"Kaş, bütün şairlər həkim olaydı..."

 

Şair Fəxrəddin Ziyaya açıq məktub

 

Sayın Fəxrəddin Ziya!

Bu günlərdə sizin - neçə-neçə mahnı mətni müəllifi olan tanınmış şair, vətənsevər aydın xeyirxah insanın 70 yaşı tamam oldu. Arzu-istəklərimizin sonsuzluğu ilə müqayisədə bu, əlbəttə, elə böyük rəqəm deyil. Özəlliklə , insanın ölümsüzlüyə can atdığı, Homo sapiensin öz ömrünü başa vurmaqda olduğu, artıq astanasına çatdığımız postinsan dönəmində! Amma 70 il, əslində, az da deyil - bir əsrin az qala dörddə üçü! Çox xoşdur ki, siz bu yaşa təkcə anatomik yöndən deyil, mənəvi anatomiya baxımından da belə sağlam - alnıaçıq, ləyaqətlə, yaşayıb-yaratmaq eşqiylə gəlmisiniz! Amma bu sözlər yubiley yazısı yazdığım üçün hər şeyi necə olur-olsun, pozitiv notlar üstündə kökləmək şablonundan irəli gəlmir. Sonuncu - "İstəyimin qolları" kitabınızdakı eyniadlı şeirdə özünüz deyirsiniz:

 

İstəyimin qolları

xoş arzu carçısıdır,

qoy, heç zaman, heç yerdə

müjdəli arzuların

bağlanmasın yolları,

kaş, mənim bircə yol

həsrətimə qovuşsun

istəyimin qolları.

 

Sizi ilk dəfə necə gördüyümü xatırlamıram, aşağı-yuxarı, 20-25 il öncə Azərbaycan Yazıçılar Birliyi binasının dördüncü qatında, "Azərbaycan" jurnalındakı otağıma gəlişiniz, yeni yayınlanmış ödül almış "Səs" adlı essemə dair fikirləriniz isə yadımdadır. Yazıda diqqətinizi çəkən başlıca özəllik kimi fikirlərimdəki orijinallığı vurğulayırdınız anlayan üçün bu heç az qiymət deyildi. Üstəlik, onda hələ cavan idim, ədəbi-bədii orqanlarda vur-tut, bir neçə yazım yayınlanmışdı bütün cavanlar kimi, mən kənar rəylərə ehtiyac duyurdum. İnanıram ki, siz pedaqoqlara məxsus sakit, təmkinli danışığınız, mülayim diksiyanızla təkcə mənə yox, bir çox cavanlara belə proqnozlar verirmişsiniz. Görünür, bunun bir səbəbi ixtisasca həkim olmağınız diaqnoz qoymaq kimi professional vərdişinizdən irəli gəlir. "Diaqnoz" "proqnoz" sözləri səsləşir, hər ikisinin kökündə "qnozis" - "bilgi", "mərifət" sözü dayanır. "Həkim şair" adlı şeirinizdə dediyiniz kimi:

 

Kaş, bütün şairlər həkim olaydı,

insanı öyrənə bilsin büsbütün.

Kaş, bütün həkimlər şair olaydı,

Duyğunu ağrıdan ayırmaq üçün.

 

