"Yazmaq, bir növ
duadır"
Yun Fossenin
Nobel nitqi
Builki Ədəbiyyat üzrə Nobel mükafatının
qalibi norveçli yazar Yun Fosse 7 dekabr
2023-cü ildə Stokholmdakı
İsveç Akademiyasında
mühazirəsini söyləyib.
Yazarın Nobel nitqini təqdim edirik.
Səssiz dil
Mən orta məktəbdə oxuyanda gözlənilməz hadisə
baş verdi. Müəllim məndən
ucadan oxumağımı
istədi. Birdən-birə
məni alt-üst edən qəfil qorxu basdı. Sanki qorxunun içində yoxa çıxdım və artıq ondan ibarət idim. Ayağa qalxıb sinif otağından qaçdım.
Şagirdlərin, eləcə
də müəllimin
bərəlmiş gözlərinin
sinif otağından məni izlədiyini hiss edirdim.
Daha sonra tualetə getməli olduğumu deyərək, qəribə davranışımı
izah etməyə çalışmışdım. Onların mənə inanmadıqlarını üzlərindən
oxuya bilirdim. Yəqin ki, mənim dəli olduğumu düşünürdülər, bəli, mən dəli olmağa doğru gedirdim.
Bu ucadan oxumaq qorxusu məni daim təqib etdi. Vaxt ötdükcə
mən cəsarət toplayıb müəllimlərimə
ucadan oxumaqdan qorxduğum üçün
belə oxuya bilməyəcəyimi deyib
üzr istəyirdim, bəziləri mənə
inanırdı və bunu bir də
məndən tələb
etmirdilər, bəzilərisə,
elə bilirdi ki, onlarla zarafat edirəm.
Bu təcrübədən insanlar haqqında vacib bir şey
öyrəndim.
Çoxlu başqa şeylər də öyrəndim. Bəli, çox güman ki, bu gün mənə
burada dayanıb tamaşaçılar qarşısında
ucadan oxumaq imkanı verən bir şey. Həm
də, demək olar ki, heç bir qorxu hiss etmədən.
Mən nə öyrəndim?
Dilimi məndən alan, bir növ
qorxu idi və belə demək mümkünsə,
mən onu qorxudan geri almalı
idim. Əgər bunu edəcəkdimsə, bu, başqasının şərtləri ilə
ola bilməzdi, ancaq öz qaydalarımla etməliydim.
Öz mətnlərimi,
qısa şeirlərimi,
kiçik hekayələrimi
özüm yazmağa
başladım.
Bununla da kəşf etdim ki, bunu etmək mənə qorxunun əksinə, arxayınlıq, özünəinam
hissi verir.
Bu yolla içimdə,
yalnız mənə
aid bir yer tapdım və o yerdən, ancaq mənim olanı yaza bildim.
İndi, təxminən, əlli il keçsə də, mən hələ də oturub yazıram və hələ də, düzünü desəm, haqqında mövcudluğundan başqa
o qədər də çox şey bilmədiyim içimdəki
o gizli yerdən yazıram.
Norveç şairi Ulav Hauqe (Olav H.Hauge) yazmaq
aktını meşədə
yarpaqdan binalar tikən, onların içində oynayan, şam yandıran, qaranlıq payız axşamlarında orada oturan və özünü təhlükəsizlikdə
hiss edən uşaq olmaqla müqayisə etdiyi bir şeir
yazıb.
Düşünürəm ki, bu, mənim də yazı prosesini necə yaşadığımın
ən yaxşı təsviridir. İndi, eləcə
də əlli il əvvəl olduğu kimi.
Uşaqlıqda başıma
gələn o hadisədən
daha çox şey öyrəndim, öyrəndim ki, ən azından mənim üçün danışıq
dili ilə yazı dili, yaxud danışıq dili ilə ədəbi
dil arasında böyük fərq var.
Danışıq dili çox vaxt bir şeyin bu cür və
ya başqa cür olması ilə bağlı mesajın monoloji münasibətidir, ya da bir fikir və
ya qənaət kəsb edən mesajın ritorik ifadəsidir.
