Can sağlığının sorağında
Hekayə
(Əvvəli ötən sayımızda)
- Naftalana ver özünü.
"Çinar" sanatoriyasının
həyətinə ki, girdin,
müalicələr başlayır.
Özü də təbii vasitələrlə
aparılır a! Küknar,
qovaq ağaclarının
altında şırıltıyla
axan arx sularının gah eşidilən,
gah da qeyb olan həzin səsi palataların açıq
pəncərələrindən içəri dolur, xəstələrin yuxularını
şirniləşdirir. Budaqlarda
pıçıldayan yarpaqlar
yuxusu qaçan xəstələri nağıl
dünyasına qovuşdurur.
Bağ-baxçanın ağacdələnləri
də sanitar işini görür - dedi, bura tez-tez
gəlib-gedən bir tanışım. Neyləyəydim,
adam çarə-əlac
ümidiylə yüz
yerə əl atır, imkanı olan dünyanın o başına gedir.
Dəmir
darvazanın dingilbabisini
tıqqıldatdım. Qapı
açıldı. İçəridən
qəribə ətirli,
yumşaq bir külək çırpıldı
üzümə. İki-üç
addımla ağ, sarı, çəhrayı
zambaqların divarına
dirəndim. Boyları
məndən də uca zambaqlar əyilib-düzəlir,
başımı sığallayırdılar.
Nədi bu, ilahi! Rəhmətlik Füzuli babamın "Heyrəti, ey büt, sürətin gördükdə lal eylər məni" misrası səsləndi qulaqlarımda. Şirin, təlx qoxu burnumu sancır, ürəyimi uçundururdu.
Sinə dolusu iki ağız asqırdım. Başım-beynim
ayazıdı. Göz
qapaqlarım qalxır,
qaşlarımın çəpərlərini
sökürdü. Dilimi
dodaqlarımın üstündə
gəzdirdim. Bu nədi?
Quruluq, acılıq nə tez yoxa
çıxdı! Zambaq
ətirli, zambaq şirəli hava qara ciyərimdə ödün axarını sabitləşdirib, zəqqutun
kimi acı dilim-ağzım bal dadırdı. Dostumun dedikləri təsdiqləndi.
Burda müalicələr
həyətə ayaq basdığım andan başladı.
Böyük zəhmətin bəhrələri
görünürdü həyətin
hər qarışında.
Yamaclar, dərələr,
təpələr doluydu
zambaqnan. Dəmir reşotkalar uzandıqca zambaq plantasiyaları da uzanırdı. Maşın
yoluna yaxın yerlərdə zambaqlar şeypur başlarını
raşotkaların üstündən
aşırıb, asfaltın
yapışqan buxarını,
avtomobillərin qluşitellərindən
asqıra-asqıra çıxan
tüstü topalarını
öz zərif qoxularıyla zambaqlaşdırırdılar.
Çox güman ki, təcrübəli bir aqranom-mühəndisin əliylə
yüz dəfə ölçülüb, bir
dəfə dəqiq biçilib ağacların
dibləriylə axan arxların yolu. Torpağın qarın verən yerindən çıxan, qabığı
ayaqlar altında soyulmuş, yaralı köklərə tənzif
kimi sarılan sular, travmatoloq həkimlərin işini görürdü. Arxın
divarlarına çapa-çapla
çırpılan dalğalar
qaval şappıltılarını
xatırladırdı. Oynaq
ritmlərin əks-sədaları
cığırlar, keçidlər
boyu kreslolarda dincələn xəstələrin
sümüklərinə düşür,
ruhlarını dingildədirdi.
Dərmanlar şiprislərdə
köhnəlir, həblər
qutulardan çıxmırdı.
Həyətin xırman
kölgəli ağacları,
suları qabığı
sıyrılmış köklərə
cuna kimi sarmanan arxlar da şəfqət bacıları,
həkimlər kimi hörmətə minirdi gözümdə.
Qəbul
otağında sənədlərimi
yoxlayan burnu batıq, qaboy səsli oğlan, xəstəlik kartımı,
şəxsiyyət vəsiqəmi,
laborator, rentgen kabinetlərinə icazə
kağızlarımı da mənə tərəf uzadaraq başını arxaya fırlatdı. - Ay Gülnarə xanım, sən Allah, bələdçilik
elə bu təzə qonağımıza,
kabinetlərin yerini göstər - dedi. Necə, necə? Qonaq? Xalamgildə, dayımgildə "qonaq"
çağrıla bilərəm.
