“Topxanadakı sükut”un əks-sədası
Təranə Turan Rəhimlinin eyniadlı hekayəsi üzərinə
Qaçılmaz, ağrılı həqiqətlərdən yazanlar dərdi-kədəri iliyinədək duyanlardır. Daim təfriqə, məkr toxumu səpən, türkə qənim kəsilən xain qonşunun xəncər tiyəsinin hələ paslanmayan vədəsi, vaxtlarıydı. Düşmənin işğal tankları
yurd yerlərimizə uzanan yolları yağır eləmişdi. Xəyanətkar ermənilərin mənfur xisləti,
iç
üzü büsbütün açılmış, yırtılmışdı. Torpaqlarımızda törədilən vəhşiliklərə, qətl-qarətlərə dini-imanı
olmayan dünya yamanca göz yumur,
susurdu.
Qarabağımızın dilbər guşələrinin, saf havası can dərmanı olan büllur bulaqların, Cıdır düzünün, Topxana meşəsinin
payızı çox tez gəlmişdi. Çiskin,
duman-çən bu yerlərə, həm də tutqun ovqat, sıxıntılı əhval,
iztirab gətirmişdi. Topxana meşəsi zülmlər, müsibətlər adlamışdı. Qəfil hücumlara məruz qalan köməksiz insanlar vəhşiləşmiş erməni yalquzaqlardan qurtulmaq üçün Topxanaya
üz tutmuşdu.
Sağ qalmaq
ümidi öləziyənlər arasında bir gənc qadın da vardı.
Altıaylıq körpəsini sinəsinə sıxıb, yağı gülləsinə tuş gəlməsin deyə,
meşənin dərinliklərinə
enən, ayağı ağacların kötüyünə ilişib tez-tez yıxılan-duran ananın halətini duymaq
üçün tanınmış
söz adamı
Təranə Turan
Rəhimlinin
"Topxanadakı
sükut"
hekayəsini oxumağa dəyər.
Təranə xanım bədii düşüncə özünəməxsusluğu, yaradıcılıq aləminin
zənginliyi,
yüksək erudisiyası,
fəhmi ilə
ədəbi prosesdə
fərqlənən qələm sahiblərindəndir. Həm poeziya,
nəsr,
publisistika və
tərcüməçilik sahəsində
uğurları,
həm də ədəbiyyatşünaslıq üzrə araşdırmaları, tənqidçi icmalları, fundamental monoqrafiyaları onu ədəbiyyatımızı sərf-nəzər edən, fikir yetkinliyi ilə
seçilən tədqiqatçılardan biri kimi tanıdıb.
Qələm adamlarının yazılarının bədii dəyərini çözələmək, ilk növbədə,
tənqidçilərin işidir.
Filologiya
üzrə
fəlsəfə doktoru, şair, nasir
Təranə Turan
Rəhimlinin elmi-ədəbi fəaliyyəti haqqında görkəmli söz adamları,
alimlər - akademik Kamal Talıbzadə,
Xalq
şairi Hüseyn Arif, habelə sevilən, unudulmaz şairlərimiz
- Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, professorlar Himalay Qasımov,
Abbas Hacıyev, Təyyar Salamoğlu,
Əzizxan Tanrıverdi, eləcə də türk ədəbiyyatşünası Fəyyaz Sağlam, Oksford Universitetinin əməkdaşı, yazıçı-publisist və
araşdırmaçı A.Nurmuhammed, banqladeşli şair R.Raşid və başqaları
fikirlərini bildirmiş, müxtəlif mətbuat
orqanlarında onun yaradıcılığına dair məqalələr dərc etdirmişlər. Tanınmış serb şairi Valentina Novkoviçin, yunan şairi və
tərcüməçisi Eva Lianounun,
ABŞ şairi və
naşiri N.Shoovronun Təranə Turan
Rəhimli ilə
müsahibələri beynəlxalq ədəbi mətbuatda maraqla qarşılanmışdır. Təranə
xanım ədəbiyyatımızda və elmimizdə bir
çox uğurlara imza atıb. Onun "Böyük nəslin layiqli yadigarı" (2002), "Ədəbiyyat və
tənqidin yaradıcılıq problemləri"
(2009), "Dərdin pıçıltısı"
(2007), "Sevgimden tanıyacaklar" (Türkiyə, İzmir,
2013), "Sana yazmadığım şiir" (Türkiyə,
Ankara, 2013) və digər kitabları
işıq üzü görüb. Qeyd etmək yerinə
düşər ki, onun şeir və
hekayələri 35 dilə
tərcümə olunub və
47 ölkədə çap edilib.
Elmi məqalələri isə Türkiyə, İran, İtaliya,
Belçika,
Latın Amerikası
(Çili,
Meksika),
İspaniya,
Albaniya,
İngiltərə, Yunanıstan, Hindistan, Rusiya,
Ukrayna,
Özbəkistan,
Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə nəşr olunub.