Ədəbi dil heç vaxt belə olmur - məlumat vermir, ünsiyyətdən daha çox məna kəsb edir, onun öz varlığı
var.
Bu mənada da, yaxşı
yazı və hər cür təbliğat, istər dini, istərsə də, siyasi, hər hansı mövzuda olur-olsun, istənilən təbliğat
açıq şəkildə
bir-birinə ziddir.
Ucadan oxumaq qorxusuna görə, əksər yazıçının
həyatına xas olan tənhalığa qədəm qoydum və o vaxtdan da orada qaldım.
Çoxlu nəsr və dram əsəri yazmışam. Təbii
ki, dramaturgiyanı səciyyələndirən
odur ki, o yazılı
nitqdir, həmişə
xəyali dünyaya
aid olan dialoq, çıxış və
ya sürətli danışmaq cəhdi və monoloqlar, informasiya verməyən, amma özünə aid varlığı, mövcudluğu
olan bir şeyin parçasıdır.
Nəsrə gəlincə, Mixail Baxtin haqlı
olaraq iddia edir ki, ifadə tərzinin, danışıq
aktının özündə
iki səs var.
Sadələşdirsək; danışan,
yazan adamın səsi və haqqında danışılan
şəxsin səsi.
Bunlar çox vaxt bir-birinə o qədər qarışır
ki, hansı səsin kimə aid olduğunu ayırd etmək mümkün olmur. Demək olar ki, ikisəsli yazıya çevrilir və bu, əlbəttə ki, yazılı kainatın və onun öz
içindəki məntiqin
bir hissəsidir.
Yazdığım hər bir əsərin, belə desək, hər birinin müəyyən mənada,
öz uydurma kainatı, öz dünyası var. Hər pyes üçün, hər roman üçün
yeni olan bir dünya.
Amma yaxşı şeirin,
çünki mən çoxlu şeirlər də yazmışam, bilirəm, özünün
ayrı bir kainatı var - o kainat mahiyyətcə şeirin özü ilə bağlıdır. Sonra onu
oxuyan adam şeirin kainatına girə bilər - bəli, bu, ünsiyyətdən daha çox iştiraka bənzəyir.
Əslində bu yazdıqlarımın hamısına
aiddir.
Bir şey dəqiqdir
ki, mən heç vaxt özümü ifadə etmək üçün yazmamışam,
necə deyərlər,
əksinə, daha çox özümdən
uzaqlaşmaq üçün
yazmışam.
Beləcə, mən dramaturq oldum - bəli, bu barədə
nə deyə bilərəm?
Romanlar və şeirlər yazdım, teatr üçün yazmaq həvəsim heç yox idi, amma vaxt
keçdikcə bunu etdim, çünki - daha çox yeni Norveç dramını yazmaq üçün dövlət tərəfindən
maliyyələşdirilən təşəbbüsün bir
hissəsi kimi - o vaxtlar kasıb yazıçı olan mənə bir tamaşanın açılış
səhnəsini yazmaq üçün yaxşı
pul təklif etdilər və sonunda bütöv bir pyes yazdım,
bu da mənim ilk və hələ də ən çox oynanan "Biri gələcək" adlı
tamaşam oldu.
İlk dəfə pyes
yazmağım bütün
yazıçılıq həyatımda
ən böyük sürpriz oldu. Çünki istər nəsrdə, istərsə
də, nəzmdə, adətən - adi danışıq dilində
- sözlə
deyilə bilməyənləri
yazmağa çalışmışam.
Bəli, bu, doğrudur. Deyilə bilməyənləri ifadə
etməyə çalışdım
və mənə
Nobel mükafatının verilməsinə
səbəb bu oldu.
Jak Derridanın məşhur
bir kəlamını
bir az dəyişdirərək
desəm: "Həyatda
ən vacib şey deyilə bilməz, yalnız yazılar".
