə aldığı "Burdan min atlı keçdi" əsəri hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Geniş mənada, bu əsəri VƏTƏNNAMƏ
adlandırsaq, fikrimizi daha doğru ifadə etmiş olarıq.
Dəyərli yazıçımızla doğma Vətən
haqqında danışmışıq.
- Hidayət müəllim, xoş
gördük.
- Xoş gördük.
- Siz Zəngəzurun Mığrı
rayonunun Maralzəmi kəndində dünyaya göz
açmısınız. Azərbaycanlıların, xüsusən,
1948-1953-cü illərdə doğma torpaqlarından kütləvi
surətdə deportasiya edilməsinin canlı şahidi
olmusunuz. Ömrünüzün böyük bir hissəsini
İrəvanda yaşamısınız, "Sovet Ermənistanı"
qəzetində çalışmısınız, uzun illər
C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına rəhbərlik etmisiniz. Həyatınızın
bu illərini "Burdan min atlı keçdi" monumental əsərinizdə
təfsilatı ilə qələmə almısınız. Bu
illər ərzində İrəvan ziyalıları ilə
sıx ünsiyyətiniz olub. Onların Azərbaycan xalqına
qarşı, tarixi torpaqlarımıza qarşı ərazi
iddiaları hansı formada təzahür edirdi?
- Siz mənim "Burdan min atlı
keçdi" kitabımı oxumusunuz. O əsər 1984-cü
ildə, mən İrəvandan Bakıya köçəndən
sonra yazılmağa başlayıb. Əlbəttə, dediyiniz
o şovinist meyillərə qarşı uzun illər
mübarizə aparmışam. Əlbəttə, azərbaycanlılar
orda da öz sözlərini deyir, erməni millətçiliyinə
qarşı mübarizə aparırdılar. Mən
bütün bu proseslərin şahidi olmuşam və
özüm də o zərərli tendensiyaların
qarşısını almağa
çalışmışam. Bütün bunlar mənim
gözümün qarşısında baş verib və buna
görə hesab etdim ki, bu kitab mütləq
yazılmalıdır. O hadisələrin ki, mən şahidi
olmuşdum, o həyəcanları ki, mən
yaşamışdım, bunları məndən başqa yazan
olmayacaqdı. Mən, bəlkə də, yeganə qərbi azərbaycanlıyam
ki, bütün Ermənistanı qarış-qarış gəzmişəm.
Çox gənc yaşda "Sovet Ermənistanı" qəzetində
işə başladım, iki il orda çalışdım.
Bu mənə qərbi azərbaycanlılarla sıx ünsiyyətə,
o torpaqları gəzib-dolaşmağa imkanlar verdi. Sonra da on
altı il İrəvan Dövlət Azərbaycan Dram
Teatrına rəhbərlik etdim. Bu dəfə artıq yüksək
vəzifəli şəxslərlə də təmaslarım
yarandı.
