"Uşaq kitabı yazmağı eşq
yaşamaq kimi görürəm"
Nur Dombaycı ilə müsahibə
11 – 15 noyabr tarixlərində
Azərbaycanda daha bir kitab bayramı
– IX Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgidə dünyanın
müxtəlif ölkələrindən
naşirlər, mədəniyyət
xadimləri, yazıçılar
və şairlər iştirak edirdilər. Bu yazıçılardan biri də “BookZone”
şirkətlər qrupunun
dəvəti ilə sərgidə iştirak edən uşaq yazıçısı Nur
Dombaycı idi. Onunla kitab indüstriyasından,
Azərbaycan və Türkiyə kitabçılığının
oxşar və fərqli cəhətlərindən
və əlbəttə,
ədəbiyyatdan danışdıq.
– Nur xanım,
Azərbaycanla bağlı
təəssüratlarınız maraqlıdır...
– Hər türk
kimi lap uşaqlığımdan Azərbaycanla
bağlı məlumatım
var. Qardaş ölkə kimi tanıyır, qəbul edirik. Bayrağımız
hər yerdə qoşa dalğalanır. Məktəbdə, dərs
prosesində digər ölkələrdən daha
fərqli, daha doğma münasibət göstərilir. Bu mənim birinci növbədə vətəndaş
mövqeyimdir. İkincisi,
bir yazıçı
kimi ölkənizlə
tanışlığım “Saçaqlı qızın
pasaqlı gündəliyi”
kitabımın birinci
hissəsi Azərbaycanda
çap olunandan sonra başladı. Qardaş ölkədən
çox gözəl mesajlar, rəylər almağa başladım. Oxucularım o qədər
maraq göstərirdilər
ki... Özü də mesajlar azərbaycanca yazılırdı.
Çox fərqli duyğu idi. Üstəlik yazılanların
çoxunu başa düşmürdüm. Məsələn:
“Necəsən?” – yazırdılar.
Türkcə: “Nasılsın?”
– demək imiş. Onlara cavab vermək
üçün Azərbaycan
dili, Azərbaycanla bağlı daha ciddi araşdırma apardım, müəyyən
sözlərin qarşılığını
öyrəndim.
Daha sonra
“Bookzone” nəşriyyatının
rəhbəri Seymur Tağıyev məni ölkənizə dəvət
edəndə çox
həyəcanlandım. O gündən
bəri həyat yoldaşımla birgə mütəmadi olaraq yutubda Azərbaycanla bağlı videolar izləyir, nələriniz
məşhurdur, hansı
yeməklər yeyilir,
hansı gözəl guşələriniz var kimi məsələlərlə
maraqlanır, hər şeyi öyrənməyə
çalışırdıq. Ölkənizdə də bizi çox gözəl qarşıladılar.
Nəşriyyatın əməkdaşlarının
münasibəti də
çox mehribandır,
istər qarşılama,
istər qonaqlama... Oxucular da çox
yüksək diqqət
göstərirlər. Uşaqların
əksəri məni tandığına görə,
məxsusi mənim kitabıma görə gəlmişdi. Aralarında
birinci kitabı oxuyan, ikincisini səbirsizliklə gözləyənlər
də vardı. Hətta bəziləri dözə bilməyib ikinci kitabı türkcə alıb oxumuşdular. Həqiqətən,
çox gözəl qarşılandım. Azərbaycanın
nə qədər xoşuma gəldiyini deməyim üçün
sözlər azlıq
edir. Gərək bununla bağlı ayrıca kitab yazam. (gülürük)
– Bir qədər
Azərbaycan və Türkiyə kitab industriyasının fərqli
və oxşar cəhətləri barədə
danışmağınızı istərdim.
Azərbaycan ədəbiyyatı ilə
yeni tanış olmağa başlamışam.
Dərin araşdırma
aparmağa macalım olmayıb. Amma sərgiyə
marağın böyük
olduğunu görürəm.
Naşirləriniz çox
əhatəlidirlər, özlərini
çox yaxşı inkişaf etdiriblər. Kitabların təbliği
üçün can yandırırlar.
Müəllifləriniz də
eyni şəkildə.
Az qala, hamısı sərgiyə qatılıb.
