Asif ATA
Asif Ata 1935-ci il sentyabrın
25-də Qərbi Azərbaycanın
Çəmbərək rayonunun
Çaykənd kəndində
dünyaya gəlmişdi...
Kassandranın monoloqu
- Mən sizin divanə saydığınız, Aqamemnon
əsiri Kassandra deyirəm
ki, Troya məhv olacaq,
onun xarabazarlığında
bayquşlar ulayacaq.
Fəqət siz ağıllılar mən
divanəyə inanmayın!
Həyatın gözünə
düz baxmayın! Gerçəkliyi uydurun! Şən, rahat, firavan yaşayın!
Siz ağıllılar,
qorxmayın, sizdən
döyüş rəşadəti
tələb olunmayacaq,
siz düşmən ordusunun qarşısında
əsim-əsim əsməyəcəksiniz,
ölümün pəncəsi
sinənizə çökməyəcək!
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Siz ağıllılar,
nəşənizdən, işrətinizdən
qalmayın, usanmayın!
Şəhvət şirnisindən
doyunca qidalanın!
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Siz ağıllılar,
rütbə, hakimlik dəbdəbəsindən, var-dövlət
həvəsindən əl
çəkməyin, qoy
onlar sizi sərsəri həqiqətdən
qorusun.
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Siz ağıllılar,
güzəran xoşhallığından,
məişət xoşbəxtliyindən
ayrılmayın.
Peyğəmbərlik - dəlilikdir.
Kassandraya inanmayın!
Siz ağıllılar,
fitnənizdən, fəndgirliyinizdən
çəkinməyin, ömrün
ahəngini, axarını
dəyişməyin!
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Siz ağıllılar,
zamanın havasına coşğunluqla oynayın,
qoy sevinc sədası həqiqətin
səsini batırsın.
Kassandra sərsəridir,
onu eşitməyin!
Siz ağıllılar,
böyük fikri, böyük kədəri,
böyük əzabı
qəlbinizə yaxın
qoymayın.
Qoy hərcayilik ürəyinizi düşüncə
hücumundan qorusun.
Peyğəmbərlik dəlilikdir.
Kassandraya inanmayın!
Siz ağıllılar,
yaratdıqlarınızın əbədiliyinə, bənzərsizliyinə,
əvəzsizliyinə sönməz
inamınızdan dönməyin.
Divanə hıçqırıqlarına
gülün!
Xülya badəsindən
aralanmayın.
Fərəh olmayan yerdə o, sizə fərəh gətirəcək,
səadət olmayan yerdə səadət!
Bugünün qapısını
sabahın üzünə
bərk bağlayın.
Elə edin ki, sabah bugünün üzərinə işıq
sala bilməsin.
Divanə Kassandraya
inanmayın, o sayıqlayır.
Özünüzə məftunluğunuz,
heyranlığınız bir
an da azalmasın, daxilinizdəki
zülməti görməyin.
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Yalandan qaçmayın.
Aldadın, aldanın,
aldanışla yaşayın,
yaşadın.
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Əxlaqı könül
evindən qovun, vicdanı ömrünüzdən
sürgün edin, xəbisliyi əsillik sayın.
Divanə Kassandra sayıqlayır.
Ona inanmayın!
Yırtıcı ehtirasları
alışdırın, qoy
onun işığında
fəlakət görünməsin.
Divanə Kassandranı
eşitməyin, susdurun,
susmasa - öldürün!
Ancaq Troya mütləq
məhv olacaq...
28 Közərti ayı,
5-ci il (28 iyun 1983-cü il)
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
¹ 51. - S. 22.