Fərman Kərimzadə
- böyük sözdən
və böyük ağrıdan yıxılan
adam...
...Yazıçıydımı,
sərkərdəydimi? Allah
bilir...
Hanı qəbirlərin, Sarı dolama,
Onlar ki, əbədi yatmalıydılar.
İgid yurdumuzda minib atlara
İqlimdən-iqlimə
çapmalıydılar.
Şahpəri nənəmin atlı
başdaşı,
Babamız Kərimin çatlı
başdaşı,
Suçu Məhəmmədin saplı
başdaşı
Burdan ayaq tutub haraya getdi?
Qaşıqçı Usubun qisməti
buymuş,
Aşıq Muxtar səssiz, sözsüz
uyumuş,
O nə düyün imiş, o nə toy
imiş.
Yatanlar oyanıb oraya getdi.
Bu daş ümmanında daşmı az
idi?
Gözdən bura axan yaşmı az idi?
Bəyəm görülməyə
işmi az idi?
Daşlar bostan kimi uraya getdi.
Yatanlar elindən düşəndə
uzaq,
Qəbirlərdə onlar sakit yatacaq?
Əbədi məskəndən
düşərək qaçaq
Bu eldən o elə haraya getdi.
Vedinin yanı dağlar,
Ürəyi canı dağlar.
Burda bir el yatırdı,
Siz deyin, hanı dağlar.
Hanı qəbirlərin, Sarı dolama,
Onlar ki, əbədi yatmalıydılar.
İgid yurdumuzda minib atlara
İqlimdən-iqlimə
çapmalıydılar...
Fərman Kərimzadə bu şeiri
1986-cı ildə - Naxçıvandan keçib dədə-baba
yurdu Vedibasarı ziyarət edərkən yazıb. Vedi və
vedililər yerindəymiş. Amma Sarı dolamadakı qəbirlər
yox imiş... Əbədi yatmalı olanların ruhu perik
düşübmüş... Ermənilər Sarı
dolamadakı məzarlığın üstündən yol
çəkiblərmiş...
Şeirin içindəki
məşhur bayatı
da Fərman Kərimzadənindır. Onu
1987-ci ilin fevralında, Abbasqulu
bəy Şadlinskinin anım günündə Alim Qasımov oxuyub. Kərimzadənin etnoqrafik eskizləri -
"Vedinin yanı dağlar"ı da həmin harayla bitir: "Oxu, səsinə qurban, zildən oxu!".
İki il
sonra Kərimzadənin
də qanadları dərdin "Ağ Segah"ında, Vedinin yanındakı dağların
xiffəti, Sarı dolamadakı ruhların deyil, Vedibasardan qovulmuş elin nisgili ilə qırıldı. "Təbriz
namusu"ndakı şaman
kimi "yer günahkarları" onun
da qanadlarını qırdı. Fərman Kərimzadə yarı yolda, Vedidə deyil, Tərtərdə, Vedili qaçqınların
hüzurunda böyük
sözdən, böyük
Vedidən, böyük
ağrıdan, Ağrının
ətəklərindəki geniş,
doğma və qürbət vadidən yıxıldı... Yıxılanda
52 yaşı vardı...
"Qarlı aşırım"da
Kərbəlayi İsmayılla
Abbasqulu bəy Şadlinskinin üzünə
ağ ola bilməməsi səbəbilə
ədəbiyyata bəylik
ənənəsi, əsilzadəlik
ovqatı gətirən
Fərman Kərimzadə
ədəbi düşüncədə
elə qızıl hədd müəyyənləşdirdi
ki, ondan sonra bir daha
Abbasqulu bəylə Kərbəlayi İsmayıl
bir-birinin sınırlarını
aşa bilmədilər.
Ardıyca ədəbiyyatımızda
batin, gizli sirlərin izharına rəvac verən "Xudafərin körpüsü"
yarandı. Yarandı və sirr batini
bəyan etdi. Bəyan etdi ki, insan nurdan
ibarətdir. "Nurdan
ibarətdirsə, demək
o, nurun, Allahın əksidir. Söz yox ki, insan-nur
əməli təmiz,
qəlbi pak insanlardır. Onlar öz yaradıcıları
ilə birləşirlər...
