"Qətl günü"ndən
əvvəl
25 dekabr Yusif Səmədoğlunun
doğum günüdür
"Dərd də azar kimi gələndə batmanla gəlir"
Xalq yazıçısı
Yusif Səmədoğlunun
"Qətl günü"
romanı haqqında istər onun sağlığında, istərsə
də vəfatından
sonra xeyli yazılar çap olundu, bu roman neçə dilə tərcümə olundu, yayıldı, Azərbaycandan
çox uzaqlarda yazıçını tanıtdı.
Amma mən bir daha bu romandan
yox, onun üç hekayəsindən
söz açmaq istəyirəm.
"Qətl günü"nə qədər
Yusif Səmədoğlunun
cəmi iki hekayələr kitabı
("220 ¹-li otaq - 1960, "Qalaktika" - 1973) çap
olunmuşdu. İki kitabda cəmi 11 hekayə... Amma "Astana", "Bayatı-şiraz", "İncə
dərəsində yaz
çağı" hekayələri
də yazıldı...
Sözümə "İncə
dərəsində yaz
çağı" hekayəsinin
sonluğundan başlamaq
istəyirəm.
"Sayalı arvad... elə bu vaxt başı
üzərində səhərki
uğultunu eşitdi. Başını yuxarı
qaldırıb seyrək
buludlardan aşağıda
uçan səhərki
vertolyotu gördü.
Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə
gəlsəydi belə
qorxmazdı. İçi-içalatı,
sümükləri birdən
don tutub, onu qara qızdırmalılar
kimi titrəməyə
saldı. Əlini qoynuna salıb pulları çıxartdı.
Vertolyotun yönəldiyi
səmtə sarı qaçmağa başladı.
Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:
- Əylə, başına dönüm,
əylə, ay doxtur! İncəli Çərkəz
ölüm ayağındadır.
Başına dönüm,
ay doxtur. O da hökumət
adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!..
Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə
yıxıldı".
Bu səhnə mənim fikrimcə, analoqu olmayan bir səhnədir. Hekayə yetmişinci illərin sonlarında dərc edilib. Elə bir vaxtda
ki, sovet quruluşu hələ ən böhranlı çağına
gəlib çatmamışdı.
Doğrudur, daha Xuruşşov dövründə
olduğu kimi kommunizm illüziyaları,
ideal cəmiyyət arzuları
insanları məşğul
eləmirdi, amma sosializm deyilən quruluşa inam hələ sarsılmamışdı.
Sosializm bir SİSTEM kimi dünyaya meydan oxuyurdu. Ancaq bu sistemin
və quruluşun gec-tez dağılacağına,
hətta yerlə-yeksan
olacağına inananlardan
və bunu gözləyənlərdən biri
də Yusif Səmədoğlu idi.
"Böyük kommunizmin
sabahına mən, Sadə xatirə tək gəlməyəcəyəm"
deyən böyük Səməd Vurğunun oğlu Yusif Səmədoğlu...
Cəmiyyət artıq
qütbləşməyə doğru gedirdi. "Bakıda bütün ölü dirildənlərin
ən böyüyü"
rayonun "ağası"
Salahovun bircə zəngi ilə vertolyotla onun baldızını sağaltmağa
gəlir. Amma kolxoz quran, bandit tutan "hökumət adamı"
Çərkəz kişi
unudulur. Söhbət ondan getmir ki, Çərkəz kişinin
dərdinə, xəstəliyinə
əlac yoxdur, bu gün-sabahlıqdır,
söhbət ondan gedir ki, sosializm idealları puç olmuş və indi özünə qarşı çevrilmişdir.
Yusif Səmədoğlu
cəmiyyətdəki hərcmərcliyi,
xaosu, təbəqələşməni
və bütün bunların doğulduğu
fəlakətləri bir
yazıçı kimi
hiss edir və görürdü. O, işıqlı
ideallardan" yaza bilmirdi və yazmadı da...