Buna görə də
səssizliyə sözlər
verməyə çalışıram.
Dram əsərləri yazarkən, səssiz nitqdən, səssiz insanlardan nəsr və poeziyadakından çox daha fərqli şəkildə
istifadə edə bilirdim. Etməli olduğum tək şey "pauza" sözünü
yazmaq olurdu və səssiz nitq orada idi.
Mənim dram əsərlərimdə
"pauza" sözü,
şübhəsiz ki, ən
vacib və ən çox istifadə olunan sözdür - uzun pauza, qısa pauza və ya
sadəcə, pauza.
Bu pauzalarda çox
şey də ola bilər, az da. Bir şey deyilməyə bilər, bir şey deyilmək istənməz və ya ən yaxşısı,
heç bir şey demədən deyilə bilməsidir.
Yenə də, mən tamamilə əminəm ki, bu pauzalar sayəsində ən çox danışan səssizlikdir.
Mənim nəsrimdə bəlkə də, bütün təkrarlar dramımda olan pauzalara oxşar funksiya daşıyır. Ya da, bəlkə də, mən belə düşünürəm
ki, pyeslərimdə səssiz
nitq olduğu halda, romanlarda yazılı dilin arxasında səssiz bir dil var və
əgər, mən yaxşı ədəbiyyat
yaratmaq istəyirəmsə,
bu səssiz nitqdə ifadə olunmalıdır, bir neçə sadə və konkret misaldan istifadə etmək lazım olarsa, məsələn,
"Septologiya"da bu
səssiz dil birinci Asle (romandakı
obrazın adı - tərc.) ilə digər Aslenin eyni adam ola biləcəyini
göstərir və təxminən 1200 səhifəlik
bütün uzun roman,
bəlkə də sadəcə, bunun yazılı ifadəsindən
ibarətdir.
Amma səssiz xitab
və ya səssiz dil daha çox əsərin bütövlüyündən
danışır. İstər
roman, istər pyes, istərsə də, teatr səhnəciyi olsun, vacib olan
ayrı-ayrı hissələrin
özü deyil, bütövlükdür - və
ya bəlkə də, mən bu bütövlüyün
ruhundan, bir əsərin ruhu haqqında danışmağa
cəsarət edə bilərəm, həm yaxından, həm də uzaqdan danışan bir ruh.
Əgər kifayət qədər diqqətlə
dinləsəniz, onda nə eşidərsiniz?
Səssizliyi eşidərsiniz.
Müqəddəs mətnlərdə
deyildiyi kimi, yalnız sükutda Tanrının səsini eşidə bilərsiniz.
Ola bilər.
İndi dünyaya qayıtsaq,
teatr üçün
yazmağın mənə
verdiyi başqa bir şeyi qeyd
etmək istəyirəm.
Yazıçılıq, dediyim
kimi, tənha peşədir. Ulav Hauqenin başqa bir şeirindən sitat gətirsək; tənhalıq yaxşıdır
- başqalarına
qayıdan yol açıq olduğu müddətcə...
İlk dəfə səhnədə
yazdığım bir
əsərin ifasını
görəndə mənə
təsir edən bir şey oldu,
bəli, bu, tənhalığın tam əksi
idi, bu, dostluq, yoldaşlıq idi, sənəti paylaşaraq sənət yaratmaq idi - bu, mənə böyük xoşbəxtlik
və arxayınlıq,
inam hissi verdi.
Bu fikir, bu hiss o vaxtdan məni izlədi və inanıram ki, bu gördüyüm işə,
sadəcə, rahatlıqla
davam etdirməyimə
deyil, eyni zamanda pyeslərimin zəif quruluşlarında
belə bir növ xoşbəxtlik tapmağıma kömək
etdi.
Teatr, həqiqətən
də, böyük dinləmə aktıdır
- rejissor mətni dinləyər, ən azından dinləməyə
çalışmalıdır, aktyorlar mətni, bir-birini, rejissoru dinləyər və tamaşaçılar bütün
tamaşanı dinləyərlər.