Amma indi 70 illik həkim-şair həyatınızın bu ya digər məqamı - 1953-cü ildə Masallının Qodman kəndində, sovet hökumətinin basqılara məruz qoyduğu Mansur kişinin ailəsində, ziyalı ocağında doğulmağınız, uşaq yaşlarınızdan şeirə maraq göstərməyiniz, ali tibbi təhsil almağınız, şeirlərinizin ilk dəfə tələbəlik illərində "Ədəbiyyat incəsənət" qəzetində işıq üzü görməsi, bir həkim kimi sovet ordusu sıralarında Əfqanıstan savaşında iştirakınız, uzun illər səhiyyə sistemində məsul görəv daşımağınız, çoxsaylı şeir kitabları dərc etdirməyiniz, ailə durumunuz, üç övlad, neçə-neçə nəvə sahibi olmağınız... haqqında geniş, yerli-yataqlı bilgi-məlumat verməyəcəm. Çünki Hüseyn Abbaszadə, Vaqif Yusifli, Vaqif Bəhmənli, Flora Xəlilzadə, Məsaim Abdullayev, Esmira Fuad, Zülfüqar Şahsevənli, Sərvaz Hüseynoğlu, Əbülfət Mədətoğlu, Ağacəfər Həsənli, Aydın Xan Əbilov, Tofiq Nurəli digər çoxsaylı tanınmış yazıçı, şair, tənqidçi-əbəbiyyatşünas, jurnalistlərdən ibarət müəlliflər ordusu sözügedən məsələləri bu ya digər yubileyinizlə bağlı, yaxud "İl ayrıcında", "Qayıt, məni qınamağa", "Mənim şair anam", "Şeiriyyətim, şeirim", "Bu da bir istəkdir", "İstəyimin qolları" kitablarınızdan hər hansı biri haqqında resenziyalarında yetərincə yazıblar. Həm məni sizin təqvimi deyil, yaradıcılıq bioqrafiyanız, rus filosofu Berdyayevin ifadəsilə desəm, "ruhi-mənəvi, daxili tərcümeyi-halınız" maraqlandırır. Çünki söhbət şeirdən, bəzən ilham, bəzən, hətta vəcd, ekstaz durumuna düşən şairin əksərən özünün belə anlamadığı ruhsal ya sonacan anlamadığı idraki olaydan gedir.

bu yöndən yanaşanda, sizin 70 illik həyatınızın aşağı-yuxarı, 50-60 ilini çevrələyən yaradıcılıq ömrünüzü iki dönəmə bölərdim - daha çox ürəklə bağlı birinci daha çox ağılla bağlı ikinci dönəm. Yəni sizin şair ömrünüzün dinamikası klassik Şərq ədəbiyyatı düşüncəsinin özülündə duran eşq ağıl qarşıdurması - "münazireyi-əqlü eşq" məsələsi ilə şərtlənir bu, məntiqidir: klassik Şərq ruhu ədəbiyyatına bağlılığı ilə seçilən, Azərbaycanın "şərqi" adlandırıla biləcək cənub bölgəsindənsiniz; fars dilini bilmək hesabına klassik Şərq ədəbiyyatı ənənələri ilə birbaşa ünsiyyətdə olmusunuz; Füzulinin "Leyli Məcnun"undan ərəbcə girişi söhbət əsnasında əzbər deyirsiniz... Amma mövzuya sinxron yanaşsaq, bütün bölgülər şərti olduğu kimi, mənim ürək-idrak bölgüm mütləq deyil. Diaxron yanaşanda isə, insanın şeirə yanaşması zamanla dəyişir bunu siz özünüz şeirlərinizdən birində belə deyirsiniz:

 

Əvvəl ürəyimdən qopub gəlirdi,

İndi idrakımın məhsulu şeirim.

 

İstər ürək, istərsə idrak şeirləriniz olsun, istər əruzda qəzəl, istər hecada bayatı, gəraylı ya qoşma, istərsə , sərbəstdə yazın, fərq eləmir, sizin düşüncənizin tipologiyası üçün pedaqoji bir nizam-intizam səciyyəvidir. Bu şeirlər ot-ələf, kol-kos basmış cəngəlliyi yox, qol-budağı səliqə ilə budanmış ağacların, kolların sıralandığı parkı xatırladır. Şairdən əndazəni gözləməyi, həddini aşmamağı çox sərt şəkildə tələb eləyən fransız ədəbiyyatşünası Bualo bu cəhətinizə görə, olsun ki, sizi Şekspirdən üstün tutar, "ağlına gələni uydurduğu" "gənclərin əxlaqını pozduğu" üçün Homer Hesiodu özünün ideal dövlətinə qoymayan Platon, bəlkə , qapıları sizin üzünüzə açardı. Amma məhəbbətin azadlığı, hər cür yasaqdan üstünlüyünü vurğuladığınız bir sıra şeirləriniz, özəlliklə kutsal kitaba redaktə cəhdində bulunduğunuz "Zina, ehtiras, sevgi" şeirinizi oxusa, hər cür cismanilikdən arınmış platonik duyğuların ifadəçisi olan filosof, məncə, sizə qapını göstərərdi:

 

O qədər güclü hissdir ki, bu miras,

hətta Adəm babamızı da çıxarıb yolundan,

unudub Allahı, tutanda Həvvanın qolundan!

