Məhkəməsiz
Hekayə
Telefonda özünü
Əlyazmalar arxivinin şöbə müdiri kimi təqdim edən Zahir müəllim Vahidə dedi ki, 1919-cu ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə
olunmuş hicazlı səyyah İbrahim Əbu Əli ən-Nəsrin "Şamaxı
səfəri" kitabının
beş il əvvəl latın qrafikasıyla çıxan
nəşrinin redaktəsinə
ehtiyac var. Məlum oldu ki, XIX əsrin sonu Hicazdan Şamaxıya
gəlmiş həmin
səyyahın xatirələri
müasir Azərbaycan
dilinə uyğunlaşdırılan
variantda nəşr olunsa da, kitabda
ciddi üslub, leksik problemlər var. Zahir müəllimin
"Sizi məsləhət
gördülər. Öhdəsindən
gələ bilərsiz?"
sualına uzun müddət sifarişsiz
(diplom işi, magistr dissertasiyası), yəni pulsuz qalan AMEA-nın Şərqşünaslıq İnstitutunun
baş elmi işçisi Vahid "Kim məni sizə
məsləhət görüb?"
sualını vermədən
cavab verdi: "Günü sabah sizin yanınıza gələcəm".
Vahid kitabın
ərəb və bizim dilə tərcümənin ərəb,
latın əlifbalarıyla
çıxan versiyalarını
qabağına qoyub başladı oxumağa. Artıq yeddinci səhifədə əmin
oldu ki, tərcümənin redaktəsi
bərbaddır. Kitabda
"kəlam", "kəlmə",
bəzi yerlərdə
"cihad" "cahid",
"Ömər", "Əmir"
kimi yazılmışdı,
bir sözlə, redaktorun ərəb dili əlifbası haqqında elementar anlayışı olmadığından,
əsər doluydu bu cür biabırçı
səhvlərlə. Üstəlik,
bir dənə də olsun, elmi, publisistik şərh yox idi. Anladı ki, mətni müasir dilə "uyğunlaşdıran" Şahin
Qazıyevin heç İslam dini haqqında da təsəvvürü yoxdur.
Vahid indiyə qədər nə kitab, nə də qəzet və jurnalda bu adamın adına rast gəlmişdi. Quqlda adını, soyadını
axtarışa verdi, Əlyazmalar arxivinin kiçik elmi işçisiydi, üç
kitab müəllifi, beşininsə, redaktoruydu.
Xülasə, Vahid kitabı aparıb Zahirə verib dedi: "Bu, mənə ancaq mane olur,
özüm ərəb
əlifbasıyla olan variantı yenidən işləyəcəm". - "Allah işini avand eləsin"...
İbrahim Əbu
Əli ən-Nəsr Hicazda (indiki Səudiyyə Ərəbistanı)
çoxlu xurma bağları olan Əhməd adlı varlı tacirin kiçik oğluydu. Uşaqlıqdan coğrafiyaya
marağı olan İbrahim on altı yaşa çatanda, atasına səyyah olmaq istədiyini dedi. "Nə vaxtsa, bunu eşidəcəyimi bilirdim, - uzun saqqalını sığallayan
atası dilləndi. -
Amma bu qədər
xurma bağlarımız
var, onların içində sənin də payın var".
Ailə daxilində
məsləhətləşib son qərara gəldilər: xurma bağları dörd qardaş arasında bərabər şəkildə
bölünür, evin
ən kiçiyi İbrahimin payına düşən bağdan gələcək gəlirin
dörddə üçü
onun özünə, qalanı isə bağa nəzarət edəcək, külfəti
böyük olan ortancıl qardaşına
çatır, bu şərt İbrahim Bağdadda oxuyub vətənə qayıdanacan
qüvvədə qalır.
Üç il
Bağdad universitetində
coğrafiya, astronomiya,
şəriətdən dərs
alan İbrahimin ən sevimli işlərindən biri - müsəlman səyyahların
tərtib etdiyi xəritələri öyrənmək
idi. Artıq təhsilinin ikinci ilində Hicazın, İraqın, Şamın
xəritələrini çəkmişdi.
