BU MƏNƏM
Nər kimi ovcumda özümü,
ər kimi ruhumda babalarımı, şir kimi dişimdə
balalarımı, pir kimi qəlbimdə Tanrımı, nur kimi varlığmda ay-ulduzlu bayrağımı gəzdirirəm...
Altmışımda da hələ havalı oğlanlar kimi eşqimlə yol getməkdəyəm...
Mənim
də varım-yoxum o dəli könlümdü,
bir də bax, bu yazılarım
- ağ vərəqdə
naxışlanan qanımın,
ruhumun, yaşantılarımın,
mənimin bir parçası.
Doğmalarım, dostlarım inciməsin,
onlar canımın bir parçası...
GECİKMƏ...
Yaman gec gəldin...
Bir göz qırpımından
da uzun çəkdi sənin gəlməyin...
Qəlbimə bahar çiçəklərinin
naxışı düzüldü,
bu gözlədiyim vaxtda...
Cadar-cadar
olan könlümə
yaz yağışı
süzüldü, bu gözlədiyim vaxtda...
Bilirdim
ki, bu gözləmənin
sonunda sənin vüsalın var. Sevə-sevə
gözlədim...
Dəvə karvanının zınqırovlarının
səsini, sevgililərin
pıçıltısını, məsum körpə qığıltısını eşitdim, bu gözlədiyim vaxtda...
Sahili döyəcləyən ləpələrin
laylasını, dağları
sinəsində əks
etdirən dəryanın
aynasını yaşadım,
bu gözlədiyim vaxtda...
Tək,
əzəmətli bir
çiçəkləyən meyvə ağacına kürəyimi söykəyib,
səndən danışan
yarpaqların pıçıltısını
dinlədim, arı nəfsi, fəhmi ilə çiçəklərin,
ləçəklərin gözəlliyini
gördüm, sonra da xəyal pətəyi hördüm, bu gözlədiyim vaxtda...
Burnumu soyuq pəncərə şüşəsinə söykəyib,
aram yağan yağışın səsində
səndən danışan
damlaların nəğməsini
dinlədim, bu gözlədiyim vaxtda...
Dizimi qucaqlayıb çataçatla
yanan sobanın rahatlığını və
bayırda qar dənələrinin pəncərəyə
çırpılan çovğununun
narahatlığını yaşadım,
bu gözlədiyim vaxtda...
Ağ vərəqdə səni gözlədiyimi naxışlayıram,
bu ilahi yaşantıları mənə
bəxş etdiyinə
görə səni bu dəfə bağışlayıram...
Mənə uzaq olan qədər yaxınım,
bir də gecikmə, yaxşı?!...
QARDAŞLAR
İki qardaşım var...
Biri yolumda ölən qardaşım;
biri mənli-mənsiz varımı
bölən “qardaşım”...
Biri mənimlə ana dilimdə
danışan, doğma
ola-ola məndən aralı,
ağrıma yanıb-alışan;
biri varımı yeyib, varlığıma darlıq
olan, xəncəri kürəyimə saplamağa
çalışan...
DİDƏRGİNLİK DƏRDİ
Qaysağı qoparılmış yaradı
- didərginlik dərdi.
Didərginin arzuladığı nə
var-dövlət, nə
pul-paradı, ağrısı
nə xəstəlikdi,
nə yaradı.
Ürək göynədən, qəlb
ağrıdan İblisin
yaratdığı faciə
simfoniyasıdı - didərginlik
dərdi.
Vallah, qardaş, ağır dərddi didərginlik dərdi.
Onu çəkənlər bilər,
elə didərginlikdi,
didərgin dərdi...
QAN YADDAŞI
- Niyə yazırsan? - Soruşursan.
- Qəlbim yuxalıb-yuxalıb
qırılmamaq üçün,
sevincdən qanadlananda
uçmamaq üçün
yazıram
Bəxtəvərliyim gəlməyəndə
dilimə, bax, onda qələmi alıram əlimə.
Dərdlərimiz başımızdan aşanda,
haramlıq acıyıb
qabından daşanda yazıram.
İnsan
övladı dininə,
dilinə görə haqsızlıqları yaşayanda
üzülürəm, bax,
onda mürəkkəbə
dönüb ağ kağıza qara naxış kimi düzülürəm.
Göynərtilərdən göyərməmək
üçün, sevincdən
yaxa qurtarmamaq üçün yazıram.
Babalarımın qan yaddaşıdı
bu...
Onlar daş üstə yazıblar, mən kağız üstə yazıram.
ETİRAF - Dialoq
- Qorxaqsan, ölümdən
qorxursan!
- Sən ondan qorxmursan?
- Yox! Qorxaq elə
ölümdən qorxandı.
Onnan bu tərəfə bədən,
vücud qorxusu var, Onnan o tərəfə cəhənnəm əzabı,
cənnət qoxusu
var. Mənən
onu addıya bilən Qəhrəmandı,
Şəhiddi, Qazidi və Allaha yaxındı.
- Sən özünə Qəhrəman deyirsən?
(gülümsünür) Özündən
müştəbeh...
- Mən ruhən Qəhrəmanam, vücudumla torpağam, istəyimlə Şəhidəm,
imanım, inamım və iradəmlə Qaziyəm, bütün məhəbbət və istəklərimin qaynağı
Ondan olduğundan Ona yaxınam!
- (Dərin düşüncələr
içində)
- Nə oldu? Səndən
səs gəlmədi.
- Mən özümü və Allahımı sənin kimi dərk etməyənə
qədər səsim gəlməyəcək.
TORPAQ
Anamızın anası, torpaq!
Babalarımızın qəbir
evi, müqəddəs
əmanəti torpaq!
Balalarımızın ban evi, igidlərin dəyanəti,
torpaq!
Nəvələrimizin ruzi payı, sabahı, səadəti, torpaq!
Səndən yaranıb, sənə
döndüyümüz, varlığı
ilə öyündüyümüz,
Üstündə gəzməyə başlayanda
söyündüyümüz, torpaq!
Sinəsində min möcüzə bitirən,
haramlığı, murdarlığı
özünə çəkib
itirən,
Bütün canlılara bərəkət
gətirən, torpaq! Babamın can əmanəti
torpaq!
İSTƏRƏM
Qara kösöv kimi ocağında yanmaq istərəm...
Dağlarımızın üstü ilə uçan qərib durnaların bir lələyi olub, doğma torpaqlarımıza düşmək
istərəm...
Axan çaylarında bir damla su, zirvələrində
bir ovuc qar olmaq istərəm...
Göy otunla göyərrəm, ağaclarında tumurcuqlarınla
bir yerdə açaram, Günəş
kimi şölə saçaram, bircə sənə qayıda biləm, doğma el-obam mənim...
Miraslan BƏKİRLİ
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 51. - S. 11.