İrəvanda Azərbaycan mətbuatı: "Bürhani-həqiqət"ə
bir nəzər
XIX əsrin sonlarından etibarən, XX əsr boyu Qərbi Azərbaycanla, xüsusən də İrəvanla
bağlı aparılan əksər tədqiqatlarda ictimai-ədəbi mühit, mədəni abidələr, tarixi şəxsiyyətlər, köklü nəsillər, görkəmli ziyalılar haqqında bəzi mənbələrdə yetərincə materialın olmaması
yazılan əsərlərdə
müəyyən boşluq yaradıb.
Sonrakı dövr
araşdırmalarda isə
əsasən əvvəlki
əsərlərdən iqtibaslar,
onlara münasibət və eyni yanaşmalar
üstünlük təşkil
edib. Bunun başlıca
səbəbi üzdəniraq
qonşularımız tərəfindən
Qərbi Azərbaycanda
minilliklər boyu mövcud olan yaşam tariximizə edilən qəsdlər olub. Vaxtilə dövlət arxivlərində
işləyən erməni
əsilli daşnak xislətlilər dədə-baba
torpaqlarımızda varlığımız,
milli mənsubiyyətimizlə bağlı xeyli sənədləri xaincəsinə
məhv ediblər. Təəssüflər olsun
ki, vaxtında bu xəyanətlərin qarşısı
alınmayıb. Digər
tərəfdən, bu
gün tədqiqatçıların
mövzu ilə əlaqədar ciddi axtarışlara səy etməməsi də bu boşluğu dərinləşdirib. Bu gün
Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasının
beynəlxalq müstəvidə
yer alması, qədim yaşayış
məskənlərimizə, dədə-baba torpaqlarımıza
ləyaqətli dönüşümüzü
hazırlayan amal olaraq qarşımızda böyük vəzifələr
qoyur. Belə ki, mövzu ilə bağlı tarixin dərin qatlarında araşdırmalara rəvac
verilməli, ortaya yeni
əsərlər qoyulmalı,
qədim, tarixi fotolar tədqiq olunmalıdır.
Əslində
indiyədək bütün
istiqamətlərdə aparılan
araşdırmalar, səhih
məxəzlər Qərbi
Azərbaycanın Oğuz
eli, azərbaycanlıların
yurdu olduğunu beynəlxalq aləmə isbat edir. XIV əsrin sonlarından başlayaraq, məşum tarixə - 1828-ci ilə qədər İrəvan xanlığını idarə
edənlərin azərbaycanlılar
olduğunu sübuta yetirən ciddi mənbələr məlumdur.
Lakin bu yazıda diqqəti həmin məxəzlərə,
yaxud digər mənbələrə çəkmək
fikrində deyilik. Məsələ bundadır
ki, Qərbi Azərbaycanda yaşam tariximiz, mədəni, dini abidələrimiz, qədim tikililərimiz haqqında tarixi həqiqətlərin üzə
çıxarılmasına indi daha çox
səy etməliyik. Bu istiqamətdə aparılan tədqiqatlarda İrəvanda, ümumən
Qərbi Azərbaycanda
Azərbaycan mətbuatı
da müzakirə müstəvisinə gətirilməlidir.
Doğrudur, ötən
əsrin 50-60-cı illərindən
bəri Qərbi Azərbaycanın ədəbi
mühiti, mədəniyyəti,
folkloru, toponimləri və digər məsələrlə bağlı
tədqiqatlarda İrəvanda
Azərbaycan mətbuatı
da diqqətdə olub. Məqamı gəlmişkən, bu sətirlərin müəllifi
də illər öncə bu yöndə araşdırmalar
apararaq dövri mətbuatda məqalələrlə
çıxış edib,
ardınca isə
"Bürhani-həqiqət" jurnalı transliterasiya edərək ön söz, lüğətlə
nəşr etdirib. Bu yazıda isə məqsədimiz
"Bürhani-həqiqət" jurnalı və onun toxunduğu əsas mövzulardan yığcam şəkildə
bəhs etməkdir.