Bu işə ürək
qoyduqları ortadadır.
Türkiyədə də
naşirliyə, kitabçılığa,
eləcə də müəlliflərə çox
diqqət göstərilir.
Bu siyahıya illüstratorları
da əlavə etmək
olar. Öz aralarında təşkilatlanır,
platformalar yaradırlar.
Mənim
Azərbaycana səfər
edəcəyimi öyrənən
rəssamlar buranın
da kitab industriyası ilə
maraqlanır, onlar üçün bazar olub-olmadığını,
illüstratorlara ehtiyac
duyulub-duyulmadığını öyrənmək istəyirdilər.
Türkiyə və Azərbaycan
kitab bazarına müqayisə
obyektindənsə, çox
gözəl əməkdaşlıqlara
imza atmağın mümkün olacağı
iki ayrı nəşriyyat sahəsi kimi yanaşmağın daha doğru olacağı fikrindəyəm.
– Bəs əsas fərqlərin nə olduğunu düşünürsünüz?
– Klassiklər, dünyaca məşhur əsərlər
sizdə də var.
Amma uşaq yazıçılarına
çox da rast gəlmədim. Əsas fərq bu ola bilər. Bizdə xeyli uşaq yazıçısı var. Xüsusən
də son illərdə.
Hətta uşaq kitabları yazmaq, uşaq yazıçılığı,
rəssamlığı ilə
bağlı təlimlər
də keçirik. Bu təlimlər uşaq yazıçıları, illüstratorlarının
sayına ciddi təsir edib.
Bir məsələ var ki, bu sayın azlığının,
yaxud çoxluğunun
yaxşı olmağına
qərar verə bilmədim.
– Az olmağı, əlbəttə,
yaxşı deyil. Amma
bu sahənin inkişafına cəhd göstəririk. Az-çox
alınır da.
– Sizdə bu sahənin
çox sürətlə
inkişaf edəcəyinə
əminəm. Naşirləriniz,
həqiqətən, bunda
istəklidirlər. Uşaq
nəşriyyatları açır,
uşaq kitabları nəşr edirlər. Hətta sərgidəki bəzi stendlərin məhz uşaqlar üçün dizayn edildiyini gördüm; balacaların diqqətini cəlb etsin, oxumağı sevsinlər...
– Ədəbiyyata, yazıçılığa
marağınızı necə
kəşf etdiniz? Necə oldu ki: “Mən yazmalıyam!” – dediniz.
Qələmlə ilk tanışlığımdan danışa bilərəm.
(gülür) Hər uşaq kimi qələmi birinci dəfə əlimə götürəndən etibarən
yazmağı, şəkil
çəkməyi çox
sevdim. Daha doğrusu, şəkil çəkəndə daha
rahat oluram. Rəssam kimi özümü daha yaxşı ifadə etdiyimi düşünürəm.
Qələm ilk oyuncaqlarımdan
biri idi. Qonaq gedəndə, yaxud evdə başqa oyuncağa ehtiyacım olmazdı. Qələmimin olmağı
kifayət idi. Məktəb dövründə
dəqiq elmlərlə
yanaşı humanitar fənlərə də xüsusi marağım vardı; özümü daha yaxşı ifadə edə bilirdim. Türk dili dərsini çox sevirdim.
Böyük bacı kimi bacılarımın dərslərinə
kömək edir, onlarla oyun oynayır,
hekayələr oxuyub-yazırdım.
Bir gün müəllim-müəllim
oynayırdıq. Oyun əsnasında bacılarım
üçün xırda-xırda
hekayələr yazmışdım.
Jan de Lafontendə olduğu
kimi heyvanların dilindən qələmə
almışdım. Kağızları
səliqə ilə qatlayıb hekayələri
yazdım, altından
da illüstrasiya cızma-qaralama
etdim. Guya mən müəlliməm,
bacılarım da şagirdlərim.
Oyun qurtarandan sonra kağızları atdıq. Anam təsadüfən bu cızma-qaralamaları gördü.
Məndən: “Bunları
öz beynindən yazmısan, yoxsa haradansa köçürmüsən?”
