Mirəli Seyidovun mifoloji tədqiqatları çağdaşlıq müstəvisində
-
AMEA-nın müxbir
üzvü,
əməkdar elm xadimi Mirəli Seyidov
40 illik elmi fəaliyyəti ərzində azərbaycanşünaslıqda zəngin irs qoymuş, ədəbiyyatımız və folklorşünaslığımızda mötəbər imzalar sırasında yer almış, milli mənlik şüurumuzun formalaşmasında müstəsna xidmət göstərmiş
etimoloq,
alim və sözün tarixini araşdırmış
fenomenal
şəxsiyyətdir.
Mifologiyamıza, dilimizin
tarixi coğrafiyasına,
sözlərimizin qədim
mənbələrdə əks
olunan izlərinə əsaslanmaqla, xalqımızın
köklərini araşdıran
M.Seyidov, xüsusən, “Azərbaycan
mifik təfəkkürünün
qaynaqları” (1983), “Qızıl
döyüşçünün taleyi” (1984), “Azərbaycan xalqının soykökünü
düşünərkən” (1989), “Yaz bayramı” (1990), “Qam-şaman və onun qaynaqlarına ümumi baxış”
(1994), “Böri-qurt” (2006) kitablarında
ümumtürk mədəni
dəyərlər sistemi
kontekstindən çıxış
etmişdir.
Ötən əsrin
60-cı illərinədək Azərbaycanda mifologiyanın
öyrənilməsi ötəri,
epizodik xarakter daşıyırdısa, Mirəli
Seyidov öz yaradıcılığı ilə
bu sahəyə böyük maraq oyatdı. Onun tədqiqatlarında Azərbaycan
türklərinin bəzi
mifoloji obrazlarının
(Oğuz, öləng,
qam, Xızır, Kosa, keçi, varsaq, Qorqud və s.) mədəniyyət
tarixində yeri və rolu öyrənilir,
daha çox söz və ifadələrin miflər vasitəsilə etimoloji aspektdə izahına yer verilir. 30 illik elmi axtarışlarının,
gərgin əməyin
məhsulu olan “Azərbaycan xalqının
soykökünü düşünərkən”
monoqrafiyası istər
mifologiyamızın tədqiq
tarixində, istərsə
də müəllifin
yaradıcılığında olduqca əhəmiyyətli
hadisədir. Sovet dönəmində yazılmış
bu fundamental əsər
elmi dəyərini saxladığından 2018-ci ildə böyük alimin 100 illiyi münasibətilə AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
yenidən çap edilmişdir. Kitaba Ön söz yazan akademik İsa Həbibbəyli hazırda
azərbaycançılığın
milli ideologiya səviyyəsində
qəbul olunduğu bir dövrdə professor Mirəli Seyidovun monoqrafiyasında elmi həllini tapan ideyaların xüsusi aktuallıq kəsb etdiyini vurğulayır. Qeyd edir ki, azərbaycançılığın yenidən
konseptual şəkildə
öyrənilməsi prosesində
M.Seyidovun bu və digər tədqiqatları
həm zəngin elmi mənbə, həm də etibarlı bələdçidir:
“Kitabda mifik qaynaqlarla, ayrı-ayrı söz və ifadələrin incələnməsilə
açılan uzaq etnik-tarixi həqiqətlərlə
yanaşı, bu mifik düşüncənin
və sözün sahibi olan xalqın
da keçdiyi yollar, qədim azərbaycanlıların
təşkilat, dövlət
quruluşu, dünyabaxışı,
psixologiyası, bir sözlə, Azərbaycan kosmosunun bütün zənginliyi görünür.”
“Azərbaycan xalqının
söykökünü düşünərkən”
monoqrafiyasında mifik
obraz və simvollar sisteminə əsaslanmaqla, türk etnogenezisini araşdıran
Mirəli Seyidov tarixi hadisə və sənət abidələrinin ümumi
qanunauyğunluğunun ümumtürk
mədəni-mənəvi dəyərlər
sisteminə malik olduğu
qənaətni hasil etmiş, çoxlu sayda məkan adlarını bir etnosistem çərçivəsində
müqayisə edərək
xüsusiyyətlərini bir
araya gətirmiş, ümumtürk mifologiyasının
spesifik cəhətlərini
üzə çıxarmağa
nail olmuşdur.