Heyrət! Heyrət!

Tanrının öz yaratdığı deyilmi,

            bu ecazkar təbiət?!

Gözəlliyi görməməkmi olar?

Sevgiyə, istəyə "yox" deməkmi olar?!

 

 

Antik filosof fransız tənqidçisi ilə bağlı yuxarıda gəldiyim sonuclar, şübhəsiz ki, bir ehtimal, gümandır. Amma "Mən saray şairi ola bilmərəm" şeirinizdəki şairin düşüncə sərbəstliyi ideyası ilə ömrü boyu imperiyanı mədh eləyib, axırda peşman olan dəlilik əzabları içində ölən Vergili, saray intriqaları üzündən zindana düşən Xaqani, bu intriqaların qurbanı olan Vaqif Puşkin, hökmdarların dəvətlərini nəzakətlə rədd eləyən Nizami kimi klassiklərin birmənalı razılaşacağı şübhəsizdir. Xaqani Nizami bu şeirdə, həm indi az qala unudulmuş klassik məsnəvi formasına üz tutduğunuza görə sizi öz ardıcılları sırasına qatardılar:

 

Gərək silkələsin haray şairi,

mən ola bilmərəm saray şairi!

Mədh üçün sarayda qalsam, ölərəm,

saraylardan ilham alsam, ölərəm!

Məqsədli ağlaya, gülə bilmərəm,

Mən saray şairi ola bilmərəm!

 

Məni isə burda ilgiləndirən başqa şeydir - doğrudanmı, çağdaş sivilizasiya dönəmində saray şairi anlayışı öz aktuallığını itirməyib? Nəinki Avropa, hətta yarımavropa olan Türkiyənin özündə mədhiyyə janrı artıq ədəbiyyat tarixi faktına çevrilib. Sayın Ərdoğan cənabları haqqında "Xoş gəldin" rədifli bir şeir yazmışdım dərc olunmaq üçün Türkiyədəki dostlar vasitəsilə qardaş ölkənin bir çox dərgi qəzetlərinə üz tutdum. Hamısının cavabı bir oldu - bizdə mədhiyyə janrına orta çağlara məxsus bir şeylər kimi baxılır. Halbuki, mən Ərdoğan sarayının məddahı deyiləm, bu şeiri yazmaqda da heç bir umacağım-filanım yox idi, sadəcə, Türkiyə cümhurbaşqanının Qarabağ sindromunun çözülməsində Azərbaycana göstərdiyi qardaşlıq dəstəyinə görə minnətdarlığımı ifadə eləməyə çalışmışdım.

Sizin Allaha müraciətlə yazılan, sevgi gözəlliyi vəsf eləyən, sosioloji sorunları qabardan, özəlliklə , məmur özbaşınalığını kəskin tənqid hədəfinə çevirən, Qarabağ şəhidlərə, Vətənə dair çoxsaylı şeirləriniz var. Son kitabınızın tərtibatında, hətta minillik gələnəyi pozaraq, Vətən haqqında şeirləri Allaha dair şeirlərdən əvvələ salmısınız bu yöndən iyirminci yüzilin başlanğıcındakı romantik poeziyamızın - Cavid, Hadi, Səhhət digərlərinin mənəvi varisi kimi çıxış edirsiniz. Həmin romantiklərdən biri olan Cabbarlı ünlü "Ana" şeirində Ananı Allahdan irəli gördüyü kimi, siz "Ey Vətən" şeirinizdə anaların anası Vətəni kutsal ziyarətgahdan üstün tutursunuz:

 

Mənim Kəbəm sən, Mədinəm sən,

Bir daşın bəs eylər min heyrət üçün!

Bir ovuc torpağın yetər, ey Vətən,

Yüzlərlə zəvvara ziyarət üçün!

