Mən uşaqlığımdan gəncliyimə qədər, Göyçə gölü hövzəsində gördüyüm, qan yaddaşıma hopan rəngləri kətana köçürürəm
Rəssam
Əli İsmayılla
müsahibə
- Əli müəllim, xoş gördük. Sizi redaksiyamızda görməkdən
şadıq. İstərdik,
söhbətə, Qərbi
Azərbaycan, Göyçə
həsrətinizlə başlayasız.
Uşaqlığınızdan tutmuş, oranı tərk etməyə məcbur qaldığınız
zaman kəsiminə qədər
o gözəl diyarı,
evinizi necə xatırlayırsız?
- Mənim üçün 1988-ci il dramatik
bir zaman ölçüsüdür.
Mənim üçün
hər şey 88-ci ilə qədər və sonraya bölünür. Yaxşı
və pisi, sevinc və kədəri, eləcə
də yaşadığım
həyatı - hər
şeyi mən iki yerə bölürəm
- 88-ə qədər və
ondan sonra. Bu mənim üçün qaranlıq və zülmətdən ibarət
və hələ də davam edən bir zaman vahididir. Bu dövrə qədər istər uşaqlıq, istərsə
də, gəncliyimin Qərbi Azərbaycanla bağlı olan müəyyən dövründə
hər şey həyatımda
rəngli və qayğısız idi. Bu zamandan sonra isə hər şey ağ-qara və statik oldu. Bu tək Qərbi Azərbaycanın, doğulduğum
Basarkeçərin itirilməsi
ilə baş vermədi ki... Bunun üzərinə,
bu faciədən özümüzə gəlməmiş,
qanlı Yanvar, erməni işğalı,
Xocalı faciəsi, ümumilikdə Qarabağ
faciələri və
bunların nəticəsində torpaqlarımızın
bir parçasının
itirilməsi oldu. Bu nisgil ucbatından uzun illər rəssamlıq fəaliyyəti
ilə məşğul
ola bilmədim. Əmin-amanlıq
dövründə isə,
sənətin məni
bir ayrı yolla - hamar və
bəlkə də özümün müəyyən
edəcəyim rahat bir yolla aparacağına
şübhəm yox idi. 1988 və 90-cı illər isə, bir çox sənət adamları kimi mənə də çətinliklərlə
bərabər, Vətənsizlik
“bəxş etdi”.
Əslində mən oranı tərk etmədim - o vaxt tələbə idim, həmin 1988-ci ilin yayında doğma Güney kəndimizdə
yay tətilində idim,
naturadan əsərlər
işləyirdim və
plan üzrə Bakıya
universitetə qayıtdım.
Bundan bir ay sonra isə köç dalğası
başladı və bir daha ora
qayıtmaq nəsib olmadı.
- İlk rəsm əsərinizi nə vaxt çəkdiniz və ümumiyyətlə,
valideynlərinizdə bu
qabiliyyət var idimi?
- Atam, tanınmış Göyçə
ziyalısı, jurnalist,
Qərbi Azərbaycanda
erməni təpkilərinə
sinə gərən mübariz insan, o vaxtkı tribunalarda erməniliyə qarşı
öz sözünü
deyən və deyə bilən, ensiklopedik biliyə malik İsmayıl Əliyev rəsm qabiliyyəti olan insan idi.
Oxuduğu qəzetlərdəki
müxtəlif qrafik təsvirləri dəqiqliklə
çəkir, müxtəlif
perqament kağızlarda
simmetrik naxış və gül eskizləri edirdi ki, bunların əsasında
da anam tikmələr toxuyardı. Bu tikmələrin,
demək olar ki, hamısı bu günə qədər ailəmizdə mühafizə
olunur. Bax, belə bir ziyalı
mühiti - yaradıcılığa,
qurub-yaratmağa meyilli
olan ailəmiz məndə, özüm də bilmədən bütün gözəlliklərə
məhəbbət aşıladı.
Kiçik yaşlarımda
atamdan bir ilan çəkməsini xahiş etdim - bunun üçün ona kağız, qələm də uzatdım. Bir az düşündü və
sürətlə bir ilan çəkdi. Mən rəsmin belə tez alınmasından
sevindim və qələmlə çəkilmiş
bu şəkli rəngləmək istədim.
Atam şəkli vermədi, azca düşündü və
yenə nəsə çəkməyə başladı
- bu dəfə çəkmə geyinmiş
bir insan ayağı
çəkdi ki, o da ilanın
başını əzirdi.