Yazmaq isə mənə görə, dinləməkdir: yazanda heç vaxt hazırlaşmıram, heç
nə planlaşdırmıram,
dinləyərək davam
edirəm.
Belə ki, yazı aktı üçün bir metafora istifadə
etməli olsaydım, bu, dinləmək olardı.
Beləliklə, deməyə
belə ehtiyac yoxdur ki, yazmaq musiqini xatırladır. Yeniyetməlik illərində,
sadəcə, musiqi ilə məşğul olmaqdan birbaşa yazıya keçid etdiyimi demək olar. Hətta, musiqi ifa etməyi
və dinləməyi
tamamilə dayandırdım
və yazmağa başladım. Alətlə
ifa etdiyim zaman yaşadıqlarıma bənzər
bir şey yaratmağa çalışdım.
O vaxt belə etdim, indi də
belə edirəm.
Başqa bir şey də budur ki, bəlkə bir az qəribədir,
mən yazanda həmişə elə
hiss yaranır ki, mətn
artıq yazılıb,
mənim içimdə
yoxdur, haradasa, kənardadır və mən onu, mətn
yoxa çıxana qədər yazmalıyam.
Ara-sıra mən
bunu heç bir dəyişiklik etmədən edə bilirəm, bəzən də mətni yenidən yazaraq, kəsib-doğrayıb redaktə
edərək axtarıb
tapıram və artıq yazılmış
mətni diqqətlə
ortaya çıxarmağa
çalışıram.
Teatr üçün
yazmaq istəməyən
mən, təxminən
15 il boyu, yalnız bu işlə məşğul oldum. Yazdığım pyeslər,
hətta səhnəyə
də qoyuldu, bəli, zaman keçdikcə
bir çox ölkələrdə çoxlu
tamaşalar nümayiş
olundu.
Mən hələ də buna inana bilmirəm.
Həyat, həqiqətən,
inanılmazdır.
Necə ki, indi burada ədəbiyyat üzrə Nobel mükafatına
layiq görülməyimlə
bağlı olaraq dayanıb yazmağın nə olduğu haqqında nəsə, mənalı sözlər
deməyə çalışdığıma
inana bilmədiyim kimi. Başa düşdüyüm qədərilə
mən, həm pyeslərimə, həm də nəsrimə görə mükafata layiq görülmüşəm.
Uzun illər, demək olar ki, yalnız pyeslər yazdıqdan sonra qəfildən hiss etdim ki,
kifayətdir, bəli,
bəsdir daha, dedim və pyes
yazmağı dayandırmağa
qərar verdim.
Amma yazmaq vərdiş
halına çevrilmişdi
və mən onsuz yaşaya bilməzdim - bəlkə də, Marqarit Duras kimi, siz
bunu xəstəlik adlandıra bilərsiniz - ona görə də hər şeyin başladığı
yerə qayıtmağa,
dramaturq kimi debütümdən əvvəl,
təxminən on il ərzində
etdiyim kimi, nəsr və digər janrlarda yazmağa qərar verdim.
Son on-on beş ildir
bununla məşğul
idim. Yenidən ciddi şəkildə nəsr yazmağa başlayanda, hələ də bacara biləcəyimdən əmin
deyildim. İlk olaraq
"Trilogiya"nı yazdım
və bu romana görə Nordik Şurasının Ədəbiyyat Mükafatına
layiq görüldüm.
Bunu bir nasir kimi mənim
də təklif edə biləcəyim bir şeyin olduğunun böyük təsdiqi kimi şərh etdim.
Sonra "Septologiya"nı yazdım.
Bu romanı yazarkən,
bir yazıçı
kimi ən xoşbəxt anlarımdan
bir neçəsini yaşadım, məsələn,
bir Asle qarda yatan o biri
Asle`ı tapıb həyatını xilas edəndə, yaxud da sonunda əsas personaj, birinci Asle köhnə balıqçı qayığıyla,
yeganə və ən yaxşı dostu Asleik və
Asleik`in bacısı ilə Milad bayramını
qeyd etmək üçün son səyahətinə
çıxanda...