Atası arada,
ya özü Bağdada gəlirdi, ya da bu
şəhərə səfər
edən tacirlərlə
oğluna pul göndərirdi. Nəhayət,
öz vətəninə
qayıdan İbrahim bir gün xəritədə
barmağıyla gəzişərkən,
Şamaxı üzərində
dayandı, illər öncə ərəb tarixçiləri əl-İstəxrinin,
Yaqut əl-Həməvinin
əsərlərindən oxuduğu
"gözəl", "evləri daşdan tikilmiş", "axar suları, bağları, gəzməli yerləri olan şəhər" sözlərini xatırladı.
Barmağını Şamaxının
üzərində saxladı,
sanki hansısa, qüvvənin təsiriylə
"İnşaAllah, səfərim
bura olacaq," - dedi.
İbrahim Şamaxının
tanınmış bəylərindən
olan Mehdinin imarətindəydi. Səhərlər
evdən çıxan
hicazlı səyyah lələk qələmini,
mürəkkəbini xurcununa
qoyub, başlayırdı
şəhəri gəzməyə.
Oranın təbiətini,
tarixini öyrənməkçün
Mehdi bəyin hədiyyə etdiyi atı minib bütün günü Şamaxını, ətraf
kəndləri gəzirdi.
Onu, həm də İslamın burada necə yayılması maraqlandırırdı
deyə, din alimləriylə görüşüb
qeydlərini edirdi.
Gəlişinin altıncı günü Mehdi bəyin bağında gəzən
qonaq kəlağayılı,
badamgözlü qızı
görəndə, içi
titrədi, qeyri-iradi ağzından "ya habibi" (ey sevgilim), qız onun yanından keçəndə isə
"Məsmukə?" (Adın
nədir?) sözləri
çıxdı. Qız
gülümsəyib yaşmaqlandı,
qonağa diqqətlə
baxdı, birdən nəyisə səhv edirmiş kimi, addımlarını yeyinlədib
ondan uzaqlaşdı. İbrahim Mehdi bəylə Bağdadda kərküklü türkmən
dostunun köməkliyi
ilə öyrəndiyi
türk dilində danışsa da, qızı görəndə
özündən asılı
olmayaraq, öz doğma dilində ona ürəyini açmışdı.
Həmin gecə
səhərə qədər
qonağın gözünə
yuxu getmədi, qəti qərara gəldi, vətəninə
qayıdan kimi elçilərini Şamaxıya
göndərəcək. Səhərə
qədər ayıq qalan İbrahimi bir şey düşündürürdü:
"Qızın atasıyla
necə danışmaq,
nədən başlamaq".
Elə bilirdi, atası bir müsəlman kimi, üstəlik, hər ikisi sünni olduğu üçün
qızını ona verməyə razı olacaq. Ertəsi gün yenə qızla həyətdə
rastlaşanda, İbrahim
gördü ki, onun sifətindəki dünənki xəfif təbəssümdən əsər-əlamət
yoxdur. "Adını
bilmədiyim bu gözəlin təbəssümü
də, ciddi siması da yaralı qəlbimçün
məlhəmiydi. Amma kaş o, mənə nəsə deyəydi, lap acılayaydı məni, amma səsini eşidəydim,"
- İbrahim səyahətnaməsində
yazırdı.
Xülasə, İbrahim Mehdi bəyə onun qızına vurulmasını,
vətəninə qayıdandan
sonra elçi göndərməyə hazır
olduğunu, lazım olan mehri verə
biləcəyini deyir.
Bu etirafı gözləməyən Mehdi
bəy qaşlarını
çatıb bir qədər fikrə gedir, sonra deyir
ki, qızı qardaşı oğlu Əbdürrəhmana uşaqlıqdan
deyiklidir, iki aydan sonra toyları
olacaq, qardaşıyla
əhdi poza bilməz. Dilxor olan ərəb səyyahı səhər
tezdən Şamaxını
tərk edir. Səyahətnamədə bunları
yazırdı: "Görürsüz,
yuxarıdakı cümlələr
bulanıq düşüb.