2024-cü il yanvarın 1-də "Bürhani-həqiqət"in 106 yaşı tamam oldu. Çar mütləqiyyətinin azərbaycanlılara
qarşı etdiyi haqsızlıq və hər cür qadağalara baxmayaraq,
1917-ci il yanvar ayının 1-də İrəvanın
nüfuzlu ziyalılarından
olan şair, publisist Əli Hacı Zeynalabdinzadə-Rəhimovun
(Əli Məhzun) müdir-mühərrirliyi və
Həsən Mirzəzadə-Əliyevin
naşirliyi ilə
"Bürhani-həqiqət"in ilk sayı çapdan
çıxıb. Əzəl
başdan qeyd edək ki, cəmi
9 sayı işıq üzü görmüş
jurnalın İrəvanın
ictimai-siyasi həyatına,
xalqın milli şüurunun oyanmasına
təsiri böyük
olub.
Əli
Məhzun xalqı mövhumatın, cəhalətin
girdabından çıxarmaqda,
milli oyanışın
yaranmasında, savadsızlığın
aradan qaldırılmasında,
elmin, təhsilin inkişafında mətbuatı
güclü vasitə
hesab etdiyindən jurnalın nəşrini vacib sanmış və bu yolda
böyük əziyyətlər
çəkmişdi. Həmin
dövrdə İrəvan
kimi qədim mədəniyyətə, maarifpərvər
şəxsiyyətlərə, şair və ədiblərə malik olan azərbaycanlıların
həyatında belə
bir məcmuənin nəşri ictimai-ədəbi
hadisə idi. Çünki 1914-cü ildə
cəmi 12 sayı işıq üzü görmüş "Ləklək"
satirik jurnalından sonra İrəvanda heç bir mətbuat orqanı olmayıb. Jurnalın ilk sayı Tbilisi
və Bakıda çıxan qəzet və jurnal redaksiyalarına da müjdə kimi göndərilmişdi.
"Bürhani-həqiqət"in
işıq üzü
görməsi tezliklə
Qafqaz mətbuatında
böyük əks-səda
doğurdu və onun nəşri barədə xəbərlər
yayıldı. "Açıq
söz" qəzeti
1917-ci il 11 yanvar
374-cü sayında jurnalın
nəşrinə mübarəkbadlığını
bildirərək yazırdı:
"Çoxdan bəri
İrəvanda nəşr
olunacağı xəbər
verilən "Bürhani-həqiqət"
məcmuəsinin ilk nömrəsi idarəmizə
gəlmişdir. İki
həftədə bir çıxan bu məcmuə bir taqım ibtidatı məlumat ilə şeir parçalarından
ibarətdir. Qafqaziya vilayətlərindən Bakı
ilə Tiflisi çıxdıqdan sonra İrəvan olunca orada türkcə mətbuat nəşr olunur. "Bürhani-həqiqət"dən
ol İrəvan "Leylək"i ilə meydana çıxmışdır.
Yəni zühur edən vilayət arkadaşlarımızın müvəffəqiyyətli
surətdə davam edib də tərəqqi
etməsini arzu ediriz".
Bu
gün jurnalı vərəqlədikdə İrəvanın
ictimai-ədəbi mühitini,
orada baş verən hadisələri aydın təsəvvür
etmək olur. Həmin dövrdə soydaşlarımızın yaşam
həyatı, fəaliyyəti
jurnalda yer almış mətnlərdə,
elan və xəbərlərdə güzgü
kimi əks olunub. Başqa sözlə, "Bürhani-həqiqət"in
fəaliyyəti xalqın
milli varlığının,
düşüncəsinin ədəbi-bədii,
elmi-ictimai formada təsviri ilə səciyyəvidir. Jurnalda yer almış yazılarda xalqı qaranlıqda saxlayan dini-fanatizm, cəhalət ifşa olunur, milli maraqlara xidmət etməyən təşkilat və cəmiyyətlər, millətin
acınacaqlı taleyinə
biganə qalan məmurlar ciddi tənqid olunur. "Bürhani-həqiqət"in mövzuları
çoxşaxəli, geniş
əhatəlidir. Xalqın
məişət ağrıları,
uşaqların tərbiyəsi,
milli təəssüb
ruhunda yetişməsi
haqqında öyrədici,
istiqamətverici məqalələr,
daşnak xislətli ermənilər tərəfindən
azərbaycanlılara edilən
zülmlər, törədilən
maddi, mənəvi terror, abidələrimiz haqqında uydurmalar və digər mətləblərin açıqlanması
zamanı üçün
böyük aktuallıq
kəsb edib. Jurnalda yaradıcı, ziyalı qadınların bədii yazılarla çıxış etməsi
avam və savadsız mühitdə maraqla qarsalandığını
düşünməyə əsas verir.