– soruşdu. Mən də: “Özüm yazmışam”, – deyəndə
anam çox bəyəndiyini söylədi.
Sonra da mənə bir
dəftər aldı.
“Sən hər gün bu dəftərə
hekayələr yaz, şəkillər çək,
naşirlərə göstərək”,
– dedi.
Yeri gəlmişkən, onda cəmi səkkiz yaşım vardı. Anam: “Naşirlər səkkiz yaşlı uşağın hekayə
yazdığını, rəsm
çəkdiyini görsələr,
təsirlənərlər”, – düşüncəsində idi.
Mənim yazmaq macəram belə başladı...
Bir məsələ də var
ki, kitab sərgilərində, kitabxanalarda gördüyüm tərcümə
uşaq kitablarının
əksəriyyətinin müəllifi
və rəssamı eyni adam idi.
Mən də yazıçı olmaq üçün rəssamlıq
öyrənməyin lazım
gəldiyi düşüncəsinə
qapılmışdım.
Beləcə, özümü rəssamlıq
sahəsində sınamağa
başladım. Liseydə
kompüter mühəndisliyi
ixtisasında oxuyurdum.
Sonuncu kursda mütləq praktika keçməli idim. Beləcə, on altı yaşında Türkiyənin
ən böyüş
nəşriyyatılarından birində təcrübə
proqramına başladım.
Kitabxanada kitabların
arxasındakı ünvanlara
baxdım; evimizə ən yaxın olanını seçdim.
(gülürük) Beləcə,
nəşriyyata getdim
və yazıçı,
illüstrator olmaq, qrafik dizayn öyrənmək
istədiyimi dedim. Arzularıma, xəyallarıma
qulaq verəndən sonra: “Sabah gəl başla!” – dedilər. Ertəsi gün Qrafik dizayn şöbəsində
praktikaya başladım.
Düz üç il orada təcrübə keçdim. Bu müddət
ərzində tanınmış
yazıçılarla tanış
oldum. Tez-tez nəşriyyata gəlirdilər.
Məsələn, dünyaca
məşhur alim İlber
Ortaylı ora gəlirdi. Mən də ona çay
aparırdım. Arzum onun kimi məşhur
müəllif olmaq idi. Ora gələn rəssamların texnikasına
fikir verir, öyrənirdim; necə çəkirlər, hansı
üsullardan istifadə
edirlər... Həmin nəşriyyat mənim üçün bir növ universitet rolunu oynadı. İşi nəzəri cəhətdən çox
praktiki şəkildə
öyrəndim.
Sonra planşet alıb evdə yavaş-yavaş öz layihələrimi reallaşdırmağa start verdim.
İlk gördüyüm iş
bir taxta oyuncaq firması üçün bu oyuncaqların üstünə
şəkillər çəkmək
olmuşdu. Sonra da uşaqlar
üçün interaktiv
kitablar hazırlamağa
başladım. İyirmi
yaşım olanda isə “Damla” nəşriyyatında ilk – “İxtiraçı
nəvəsi olmaq asan deyil” kitabım
çapdan çıxdı.
– Səhv etmirəmsə, bu beş kitablıq
dəst olmalıdır.
– Elədir, beş kitabdan ibarət dəst idi.
– Sizin üçün yazıçı olmaq daha rahatdır, yoxsa rəssam?
– Bu sualı illərdir, mənə verirlər və həmişə dilemmaya düşürəm
ki, görəsən, hansı
cavabı verim? İki il əvvəl məni Qazaxıstana dəvət etmişdilər.
Orada da kitablarımın
xeyli oxucusu varmış... Uşaqların
əksəri rus və qazax idi.
Üstəlik, dillərini
qətiyyən bilmirdim.
Onlar da ingiliscə başa düşmürdülər.
Hətta “hello” sözünü
belə anlamırdılar.
Təşkilatçılardan böyük bir yazı lövhəsi istədim və şəkil çəkməklə
uşaqlara sözləri
izah etməyə çalışdım. Məsələn,
“tısbağa” deyirəm,
uşaq başa düşmür. Mən də “tısbağa” sözünü təsvirlə
izah etməyə başladım. O hadisədən
sonra bir məsələni anladım
ki, rəssamlığın dili qlobaldır. Heç bir xarici dil biliyim
olmasa da, dünyanın
istənilən yerində
şəkil çəkməklə
ünsiyyət qurmağı
bacararam.