Ora mənim nakam məhəbbətimin
göz yaşları düşüb. Mən sübh namazını qılandan sonra Mehdi bəylə, onun zövcəsi Sənəmlə sağollaşmadan,
axşam yazdığım
kağızı xalçanın
üstünə qoyub
bəyin mənə hədiyyə etdiyi atı minərək Şamaxını dərin
bir kədər içində tərk etdim. Kağızda bunları yazmışdım:
"Bismillahir-rəhmanir-rəhim. Allah Sübhana və Təalanın salamı olsun sənə, ey Mehdi ibn Osman.
Göstərdiyin iltifata
görə Allah səndən razı olsun və etdiyin
yaxşılıq Qiyamət
günü əməl
dəftərinə yazılsın.
Mən sizin evi və gözəl
Şamaxını fərəh
dolu qəlblə tərk edirəm. Allahın kölgəsi daima sizin diyarın
üstündə olsun.
Sizdə qaldığım
günlərin haqqını
halal edin. Vassalamu aleykum". Öz ölkəsinə qayıdan İbrahim evdəkilərin məsləhətiylə
əmisiqızı Əminəylə
evlənir, bu izdivacdan üç oğlu, üç qızı dünyaya gəlir.
Vahid üç
ayın içində
kitabı, necə deyərlər, fundamental şəkildə redaktə
etdi, faylı Zahirin e-mailinə göndərdi. Ertəsi gün Zahir faylı aldığını,
bir aya redaktəylə
bağlı komissiyanın
rəyini göndərəcəyini
yazdı.
Bir ay yarım sonra heç bir xəbər almayan Vahid onun vatsapına
yazdı: "Salam aleykum Zahir bəy,
necəsiniz? Komissiya redaktəmi bəyəndi?"
- "Salam, bəyəndilər.
İnşallah, bir aya-filan kitab çıxacaq. Yeri gəlmişkən, gəlib
arxivdən pulunuzu götürə bilərsiz".
"Sevindim. Təşəkkür
edirəm" Vahid yazıb öz-özünə:
"Bunu xəbər elə də" mızıldandı və
ertəsi gün arxivə gedib beş yüz manatı götürən
gündən səbirsizliklə
kitabın nəşrini
gözləməyə başladı.
Sonuncu söhbətdən bir ay
on gün sonra yenə ona vatsapa
"Salam Zahir bəy.
Necəsiz? Kitabla bağlı nə yenilik var? Ümid edirəm, sizi bezdirmirəm, amma düzü, narahatam. Bu arada keçmiş Ramazan bayramınız mübarək!"
yazdı. Bunları Zahir oxusa da, cavab yazmadı. "Bahəm yazmağın cəhənnəm, canın
çıxsın əsas
suala cavab yaz də," - Vahid deyindi.
Xəbərsizliyin növbəti ayında
birbaşa nömrəsinə
zəng etdi, Zahir səbirsizliklə
"Əleykə salam,
yaxşıyam" deyəndən
sonra, Vahidin kefini-halını soruşmadan
mətləbə keçdi:
"Ay cavan oğlan,
kitab çap eləməyə
pul yoxdu, ona görə cavab yazmırdım. Axı niyə belə səbirsizsən?"
- "Zahir bəy, əksinə, çox səbirliyəm. Mən hər gün yazmıram ki, sizi narahat edəm. İkincisi, mən ekstrasens deyiləm, ürəyinizi oxuyub biləm, kitabın çapına pul yoxdu. Yazsaydız pul yoxdu, sizi
əsla narahat etməzdim". - "Nə
isə, büdcədə
pul olanda, xəbər eliyərik, istəsəz, gəlib lap
kitabın təqdimatında
iştirak edərsiz".
İki
ay sonra Zahirdən səs çıxmayanda,
Vahid B planını işə
saldı. Məktəb
vaxtlarından dostluq etdiyi biznesmen dostunun yanına gedib, məsələni təfsilatıyla danışıb
sonda istəyini dedi: "Bu kitabın nəşrinə sponsorluq
edə bilərsən?