Əli
Məhzun jurnalın ilk sayında oxucularına bildirir ki, "Bürhani-həqiqət"in
məsləki haqq və həqqaniyyət tərəfdarı olaraq həqiqətə bürhan
olmaqdır". Jurnalda
belə bir fikir də açıqlanır
ki, "hər şey olduğu kimi deyəcək, şəhərdə və
qəryələrdə (kəndlərdə)
baş verən hadisələri doğru mövqedən şərh
edəcəyik". Əli
Məhzun məhz belə bir həqiqətin
işığında xalqına
xidmət etmişdi. Jurnalın sahibi "Bürhani-həqiqət"in tribunasına
söz deməyə qadir olan şəxsləri,
xalqın dilində danışmağı bacaran
ziyalıları, uşaqların
tərbiyəsində əməyi
olan müəllimləri
toplamışdı. Müəllim
Mirzə Cabbar Məmmədzadə, doktor
Muğanlı, hesab elmi müəllimi Şeyxülislamov, şair
Cabbar Əsgərzadə,
Əli Səid, riyaziyyat elmi müəllimi Vahid, nəbatat elmi müəllimi Rəhim Naci və başqa
müəlliflər Əli
Məhzunun inanıb etibar etdiyi əqidədaşları
idi. Məcmuədə
hər mətnin öz yükü, oyatdığı təsiri
və mövqeyi aydın şəkildə
nəzərə çarpır.
Bu yazıların xarakterik cəhətləri,
öyrədici, tərbiyəedici
xüsusiyyətləri, hadisə
və xəbərlərin
doğru mövqedən
işıqlandırılması, istibdadın, erməni əyriliyinin, xəyanət
və xainliyinin cəsarətlə ifşası
oxucuda heyrətamiz təəssürat oyadır.
Bu
sətirləri yaza-yaza
düşünürəm ki, əslində jurnaldakı yazılara münasibət bildirərkən
onlara öz zamanı və mühitinin timsalında yanaşmaq doğru olar. Bəzən 100 il əvvəl yaşanılan problemlərdən
bu gün əksərinin olmadığı
səbəbindən onlar
ciddi və mühüm amillər kimi qəbul edilmir. Əslində dövrün ictimai qüsur və promlemlərini tədqiqatın
obyekti etmək nəinki mövzunun əhəmiyyətini azaldır,
əksinə, əsəri
elmi cəhətdən
qüvvətləndirir. Bu
yazıda həmin mətnlərin üzərində
ayrılıqda dayanmadan
mövzuya xarakterizə
formasında yanaşmağı
vacib sandıq.
Jurnalda
yer almış bəzi məqalələrin
adlarına diqqət edək: "Həqiqət",
"İrəvan məscidi",
"Hürriyyət", "Müsavat, ədalət",
"Ədavəti unutmalı,
iş görməli",
"Təşkilatımız nə yoldadır?",
"Azadlıqmı? Əsarətmi?",
"Ədəbiyyata dair",
"Türk xanımları
asarından nümunə",
"Quşlar", "Tərbiyəyə
dair", "Hükəmanın
məişət barədə
fikirləri", "Zavallı
yarpaqlar", "Səyahəti-istibdad",
"Hürriyyət maskası
geyən müstəbidlərə!"
və digər yazılarda zamanın diktə etdiyi ciddi, siyasi, həyati mövzulara müraciət edilib. Məqalələrin hər
birində qaldırılan
problemlər dövrün
naqisliyini, millətin acı taleyini əks etdirir. Bu yazılarda bir yığın mətləbdən halı
oluruq. 1756-cı ildə
İrəvanda hakimlik
etmiş Nəcəfqulu
Xan Qacarın oğlu Hüseynəli Xan tərəfindən tikilən "Göy məscid"ə sahib çıxmaq istəmiş
erməni müsəvvirini
(rəssamını) ifşa
edən "İrəvan
məscidi" məqaləsində
tarixi həqiqət, müəllifin milli təəssübkeşlik hissi
çox təsirlidir.