Bütün bunları "Burdan min
atlı keçdi" əsərində təfsilatı ilə
qələmə almışam. Bu əsər yazılanda hələ
suların nisbətən duru vaxtı idi, məlum hadisələr
baş verməmişdi. Amma münaqişənin getdikcə dərinləşdiyi
hiss olunurdu. 1986-ci ildə mən bu əsəri "Azərbaycan"
jurnalına təqdim etdim. O zaman bunu tam variantda çap etməyə
tərəddüd etdilər, təklif etdilər ki, əsər
jurnalda ixtisarla getsin. Təbii, mən razılaşmadım və
əsəri geri götürmək istədim. Bir axşam
jurnalın o vaxtkı baş redaktoru, rəhmətlik Yusif Səmədoğlu
mənə zəng vurdu. Dedi ki, Hidayət, əsərini
oxumuşam, onun ixtisarla çap olunması belə
böyük hadisəyə çevriləcək. İcazə
ver, əsəri ixtisarla çap edək. Mən
razılaşdım, amma bir şərtlə, qeyd edilsin: jurnal
variantı. Belə də oldu. Əsər "Azərbaycan"
jurnalının 1988-ci il, birinci sayında dərc olundu. Sonra
1989-cu ildə mənim "Sabaha çox var" kitabım
çap olundu, bu əsəri o kitaba daxil etmişdim. Onda hələ
sovet hökuməti dağılmamışdı, senzuranın
qılıncı da iti idi. Buna görə, kitab çap
olunanda da bəzi hissələr ixtisar olundu. Müstəqillik
dövründə əsəri tam variantda çap etdirə
bildim. Düşünürdüm ki, daha bu mövzuya
qayıtmayacağam. Amma illər keçəndən sonra bu əsər
məni yenidən düşündürməyə
başladı, o dövrün hadisələrinə illərin
uzaqlığından baxanda çox şeyləri
xatırladım. Bir sıra məqamlar, epizodlar yadıma
düşdü, görünür, o vaxt bu nüanslar məni
maraqlandırmayıbmış, yaxud vacib hesab etmədiyimdən
qələmə almamışam. Amma zaman keçəndən
sonra bu hadisələrin əhəmiyyəti mənim
üçün daha da aydınlaşdı və bu məqamları
da kitaba əlavə etdim. Əsərin həcmi xeyli
böyüdü. 2005-ci ildə, daha sonra isə, 2016-ci ildə
təkrar çap olundu.
- Xatırlayıram, 1988-ci ildə bu əsər
"Azərbaycan" jurnalında dərc olunanda böyük
rezonans doğurmuşdu. Hamı bu əsərdən
danışırdı.
- Bəli, əsər hələ
jurnal variantında çap olunanda böyük səs-küy
doğurdu, ədəbi, elmi ictimaiyyətin diqqətini cəlb
etdi. Görkəmli ədəbiyyat və elm xadimləri, sadə
ziyalılar bu əsərlə bağlı müsbət fikirlərini
bildirdilər. Əlbəttə, mənim məqsədim
yalnız həqiqətləri qələmə almaq idi. Elə
həqiqətlər var idi ki, onlar yalnız mənə məlum
idi, yalnız mənim şahidi olduğum hadisələri məndən
başqa heç kim yaza bilməzdi. Əlbəttə,
konfliktin kökləri çox dərində idi. Bu barədə
kitabda təfsilatı ilə yazmışam. Mən birbaşa
İrəvan ziyalıları ilə ünsiyyətdə
olurdum, ədəbi-mədəni elitanın içində idim
və onları yaxından müşahidə etmək
imkanlarım var idi. Bunlar mütləq yazılmalı idi. Bu əsəri
yazarkən, heç onun janrı barədə də
düşünməmişdim. Mən memuar deyərdim, tənqidçilər
isə bu tipli əsərlərə roman-esse deyirlər.
- Hidayət müəllim, dediniz ki,
konfliktin kökləri çox dərində idi. Hardan
qaynaqlanırdı bu konflikt?
- Hər dəfə
xalqımızın faciələri, ərazilərimizin
işğalı səbəbləri haqda düşünərkən,
haqlı olaraq bu qənaətə gəlirik ki, tariximizin
bütün qanlı səhifələri Azərbaycanın
Rusiya ilə İran arasında bölüşdürülməsinə
gətirib çıxarmış Gülüstan və
Türkmənçay müqavilələrindən
başlayır. Çar Rusiyasının Azərbaycana
qarşı ekspansionist siyasəti rəsmən, 1804-1813-cü
illər rus-İran müharibəsi ilə başlayır.
1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki
xanlıqları ilə Rusiya arasında Kürəkçay
müqaviləsi imzalanır. Müqaviləyə görə,
bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət
yürütməkdən məhrum olurlar. İşğal nəticəsində
Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə
ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ
başa çatdıqdan sonra İranın Rusiya ilə
müqavilə bağlaması reallaşır və sülh
danışıqları başlayır. 1813-cü il
oktyabrın 16-da Gülüstan kəndində, rus
ordugahında "məşhur" Gülüstan müqaviləsi
imzalanır. Həmin müqavilə Çar Rusiyasının
Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir.