Heç olmasa, iki yüz nüsxə
çıxsın. Mən
bilən, on doqquzuncu əsrdə, nəinki Şamaxıya, ümumiyyətlə
Azərbaycanın heç
bir bölgəsinə
bundan başqa ərəb səyyahı gəlməyib. Yəni
kitab çıxsa, tez
satılacaq, pulunu da bölərik". Dostu mixəkli çaydan bir qurtum alıb
dedi: "Yox, mənim o pula ehtiyacım yoxdu. Düzü, inanmıram, belə kitabı alalar. Camaat indi ancaq
Çingiz Abdullayevi oxuyur, bir də
Elxan Elatlını.
Problem deyil, pul ayıraram. Yaxşı, sənin sonra Zahirlə problemin olmaz ki?" - "Yox, nə problem? Mənə hələ "çox sağ ol" desin ki, bu işdə
qabağa düşürəm.
İkincisi, bu adam özü mənə zəng edib redaktor olmağımı
təklif edib, üzv olduğu komissiya redaktəmə müsbət rəy verib. Görərsən, hələ kitab çıxandan
sonra mənə zəng edib təşəkkür edəcək".
Bir ayın içində
kitab Vahidin yazdığı
səhifə yarımlıq
Ön sözlə, istədiyi dizaynla, keyfiyyətli kağızda
üç yüz nüsxəylə nəşr
olundu. Kitabı mağazalara, kitabxanalara verəndən sonra, nəşr haqqında
press-reliz yazıb saytlara göndərdi. İki-üç çox
oxunan saytda xəbər çıxdı,
nəhayət, ayların
gərginliyindən qurtulan
Vahid rahat oldu.
Kitabın nəşrindən üç
ay sonra, toyundan iki ay əvvəl qapının arasına salınmış zərfi
götürüb üstündə
öz adını, soyadını, "Nərimanov
rayonu məhkəməsi"
sözlərini görəndə,
Vahidi soyuq tər basdı. Tez zərfi açıb iki yerə bükülmüş
kağızı çıxartdı:
filan tarixdə Şahin Qazıyevin Mülki Məcəllənin
"Şərəfin, ləyaqətin
və işgüzar nüfuzun müdafiəsi pozulması" maddələriylə
sizə qarşı qaldırdığı iddia
əsasında Nərimanov
rayon məhkəməsinin hazırlıq
iclasında iştirak
etməniz xahiş olunur. "Bu kimdi?" Qəfil xatırladı, kitabın ilk nəşrini
biabırçı şəkildə
redaktə edən adam idi. Evlənməyə
hazırlaşan otuz iki yaşlı Vahid ilk dəfəydi məhkəməylə
üzləşirdi.
Ertəsi
gündən başladı
Şahin Qazıyev haqqında məlumat toplamağa. Öncə arxivin şöbə müdiri Zahirə zəng edib məsələni danışdı.
Bu adamın arxivin
"Orta əsrlər
şöbəsi"ndə işlədiyini deyən Zahir dərhal danlaq tona keçdi:
"Kitabı nəşr
etdirməzdən əvvəl
mütləq mənimlə
məsləhətləşməliydin. İkincisi, Şahin mərdimazar, təhlükəli
adamdı, peşəsi
adamları məhkəməyə
verib pul qopartmaqdı". Vahidin
"Neynəmək olar?"