– Elədir, Çarli Çaplin də səssiz filmlərlə bağlı bənzər yanaşma sərgiləyib.
– Bəli, mən də rəsmlərimlə
hamı ilə ünsiyyət qura bildiyimi düşünürəm.
Kitablarım bir çox dilə tərcümə olunur.
Amma rəssam kimi də neçə ölkənin nəşriyyatları
ilə əməkdaşlıq
edirəm. Dillərini
bilməsəm də,
rəsmlərimi görmələri
ünsiyyət üçün
kifayət edir.
Sualınızın cavabına gəlsək, rəssamlığı
özümə daha yaxın hiss edirəm.
– Əslində, bu suala cavab verdiniz,
amma daha ətraflı cavab istərdim: Müəllif olmaqdan əlavə rəssamlığın hansı
avantajları var?
– Ən gözəl cavabımı deyim. Bunu normalda yazıçı
dostlarım mənə
deyirlər. Heyf deyil, kitabına rəssam axtarmırsan... (gülürük)
Bəli,
rəssam axtarmıram.
Hansısa hekayəni yazanda: “Görəsən,
bunu hansı rəssam daha yaxşı çəkər?”
– düşünmürəm. Yazı prosesində obrazlar xəyalımda canlanır, onsuz da. Bəzən birinci rəsm formasında ağlıma gəlir. Mən də: “Bu rəsmi hekayəyə çevirim”, – düşünüb
sonradan yazmağa başlayıram.
– Görmək istədiyiniz
kimi çəkirsiniz...
– Elədir. Rəsmləri başqası çəkəndə
bəzən bəyənmir,
yaxud obrazın yazdığımızdan fərqli
olduğunu görürük.
– Filmlər və kitablarda olduğu kimi. Rejissor baxışı müəllif
baxışından həmişə
fərqli olur.
– Elədir. Məsələn,
mən “Haydi” kitabını çox sevərək oxumuşdum.
Amma cizgi filminə baxanda məyus olmuşdum. Çünki qətiyyən beynimdə canblandırdığım kimi
deyildi...
– Uşaqlar üçün
yazmağın hansı
çətinlikləri var?
– Uşaqlar üçün
yazmağın heç
bir çətinliyi yoxdur. Uşaq kitabı yazmağı eşq yaşamaq kimi görürəm. Əksinə, böyüklər
üçün yazmaq
daha çətindir. Böyüklər hər mətni bəyənmir, tənqid edirlər; məmnun etmək çətin məsələdir.
Amma uşaqları xoşbəxt
etmək, həqiqətən,
asandır. Onların dili ilə danışıb,
onların gözlərinin
içinə baxmaq, həyəcanlarını hiss etmək...
Yazıçı olduğumu
eşidəndə ürəkləri
çırpınır. Amma hansısa yetkin şəxsi: “Mən yazıçıyam”, – deməklə
həyəcanlandıra bilmərəm.
Uşaqlar isə həyəcanlanırlar, tanış
olmaq, imza almaq istəyirlər.
Bir məsələ də var
ki, uşaqların sevəcəyi
üslubda yazmaq, onların dilini tutmaq çətindir. Böyüyürük, uşaqlığımız
arxada qalır. Amma böyüsək də, uşaqların dünyasından
əl götürməmək
lazımdır.
– Belə baxıram, bir xeyli çətinlik
varmış... (gülürük)
– Hazırkı cizgi filmlərindən xəbərdar
olmaq, indiki nəslin dilində danışa bilmək lazımdır. Çox müxtəlif animasiya filmləri var. Qısası,
uşaqla uşaq olmaq lazımdır. Məsələn, “Haker nənə” kitabım var,
bu yaxınlarda sizdə də çap olunacaq... Yaxud “Minecraft” (“Maynkraft”) oyunu ilə bağlı hekayə yazdım. Uşaqlar bu oyunu çox
sevirlər. Hansısa
oyunu uşaqlar üçün zərərli
hesab edirsinizsə, “Bunu oynama”, – deməkdənsə, hekayənin
içinə girib zərərlərini göstərmək
daha doğru yanaşmadır.