İrəvanda bir-birinin
ardınca yaranan firqə rəhbərləri
azərbaycanlıların ictimai
halını düşünmək
əvəzinə, şəxsi
mənafeləri üçün
çalışırlar. Başqa
bir yazıda deyilir ki, İrəvanda
yaranan cəmiyyətlər
və firqələr xalq üçün faydalı işlər görmür, ancaq bir-birilə ədavət aparırlar. Müəllif
onları birləşib
xalq üçün faydalı işlər görməyə səsləyir.
Məqalələrdə korafəhmliyin,
avamlıq və savadsızlığın, mədəni
geriliyin tənqidi, mövzusu xalqın həyatından alınmış
şeirlərdə, roman
və hekayədə insanın taleyi həyati gerçəkliyi
təsvir etdiyindən
maraqla qarşılanır.
Yeni nəslin tərbiyəsinə həsr
olunmuş məqalələr,
tibbi mövzuda mətnlər, məişət,
heyvanat aləmi haqqında maarifləndirici,
öyrədici yazılar
jurnalın ideya və məzmununun bariz göstəricisidir. Beləliklə, jurnaldakı
bütün mətnlər
bu günün oxucusuna 100 il əvvəlin həyat mənzərəsini, soydaşlarımzın
yaşadığı çətin
həyatı göstərir.
"Hərdənbir"
rubrikasında "Lüğətin
lüğəti"indəki fikirlərə gəlincə,
burda müəllif xalqın düçar olduğu dərdləri diqqətə çatdırır.
Diqqət edək:
"Buynuz - Haqq söz danışanların
kəlləsinə qondarılan
əlamət. Təfavüt
- seçkilərdə dövlətli
ilə kasıba verilən imtiyaz. Töhfə - Hürriyyət
münasibətilə hürriyyətpərəst
erməni soldatları
tərəfindən hər
gün bir çox İrəvan müsəlmanlarına vurulan
kötək. Haram - Arvadların intixabatda iştirak etmələri. Odun - Dumanın müsəlman qlasnısı.
Çox çətinliklə
tapılır. Halal - Müsəlman qanı..."
Jurnalda
yer almış elan və xəbərlər
də öz çəkisi, məntiqi ilə diqqət çəkir. Bu yığcam fikirlərdə
böyük mətləblər,
siyasi hadisələr,
xalqın üzləşdiyi
çətinliklər açıqlanır.
Biz bu xəbər-məlumatlar
vasitəsilə vaxtilə
soydaşlarımızın İrəvan quberniyasında
yaşam tərzindən
halı oluruq. Eləcə də ad-soyadları, xeyirxah əməlləri ilə məşhur olan görkəmli elm və ürfan sahiblərinin, yazıçı
və şairlərin
əsərləri, imkanlı
şəxslərin malik
olduğu mülklər,
dükanlar, bağ-bağatları
haqqında öyrənirik.
Məsələn, bu xəbərlərdən məlum
olur ki, İrəvanda nə qədər imkanlı, maarifpərvər şəxslər
uşaqların yeni üsulda təhsil almaları üçün
mülklərində məktəb
açıblar."Xanım
Əliyevanın ticarət
məktəbində mütəəllimlərin
qəbul olunmağı
davam edir", - elanından aydın olur ki, həmin
dövrdə ziyalı
qadınlarımız öz
xeyirxahlığı, nəcibliyi
ilə millətə xidmət etməyi, gözüaçıq, savadlı
gənclər yetişdirməyi
özlərinin mənəvi
borcu hesab ediblər.
"Bürhani-həqiqət"lə
tanışlıqdan bir
daha öyrənirik ki, bu siyasi,
ədəbi, fənni
jurnal həmin dövrdə İrəvan
azərbaycanlılarının ictimai, mənəvi taleyində böyük təsir gücünə malik olub. Bu
mənada "Bürhani-həqiqət"
yaddaş tariximizin mədəni abidələri
sırasında şərəfli
bir yer tutur.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
№ 51. - S. 19.