Bu hadisə tariximizdə çox faciəvi rol
oynamışdır. O müqavilənin imzalanması Çar
Rusiyasının, İranın və digər böyük
dövlətlərin geosiyasi maraqlarına xidmət edirdi.
1722-ci ildə Qarabağdakı erməni
məliklər I Pyotru Qafqaza çağırırlar. Bu
çağırışdan sonra Pyotr Xəzərsahili
torpaqlara işğalçı yürüş edir və həmin
əraziləri rus imperiyasına birləşdirir. 1724-cü
il noyabrın 10-da I Pyotrun verdiyi fərmana əsasən, ermənilər
işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə
başlayırlar. Baxın, on altı maddədən ibarət
olan Türkmənçay müqaviləsinin on beşinci maddəsinə
əsasən, on minlərlə erməni ailəsi İran ərazisindən
Şimali Azərbaycan ərazisinə
köçürülmüşdür. Zəngəzura,
Naxçıvana, İrəvana, Qarabağa və digər ərazilərimizə
köçürülən ermənilər burda məskən
salıb yaşamağa başlayıblar. Beləliklə, bu on
beşinci bənd çox "operativ" şəkildə
yerinə yetirilib. Çar Rusiyası bunu məqsədyönlü
şəkildə həyata keçirib ki, gələcəkdə
burda da bir xristian dövləti yaransın. Türkmənçay
müqaviləsi 1828-ci ilin 10 fevralında imzalanıb. Ondan cəmi
bir ay sonra, mart ayının 21-də azərbaycanlıların
müqəddəs Novruz bayramı günündə Rusiya
imperatoru Naxçıvan və İrəvan xanlıqları
hesabına erməni vilayətinin yaradılması haqqında
fərman vermişdi. Həmin fərmanda İrəvan şəhərinə,
onun ətrafına və Naxçıvanın bir hissəsinə
İrandan ermənilərin köçürülməsi nəzərdə
tutulurdu. 1828-1830-cu illərdə İrandan 40 min, Türkiyədən
isə 84 mindən çox erməni həmin bölgəyə
köçürüldü. Beləliklə, gələcəkdə
burada etnik tərkibi ermənilərin xeyrinə dəyişdirmək
kimi məkrli niyyət baş tutdu. 1828-ci ilədək İrəvan
şəhərində 7 min 331 nəfər azərbaycanlı,
2 min 369 nəfər erməni yaşayırdı.
Rusiya Cənubi Qafqazı işğal
edənədək İrəvan xanlığındakı 1301
kənddən 959-u azərbaycanlı kəndləri idi. Orada əhalinin
cəmi 3 faizini ermənilər təşkil edirdilər.
1828-ci ildə quberniyada torpaq sahələrinin 46515 hektarı,
yəni 3,37 faizi ermənilərin, 1334085 hektarı, yəni 96,
63 faizi azərbaycanlıların payına
düşürdü. Təkcə 1918-ci ildə orada 211 kənd
yerlə-yeksan edilmişdir. Həmin kəndlərin silahsız
və günahsız sakinləri
olan azərbaycanlıların bir qismi qətlə
yetirilmiş, bir qismi də soyqırımı təhlükəsindən
xilas olmaq üçün doğma yurdu, ata-baba
ocağını tərk etməli olmuşdur.
Bu faktlar və rəqəmlər erməni
mənbələrindən, erməni tarixçiləri və
alimlərinin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində
çap olunmuş əsərlərindən
götürülmüşdür. Bu siyasət Sovet hakimiyyəti
illərində də davam etdirildi. 1948-1953-cü illərdə
Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş,
dağlıq ərazidə yaşayan bu insanlar Azərbaycanın
aran zonasına - Kür-Araz ovalığına yerləşdirilmişdi.