İnsan da iki cürdür. Kamil və qeyri-kamil.
Qeyri-kamillər nur parçası ola bilməz. Nur olmaq üçün o, əslən də, mənən də, daxilən də, xaricən də pak olmalıdır. O nur-insanlar öz tərəfdarlarını artırmaq
üçün iş
görməlidirlər...".
Bu, Şeyx
Heydərin Hüseyn Lələyə açdığı
Şeyx Səfinin batin sirlərindən biriydi. Və bunu Şeyx Səfinin dilmancı Fərman Kərimzadə
"Xudafərin körpüsü"ndə
yazırdı. 1982-ci il
idi. Adamlar hələ "Səffətüs-səfa"nı
oxumamışdılar.
Ərdəbil xanəgahına
ruhani bağlılığı,
Şah İsmayıl sevgisi onu səfəviyyə
təriqətinin (və
fəlsəfəsinin) zamanımızda
yaşayan mürşidinə
çevirmişdi. Həmin
sirlərə, çoxdan
qeyb etdiyimiz pünhan fikirlərə yiyələnmək üçün
Fərman Kərimzadənin
zamanla irtibatı ruhani səciyyə daşıyırdı. Savalandan
Ağrıya, Ərdəbildən
Qarabağa, Təbrizdən
Bakıya, Naxçıvandan
Dərbəndə qədər
irfanımız "Xudafərin
körpüsü"nün nüvəsində qovuşub-birləşmişdi.
O doğma maddi və ruhi sərvətlərin
toplusu ki, biz onlardan çox-çox
uzaqlaşmışdıq - bax o dəyərlər,
"Xudafərin körpüsü"nü
oxuduqca yaddaşımızda
ehya tapırdı. Dönə-dönə oxuyurduq.
İnanırdıq ki,
yaddaşımızı yaşadığımız
o yad sistemin cadusundan etsə-etsə bu roman xilas
edəcək.
"Çaldıran döyüşü"ndə
qəddarlığı da
sevgi doğuran Şah İsmayıl vardı. Şahqulu üsyanından sonra nicat üçün Şah İsmayıla pənah gətirib edam olunanların sınağa çəkilmiş
sevgisi vardı. İbrahimin İsmayıla
olan sevgisi kimi burda da
əziz olan bir varlıq ən əziz olanın naminə qurban verilirdi. Oxuyurduq: "Mürşidi-kamilim,
sizin hökmünüz
"Quran" ayəsidi,
bu öz yerində. Mən bir şeyi bilmək
istəyirəm. Bu bədbəxtlər, axı
Əli yolunda nə qədər qan axıdıblar. Neçə min adam şəhid olub. Onları həmin şəhidlərin
qanına bağışlamaq
olmazdımı?". Zamanın
xilaskarı isə edam hökmündə qərarlıydı: "Yox,
Xan Məhəmməd.
Bunlar da gərək orda şəhid olaydılar. Nə var, niyə
qaçıb mənim
üstümə gəlirsiniz.
Bəs o torpaqlarda kim qaldı! Sizin qorxaqlığınızı
görən camaat da qaçıb gələcək. Axı,
orada bizim nə qədər tayfalarımız var! Onlar indi yer-yurdlarından
didərgin düşüb
gəlib Təbriz bazarında dilənçilik
eliyəcək? Asılsınlar!".
Dədə-babaları Vedibasardan
zorla köçürülmüş
Fərman Kərimzadə
sonuncu köç dalğası başlamazdan
öncə belə yazmağı zəruri bilirdi. Qoy, yenə
də heç kəs Şah İsmayılı başa
düşməsin. Heç
beş yüz yaşlı Xan Məhəmməd Ustaclu da onu anlamasın.
