Fərman Kərimzadə - böyük sözdən və böyük ağrıdan yıxılan
adam...
Hanı qəbirlərin,
Sarı dolama,
Onlar ki, əbədi
yatmalıydılar.
İgid yurdumuzda
minib atlara
İqlimdən-iqlimə çapmalıydılar.
Şahpəri nənəmin
atlı başdaşı,
Babamız Kərimin
çatlı başdaşı,
Suçu Məhəmmədin
saplı başdaşı
Burdan ayaq tutub haraya getdi?
Qaşıqçı Usubun qisməti buymuş,
Aşıq Muxtar səssiz, sözsüz uyumuş,
O nə düyün imiş, o nə toy imiş.
Yatanlar oyanıb
oraya getdi.
Bu daş ümmanında daşmı
az idi?
Gözdən bura axan yaşmı az idi?
Bəyəm görülməyə
işmi az idi?
Daşlar bostan kimi uraya getdi.
Yatanlar elindən
düşəndə uzaq,
Qəbirlərdə onlar sakit yatacaq?
Əbədi məskəndən
düşərək qaçaq
Bu eldən o elə haraya getdi.
Vedinin yanı
dağlar,
Ürəyi canı
dağlar.
Burda bir el yatırdı,
Siz deyin, hanı dağlar.
Hanı qəbirlərin,
Sarı dolama,
Onlar ki, əbədi
yatmalıydılar.
İgid yurdumuzda
minib atlara
İqlimdən-iqlimə çapmalıydılar...
Fərman Kərimzadə
bu şeiri 1986-cı ildə - Naxçıvandan
keçib dədə-baba
yurdu Vedibasarı ziyarət edərkən yazıb. Vedi və vedililər yerindəymiş. Amma Sarı
dolamadakı qəbirlər
yox imiş... Əbədi yatmalı olanların ruhu perik düşübmüş...
Ermənilər Sarı
dolamadakı məzarlığın
üstündən yol
çəkiblərmiş...
Şeirin içindəki
məşhur bayatı
da Fərman Kərimzadənindır.
Onu 1987-ci ilin fevralında, Abbasqulu bəy Şadlinskinin anım günündə
Alim Qasımov oxuyub. Kərimzadənin etnoqrafik
eskizləri - "Vedinin
yanı dağlar"ı
da həmin harayla bitir: "Oxu, səsinə qurban, zildən oxu!".
İki il sonra Kərimzadənin də qanadları dərdin "Ağ Segah"ında, Vedinin yanındakı dağların xiffəti, Sarı dolamadakı ruhların deyil, Vedibasardan qovulmuş elin nisgili ilə
qırıldı. "Təbriz
namusu"ndakı şaman
kimi "yer günahkarları" onun
da qanadlarını qırdı.
Fərman Kərimzadə
yarı yolda, Vedidə deyil, Tərtərdə, Vedili qaçqınların hüzurunda
böyük sözdən,
böyük Vedidən,
böyük ağrıdan,
Ağrının ətəklərindəki
geniş, doğma və qürbət vadidən yıxıldı...
Yıxılanda 52 yaşı
vardı...
"Qarlı aşırım"da Kərbəlayi
İsmayılla Abbasqulu
bəy Şadlinskinin üzünə ağ ola bilməməsi səbəbilə
ədəbiyyata bəylik
ənənəsi, əsilzadəlik
ovqatı gətirən
Fərman Kərimzadə
ədəbi düşüncədə
elə qızıl hədd müəyyənləşdirdi
ki, ondan sonra bir daha Abbasqulu
bəylə Kərbəlayi
İsmayıl bir-birinin
sınırlarını aşa
bilmədilər. Ardıyca
ədəbiyyatımızda batin, gizli sirlərin
izharına rəvac verən "Xudafərin körpüsü" yarandı.
Yarandı və sirr batini bəyan
etdi. Bəyan etdi ki, insan nurdan ibarətdir. "Nurdan ibarətdirsə, demək o, nurun, Allahın əksidir. Söz yox ki, insan-nur əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları
ilə birləşirlər...