Bu gün dünyada gedən mədəni proseslər
ambivalent xarakterlidir. Belə
ki, bir yandan bütün dünya xalqları Yer kürəsini ümumi böyük ev sayaraq dünya insanı kimi müxtəlif mədəniyyətlərin
bir arada mövcudluğunu vacib sayır, başqa bir tərəfdən isə hər bir xalq yalnız
özünə məxsus
olan soy-kök üzərində formalaşan
mədəni, ictimai görüşləri təsdiqləməyə
çalışır. Eyni
proses həmçinin sənətlər
arasında da baş verir: müxtəlif elm və sənətlərin
bir bütünü, tamı əmələ gətirməsi məsələsi
getdikcə daha çox tədqiqatların
mövzu və predmetinə çevrilməkdədir.
Son illər multikulturallıq, sənətlərarası
əlaqə, mədəniyyətlərarası
dialoq və s. kimi fənlər birinin digərindən asılı olduğu və hətta tamamilə bir-birindən ayrı mövcudluğunun
mümkünsüzlüyünü təsdiqləyir. Müxtəlif
sənətlər arasında
əlaqə qurulduqca onların sayəsində formalaşan, yaranan mədəni məkan genişlənir və bu genişlənmə, çoxalma mündəricəyə
birbaşa təsir edir. Mirəli Seyidovun araşdırmalarında
bu müasir düşüncə və
qənaətlərin geniş
şəkildə əksini
tapdığını izləmək
mümkündür. Beləliklə,
onun yaradıcılığında
interdisiplinar və qismən intermedial diskurs aktuallaşır. Qeyd edək ki, intermediallıq
müxtəlif sənət
sahələrinin məhz
ədəbi müstəvidə
estetik bütövləşməsidir;
istər elmi, istər bədii əsərlər üçün
ən başlıca xüsusiyyəti müxtəlif
işarələr sistemi
vasitəsilə kodlaşdırılmasıdır.
Əlbəttə, Mirəli
Seyidovun tədqiqatlarının
ərsəyə gəldiyi
dövr üçün
ölkəmizdə qloballaşan
dünya elminə xas olan “intermediallıq”
termini, “interdisiplinarlıq” anlayışları və
s. aktual deyildi. Lakin tədqiqatçı mahiyyət
etibarilə predmetə
bu üsul və metodla yanaşma sərgiləyir.
Çünki müxtəlif
sənət növlərinin
qarşılıqlı əlaqələri
tarixən, bütün
dövrlərdə elm və
sənət adamlarının
diqqətində olub.
Mifologiya özündə
fəlsəfi, psixoloji,
tarixi, kulturoloji müddəaları; musiqinin,
təsviri sənətin
element və xüsusiyyətlərini
cəmləşdirməklə interdisiplinarlıq qazanır.
Dövriyyəyə ötən
əsrin ikinci yarısında daxil olan interdisiplinarlıq
(interdisciplinarity) anlayışı ümumi mənada, hər hansı bir problemin müxtəlif
elmi aspekt və metodlardan öyrənilməsini nəzərdə
tutur. Bununla belə, bir elmi yanaşma, metodologiya, paradiqma kimi, əsrimizin mürəkkəb problemlərinin
kompleks həllinə çalışan interdisiplinarlığın
məqsəd və mündəricəsi müxtəlif
tədqiqatçılar tərəfindən
fərqli şəkildə
qəbul və izah edilməkdədir.
Müxtəlif strukturlu
musiqinin təsiri ilə formalaşan mədəniyyət özlüyündə
mənəvi məzmun,
obraz və ideyalar, konsepsiyalar və s. daşıyıcısıdır.
Başqa sözlə,
musiqi vasitəsilə
ünsiyyət mürəkkəb
struktura malik vahid sistemdir və ümumi yaddaş, zaman məkanında səsli,
verbal və vizual imkanlara malikdir. F.Şellinq deyirdi
ki, mifologiya hər cür sənət növü üçün
ilkin şərt və materialdır. Elə M.Seyidovun
bu istiqamətdəki tədqiqatlarını da bu
tezisin geniş şəkildə əksi kimi qəbul edə bilərik. Mirəli Seyidov, xüsusən, “Azərbaycan
mifik təfəkkürünün
qaynaqları”, “Azərbaycan
xalqının soykökünü
düşünərkən” kimi tədqiqatlarında bir çox adət-ənənə və
mərasimlərlə bağlı
söhbət açarkən
musiqidən də bəhs edir.