Uşaqlarla daha yaxşı
ünsiyyət qura bilmək üçün
mənim də oyun oynamağı sevdiyimi göstərməyin
faydalı ola biləcəyini
anladım. Üstəlik,
onlara dərs keçirmiş kimi yox, onların müəllimi, böyükləri
kimi deyil, öz yaşıdları kimi xitab etməyə
çalışıram. Azərbaycan
dilində çıxan
“Saçaqlı qızın
pasaqlı gündəliyi”
kitabında olduğu kimi... Necə deyərlər, uşaq qalmağa, böyüməməyə
çalışıram. (gülürük)
– Nur xanım, hansı mövzular sizə daha doğma gəlir?
– Elmi fantastika janrını çox sevirəm. Filmlər olsun, kitablar olsun... Hətta yuxularım da elmi fantastika üzərində
qurulur. (gülür) Bəzən elə yuxu görürəm ki, öz-özümə deyirəm:
“Bunu “Vorner-Broz.” görsə, çox gözəl film çəkər”.
(gülür) Bu janrı
çox sevdiyimdən
dolayı yazdıqlarımdan
başqa – hətta yuxularıma qədər işləyib. Ən rahat olduğum, xəyal qura bildiyim, xəyal quranda, belə demək mümkünsə,
cəfəng şeylərdən
yaza biləcəyim şeylərdən yazmağı
xoşlayıram. Əlbəttə,
realistik mövzulara da
toxunuram. Duyğu dolu mətnləri sevirəm. “Hər şey mütləq xoşbəxt şəkildə
cərəyan etməlidir”,
– deyə
bir şey yoxdur. Əzab, itki, müharibə kimi anlayışlar var. Obrazlarımı işləyəndə
bunları da nəzərə
alıram. Məsələn,
“Saçaqlı qızın
pasaqlı gündəliyi”nin
ikinci kitabında qəhrəmanım qocalar
evinə gedir, yaşlıları ziyarət
edir. Bunlar hamısı həyatın
gerçəkləridir. Mən
də hekayələrimdə
real hadisələrdən, yaşanmış
iztirablardan söz açıram. Uşaqlara
çox xoşbəxt,
tamamilə utopik bir dünya təqdim etmirəm. Fantastika olsun, amma reallığı da qələmə almağı
sevirəm. Yəni hər ikisi – realistik janr da, fantastika da mənim üçün doğmadır.
– Bayaq yuxulardan film çəkilməsi ilə
bağlı zarafat etdiniz. Bizim yazıçılardan Şəmil
Sadiq bu barədə “Yuxu maşını” adlı əsər yazıb. Romanın qəhrəmanı yuxuları
filmə çevirə
bilən bir maşın ixtira edən müəhəndisdir.
– Həyat yoldaşıma tez-tez deyirəm ki, kaş yuxu maşını
olaydı, yuxularımızı
qeydə ala biləydi.
– Belə bir maşın
Azərbaycanda olmasa
da, ədəbiyyatında var.
– Çox gözəl. (gülürük)
¬¬¬– Nur xanım, yazanda özünüzə hansısa
sərhədlər qoyursunuz?
– Əlbəttə. Ümumiyyətlə,
insan yazanda da, yaşayanda da müəyyən
konturlara əməl edir. Mənim də sərhədlərim
var: əxlaqi, etik, uşaqların xarakterlərinə
görə, inancıma
görə sərhədlər...
Bu mövzularda çox
diqqətli davranmağa
çalışıram. Xüsusilə
onlayn mühitdə təzyiq və yönləndirmə var. Son zamanlarda
mən də öz incə cizgimi çəkib içərisində dayanmağa,
uşaqlara əxlaqi məsələləri yaxşı
formada təqdim etməyə çalışıram.
– Bəs ən ciddi sərhədiniz hansıdır?
– Ən ciddi sərhəd...
(düşünür) Xeyir
və şər. Çox qısa cavab oldu? İstəyirsiniz,
bir az da geniş danışım.
(gülür)
– Yox, məncə, kifayət qədər konkret cavab oldu.