İnsan da iki cürdür. Kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. Nur olmaq üçün o, əslən
də, mənən də, daxilən də, xaricən də pak olmalıdır.
O nur-insanlar öz tərəfdarlarını artırmaq
üçün iş
görməlidirlər...".
Bu, Şeyx Heydərin Hüseyn Lələyə açdığı
Şeyx Səfinin batin sirlərindən biriydi. Və bunu Şeyx Səfinin dilmancı Fərman Kərimzadə
"Xudafərin körpüsü"ndə
yazırdı. 1982-ci il idi.
Adamlar hələ
"Səffətüs-səfa"nı oxumamışdılar.
Ərdəbil xanəgahına
ruhani bağlılığı,
Şah İsmayıl sevgisi onu səfəviyyə
təriqətinin (və
fəlsəfəsinin) zamanımızda
yaşayan mürşidinə
çevirmişdi. Həmin
sirlərə, çoxdan
qeyb etdiyimiz pünhan fikirlərə yiyələnmək üçün
Fərman Kərimzadənin
zamanla irtibatı ruhani səciyyə daşıyırdı. Savalandan
Ağrıya, Ərdəbildən
Qarabağa, Təbrizdən
Bakıya, Naxçıvandan
Dərbəndə qədər
irfanımız "Xudafərin
körpüsü"nün nüvəsində qovuşub-birləşmişdi.
O doğma maddi və ruhi
sərvətlərin toplusu
ki, biz onlardan çox-çox
uzaqlaşmışdıq - bax o dəyərlər,
"Xudafərin körpüsü"nü
oxuduqca yaddaşımızda
ehya tapırdı. Dönə-dönə oxuyurduq.
İnanırdıq ki, yaddaşımızı
yaşadığımız o yad sistemin cadusundan etsə-etsə bu roman xilas
edəcək.
"Çaldıran
döyüşü"ndə qəddarlığı da sevgi
doğuran Şah İsmayıl vardı. Şahqulu üsyanından
sonra nicat üçün Şah İsmayıla pənah gətirib edam olunanların
sınağa çəkilmiş
sevgisi vardı. İbrahimin İsmayıla
olan sevgisi kimi burda da əziz
olan bir varlıq ən əziz olanın naminə qurban verilirdi. Oxuyurduq: "Mürşidi-kamilim, sizin hökmünüz "Quran" ayəsidi, bu öz yerində. Mən bir şeyi
bilmək istəyirəm.
Bu bədbəxtlər, axı
Əli yolunda nə qədər qan axıdıblar. Neçə min adam şəhid olub. Onları həmin şəhidlərin qanına
bağışlamaq olmazdımı?".
Zamanın xilaskarı
isə edam hökmündə
qərarlıydı: "Yox,
Xan Məhəmməd. Bunlar
da gərək orda şəhid olaydılar. Nə var, niyə qaçıb mənim üstümə gəlirsiniz.
Bəs o torpaqlarda kim qaldı! Sizin qorxaqlığınızı
görən camaat da qaçıb gələcək.
Axı, orada bizim nə qədər
tayfalarımız var! Onlar
indi yer-yurdlarından didərgin düşüb
gəlib Təbriz bazarında dilənçilik
eliyəcək? Asılsınlar!".
Dədə-babaları Vedibasardan
zorla köçürülmüş
Fərman Kərimzadə
sonuncu köç dalğası başlamazdan
öncə belə yazmağı zəruri bilirdi. Qoy, yenə
də heç kəs Şah İsmayılı başa
düşməsin. Heç
beş yüz yaşlı Xan Məhəmməd
Ustaclu da onu anlamasın. Yetər ki, onun qərarı dəyişilməsin: "Axı
bu fərarilərə,
doğma torpağını
qoyub qaçanlara bundan əskik cəza versə, onda Xorasandan da, Bağdaddan da onun dili bir, qanıbir
qardaşları qaçıb
gələr. Yurd, torpaq özgələrə
qismət olar. Nə vaxta qədər
bu millət öz canının qorxusundan vətənini, torpağını atıb
qaçacaq… Mən hələ fərman verməliydim ki, onların
meyitlərini də aparıb gəldikləri torpaqlarda basdırsınlar".