Yetər ki, onun qərarı dəyişilməsin: "Axı
bu fərarilərə,
doğma torpağını
qoyub qaçanlara bundan əskik cəza versə, onda Xorasandan da, Bağdaddan da onun dili
bir, qanıbir qardaşları qaçıb
gələr. Yurd, torpaq özgələrə
qismət olar. Nə vaxta qədər
bu millət öz canının qorxusundan vətənini, torpağını atıb
qaçacaq… Mən hələ fərman verməliydim ki, onların meyitlərini də aparıb gəldikləri torpaqlarda basdırsınlar".
Həyatda gördüyüm
ilk və son Səfəvi yazıçısı Fərman
Kərimzadə neçə
əsrlərdir ki, yol gələn iman və düşüncə
cərəyanlarını yaddaşında
əsl estet fəhmi ilə yaşadırdı. Tiflis prospektindəki mənzilində
divanda əyləşib
"Nizami. Xəmsə.
Miniatürlər" kitabını
vərəqləyə-vərəqləyə
Sultan Məhəmməd
barədə danışdığı
söhbətlərini xatırlayıram.
Harmoniya, hədsiz dinamika, məkana hakim kəsilmiş simmetriya, əbədiyyət
ağacının yaşıl
sirri, bir sözlə, Səfəvi
dövrü Təbriz
rəssamlarının, özəlliklə,
Sultan Məhəmmədin
ruhsal dünyası Kərimzadənin sığındığı
mənəvi məkan
idi. Və o, bu məkanın hər guşəsinə,
hər hücrəsinə
bələd idi. Hərdən, sanki vəcdə gələr, talisman kimi bir
daşı götürüb
(onda belə daş parçaları çox idi) barəsində heyrətlə
danışardı. İndi
harda olduğunu bilmədiyim zəngin kolleksiyası vardı. O daş parçalarından
birini heç unutmadım. Adi gözlə baxanda heç nəyi əks etdirməyən daşın üzərində
tor süzüb balıq ovlayan qayıqçının, tordakı
balıqların təsvirini
yalnız işığın
proyeksiyasına uyğun
görmək olurdu. O daş parçasını
mənə göstərdiyi
günün dəqiq tarixini bəlləmək üçün gündəliyimə
baxıram. 1983-cü ilin
3 noyabrı imiş. Bayıldakı İliç
adına mədəniyyət
sarayında "Xudafərin
körpüsü"nün müzakirəsindən sonraymış.
Həmin tədbirdə
Nazif Qəhrəmanlı,
Loğman Rəşidzadə
və tələbələr
adından mən danışmışdım.
1982-ci ildə Fərman Kərimzadə məni rəssam Asif Azərellinin Vidadi küçəsindəki emalatxanasına
apardı. Azərellinin
"Qarabağlı qoca"
tablosunu çəkdiyi
vaxtlar idi. Sonralar Qarabağ nisgilimiz "Qarabağlı
qoca"nı əziz
bir tabloya çevirdi. Yadıma gəlir, o vaxt Asif Rzayev olan
Asif Azərelli də, yəqin, bunu unutmayıb, "Qarabağlı qoca"nın
hasilə gəlməsini
Fərman Kərimzadə,
bəlkə də, rəssamın özündən
çox arzulayırdı.
Nüsrət Kəsəmənli
də həmin gün Asifin emalatxanasına gəlmişdi.
Kəkotulu çay içib söhbət edirdilər. Rəssamlıqda
ən yeni cərəyanlardan söz düşdü. Sultan Məhəmməd heyranı
olan Fərman Kərimzadə avanqard sənət barədə çox sərt danışdı. Nüsrət
Kəsəmənli "Bu
gün səni tanıya bilmirəm, Fərman" - dedi. Fərman Kərimzadə isə "mən bu gün olduğum
kimiyəm", - deyib
söhbəti tamamladı.
Ortaya sükut çökdü. Emalatxanadan
çıxırdıq. Dəhlizdə
başqa bir molbertin üzərinə Asif Azərellinin sifarişlə çəkdiyi
hansısa rus aliminin portreti qoyulmuşdu. Çıxaçıxda
sükutu yenə Fərman Kərimzadə pozdu. Fırçanı götürdü, rəngləri
qarışdırdı. Rus
aliminin sarı saqqalını qaraltdı,
başına qaragül
dərisindən papaq çəkdi. Nüsrətin
"Neynirsən?" - sualına
isə "Yaxşı
edirəm. Belə lazımdır", - deyə
cavab verdi.