Müəllifin bədii yaradıcılığında Birinci Qarabağ müharibəsinin qəlblərə vurduğu yaralardan,
yurd yerlərimizin itirilməsindən dolayı
ruhumuzu saran göynərtidən, öz Vətənində qaçqına, məcburi
köçkünə
çevrilmiş
toplumun əndişəli həyatından da bəhs olunur.
Alban şairi və tədqiqatçısı Mehmet Rremanın şair Təranə Turan
Rəhimlinin poeziyası haqqında araşdırma yazısında oxuyuruq:
"Təranə xanımın gözəl, poetik biçimli, məcazlarla, metaforalarla bədii təsiri daha da qüvvətləndirən misralarının sıralandığı
bir
şeirindən Azərbaycan xalqının tarixi haqqında çox mətləbləri öyrəndim.
Bu şeirin ruhu mənə mənsub olduğum alban xalqının ağrı-acılı və eyni zamanda
şərəfli tarixini xatırlatdı. Şair "Bağışlama, ay Vətən!" adlı şeirində
taleyüklü məsələləri dilə
gətirib:
Səni parça-parça bölüb itə, qurda atdılar,
Torpağını zaman-zaman namərd
yada satdılar,
Naxələflər igidlərin
kölgəsində yatdılar,
Biz də dinib-danışmadıq, bağışlama,
ay Vətən!
Bu poetik nümunədə şair
belə bir fikri vurğulayır ki, yağılar Azərbaycanı
zaman-zaman parçalayıb, götürə bildikləri
qədər qənimət
torpaqlar mənimsəyiblər.
İnsanlıq tarixində
bunabənzər müdhiş
hadisələr çox
olub. O bölgü ki,
yaraları bu gün də göynədir".
Axı, bu ədalətsizliyə kimsənin
reaksiya verməməsinin
özü elə haqsızlıqdır. Təbii
ki, qara əməlləri
gerçəkləşdirmək üçün çoxdan
bünövrə hazırlanmışdı.
Şeirdən aydın
olur ki, düşmənlər
bir millətin üstünə zülmət
pərdəsi çəkdikləri,
onu kədərə qərq etdikləri, sonsuz ağrı və əzaba məruz qoyduqları üçün, nəinki
narahat olmayıblar, əksinə, heç vaxt ölüm kölgəsini əsirgəməyiblər,
insanlara rəhm etməyiblər. Yağıların
yolu təkrar-təkrar
bu torpaqlardan düşüb. İşğallardan
qorunmaq üçün
əzəli torpaqlar uğrunda çox qurbanlar verilib, qanlar axıdılıb. Müəllifin fikrincə,
ədalətin olmadığı
bu susqun dünyada yırtıcı
dişlərdən xilas
olmaq üçün
dua etmək, nəyəsə ümid bəsləmək yox, öz gücündən başqa heç nəyə etibar etməmək lazımdır.
Bu güc nə qədər az olsa da, təmiz milli ruh və Vətən
sevgisi ilə birləşəndə nəhəng
görünər və
əsas məqsədə
çatar. Bu, tarixi ədalətsizliyin əleyhdarı
olan şairin etirazı, xalqının çəkdiyi əziyyətlə
razılaşmadığını göstərən poetik nümunədir.
Təranə xanımın,
həm də maraqlı nəsr nümunələri var. O, "Şuşanın
dağları", "Tüstü",
"Topxanadakı sükut"
hekayələrini Qarabağ
savaşı mövzusunda
qələmə alıb.
Qarabağ ağrımızın
dərinliklərinə vara
bilib, uzun illər davam edən münaqişənin
doğru-dürüst dərkinə
zəmin hazırlayıb,
adıçəkilən hekayələrdə
90-cı illərin gerçək
mənzərəsini yaradıb;
bütün məşəqqəti,
acısı, hüznü,
kədəriylə. Bu hekayələrin
qəhrəmanları uzun
illər işğal altında qalmış yurd yerlərimizin xiffəti ürəyindən
daş kimi asılmış, elini-obasını,
ailəsini sevən insanların bitkin ədəbi obrazlarıdır.
Əvvəldə adını
çəkdiyim "Topxanadakı
sükut" hekayəsi
ilə bağlı mülahizələrimə yenidən
qayıtmaq istəyirəm.
Ürək titrədən
bu nəsr nümunəsi müəllifin
həzin, kövrək
təhkiyəsi, üslubu,
anlaşıqlı, rəvan
dili ilə diqqəti çəkir. Hekayənin qəhrəmanı
gənc ana Qarabağ savaşının qurbanlarındandır.
Qanlı müharibə
onun da taleyindən yan keçməyib. Ermənilər
dinc sakinləri qəfil haqlayanda, bu qadının həyat yoldaşı gülləyə tuş gəlib əsir düşmüşdü. O isə
körpəsini bağrına
basıb gizləndiyi yerdən qaçaraq ümidlə baxdığı
Topxanaya üz tutmuş, neçə-neçə
müsibətin, qan-qadanın
şahidi olan meşəyə pənah gətirmişdi.