Həyatda gördüyüm
ilk və son Səfəvi
yazıçısı Fərman
Kərimzadə neçə
əsrlərdir ki, yol
gələn iman və düşüncə
cərəyanlarını yaddaşında
əsl estet fəhmi ilə yaşadırdı. Tiflis prospektindəki
mənzilində divanda
əyləşib "Nizami.
Xəmsə. Miniatürlər"
kitabını vərəqləyə-vərəqləyə
Sultan Məhəmməd barədə
danışdığı söhbətlərini xatırlayıram.
Harmoniya, hədsiz dinamika, məkana hakim kəsilmiş simmetriya, əbədiyyət ağacının
yaşıl sirri, bir sözlə, Səfəvi dövrü Təbriz rəssamlarının,
özəlliklə, Sultan Məhəmmədin
ruhsal dünyası Kərimzadənin sığındığı
mənəvi məkan
idi. Və o, bu məkanın hər guşəsinə,
hər hücrəsinə
bələd idi. Hərdən, sanki vəcdə gələr,
talisman kimi bir daşı götürüb
(onda belə daş parçaları çox idi) barəsində heyrətlə
danışardı. İndi harda olduğunu bilmədiyim zəngin kolleksiyası vardı. O daş parçalarından
birini heç unutmadım. Adi gözlə
baxanda heç nəyi əks etdirməyən daşın
üzərində tor süzüb
balıq ovlayan qayıqçının, tordakı
balıqların təsvirini
yalnız işığın
proyeksiyasına uyğun
görmək olurdu. O daş parçasını
mənə göstərdiyi
günün dəqiq tarixini bəlləmək üçün gündəliyimə
baxıram. 1983-cü ilin
3 noyabrı imiş. Bayıldakı İliç
adına mədəniyyət
sarayında "Xudafərin
körpüsü"nün müzakirəsindən sonraymış.
Həmin tədbirdə
Nazif Qəhrəmanlı,
Loğman Rəşidzadə
və tələbələr
adından mən danışmışdım.
1982-ci ildə Fərman Kərimzadə məni rəssam Asif Azərellinin Vidadi küçəsindəki emalatxanasına
apardı. Azərellinin
"Qarabağlı qoca"
tablosunu çəkdiyi
vaxtlar idi. Sonralar Qarabağ nisgilimiz "Qarabağlı
qoca"nı əziz
bir tabloya çevirdi. Yadıma gəlir, o vaxt Asif Rzayev olan Asif Azərelli də, yəqin, bunu unutmayıb, "Qarabağlı
qoca"nın hasilə
gəlməsini Fərman
Kərimzadə, bəlkə
də, rəssamın
özündən çox
arzulayırdı. Nüsrət
Kəsəmənli də
həmin gün Asifin emalatxanasına gəlmişdi. Kəkotulu
çay içib söhbət edirdilər. Rəssamlıqda ən
yeni cərəyanlardan söz
düşdü. Sultan Məhəmməd
heyranı olan Fərman Kərimzadə avanqard sənət barədə çox sərt danışdı.
Nüsrət Kəsəmənli
"Bu gün səni
tanıya bilmirəm, Fərman" - dedi. Fərman Kərimzadə isə "mən bu gün olduğum
kimiyəm", - deyib
söhbəti tamamladı.
Ortaya sükut çökdü. Emalatxanadan
çıxırdıq. Dəhlizdə
başqa bir molbertin üzərinə
Asif Azərellinin sifarişlə
çəkdiyi hansısa
rus aliminin portreti qoyulmuşdu. Çıxaçıxda sükutu
yenə Fərman Kərimzadə pozdu. Fırçanı götürdü,
rəngləri qarışdırdı.
Rus aliminin sarı saqqalını qaraltdı,
başına qaragül
dərisindən papaq çəkdi. Nüsrətin
"Neynirsən?" - sualına
isə "Yaxşı
edirəm. Belə lazımdır", - deyə
cavab verdi.
