Söz sərrafı olan azdı dünyada...
Filologiya
üzrə fəlsəfə
doktoru, şair-publisist,
AYB və AJB-nin üzvü Qiymət xanım Məhərrəmlinin
"Bu dünya sənin
yerindi" (Bakı,
2018) kitabında yer alan bu misra
məni düşündürdü.
Sərrast deyimdir, doğru və ədalətlidir. Və kitabda yer alan
uğurlu yaradıcılıq
nümunələri barədə
düşüncələrimi oxucularla bölüşmək
qərarına gəldim.
Söz nədir? - Dilçilik elmi baxımından yanaşsaq, səslərdən
yaranan leksik vahiddir. Söz səslərdən, cümlə
sözlərdən, fikirlər
cümlələrdən yaranır.
Bəşər övladı
öz fikrini ifadə etmək, söz yaratmaq üçün yüz
min illərlə yol gəlmişdir. Gəlmişdir
ki, sonra bu sözlərdən, həm
də musiqili cümlələr - şeir
yaratsın. Sözün
böyük qüdrəti
var: xəstə insana
sözlə ürək-dirək
verirsən, dərmansız-filansız
sağalır, sağlam
insan eşitdiyi ağır və ya qüssəli sözdən xiffət çəkib ölə bilər. Söz var, ulu hökmdar - sərkərdəmiz
və qüdrətli şair Xətainin dediyi kimi, müharibələrə,
qanlı qırğınlara
səbəb olar, söz var, qanlı savaşları dayandıra
bilər:
Söz
var ki, kəsdirər başı,
Söz
var ki, kəsər savaşı.
Məşhur tarixçi alim, həm
də yazıçı
Tarle yazır ki, müttəfiqlər Napoleona
qalib gəldikdən sonra onu siyasətdən
təcrid edərək
Elba adasına sürgün
etmişdilər. Onun sürgündən qaça
biləcəyini gözə
alan Fransa hökuməti əsgərlərinə
əmr vermişdi ki, sahilə çıxacağı
halda, onu gördükləri yerdəcə
güllələsinlər. Napoleon sürgündən qaçdı,
sahilə çıxdı,
onu təslim olmağa məcbur etmək istəyən fransız əsgərlərinin
qarşısında elə
parlaq və təsirli çıxış
etdi ki, onu güllələməli olan
əsgərlər ağlayaraq
silahlarını yerə
atdılar və onun tərəfinə keçdilər. Napoleon qısa
müddətdə hakimiyyətini
bərpa etdi və birləşmiş Avropa qüvvələri ilə yenidən ölüm-dirim savaşına
başladı!
Söz bu cür gücə
malikdir!
Allah əvvəl sözü, sonra "Ol!" deməklə insanı, külli-kainatı yaratdı.
Yaradıcı şəxslərə "söz adamı" da deyirlər. Qiymət xanım da, sözün
tam anlamında, söz
adamıdır - publisistikası,
elmi yaradıcılığı,
şeirləri ilə
çoxdan aldığı
bu ünvanı daşımağa haqq etmişdir! O, şeirlərinin
birində sözün
gücünü belə
ifadə edir:
Məsəl var, ən iti xəncər nədir ki,
Kəsərli, acı bir söz qabağında!
Bəlkə ulu babalarımız da sözün bu cəhətini nəzərə
alıb "kəsərli
söz" ifadəsini
yaradıblar, axı əslində "kəsmək"
feili kəsici alətlərə xasdır.
Amma sözün qüdrəti
daha böyükdür,
bir atalar sözündə deyildiyi kimi, "qılınc yarası sağalar, söz yarası sağalmaz".
Sözlə ehtiyatla davranmaq
lazımdır; onu zəhər deyil, məlhəm kimi, qarğış deyil, alqış kimi, dua kimi, nifrət
deyil, məhəbbət
kimi ifadə etmək Qiymət xanımın yaradıcılığının
üstün cəhətlərindəndir.
Artıran söz qədrini,
sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar
söz.
Böyük Füzulinin məşhur
qəzəlindən gətirdiyimiz
bu nümunədən
də göründüyü
kimi, deyilmiş söz, sahibinə hörmət də, töhmət də gətirər!
İmam Əli deyirdi ki, hər bir insan
öz dilinin altında gizlənib. Danış ki, səni tanıyım! Q.Məhərrəmli
sözü elə ustad Füzulinin nəsihət etdiyi kimi işlədir:
Sözdür mənim söykəyim,
Sözümə söykənmişəm!