Ancaq burda... "Ay yolsuz, özünü dağa-daşa salma! Bir dəfə başa düş ki, "Çinar"da
"xəstə" "bil
mar" kəlməsi işlənilmir.
Lap əcəb eləyirlər.
Yeri var! Əsəbləri
qıcıqlandıran "xəstə", "pasient"
sözlərini qəsdən
işlətmədi qaboy
səsli oğlan da. Xəstəyə xəstə
olduğunu tez-tez başına çırpmaq,
yetişməmiş çibana
neştər vurmaqdı.
Qaboy səsli oğlan həkimlərdən
daha artıq həkimlik eləyir, xəstələrin əsəblərini
qoruyurdu.
Bəzi
kabinetlərə növbəsiz
idi giriş. Həkimlər üz-gözümə
diqqətlə baxır,
"səndə heç
nə yoxdu" deyib, kağıza qol çəkir, qovluğu qoltuğuna dürtürdülər. Ancaq
kardioloq Vəfa xanımın qapısında
uzun növbə gördüm, qanım qaraldı. Bu görüşü
sonraya saxladım.
Vaxt itirmək büzdümümlə
omba sümüyümün
arasında oturuşmuş
bakteriyaların əlinə
drel, külüng, lom verib dağıntılara
imkan yaratmaqdı. İnzibati binaya tələsirdim mən də! Amma Allah uzaq eləsin, ağzımdan küləklər aparsın!
Kaş buranın həkimləri əlli min
rubla Amini (Tibb Universitetini), bitirdikdən sonra da iynə vurmağı bacarmayan üzüqara həkimlərdən olmayaydı.
Amma allahçına danışsaq,
elə o vaxtlarda da ali məktəblərə
öz başıyla girənlər az deyildi.
Yolum Qovaq ağaclarının altından keçirdi. Havarəngi kombinizonun ətəyi dizlərini tutan gülərüz oğlan uzun saplı süpürgəni,
özündən iki-üç
metr irəli ataraq sağa, sola tovlayır, dəvə pəncəsini xatırladan
yarpaqları süpürgənin
ucuyla qarşısındakı
xəzəl topasının
üstünə oturdurdu.
Əlimlə darvaza tərəfi
göstərib: - Orda
da küknarların, çinarların
altında xəzəl
topaları var. Sonra bunları
yandıracaqsız, eləmi?
Tüstü boğacaq
xəstələri. Oğlanın
dodaqları qaçdı.
Dişlərini sanamaq
olardı. Baxışları
əlimdəki qovluqda
dondu. - Təzə gəlmisiz eləmi?
- Lap təzə!
- Ancaq ay qonaq müəllim, bax, o göydə - deyərək,
əlini başı üstünə qaldırdı.
- Hə, o göydə
bir "Ozon qatı"
deyilən sahə var.
Əgər yandırsam...
Şair Səməd Vurğunun vəsiyyət məktubundan xəbəriniz
var, yəqin ki!
- Siz ədəbiyyatçısınız?
- Xeyr. Botanikəm! Çəyirdəksiz bitkilərin
genetikası üzrə
elmlər namizədiyəm.
Atam məni daş binaların içində laboratoriya rəhbəri qoydurmuşdu.
Xoşuma gəlmədi.
Amma burda suda balıq, göydə quş kimiyəm. Ərazidə çoxlu şabalıd, palıd ağacları var. Payızın
axırlarında meyvələri
yerə tökülür.
Mən meyvələri
çuvallara doldururam.
Zambaqların bürüşmüş
ləçəklərini, qurumuş çör-çöplərini
də xüsusi qutulara yığıb Bakıdakı Baş apteklər idarəsinə
yollayıram. O idarədən
də sanatoriyanın büdcəsinə xeyli vəsait daxil olur. Bəhram direktor bağban Mədət kişiyə,
mənə də hər ay premya verir. O, əlini xəzəl topasının
üstünə qoydu.
- Bu xəzəlləri də
yandırmaram. Niyə?
Birinci ona görə ki, tüstülər
o başı bəlalı
"Ozon qatı"nı didib-dağıtmasın,
biz də istiləşmələrdən
əziyyət çəkməyək.
Yandırmayacam, bir də ona görə
ki, xəzəllərə ikinci
həyat verəcəm
mən - dedi.
- Xəzəllər quruyub, əldən düşüb!
Onlara ikinci həyat necə vermək olar?