"İncə dərəsində yaz çağı", "Bayatı-şiraz",
"Astana"... Bu üç hekayə "Qətl günü" romanından
öncə yazılıb
və əgər belə demək mümkünsə, onlar
"Qətl günü"nün
çox yaxşı
- professional məşqləridir. Hətta mənə elə gəlir, bu hekayələrin hər birinin romanın yazılmasında
müəyyən rolu
olmuşdur. Onların
hər biri müstəqil hekayədir,
amma bu hekayələrin
üçünün də
bir-biri ilə bu və ya
digər dərəcədə
bağlılığı var.
Yusif Səmədoğluya
məxsus təhkiyə
tərzi, təsvir ustalığı, nəsr
ahəngi həm hekayələrdə, həm
də romanda davam etdirilir. İdeya-məzmun planında
yanaşıldıqda isə
bu bağlılıq daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin
alçaldılması, mənəviyyat
böhranı, cəmiyyətin
çıxılmazlığa yol alması, ölüm və qətllərin labüdlüyə
çevrilməsi romanda
da, hekayələrdə də
diqqəti cəlb edir.
Yusif Səmədoğlunun
"Astana" hekayəsi belə
bir proloqla başlayır: "Ölüm
var ölümdür, ölüm
də var zülmdür".
Bu fikrin yazıçının
əsərlərində tez-tez
təsadüf olunan ölümlərə, qətllərə
bilavasitə dəxli
var.
Ümumiyyətlə, Ölüm
faktoru insan həyatının danılmaz
və qaçılmaz
məqamıdır. Bütün
yollar ölümə
aparır, amma bu yollar da müxtəlifdir
və sonu şərəfli ya şərəfsiz şəkildə
başa çatır.
"Astana"dakı ölüm
labüd və qaçılmazdır (intihar
olsa da, başqa çıxış yolu yox idi), "Qətl günü"ndəki
ölümlərin də
bir çoxu məntiqi sonluqla başa çatır.
"O, çamadanı
açdı. Ordaydı:
səkkiz dənə gülləsi, biri də ayaqda. Tapançanı çıxarıb
ucadan, lap ucadan dedi:
- Ay apardınız
ha!
Soyuq lüləni ağzına soxdu və tətiyi çəkdi.
Həmin anda - gecəydimi, səhərdimi,
gündüzdümü, bilmirdi
- həmin anda gözlərinin işartısından
irəli düşən
işıq dairəsində
öz növbəsini
gözləyən nizə
vıyıltı ilə
havanı yarıb harasa uzağa süzdü, həmin anda Bakının müsəlman qəbiristanında
qara torpaq altında kəfənə
bürünmüş bir
qarı elə ufuldadı ki, o biri meyitlər də eşitdi".
"Başları
üzərində mis qabdanda
yanan zəif çırağın işığında
divarlardakı buz qatı da, dizdən yuxarı iki bədəni örtmüş
sal buz da qırmızımtıl rəngə
çalırdı və
qırmızımtıl buz,
bədən boyu, su kimi yuxarı
axıb hülqumlarına
çatanda, hökmdar
daha heç bir şey görmədi.
"Astana" və
"İncə dərəsində
yaz çağı"
hekayələrində mənəvi
depressiya problemi də diqqəti cəlb edir. Doğrudur, ikinci hekayədə kolxoz qurub bandit tutan hökumət adamı Çərkəz kişinin
ölümünü görmürük,
ancaq onun ölümü və qalımı heç bir əhəmiyyət daşımır. Çünki
Çərkəz kişinin
mənsub olduğu köhnə qvardiyanın
- bandit tutan, kolxoz quran hökumət adamlarının çoxunun
indi bir qara qəpik qiyməti yoxdur. Onlar indi az
qala gülüş və məsxərə hədəfinə çevrilmişlər,
uzaq başı orden və medallarını
taxıb hansı bir iclasdasa rəyasət
heyətində mürgüləyirlər,
onların öz qanı bahasına qurduqları hökuməti
indi qətiyyən onlara oxşamayan xələfləri idarə
edir. Onların çoxu talançı, rüşvətxor və hər cür pis əməllərin sahibidirlər. "Astana"dakı
obraz kimi.