Sözü müqəddəs, ulu, "Tanrı pıçıltısı"
adlandıran Q.Məhərrəmli
söz adamı olmağı, həm də ruh adamı
olmaq sayır. Söz adamı kimdir? Onun fikrincə,
söz adamının
yazıb-yaratdıqları çoxlarının
ürəyindən keçirdiyini,
demək istədiklərini,
lakin ifadə etməkdə çətinlik
çəkdiklərini ustalıqla
deməyi bacarmaqdır.
Olmayan qəvvasi bəhri-mərifət
arif degil,
Kim, sədəf tərkibi-təndir,
löleyi-şəhvar söz.
Böyük ustadımız Füzuli
deyir ki, qəvvasların
dənizə baş vuraraq çıxartdıqları
sədəf "tərkibi-təndir",
yəni adi cisimdir, mərifət dəryasına baş vuranların oradan çıxartdığı söz
isə, "löleyi-şəhvar"dır,
yəni şahlara layiq incidİr, ləldir. Yalnız mərifət dəryasına
baş vurub, oradan söz incilərini çıxaran
şəxslər arif
hesab edilə bilərlər! Qiymət xanım mərifət dəryasının qəvvasıdır,
yəni arifdir - istedad sahibidir, hər şeyi incəliyinə qədər
bilən bilik və mərifət sahibidir!
Q.Məhərrəmli yaradıcılığının
mövzu dairəsi genişdir, insan və onu əhatə
edən bütün aləm onun bədii təfəkkürünün
əhatə dairəsinə
daxildir.
Dinin xurafat hissəsini kənara qoysaq, əxlaqın mənbəyi
olduğuna görə
insan cəmiyyətinin
vazkeçilməz tələbatıdır,
dəyəridir. Qiymət
xanım bu fikri belə ifadə edir:
Kim ki
Allah tanımaz,
Savab-günah tanımaz...
Şair
necə də sərrast deyir:
Ölənin qəbir dərdi,
Qalanın səbir dərdi,
Ağlayanın bir dərdi,
Gülənin yüz dərdi
var...
Qiymət
xanımın yaradıcılıq
dili səlisdir, üslubu rəvandır, fikirləri, ifadələri
sərrastdır:
Kimi yeyər bal, kişmişi,
Kimin qana batar dişi.
Var dünyanın yetişmişi,
Var dünyanın kal adamı.
Bu dünyanın gəlhagəli,
Xeyrə
calar verən əli.
Tanıtdırsın öz əməli,
Tanıtmasın xal adamı.
Zahiri gözəllik müvəqqətidir,
vəfasızdır və
insanın mənəvi
aləmini təcəssüm
etdirmir, onu edən daxili dünyamızdır, xoş
əməllərdir. İnsan
üzündəki qara
xalla deyil, qoyub-getdiyi əməllərlə
gözəldir. Q.Məhərrəmli bu
fikirləri poetik, amma lakonik dillə
ifadə edə bilir.
Şair
bir dördlüyündə
oxucusunu dünyada heç nəyin itib-getmədiyinə, hər
bir əməlin, hər bir hərəkətin
özündən sonra
müəyyən iz buraxacağına və bu izin gələcək
nəsillərin genetik
kod yaddaşında hansısa bir şəkildə təzahür
edəcəyinə inanmağa
çağırır:
Daşın daş ömrü
var, quşun quş ömrü,
Başın yaddaş ömrü,
huşun huş ömrü.
Dolanıb keçəcək illər,
əsrlər,
Kimsə
yaşadacaq yaşanmış
ömrü.
Qeyd etmək yerinə düşər ki, müxtəlif
şeir formalarından
məharətlə istifadə
edən şairin yaradıcılığında gəraylı xüsusi yer tutur, oxucunun
zövqünü oxşayır.
Qiymət xanımın
gəraylılarının ayrıca bir özəlliyi var - onlar xüsusi ritmlə yazılmışdır, məsələn:
Bu dünyanın çox işləri,
Heçmi düzəlməz, ay dədə?
Gəlişləri, gedişləri
İpə düzülməz, ay dədə!
Hardadı bəs Haqq dediyin,
Budurmu o
çağ, dediyin?
Qarıdı uşaq dediyin,
Heç
üzü gülməz,
ay dədə!