Bu epizod mənim həyatımda bir rəsm üzrə master-klass, atamın həyatında isə Qərbi Azərbaycanda yaşadığı bütün
dövrlərdə ilanbaşlara,
özünün dediyi
kimi, “ciblərində
iki partiya bileti” gəzdirən daşnak kommunistlərə
qarşı mübarizənin
leytmotivi oldu.
9-cu sinifdə isə sevmədiyim riyaziyyat kitabımın əvvəldən-axıra qədər
cüt səhifələri
çap olunmamışdı,
hərf və rəqəmlər, demək
olar ki, görünmürdü
və bu məni çox xoşbəxt etmişdi - həmin vərəqlərə
müəllimlərim və
sinif yoldaşlarımı,
müəyyən mövzuları
çəkirdim.
Bütün yaradıcılığımı
isə təşkil edən dərmə üsullu kilim, farmaş, palaz və xurcunlara,
onların üstündəki
qədim türk damğa və svastiklərinə - naxışlara
sevgini isə mənə anam aşılamışdı.
Bir sözlə, bütün bunlar mənə valideynlərimin,
Göyçənin - Vətənin,
Göyçədənizin, onun su, hava və torpağının mənə
verdikləri ən qiymətli xəzinələrimdir
ki, bu gün də onlardan qidalanıram. Bir sözlə,
gözəlliyin qapısını
mənə Göyçə
açdı.
- Göyçə
nisgili sizin mənəvi dünyanızdan
nələr aldı? Və bu alınanlar
sənət dünyanıza,
həm də nələrsə gətirdi,
deyə bilərik? O
zaman hansı təkrarsız
rəng, çalar?
- Əslində “daha çox aldı” demək doğru olar. Artıq mən İncəsənət İnstitutunda
tələbə olarkən,
öz sonrakı üslub və yolumu tapmışdım və bu yol
ilə gedirdim. Burada əsasən, Göyçənin göyçək
təbiəti, onun landşaftı, bağ-bağat,
dağ və dənizin təması, minarəyə bənzəyən
qələmə (söyüd)
ağaclı kənd mənzərələri, hələ
kənd evlərində
az da olsa, işlənən qədim
etnoqrafik məişət
əşyalarımız - səhəng,
satıl, sini, badya, eyni zamanda
bu mahalın və bütövlükdə
Qərbi Azərbaycan insanlarının əsas məşğuliyyəti olan
qədim xalçaçılıq
məhsullarını bir
arada - bütöv, kompleks halında - etnoqrafik toplu kimi təqdim etməyə başlamışdım.
Amma faciələrimiz nəticəsində
yaranan qeyri-sabitlik bu işi, demək
olar ki, on il ertələndirdi.
Bu on illik zaman və otuz illik nisgil,
məndən aldıqları
idi.
Qazandığım isə Göyçənin qızıl
payızı, həmişə
və bu gün də sevə-sevə təsvir etdiyim, Göyçədə
anamın bağımızda
becərdiyi sarı-qızılı
çiçəklər, oradan
gətirdiyim farmaş,
xalça və kilimlərin rəngləri
mənim, həm koloritimin ortaq nöqtəsi və həm də rəng leytmotivim oldu. Və bu
gün də mən uşaqlığımdan
gəncliyimə qədər,
Göyçə gölü
hövzəsində gördüyüm,
qan yaddaşıma hopan rəngləri
kətana köçürürəm.
– Tablolarınızın ovqat
göstəricisi hansı
estetik işarələrdir?
- Rəsmlərimdə
ovqat, əhval və mövzu mövcuddur. Mövzuya uyğun olaraq rəng koloriti, ovqat da dəyişə bilər. Mövzu, üslub və rəng koloriti ilə bağlı ağlaşma və bədbinlik qurmaqdan uzağam. Adətən faciələrimizi əks etdirəndə rəssamlarımız
qara rəng bolluğundan yararlanırlar
ki, bu da onların demək istədiklərini
tamaşaçı ünvanına
çatdırmır. Hər
halda, palitramda mənim üslubuma xas olan rəng
koloritimi qorumağa çalışıram. Sevdiyim
çalar və demək olar ki, bütün əsərlərimdə
istifadə etdiyim qədim işarə və simvollar da bu işin estetik
görüntüsüdür.