Qədim insan üçün dünyanı
dərketmə vasitəsi
olan mif kult ayinlərin formalaşmasında əsas
rol oynayırdı. Mifoloji obrazın emosional-semantik məzmunu musiqi vasitəsilə insanın dünyaya münasibətini ifadə
edir. Bu, insanın mənəvi inkişaf prosesində dünyanı
dərketmə və əks etdirmənin unikal formasıdır. Ümumiyyətlə, folklorumuzu
izləyərkən şahid
oluruq ki, musiqi toplumun həyatında əhəmiyyətli rol oynayır. Mirəli Seyidov Bəhaəddin Ögelə istinadla yazır ki, 981-984-cü illərdə
uyğurlar çöldə
gəzərkən də,
uzaq səfərə gedərkən də yanlarından musiqi alətlərini əskik etməyiblər. Ümumiyyətlə,
dastanlarımızdan da göründüyü
kimi, qədimdə musiqi alətlərinə hörmət elə dərəcədə idi
ki, hətta xaqanlar rəsmi qəbullarda yanlarında silahla yanaşı, çalğı
alətləri də saxlayırlarmış. Yəni
musiqi yalnız əyləncə vasitəsi
deyildi, hətta daha çox ayin və ritualların həyata keçirilməsi
vasitəsi kimi müqəddəs idi. Məsələn, xeyir-duaların
qopuz müşayiəti
ilə verilməsi (“Kitabi-Dədə Qorqud” dastanları), düşmənə
meydan oxuyanda sazı sinəsinə basıb sözünü musiqi ilə çatdırmaq (“Koroğlu”)
və s. Tarixi kontekstdə dünyanın
mənzərəsi kollektiv
və fərdi düşüncə və
obrazların dinamikasını
əks etdirir. Dünyanın mənzərəsi
etnos üçün
xarakterik olan baxışlar sistemini (dil daşıyıcıları,
dünyanın etnik, geomədəni mənzərəsi
və s.) təcəssüm etdirir. Düşüncə sistemi
kimi, mifin xalqın tarixi keçmişi ilə bu günü arasındakı körpü
olduğu fikri Mirəli Seyidovun tədqiqatlarının əsas
leytmotividir. Emosional aləmin obyektiv gerçəkliyini doğuran
bütün məsələlər
musiqi diskursunda eynən mifoloji diskursun mənalar sistemindəki dərəcədə
əks olunur.
Mirəli Seyidov yazır ki, “təbiətin
asılılığından qurtarmaq cəhdi” insanı sonralar tədriclə mürəkkəbləşən
yeni-yeni ibtidai görüşlərə
aparıb çıxarırdı.
M.Seyidovun tədqiqatlarında
qədim adət-ənənələrimiz
və mifoloji təfəkkürümüzdə musiqinin necə geniş yer qapsadığına şahid
oluruq. Musiqi, demək olar, həyatın bütün
sferalarına təsir
edə bilirmiş: sevinc və şadlığını bildirmək
üçün də,
kədərini, qürurunu
ifadə etmək üçün də xalq yalnız sözün gücünə
sığınmayıb, həmçinin
musiqiyə yer verib. Bunlara nümunə olaraq həmin çağların
dəfnetmə mərasimindən
bəhs edən tədqiqatçı bu və digər inamların, mifoloji görüşün, qədim
insanın həyata baxışlarının nümayişinə
çevrildiyini qeyd edir. Bu mərasimlə bağlı görüşlər,
inanclar, onların pantomim-rəqs, rəqs-söz
sənəti ilə ifadəsi əski mifologiyanın, eləcə
də incəsənətin
müxtəlif sahələrinin,
xüsusilə rəqs-musiqi
sənətinin tarixini
öyrənmək baxımından
maraqlıdır. Həm
də yalnız sənət görüşlərini
deyil, əski insanın yaşayış
tərzi, adət-ənənəsi
ilə bağlı müəyyən təsəvvürə
malik olmaq üçün
sənətin ibtidai forması olan bu mərasimlər az əhəmiyyət daşımır.