(gülürük)
Yaxşı, bəs sizcə,
ən uğurlu kitabınız hansıdır?
– “Saçaqlı qızın
pasaqlı gündəliyi”
on üç dilə
tərcümə edilib.
Oxucular tərəfindən
çox sevilir. Mənim üçün xüsusi yeri var. Özüm də çox sevirəm. Amma “Qəmgin oğlan” kitabımın yeri bir ayrıdır. Çünki onu fantastik, elmi-fantastik janrda yazmışam: ən çox sevdiyim janrda. Uşaq vaxtı da qorxu filmlərinə baxmağı xoşlayırdım.
Sərgilərdə uşaqlar
tez-tez qorxu janrında nəsə yazmağımı istəyirdilər.
Qorxulu hekayələr
uşaqlara maraqlı gəlir. Biz də balaca olanda bir-birimizə
qorxunc şeylər danışardıq. Bunu bir hekayənin içərisində, onları
çox qorxutmadan verməyə, dəyərlərimizi
aşılamağı da yaddan
çıxarmamağa çalışdım.
Məsələn, bu kitabın qəhrəmanlarının
başlarına vahiməli
bir meşədə qorxulu hadisələr gəlir. Amma hekayənin sonunda meşəni, ağacları xilas edirlər. Yaxşılıq
toxumlarını əkməklə
qorxulu hekayə yaza bildiyim üçün
“Qəmgin oğlan” kitabımı çox sevirəm.
– Nur xanım, bəs sizin üçün dünya ədəbiyyatındakı
ən yaxşı əsər hansıdır?
Böyüklər üçün
də ola bilər, uşaqlar üçün
də.
– Həm işimlə bağlı, həm də sevdiyim üçün çox
kitab oxuyuram. Evdə xeyli kitabım, hətta kitabxanam var. Amma
lap uşaqlıqdan bəri
dəfələrlə oxuyub,
həqiqətən, sevdiyim
– bəlkə də, ailələrin çoxu içərisində sehr,
tilsim var deyə narahat olduğu – Coan Ketlin Roulinqin
“Harri Potter” seriyasıdır.
Dostluq, sevgi kimi mövzular işləndiyi üçün
də bir ayrı xoşlayıram. Kimisə özünə qəhrəman seçmədən
də hər insanın öz qəhrəmanlıq yolçuluğuna
çıxa biləcəyini
göstərə bilən
çox gözəl bir hekayəsi var. Con Ronald
Ruel Tolkinin “Üzüklərin
hökmdarı” seriyası
isə ən sevdiyim, ən yuxarı pilləyə qoya biləcəyim klassiklərdəndir. Ümumiyyətlə,
dünya klassiklərini
də sevərək oxuyuram. Ceyms Barrinin “Piter Pen” əsərini də çox sevirəm. Bir çox klassik əsəri sevirəm, amma əvvəl də dediyim kimi birinci yerdə
“Üzüklərin hökmdarı”
gəlir.
– Yaxşı, bəs hekayə yazanda oxuyanda, öz yolunuzu cızanda hansı yazıçılardan,
rəssamlardan təsirlənmisiniz?
– Dünyaca məşhur rəssamların əsərlərini
həmişə araşdırır,
gözdən keçirirəm.
Çünki mən incəsənətlə bağlı
təhsil almamışam,
ixtisasca kompüter mühəndisiyəm, türk
dili və ədəbiyyatı üzrə
də oxumuşam. Söhbətimizin əvvəlində
də vurğuladığım
kimi işi praktikada öyrənmişəm.
Bunun üçün də
həddən artıq
çalışmışam. Hansısa müəllimdən
dərs almamışam,
amma bütün sənətkarları müəllim
kimi görmüşəm.
“Onlardan nə öyrənə bilərəm?”
sualı həmişə
ön planda olub. Yaxşı, “Üzüklərin hökmdarı”nı mütaliə
edirdim, amma ona oxucudan daha
çox müəllim
kimi yanaşır, necə yazdığını,
texnikasını öyrənməyə
çalışırdım.
Yeri gəlmişkən, hələ
də “Üzüklərin
hökmdarı” kimi bir əsər yazacağımın xəyalını
qururam.