***
Fərman Kərimzadə
ilə tanış olduğum günü xatırlayıram. Onda
1977-ci il imiş, 7-ci sinifdə
oxuyurmuşam. Bizim rayona gəlmişdi. Axşamlar qızılgüllü
həyətimizdə oturub
gecədən keçmişə
qədər atamla söhbətlər edərdi. Söhbətlərini
təfsilatı ilə
xatırlamasam da, məzmununu
xatırlayıram. Kərbəlayi
İsmayıldan, Şadlinskidən,
Qəmlodan danışırdılar.
Bizə, adətən,
axşamlar gələrdi.
Gündüzlər isə
rayon mərkəzindəki parkda
yeni tikilmiş kafenin divarlarına mozaik daşlardan rəsmlər hörərdi. Rəssam idi axı. Ruzisini
həm də belə qazanardı. Və heç kəs də inanmazdı ki, bu adam "Qarlı aşırım"ın müəllifi
Fərman Kərimzadədir.
İndi Fərman müəllimin
əlləri ilə düzdüyü rəngbərəng
daşlar həmin kafenin yalnız bir divarında qalıb. Üstünə
də əhəng çəkiblər. Başqaları
belə etməzdi. Öz böyük yazıçısının əl
işini abidələşdirərdi...
Təbriz namusunun,
Qarabağ heysiyyətinin
təəssübü, bəlkə,
daha çox erməni amilinə nifrət onu tarixin dərinlərinə
- Çingiz xana, Çingizə ad verən şamana (mifolojidəki Göycə
Şamana), Elxanilərə,
Əmir Çobana, Əbu Səidə, hətta Şeyx Səfiəddinin tövsiyəsi
ilə Rəşidəddinin
"Cami ət Təvarix"inə,
Nadir şaha, Pənah
xana qədər alıb-apardı. Fəzlullah
Rəşidəddinin də,
Rəşidəddinin kitabını
interpretasiya ilə Alankovanın da bədii obrazı Azərbaycan ədəbiyyatına ilk dəfə
Fərman Kərimzadənin
qələmi ilə gəldi. Kərimzadənin
"Təbriz namusu"nda
Çingiz xanın yeddinci babasının anası Alankova göydən enən Altun İşıqdan deyil, Bayat boyundan
olan Orxandan hamilə qaldı. Mifik tarixdə Altun İşıq, yaxud Boz Qurd olan varlıq Fərman Kərimzadənin
fəhmində və qələmində Bayatlı
Orxana çevrildi. Mifolojinin bədii mətnə bu şəkildə, belə
bir vüsətlə tətbiqi Azərbaycan ədəbiyyatında yeni hadisəydi.
Bayat boyundan olan Orxanın mifoloji mətnə əlavə edilməsi isə yazıçının
milli zəfəriydi. Yusif
Vəzirdən sonra Qarabağ xanlığının
tarixi taleyini romanlaşdıran ilk yazıçımız
da o oldu. 1988-ci ildə
yazdığı son romanını
- "Qoca qartalın ölümü"nü Qarabağa
həsr etdi. Və son romanında ədəbiyyatımızda ilk dəfə
Qarabağın yaşıl,
üstündə iki qılıncın çarpazlaşdığı
bayrağını da o dalğalandırdı.
Nizaməddin Onk Fərman Kərimzadənin
Vedibasardan olduğunu bilincə "Əfəndim,
Vedibasardan yazıçı
yox, sərkərdə
çıxar" - demişdi.
52 illik ömrünün
qürubunda Kəlbəcərdə,
Tərtərdə qaçqının,
köçkünün qabağına
düşüb Kremləcən
getdi. Adamları öz halal puluyla Moskvaya apardı ki, dərdlərini izhar etsinlər.
...Yazıçıydımı, sərkərdəydimi? Allah bilir...
Azər TURAN
Ədəbiyyat
qəzeti. - 2023. - 30 dekabr, № 51. - S. 12.