İrəvana gedən yollar
Romandan parça
...Nahardan
sonrakı vaxt idi. Kiçik fasilə elan edilmişdi.
Bir azdan ənənəvi
təlimlər başlayacaqdı.
Nəhayət, mayor Səfərov
ağzının kilidini
açdı:
- Hara baxırsan?
Rauf heç nə demədi, əlini irəli uzadıb, işarəylə
qarşı tərəfi
göstərdi:
- Nə
görürsən?
- Nəyi
görəcəm? Viran
qalmış evlərimizi,
tüstülənən ocaqlarımızı,
bizi gözləyən
vətən torpaqlarmızı!..
- Daha
nə görürsən?
- Heç
nə.... elə dağılmış evlər,
adamsız yollar...
- O yollar
bilirsən, hara gedir?
- ....?
- O yollar İrəvana gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni
əmin edirəm ki,
biz bir vaxt o yollarla gedib qədim ellərimizə
sahib çıxacağıq. Bir ildən, beş ildən, on ildən sonra
- onu dəqiq deyə bilmirəm. Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən əlində
qoymayacağıq. Həmin
vaxt heç kim qabağımızı
kəsə bilməyəcək.
Kimsə bizdən döyüşü dayandırmaq
barədə xahiş
etməyəcək. Etsə
də, heç kimi eşitməyəcəyik.
Mütləq torpaqlarımızı
azad edəcəyik. Sən buna qəlbin kimi əmin ol!
Rauf çömbəldiyi
yerdən əllərini
torpağa dayaq verib dik qalxdı.
Bağırtısı Lələtəpənin
ətəklərinə yayıldı:
- Haçan bə, komandir? Haçan bə?!..
Belə deyib
Rauf Cəfər müəllimin
yaxasını əlində
elə xışmaladı
ki, onun ayaqları yerdən üzüldü.
Bayaqdan onları müşahidə edən
hərbi rəhbərliyin
içindən iki nəfər o tərəfə yeriyəndə
polkovnik-leytenant
Həmidov işarə
etdi:
- İşiniz olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz. Amma gözünüzü çəkməyin.
Raufa pələng gücü gəlmişdi.
Cəfər müəllim
asta səslə, ehtiyatla deyirdi:
- Bizə baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan. Belə olmaz axı.
Rauf yavaş-yavaş
qollarını boşaltdı.
Cəfər müəllim
üst-başını səliqəyə
salıb ətrafa baxdı. Həmidovun işarəsini
yaxşı anlamışdılar.
Deyəsən, heç
onlara tərəf baxan yoxuydu. Hər kəs öz işindəydi... Guya...
Rauf çökdü.
Əlləri ilə başını tutdu.
Sonra yoğun barmaqları
xırda diş-diş
çalov kimi torpağın dərinliklərinə
işlədi. Gicitkən,
cəmirtkən, tikan qarışıq torpağı
eşdi. Sonra o biri əlini işə saldı. Barmaqları qanaq-qanaq olmuşdu. Dırnaqlarının
mayası özəyindən
ayrılmışdı. Barmaqlarının
ucundan qan axırdı. Ancaq ağrı hiss eləmirdi.
Yana-yana öfkələnirdi:
- Gör, necə bir fürsəti
əldən verdik.
İndi Xankəndini, o biri
rayonlarımızın da hamısını
almışdıq. “Millət
millət olur öz hünərilə”.
Gör, bizi necə aldatdılar. Rayonlarımızı bir-birinin
ardınca zəbt edəndə, onlara heç olmasa, xala xətrin də olsa, göz
ağardan olmadı. Torpaqlarımız işğal
edilərkən, haqq işimizi, ərazi bütövlüyümüzün təcavüzə uğradığını
heç kim etiraf etmədi. Onda BMT-nin qərarları,
ATƏT-Matət, Helsinki Bəyannaməsi
heç kimin yadına düşmədi.
Rauf yenə də “havalanmışdı”.
Çayırın üstündə
bükülürdü, top kimi yumrulanırdı, sonra yumaq kimi
açılırdı. Bilinmirdi
ki, nərə çəkir,
zarıyır, yoxsa, bağırır. Söyüş
söyürdü, amma
sözləri tam tələffüz
eləmirdi, əli ilə ağzını tuturdu, yarımçıq
deyirdi, ona görə də anlaşılmırdı. Əslində
Cəfər müəllimdən
həya edirdi. Onun yanında ədəbsizlik etmək istəmirdi.
Cəfər müəllim
yenə, bu dəfə xala xətrin qalmasın, üst-başına əl
gəzdirirdi. Rauf ram olmurdu.
- Sevinirik ki, Lələtəpəni aldıq.
Sevinc hal-hazırda indiki şəraitdə çox nisbi ifadədir - bizim üçün. Ona görə
ki, məqsədimizə tam çatmadıq. Düşmənin
əfsanələşdirdiyi Ohanyan səddini darmadağın etdik. Erməni dığalarına
gücümüzü göstərdik.
Bir neçə rayonumuz
daimi hədəfdən
azad oldu. Amma Şuşa qalıb axı... Xankəndi, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan,
Laçın, Qubadlı
qalıb axı... İşğal olunmuş
rayonlarımız heç
insafdır ki, bir addımlığımızda ola-ola, yenə düşmən əlində qalsın? Vurub düz, İrəvana qədər
gedərdik. Belə ən azı, işğaldakı rayonlarımızı
azad edib bayrağımızı Xankəndinə
taxardıq. Həmişə
millətin vətən
eşqi, cəsurluğu
fontan vuranda bir namərd zəngi, hansısa xarici bir dövlət
başçısının yersiz və həyasız müdaxiləsi
qabağımızı kəsir.