Nə Aşıq Abbas Tufarqanlının
-
Duman, gəl, get bu dağlardan,
Dağlar
təzə bar eyləsin...;
Nə Aşıq Alının -
Yar yanında günahkaram,
Doğru
sözüm yalan oldu...;
Nə də Aşıq Ələsgərin -
Gözəl, sənə məlum
olsun,
Alışmışam, yanıram mən...
- kimi gözəl gəraylılarında həmin
ritmi duymuruq. Bu baxımdan, Q.Məhərrəmlinin
gəraylılarını cəsarətlə,
"ritmli gəraylı"
adlandıra bilərik.
İnsan
doğulandan qəbir evinədək, əslində
bir yol gedir
- ömür yolu. Kimi
şərəfli bir yol keçir, kiminin həyatı mübarizələrdə keçir,
kimi isə bu yolu sürünür.
Amma hamı gedir, dayanmadan, yorulmadan son mənzilə doğru addımlayır, başı
gündəlik qayğılardan
da açılmır, ölənəcən
ev-eşik qayğılarını
daşıya-daşıya addımlayır.
Qiymət Məhərrəmli
deyir:
Bu yolu əlinə alıb,
Hara üz tutubsan, yolçu?
Gedənlər geri qayıtmır,
Yoxsa, unudubsan, yolçu?
Gör,
nəyi götürməmisən,
Nə yadından düşüb,
qalıb?
Bir az bellənməmiş yerin,
Bir az başqa işin
qalıb...
"Yadından çıxıb"
yox, məhz "yadından düşüb
qalıb"! Bu, Qiymət
xanımın ifadəsidir,
heç bir müəllifdə rast gəlmədiyimiz yeni sözdür,
yeni deyimdir. Yeri gəlmişkən, onun yaradıcılığında belə yeni, lakin qulağa xoş gələn ifadələr
kifayət qədərdir.
O, təkcə Azərbaycan
dilinin zəngin xəzinəsindən yararlanmır,
həm də bu xəzinəni zənginləşdirir!
"Mən başqa cür yaşamağı bacarmadım" deyə etiraf edən Qiymət xanımın özü də yol gedir - dayanmadan,
gecə və gündüz:
Mən gündüzlər yol gedirəm,
Yol ölçürəm gecələri...
Bu yollar isə onu özünə, baş götürüb gedəcəyi dünyaya aparır - Əbədiyyət
dünyasına!
İtkilərim qazancımdan çox
olub,
Tapdığımı itirirəm bir ucdan.
Baş götürüb gedəcəyim
dünyaya
Mən özümü gətirirəm
bir ucdan.
Bəli,
məqsədi və hədəfi aydın, iradəsi mətin və xaraktercə qətiyyətli adamları
heç kim yolundan döndərə bilməz. Bu keyfiyyətlər
Qiymət xanımda cəmləşib.
Bu mövzunu başqa bir şeirində davam etdirir:
Mən bu yolun hamarını
bəyənmədim,
Hər kəs geyən libasları geyinmədim,
Aldanmadım hər oxunan şərqilərə,
Mən özümə üz tutmuşam,
Seçib qərbi, şərqi
hərə...
Müəllif yolunu düz seçməkdə Tanrıya
sığınır:
...Tanrım, mənə yol göstər,
Bunca yollar içində.
Heç
zaman keçilməmiş
Neçə yol var içimdə.
Musiqidə ifaçının ustalığı
xaric səslərin olmamasında, şairin ustalığı başqa
amillərlə yanaşı,
qafiyələrin mükəmməlliyindədir.
Qiymət Məhərrəmli
yaradıcılığı bu baxımdan mükəmməldir, qafiyə,
süni şəkildə
şeirə pərçim
edilmiş yad sözlər
yoxdur.
Şeirlərində torpağa bağlılıq, yurd sevgisi, Vətən mövzusu Qiymət xanımın yaradıcılığında
xüsusi yer tutur.
Vətən nədir, Vətən
kimdir?! - Atam, qardaşım,
Anam, bacım... insan oğlu insandır Vətən!
Çölüm, çayım, dağım,
düzüm, axan göz yaşım,
Qucaq-qucaq
sevgi dolu ümmandır - Vətən!
Vətənə müraciətlə:
Bu dünyada lap gözsüz
də yaşamaq olar,
Sən olmasan, mən də yoxam, - deyir şair. Vətəndəki
hər şey ona əzizdir, doğmadır, müqəddəsdir:
Xırdaca qara daşın
da,
Körpəcə qara quşun da,
Şaxtalı, soyuq qışın
da
Eləcə əzizdi mənə!
-
Vətən!