sualına "Vallah, ona sözüm keçməyəcək, yaxşısı
budu, özüylə
görüş, söhbət
elə" cavabı aldı. Vahid bunu "Özüylə görüş,
danış, hörmətini
elə" kimi anladı, "Onun redaktəsindən mən ümumiyyətlə istifadə
etməmişəm, doludu
biabırçı səhvlərlə"
desə də, Zahirin reaksiyası belə oldu: "Başa düşürəm,
yenə deyirəm, ona sözüm keçmir. Təsəvvür
elə, bu adam ərəb dilini bilməyə-bilməyə
məqalə yazıb,
sübut etməyə
çalışır ki, imam Əlinin yazdığı
kitabın adı Nəchul Bəlağə
yox, Nəchul Bəladır, yəni imam
Əli əslində,
bəlanın mənbəyindən
bəhs edirmiş, bəlağətin, yaxşı
danışığın yox". - "Ay Zahir müəllim, vallah, siz məni infarkt
edəssiz. Bəs sizin müdiriyyət bu savadda adama
necə dözür? Adı beş kitabda redaktor kimi gedib e". - "Hə, bax, o suala mən cavab verə bilməyəcəm. Bilirsən
ki, mən idarənin yox, şöbənin müdiriyəm. Oldu, işim çoxdu, xudahafiz". Dud-dud-dud.
Vahid, Şahin Qazıyevi tanıyan bir-iki nəfərlə telefonla danışıb eyni şeyi eşitdi: işverəndi, mərdimazardı,
ondan hələ indiyə qədər xeyir görən olmayıb, yazdığı
əsərlərin əksəriyyəti
ondan-bundan çırpışdırmadı,
redaktə etdiyi əsərlər səhvlərlə
doludur. Onlar da sonda "Özüylə
görüş, gör
nə istəyir" deyib "hörmətini elə" məsələsinə
işarə vurdular.
Axırı, Vahid Zahirdən nömrəsini
aldığı mərdimazara
zəng etdi, özünü təqdim edib onunla görüşmək
istədiyini dilə gətirdi. "Yox, nə görüşmək?
- Şahin istehzayla dedi. - Hər şey göz qabağındadı". Vahid bu
adamın üzünü
görməyə-görməyə "Söhbəti uzatmağın
mənası yoxdu"
mənasını verən
saxta sakit səs tonundan anladı ki, onu yola gətirmək müşkül olacaq. Yenə cəhd etdi: "bəs kitab dilimizə daha uyğun şəkildə
çıxıb, buna sevinmək
lazımdır, gələcəkdə
təkrar nəşr olar, ikinci redaktor
kimi sizin də adınız gedər, iddia ərizənizi geri götürün, görüşək,
bir razılığa
gələk". Xeyri
olmadı, Şahin Qazıyevin dediyi son sözlər bu oldu: "Mən niyə ikinci redaktor olmalıyam? Allah şahiddi, o kitaba görə nə qədər əziyyət
çəkmişəm. Qanun
qanundur, əzizim. Qanunun aliliyinə hamımız riayət etməliyik. Bəlkə
buna şübhəniz var?" Vahid telefonun qırmızı düyməsini basıb öz-özünə dedi:
"Bu, lap alçağın yekəsiymiş ki. Hələ
durub utanmaz-utanmaz mənə "əzizim"
deyir. Kitabı normal hala gətirən mən, bu, ikinci
redaktor olmağa razı olmur".
O söhbətdən sonrakı
günlər Vahid küçədə,
evdə, iş otağında, yanında adam olmayanda, o baş-bu başa gedə-gedə, xəyalən
Şahinlə dialoqa girirdi, əsəbdən qurtulmaqçün onu doyunca söyəndən sonra bir az
rahat olurdu, sonra yenə telefon söhbəti, qarşıdakı məhkəmə
iclası yadına düşürdü, hirs
dolurdu içinə.
Kafedə
biznesmen dostunun ona verdiyi ilk sual bu oldu:
"Bu Şahin nə
qədər təzminat
istiyir?" - "O sualı
elə görüşəndə
özünə verəcəkdim.
Fikrimdə varıydı,
görüşəndə, cibinə yüzdən, yüz əllidən basaram, məsələ həll olunar. Məni necə əsəbiləşdirdisə..." - "Nömrəsini ver, mən axşam danışaram". Qısa
tərəddüddən sonra
Vahid Şahinin nömrəsini
dostuna verib dedi: "Amma bir xahişim var. Söz ver ki, mənim toy məsələmi bura qatmayassan. İstəmirəm..."
- "Aydındı".