Həmişə bizi yarıyolda qoyur. Qələbəmizi başa
çatdırmağa imkan
vermir. O vaxt ağdamlılar yürüş
edib, erməniləri Xankəndindən iti qovan kimi qovub
məsələni birdəfəlik
həll edəcəkdilər.
Xuraman xalanın yaylığı aşıb-daşan
qəzəbimizi içimizdə
boğdu. Mirzə Ələkbər Sabir demişkən,
“öz tiğimiz öz rişəmizi kəsdi sərəpa!” Düşmən nəfəs
dərdi, güc topladı, dünyanı ayağa qaldırıb özlərinə nə qədər qahmar tapdılar. İçimizdəki
namərdlərin də
əli ilə neçə-neçə itkilər
verdik. Xocalının
başı üzərində
oyun getdiyini, böyük faciənin qapının ağzında
olduğunu nə qədər desələr
də, vətənin
o vaxtkı ali rəhbərlərinin hamısı kor oldu, kar oldu,
lal oldu, milləti heç nədən qırğına
verdilər. Yenə də zərbə özümüzə dəydi.
Allah, bu namərd oyunlardan nə vaxt xilas olacağıq?
Raufun hərbi
formasını çayırın
rəngi zolaq-zolaq etmişdi. O qədər bilinməsə də, hərbi forması tərg olmuşdu, üst köynəyi şalvarından çıxmışdı,
toqqası açılmışdı.
Ayaqlarını hey yerə
döydüyündən dabanları
zoqquldayırdı. Yenə
dünya başına
uçmuşdu.
Belə görünürdü
ki, əldən qaçan
fürsət onu ömrü boyu yandıracaqdı.
Uşaqlardan kimsə
yaxınlaşıb qumqumanı
açdı, Raufa uzatdı. Alıb başına çəkdi. Onun suyu axıracan içəcəyini hiss edən
mayor Səfərov ortaya
şirinlik qatmaq, Raufun havasını almaq üçün yarızarafat, yarıciddi,
incik düşmüş
məktəbli kimi əlini uzatdı:
- “Su kiçiyindi”, deyiblər deyə hamısını
başına çəkəcəksən?
Bizə də saxla dəə... Yoldaşlığın buracandı?
Rauf azca gülümsəyib qumqumanı
dodaqlarından araladı. Suyun qalanını da Səfərov
içdi.
O biri
yoldaşları da gəlib dövrələmə
oturdular. Heç kim danışmırdı.
Raufun
aşıb-daşan qəzəbi
onsuz da, elə gennən bilinirdi. Oradakı danışıqları eşitməyənlər
yenə, hansısa ağrının ürəyinə
toxunduğunu anlayırdılar.
Dostları yumruqlarını
sıxıb, torpağı
döyəcləyirdilər, baxmayırdılar ki, əllərinin altında daş var, dahara
var, tikan var, gicitkən var - ürəklərinin iniltisini birtəhər belə ötüşdürürdülər.
Təsəllilərini ermənilərin
atıb-getdikləri texnikalara,
pulemyotlara, Lələtəpənin
düşmən səmtindəki
ətəklərinə səpələnmiş,
hələ də yiyəsiz qalmış, iylənmiş meyitlərinə
baxmaqla sakitləşdirirdilər:
Günəş
ilıq və mehriban şəfəqlərini
bol-bol dağlara, düzlərə, yarğanlara
səpirdi. Həyat bütün gözəlliyi
ilə bərq vururdu. İnsan yaşamaq, sevmək, hamını bağrına
basmaq istəyirdi. Lələtəpə döyüşləri
Azərbaycan əsgərlərini
bir boy ucaltmışdı.
Əminlikdən və
qürur hissindən belləri dikəlmiş, əzmləri birə-beş
artmışdı. Qələbənin
ləzzətindən, erməni
ordusunun qorxaqcasına
qaçmasından, silahlarını,
texnikalarını hara
gəldi, atıb, toyuq kimi özlərini
kola-kosa soxaraq, nəyin bahasına olursa-olsun, canlarını
qurtarmaq istəmələrindən
əsgərlərimiz vəcdə
gəlirdilər: “Köpək
uşağı, bu deyildi canınız?!”
Lələtəpə
qələbəsi onları
qane etmirdi. Daha da irəli
getmək, qalan şəhərləri də
azad etmək istəyi, düşmənə
son və qəti zərbə endirmək arzusu əsgərlərin qarşısalınmaz
arzusuydu. Heyhat, Rauf demişkən, fürsət quşu əllərindən uçub
getmişdi.
Quşların
səsi, cırcıramaların
nəğməsi, sükutun
məstedici haləsi hamını bürümüşdü.
Fikirliydilər. Nəsə
düşünürdülər. Əlbəttə, belə
sakitlikdə ən çox evdəkilər anılırdı. Sevgililərini
xatırlayanlar da az deyildi içərilərində.
Çoxu ürəyində,
hətta şirin-şirin
sevgililəri ilə pıçıldaşmaqdaydılar. Sifətlərinə çökən
xoş təbəssümdən,
dodaqlarının titrəyişindən,
sinələrinin qalxıb
enməsindən məlum
olurdu. Heç kim bu nağıla
oxşayan əhvaldan,
sakitlikdən, arxayınçılıqdan
ayrılmaq istəmirdi.
Nagahan bir söz deyib, hərəkət eləmək
böyük günah olardı. Şirin xəyalların qanadlarından
kim düşmək istərdi?..
Cəfər
müəllim ehtiyatla
gah sağ, gah da sol
əlini Raufun çiyninə qoyub, astadan nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, sakitləşdirici, ümidverici sözlər dediyi duyulurdu...
“Sən bir az gözlə... hələ...”
Səyyad Aran
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51. - S. 15.