 

Bəs, niyə mən "Mən saray şairi ola bilmərəm" şeiri üzərində xüsusi dururam? Çünki yazımın əvvəlində 70 illik daxili tərcümeyi-halınızdan danışacağıma söz vermişdim məncə, məhz bu şeir sizin düşüncə dramınızda həlledici razvyazka anını əks etdirir. Görünür, uzun sürən konfliktoloji durumlardan sonra həyatınızın seçimi qarşısında qalmış nəhayət, qərar vermisiniz. Sözügedən şeir bu daxili qərarın poetik ifadəsi kimi doğulub. Bu şeirin yazıldığı gün, əslində bir şair kimi, sizin ikinci doğum gününüzdür sizi, həm bu mənəvi doğum gününüz münasibətilə təbrik edirəm! Ona görə ki, sarayın tələbləri ilə yaradıcılığın sərbəstliyi bir araya sığmır - o ya sarayı seçib məmur, ya da öz komasını seçib şair olmalıdır. Xüsusilə , bütün klassik ədəb-ərkan nəzakət qaydalarına riayət eləməyinizlə yanaşı, sizin kimi sosial ədalət mövzularında üsyankar ruhlu, sərt intonasiyalı şair üçün. O qədər üsyankar o qədər sərt ki, bəzən etirazınız, hətta Allahın ta özünə qədər gedib çıxır:

 

Səndən ucalığa bir varlıq yetməz,

nəzər-diqqətindən bir zərrə itməz.

Sənsiz bir ot bitməz, bircə an ötməz,

Özünü göstərsən, olar, Allah?!

Sənin varlığına şübhəm var, Allah!

 

"Mən saray şairi ola bilmərəm"in üzərində xüsusi dayanmağımın ikinci məncə, daha önəmli bir səbəbi var - sizin burdakı fərdi seçiminiz xalqımızın bir mərhələdən digərinə keçidlə bağlı tarixi seçimiylə üst-üstə düşür. Bu şeir yazılanda - ötən əsrin sonlarında biz mədəniyyət dövrünü yaşayırdıq onda saray şairi məsələsi hələ aktual idi. Yeni əsrə minilliyə keçid, alman filosofu Şpenqlerin terminlərilə desəm, "mədəniyyət"dən "sivilizasiya"ya keçid demək oldu, parametrlər radikal dəyişdi saray şairi problemi öz önəmini avtomatik olaraq itirdi. Baxın, 90-cı illərdə, hətta Çin səddi kimi aşılmaz maneələri aşan saray ədəbiyyatı yeni minillikdən etibarən, necə sönməyə başladı öz ömrünü tragik bir finalla başa vurdu. Çünki yeni dönəmdə heç kəs heç kimdən saray şairi olmağı gözləmir, belə tələbat yoxdur. Amma bu dəyişkənlik sizin şeirinizin ən azı, tarixi önəmini azaltmır. Bu, sadəcə, bir şeir, sənət yox, həm tarixi sənəddir!

Xoşdur ki, sizin təkcə tarixə yox, gələcəyə tuşlanan futuroloji səciyyəli şeirləriniz var. Bu şeirlər süni intellekt erasının gətirdiyi radikal dəyişikliklərin doğurduğu doğuracağı uzaqgörən həyəcanlarla aşılanıb:

 

Bir yanda şər-savaş, bir yanda böhtan,

kim keçər yığılan günahımızdan?!

Allah, mən qorxuram, yaman qorxuram,

əlli il sonrakı sabahımızdan!

 

Əziz Fəxrəddin müəllim, əlli il sonra olacaq, bunu bilən yalnız Allahdır! İndi isə, eləcə indidir sizin yubiley yaşınız tamamdır! Bu əlamətdar gündən dolayı, bütün dostlar qələm yoldaşları, həkimliyinizi göz önünə alsaq, sağlamlar xəstələr adından sizi ürəkdən qutlayıram! İnanıram ki, yaşınızın bu müdrik çağında da öncələrdəki cavanlıq eşqiylə yazıb-yaradacaq, öz həyatsevərliyinizlə bizi sevindirəcəksiniz!

 

Əsəd CAHANGİR

Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 22, 23.