Rəssam
kimi isə bir çox əcnəbi rəssamdan onlayn şəkildə dərs alır, özüm də dərs keçirəm.
Amma ad çəkməkdənsə, təbiətdən ilham aldığımı demək
daha doğru olar. Təbiəti, buludları, ağacları
seyr etməyi, meşədə gəzməyi
sevirəm. Bunlar mənə daha çox ilham verir.
– Nur xanım, istəyirəm, bir az da yaradıcılıqla
bağlı planlarınızdan
danışaq.
– Böyüklər üçün
heç nə yazmamışam. Bir dəfə
də olsa, böyüklər üçün
nəsə yazmağı
sınamaq istəyirəm.
(gülür) “Görəsən:
“Böyüklər üçün
yazmaq daha çətindir” – streotipimi
qıra biləcəklərmi?
Bəyəndirə biləcəyəmmi?”
– düşünürəm.
– Məncə, uşaqlar üçün yazmaq daha çətindir. Mən bədii redaktoram, daha çox böyüklər
üçün nəzərdə
tutulan kitabları redaktə edirəm. Uşaq kitablarını redaktə edəndə bir qədər çətinlik çəkdiyimi
düşünürəm. Çünki uşaq kimi baxmaq, uşaq
kimi yazmaq, uşaq kimi düşünmək asan
deyil.
– Bir məsələ var, uşaqlara
nəyisə uzun-uzadı
cümlələrlə danışanda
sıxılırlar. Onları
yormadan, daha axıcı cümlərlə
ünsiyyət qurmaq lazımdır. Böyüklər
üçün yazanda:
“İstədiyim qədər
– uzun-uzadı dərdimi
danışa bilərəm”,
– düşüncəsindəyəm. (gülür) Den Braunun üslubunu da çox sevirəm, təxminən
o cür üslubda nəsə yazmağı planlaşdırıram.
– Nur xanım, əslində,
son sualımı artıq
vermişdim. Amma bir sual da əlavə etmək istəyirəm. Kitablarınızı oxuduqca
başqa yazıçıları
görürsünüz, yoxsa
mətniniz bütövlükdə
Nur Dombaycıdır?
– Bir üslub yarada bildiyim fikrindəyəm. Oxucular da bu fikirdədir. Kitabı bitirəndən sonra: “Gözəl alınıb”,
– deyirəm. Amma içdən-içə
“Bəlkə, alınmayıb?”
düşüncəsi olur.
Bu da, əslində yaxşıdır.
İnsanı inkişafa
aparır. “Mən artıq peşəkaram”,
“Çox yaxşı
yazıram”, “Xarüqələr
yaradıram”, – düşünən
insan inkişaf edə bilməz. Beə olanda nəsə problem, eqoizm
var deməkdir. Həyat
yoldaşıma həmişə
şikayət edirəm
ki, yaxşı alınmayıb,
daha yaxşı yaza bilərdim və s. “Hamı oxuyur, neçə dilə tərcümə edilib”, – deyəndə: “Olsun, amma burasını
filan cür yazsaydım, daha yaxşı alınardı”,
– deyirəm.
Başqa
ədibin təsirinin
hiss olunması barədə
heç düşünməmişdim.
Amma bəlkə, Tolkinin
təsirini hiss edə
bilərəm. Əlbəttə,
kitablarda bu görünməyə bilər:
onun üslubunda yazmıram. Daxilən isə kitablarımı sanki Tolkin yazmış
kimi tənqidi baxışla oxuyuram.
“Kitablarımı Nur Dombaycı
yazıb”, – deyə bilərəm. (gülür)
– Nur xanım, maraqlı söhbət üçün
sizə təşəkkür
edirəm! Ümid edirəm, daha uca pillələrə qalxarsınız.
– Mən təşəkkür
edirəm! Tanışlıq
çox xoş oldu. Uca pillələrlə
bağlı dediyinizə
cavab kimi demək istəyirəm
ki, hazırda elə ən uca pillədəyəm:
Azərbaycanda olmaq mənim üçün ən uca pillədə
dayanmaqdır. Burada olduğum üçün
çox xoşbəxtəm.
Söhbətləşdi:
Cavid QƏDİR
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 18, 19.