Bu mənada
"Astana" hekayəsi "İncə dərəsində
yaz çağı"nın
məntiqi sonluğudur.
Sanki bir nəfəsə yazılmış
bu hekayədə cəmi bir saatın
əhvalatı nəql
edilir -obrazın keçirdiyi psixoloji sarsıntılar, ölümqabağı
düşüncələr və gözlənilən
ölümün - intiharın
labüdlüyü, qaçılmazlığı
təsvir olunur. Amma bu bir saatın
içində obrazın
həyatı, ömür
yolunun xarakterik səhifələri, mənəvi
dünyası, düşdüyü
mühiti də diqqətdən yayınmır.
Yusif Səmədoğlu
nəsrində zamanlar
arasında əlaqə
və keçidlər
çox məharətlə
bir-biri ilə qovuşur, sanki bir zamana çevrilir.
Bu retrospektiv üsul obrazın tam və bütöv qavranılmasına
xidmət edir. Əməllərinə görə
ən müdhiş təsir bağışlayan
insanın içində
də hələ öləziməyən işıq
boylanır...
Ümumiyyətlə, Y.Səmədoğlunun heç
bir nəsr əsərində kəskin,
lap elə mülayim şəkildə bölgülənən,
qütblərə ayrılan
"mənfi-müsbət" obrazlara təsadüf olunmur. O, tarixi keçmişə müraciət
edəndə də, müasirlərinə üz
tutanda da "müsbət"i
müsbət, "mənfi"ni
mənfi kimi qabartmağa və... bunların hər birisinə mövqe ifadə etməyə ehtiyac duymamışdır.
Təsvir olunan hər bir obraz
doğulduğu gündən
son anınacan yaxud oxucuya təqdim edilən son durumunacan real və təbii şəkildə: malik olduğu
düşüncə tərzi,
həyata və gerçəkliyə özünəməxsus
münasibəti baxımından
təsvir obyektinə çevrilir.
"Qalaktika"
hekayələr kitabından
sonra Yusif Səmədoğlunun nəsr
yaradıcılığında fasilə yaranır. Bu arada o ancaq bir
hekayə yazır
("Bayatı-şiraz"). Ancaq onu çap
etdirməyə müvəffəq
olmur. Yalnız 1987-ci
il "Ulduz" jurnalının
2-ci sayında hekayə
işıq üzü
görür. O zaman çoxları
Y.Səmədoğlunun
belə bir hekayə yazdığından
xəbərdar idi. Bu,
o zamana görə çox "xatalı"
hekayə idi. Çünki hekayədə
QLAVLİT-in asanlıqla imtina
edə biləcəyi,
çapına icazə
verə bilməyəcəyi
məqamlar az deyildi. Həmin hekayədə söhbət
heç də bir cümlə, bir neçə cümlə və yaxud bir neçə
abzas üstündə
getmirdi, söhbət və mübahisə bu hekayənin məzmununda idi, mahiyyətində idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda sovet ideologiyası hələ çox güclü idi, sistemin arzulamadığı
ədəbi qəhrəman
heç cür qəbul oluna bilməzdi.
Əsərin "qəhrəmanı"
Səbzəli dayı
nə 30-cu illərin inqilabçı obrazlarına,
nə "kolxoz quran, bandit tutan" personajlara, nə də zərbəçi əmək qəhrəmanlarına
bənzəyirdi. Səbzəli
dayı - bu bədbəxt insan restoran çalğıçısı
idi. Hər gün tavada bir yumurta qayğanaq
edib, öz mənasız çalğısı
ilə (kontrabasda) yeyib-içənləri əyləndirən,
çox zaman gülüş
və ironiya hədəfinə çevrilən
bu qoca zavallı
müharibə illərində
"Hitleri təriflədiyi
üçün" (bunu
zorla onun boynuna qoyurlar) üç-dörd il qazamatda
yatır. Belə bir zavallı insan ədəbiyyatın qəhrəmanı ola bilərdimi?