Uzun roman yazmaq fikrim yox idi,
amma roman özü-özünü
yazdı və ortaya uzun bir
roman çıxdı. Əksər
hissəsini elə rəvan, axıcılıqla
yazdım ki, hər şey olmalı olduğu kimi idi.
Düşünürəm ki, xoşbəxtlik
deyə biləcəyimiz
şeyə ən yaxın olduğum zaman bu vaxt idi.
Bütövlükdə "Septologiya"nın
içində yazdığım
bir çox başqa əsərlərin
xatirələri var, amma
onlar fərqli işıqda əks etdirilir. Bütün roman boyu bir dənə
də olsun, nöqtənin olmaması ixtira deyil. Sadəcə,
mən romanı nöqtə ilə dayanmağı tələb
etməyən axıcılıqla,
hərəkətlə yazmışam.
Bir dəfə müsahibələrimin
birində demişdim
ki, yazmaq, bir növ duadır. Bunun çap olunduğunu görəndə utandım.
Amma sonradan oxudum ki - bir az da təsəlli
kimi oldu - Frans Kafka da eyni sözləri deyib. Yəni, bəlkə də - demək ki, doğru ola bilər?
Mənim ilk kitablarım olduqca pis rəylər
almışdı, amma
tənqidçilərə qulaq asmamaq qərarına
gəldim, sadəcə,
özümə güvənməliydim,
bəli, yazdıqlarıma
sadiq qaldım. Əgər bunu etməsəydim, bəli, qırx il əvvəl debüt romanım "Raudt, Svart" ("Qırmızı, Qara")
nəşr olunandan sonra yazmağı dayandırardım.
Sonralar, əsasən, yaxşı rəylər aldım və hətta mükafatlar da qazanmağa başladım
- sonra düşündüm
ki, eyni məntiqlə
davam etmək vacibdir, əgər pis rəylərdən nəticə çıxarmasaydım,
uğurun da mənə
təsir etməsinə
imkan verməzdim, yazdıqlarımdan möhkəm
yapışacaq, yaratdıqlarıma
bağlı qalacaqdım.
Düşünürəm ki, bunu bacarmışam və
Nobel mükafatını aldıqdan
sonra da bunu davam edəcəyimə, həqiqətən, inanıram.
Ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görüldüyüm elan ediləndə, çoxlu elektron məktublar, təbriklər aldım və təbii ki, çox məmnun oldum, təbriklərin çoxu sadə və sevinc dolu idi, amma
bəzi adamlar sevincdən qışqırdıqlarını,
bəziləri isə
göz yaşlarına
boğulduqlarını yazırdılar.
Bu, həqiqətən, mənə
toxundu.
Yazılarımda intihar hadisələri çoxdur.
Düşünmək istəmədiyim
qədər çox.
Qorxurdum ki, bu yolla intiharın qanuniləşdirilməsinə töhfə vermiş ola bilərəm. Amma mənə
hər şeydən daha çox toxunan, yazdıqlarımın
həyatlarını xilas
etdiyini açıq-aydın
yazanlar oldu.
Müəyyən mənada
mən həmişə
bilirdim ki, yazı həyatları xilas edə bilər, bəlkə mənim öz həyatımı
da xilas edib. Əgər mənim yazılarım başqalarının
da həyatını xilas
etməyə kömək
edə bilsəydi, heç nə məni bundan artıq xoşbəxt edə bilməzdi.
Mənə Ədəbiyyat üzrə Nobel Mükafatını
verdiyi üçün
İsveç Akademiyasına
təşəkkür edirəm.
Tanrıya təşəkkür
deyirəm.
P.S. Mətn norveçcədən
ingilis dilinə müstəqil jurnalist, tərcüməçi May-Brit Akerholt tərəfindən
tərcümə edilib.
İngilis dilindən tərcümə:
Nilufər HACILI
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr,
¹ 48-49. - S. 30-31.