Qeyd edək ki, musiqi kimi, təsviri
sənət də özlüyündə multikultural,
müxtəlif düşüncə
və dəyərə
malik insanları birləşdirə
bilən fenomendir. Rənglər müxtəlif
xalqların mifoloji dünyagörüşündə dərin simvolik anlamlar kəsb edir. Əsasən bir-birinə yaxın və oxşar mənalandırmalara malik olsa
da, bu simvolika mədəni, dini, tarixi kontekstlərdən asılı olaraq dəyişə, fərqli
şərhləndirilə bilər.
Mifologiya ilə bağlı hər bir inamı, hətta ifadəni, sözü araşdırmağı
xalqın tarixi, sənəti və təfəkkürünü öyrənməklə
əlaqələndirən Mirəli
Seyidov rənglərin
mifoloji fikirdə yeri ilə bağlı
yazır: “Rənglər,
onlara əski insan tərəfindən
aid edilmiş anlamlar bəzi əski boyların, qəbilə birləşməsi silsilələrinin,
nəhayət, xalqların
dünyanı dərk
etməsi, dünyanı
hiss etməsi ilə az-çox dərəcədə
bağlıdır. Biz heç
də rənglə kainatı, dünyanı dərk etməyi geniş anlamda almırıq. Rəng və dünyanı dərketmə deyərkən,
onun yalnız insanı kosmoqonik - kainatın yaranması haqqında təfəkkürü
ilə bağlılığını
göz qarşısına
gətiririk.” Bu məqamda
müəllif rənglərin
ictimai anlam daşıdığını, xalqın təfəkkürü
ilə bağlılığını
gözəl duyduğunu
qeyd etdiyi Rəsul Rzanın “Rənglər” şeirindən
bir bəndi də nümunə gətirir.
Mirəli Seyidov tədqiqatlarında əski
türklərin inancında
rəng məsələsinə
geniş yer verərkən onlarda ağ, göy, sarı (altun, qırmızı) rənglərin
mifoloji inamlarla bağlılığını qeyd edir. Məsələn,
qırmızını günəşin
rəngi olaraq qəbul edərək xoşbəxtlik və əbədiyyətin rəmzi
kimi izah edir. “Kitabi-Dədə Qorqud” dastanında Beyrəyə adaxlısından
gələn qaftanı
nümunə gətirərək
oğuzlarda bəyin (oğlanın) geyiminin qırmızı olduğunu
bildirir. Həmçinin
tədqiqatçı XV-XVI yüzilliklərin Azərbaycan
və Orta Asiya miniatürlərinə
istinad edərək döyüşçülərin dəbilqələrində ağ,
göy, qırmızı,
sarı rəngli kiçik bayraqcıqların
olduğunu vurğulayır.
Bu bayraqcıqların, ola bilsin,
müəyyən əsgəri
rütbəni fərqləndirmə
əlaməti ilə bərabər, döyüşçünün
Günəşə (qırmızı,
sarı), Göy tanrısına (göy), Ülgenə (ağ) sığındığını bildirdiyi ehtimalını
da irəli sürür:
qeyd edir ki, xəstəlikdən qurtulmaq,
sağalmaq üçün
də Ülgenə, Göyə-Günəşə pənah gətirərmişlər.