Bu gərgin anlarda meşədə qarşılaşdığı həmkəndlilərinə sığınarkən,
ona ünvanlanan nəsihətə əməl
etməli olmuşdu:
"Körpən ağlasa,
hamımızı qıracaqlar."
Ciyərparəsini elə
kiritməliydi ki, ermənilər
səs-küydən duyuq
düşməsin. Hər
dəfə qımıldananda
bələyini çağanın
üstünə örtüb
onu yuxuya vermək istəyirdi. Dərin yuxuda olduğunu görəndə
sevinirdi.
Meşənin qurtaracağına
çatanda, elə bil onlara dünyanı
bəxş etmişdilər.
Çarəsiz insanların
vurnuxduğu düzün
ortasında helikopteri və onları ana dilimizdə səsləyən
əsgəri görüncə,
xilas yolunun tapıldığını düşünürdülər.
Gənc ana helikopterdə
yerini rahatlayıb, körpəsinin üzünə
baxanda onun avazımış bənizini
görmüş və
bir an içində çaşıb qalmışdı.
Çağanın üzündə
həyat əlaməti
yox idi. Hekayədə oxuyuruq:
"Heç bir əzası tərpənmirdi.
Körpə keçinmişdi.
Ana düşməndən qorumaq
üçün sinəsinə
sıxdığı, səsi
çıxmasın deyə,
ağzını bərk-bərk
qapadığı körpəsini
bilmədən, öz
əliylə qətl etmiş, o, havasızlıqdan
boğulmuşdu. Helikopterdən
tükürpədici qışqırıq
səsi gəldi. Bu səsdən Topxana meşəsinin sükutu diksindi".
Müəllif doğma
yurd yerini, ömür-gün yoldaşını
və körpəsini
itirmiş ananın yaşantılarını, başına
gələnləri nəql
etdiyi həyat həqiqətlərinin timsalında
ön plana çəkib.
Körpənin artıq
nəfəs almadığını,
keçindiyini bilən
ananın iztirabları,
sarsıntıları olduqca
sirayətedici, təsirli
əks etdirilib. "Əsgərlər uşağın
cəsədini ananın
qucağından götürəndə
dərdli qadının,
sanki dili tutulmuşdu, nə ağlayır, nə də dinib-danışırdı".
Yazıçı baş qəhrəmanının həyatının
sonrakı dönəmindən
söz açarkən,
hadisələrə münasibətini
fərqli prizmadan, baxış bucağından
təqdim edib, üzüntülərini bədii
lövhələrlə çatdırmağa
nail olub. "Aradan xeyli vaxt ötsə
də, Qarabağ savaşı hələ bitməsə də, cəbhə bölgəsində
atəşkəs tez-tez
pozulsa da, şəhidlər
versək də, Bakıda sakitlikdir. Şəhərin küçələrində
bir qadın hər səhər harasa tələsir. Sağ əli biləkdən kəsilmiş
(əli çörək
zavodunda dəzgahın
altında qalıbmış),
qara saçları erkən ağarmış
dərdli bir qadın sübh çağı pay-piyada yola çıxır, amma axtardığı ünvana çata bilmir ki bilmir". Qaranlıq düşəndə
kor-peşman evə - köçkünlərin sığındığı
tələbə yataqxanasına
dönür. Yazıçının
sətirlər arasından
duyulan narahatlığı
başa düşüləndir.
Əsər bu fikirlərlə bitir:
"Ağlını itirmiş,
hamının halına
acıdığı bu
qadın, bəlkə
də ömrünün
sonunadək müharibənin
əlindən aldığı
sevgisi, doğmaları,
yeganə ümidi və son pənahı olan körpəsi, gəncliyi, gözəlliyi,
bəxtəvərliyi üçün
hər gün beləcə yola çıxacaqdı... Amma itirdiyi
səadət geri dönməyəcəkdi. Çox
uzaqlarda qalan Topxana meşəsinin dərin sükutu, bəlkə əsrlərlə
bu qadının ölən dünyasına
yas saxlayacaqdı".
Bəllidir ki, Qarabağ
savaşı ədəbiyyatımızda
qələm adamlarının
ürək ağrısı
ilə yazdığı
mövzulardandır. Bu əsərlərdə
müəlliflərin, həm
də böyük Qələbəmizə olan
ümidləri də öz əksini tapıb. Adıçəkilən
hekayə də Təranə Turan Rəhimlinin Qarabağ dərdimizlə bağlı
naləsi, çağırışıydı.
Şükürlər olsun
ki, intizarla gözlədiyimiz
böyük Zəfər
günümüzə qovuşduq!
İndi ədəbi cameəmizi
təmsil edən yazarlarımız oxucularını
böyük Zəfərimizdən
bəhs edən qələm nümunələri
ilə sevindirirlər.
Zemfira Məhərrəmli
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 20.