- İşimizi bilirik. Bir gün sanatoriyanın böyüyü Bəhram
direktor bizi "petiminutka" iclasına çağırdı. - Xalq
şairimiz bütün
dünya insanlarının,
bizim də sağlam yaşamağımızı
istəyir - dedi. - Reşotkaların o tərəfindəki
asfalt yolun mazut nəfəsi, maşınlardan
çıxan qazlar həyətimizə dolur, xəstə qonaqlarımızı
zəhərləyir. Amma a yoldaş.
Biz də nəsə bir iş görməliyik,
ya yox! Atmosferdəki
"Ozon qatı" yırtılıb
dağılır. İstiləşmə
yer-göyü yandırır.
Bunun qabağını necə
alaq? Qulaqları da papağının içində
itib-batan Mədət kişi əlini qaldırdı. - Məni utandırma, qadan alım, ay direktor. O qazların, tüstülərin,
zəhərlərin canını
almağa zambaqlarıma
nə gəlib? Bağbanı mənəm
bu tərəflərin.
Mənim tədbirimi özün görəcəksən!
İndi də icazə
ver gedim işimin dalınca - deyib yanlara basa-basa
qapıdan çıxdı.
- A yoldaşlar, gəlin,
başımızın üstündəki
aydan arı, sudan duru o səmanı
təkcə qazlarla demirəm, lap siqaret tüstüləriylə də
zədələməyək - deyib söhbətini yekunlaşdırdı direktor.
O gün-bu gündü
sutkada iki paçka siqaret sümürən şef pover Kamran indi heç bir dənə də çəkmir. - Bəlkə
and içib? Qurana əl basıb? Siqaret çəksə,
Quran qənim olar, o da
ölər?
- Yox, şef ölməyindən
qorxmur. Direktordan qorxur.
- Niyə? İşdən qovar onu?
- Yox. Direktor çörəyə
bais adam deyil. Kamran o direktorun danlağından qorxur. Direktor hərdən elə ağır söz deyir ki, onu heç qatır da çəkə
bilməz. Ona görə
də stalovanın bacasına kərənaya oxşayan bir tüstü təmizləyən
qoydurub.
- Min dəfə "sağ ol" deyirəm mən də baş aşbaz Kamrana. Yaxşı, bəs sən yığdığın xəzəlləri
neyləyəcəksən? Bayaq dedin ki, yandırmayacaqsan! Göydəki
buludları da zəhərləməyəcəksən?
Bəlkə aparıb
yığasan seyfə!
Bəzi nazirlər qızıl-brilyant yığır
seyfə!
Sifəti
allandı cavan oğlanın. Gözümə
zillədi gözlərini.
Səhvə yol vermişdim. Heysiyyətinə
toxunmuşdum.
- Mən süpürgəçiyəm.
Qızılım, brilyantım
da xəzəldi. O xəzəllər
mənim köməyimlə
ikinci həyatlarını
yaşayacaqlar. Mən
o xəzəl topalarını
torpağın altına
basdıracam. Xəzəllər
orda gübrəyə
çevriləcək. Zambaqlarımız
da bu təbii gübrələrlə mayalanıb
daha yaxşı qol-budaq atacaqlar! Zambaqların oksigen nəfəsinə "Ozon qatı"nın
da ehtiyacı var - dedi,
gülərüz oğlan
və məni utandırdı.
Bakıda
adamın cığını
çıxaran istilərdən
qaçıb, Qubanın
"Qız bənövşə",
"Qəçrəş" meşələrinin sərinliklərinə
qısılmışdım.
Şəhərin "Orta" məhəlləsindən
havalanan "Aptekçi
Xanbabanın qızı
Xurşud Bakıdakı
doktorluq instutuna öz başınan girib" xəbəri ildırım sürətilə
bütün məhlələrə
yayıldı. Hər
ağızdan bir avaz gəlirdi. "Xurşud instituta öz başınnan girib?! İnanan daşa dönsün".
"Eh, sözdü də
danışırlar. Həkimlik
institutu əlli min rubladı. Apteklərdə
alver ölüdü.
Xanbaba beş-on köpüklük xinni,
aspirin, öskürək dərmanı
satıb əlli mini yığa bilməz".