- Əksər rəsmlərinizdən Qərbi
Azərbaycanın təbiət
gözəlliklərinin təsviri
keçir. Göyçə
gölü, dağlar,
tanıdığınız insanların evləri, hətta Göyçə
gölünü kəmər
kimi dövrəyə
almış Şahdağ
sıra dağlarının
qarına qədər
fərqli çalarları
əks etdirə bilirsiz, əsərlərinizdə.
“Könülün hədiyyələri”,
“Qərbi Azərbaycan”,
“Qoca dağ”, “Gülbaharın evi”, “Güney kəndi yayda” və s. Hər birinin arxasında bir insan hekayəsinin dayandığı rəsmlərə
verdiyiniz adlardan bəllidir.
- Bəli, əsərlərimin əksəriyyəti
- istər təbiət
təsvirləri, istərsə
də, kompozisiyalar Qərbi Azərbaycana həsr olunub. Qış isə Göyçədə xüsusi
gözəlliyi olan fəsildir. Həm də çox sevdiyim fəsildir. Əslində nə yayın istisi, nə də qışın soyuğu mənə doğma torpaqlarda birbaşa təbiəti, təbiətin
özündə işləməyə
mane olmurdu. Təbii ki, Göyçə
kəndlərində, xüsusən,
doğulduğum Güney
kəndində çəkdiyim
mənzərələrin, o obyektlərin özü müəyyən
bir tarix hekayəsinə malikdirlər.
Məsələn, 1982-ci ilin
yanvar ayında, çox şaxtalı bir gündə Bakıdan Göyçəyə
təqribən, 9-10 saatlıq davam edən növbəti səfərimdə yol yorğunluğuna baxmayaraq,
avtobusdan düşüb,
evdən molbert və rənglərimi götürüb donmuş
dənizi təsvir etmək üçün dənizin kənarına getmişdim. Gözəl bir qarlı dəniz mənzərəsi
alınmışdı.
Dağlar isə qış aylarında xüsusi gözəlliyə
malik olurlar. Bu üzdən
Göyçənin qarlı
dağlarına xüsusi
məhəbbətim var. Bəzən
bu nostaljini mənə Xızı dağları əvəz edir. Təəssüf ki, orada qar bir
neçə gündən
çox qalmır.
- Evinizin, ata yurdunuzun da təsviri var, rəsmlərinizin
arasında. Bu tablonu hansı duyğu çəkdirdi?
- Bu əsəri
1982-ci ilin qarlı fevral ayında birbaşa naturadan çəkmişəm. Əslində
elə bir xüsusi duyğu mövcud deyildi o vaxt. Ən azından
ona görə ki, Vətəni tərk etmək qorxusu hələ yaranmamışdı
və sonralar bu qorxu mənə
Qorbaçovun dövlət
rəhbəri seçilməsi
ilə gəldi.
Evimizin bu təsviri ilə bağlı əsil duyğular isə qaçqınlıqdan sonra
başladı və bu günə qədər də hələ davam edir. Şəklə baxanda həmişə mənə elə gəlir ki, içində
doğulub və bütün uşaqlığımızı
keçirdiyimiz, atalı-analı
böyük ailəmizin
xoşbəxt yaşadığı
bu ev də,
hətta Göyçə
torpağı da, sanki
Bakıdan hava yolu ilə 370 km., uzaqlıqda, fiziki material dünyada deyil, sanki paralel dünyadaymış...
- Yurd yerinizlə bağlı şəkilləri çəkmək
sizə mənəvi rahatlıq verir, yəni azacıq da olsa, ovuna bilirsinizmi?
- Ümumiyyətlə, rəssam
əsər işlərkən
xoşbəxt olur. Bütün şəkillər,
çəkdiyim bütün
əsərlər, Vətənə
aid çəkəcəklərim
də, hətta məni ovundurur. Yeri gəlmişkən, deyim ki, Qərbi Azərbaycana aid hər hansı kompozisiyanın eskizi də, bu eskiz ətrafında
düşüncələr də, işin prosesi də mənə gözəl anlar yaşadır. Bu an mən, sanki Yaradanın boynuma qoyduğu tapşırıq
və missiyanı yerinə yetirirmişəm
kimi xoşbəxt oluram..