Vətənin sərhədləri haradan
keçir? Təbriz də Vətəndir!
Sənə ürəyimdə məbəd
ucaltdım,
Yaşa,
anam Təbriz, yaşa, can Təbriz!
Dərbəndsiz Vətən olurmu
heç?
Dəmirqapı Dərbənd, ey
ulu Dərbənd,
Bir qolum Təbrizdi, bir qolum Dərbənd,
Müqəddəs pir yolum, sirr yolum Dərbənd,
Bitmədi, ey anam Dərbənd, həsrətim,
Ötmədi, ay anam Dərbənd,
həsrətim! - deyir
Q.Məhərrəmli.
Şeiri
düşüncələrin poetik dillə ifadəsi hesab etsək, hər bir müəllifin özünəməxsus ifadə
tərzi var və bunu üslub adlandırırıq. Şeirin
oxunaqlı olmasına
təsir edən ciddi amillərdən biri də müəllifin
üslubudur. Yaxşı
bir fikir gözəl üslubla ifadə ediləndə buraxdığı təsir
daha güclü olur. Şair Qiymət Məhərrəmlinin
gözəl üslubu
var. Sözlər elə
düzülüb ki, sanki
yanındakı adamla söhbət edirsən, dil ağırlaşmır,
məna aydındır,
sözlər axıcıdır:
Bəlkə xətrinə dəymişəm,
Onunçün çıxıb getmisən?!
Yaxud
Mənimçün kim olduğunu
Başıma qaxıb getmisən.
Bəzilərinin yaradıcılığında rastlaşdığımız halların
əksinə olaraq, şeirdəki daxili bölgünü təmin
etmək üçün
burada sözlərin yerini dəyişməyə
ehtiyac qalmır. Hər iki nümunə
cümlə üzvlərinin
düzülüşü baxımından
da mükəmməldir.
Q.Məhərrəmlinin yaradıcılığında
sevgi şeirləri də mühüm yer tutur.
Böyük Nizami deyirdi:
Eşqdir
mehrabı uca göylərin,
Eşqsiz
ey dünya, nədir dəyərin?!
Allah bu dünyanı sevgi ilə yaratdı, Adəmlə Həvvanı sevgi ilə yaratdı, bu sevgisinə görə insan oğlunu elədiyi səhvlərə, yanlışlıqlara
görə dəfələrlə
bağışladı. Bəşər
övladı Adəmlə
Həvvanın sevgisindən
yarandı, bu dünya insanın əməyi sevməsindən
belə inkişaf etdi, sivilizasiyamız yarandı. Yer Günəşin, Ay Yerin başına məhəbbətlə
dolanır!
"Sevgi nədir?" sualına Qiymət Məhərrəmli belə
cavab verir:
Sevgi nə cür olur - izahı varmı?
Düşüncəm - sevgidi, ruhum - sevgidi.
Görəsən, sevənin günahı
varmı?
Göz yaşım - sevgidi, ahım - sevgidi.
"Çöllərə imılıq
yağış yerinə
insan sevgisinin səpilməsi"ni təmənna
edən şairin bu müqəddəs nemət haqqındakı fikirlərinin orijinallığı
diqqət çəkir:
...Sevgiylə doğulur insan anadan,
Qonur çiynimizə sevgi mələyi.
Sevir ölə-ölə, ölür
sevdadan
İnsanın sevgiyə təşnə
ürəyi.
Q.Məhərrəmli qəzəldə
də qələmini uğurla sınayıb:
Çəkibən cövr ilən
cəfa, eylərəm
dərdlərə dəva,
Görəndə bimar, binəva,
təbib, loğman olar könlüm
Füzulinin "Məni candan
usandırdı" qəzəlində
olduğu kimi, burada da daxili qafiyələr var. Eyni zamanda digər şeirlərində olduğu
kimi, Qiymət xanımın yaradıcılığının
orijinal fikir qaynağını ilahi sevgidə axtarmalıyıq.
Çünki bu hisslər, bu duyğular bəyanagəlməz,
izaholunmaz fikirlərlə
qol-boyundur.
Qiymətli o şeydir ki, qələm
vəsfinə aciz,
İdrakı ram etmiş neçə
sirr - sirrinə bağlı...
Bir sözlə, Q.Məhərrəmli
müraciət etdiyi mövzularda uğur qazanıb. Bu, istedadla zəhmətin vəhdətindən
yaranıb. Ona yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!
Yolu daim açıq olsun, söz adamının!
Nazir Əhmədli
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 26, 27.