Təbii ki, sovet ədəbiyyatının "ənənələri"
belə bir qəhrəman tipini inkar etməli idi. Əgər "Bayatı-şiraz" yazıldığı
dövrdə - 60-cı illərin
sonlarında, 70-ci illərin
əvvəllərində çap
edilsəydi, belə bir möcüzə baş versəydi, sovet ədəbi tənqidi onu öz artilleriyasını
gur atəşlərinə
qərq edəcəkdi.
Ancaq gəlin, həmin dövrü xatırlamayaq. "Bayatı-şiraz"
hekayəsinə sadəcə
olaraq bir ədəbi əsər kimi yanaşaq və hesab edək
ki, elə bu hekayə 80-ci illərin sonlarında qələmə
alınmışdır. Belə
olan təqdirdə də "Bayatı-şiraz"
hekayəsi öz bədii-estetik dəyərin
itirmir, çünki bir hekayə nümunəsi kimi o, kamil bir əsərdir.
Klassik hekayələrə
xas olan "xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir
mətləb, müxtəsər,
şirin, sadə söyləmə, nəqletmə
üsulu" (Mir Cəlal)
bu hekayənin də məziyyətlərin
təşkil edir, yəni klassik hekayələrə məxsus
olan bütün komponentlər "Bayatı-şiraz"da
cəmlənmişdir. Ancaq
"Bayatı-Şiraz" həm də sırf müasir hekayədir. Onu müasir hekayə kimi səciyyələndirən
cəhətlər isə
bunlardır: dil materialının bugünkü
ədəbi dilimizin durumunu özündə əks etdirməsi, psixoloji effektin ön plana çəkilməsi
(fərdin daxili aləminin bütün icəliklərinə baş
vurulması ) və əlbəttə,
Y.Səmədoğluya məxsus
sənətkarlıq priyomlarının
nəzərə çarpması...
"Bayatı-şiraz"
hekayəsi 60-7ci illər
nəsri üçün
çox səciyyəvi
olan bir mövzuda yazılmışdır
- bu da adi, sıravi insanın həyatıdır. Müəllif
bu sadə və zavallı insanın necə təmiz və saf olmasını bədii tədqiq obyektinə çevirmişdir.
Bu əsərlə Anarın
"Dantenin yubileyi"
hekayəsi arasında
oxşarlar, paralellər
tapmaq olar. Belə ki, hər iki hekayənin qəhrəmanı sənətdə
çalışırlar, lakin
istedadsız və bacarıqsızdırlar, həm
də həyatda öz yerlərini tapa bilməmişlər. Hər
iki hekayə gözlənilməz sonluqla
- novellavari tərzdə
başa çatır.
Ancaq fərdi insan tipi kimi Səbzəli dayı da, Feyzulla Kəbirlinski də özünəməxsusluğu
ilə seçilirlər.
"Bayatı-şiraz"
mürəkkəb struktura
malik hekayədir. Bir anlığa
yenə "Qətl günü" romanını
xatırlayırsan. "Qətl
günü" əslində,
üç mikroromanı
özündə birləşdirir,
amma vahid süjet xəttinə
malik bir roman kimi qavranılır, roman içində
"romanlar" onun bütövlüyünə qətiyyən
xələl gətirmir.
Maraqlıdır ki, "Bayatı-şiraz"da
da hekayə içində
kiçik "hekayələr"
görürük. Belə
bir süjetə hekayələrində çox
nadir hallarda təsadüf
olunur. Yusif Səmədoğlu bu hekayədə obrazın demək olar ki, bütün həyatını
qələmə alıb
(heç də uzun-uzadı təfsilatlara
gedilmədən) vahid
sujet xəttinin dörd kiçik şaxəsi, nəticədə
Səbzəli dayının
bitkin obrazını gözlərimiz qarşısında
canlandırır.
Haqqında söz açılan bu üç hekayə Yusif Səmədoğlunun
ona bir yazıçı
kimi böyük şöhrət qazandıran
"Qətl günü"
romanına professional giriş
idi.
Vaqif Yusifli
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 24.