- Göyçə
gölü yaradıcılığınızdan
əsas motiv, ana xətt kimi keçir. “Göyçə
gölü”, “Göyçədə
qış”, “Göyçə
gölündə axşam”
və s. Bunu yaddaşın qorunması,
tarixən bizim olanlara münasibətdə
sənətin mühafizəkarlığı
kimi dəyərləndirmək
mümkündürmü? Yəni,
Kəpəz, Qoşqar
dağı, Beşbarmaq
dağı, Kiçik
Qafqaz dağlarının
da yer aldığı
sənət qalereyanızda
Göyçə gölü
ilə bağlı çəkdiyiniz rəsmlər
bir gözəllik tablosu olaraq onlarla eyni kontekstdə
yer alır, yoxsa, xatirələrə bağlılığın rəmzi
olaraq fırçanın
yaddaşından süzülür?
- Qeyd etdiyim kimi, istər
Göyçə gölu
rəsmlərimi, Qərbi
Azərbaycanda işlədiyim
digər rəsmləri,
istərsə də, Kəpəz dağı, Qoşqar, Xızı dağları, Kiçik Qafqaza həsr olunmuş təbiət təsvirlərini və
s. - hamısını birbaşa
naturadan işləmişəm.
Mənim anlamımda hər hansı reproduksiyaya baxıb onu işləmək, rəssama yaraşan bir hərəkət deyil. İstər Göyçədə, istərsə
də, Kiçik Qafqaz, Böyük Qafqaz, Abşeronun mənzərələrini hər
zaman o ərazidə bəzən
günlərlə, birbaşa
naturadan işləmişəm.
Bitkin əsər və kompozisiyaları isə, adətən təbiət və hər hansı obyekti birbaşa naturadan çəkdiyim etüdlər əsasında
işləyirəm.
O ki qaldı Göyçə rəsmlərinin
fərqinə, düşünürəm
ki, bu, orada təbiətin fərqli olması səbəbindəndir.
Dəniz adlandırdığımız
bu göl, Göyçə alması,
xalı və gəvələr, kilim, farmaş,
xurcunlar, mis qablar, Şahdağ sıra dağları ilə bərabər, bir Göyçə rəmzlərini
təşkil edir. Bu səbəbdən, mən
rəmzlərimi tək
gözəllik tablosu deyil, bir gözəllik
etalonları hesab edirəm. Çünki tək Göyçə mahalını deyil, bütün Qərbi Azərbaycanı bu rəmzlərlə ifadə
edirəm. Ona görə
də bu rəmzlər Vətənə
aid kompozisiyalarda tez-tez
istifadə edilən ifadə vasitələridirlər.
- Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sizin Göyçə gölü ilə bağlı yurd itkisindən əvvəl və sonra çəkdikləriniz
arasında baxış
bucağının fərqliliyindən
bəhs edərkən,
belə bir məqamı vurğulayır:
“Əli İsmayılın
yurd itkisindən əvvəl - Göyçədən
Göyçəyə baxışın
nəticəsində görüntüyə
alınan tabloda göl fonunda təsvir olunanlarda mövcud olan nikbinlikdən heyrətlənmək
hissi nə qədər güclüdürsə,
Bakıdan Göyçəyə
zillənən baxışlarda
duyulası və üzüntülü bir həsrət mövcuddur”.
- O zaman mən Ziyadxan müəllimə mənim yaradıcılığımı
daha çox etnoqrafik çalardan araşdırmalı olmasını
və bunu istədiyimi demişdim. Hörmətli sənətşünasımız
isə əsərlərimdə
ön planda bir Qərbi Azərbaycan nisgilinin hiss olunmasını dedi. Hazırda bütün tarix boyu milyonlarla
Qərbi Azərbaycan türklərinin yaşadığı
bu ərazilərə
əlimiz çatmasa
da, Böyük Zəfərdən
sonra qayıdacağım
mövzularda nikbinlik yenidən özünü
göstərəcək və
bu artıq hiss olunmaqdadır.
- Mənzərə,
natürmort janrı əsas müraciət etdiyiniz janrlardır. Kilim və xalça, mis və saxsı qablar, çiçək və meyvələr dekorativ sənət nümunəsi kimi, demək olar ki, əksər rəsmlərinizdən
keçir. Bu rəsmlərdə
qəribə və maraqlı hibridləşmə
işi aparırsınız.
Kilim üzərində çiçəklərin,
meyvələrin dağılmış
obrazını canlandırmaq
yurd nisgilinin estetik işarəsi kimi mənalanır, sanki. “Vətən. 1988” tablosu, məsələn.
Bu tablodakı bədii
işarələri öz
dilinizdən eşitmək
istərdik.