1988-ci ildə isə, azərbaycanlılar Ermənistandan
tamamilə köçürüldülər və beləliklə,
Ermənistan dünyada, əslində, yeganə monoetnik
dövlətə çevrildi.
Bu azmış kimi, Alban kilsəsini
Qriqoryan kilsəsinə veriblər. Halbuki, Alban kilsəsinin ermənilərə
qətiyyən aidiyyatı yoxdur. Baxın, Qafqaz
Albaniyasının əhalisi 26
dildə danışan xalqlardan ibarət idi, onların içərisində
erməni yoxdur. Çox təəssüf ki, bütün
bunlar bizim elmi-kütləvi ədəbiyyatda,
publisistikamızda lazımi səviyyədə öz əksini
tapmayıb. Sizə bir faktı deyim, biz hələ 1988-ci ildə
şair Zahid Xəlillə birlikdə Ağdərəyə
gedəndə yol kənarında ermənilərin Qarabağa
köçməsinin 150 illiyinə ucaldılmış abidəni
gördük. Bu abidə 1978-ci ildə qoyulmuşdu. Bu
faktı danmaq mümkün deyil, tarixi həqiqətdir. Ermənilər
o zaman özlərini Qriqoryan kilsəsinin təbəəsi
kimi təqdim edirdi. Onların sayı çox az idi. Ulu öndərimiz
Heydər Əliyev həmişə deyirdi ki, Ermənistan SSR
Azərbaycanın torpaqları hesabına yaranıb və biz
Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin
yaranmasına heç vaxt imkan verə bilmərik.
1905-ci ildə də Çar
Rusiyası məqsədyönlü şəkildə azərbaycanlıların
öz tarixi-etnik torpaqlarından deportasiya edilməsinə
başladı. Bu proseslər zamanı ermənilər Qərbi
Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə
yaşayış məntəqəsini yerlə-yeksan etdi, evləri
yandırdı, insanları qətlə yetirdi. 1917-ci ildə
Çar Rusiyası süqut etdi, bu dəfə bolşeviklərin
rəhbərlik etdiyi siyasi irtica Qərbi azərbaycanlıları
İrəvandan, İrəvan ətrafından, Zəngəzurdan,
Göyçədən və başqa regionlardan, azərbaycanlıların
sıx yaşadıqları bölgələrdən silah
gücünə çıxardı. Bizim ailə də bu
deportasiyadan öz nəsibini aldı. Mənim doğulduğum
Mığrı rayonunun böyük bir hissəsi Zəngilana,
bir hissəsi isə Ordubada, Naxçıvanın digər
bölgələrinə pənah aparıb. Azərbaycan kəndlərinin
əhalisi, əsasən, Zəngilana sığınıblar.
Bütün bu vəhşiliklər Andranikin, Nijdenin, Dronun
başçılığı altında həyata
keçirilirdi. Təsəvvür edin, Mığrı
rayonunda bir nəfər belə azərbaycanlı
qalmamışdı. 1918-ci ildən, Andranikin quldur dəstələri
bütün Zəngəzur qəzası kimi,
Mığrının da azərbaycanlı əhalisini
qırdıqdan sonra kəndlər bir neçə il sahibsiz
qaldı, ermənilər o kəndləri talan elədi,
xarabalığa çevirdi. Bizim ailə uzun müddət Zəngilanda
yaşayıb. Sovet hökuməti qurulandan bir müddət
sonra yenidən öz yurd yerinə qayıdıblar. Amma o vaxt
artıq bu bölgələrdə ermənilər məskunlaşmışdı,
əhalinin etnik tərkibinin nisbətində kəskin dəyişikliklər
baş verdi. Azərbaycanlıların sayı azaldıldı.
Eləcə də 1918-ci ilin martında Bakıda
Şaumyanın rəhbərliyi altında dəhşətli qətliamlar
törədildi, azərbaycanlılara divan tutuldu.