İki gün sonra dostu Vahidə zəng edib "Axmağın yekəsiymiş"
dedi. Məlum oldu ki, Şahin birinci dəfə onun zənginə cavab versə də, sonrakı zəng və vatsap mesajlarına reaksiya verməyib, axırda onu bloka atıb. "Bilmirsən haralıdı?"
- dostu soruşdu.
"Onu niyə soruşursan?" - "Haralı
olduğunu bilsəm, tanış-qohum vasitəsilə
bilmək olardı, bunun qarnının ağrısı nədi".
- "A kişi, bilmirəm
haralıdı. İkincisi,
belələri yerli, qohum hərləmir, bunlarçün qardaş,
qohum puldu".
Məhkəmənin ilk iclasında Şahinin iddiaçı kimi ondan beş
min manat təzminat istədiyi bilinəndə,
Vahidin rəngi qaraldı, o qənaətə
gəldi ki, bütün
bunlar Zahirlə Şahinin qurğusudur, hər ikisi öncədən bilirmiş,
Vahid kitabı nəşr
etdirəcək, hakimlə
əvvəlcədən bu
məsələni danışıbmışlar,
sonda isə pulu öz aralarında
üç yerə böləcəklər. "Yaxşı,
bunlar bilir ki, mən akademiyada işliyirəm, maaşa baxan adamam. Hansı
ağılla, hansı
üzlə məndən
pul umurlar?" fikirləşəndə bilmədi,
bu işdə Zahirin əli var, ya yox. Hakim cavabdeh
şəxsin dörd
min beş yüz manatın da cərimə ödəməli olduğu
haqda qətnaməni oxumazdan əvvəl Vahid heç cürə sübut edə bilmədi ki, kitabın
fundamental redaktəsini o edib,
üstəlik, Şahinin
işlədiyi arxivin ekspertləri buna rəy verib. Rəqəmi eşidəndə, Vahidin reaksiyası bu oldu: "Beş yüz manat azaltmaqla guya mənə yaxşılıq
elədiz, möhtərəm
hakim? Bu adam Öməri
Amir, kəlamı kəlmə
kimi yazır. Bu adamın hərəkə
haqqında elementar təsəvvürü yoxdu,
sizsə, bunun xeyrinə qərar çıxardırsız". - "Necə yəni hərəkət haqqında..."
- "Hərəkə, ərəb
dilində sait hərflərə hərəkə
deyilir. Ehh, mən niyə bunları sizə deyirəm? Onsuz da, artıq qərarı çıxartmısız".
Dostunun məsləhətiylə Vahid apelyasiya
məhkəməsinə şikayət
etdi, apelyasiya təzminatı dörd min
beş yüzdən üç min beş yüz manata saldı. Bu dəfə
Vahid hakimə üzünü
tutub dedi: "Möhtərəm hakim, başa
düşün, mənim
heç illik maaşım bu qədər eləmir. Siz necə belə
qərar verə bilirsiz?" - "Vətəndaş,
mən sizin xahişiniz, istəyiniz əsasında yox, qanun əsasında qətnamə çıxardıram.
Əgər biz hakimlər
özümüzün, ya
cavabdeh şəxsin xahişi, ya istəyilə qərar çıxarsaydıq, onda
qanunlara ehtiyac olmazdı ki?! Bir də, siz o pulu hissə-hissə
də ödəyə
bilərsiz". Hakimin
bu sözlərindən
sonra Vahidin nitqi qurudu, nəsə
deməyin lüzumsuz olduğunu anladı. Az qaldı, elə məhkəmə zalında
baxışlarını ondan
yayındıran Şahinə
yaxınlaşıb ağız-burnuna
iki-üç yumruq ilişdirsin.
Dərdini bircə dostuyla
bölüşürdü, anasının "Bu gün-sabah
toyundu. Üzün niyə gülmür, a bala?" sualına candərdi "Yox, arada gülürəm, siz görmürsüz"
cavab verirdi. Ata-anası öz aralarında "Toyqabağı
həyəcanlanır" qənaətinə
gəlmişdi.