- Ümumən desək, Azərbaycan rəssamlığı
dekorativ fundamentlidir. Bunu, həm qədim uyğur miniatürlərinə söykənən
Təbriz miniatür məktəbi, sonrakı əsrlərdə isə
- miniatür sənətinin
təhrifə uğraması
ilə meydana gələn divar rəssamlığımız, saray
rəngkarlığımız olan Qacar məktəbi
və digər sənət ənənələrimiz
sübut edir. Buna görə də müasir rəssamlığımız
öz milli rəssamlıq
tariximizin və Avropa akademizminin şinelindən çıxıb
kimi düşünə
bilərik. Mənim sənət istiqamətim hər iki ənənəni
birləşdirsə də,
mövzu olaraq daha çox millidir. Ona görə də xalçaçılıq,
misgərlik və digər dekorativ məhsullarımız əsərlərimin
bəzəyidir. Mənzərə-natürmort
janrı mənim yaradıcılıq yolum və dəst-xəttimdir.
Məhz bu janrda Qərbi Azərbaycan ifadəsi yerinə düşür. Bu janrda Göyçənin, Qaraqoyunlu
dərəsi və Zəngəzurun, Dərəçiçək
və Ağbabanın
İrəvan və İrəvanətrafının, həm coğrafiyasını,
həm etnoqrafiyasını
bir arada təqdim edə bilirsən. Üstəlik,
kompozisiya yaradırsan
ki, bu da bütöv bir əsər, bir təqdimatdır. Bunun üçün isə uzun illər yol gəldim.
Amma dediyim kimi, dünyanın yaxşı və nisbətən yaxşı
vaxtlarında da Göyçə
ifadəsini kilim və
gəvə (xalça)
üzərində, mis qab
və çiçəklərin
təsviri, kilim və
xalçaların naxışlarını
Qərbi Azərbaycan coğrafiyasında təsvir
etməyə başlamışdım.
“Vətən-1988” kompozisiyası da bu üslubun davamıdır. Burada fərqli olan əsərdəki dramatizmdir.
Əsər Göyçə
gölü və Şahdağ sıra dağlarının fonunda
təsvir olunub. Bu məkanda təsvir edilmiş Göyçə
rəmzi olan almaların, mis qabın
kilim üzərindən dağılması,
ətrafa səpələnməsi,
hər şeyin öz məhvərindən
çıxması, bütün
dünyanın gözü
qarşısında Qərbi
Azərbaycanı 1988-ci ildə
tərk etmiş 400 minlik azərbaycanlının
(türkün) taleyini
və qaçqınlıq
faciəsini ifadə edir.
- Keçmişi
xatirələrində, gələcəyi
isə xəyallarında
yaşadan bir rəssam kimi, Qarabağla bağlı qazanılan Zəfər amilindən sonra düşüncələrinizdə hansısa təbədüllat,
çevrilmələr baş
veribmi? Yaxud belə deyək, Qarabağ və Zəngəzurla bağlı
aparılan proseslər,
ora qayıdış ümidi sənət baxışınıza kiçicik
də olsa, hansısa mənada təsir etməyə başlayıbmı?
- Ən əvvəl, onu deyim ki, biz son uç ildə - bir-birindən möhtəşəm olan
tarixi hadisələrin
şahidi olduq. Bu, Böyük Zəfər idi. Bu Zəfər Azərbaycan
Prezidenti, Ali Baş Komandan, sözün əsl mənasında, böyük Sərkərdəmiz
cənab İlham Əliyevin
rəhbərliyində baş
verdi. Babək, Şah İsmayıl Xətai, Nadir şah ənənələrini davam
etdirən, son 200 ildə
ilk dəfə olaraq Vətənə torpaq qazandıran, ərazi bütövlüyümüzü təmin edən Prezidentimizlə
mən fəxr edirəm. Bu qələbə,
bu zəfər sayəsində 1988-ci il kabusu
düşüncələrimdən silinməkdədir. Qarşıda
isə bizi tarixi torpaqlarımız - Qərbi Azərbaycan davası gözləyir.
Zəfərimizin isə yaradıcılığıma, təbii ki, müsbət təsiri olacağı şübhəsizdir. Bu artıq
hiss olunmaqdadır. Artıq
müəyyən eskizlərim
hazırdır və ümidvaram ki, bu qələbənin müəllifləri
olan Sərkərdəmiz
və Azərbaycan Əsgəri barədə,
qazilərimiz və şəhidlərimiz haqqında
deyiləcək sözüm,
işləyəcək mövzularım
qabaqdadır.
Söhbətləşdi:
Azər Turan, Elnarə
Akimova
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51. - S. 24-25.