Şaumyanın başkəsənləri - Andranik də, Dro
da, Nijde də Zəngəzurdan çıxmadılar. Əslində
hakimiyyət onların əlində idi. Təkcə Bakıda
deyil, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə
erməni silahlı dəstələri xalqımıza
qarşı misli görünməmiş soyqırımı
törətdilər. Bu
soyqırımı deportasiya siyasətinin növbəti mərhələsi
1948-1953-cü illərdə həyata keçirildi. Sovet
hökumətinin qərarı ilə azərbaycanlılar Qərbi
Azərbaycandan Kür-Araz ovalığına
köçürüldü. Mən buna
"könüllü" repressiya deyirəm. Yüz əlli
mindən çox soydaşımız doğma torpaqlarından
sürgün edildi. Guya bu ərazilərə xaricdən ermənilər
gəlməliymiş. Amma mən sonralar Ermənistanı
qarış-qarış gəzdim, 1948-ci ilədək azərbaycanlılar
yaşamış bölgələrdə bir nəfər də
olsun, xaricdən gəlmiş erməniyə rast gəlmədim.
Hamısı yerli ermənilər idi. Onlar xaricdən gələn
ermənilərə "axbar" deyirdilər, tək-tük
bu "axbarlar" İrəvanın özündə, bir də
Gümrüdə vardı. Amma azərbaycanlıların
köçürüldüyü ərazilərin heç
birində xaricdən gələnlər yox idi, hətta vaxtilə
azərbaycanlıların yaşadığı bir çox ərazilər
boş qalmışdı.
Bilirsiniz, mən gəncliyimdə
Xruşşovu görəndən sonra stalinçi idim. Ondan
sonra hakimiyyət başına gələn N. Xruşşov
özünü rəhbər kimi deyil, səfeh kimi
aparırdı. Mən bunu deməkdən çəkinmirəm.
Onda rəhbərə xas olan xüsusiyyətlər yox idi. Amma
Stalin bütün günahları ilə birlikdə (əlbəttə,
o günahları bağışlamaq olmaz) İkinci Dünya
müharibəsində qələbə çalmış bir
ölkənin rəhbəri idi.
Bizim evimizdə ən qorxulu söz
"köç" sözü idi. Rəhmətlik anam hər
ilin sonunda deyərdi: "Allah, sənə şükür, bu
il köçmədik". Mən bunu kitabımda da
yazmışam. Yeri gəlmişkən, Bəxtiyar Vahabzadə
deyirdi ki, Hidayəti ona görə çox istəyirəm ki,
elə bil milli dərsləri ona hələ beşikdə ikən
keçiblər. Bunu çox sonralar, onun ailəsindən də
mənə dedilər. Onda artıq Bəxtiyar müəllim
dünyasını dəyişmişdi. Doğrudan da, beləydi,
mən hələ uşaq ikən, evimizdə bu söhbətlər
gedirdi. Mən bu ruhda böyüdüm. 1948-ci ildə atam və
qardaşım kəndimizdə ikimərtəbəli ev
tikmişdilər, amma o evin ikinci mərtəbəsinin
artırması 1953-54-cü illərdə tikildi. Buna da səbəb
hər an köçürülmə vahiməsi idi. Səksəkə
içində yaşayırdıq. O evin kirəmiti bir
neçə ildən sonra vuruldu. Bütün bu
ağrıları mən öz həyatımda
yaşamışam.
Onu da deyim ki, 1948-1953-cü il
deportasiyasından sonra müvəqqəti sakitlik hökm
sürdü. Ta 1965-ci ilə qədər. 1965-ci ilin 24 aprelində
Ermənistan hökuməti heç vaxt olmamış, uydurma
"genosid"in 50 illiyi ilə bağlı Opera və Balet
Teatrında dövlət səviyyəsində tədbir
keçirərkən, ekstremistlər binaya hücum elədilər.