***
Fərman Kərimzadə
ilə tanış olduğum günü xatırlayıram. Onda
1977-ci il imiş, 7-ci sinifdə oxuyurmuşam. Bizim rayona gəlmişdi.
Axşamlar qızılgüllü
həyətimizdə oturub
gecədən keçmişə
qədər atamla söhbətlər edərdi. Söhbətlərini
təfsilatı ilə
xatırlamasam da, məzmununu xatırlayıram.
Kərbəlayi İsmayıldan,
Şadlinskidən, Qəmlodan
danışırdılar. Bizə,
adətən, axşamlar
gələrdi. Gündüzlər
isə rayon mərkəzindəki parkda
yeni tikilmiş kafenin divarlarına mozaik daşlardan rəsmlər hörərdi.
Rəssam idi axı. Ruzisini həm də belə qazanardı. Və heç kəs də inanmazdı ki, bu adam "Qarlı
aşırım"ın müəllifi Fərman Kərimzadədir. İndi
Fərman müəllimin
əlləri ilə düzdüyü rəngbərəng
daşlar həmin kafenin yalnız bir divarında qalıb. Üstünə
də əhəng çəkiblər. Başqaları
belə etməzdi. Öz böyük yazıçısının əl
işini abidələşdirərdi...
Təbriz namusunun,
Qarabağ heysiyyətinin
təəssübü, bəlkə,
daha çox erməni amilinə nifrət onu tarixin dərinlərinə
- Çingiz xana, Çingizə ad verən şamana (mifolojidəki Göycə
Şamana), Elxanilərə,
Əmir Çobana, Əbu Səidə, hətta Şeyx Səfiəddinin tövsiyəsi
ilə Rəşidəddinin
"Cami ət Təvarix"inə, Nadir
şaha, Pənah xana qədər alıb-apardı. Fəzlullah
Rəşidəddinin də,
Rəşidəddinin kitabını
interpretasiya ilə Alankovanın da bədii obrazı Azərbaycan ədəbiyyatına
ilk dəfə Fərman Kərimzadənin
qələmi ilə gəldi. Kərimzadənin
"Təbriz namusu"nda
Çingiz xanın yeddinci babasının anası Alankova göydən enən Altun İşıqdan deyil, Bayat boyundan
olan Orxandan hamilə qaldı. Mifik tarixdə Altun İşıq, yaxud Boz Qurd
olan varlıq Fərman Kərimzadənin
fəhmində və qələmində Bayatlı
Orxana çevrildi. Mifolojinin bədii mətnə bu şəkildə, belə
bir vüsətlə tətbiqi Azərbaycan ədəbiyyatında yeni
hadisəydi. Bayat boyundan olan Orxanın
mifoloji mətnə əlavə edilməsi isə yazıçının
milli zəfəriydi. Yusif Vəzirdən sonra Qarabağ xanlığının tarixi
taleyini romanlaşdıran
ilk yazıçımız
da o oldu. 1988-ci ildə yazdığı son romanını - "Qoca qartalın ölümü"nü Qarabağa
həsr etdi. Və son romanında
ədəbiyyatımızda ilk dəfə Qarabağın yaşıl,
üstündə iki qılıncın çarpazlaşdığı
bayrağını da
o dalğalandırdı.
Nizaməddin Onk
Fərman Kərimzadənin
Vedibasardan olduğunu bilincə "Əfəndim,
Vedibasardan yazıçı
yox, sərkərdə
çıxar" - demişdi.
52 illik ömrünün
qürubunda Kəlbəcərdə,
Tərtərdə qaçqının,
köçkünün qabağına
düşüb Kremləcən
getdi. Adamları öz halal puluyla
Moskvaya apardı ki, dərdlərini izhar etsinlər.
...Yazıçıydımı, sərkərdəydimi?
Allah bilir...
Azər Turan
Ədəbiyyat
qəzeti. - 2023. - 30 dekabr, № 51. - S. 12-13.