Yaradıcı proyeksiya
Martin Haydeger vaxtilə Hölderlin haqqında yazdığı
mükəmməl məqalədə
qeyd edirdi ki, "dil öz-özlüyündə
elə poeziyadır [Dichtung]". Böyük mötərizədəki "Dichtung"
sözü ilə o daha geniş mənanı nəzərdə
tuturdu ("yaradıcı
proyeksiya"). Həmin
söz alman dilində
poetik yaradıcılığı
(poeziyanı-!) bildirməklə
yanaşı, hermetikləşmə
prosesinə də işarə edir. Səs, işıq, su ... keçirməmə.
Poeziya insanı onu zədələyəcək
hər şeydən qoruyur və eyni zamanda onun
yolunu gerçəkliyə,
onun ən geniş sahələrinə
açır. Haydegerin
fikrincə, dil təkcə bizim artıq bildiklərimizi ötürmək vasitəsi
deyildir, onun daha mühüm bir vəzifəsi var. Dilin mahiyyəti, onun ilkin və
ən mühüm funksiyası "proyektiv söyləmdir", yəni
əşyalardan bəhs
edərkən onların
dünyaya ilk dəfə
gəlişinin yolunu açır. Poetik mətndə adı çəkilən hər
bir əşya əslində dünyaya
ilk dəfə gəlir.
Hər bir əşya həm də heç zaman olmadığı kimi təsvir edilir. Dil sözlərə can və nəfəs verir. Klassik poeziyada dil möcüzələr
yaradan nəsnədir,
buna görə orta əsrlərdə klassik poeziya bütün dünyanı əks etdirməyə kifayət edirdi. Belə olduğu üçün
də hətta gələcəkdə söyləniləcək,
yazılacaq mətnlərin
də hənirini duyub misralar, bəndlər arasında sirr kimi (cazibə
sahəsi...) ehtiva edirdi. Klassik poeziyanı bir də bu baxımdan
araşdırmaq maraqlı
olardı. Bir qala, qədim qala təsəvvür edin, haçansa, tarixin hansı dönəmindəsə
qanlı müharibədə
dağılıb, indi
qırıntıları qalıb.
O qırıntılardan biri,
yaxud bir neçəsini götürüb
bütün qalanı
bərpa etmək istəyirsən. Klassik poeziya dünyaya, bəlkə də, belə baxırdı. Onunla münasibətdə
yaradıcı proyeksiya
ideyası özünü
tam şəkildə doğruldur.
Nəyisə kökündən
bərpa etmək üçün onu bütün dünyadan təcrid etməli, üfüqlərin üstündə
tutmalısan və onun proyeksiyası düşdükcə, yerdə
bütün dünyanı
ovucları içinə
alan şahanə bir tikili ucalacaq.
Olan, bilinən şeyi
son qırıntısına qədər məhv edib ondan yeni nələrsə icad etmək sənəti.
Hər şey dilin - yaradıcı proyeksiya sayılan mətnlərin içindəydi.
Dünyadan təcrid olunmuş bir nəsnə onu xəyallarda yaşayan bir tikili kimi
nümayiş etdirirdi.
Həm də bu təsadüfdə poeziya deyilənlərin içində deyilə bilməyən, dilə gəlməyən nəsnələri
ehtiva edir. Məsələn, Hölderlində
olduğu kimi:
...İztirabsız
adamlara həsəd aparma,
hər şeyi olan, ağacdan
büt kimi adamlar, ürəkləri
o qədər boş,
ruhları o qədər
yalın ki,
yağış və günəş haqqında
sual verməzlər,
düşünməzlər belə, çünki
əkib-becərməyə bir şeyləri yox. Əlbəttə, şübhəsiz!
Xoşbəxt olmaq
nə çətin işmiş,
özü
də ürəkdən
boş, ağıldan
kəm ola-ola.
Üstəlik, minnət
qoyub sizə
lütfkarlıq
da göstərə bilərik,
yəni ox
yaydan çıxıb
hədəfə dəyməyəndə
taxta
dərddən içini
gəmirirmi, ya da deşik bir bardaq
divara çırpılanda
darıxdığındanmı çilik-çilik olur?
Cavanşir YUSİFLİ
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 21.