Məhkəməyə on, toya on dörd gün qalmış dostuyla çayxanada görüşdü.
"Sabah saat dörddə
bu adresdə olarsan, - dostu balaca yazılı kağızı Vahidin qabağına qoydu. - Adı Salmandı, məsələdən xəbəri
var. Amma sən ona həci deyərsən, hamı o cür deyir. Həccdə olub, namaz qılandı,
amma... Nə isə, görüşəndə
özün hər şeyi başa düşəssən".
Vahid arıq, balacaboy həcinin hər iki qolunda, sağ
şəhadət barmağında
döymə yazılar,
əsas da sağ barmağında səkkizbucaqlı
ulduz döyməsini (qanuni oğru) görəndə, hər şey ona aydın
oldu. Söhbət vaxtı həci kəhrəbadan hazırlanmış
işıqda bərq vuran təsbehini çevirə-çevirə Həcc,
Məşhəd, Kərbəla
ziyarətlərində olduğunu,
Vahidin "İslam yolu"
qəzetində çıxan
məqalələrini oxuyub
bəyəndiyini deyəndən
sonra əsas məsələyə keçdi:
"Apelyasiya nə qədər pul kəsib?" - "Üç
min beş yüz manat" - "Nə? Mən dedim yəğin söhbət
on mindən gedir, - həci xırılıtılı
qalın səsiylə
güldü. "Həci,
üç min beş
yüz yox e, beş yüz belə mənimçün
çox böyük puldu. Rayon məhkəməsi
dörd min beş yüz cərimə yazmışdı, apelyasiya
guya humanistlik edib min azaltdı. Hakimə deyirəm, akademiyada işliyirəm, heç illik maaşım..." - "Həmən
kitab mənə çatıb.
Bax, məllim, marağludu, görən,
o ərəb niyə beyin qızını qaçırtmayıb?" Həcinin
qəfil onun sözünü kəsib
kitab mövzusuna keçməsi
Vahidi təəccübləndirsə
də, suala sakit tonda cavab
verdi: "Ərəblərdə
qız qaçırmaq
adəti yoxdu". -
"Bəs beyin qızı sonra kimə ərə gedib?" - həci gözlərini qıydı.
"Yəqin ki, öz
əmisioğluna". - "Hə də, o vaxt qızın ağzı nə idi, atasına qarşı çıxsın.
Üstəlik, orda yazılır ki, onlar deyikliymiş. İndi gəl,
mən sənə bir şey deyim.
Mehdi beyin həmən
qızı mənim
ulu nənəm olub, adı da Münəvvər".
Vahid qeyri-ixtiyari yerindən
qalxdı. "Otur, otur. Hə, həyatda belənçik
şeylər olur, qərdeşim, - həci təsbehini şaqqıldadaraq
söhbətinə davam
etdi. - Ulu nənəm
əmisioğlunu istəmirmiş,
İbrahim isə çox
gözəl, yaraşıqlı
oğlanıymış. Düzdü,
o yeri əsərdə
yoxdu, yəni adamın özünü tərifləməsi bir az düz çıxmır
deyə, İbrahim bunnarı
yazmayıb, amma dildən-dilə gəlib çıxıb bizə.
Nə başıvı
ağrıdım, o ərəb
Şamaxıdan gedəndən
bir neçə gün sonra ulu nənəm gecə minir ata, qaçır
qonşu kəndə,
onu istəyən oğlanın evinə, adı Səlman olur oğlanın, elə ona da ərə gedir. Heç ona da ulu nənəmin meyli olmuyub, sadəcə öz əmisioğluna o qədər nifrət eliyirmiş ki, ondansa, Səlmanı üstün
tutubmuş. Mənim nəslim, elə adım da bax ordan gəlir. Çox mərd adam olub Səlman,
kənddə böyük
hörməti olub, mənim kimi razborkalar aparırmış.