"Amma türkəçarə həkimliyi o nəsildə
Allah vergisidi. Qızın
nənəsi Cirə Məsmənin həyətində
sirli-sehirli bir ağac var. Xərəkdə
gətirilən xəstələri
arvad o ağaca bağlayır, sonra üzünü qibləyə
tutub elə bir dua oxuyur
ki, xəstə yerindən
qalxıb "ləzginka"
oynaya-oynaya gedir evlərinə. O Xurşud
da çoxbilmişdi. Nənəsinin
tökdüklərini yığa-yığa
gedəndi" - deyib,
qızı tərifləyirdilər.
Bakıda
Voroşilov (indiki Səbail) rayonunun Komsomol Komitəsində işləyirdim.
Bu hadisə barədə
"Azərbaycan gəncləri"
qəzetində bir oçerk çap etdirib "Ali məktəblərə
qəbul əlli minədi" - bu və buna bənzər böhtanlara son qoymaq istəyirdim. "Orta"
məhəllənin ortasında
ora-bura boylanır, mənə heyrətlə
baxanlardan Xanbabanın
evini soruşurdum.
- Xanbabanın qapısı
"Jenklubun" yanında
göy çernil rəngli qapıdı - dedilər. Addımlarımı
yeyinlətdim... "Jenklubun"
tinindən vedrələrlə
su aparan bir qadın çıxdı. Qollarımı
irəli uzadıb arvadın vedrələrini
götürmək istədim.
O, əlindəkiləri yerə
qoyub, sifətinə dağılmış saçlarını
ləçəyinin altına
yeritdi. -Dəymə, üst-başın islanar.
Ayaqqabıların da zay-may
olar!
- "Nazlı" gölündən
gətirirsiz bu suları? Uşaqlıqda çox içmişəm,
yayın cırcıramasında
buz kimi olur, dadı-tamı da ürəyə yatandı.
- Hə... Qədrini bilmədik - əlini sinəsinə qoyub bir "ah" ötürdü.
- O gölü qurudublar.
Ayaqlarım yerə yapışdı.
- Üzü ayna kimi işıqlıydı.
Qamışların arasında
arabir qaz, yaşılbaş da görünürdü.
Hansı əli qurumuş qurudub onu? Axı, kimə nə pisliyi dəyib? Daşıb, sellənib, evləri yıxıb, əkinləri batırıb?
- Yox daşmayıb. Qadın məni doğma nəzərlərlə
təpədən dırnağı
kimi süzdü. - Səməd Vurğunu tanıyırsan yəqin
ki?
- Bəs necə? O, sənət müəllimimdi.
O, həm də təbiətin vurğunudu.
Ovçudu! Gecə-gündüz
çöllərdədi. O gölü qurutmaz, başına güllə çaxsalar da!
- Amma görüm ki, kökləri
kəsilsin!
- Sən kimi qarğıyırsan,
ay xala!
- Bu şəhərin xaxaları,
başbilənləri gölə
axan suların başını öz bağlarına, bostanlarına
çevirdilər. Göl
bataqlığa döndü.
Quş-muş görünmədi
ara-bərədə. Dedilər
ki, qaz çıxır
gölün yerindən.
Lax yumurta iyi basdı şəhəri.
Oğlum, elə o qara günlərimizdə də Səməd Vurğunun vəsiyyəti
barədə söhbətlər
oldu televizorda. Sonra Bakıdan gələnlər
"gölün yerindən
qalxan qaz zolaqları göydəki
"Ozon qatı"nı yekələyib,
sökür" deyib,
çay daşlarıynan
doldurdular gölü.
Hə! Hə! O şairin xeyri çox dəyib bizə. Bu şəhərdə
"qamaxoz" həyətləri
var. İt qursağı yağ
götürmür, ay bala!
Bir az bolluq oldu. Adamlar qudurdular.
Nimdaş paltarları,
sırınmalı yorğanları,
şüşəsi qırıq
şkafları da həyətin
ortasında üst-üstə
yığıb, altını
oddadılar. Birdən
elə olurdu ki, bir neçə həyətdə tonqal yanırdı. Eyvanda oturanda da elə bilirdim təndirxanadayam.
Bir gün də komoxozun naçalniki Dümbək Rza camaatı başına yığıb dedi ki, burda tonqal yandıranlar,
his-paslı tüstülərlə
göydəki "Ozon qatı"nın
atasını yandırırlar.
Biz də istilərdən
əziyyət çəkirik.
O, zibil yandıranları
"ştraf" elədi.
Suda verilənlərə
iş kəsildi. O cənnətdik Səməd
Vurğunun vəsiyyəti
qubalıların ömrünə
ömür caladı.
( Davamı olacaq)
Yusif Həsənbəy
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 28.