Bu baxımdan, kazakların
əski bir qəm-şaman ayinini anan tədqiqatçı xəstənin sarı-ağ
başlı qoyuna baş əyib ona tapındığını
yazır. Həmin qoyunun boynuna göy (və ya ağ) parça
bağlayar və onu yeməzlər (yalnız xəstə ölən kimi qoyunu yeyərlər). Mirəli Seyidov bu ayində iki güclü inamın qaynayıb-qarışdığını
qeyd edir: “Xəstənin ağ qoyuna baş əyməsi, sözsüz
ki, ağ qoyun onqonuna inamla bağlıdır. Deməli,
bu ayini icra edənlərdə ağ qoyun onqonu
olmuşdur. Tapınılan
qoyunun başının
sarı olması da mifoloji baxımdan maraqlıdır. Sarı (qırmızı-oxra) rəngi
Günəş tanrısının
rəngidir. Xəstə,
başı sarı-ağ
qoyuna baş əyməklə Günəşə
və qəbilə birləşməsinin onqonu
bizi maraqlandıran başqa bir mifoloji hadisə də vardır. Xəstənin, başı
sarı-ağ qoyunun boynuna göy və ağ parça bağlaması təsadüfi deyildir. Ağ - Ülgenin, göy isə - Göy tanrısının
rəngidir. Bununla da xəstə hər iki tanrıya sığındığını bildirirmiş.” Eyni zamanda İsgəndərin
ölümünün təsvir
edildiyi bir miniatürdə ağlayanların
yalnız birində ağ, qalanlarında göy rəngli dəsmal olmasını da
rəssamın matəm
rənginə vurğu
etməsi kimi izah edir. Tədqiqata görə, ağ bayraq asmaq adəti
hakimliyin, xaqanlığın,
xanlığın əlamətlərindən
biri sayılırmış
və XX əsrin əvvəllərinə qədər
Azərbaycanın bir sıra yerlərində qalırmış.
Nümunələrdən göründüyü
kimi, əski inanclarda rənglərin istifadəsi həlledici rol oynayır. Təbii ki, bunların çoxu zamanın sınağından keçib
dövrümüzə elə
olduğu kimi inteqrasiya etmiş, bəziləri isə aktuallığını itirərək
sıradan çıxmışdır.
Bu gün də dəyişməyən ağ
və qaraya münasibətin əski çağlardan gəldiyi
danılmazdır.
Mirəli Seyidov yazır ki, əski insan ağı yaxşılığın, qaranı
isə şərin əlaməti kimi qəbul etmiş, hərdən isə açıq (ağ) rəngli zərrəciklərdən
xeyir başlanğıcının,
tünd (qara) rəngli zərrəciklərdən
pislik başlanğıcının
yarandığına inanmışdır
- elə bu təsəvvürə görə
də vahidliyin, eyni şeyin parçalanmasından sonra
əksliyin meydana çıxdığını qeyd edir. Tədqiqatçı
bu məsələ ilə bağlı maraqlı sual qoyur: nə üçün işığın,
xeyirxahlığın ifadəçisi
olan ağ və göy rəngləri, həm də matəm əlaməti sayılıb?
Bunun başlıca səbəbini
əski xalqların kosmoqonik görüşlərində,
kainatın yaranması
ilə sıx bağlı olan mifoloji inamlarda axtarmalı olduğumuzu bildirən müəllif əski inanclara görə, mətnlərdə
rənglərin işlənmə
yeri barədə çoxsaylı nümunələr
gətirərək sualına
cavab tapır.
Mirəli Seyidovun
tədqiqatları həmişə
elmi ictimaiyyətin diqqətində olub, haqqında monoqrafiyalar, onlarla məqalə yazılıb. Araşdırmalarının
yalnız müxtəlif
elm sahələrinin deyil,
həmçinin fərqli
sənət sahələrinin
də qovuşma nöqtəsi olan alimin əsərlərində
interdisiplinar aspektin önə çəkilməsi
elmdə müasir tendensiyaların izlənməsi
baxımından aktualdır.
Nəticə olaraq, izlədiyimiz qədərincə,
Mirəli Seyidovda musiqi, təsviri sənət və ənənə; musiqi, təsviri sənət və ədəbiyyat məsələləri qismən
intermedial müstəvidə əksini tapsa da, əsasən interdisiplinarlıq
səviyyəsində gerçəkləşir.
Alimin tədqiqatlarının
bu aspektdən incələnməsi mifin yalnız keçmiş deyil, həmçinin bu gün olduğu,
möhkəm zəmin
üzərində çağdaş
dünyagörüş sisteminin
inşası və intişarını gün
üzünə çıxarır.
Bu cür çoxtərəfli
yanaşma nəticə
olaraq predmetin estetik xüsusiyyətlərinin
kompleks formalaşmasını
izləməyə imkan
verir.
Mətanət VAHİD
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51.- S. 23.