Hökumət rəhbərlərini, MK bürö üzvlərini
oradan qovdular. Salon onların əlinə keçdi. 3-4
gün ərzində şəhərdə
qarışıqlıq oldu. Sonra isə formal olaraq bu
aksiyanın qarşısı alındı. Nisbətən
sakitlik yarandı. Bu hadisədən sonra artıq Ermənistan
hökuməti səviyyəsində də, erməni millətçiləri
arasında da bu uydurma genosid məsələsi səngimədi. Aqressiv,
azğınlaşmış ekstremistlərTürkiyəyə,
Naxçıvana qarşı ərazi iddiaları ilə
çıxışlar edirdilər. Həmin vaxtdan etibarən,
Ermənistanda yenidən gizli və açıq formada belə
çağırışlar səslənirdi. Bütün bu
proseslər 88-ci ilə qədər davam etdi. Nəticədə
1988-1989-cu illərdə Qərbi azərbaycanlılara
qarşı sonuncu deportasiya siyasəti həyata keçirildi.
Bir məsələni də heç
unutmuram. Bilirsiniz ki, mən ulu öndərin hakimiyyəti illərində
Milli Siyasət Məsələləri üzrə Dövlət
müşaviri idim. Mən ona məşğul olduğum sahə
üzrə məruzə edirdim. Həmişə deyirdim ki,
milli siyasətlə məşğul olanların işi mina təmizləyənlərin
işinə bənzəyir. Sonralar həmkarlarım mənim
bu sözümü çox yerdə xatırlayırdılar
ki, Hidayət belə deyib. Demək, 1997-ci il idi. Heydər Əlirza
oğlu məni yanına çağırdı və dedi ki,
bu il Stalinin qərarının 50 illiyidir. O, 1948-ci ildə
Stalinin deportasiya ilə bağlı qərarını nəzərdə
tuturdu. Sözün düzü, mən xəcalət hissi
keçirdim. Dedim ki, Cənab Prezident, bunu mən sizə məruzə
etməli idim. Bilirsiniz ki, ulu öndər fenomenal yaddaşa
malik idi və bu tarixi də unutmamışdı. Ölkə
rəhbərinin "1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci ildə
imzaladığı fərmanın çox böyük əhəmiyyəti
oldu. Sonra isə "Azərbaycanlıların
soyqırımı haqqında" 26 mart 1998-ci ildə fərman
imzalandı. Bu fərmanların preambula hissəsi 8-9 səhifədir.
Siz o fərmanlara baxın, görəcəksiniz ki, deportasiya və
soyqırımı ilə bağlı bütün faktlar, hətta
bizim tarixçilərimizin belə kitablarında yazılmayan
hadisələr orda ətraflı şəkildə öz əksini
tapıb. Demək istəyirəm ki, bu məsələyə
ermənilərin Azərbaycana qarşı son iki yüz il ərzində
elan olunmuş və elan olunmamış müharibəsi
kontekstində yanaşmaq lazımdır. Bütün bunlar bədii
ədəbiyyatımızda öz əksini tapmalıdır.
Mən həmişə
inanmışam ki, biz, nə vaxtsa, həmin torpaqlara
qayıdacağıq, hökmən qayıdacağıq! Vaxtilə
"İrəvana 7 məktub" əsərimin sonluğunda
belə yazmışdım: "Əminəm ki, bu əsrdə
başqa bir gənc Hidayət Mığrıdan "Zəngəzur"
qatarına minib Arazın qırağıyla, ulu
Naxçıvanın tarixlərin keşməkeşlərində
qarsalanmış torpağıyla İrəvana gedəcək
və mənim kimi Bakıya dönməyəcək,
ömrü boyu Qərbi Azərbaycanda
yaşayıb-yaradacaqdır. Mən buna varlığım qədər
inanıram!"
Artıq o zaman yetişib.
- Hidayət müəllim, Tanrı
sizə və hər birimizə o günləri görməyi
nəsib etsin!
- Çox sağ olun. Təşəkkür
edirəm.
Söhbətləşdi:
Kənan HACI
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51. - S. 8-9.