Daha doğrusu, mən onun yolunu
davam eliyirəm. - güldü. - Mehdi Səlmanın
atasıyla düşməniymiş,
sonralar deyirmiş, bilseydim belə olucey, Səlmandansa, qızı ərəbə
verərdim. Ömrünün
axırına qədər
qızıyla barışmıyıb
ki, sən mənə
nankor övlad oldun, nəslimizin adını batırdun... Məllim, sən yəğin o biri dünyaya inanırsan
da?" - "Əlbəttə". -
"Deyirəm, görən,
bərzəx aləmində
həmən o ərəb
ulu nənəmi görə
bilib?" - həcinin
sifətinə qəribə
bir təbəssüm
qondu. Vahid söhbətin
sehrinə necə düşmüşdüsə, nəyə görə gəldiyini unutmuşdu.
"Vallah, çətin
sualdı. Hədisdə
də var axı, Allah
bizə bərzəx haqda çox az məlumat verib". - "Onu bilirəm, amma yenə marağlıdı.
Hərdən fikirləşirəm,
Mehdi düz eləmiyib
qızı ərəbə
vermiyib. Əsərdə
yazır axı, qız o ərəbi görəndə gülür,
demək, nənəm
ona vurulubmuş. Amma o
da var ki, nənəm Səlmana
ərə getməsəydi,
bu dünyada mən olmuyeceydim," - deyib həci güldü, dəmir seyfə tərəf getdi.
Vahid
"Yox, nə danışırsız" desə
də, zərfi götürdü. "Allah xeyir
vərsün, toyun münasibətiynən indidən
təbrik eliyirəm səni," - həci dedi. Vahid söhbəti yenə məhkəmə cəriməsinin üstünə
gətirəndə, həci
bircə cümlə dedi: "Narahat olma". Vahid istədi
"Necə etmək olar ki, bu mərdimazar
şikayətini geri götürsün?" sualını
versin, həci dilləndi: "Təzə
kitabun olsa, göndər, oxuyum" dedi. Vahid evə çatan kimi zərfi açdı: beş yüz manat idi. Qərara
gəldi, bunun üstünə toydan yığılacaq puldan beş yüz qoyub, beş yüz manat mərdimazara, beş yüz də hakimə verib məsələni həll
etsin.
Artıq toya
dörd gün qalırdı, çox narahatıydı Vahid, heç istəmirdi, bu günlərdə, ya toydan sonra
apelyasiya məhkəməsindən
"Siz filan tarixə qədər təzminatla bağlı ödəniş etməsəniz,
məbləğin üstünə
filan qədər də gələcək"
tipli bildiriş alsın. "Bu həci çox əliaçıq adamdı,
Allah ömrünü
uzun eləsin. Amma pul verməkdənsə,
ulu nənəsinin romantikasından danışmaqdansa,
kaş real kömək edəydi.
"Narahat olma" deməklə iş düzəlmir axı".
Dostu zəng edib soruşdu: "Getdin həcinin yanına? - "Getdim, dedi narahat olma",
utandı desin ki, hacının "Narahat olma" cavabı onu qane etmədi.
Toydan bir
həftə sonra atası təzə ailəyə baş çəkdi, ordan-burdan söhbət etdilər, atası qəfil "A bala, Şahin Qazıyev kimdi?" soruşanda, Vahid diksinən kimi oldu. "Nədi ki?" - atasının sualına sualla cavab verdi. "İki yüz manat pul salıb
toyuna. Ananla ha fikirləşdik, bilmədik kimdi. Bir də konvertin
içinə kağız
qoymuşdu," - deyib,
atası kağızı
köynəyinin cibindən
çıxardıb oğluna
uzatdı. "Vahid müəllim, Allah ailənizi xoşbəxt eləsin. Heyif, özüm iştirak edə bilmədim. O məsələyə görə
narahat olmayın, şikayətimi geri götürdüm. Kitabı
təkrar oxudum, maşallah, əla redaktə etmisiz. Etiraz etmirsizsə, təkrar nəşrdə
ikinci redaktor olaram". Bunlar yazılmışdı kağızda.
4
aprel - 11 dekabr 2023
Bakı-Altıağac-Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S. 28-29.